Üç və daha çox nəfərin camaat namazında duruşu

Daha əvvəlki yazımızda iki nəfərin camaat namazı qılarkən necə durmaqlarının doğru olması haqqında yazmışdıq. Bu yazımızda isə üç və daha çox nəfərin camaat namazı qılarkən sıralarda durmaqları ilə bağlı bəzi hökmlərə toxunmaq istəyirəm. Allahdan bu yazılarımızı müsəlmanlar üçün faydalı etməsini və bizim üçün davamlı bir əcr qaynağına çevirməsini diləyirəm.

 

Üç nəfər camaat namazı qılmaq istədikdə onlardan biri imam, geridə qalan ikisi isə məmum olacaqdır. Bu zaman onların necə durmaqları lazımdır? Bu məsələdə də alimlər ixtilaf ediblər. Birinci görüşə görə o iki nəfər imamdan arxada durmalıdır və bu, Ömərin, Əlinin, Cəbir bin Zeydin, əl-Həsən əl-Bəsri’nin, Ata bin Əbi Rabəh’in, Əbu Hənifənin və onun əksər əshabının, İmam Malik’in və əshabının, İmam əş-Şafinin və əshabının və İmam Əhməd ilə əshabının görüşüdür. Bu görüşdə olanların dəlili yuxarıda zikr etdiyimiz Ənəs bin Malik’in hədisidir. Həmçinin Cəbir bin Abdilləh deyir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – namaz qılmağa durdu və gələrək onun solunda durdum. Mənim əlimdən tutdu və ətrafında fırladaraq sağında yerləşdirdi. Sonra Cəbbər bin Saxr gəldi və hər ikimizi əlimizdən tutaraq itələdi ki, arxada duraq.[1]

İkinci görüş isə budur ki, imam ikisinin ortasında durur. Bu, Abdullah bin Məs’udun və iki tələbəsi Alqamə bin Qeys və əl-Əsvad’ın görüşüdür. Bu görüş Əbu Hənifə’nin tələbəsi Qazi Əbu Yusuf’dan rəvayət olunub. Dəlilləri Əbu Davud’un “əs-Sünən” kitabında rəvayət etdiyi əsərdir. Abdurrahmən bin əl-Əsvad atasından rəvayət edir ki, “Alqamə və əl-Əsvad Abdullah (bin Məsud)un yanına daxil olmaq üçün icazə istədilər. (əl-Əsvad dedi: ) “Onun qapısında çox oturub gözləmişdik.” Xidmətçi kəniz çıxdı, sonra hər ikisinin içəri girməsi üçün (İbn Məsuddan) izn istədi və onlara izn verdi. (əl-Əsvad dedi: ) Sonra qalxdı, mənimlə onun arasında duraraq namaz qıldı və dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – bu cür edərkən gördüm.[2] Bunun bənzərini İmam Muslim rəvayət etmişdir, lakin onun rəvayətində “Allahın elçisini – salləllahu aleyhi va səlləm – bu cür edərkən gördüm” sözləri yer almamışdır. Beləliklə də Əbu Davud’un rəvayəti mərfu’ hökmündədir, yəni ki, bunu peyğəmbərin – salləllahu aleyhi va səlləm – özünün etməsi mənası anlaşılır. Muslimin rəvayəti isə məvquf hökmündədir, yəni bunu peyğəmbər yox, İbn Məsud etmişdir. Ona görə də bu hədis üzərində alimlərin sözləri fərqli olmuşdur. Əksər alimlər deyirlər ki, bunun mərfu’ olan şəkli xətadır, lakin İbn Məsud’dan isə sabitdir, yəni bu, İbn Məsudun əməli olaraq sabitdir. İbn Abdil-Bərr demişdir: “Bu hədisin mərfu variantı səhih deyildir, onlara görə səhih olan bunun İbn Məsudda məvquf olmasıdır ki, o, Alqamə və əl-Əsvad ilə bu şəkildə qılmışdır. Ənəsin hədisi isə elm əhlinə görə nəql baxımından daha sabitdir.[3] İmam ən-Nəvəvi “Xuləsatul-Əhkəm” kitabında deyir: “Muslim’in “əs-Sahih” kitabında və digər kitablarda səhih olan budur ki, bunu İbn Məsud etmişdir və “Allahın elçisi – salləllahu aleyhi va səlləm – belə edərdi” sözünü isə deməmişdir.

Bəzi alimlər isə deyiblər ki, bu hədis mərfu’ olaraq səhihdir, lakin hökmü mənsuxdur. Çünki Abdullah bin Məsud namazlarda digər əhkamlarda da peyğəmbərin – salləllahu aleyhi va səlləm – daha əvvəl öyrətdiyi bəzi namaz şəkillərini davam etdirmişdir, halbuki digər səhabələrə görə həmin namaz şəkli nəsx edilmişdi. Bunlardan biri də “tətbiq” adlanan namaz şəklidir ki, rüku edərkən əlləri dizlərin arasında bir yerdə tutmaq qəsd olunur, lakin bilirik ki, peyğəmbərin – salləllahu aleyhi va səlləm – axırıncı sünnəti namazda əlləri ilə dizlərini tutmaq olmuşdur. Alimlər deyirlər ki, ola bilsin ki, bu da İbn Məsudun davam etdirdiyi, lakin nəsx olunmuş hökmlərdən biridir. ən-Nəvəvi “əl-Xuləsa”da deyir: “əl-Beyhəqi bunu belə təvil etmişdir ki, bu, daha əvvəlki hədislər ilə mənsuxdur.” Aliyyul-Qari deyir: “əl-Həzimi dedi ki, “bu, mənsuxdur, çünki bu namazı Məkkədə öyrənmişdir, çünki o zaman namazda “tətbiq” və digər əhkamlar olmuşdur ki, indi onlar tərk edilib. Bu da o əhkamlardanam və peyğəmbər – aleyhissələm – Mədinəyə gəldikdə bunları tərk etdik və Cabir’in hədisi bunun dəlilidir, çünki o, Bədr’dən sonrakı hadisələrin şahidi olmuşdur.” İbnul-Huməm dedi: “Bunun ən uzaq halı budur ki, nəsx edən hökm Abdullaha gizli qalmışdır və bu, uzaq ehtimal deyildir, çünki o, – aleyhissələm – adətən böyük camaata imamlıq etmişdir, iki nəfərə isə çox nadir hallarda imamlıq edib, necə ki, bu qıssada və yetimin hədisində olmuşdur və onlar qadının evinin içində olublar və Abdullah (bin Məsud) öz bildiyindən fərqli bir şey görməmişdir.[4]

Alimlərdən bəzilərinə görə isə İbn Məsud’un belə etməsinin səbəbi məkanın darısqal olması ilə bağlıdır. əl-Hafiz İbn Həcər deyir: “İbn Sirin buna belə cavab vermişdir ki, bu, məkanın çox dar olmasına görə idi. Bunu ət-Tahavi rəvayət etmişdir.[5] əs-Səraxsi “əl-Məbsut” kitabında bu təvili həmçinin İbrahim ən-Nəxai’yə nisbət etmişdir. İbn Rəcəb kitabında İbn Sirin’in bu təvilini zəif bir təvil saymışdır, ola bilsin ki, bu təvilin həm də İbrahim ən-Nəxai’yə aid olduğunu bilməmişdir, əgər bu təvil İbrahim’dən sabitdirsə o zaman bunun doğru olması ehtimalı güclüdür, çünki hənəfi fəqihi Fəxrud-Din əz-Zeylə’inin dediyi kimi “o, İbn Məsud’un məzhəbini ən yaxşı bilən biri idi.[6]

İbn Rəcəb daha sonra əlavə olaraq iki təvil zikr etmişdir. Bu təvillərdən birinə görə onlar cüməyə yetişmədikləri üçün həmin gün zöhrü camaat şəklində qıldıqlarını gizlətmək üçün belə etmişdilər. İshaq bin Həni’nin İmam Əhməddən rəvayətində bu cür təvil etmişdir. Digər təvilə görə isə Alqamə hələ uşaq olduğu üçün İbn Məsudun görüşünə görə əl-Əsvad ilə birlikdə fərz namazında bir sıra qurmaqları doğru olmadı üçün bu cür etmişdir, çünki bəzilərinə görə fərz namazında uşaq ilə böyük birinin bir yerdə bir sıra qurmaqları səhih deyildir. Oğlu Abdullahın və əl-Meymuni’nin İmam Əhməddən rəvayətində isə bu mənada təvil etmişdir. Bu sonuncu iki təvildən birincisi zahirən zəif görünür, çünki rəvayətdən anlaşıldığı kimi bunu Abdullah bin Məsud’un evində qılıblar, ona görə də bunu gizlətməyin bir mənası qalmır. Bəzi rəvayətlərdə isə məsciddə qılmaqları zikr olunur.

Lakin fəqihlər arasında məşhur olan görüş budur ki, İbn Məsud bunu bir dəfə belı qıldırmışdır ki, bunun caiz olduğunu göstərsin, ona görə də yuxarıda zikr etdiyimiz kimi hənbəli fəqihləri deyiblər ki, əgər imamın hər bir tərəfində bir nəfər durarsa namazları səhih olar. İmam ən-Nəvəvi deyir: “Əgər bu rəvayət sabitdirsə o zaman seçimə layiq olan görüş budur ki, bunu caiz olduğunu göstərmək üçün bir dəfə qılması mənasına təvil etməkdir.[7] Beləliklə də əgər imam ortada durarsa və iki nəfərdən biri sağında, digəri solunda durarsa dörd məzhəbin ittifaqı ilə namazları səhih olar.

Qeyd: əl-Hafiz əl-İraqi “Tarhut-Təsrib” kitabında bu görüşü Əbu Hənifə’yə nisbət etmişdir, lakin hənəfilərin kitablarında qeyd olunan budur ki, Əbu Hənifə’nin də görüşü cumhurun görüşünə müvafiq olmuşdur.

 

***

 

İki nəfər namaz qılarkən üçüncü nəfərin gələrək onlara qoşulması nadir baş verən hallardan deyildir, ona görə də müsəlmanların belə halda nə edəcəklərini bilməkləri önəmlidir. Bu zaman bir çox halda imamın sağında düzülən iki nəfər arxaya keçmək əvəzinə imam qarşıya doğru addım ataraq qarşıya keçir. Bu cür etmək doğrudurmu? Yoxsa imam mütləq yerində qalmalı və o ikisini arxaya keçirməlidir? Bu barədə alimlərin sözlərinə birlikdə nəzər salaq.

İmam Əbul-Xattab əl-Kəlvazəni “əl-Hidəyə” kitabında deyir: “Əgər biri (imamın) sağında (qoşularaq) təkbir gətirərsə və daha sonra bir başqası gəldikdə onunla birlikdə təkbir gətirməli və hər ikisi də imamın arxasına keçməlidir. Əgər ikincisi (imamın) solunda (qoşularaq) təkbir gətirərsə (imam) onların hər ikisini də əli ilə arxaya çıxarmalıdır və imam öz yerini tərk edib qarşıya keçməməlidir, yalnız əgər arxada yer dar olarsa (qarşıya keçə bilər).[8] Buradan başa düşürük ki, hənbəli fəqihlərinə görə kənarlarında duranları arxaya keçirmək imkanı olduğu halda imamın qabağı addımlaması caiz deyildir. Burhənud-Din İbn Muflih deyir: “Əgər biri onun solunda (qoşularaq) təkbir gətirərsə onu arxasından fırladaraq sağına keçirməlidir, əgər bir başqası (gələrək) solunda (qoşulub) təkbir gətirərsə hər ikisini də əli ilə tutub arxasına keçirməlidir və əgər bu, çətin olarsa və ya imkansız olarsa imam qabağı keçməli və aralarında və ya hər ikisinin solunda qılmalıdır.[9] Bu mənanı həmçinin əl-Həccəvi “əl-İqna” kitabında, əl-Fətuhi “Muntəhə əl-İradət” kitabında, həmçinin əl-Buhuti “ər-Ravd əl-Murbi” kitabında zikr edir. Buradan anlayırıq ki, imam yanında duranları əli ilə arxaya tərəf itələməlidir. Yalnız arxada yer olmadıqda imam qarşıya keçə bilər.

Hənəfi fəqihlərinin kitablarında hər iki görüş qeyd edilmişdir, lakin İbn Abidin’in sözlərinin zahirindən anlaşılır ki, imama qoşulanlar özləri arxaya keçməlidirlər, imam qarşıya doğru irəliləməməlidir. İbn Abidin deyir: “Əgər biri imama tabedirsə, sonra bir başqası gələrsə imam öz səcdə etdiyi yerə keçməlidir. “Muxtərat ən-Nəvazil” kitabında bu cür deyir. əl-Quhustəni isə kitabında əl-Cəlləbi’dən nəql edir ki, “əgər başqası (üçüncü) gələrsə sağda duran arxaya keçməlidir.” “əl-Fəth” kitabında isə deyir: “Əgər biri digərinə tabedirsə və üçüncü biri gələrsə təkbir verdikdən sonra (imama) tabe olanı arxaya çəkməlidir, əgər təkbir gətirmədən öncə çəkərsə zərəri olmaz. Həmçinin imamın qabağı keçməli olduğu da deyilmişdir.” Bunun tələb etdiyi məna budur ki, üçüncü lap arxada qoşularaq tabe olur və imamın qabağı keçməli olduğunu deyən görüşün tələbi isə budur ki, üçüncü imama tabe olanın yanına qoşularaq başlayır. Üstün olan budur ki, üçüncü gəldikdə tabe olanın arxaya keçməsi münasibdir, əgər arxaya keçərsə (gözəl), əgər keçməzsə namazını pozmaq riski olmazsa üçüncü onu arxaya dartaraq çəkməlidir. Əgər gəlib imamın solunda durarsa imam onların hər ikisinin də arxaya keçməsinə işarə etməlidir. Bu, imamın qarşıya keçməsindən daha yaxşıdır, çünki o, tabe olunandır və həmçinin imamın arxasında sıra qurmaq imamın yox, ona qoşulanların vəzifəsidir. Daha doğru olan imamın öz yerində qalması və tabe olanların arxaya keçməsidir... Bunların hamısı imkan olduğu hala aiddir, əks təqdirdə mümkün olanı etməkdən başqa çarə qalmır. Aşkar olan budur ki, bu, axırıncı oturuşdan başqa hallara aiddir, yoxsa axırıncı oturuşda olsalar üçüncü gələn imamın solunda qoşulmalıdır və arxaya keçmək və ya qabağı keçmək lazım deyildir.[10]

Malikilərin görüşü də bu deyilənlərə müvafiqdir. əd-Dərdir adı ilə məşhur olan maliki fəqihi Əhməd bin Əhməd bin Əbi Həmid əl-Adəvi “əş-Şərh əl-Kəbir” kitabında deyir: “Başqa biri gələrsə sağda duranın arxaya keçməsi müstəhəbdir, imam qarşıya keçməməlidir.[11] Maliki fəqihlərindən bir çoxu eyni cümləni kitablarında təkrarlayırlar, görünür ki, malikilərdəki məşhur görüş budur.

Şafi’ilərə görə isə hər ikisini də etməkdə heç bir problem yoxdur, lakin hansının daha əfzəl olmasında fərqli görüşlər vardır. İmam ən-Nəvəvi buyurur: “Əgər arxalarında genişlik varsa o zaman ikisi də geri çəkilməlidir, əgər həm qabaqlarında, həm də arxalarında genişlik varsa (imam) qabağı keçər və ya (o ikisi) arxaya keçər. Bunlardan hansı daha əfzəldir? Bu barədə iki görüş vardır. Səhih olan və Şeyx Əbu Həmid (əl-Ğazəli)nin və əksəriyyətin üzərində durduğu görüş budur ki, o ikisinin geriyə çəkilməsi daha əfzəldir, çünki imam tabe olunandır, ona görə də yerini dəyişməməlidir. İkinci görüşə görə isə (imamın) qarşıya keçməsi (daha əfzəldir). Bunu əl-Qaffəl, əl-Qadi Əbut-Tayyib demişdir, çünki o, qarşındakı sahəni görə bilir və çünki bu, tək bir nəfərin hərəkət etməsidir və bu, iki nəfərin hərəkət etməsindən daha xəfifdir. Bunlar ikinci məmumun qiyam halında gəlməsinə aiddir, yoxsa təşəhhüddə və ya səcdədə gələrsə ayağa qalxmayana qədər nə geriyə çəkilərlər, nə də qabağı keçər. Heç bir ixtilaf yoxdur ki, qarşıya keçmə və ya geriyə çəkilmə yalnız ikinci məmum ihram təkbiri gətirdikdən sonra ola bilər.[12] Burada əlavə bir faydanı da öyrənmiş oluruq ki, İmam ən-Nəvəviyə görə gəlib iki nəfərin camaat namazına qoşulan üçüncü nəfər ihram təkbiri vermədən öncə heç kimsə yerini dəyişməməlidir. Yuxarıda İbn Abidin’in sözlərindən gördüyümüz kimi hənəfi fəqihi bunu şərt görməmişdir. Təbii ki, ehtiyat şafi’ilərin görüşü tərəfdədir. Bu zikr etdiklərimizdən anlaşıldığı kimi əksər alimlərə görə imam qarşıya keçməməli, yerində durmalıdır, lakin məmumlar arxaya keçməlidir.

 

***

 

 

Əgər imamla birlikdə üç nəfər və daha çox adam varsa o zaman alimlərin ittifaqı ilə onların hamısı imamın arxasında durmalıdır. Bu barədə alimlərin sözləri çoxdur və onları burada qeyd etməyə ehtiyac görmürəm, çünki məsələ hər kəs tərəfindən bilinən bir məsələdir. Lakin belə bir camaat namazı ilə bağlı bəzi məsələlərə toxunmaqda fayda vardır.

 

  • Əgər camaatın hamısı qadınlardan ibarət olarsa o zaman qadın imam harada durmalıdır?
  • Əgər məsciddə sıxlıq olarsa məscidin divarlarından kənarda namaz qılanlar imamın mövqeyindən qabaqda durmağa məcburdursa namazları səhihdirmi?
  • İmam ilə onun arxasında duranların eyni hündürlükdə durmaqları şərtdirmi?

 

Əziz müsəlman! Bil ki, qadınların ayrılıqda camaat namazı qılmaqları haqqında alimlər ixtilaf ediblər. İmam Əhməd və İmam əş-Şafi’ qadınların da camaat namazı qılmaqlarını müstəhəb sayıblar. Hənəfilər isə bunu məkruh görüblər və malikilər qadının ümumiyyətlə imam durmasını caiz görmürlər. Şafi’ilərə və hənbəlilərə görə qadın camaat namazı qıldıqda imam sıranın ortasında durmalıdır və həmçinin hənəfilər də qadınların camaat namazı qılmaqlarını məkruh görsələr də deyiblər ki, camaat namazı qılsalar imam ortada durmalıdır. Maliki alimləri isə deyiblər ki, qadının imam durması caiz deyildir və imam durarsa namazı səhih deyildir.

Nəqllər qadınların camaat namazı qılmasını və qadının ortada durmasını söyləyən görüşü dəstəkləyir. Bu barədə Aişədən və Ummu Sələmə’dən xəbərlər varid olmuşdur. Abdurrazzəq, əd-Dəraqutni və əl-Beyhəqi kitablarında Əbu Həzim Meysərə bin Həbib’in hədisindən Raita əl-Hənəfiyyə vasitəsilə Aişədən rəvayət edirlər ki, Aişə onlara imamlıq etmiş və fərz namazında onların ortasında durmuşdur.[13] Həmçinin Ammar əd-Duhəni deyir ki, qövmündən əl-Huceyra adlı bir qadın rəvayət edir ki, Ummu Sələmə onlara əsr namazında imamlıq etmiş və onların ortasında durmuşdur.[14]

Qadının qadınlar üçün imam durmasını səhih sayan cumhura görə əgər qadın ortalarında durmazsa, lakin qarşıya keçərsə yenə namazları səhih sayılır. Aləud-Din əl-Mərdəvi deyir: “(İbn Qudəmə’nin) “bir qadın qadınlara imamlıq edərsə onların ortasında durmalıdır” sözü; bunda heç bir ixtilaf yoxdur, lakin onların qarşısında namaz qılarsa və onlar arxasında olarsa o zaman məzhəbin səhih görüşünə əsasən namazları səhihdir. “əl-Furu” kitabında (İbn Muflih) dedi: “Qarşıya keçməsinin səhih olması ən məşhur görüşdür.” əz-Zərkəşi dedi: “Bu, iki rəvayətdən ən məşhur olandır.[15] Daha sonra əl-Mərdəvi bu halda namazlarının batil olduğunu deyənlərin görüşlərini zikr etmişdir. Alləmə əs-Səraxsi “əl-Məbsut” kitabında deyir: “Əgər (qadınlar) camaat şəklində qılarlarsa onların imamı ortalarında durmalıdır və əgər onlardan qarşıya keçərsə caizdir.[16] Şafi’i fəqihləri də kitablarında qadının ortalarında durmasının hökmünün müstəhəb olduğunu zikr edirlər və bu, o anlama gəlir ki, əgər qarşıda durarsa namazları səhihdir, lakin bunun məkruh olduğunu deyiblər.

O zaman ikinci məsələyə keçək və məmumun imamdan qabaqda durması haqqında danışaq. Məmumların imamdan qarşıda durması haqqında alimlər ixtilaf ediblər və məsələ haqqında ikidən çox görüş vardır:

Birinci görüşə görə yalnız üzr olduqda belə namaz qılmaq səhihdir, əks təqdirdə səhih deyildir. Bu, İmam Əhmədin məzhəbindəki bir görüşdür və bu görüşdə Şeyxul-İslam İbn Teymiyyə olmuşdur.

İkinci görüşə görə isə heç bir halda səhih deyildir, çünki əgər məmum imamdan qabaqda qılarsa imamın hərəkətlərindən qafil qalacaq və imamı görməsi üçün arxasına baxması lazım olacaq, həmçinin belə bir şey peyğəmbərdən – salləllahu aleyhi va səlləm – nəql edilməmişdir. Bu görüş hənəfilərin və hənbəlilərin görüşüdür, həmçinin İmam əş-Şafi’nin yeni məzhəbidir.

Üçüncü görüşə görə isə bu, mütləq olaraq səhihdir, lakin məkruhdur, əgər zərurətə görə edilərsə o zaman məkruh deyildir, mübahdır. Bu, İmam Malikin məzhəbidir və görünür ki, İmam əş-Şafi’nin də qədim məzhəbi bu olmuşdur. İmam ən-Nəvəvi bunun həmçinin İshaq bin Rahaveyh’in, Əbu Səvr’in və Davud əz-Zahiri’nin görüşü olduğunu demişdir.

Əbu İshaq əş-Şirazi deyir: “Əgər məmum imamdan qabağa keçərsə bu barədə iki görüş vardır: Qədim görüşündə dedi: “İmamın arxasında tək qıldıqda olduğu kimi (qarşıya keçdikdə də) namazı batil olmaz.” Yeni görüşündə isə dedi ki, batil olur...[17]

Qeyd edək ki, başqa çıxış yolu olmadıqda müsəlmanların bu cür hallarda rüxsət verməklərindən yararlanması caizdir və onu da zikr edək ki, məmumun imamdan qabaqda qıldığı namazını batil edən açıq-aşkar bir şəriət mətni yoxdur, bunun batil olduğunu deyən alimlər bu mövzuda qiyasa əsaslanıblar.

İmam ilə məmumların fərqli hündürlüklərdə namaz qılmasına gəldikdə isə burada iki hal ola bilər: ya imam hündürdə, məmumlar isə alçaqda dura bilərlər, ya da imam alçaqda və məmumlar hündürdə dura bilərlər. Hər iki halda da alimlər ixtilaf ediblər.

Birinci görüşə görə imamın məmumlardan hündürdə durması məkruhdur, yalnız öyrətmək qəsdi ilə hündürdə durarsa caiz olar. Bu, şafi’ilərin görüşüdür, həmçinin İmam İbnul-Munzir də bu görüşdə olmuşdur. Hənbəli alimlərindən bəziləri bu görüşü İmam Əhmədə nisbət etmişdir. Onlar bu görüşləri üçün Həmməm’in xəbərini dəlil gətiriblər, belə ki, o, demişdir: “Huzeyfə - radiyallahu anhu – hündür bir səkidə bizə namaz qıldırdı, üzərində səcdə etdi və Əbu Məsud – radiyallahu anhu – onu (geriyə) dartdı və Huzeyfə ona tabe oldu. Namazı bitirdikdə Əbu Məsud dedi: “Məgər (peyğəmbər) bunu qadağan etmədimi?!” Huzeyfə dedi: “Məgər (məni dartdıqda) sənə tabe olduğumu görmədinmi?” Lakin öyrətmək məqsədi ilə imamın hündürdə namaz qılmasının caiz olmasını göstərmək üçün İmam əl-Buxari’nin “əs-Sahih” kitabında Səhl bin Sa’ddan rəvayət etdiyi hədisini zikr ediblər, çünki hədisdə peyğəmbər – salləllahu aleyhi va səlləm – minbərin üzərinə çıxaraq namaz qılır və səhabələr onun arxasında qılaraq ona tabe olurlar. Burada peyğəmbər – aleyhissalətu vassələm – öyrətmək məqsədi ilə minbərin üzərinə qalxmışdı.

Lakin ikinci görüşə görə isə bu şəkildə imamın yuxarıda namaz qılması mütləq olaraq məkruhdur, hətta imam öyrətmək məqsədi ilə hündürə çıxarsa yenə məkruh olur. Bu, hənəfilərin, malikilərin və hənbəlilərin görüşüdür. Həmçinin Sufyan əs-Səvri, əl-Əvzai də bu görüşdə olublar. Bunu mütləq olaraq məkruh görənlər Səhl bin Sa’dın hədisinə cavab verməkdə fərqli cavablara baş vurublar. Deyiblər ki, peyğəmbərin – salləllahu aleyhi va səlləm – caizliyini bəyan etmək üçün məkruh bir şeyi etməsi onun üçün mübahdır və başqaları üçün isə hər bir halda məkruh sayılır. Bu, üsul alimlərinin əksəriyyətinə görə belədir. Bunu hənbəlilərdən əl-Qadi Əbu Yalə və başqaları zikr ediblər. Digər cavabda isə deyiblər ki, məkruh olan imamın çox hündürdə olmasıdır, azca hündürdə olmasının zərəri yoxdur. Çox hündürdə olduqda arxada duranlar imamın hərəkətlərini görmək üçün başlarını yuxarı qaldırmalı olurlar və bu, məkruhdur. Onlar deyirlər ki, peyğəmbərin – aleyhissalətu vassəlləm – ilk minbəri hündür olmayıb, ona görə də bu, dəlil sayılmaz. Bu görüşdə olanların əksəriyyəti hündürlüyü bir “zira” ilə, yəni təxminən yarım metr ilə ölçüblər. Hənəfilərdən ət-Tahavi bunu bir insanın boyu hündürlüyü olaraq təyin edib, lakin Əbu Bəkr ər-Razi bunu qəribsəyib və Aliyyul-Qari’nin də qeyd etdiyi kimi etimad olunan görüş budur ki, “bir zira” hündürlüyündən artıq olmamalıdır. Beləliklə bu görüşə görə bir ziradan az miqdarda hündürlük məkruh sayılmamalıdır. Malikilərdə isə etibara alınan hündürlük bir “şibr” sayılır, yəni təxminən bir zira’nın yarısı qədər hündür olarsa məkruh olur, əks təqdirdə məkruh sayılmaz. Qeyd edək ki, hənəfi kitablarında bunun məkruhluğu onunla izah olunur ki, bu, kitab əhlinə bənzəməkdir.

Məsələdəki üçüncü görüş isə bunun mütləq olaraq caiz olmasıdır. Rəvayət olunur ki, Ömər bin Abdilaziz kilsənin üzərində imam durmuş və arxasındakı insanlar yerdə namaz qılıblar. Lakin bu görüş səhih hədislərə müxalifdir.

Lakin əgər imam hündürdə qılarsa namaz səhih sayılırmı? Bu məsələdə alimlər arasında ixtilaf olmuşdur. Maliki alimlərindən bəziləri deyiblər ki, bu halda namazları batildir və bu görüşü İbnul-Qasimə nisbət ediblər. İbn Rəcəb şərhində bu görüşü İmam Malikə nisbət edir, lakin maliki fəqihlərinin əksəriyyətinə görə namaz səhihdir, onlar namazın batil olduğunu deyən görüşü məzhəbin daxilində zəif bir görüş sayırlar. Lakin qeyd edirlər ki, əgər imam hündürdə durmaqla təkəbbürü qəsd edərsə haram etmiş olur və namazı batil olur. Hənbəli fəqihləri arasında isə İbn Həmid namazının batil olduğunu demişdir və İbn Qudəmə bu görüşü “əl-Muğni” kitabında İmam əl-Əvzai’yə nisbət etmişdir. Lakin əksər fəqihlərə görə namaz səhihdir və bu, dörd məzhəbin üzərində ittifaq etdiyi görüşdür.

Lakin əgər məmumlar imamdan hündürdə durarsa hökmü nə olur? Bu barədə dörd məzhəbin görüşü budur ki, bu hal caizdir, çünki Əbu Hureyra’nın məscidin damında imama tabe olaraq namaz qılmasını İmam əl-Buxari “əs-Sahih” kitabında zikr etmişdir.

Bu yazımızda bu miqdar ilə kifayətlənirik və gələn yazımızda Allahın izni ilə yenə camaat namazındakı sıraların düzülüşü ilə bağlı digər əhkamlara toxunacağıq.



[1] Muslim (3010)

[2] “Sünən Əbi Davud”, (613)

Bəziləri bu hədisin mərfu şəklini zəif sayıblar, çünki isnadında Harun bin Antəra adlı kufəli ravi vardır. İmam Əhməd, Yəhyə bin Main, Əbu Zura ər-Razi onu siqa hesab ediblər. əl-İcli, İbn Şəhin onu siqa ravilər arasında qeyd ediblər. Lakin İbn Hibban onun tərk edilmiş ravi olduğunu demişdir. Həmçinin əd-Dəraqutni’dən bu barədə fərqli hökmlər gəlmişdir. ən-Nəvəvi, əl-İraqi buna görə də bu isnadı inkar ediblər. əz-Zəhəbi və İbn Həcər isə görünür ki, Harunu siqa ravi sayıblar.

[3] “ət-Təmhid”, 1/267; Vazəratu Umumil-Əvqaf, 1387, Mərakeş

[4] “Mirqatul-Məfətih”, 3/857;

[5] “Fəthul-Bəri”, 2/212; Darul-Mərifə, 1379, Beyrut

[6] “Təbyinul-Həqaiq”, 1/136; əl-Mətbəə əl-Kubra əl-Əmiriyyə, birinci nəşr: 1313, Bulaq

[7] “Xuləsatul-Əhkəm”, 2/717; Muəssəsətur-Risələ, birinci nəşr: 1418/1997, Beyrut

[8] “əl-Hidəyə”, səh: 100; Muəssəsətu Ğarras, birinci nəşr: 1425/2004,

[9] “əl-Mubdi”, 2/92

[10] “Haşiyətu İbn Abidin”, 1/568; Darul-Fikr, ikinci nəşr: 1412/1992, Beyrut

[11] “Haşiyətud-Dusuqi aləş-Şərh əl-Kəbir”, 1/344; Darul-Fikr,

[12] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 4/292

[13] “Musannəf Abdirrazzəq” (5086); əd-Dəraqutni, 1/404; əl-Beyhəqi, 3/131;

Bunun bir bənzərini İbn Əbi Şeybə “əl-Musannəf” kitabında İbn Əbi Leylə vasitəsilə Ata’dan, o da Aişədən rəvayət edir.

[14] ”Müsnəd əş-Şafi” (315); İbn Əbi Şeybə, 2/88;

[15] “əl-İnsaf”, 2/299;

[16] “əl-Məbsut”, 1/187; Darul-Mərifə, 1414/1993, Beyrut

[17] “əl-Muhəzzəb”, 1/189; Dar əl-Kutub əl-İlmiyyə,