Ələm olan məsciddə namazın hökmü

Məscidlər Allaha ibadət olunan və xüsusi hörmətə sahib olan yerlərdir və məscidlərin bəzəyi orada camaat namazı qılan mömin qullardır. Lakin son illərdə şeytan bəzi cahil müsəlmanların beyinləri ilə oynamış və onları Allahın evlərindən uzaqlaşdırmaq üçün beyinlərinə müxtəlif şübhələr salmışdır. Çox təəssüf ki, zamanımızda belə yaramaz cahillər çoxdur, özləri azıblar və başqalarını da azdırmağa çalışırlar.

Bu kimsələr müsəlmanları məscidlərdən uzaqlaşmağa və çayxanalarda toplaşmağa çağırırlar. Onların arasında özünü “elm tələbəsi” kimi aparan bəzi başbilənləri fəxr ilə özlərinin təqlid əhli olmadığını, lakin tərcih əhli olduğunu söyləyir və öz cılız savadına əsaslanaraq insanlara batil fətvalar verir. Lakin heç bir zaman Allahın adından cahilcəsinə danışmağın nə qədər ağır günah olduğunu və öz havasına əsaslanaraq hökm verməyin necə küfr olduğunu düşünməzlər, Allahın halal buyurduğu bir şeyi haram etdiklərini, haram buyurduğunu isə halal etdiklərini anlamazlar.

Bu cahil zümrənin qarşıya atdığı iddialardan biri də budur ki, rafizilərin ibadət etməyə gəldikləri məscidlərdə namaz qılmaq olmaz və qılınan namazlar səhih deyildir, çünki rafizilər o məscidlərdə Allaha şərik qoşurlar və “ələm” kimi özlərinə xas olan “bütlərini” məscidə daxil edirlər və ya məsciddə yerləşdirirlər. Belə zəif bir vəhmə əsaslanaraq Allahın evlərini tərk etməyi, onları boş qoymağı icazəli görürlər. Bu isə təbii ki, onların cəhalətinin daha bir sübutu və cəhalətləri üzündən ortaya çıxan daha bir müsibətdir.

Biz onların iddialarının əsassız olduğunu sadə bir üslub ilə göstərməyə çalışacağıq. Bunu üç mərhələdə etməyi düşünürük. Birinci mərhələdə alimlərimizin kafirlərin məbədlərində namaz qılmaq barədə dedikləri sözlər ilə tanış olacağıq. İkinci mərhələdə peyğəmbərin – salləllahu aleyhi va səlləm – həyatına nəzər salacağıq və orada bunun cavabını tapmağa çalışacağıq. Sonuncu mərhələdə isə qısa olaraq yekun sözümüzü qeyd edəcəyik. Tövfiq Allahdandır.

Biz ilk öncə kafirlərin və müşriklərin ibadətgahlarında namaz qılmağın icazəli olduğunu göstərəcəyik. Təbii ki, ağlını işlədə bilən müsəlman başa düşəcək ki, əgər müşriklərin məbədlərində namaz qılmaq icazəlidirsə içində bəzən bəzi kimsələr tərəfindən bidət və küfrün edildiyi məscidlərdə namaz qılmaq isə heç bir sıxıntısız icazəli olmalıdır. O zaman gəlin görək alimlərimiz bu barədə nə deyirlər?

İmam Əbu Bəkr İbnul-Munzir (vəfatı hicri 319) “əl-Əvsət” kitabında deyir: “Kilsələrdə və sinaqoqlarda namaz qılmaq haqqında (alimlər) ixtilaf ediblər; orada timsallar/şəkillər olduqda bir qrup alim orada namaz qılmağı məkruh görüblər. Ömər nəsranilərdən olan bir nəfərə deyib: “İçəridə olan şəkillər səbəbi ilə biz sizin ibadət evlərinizə daxil olmuruq.” (Həmçinin) İbn Abbas və Malik orada olan şəkillər səbəbi ilə orada namaz qılmağı məkruh görüblər...” İbnul-Munzir bundan sonra bəzi xəbərləri zikr edir və davamında deyir: “(Kitab əhlinin) ibadətgahlarında namaz qılmağa rüxsət verənlər arasında əl-Həsən (əl-Bəsri), əş-Şa’bi, Ömər bin Abdil-Aziz, (İbrahim) ən-Nəxai vardır və əl-Əvzai, Said bin Abdil-Aziz yəhudilərin və nəsranilərin kilsələrində namaz qılmağa rüxsət veriblər.” İbnul-Munzir bundan öncə zikr etdiyi xəbərlərdən birini bizlərə zikr edir: “Muhəmməd bin Əli bizə rəvayət etdi: Said bizə rəvayət etdi: Fərac bin Fədalə bizə əl-Əzhər bin Abdilləh əl-Hərazi’dən, o da Əbu Musa (əl-Əşari’dən) rəvayət edərək buyurdu: “(Suriyanın) Hims şəhərində Nəhyə adlanan kilsədə namaz qıldı və sonra onlara xitab etdi...” Bütün bunları qeyd etdikdən sonra İmam İbnul-Munzir axırda öz görüşünü zikr edərək deyir: “(Peyğəmbərin) – “Bütün yer üzü mənim üçün səcdə yeri və təmizləyici edildi” - sözünə daxil olduğu üçün kilsələrdə namaz qılmaq caizdir. İçində şəkillər olan kilsə kimi və bənzəri yerlərə daxil olmaq məkruhdur. Əgər kimsə namaz qılarkən üzərinə səcdə etdiyi üzvləri təmiz yerə toxunursa və (hətta) sinəsinin qarşısında/altında nəcasət varsa, (lakin) bədənindən və ya əynindəki paltarından bir şey ona toxunmursa namazı keçərlidir və əş-Şafi’nin və Əbu Səvr’in məzhəbinə uyğundur.[1] İmam İbnul-Munzir’in bu izahından anlayırıq ki, kilsədə namazı haram saymış heç bir alimin adını zikr etməmişdir və kilsədə namazı məkruh görənlərin bunu məkruh görməklərinin səbəbini şəkillərlə əlaqələndirmişdir. Yəni bunu kilsədə Allahdan başqasına ibadət edilməsi ilə və ya orada xaçın olması ilə əlaqələndirməmişdir.

Kilsələrdə və sinaqoqlarda namaz qılmağın caiz olmasında hətta bir çox alimlər icma olduğunu nəql ediblər. Bunlardan biri də məşhur təfsirçi alim əl-Qurtubi’dir. O, təfsirində belə buyurur: “Üstəlik alimlər icma ediblər ki, kim kilsədə və ya sinaqoqda təmiz bir yerdə namaz qılarsa qıldığı namaz keçərlidir, caizdir. əl-Buxari zikr edir ki, İbn Abbas timsalların (heykəllər və şəkillərin) olmadığı təqdirdə sinaqoqda namaz qılardı.[2] əl-Qurtubi’dən öncə əndəlüslü digər bir alim əl-Hafiz İbn Abdil-Bərr “ət-Təmhid” kitabında deyib: “Həmçinin icma ediblər ki, kim kilsədə və ya sinaqoqda təmiz bir yerdə namaz qılarsa namazı keçərlidir, icazəlidir.[3] Həmçinin onunla eyni dövrdə yaşamış İbn Həzm “Məratibul-İcma” kitabında deyir: “Bütün yerdə namaz qılmağın icazəli olmasında ittifaq ediblər...” və daha sonra hamam, nəcasətli yer, dəvə tövləsi, məqbərə, dirar məscidi kimi istisna edilmiş yerləri zikr edir və onların arasında qeyri-müsəlmanların ibadətgahlarını zikr etmir. Beləliklə də bu kimi yerlərdə də namaz qılmağın icazəli olmasında icma nəql etmişdir. Ibn Teymiyyə “ən-Nəqd” kitabında buna etiraz etməmişdir.

Gördüyümüz kimi İbn Abdil-Bərr, əl-Qurtubi və başqaları kafirlərin ibadətgahlarında namazın caiz olması üzərinə icma nəql ediblər. Bu icmanın nə qədər möhkəm olduğunu söyləmək çətindir, lakin məzhəb alimlərinin kitablarına nəzər saldıqda görürük ki, son dönəm fəqihlərin arasında bu məsələdə ittifaq yoxdur. Bir başqa məqaləmizdə zikr etmişdik ki, hicri üçüncü əsrin təfsir alimlərindən Əbu Bəkr ən-Nəqqaş kilsədə namaz qılmağın qadağan edildiyini söyləmişdi və İbn Atiyyə, əl-Qurtubi kimi müfəssirlər onun bu sözünü rədd etmişdilər və əl-Qurtubi bu məqamda kilsədə namazın caiz olmasında icma olduğunu zikr etmişdi. Məzhəblərin də görüşləri bu nöqtədə fərqlənir, beləki onların hamısı mütləq olaraq buna icazə verməyiblər.

Bunu nümayiş etdirmək üçün ilk növbədə hənəfi fəqihlərinin görüşlərinə nəzər salırıq. Son dönəmin ən məşhur hənəfi fəqihi Alləmə İbn Abidin əş-Şəmi haşiyəsində hamam və bənzəri yerlərdə namaz qılmağın məkruhluğundan danışarkən deyir: “Oranın şeytanların yeri olması ilə hökmü əlaqələndirməkdən anlaşılır ki, kafirlərin məbədlərində namaz qılmaq məkruhdur, çünki şafi’ilərin də aşkar sözlə bildirdikləri kimi oralar şeytanların məskənidir və bizim alimlərin zikr etdiklərindən anlaşılır.... “ət-Tətərxaniyyə” kitabında deyilir: “Müsəlmana kilsəyə və sinaqoqa daxil olmaq məkruhdur və bu, onun ora daxil olmağa haqqının olmaması baxımından yox, sadəcə oranın şeytanların toplaşdığı yer olması baxımından məkruhdur.” “əl-Bəhr” kitabında dedi: “Görünən budur ki, bu, təhrimi (məkruhluq)dur, çünki (hənəfilər) bu sözü qeydsiz-şərtsiz zikr etdikdə bu mənanı qəsd edirlər. Yəhudilər ilə birlikdə davamlı sinaqoqa gedən müsəlmanın cəzalandırılmasına fətva verdim.” Beləliklə də əgər (bu yerlərə) daxil olmaq haramdırsa orada namaz qılmağ(ın haram olması) daha münasibdir və bununla da orada namaz qılmaq məqsədi ilə ora daxil olanın cahilliyi aşkar görünmüş olur.[4] Beləliklə də buradan öyrənmiş oluruq ki, hənəfilərə görə kafirlərin ibadətgahlarına daxil olmaq haramdır və bunu həmin yerlərin şeytanların məskəni olmaqla əsaslandırırlar. Lakin Əhməd bin Muhəmməd ət-Tahtavi haşiyəsində deyir: “(Aliyyul-Qari) dedi: “Şeytanların digər məskənlərində də namaz qılmaq məkruhdur və bura Allahın elçisinin – salləllahu aleyhi va səlləm – sübh namazından yatıb qaldığı vadi və Səmud qövmünün yeri, Babil, Lut qövmünün ölkəsi kimi (Allahın) qəzəbinin endiyi yerlər aiddir.” Bunu nəql etdikdən sonra ət-Tahtavi deyir: “Deyirəm: buradan öyrənmiş oluruq ki, kilsələrdə və sinaqoqlarda namaz qılmaq məkruhdur, çünki orada timsallar olur və əl-Ayni’nin “Sahih əl-Buxari” kitabına yazdığı şərhinin namaz bölməsində söylədiyi kimi (bu yerlər) şeytanların məskənləri sayılır.[5] ət-Tahtavi məkruhluq ilə burada təhrimi yoxsa tənzihi mənanı qəsd etdiyini söyləmir, lakin gördüyümüz kimi “ət-Tətərxaniyyə”də bunun təhrimi olduğunu anlamış oluruq. Bunun müşkil tərəfi budur ki, bu görüşün tələbi budur ki, hamamlarda namaz qılmaq haramdır, halbuki “əl-Muhit əl-Burhəni” kitabının sahibi əksər hənəfilərdən bunun caiz olmasını nəql etmişdir. İstənilən halda başa düşməyimiz önəmlidir ki, hənəfilər kafirlərin ibadətgahlarını şeytanların məskənlərindən saydıqları üçün orada namazı haram edirlər. Bu nöqtəyə yekun sözümüzdə inşallah bir daha toxunacağıq.

Maliki məzhəbinə gəldikdə bunun üçün Xalil’in “müxtəsərinə” nəzər salırıq və görürük ki, Xalil bunu məkruhlar arasında zikr edərək deyir: “Kilsədə (namaz qılmaq) məkruhdur və iadə edilməz.[6] Lakin bu müxtəsəri şərh edənlərdən biri, maliki alimi Əbu Abdilləh əl-Məvvaq bunun səbəbini belə izah edir: “əl-Mudəvvanə kitabından: “Malik nəcasətinə və içindəki şəkillərə görə kilsədə namaz qılmağı məkruh gördü və ora yalnız zərurətdə girə bilər və bu zaman təmiz bir paltarı yerə sərməlidir.[7] Lakin Xalil’in sözünün zahirindən başa düşülən budur ki, namazı yenidən qılmasına gərək yoxdur, yəni namazı səhihdir. Lakin bu nöqtəyə dəqiqlik gətirmək üçün əl-Hattab ər-Rueyni şərhində söyləyir: “Şərh edənin və haşiyə yazanın aşkar şəkildə söylədiyi kimi burada (müəllifin iadə edilməz sözünü) əbədi iadəni rədd etmək mənasında yozmaq daha yaxşıdır ki, bu babdakı namazı iadə etmək hökmünün hamısı bir ölçüdə olsun, çünki (müəllif özü) bunu “ət-Təvdih” kitabında aşkar şəkildə bildirmişdir. (Yaxud da) yalnız buradakı sözünü “əz-Zəxira” kitabının müəllifi (əl-Qarafi)nin “ət-Tiraz” kitabının müəllifi (Sənəd)dən hekayət etdiyi mənada yozmaq da mümkündür; (ət-Tiraz kitabının sahibi) söylədi: “Əgər bunun illətinin (içindəki) şəkillər olduğunu söyləsək namazı yenidən qılması əmr olunmaz və bu, məzhəbin zahir/üstün görüşüdür. Əgər illətin nəcasət olduğunu desək (o zaman) Səhnuna görə “namazın vaxtı çıxmayana qədər iadə etməli”, İbn Həbib’in görüşünə görə isə istər qəsdən etmiş olsun, istərsə də cahilliyindən etmiş olsun, hər zaman iadə etməlidir.” İllətin nəcasət olduğunu söyləmək daha üstündür. Doğrusunu Allah bilir.[8] Beləliklə də Əbu Əli Sənəd bin İbrahim əl-Əzdi burada kilsədə namaz qılmağın məkruhluğunu kilsədəki şəkillər ilə bağlamağı maliki məzhəbinin daha üstün görüşü olduğunu söyləmişdir. Lakin əl-Hattab ər-Rueyni’yə görə isə bunun nəcasət ilə bağlı olması daha üstün görüşdür. Bu görüşə əsasən namaz yenidən iadə edilməlidir və əl-Xaraşi’nin söylədiyi kimi əl-Məvvaq, əz-Zurqani və İbnul-Ğaziyə görə mötəməd olan görüş budur, Sənəd’in zikr etdiyi isə xətadır. Şihəbud-Din ən-Nəfravi qeyd edir ki, “orada namaz qılmaqla bağlı məkruhluq ixtiyari olaraq qıldığı hala aiddir.[9] Buradan anlayırıq ki, yağış və ya soyuq və ya digər ehtiyaclar üzündən orada namaz qılmaq məkruh deyildir.

Onu da əlavə edək ki, maliki alimləri kilsədə namaz qılmağı həmin yerlərin natəmiz olması ehtimalına əsasən məkruh sayırlar, əgər kilsənin təmiz olduğunu yəqinliklə bilsək və içində şəkillər olmasa malikilərə görə də orada namaz qılmaqda heç bir problem olmamalıdır.

Şafi’i məzhəbinə gəldikdə bu barədə İmam ən-Nəvəvi’nin “əl-Məcmu” kitabındakı sözü budur ki, “kilsədə və sinaqoqda namaz məkruhdur.” Həmçinin Abdullah bin Abdir-Rahmən əl-Hədrami “əl-Muqaddimə əl-Hədramiyyə” kitabında namaz qılmağın məkruh olduğu yerlər arasında kilsəni və sinaqoqu da zikr edir. İbn Həcər əl-Heytəmi bu kitabın şərhində deyir: “... və bu ikisindən başqa bazar kimi günahlar yeri olan məkanlarda (qılmaq məkruhdur), çünki bu yerlər hamam kimi şeytanların yaşadığı yerlərdir.[10] Burada qəsd olunan məkruhluq tənzihi məkruhluqdur, yəni buna görə müsəlmana günah yazılmaz, lakin tərk etməsini şəriət qeyri-qəti olaraq tələb edir.

Qeyd edək ki, şafi’i məzhəbindəki məşhur görüşə görə əgər kilsələrdə, sinaqoqlarda şəkillər varsa ora daxil olmaq haramdır, lakin bu, kafirlərin ibadətgahlarına xas deyildir. Şihəbud-Din ər-Ramli’nin “Nihəyətul-Muhtəc” kitabına haşiyəsində Əli bin Əli əş-Şubramillisi deyir: “Minhəc kitabına əl-Abbədi’nin yazdığı şərhdə deyilir: “Ora yalnız onların izni ilə daxil olmağımız icazəlidir, əgər orada şəkillər varsa qəti olaraq haram olur və içində şəkil olan hər ev də bunun kimidir.[11] Bunu əl-Buceyrimi, Umeyra və əl-Cəməl öz haşiyələrində də bu şəkildə qeyd edirlər. Umeyra’nın haşiyəsində “qəti” sözünün yerində “mütləq” sözü keçir, lakin qəsd olunan məna eynidir, yəni hər bir halda, daxil olmağa izn versələr belə haram olur. əl-Xatib əş-Şirbini “Muğnil-Muhtəc” kitabında buyurur: “... çünki içində şəkillər olan evə daxil olmaq haramdır, necə ki, bunu “əl-Bəyən” kitabının sahibi şafi’ilərdən nəql etmişdir.[12] Bu görüşün tələb etdiyi məna budur ki, canlıların şəkillərinin olduğu yerlərə daxil olmaq haramdır. Lakin bu, şəkillərə xas bir hökmdür, bunu xaç kimi bütləşdirilmiş simvollara aid etmək doğru deyildir, əks təqdirdə kilsəyə daxil olmaq mütləq şəkildə haram edilməlidir, çünki xaçdan xali olan kilsə yoxdur.

İmam Əhmədin məzhəbinə gəldikdə isə əl-Kəvsəc suallarından birində deyir: “Dedim: kilsədə namaz (olarmı)? (Əhməd) dedi: “Əgər təmizdirsə (olar).” İshaq (bin Rahaveyh) də onun dediyi kimi dedi (və əlavə etdi) : “Əgər içində heykəllər varsa məkruhdur”.[13] Alləmə əl-Muvaffəq İbn Qudəmə deyir: “Təmiz kilsədə namaz qılmaqda heç bir bəis yoxdur və buna əl-Həsən, Ömər bin Abdil-Aziz, əş-Şa’bi, əl-Əvzai, Said bin Abdil-Aziz rüxsət vermişdir, həmçinin Ömər’dən və Əbu Musa (əl-Əşari)dən rəvayət edilib. İbn Abbas və Malik isə içindəki şəkillər üzündən məkruh görüblər. Bizim dəlilimiz budur ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – Kəbədə namaz qıldı və içində şəkillər var idi.” Sonra isə bu, həmçinin peyğəmbərin – aleyhissələm – “harada namaza yetişsəniz qılın, çünki ora səcdəgahdır” sözünün əhatə dairəsinə daxildir.[14] Bu, hənbəli məzhəbinin rəsmi görüşünü təmsil edir. Aləud-Din əl-Mərdəvi – rahmətullahi aleyhi – “əl-İnsaf” kitabında deyir: “Məzhəbin səhih görüşünə görə müsəlmana kilsəyə və sinaqoqa daxil olmaq və orada namaz qılmaq heç bir məkruhluq olmadan icazəlidir.[15] Hənbəli məzhəbində bunu məkruh saymış fəqihlər olsa da məzhəbin məşhur və səhih görüşünə görə heç bir məkruhluq olmadan icazəlidir.

Bu məsələdə zahirilər də hənbəlilər ilə eyni görüşdədirlər, zahirilərin ən məşhur təmçilsiçi əndəlüslü alim İbn Həzm əz-Zahiri deyir: “Sinaqoqda, kilsədə, atəşgahlardan hər hansı birində, hindusların ibadətgahında və monastırda namaz qılmaq - əgər orada uzaq durulması vacib olan qan, içki və bənzəri şeylərin olduğu bilinmirsə - caizdir; çünki Allahın elçisi – salləllahu aleyhi va səlləm – buyurur: “Yer üzü mənim üçün səcdə yeri və pak edildi, harada namaza yetişsən namazını qıl.[16] İbn Həzm də aşkar sözlərlə bildirir ki, atəşgahlarda atəşə ibadət edilməsi müsəlmanın orada namaz qılmasına mane deyildir. Tələb olunan şey namaz qılınan yerin pak olmasıdır.

Küfr və şirk məbədlərində namaz qılmağın hökmü barəsində açdığımız bu mövzunu yekunlaşırmağa keçək. Beləliklə buradan anlamış oluruq ki, böyük əksəriyyət kilsədə namaz qılmağı haram etməmişdir, onların bir hissəsi bunu sadəcə məkruh görüblər, lakin məlum olduğu kimi ehtiyac halında məkruhluq hökmü mübah hökmü ilə əvəz olunur. Bunu haram edən hənəfi alimlərinə gəldikdə isə bu hənəfilərin son dönəmin hənəfi fəqihləri olduğunu görmək mümkündür, beləki “ət-Tətərxaniyyə” fətvaları hicri 777-ci ildə yazılmışdır. Ehtimal etmək olar ki, İbn Abdil-Bərr’in sözünü etdiyi icma daha öncə hasil olmuşdu, lakin əvvəldə söylədiyimiz kimi bundan əmin olmaq mümkün deyildir.

Sələfin bu məsələdəki mövqeyinə gəldikdə isə bu barədə onlardan bir çox nəql varid olmuşdur. Şeyxul-İslam İbn Teymiyyə deyir: “Əbu Raşid ət-Tənuxi’dən (belə dediyi rəvayət edilir) : “Hims şəhəri fəth edildikdə orada məscid tikilənə qədər müsəlmanlar nəsranilərin kilsəsində namazlarını qıldılar.[17] İbn Əbi Şeybə “əl-Musannəf” kitabında deyir: “Ğundər bizə Əş’as’dan, o da Muhəmməd (bin Sirin)dən belə dediyini rəvayət edir: “Kilsədə/sinaqoqda namaz qılmaqda heç bir problem yoxdur.[18] Yenə buyurur: “Vaki bizə Sufyan’dan, o da Mənsur’dan və o da İbrahim’dən, Cabir isə əş-Şa’bi’dən rəvayət edirlər ki, onlar ikisi (yəni İbrahim ən-Nəxai və əş-Şa’bi) deyiblər: “Sinaqoqda və kilsədə namaz qılmaqda heç bir problem yoxdur.[19] Həmçinin deyir: “Hafs bin Ğiyas bizə Həccəc’dən belə dediyini rəvayət edir: “Ata (bin Əbi Rabəh)dən sinaqoqlarda və kilsələrdə namaz qılmaq haqqında soruşdum və bunda heç bir bəis görmədi.[20] Bundan öncəki rəvayətində isə bu görüşü İbrahim ən-Nəxai, əl-Həsən əl-Bəsri və əş-Şa’bi’dən rəvayət etmişdir. Bundan öncə isə buyurur: “Səhl bin Yusuf bizə Humeyd’dən, o da Bəkr’dən belə dediyini rəvayət etdi: Ömər (bin əl-Xattab)a Nəcran’dan yazdım ki, “bir kilsədən daha təmiz və daha yaxşı yer tapa bilmirlər və (cavabında) yazdı: “Ora su və sidr səpin, sıçradın və orada namaz qılın.[21] Həmçinin Vaki vasitəsilə İsmail bin Rafi’dən belə dediyini rəvayət etmişdir: “Ömər bin Abdil-Azizi Şamda bir kilsədə insanlara namazda imamlıq edərkən gördüm.[22] Yenə deyir: “Vaki bizə rəvayət etdi və dedi: Əbu Fədalə bizə rəvayət etdi və dedi: Əzhər əl-Hərrani bizə rəvayət etdi ki, Əbu Musa (əş-Əşari) Dəməşqə Yuhanna/Nəhyə kilsəsi adlanan bir kilsədə namaz qıldı.[23] Ömər bin əl-Xattab və İbn Abbas’dan kilsədə namaz qılmağı məkruh görməkləri haqqında gələn rəvayətlər isə içində şəkillərin olması ilə bağlıdır və bəzi rəvayətlərdə bu şərt aydın sözlərlə qeyd olunmuşdur. Beləliklə də yekun olaraq deyə bilərik ki, kafirlərin ibadətgahlarına daxil olmağı və orada namaz qılmağı mütləq olaraq haram edənlər yalnız sonrakı dövrün hənəfi fəqihləri olmuşdur, əksər alimlər bunu haram saymayıblar və sələfdən gətirdiyimiz nəqllər də bu görüşü dəstəkləyir. Lakin alimlərin hamısı ittifaq edir ki, kafirlərin ibadətgahlarında qılınan namazlar səhihdir, keçərlidir.

Təbii ki, bu müzakirəmizdən anlamaq olar ki, küfr və şirk məbədlərində namaz qılmağa icazə verənlər əlbəttə ki, şirkin edildiyi məscidlərdə namaz qılmağa heç bir problemsiz, sıxıntısız icazə verirlər, çünki məscidin hökmü istənilən halda məscid hökmündə olaraq qalır. Ən bəsit üsul qaydalarından biri bizlərə öyrədir ki, “bir şeyin olduğu kimi qalması əsldir”, yəni bir şey öz əsli hökmünü yalnız qəti dəlilə əsasən tərk edə bilər, şəkk və şübhə əsasında hər hansı bir şeydən onun əsli hökmünü alıb götürmək olmaz. Ona görə də bir məscidin daxilində hər hansı bir qövm küfr olan əməllər edərsə, hətta ora küfr olan simvollarından birini salarlarsa sözsüz ki, bu, məscidi məscid olmaq hökmündən çıxarmaz. Əks halda rafizi qövmünün etdiyi küfrlər və bidətlərə əsasən Haram məscidini də Allahın evi hökmündən çıxarmaq lazım gələcək, bunu isə səfehdən başqa heç kim söyləməz. Hətta tarixin səhifələrini vərəqlədikdə görəcəyik ki, belə bir şey həqiqətən də baş vermişdir. Hicri 317-ci ildə Bəhreyn torpaqlarında hökmranlıq edən “qarmatilər” adlanın ismaili batini şiələri Haram məscidini ələ keçirirlər, minlərlə zəvvarı qətl edirlər, Kəbənin qapısını sökürlər, qara daşı çıxarıb öz ölkələrinə aparırlar və iyirmi iki il orada saxlayırlar. Haram məscidində öz küfrlərinə dəvət etməyə başlayırlar. Lakin bütün bunlara baxmayaraq heç bir alim o dövrdə Haram məscidində namaz qılmağı haram buyurmadı, əksinə müsəlmanlar hələ də orada namazlarını qılmağa davam etdilər.

Üstəlik məscidlərdə il ərzində hər gün Allahın zikri və Allaha ibadət ilə canlandırıldığı halda bəzi vaxtlarda bidətçi qövmlərin orada bidətlərini, küfrlərini həyata keçirməkləri ilə şeytanın məskəninə çevrilməz, çünki o məscidlərdə ibadət edənlər tövhid əhlidir, kiçik bir qövmün orada şirk ilə məşğul olması həmin məscidin hökmünü dəyişdirməz. Şeyxul-İslam İbn Teymiyyə buyurur: “Məscid də bunun kimidir; əgər şərabxanaya çevrilsə və ya fisq məkanına və ya zülm məkanına və ya Allaha şərik qoşulan bir kilsəyə çevrilsə oranın sakinlərinə əsasən olacaqdır, həmçinin şərab, fasiqlik və bənzəri yerlər ə bunun kimidir, əgər Allaha – cəllə va azzə - ibadət edilən bir məscidə çevrilsə (hökmü) içindəki sakinlərinə görə olacaqdır...[24] Təbii ki, mömin bir qrupun içindəkiləri dəvət etmək məqsədi ilə meyxanaya daxil olması həmin yeri dəvətxana etməz, həmin yer asilik yeri hökmündən çıxaraq Allaha itaət edilən bir yer hökmünə keçməz. Eləcədə müşrik bir qrupun müsəlmanların məscidinə daxil olması və orada şirk etməkləri məscidi müşrik məbədinə çevirməz.

əl-Hafiz İbn Kəsir Şam torpaqlarını fəth edən səhabələrin Yuhanna adlı kilsədə namaz qılmaqlarını vəsf edərkən deyir: “Buna görə də səhabələr Dəməşq şəhərində olan “Yuhanna kilsəsi” adı ilə tanınan ən böyük kilsənin yarısını götürdülər və onun şərq tərəfini məscidə çevirdilər və oranın qərb tərəfdəki yarısını da kilsə olaraq (nəsranilərə) buraxdılar...[25] Bir başqa yerdə deyir: “Bu kilsənin şərq tərəfindəki yarısını götürdülər və Əbu Ubeydə oranı müsəlmanların namazlarını qıldıqları bir məscidə çevirdi və bu məsciddə ilk namaz qılan Əbu Ubeydə oldu və ondan sonra səhabələr onun şərq hissəsində, “mihrabus-sahabə” adlanan yerdə qıldılar.... Müsəlmanlar və nəsranilər bu məbədə bir qapıdan daxil olurdular və bu, qiblə tərəfdən məbədin ən yuxarı qapısı idi, bu gün əl-Məqsura’da yerləşən böyük mehrabın yerində idi, beləliklə də nəsranilər qərb tərəfdəki kilsələrinə, müsəlmanlar isə sağ tərəfdə məscidlərinə keçirdilər və nəsranilər öz kitablarını ucadan oxuya bilmirdilər...[26] Əgər səhabələr bir kilsənin yarısında nəsranilər öz ibadətlərini edərkən digər yarısında namazlarını qıla bilirdilərsə bu günümüzün “müvahhidləri” nə üçün kiçik bir qövmün münkər əməl etməklərini əsaslandıraraq bəzi məscidlərdə namaz qılmaqdan boyun qaçırırlar?!

Məlumdur ki, bu gün məscidlərimizdə münkərlərini elan edən qövm hər il Məkkəyə və Mədinəyə ziyarətlərində də eyni münkərləri elan edirlər və bu, heç bir vəch ilə həmin məscidi məscid hökmündən çıxarmaz və orada Allaha ibadəti qadağan etməz, heç məkruh belə etməz. Bütün bunları anlamaq üçün xüsusi biliklərə yiyələnmək tələb olunmur.

İbnul-Qayyim əl-Cəvziyyə “Əhkəmu Əhliz-Zimmə” kitabında kafirlərin məbədlərində namaz qılmağa icazə verənlərin görüşlərini izah edərkən deyir: “Bunu məkruh görməyənlər deyirlər ki, orada səhabələr namaz qılıblar və ora təmizdir, həmçinin ora müsəlmanların mülkiyyəti sayılır və müşrikin orada şirk etməsinin (müsəlman) namaz qılana zərəri yoxdur. Bu, orada (baş verən) bir şirkdir və müsəlman isə tövhidi həyata keçirir, ona görə də müsəlmanın qazandığı öz leyhinədir, müşrükün ziyanı isə onun özünün əleyhinədir.[27] Bu deyilənlərin küfr və şirk məbədləri haqqında deyildiyini düşünün! O zaman içində məscid əhlindən asılı olmadan bəzi kimsələrin bidət və küfr etdiyi məscidlər haqqında heç bir şübhə qalmamalıdır ki, orada namaz qılmağı qadağan edəcək hər hansı bir səbəb yoxdur.

Məkkə müşriklərinin idarəsi altında olduqda Kəbənin içində, üstündə və ətrafında bütlər dolu idi və məlumdur ki, peyğəmbər – aleyhissalətu vassələm – və əshabı Məkkəni fəth edənə qədər bu halı ilə Kəbəni həm tavaf ediblər, həm də ətrafında və içində namaz qılıblar. Kəbənin içində və ətrafında bütlərin olması və müşriklərin orada uzun illər Allahdan başqasına ibadət etməkləri Kəbənin hökmünü dəyişdirməmişdi və onun layiq olduğu təzimi və müsəlmanların ona duyduqlarını sevgini alıb aparmamışdı. Əksinə bu bizə göstərir ki, belə hallarda müşrikin şirki tövhid əhlinin ibadətinə mane olmamalıır. Müsəlmanlar İslamın ilk dövrlərində gizli və ya açıq şəkildə Kəbənin ətrafında tavaf ediblər və orada namaz qılıblar və təsəvvür edin ki, onların ətrafında tövhidin əsasına zidd olan bütlər olub, müşriklər o bütlərə onların yanında qurbanlar kəsərdilər. Kəbənin ətrafı da müsəlmanlar üçün məscid hökmündədir, lakin bununla belə müsəlmanlara orada namaz qılmaq qadağan edilmədi və səhih hədislərdə varid olduğuna əsasən Allahın elçisi – salləllahu aleyhi va səlləm – hicrətdən öncə orada aşkarda namaz qılmışdır və hətta müşriklər ona namaz qılarkən əziyyət ediblər. Hətta hicrətdən sonrakı dövrdə Hudeybiyyə sülhündən sonra səhabələri ilə birlikdə ümrə etmiş və oranı tavaf etmiş və orada namaz qılmışdır. Allahın elçisi – salləllahu aleyhi va səlləm – Məkkəni fəth etdiyi gün Kəbənin ətrafında olan üç yüz altmış bütü dağıtmış və dağıdılmasını əmr etmişdi.

İmam əl-Buxari “əs-Sahih” kitabında bir bab açmış və babın adını bu cür vermişir: “Qarşısında təndir, atəş və ya (Allahdan savayı) ibadət olunan hər hansı bir şey olduğu halda Allahın razılığını qəsd edərək namaz qılan haqqında bab.” əl-Buxari’nin bu sözlərinin zahirindən anlaşılan məna budur ki, möminin qarşısında Allahdan savayı ibadət olunan bir büt olsa belə namazı caizdir və məkruh deyildir, ona görə də mütəqaddim maliki alimlərindən Əbul-Həsən İbn Bəttal (vəfatı hicri 449) deyir: “Əgər (namaz qılan) namazı ilə onu qəsd etməzsə və Allah(a ibadət)i, xalis olaraq Onun razılığı üçün səcdə etməyi qəsd edərsə hər bir şeyə tərəf namaz qılması icazəlidir və (Allahdan savayı) ibadət olunan şeylərə tərəf üz tutması (namaz qılan)a zərər verməz.[28]

Qeyd edək ki, alimlərin əl-Buxari’nin sözlərinin zahirindən anladıqları məna budur ki, əl-Buxari mütləq olaraq bu cür şeylərin qarşısında duraraq, yəni üzün istiqaməti onlara tərəf olacaq şəkildə duraraq aləmlərin rəbbi Allaha namaz qılmağı caiz görmüşdür, məkruh saymamışdır. Bunu İbn Rəcəb, Bədrud-Din əl-Ayni və başqaları bu şəkildə izah ediblər. Lakin alimlərin hamısı bu cür yanaşmayıblar, onlardan bəziləri əl-Buxari’nin sözünü zahirindən çıxarıb başqa möhtəməl mənalara yozublar, bəziləri isə sadəcə olaraq əl-Buxari’nin bu görüşünü tənqid etməklə kifayətləniblər, çünki qəbirə və bənzəri şeylərə tərəf namaz qılmağa dair xüsusilə qadağa gəlmişdir, o zaman Allahdan savayı ibadət olunan bütlərə, obyektlərə tərəf namaz qılmaq necə məkruh olmadan caiz ola bilər?! Onun görüşünü digər mənalarda izah etmiş bir çox alim qeyd edir ki, əl-Buxari’nin burada qəsdi qəsdən bütlərə tərəf üz tutaraq namaz qılan adam haqqında deyildir, lakin qəsdi budur ki, namaz qılan özü istəmədən qarşısına bütlərdən bir büt qoyularsa namazdan çıxması vacib deyildir, əksinə namaza davam etməsi gərəkdir, çünki əl-Buxari həmin babda peyğəmbərə – aleyhissalətu vassələm – namazda olarkən atəşin göstərilməsini dəlil kimi göstərmişdir. Əgər bəzilərinin iddia etdiyi kimi bütlərin oluğu yerdə namaz qılmaq səhih olmasaydı o zaman namazı da davam etdirməsi səhih olmamalı idi. əl-Buxari’nin sözünü zahiri mənasında saxlayaraq onun görüşünü tənqid etmiş alimlər isə bunu bir neçə yöndən tənqid ediblər. Bunu tənqid edənlərdən biri hənəfi fəqihi Əhməd bin İbrahim bin Abdil-Ğani əs-Səruci (639-710) “əl-Ğayə fi Şərhil-Hidəyə” kitabında deyir: “Bu hədisdə bunun məkruh olmamasına dair heç bir dəlil yoxdur, çünki o, - “mənə atəş göstərildi” – demişdir və bu, (atəşin) onun qarşısında olması, üzünün ona tərəf olması mənasını tələb etməz, əksinə onun sağında və ya solunda və ya başqa yerdə olması mümkündür.[29] Buradan anlayırıq ki, bu kimi ibadət obyektlərinin və bütlərin namaz qılanın qarşısında yox, lakin ətrafında olması namazı batil etməz. Bədrud-Din əl-Ayni də bunu müdafiə etmişdir və davamında belə söyləyir: “(əl-Buxari’nin) – “və ya ibadət olunan hər hansı bir şey” – sözü özündən əvvəlki sözlərə atf edilmişdir və qəsdi budur: “... və ya kim namaz qılarkən qarşısında küfr rəmzləri, bütlər, heykəllər, şəkillər və bunun bənzəri kimi zəlalət və küfr əhlinin ibadət etdikləri ibadət olunan şeylərdən bir şey olarsa...” və bu, atəş və təndirdən daha ümumidir. Onun – “bununla Allahın razılığını qəsd edərsə” – sözünə gəldikdə isə mənası budur: “qarşısında bu şeylərdən bir şey olan namaz qılan kəs Allahın Özünü qəsd edərsə” və bununla ona işarə edir ki, əgər Allahın razılığını qəsd edərək zikr etdiyi əşyalardan bir şeyə tərəf namaz qılarsa və həmin əşyanı qəsd etməzsə namazı məkruh deyildir. Bizim əshabımıza görə isə bu, mütləq olaraq məkruhdur, çünki burada sözü gedən əşyalara ibadət edənlərə zahirdə bənzərlik vardır.[30] Beləliklə də bütün bunlardan anladığımız budur ki, məkruh görən alimlər bunun kimi şeylərin namaz qılanın qarşısında olması halında məkruh görüblər. Lakin namaz qılınan yerdə namaz qılandan aralıda hər hansı bir büt olarsa bu, onun namazına zərər verməz.

Bizim bu dediklərimizi dəstəkləyən daha bir nöqtə budur ki, fiqh kitablarına nəzər saldıqda orada fəqihlərin namazın səhihliyi üçün müəyyən şərtləri zikr etdiklərini görürük, məzhəblər arasında bəzi şərtlərdə ixtilaf olsa da onlardan heç biri bu cür şərtlərin arasında namaz qılınan məkanın bütlərdən təmiz olmasını şərt qoşarkən görmürük və bu, alimlərin belə bir şeyin namaza zərər verəcək işlərdən olmadığına dair icma etdiklərini göstərir. Əgər namaz qılınan yerdə başqalarının şirk, küfr etməkləri və ya ora şirk rəmzini daxil etməkləri orada namaz qılmağa mane olsaydı bunu fəqihlərimiz mütləq zikr edərdilər. Onların bunu zikr etməməkləri əksinə onu göstərir ki, belə bir şey namaza maneə deyildir.

Biz bu mövzuda bu qədər ilə kifayətlənmək istəyirik, əgər söhbətimizi uzatmaq istəsəydik bu sətrləri alimlərin sözləri ilə doldurardıq. Lakin hidayət axtaran səmimi kəslər üçün bu qədəri də kifayət etməlidir. Bütün bu dediklərimizdən özünü müfti yerinə qoymuş bəzi kimsələrin cahilliyi üzə çıxmış olur. Görəsən bu cahillər alimlərin bu barədə nələr dediklərini düşündülərmi?! Axirəti üçün qorxan hər bir müsəlmana nəsihətimiz isə budur ki, elmini alimlərin mirası üzərində qurmuş kimsələrə yaxınlaşsınlar və cahilcəsinə fətva verməyə cürətli olan şəxslərdən isə uzaq dursunlar. Ümid edirik ki, Allah – cəllə sənəuhu – səmimi müsəlmanları bu şər əhlinin şərrindən qoruyar.

Sonunda Muhəmmədə, ailəsinə və səhabələrinə salam və salavat olsun deyirik.

 



[1] “əl-Əvsət fis-Sunən val-İcmə val-Xiləf”, 2/318-320; Darul-Fələh, birinci nəşr: 1430/2009, İordaniya

[2] “əl-Cəmi li Əhkəmil-Quran”, 10/372-373; Muəssəsətur-Risələ, Beyrut, birinci nəşr: 1427/2006

[3] “ət-Təmhid”, 5/229;

[4] “Raddul-Muhtər aləd-Durril-Muxtər”, 1/380; Darul-Fikr, ikinci nəşr: 1412/1992, Beyrut

[5] “Haşiyətut-Tahtavi alə Məraqi əl-Fələh”, 1/357; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1418/1997, Beyrut

[6] “Muxtəsar Xalil”, səh: 28; Darul-Hədis, birinci nəşr: 1426/2005, Qahirə

[7] “ət-Təc val-İklil”, 2/64; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1416/1994, Beyrut

[8] “Məvahibul-Cəlil”, 1/419; Darul-Fikr, üçüncü nəşr: 1412/1992, Beyrut

[9] “əl-Fəvakih əd-Dəvani”, 1/128; Darul-Fikr, 1415/1995, Beyrut

[10] “əl-Minhəc əl-Qavim”, səh: 126; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1420/2000, Beyrut

[11] “Nihəyətul-Muhtəc ilə Şərhil-Minhəc”, 8/99; Darul-Fikr, axırıncı nəşr: 1404/1984, Beyrut

[12] “Muğnil-Muhtəc”, 5/67; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1415/1994, Beyrut

[13] “Məsəil əl-İmam Əhməd bin Hənbəl va İshaq bin Rahəveyh”, 2/634; Mədinə universiteti, birinci nəşr: 1425/2002, Mədinə

[14] “əl-Muğni”, 2/57; Məktəbətul-Qahirə, 1388/1968, Qahirə

[15] “əl-İnsaf”, 1/496;

[16] ”əl-Muhəllə”, 3/100-101; Darul-Fikr, Beyrut

[17] “Şərhul-Umdə”, 4/503;

[18] “Musannəf İbn Əbi Şeybə”, 1/423 (4865)

[19] Eyni kitab, (4864)

[20] Eyni kitab (4863)

[21] Eyni kitab (4861)

[22] Eyni kitab (4869)

[23] Eyni kitab (4871)

[24] “Məcmu əl-Fətəva”, 18/282;

[25] “əl-Bidəyə van-Nihəyə”, 7/26; Dar İhyə ət-Turas əl-Arabi, birinci nəşr: 1408/1988

[26] Eyni kitab, 9/165;

[27] “Əhkəmu Əhliz-Zimmə”, 3/1231; Ramədə, birinci nəşr: 1418/1997, Dəmməm

[28] “Şərh Sahih əl-Buxari”, 2/85; Məktəbətur-Rüşd, ikinci nəşr: 1423/2003, Riya

[29] “Umdətul-Qari Şərh Sahih əl-Buxari”, 4/184; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut

[30] Eyni kitab