İki nəfərin camaat namazında duruşu

Namazla bağlı hökmlər müsəlmanların öyrənməsi vacib olan ən əsas hökmlərdəndir. Ona görə də bu kiçik yazımızda namazla bağlı bir məsələyə toxunmaq istəyirik. Bu məsələ isə camaat namazında müxtəlif hallar və sıraların düzülüşü ilə bağlı bəzi əhkamlardır. Çünki bu barədə suallar çoxalıb.

 

Camaat namazında hallar müxtəlif ola bilər. İki nəfər və ya üç nəfər və ya daha çox sayda müsəlman camaat namazı qıla bilər. Yaxud da qıldıqları yerin tutumu fərqli ola bilər və ya quruluşu fərqli ola bilər. Bu fərqlərə görə bəzən əhkamlar da bir-birilərindən fərqlənirlər.

Yazılarımızı hissələrə bölməyə qərar verdik. İlk yazımızda iki nəfərin camaat namazı qılması haqqında yazmağı münasib gördük və digər yazılarımızda üç və daha çox müsəlmanın camaat namazı haqqında yazmağı planlaşdırırıq. İki nəfərin namazı haqqında danışdıqda nəzərə almaq lazımdır ki, ola bilər ki, bu iki nəfərdən biri kişi, digəri isə qadındır. Ola bilər ki, kişi öz xanımı ilə namaz qılır. Hər ikisi kişi olduqda necə durmalıdırlar? Hər iki halda da eyni durmalıdırlarmı? Bu suallara burada cavab verməyə çalışaq.

Kişinin öz xanımı ilə camaat namazı qılmağına gəldikdə alimlər ittifaq ediblər ki, bu zaman qadının kişinin arxasında durmalıdır. Bu, dörd məzhəbin və digər alimlərin görüşüdür. Oxucuların qəlbinin xətircam olması üçün onların görüşlərini qısa bir şəkildə zikr edirik.

Hənəfi məzhəbinin böyük alimlərindən Aləud-Din Əbu Bəkr bin Məsud əl-Kəsəni deyir: “Əgər imam ilə birlikdə bir qadın olarsa onu arxaya keçirməlidir.[1]

İmam İbn Əbi Zeyd əl-Qayravani deyir: “Kim öz xanımı ilə namaz qılarsa (xanımı) arxada durmalıdır.[2] Şeyx Şihəbud-Din ən-Nəfravi “əl-Fəvakih əd-Dəvani” adlı şərhində İbn Əbi Zeyd’in “öz xanımı” sözünü şərh edərkən deyir: “Burada qəsd olunan “bir qadın ilə” mənasıdır, hətta həmin qadın naməhrəm olsa belə.[3]

Şafi’i fəqihlərindən yəmənli alim Əbul-Huseyn Yəhyə bin Əbil-Xeyr əl-İmrani deyir: “Əgər imam ilə birlikdə tək bir qadın gələrsə və onunla birlikdə başqa bir kişi yoxdursa (qadın) imamın arxasında durmalıdır.[4]

Muvaffəqud-Din İbn Qudəmə “əl-Muqni” kitabında deyir: “Əgər bir qadına imamlıq edərsə qadın onun arxasında durmalıdır.[5] Aləud-Din əl-Mərdəvi onun bu sözlərinin şərhində deyir: “Onun bu sözünün zahiri mənası budur ki, qadının imamın arxasında durmaqdan başqa bir yeri yoxdur və bu, səhihdir.[6]

Bütün bu nəqllərdən anlaşılır ki, alimlər qadının arxada durmasında ittifaq ediblər. Ona görə də İbn Rüşd əl-Həfid deyir: “Tək bir qadının imamın arxasında namaz qılmalı olmasında və əgər onunla birlikdə başqa bir kişi varsa həmin kişinın imamın yanında, qadının isə arxasında qılmalı olmasında heç bir ixtilaf yoxdur.[7]

Alimlər bu ittifaqlarında Ənəs bin Məlik’in hədisinə əsaslanırlar. əl-Buxari və Muslim’in rəvayət etdikləri hədisdə Ənəs bin Məlik deyir ki, “nənəsi Muleykə Allahın elçisini - salləllahu aleyhi va səlləm – bişirdiyi yeməyə dəvət etmişdi. Ondan yedi və sonra dedi: “Durun sizə namaz qıldırım.” Ənəs dedi: “Mən bizim bir həsirimizə tərəf qalxdım və uzun müddət istifadə edildiyi üçün qaralmışdı, üstünə su səpdim. Allahın elçisi – salləllahu aleyhi va səlləm – durdu, mən yetim ilə birlikdə arxasında bir sıra qurduq və yaşlı qadın isə bizim arxamızda durdu. Allahın elçisi – salləllahu aleyhi va səlləm – bizə iki rükət namaz qıldırdı və sonra getdi.[8] Bu hədisdən anladığımız kimi qadın kişilərdən axırda durmalıdır.

Lakin əgər qadın kişi ilə eyni sırada durarsa o zaman qadının namazı səhihdirmi? Yaxud da qadınla yanaşı duran kişinin namazı səhihdirmi? Bu məsələdə alimlər ixtilaf ediblər. Əksər alimlərə görə bu, caiz olmasa da qadının da, kişinin də namazı səhihdir. İmam ən-Nəvəvi – rahiməhullah – buyurur: “Əgər bir kişi yanında bir qadın ilə namaz qılarsa, imam və ya məmum olmasından asılı olmayaraq nə onun, nə də qadının namazı batil olmaz və bu,  bizim məzhəbimizdir. Malik və əksəriyyət bu görüşdə olmuşdur.[9] Bu, maliki məzhəbinin də görüşü olduğu kimi hənbəli məzhəbinin də görüşüdür. Alləmə Mənsur bin Yunus əl-Buhuti deyir: “Əgər qadın onun sağında, yəni imam olan kişinin və ya xonsanın sağında durarsa hökmü kişi kimidir, beləliklə də (namazı) səhihdir.[10] Beləliklə də əksər alimlərə görə, yəni malikilərə, şafi’ilərə və hənbəlilərə görə həm qadının, həm də yanındakı kişinin namazı səhihdir. Lakin hənəfilər bu nöqtədə cumhura müxalif olmuş və qadının namazının səhih, yanında duran kişinin namazının isə batil olduğunu deyiblər. Bunun üçün İbn Məsudun sözlərini dəlil gətirirlər, belə ki, İbn Məsud demişdir: ”Allah onları arxadakı yerə keçirdiyi kimi siz də onları arxaya keçirin.[11] Onlar deyirlər ki, burada xitab qadınlara yox, kişilərə ünvanlanmışdır, ona görə də qadının namazda arxa sırada durmasına görə kişi mükəlləf olduğu üçün onun namazı batil olur. Qeyd edək ki, İmam ən-Nəvəvi və əl-Hafiz İbn Həcər bu görüşü şiddətlə tənqid ediblər.

İstənilən halda əksər alimlərə görə həm qadının, həm də kişinin namazı səhih olur. Bu zikr etdiyimiz qadın ilə kişinin eyni namazı qılmaqları halına aiddir. Lakin əgər kişi namaz qılarkən qadın başqa namaz qılarsa və ya namaz qılmadan sadəcə kişinin yanında durarsa və ya qarşısında durarsa kişinin namazı səhihdir və bu məsələdə hər hansı bir ixtilafın olduğunu bilmirik. Başqa sözlə namaz qılan kişinin yanında və ya qarşısında bir qadını görməsi namazını pozmur.

İki kişi camaat namazı qılarsa bu zaman alimlərin ittifaqı ilə imam solda durmalı və ikinci kəs isə imamın sağında durmalıdır. Bu barədə alimlərin sözlərini nəql etməyə ehtiyac yoxdur, çünki məsələ çoxumuzun bildiyi bir məsələdir. Lakin əgər yerləri əksinə olarsa, yəni imam sağda, ona tabe olan isə onun solunda durarsa namaz səhihdirmi?

Bu barədə alimlər ixtilaf ediblər. Məsələ haqqında iki görüş vardır. Birinci görüşə görə namaz səhih deyildir və bu, İmam Əhmədin məzhəbidir. İbn Qudəmə “əl-Muqni” kitabında deyir: “Əgər solunda durarsa (namaz) səhih olmaz.” Bu sözlərin şərhində Alləmə Aləud-Din əl-Mərdəvi deyir: “Yəni əgər sağında heç kim durmazsa; lakin əgər sağında kimsə durarsa müəllifin burada qərarlaşdırdığı kimi namaz səhih olar. Lakin əgər sağında heç kim durmazsa məzhəbin səhih görüşü budur ki, əgər təklikdə bir rükət qılarsa namazı səhih olmaz. Bunu (Əhməd) açıq sözlərlə bildirmişdir və hənbəlilərin böyük əksəriyyəti bu görüş üzərindədir.[12] Bu sözdən anladığımız budur ki, hər ikisinin də namazı səhih deyildir, əgər hər ikisi də bu şəkildə kamil bir rükət qılarlarsa namaz batildir, lakin rükudan əvvəl solda duran imamın sağına keçərsə o zaman namazları səhih olar, yaxud da imam imam olmaq niyyətini pozarsa və namazı tək qılmağı niyyət edərsə o zaman solundakının namazı səhih olmaz, lakin imam durmuş kəsin namazı tək qılanın namazı kimi səhih olar. Həmçinin başa düşürük ki, əgər iki nəfər doğru düzülüş əsasında camaat namazı qılarsa və üçüncü bir şəxs gələrək imamın solunda durarsa o zaman hamısının namazı səhihdir, çünki bu zaman imam ortada durmuş olur.

 

***

 

Əgər iki müsəlman yan-yana duraraq camaat namazı qılırsa o zaman imamın yanında duran imam ilə eyni bərabərdə durmalıdır yoxsa imamdan bir qədər arxada durmalıdır? Bu barədə də suallar verilir və müasir zamanımızda türk camilərində namaz qıldıqda imamın yanında duranın bir qədər arxada durduğunu müşahidə etmək olur. Ona görə də bu məsələdə məzhəblərin görüşlərini öyrənməkdə fayda vardır.

Bu barədə məzhəblərin görüşləri fərqlənir. Hənəfi və hənbəli məzhəbinə əsasən imam ilə birlikdə onun sağında imama qoşulan kəs bir bərabərdə durmalıdırlar. Lakin malikilər ilə şafi’ilərə görə imamdan bir qədər arxada durmalıdır.

Hənəfi fəqihlərindən olan Aləud-Din əl-Kəsəni deyir: “Əgər (imamın) sağında durarsa rəvayətin zahirinə əsasən imamdan geridə durmamalıdır. Muhəmməd’dən gələn rəvayətə görə isə barmaqları imamın dabanı ilə bir bərabərdə olmalıdır, avam kütlənin elədiyi də budur.[13] Bədrud-Din əl-Ayni deyir: “Necə ki, bu avam kütlənin əməli olaraq məşhurdur.[14] Buradan anlaya bilərik ki, adi camaatın etdiyi hənəfi məzhəbinin səhih görüşünə müvafiq deyildir. Hənbəli alimləri də hənəfilər ilə eyni görüşdədir. Mər’i bin Yusuf əl-Kərmi buyurur: “Bir nəfər (olduqda imamın) sağında onunla bir bərabərdə durmalıdır.[15] Məzhəbin məşhur görüşü budur, lakin bəzi hənbəli alimləri imamdan qabağı keçmək riskindən qurtulmaq üçün azca geridə durmasını müstəhəb sayıblar. Burhənud-Din İbn Muflih deyir: “Qarşıya keçmək qorxusu olduğu üçün azca geridə durması müstəhəbdir.[16] Şərəfud-Din əl-Həccəvi’nin “əl-İqna” kitabındakı sözündən anlaşılan məna isə budur ki, heç bir halda imamla eyni bərabərdə durduğu yerindən geriyə çəkilməməlidir.

Şafi’i fəqihlərinə görə isə imamdan bir qədər arxada durmaq ədəbdəndir. ər-Rafi’i deyir: “Məmum üçün - əgər təkdirsə - imamın durduğu yerdən bir az geriyə çəkilmək ədəbdəndir.[17] İmam ən-Nəvəvi deyir: “İmam ilə bir bərabərdə durmaqdan azca geriyə çəkilməsi müstəhəbdir.[18] Şafi’ilərdə məşhur olan görüş budur. Malikilər də bu məsələdə şafi’ilər ilə razılaşırlar. Şihəbud-Din Əhməd bin Ğanim ən-Nəfravi “əl-Fəvakih əd-Dəvani” kitabında deyir: “İmamdan azca geridə durmaq onun üçün müstəhəb sayılır ki, imam məmumdan seçilə bilsin və onunla bir bərabərdə durması məkruhdur.[19] Bunun eynisini əl-Adəvi “Kifəyətut-Talibir-Rabbəni” kitabına yazdığı haşiyəsində, Əhməd əd-Dərdir “əş-Şərh əl-Kəbir”də, İbn Uleyş “Minəhul-Cəlil”də zikr edir. Beləliklə əksər alimlərə görə məmum imamdan azca fərqlənməlidir, bir qədər geridə durmalıdır.

İmam əl-Buxari “əs-Sahih” kitabında İbn Abbasın hədisini rəvayət edir və həmin hədisdə İbn Abbas deyir: “... dəstəmaz aldı, sonra durub namaz qıldı və mən onun solunda durdum, məni tutdu və sağına yerləşdirdi.[20] İmam əl-Buxari bu hədisi içinə aldığı babın adını belə adlandırmışdır: “Əgər ikisidirsə imamın sağında bir bəbabərdə birlikdə durmalıdır.” Beləliklə də İmam əl-Buxari də ikisinin də bir-bərabərdə durmasını sünnət görmüşdür. Lakin şafi’i alimi İbn Həcər əl-Asqaləni bu hədisdən belə bir hökm çıxarmağa etiraz edərək deyir: “Onun rəvayət etdiyi bu hədisdən bu mənanı çıxarmaqda uzaqlıq vardır. Bizim əzhabımız demişdir ki, məmumun bir qədər arxada durması müstəhəbdir.” Lakin İbn Həcər daha sonra əl-Buxari’nin sözünün leyhinə olaraq bu sözləri əlavə edir: “Müəllif sanki bununla (bu rəvayətin) bəzi rəvayət kanallarında keçən sözlərə işarə etmişdir; daha əvvəl təharət bölməsində Məxramə’nin Kureyb’dən, onun da İbn Abbasdan rəvayətində bu sözlərlə zikr edildi: “Onun böyründə durdum.” Bu sözlərin zahiri bir bərabərdə durmağı göstərir.[21] Bununla da əl-Hafiz İbn Həcər insaf nümayiş etdirmiş və əl-Buxari’nin dəlilinə işarə etmişdir. Daha sonra bu görüşü dəstəkləyən iki xəbər zikr etmişdir. Birinci xəbəri Abdur-Razzəq “əl-Musannəf” kitabında İbn Cureyc vasitəsilə Məkkənin imamı Ata bin Əbi Rabah’dan rəvayət etmişdir ki, orada Ata məmumun imamla bir bərabərdə olmasını söyləyir. İkinci xəbəri isə İmam Malik “əl-Muvatta” kitabında İbn Şihab əz-Zuhri vasitəsilə Ubeydullah bin Abdilləh bin Utbə bin Məs’uddan rəvayət edir. Ubeydullah bin Abdilləh söyləyir ki, atası Abdullah bin Utbə demişdir: “Gündüzün isti çağında Ömər bin əl-Xattabın yanına daxil oldum və gördüm ki, namaz qılır və arxasında durdum, məni özü ilə bir bərabərdə durdurana qədər yaxınlaşdırdı...[22] Bu da xəlifə Ömərin bu məsələdəki görüşünü bizlərə öyrədir. Bütün bunlardan anlaya bilərik ki, məmumun imamla bir bərabərdə durmasını söyləyən məzhəb nəql baxımından daha güclüdür, lakin bunların heç biri qəti dəlillər deyildir. Məsələ ictihada açıq bir məsələdir, ona görə də bu məsələdə müxalifi inkar etmək caiz deyildir.

İki nəfərin camaat namazı ilə bağlı bəzi əhkamları zikr etməkdə bununla kifayətlənməyi düşündük. Növbəti yazımızda Allahın istəyi və izni ilə üç və daha çox nəfərin qıldığı camaat namazında sıraların düzülüşü ilə bağlı yazacağıq. Ümid edirik ki, bu cür yazılarımız müsəlmanları faydalandırır, çünki ümmətin imamlarının məsələlər haqqında fərqli görüşlərini bilmək və onları anlamaq dinini öyrənməyə həris olan müsəlmanın sinəsini genişləndirir.



[1] “Bədə’ius-Sanə’i”, 1/159; Darul-Kutubil-İlmiyyə, ikinci nəşr: 1406/1986, Beyrut

[2] “ər-Risələ”, səh: 36; Darul-Fikr;

[3] “əl-Fəvakih əd-Dəvani alə Risələti İbn Əbi Zeyd əl-Qayravani”, 1/211; Darul-Fikr: 1415/1995;

[4] “əl-Bəyən”, 2/426; Darul-Minhəc, birinci nəşr: 1421/2000, Ciddə

[5] “əl-Muqni”, səh: 92; Məcəllətul-Mənar, birinci nəşr: hicri 1322-ci il, Misir

[6] “əl-İnsaf”, 2/282;

[7] “Bidəyətul-Muctəhid va Nihəyətul-Muqtəsid”, 1/158; Darul-Hədis, 1425/2004, Qahirə

[8] “Sahih əl-Buxari” (380); “Sahih Muslim” (658);

[9] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 3/252;

[10] “Kəşşəful-Qina an Mətnil-İqna”, 1/488;

[11] “Musannəf Abdirrazzaq”,  3/149 (5115); Bəziləri bunun peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözü olduğunu desələr də doğru olan budur ki, bu, İbn Məsudun sözüdür.

[12] “əl-İnsaf”, 2/282

[13] “Bədəius-Sanəi”, 1/159;

[14] “əl-Binəyə Şərhul-Hidəyə”, 2/340; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1420/2000, Beyrut

[15] “Dəlilut-Talib”, səh: 49; Dar Taybə, birinci nəşr: 1425/2004, Riyad

[16] “əl-Mubdi’ fi Şərh əl-Muqni”, 2/91; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1418/1997, Beyrut

[17] “Fəthul-Aziz bi Şərhil-Vaciz”, 4/338;

[18] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 4/292;

[19] “əl-Fəvakih əd-Dəvani”, 1/210; Darul-Fikr, 1415/1995, Beyrut

[20] “Sahih əl-Buxari”, (698)

[21] “Fəthul-Bəri”, 2/190;

[22] “Muvatta Malik” (407); Əbu Musab əz-Zuhri’nin rəvayəti ilə