Namazda qeyri ərəbcə dua

Namazda ərəb dilini bacarmayan müsəlman qardaş və bacılarımız öz dillərində dua edə bilərlərmi? Bu sual ilə bir çox müsəlman bizə müraciət etdiyi üçün onların faydalanması məqsədi ilə mövzu barədə məzhəblərin görüşlərini topladıq və bunu kiçik bir məqaləyə sığışdırdıq. Mövzunun namaz kimi əzəmətli bir ibadətlə əlaqəli olduğunu nəzərə alaraq məqalənin əhəmiyyətli olduğunu düşünürəm.

Təbii ki, bir məsələdə məzhəblərin görüşlərini yazacağıqsa bu məzhəblərdən ən birinci gələn ilə başlamağımız məqsədə uyğundur və əlbəttə ki, məzhəb imamları arasında ən birinci İmam Əbu Hənifə gəlir. Hənəfi məzhəbinin son dönəm fəqihlərindən olan Muhəmməd Əmin ibn Abidin əd-Diməşqi məşhur haşiyəsində bu mövzuya toxunur və bir yerdə maliki alimlərin bu barədəki görüşlərini zikr etdikdən sonra deyir: “Bizim məzhəbdə nəql olunmuş görüş isə bunun məkruhluğu görüşüdür, belə ki, “Ğurarul-Əfkər Şərh Durar əl-Bihər” kitabında bu yerdə buyurur: “Əcəmi dilində dua etmək məkruhdur...” Daha sonra İbn Abidin buyurur: “əl-Valvaliciyyə” kitabında fars dilində təkbir vermək bəhsində (belə dediyini) gördüm: “Təkbir Allahu təaləyə ibadətdir və Allahu Təalə ərəb dilindən başqa bir dil sevmir, ona görə də ərəb dilindəki dua cavab almağa daha yaxındır və digər dillər dilə olan razılıq və sevgidə ərəb dilinin tutduğu yeri tuta bilməz.” Onun səbəb olaraq göstərdiyinin zahiri o anlamı verir ki, ərəb dilindən başqası ilə dua etmək xiləful-əvla (daha əvla olanın əksi) hökmündədir və buradakı məkruhluq sadəcə tənzihidir.” İbn Adibinin bu sözlərindən başa düşürük ki, hənəfi alimlərindən bəzilərinin sözlərinin zahiri onu göstərir ki, ərəb dilindən başqa dil ilə dua etmək halala yaxın olan məkruh hökmünə aiddir. Lakin bir qədər sonra İbn Adibin deyir: “Fars dilində dua etməyin namazın daxilində təhrimi məkruh olması, xaricində isə tənzihi məkruh olması uzaq ehtimal deyildir.[1] Başqa cür desək İbn Adibin namazın daxilində ərəb dilindən başqa dildə dua etməyin haram olduğuna meyl etmişdir.

Onu da əlavə edək ki, hənəfi fəqihlərinə görə namaz qılan müsəlman namazında istədiyi duanı edə bilməz. Şəmsul-Əimmə Muhəmməd bin Əhməd əs-Səraxsi (vəfatı hicri 483) buyurur: “Bizə görə məzhəbin yekun görüşü budur ki, əgər namazında Quranda olan ilə və Quranda olana bənzəyənlə dua edərsə namazı batil olmaz, lakin əgər “Allahım, əynimə geyinməyə bir köynək ver!” və ya “Allahım, məni fılan qız ilə evləndir!” şəklində edilən dualarda olduğu kimi insanların danışığına bənzəyənlə dua edərsə namazı batil olar.[2] Beləliklə də insanın istəyəcəyi şeyin dünya ləzzətləri və şəhvətlərindən olması icazəli deyildir, belə duanı istər ərəb dilində, istərsə də öz dilimizdə etmək icazəli deyildir. “İnsanların danışığına bənzəyən” sözü ilə hənəfi fəqihlərin nəyi qəsd etdiyini isə bizə Aləud-Din Əbu Bəkr bin Məsud əl-Kəsəni (vəfatı hicri 587) bu sözləri ilə izah etmişdir: “Əshabımız təfsir edərək deyiblər ki, “insanların danışığına bənzəyən” Allahu təalədən başqasından istənilməsi imkansız olmayan şeylərdir və “mənə filan şeyi ver” və ya “məni bir qadınla evləndir” şəklindəki istəklər bunun misalıdır. İnsanların danışığına bənzəməyən isə Allahdan başqasından istənilməsi imkansız olan şeylərdir; “Allahım məni bağışla!” və buna bənzər dualar bunun misalıdır.[3] Hətta “Allahım, mənə ruzi ver!” duasını hənəfi fəqihi Burhənud-Din Əbul-Həsən əl-Mərğinəni (vəfatı hicri 593) “əl-Hidəyə” kitabında “insanların danışığına bənzəyən” dualardan saymışdır və buna əsasən belə bir duanı namazda etməmək lazımdır.

Yekun görüş olaraq qeyd etməliyik ki, hənəfilərə görə ərəb dilini bacarmayan biri namazda edilməsi məşru olan duaları öz dilində edə bilər.

 

***

 

İmam Əbu Hənifədən sonra məzhəbi məşhurlaşmış ikinci imam Mədinəni alimi Malik bin Ənəsdir. Beləliklə də maliki məzhəbinin görüşünü öyrənək. Maliki alimlərinə görə ərəb dilində dua etməyə qadir olan birinə əcəmi dilində dua etmək məkruhdur və bu, İmam Malikin “əl-Mudəvvanə” kitabındakı görüşünə əsaslanır: “Malik dedi: “Bir nəfərin namazında əcəmi dilində dua etməsini məkruh görürəm.[4] Böyük maliki fəqihi Diyəud-Din Xalil bin İshaq əl-Cundi (vəfatı hicri 776) məşhur müxtəsərində bunu namazın məkruhları arasında qeyd etmişdir: “... və ya qadir olana əcəmi dilində dua etmək (məkruhlardandır) ...[5] Bu sözdən anlaşılan məna budur ki, ərəbcə dua etməyə aciz olan üçün öz dilində dua etməsi icazəlidir və məkruh deyildir. Bu anlayışın doğruluğunu maliki fəqihi Əbu Abdilləh Muhəmməd bin Abdilləh əl-Xaraşi (vəfatı hicri 1101) şərhində təsdiqləmişdir: “Buradan anlaşılan məna budur ki, aciz olan üçün icazəlidir.[6] Maliki alimlərinin görüşləri bu yöndədir. Bunu Əbu Ubeydilləh əl-Məvvaq əl-Ğarnəti “müxtəsərə” yazdığı şərhində İmam Malikin özündən nəql edərək təsdiqləmişdir: “İbnul-Qasim ərəb dilində doğru danışa bilməyən əcəminin namazında öz dilində dua etməsi haqqında Malikə verilmiş sualı eşitmişdir və (Malik) demişdir: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər.” Sanki (aciz olan üçün) asanlaşdırır.[7] Ərəb dilində dua etməyə qadir olan üçün bunun məkruh olması da yenə İmam Malikin “əl-Mudəvvanə” kitabındakı sözünə əsasən deyilmişdir, çünki orada İmam Malikin əcəmi dilində ihram etməsinin, namazda o dildə dua etməsini və o dildə and içməsini məkruh görmüşdür. Məhz bu nəqlə əsaslanaraq malikilər məzhəbin görüşünü bu yöndə təyin ediblər. İhram ilə həcdəki ihramın, yoxsa namazdakı ihramın qəsd olunmasında isə ixtilaf edilmişdir, son dönəm maliki fəqihlərindən olan əl-Adəvi qeyd edir ki, bunu həcdəki ihrama aid etmək mümkün olsa da uzaq ehtimaldır.

Beləliklə anlayırıq ki, ərəb dilinə qadir olan birinin əcəmi dilində dua etməsi namazı batil etməz, lakin məkruhdur. Bəzi maliki fəqihləri fərqli düşünüblər və bunun namazı batil etdiyini söyləyiblər. Əbul-Abbas Şihəbud-Din Əhməd bin İdris əl-Qarafi (vəfatı hicri 684)  deyir: “Dedi: “Əgər belə biri əcəmi dilində təkbir gətirərsə  və ya təsbih edərsə və ya dua edərsə namazı batil olar, belə ki, Malik Kitabda bunların hamısını inkar etmişdir.[8] Kitab dedikdə malikilər bununla “əl-Mudəvvanə” kitabını qəsd edirlər. əl-Qarafi’nin bu sözləri əslində böyük maliki fəqihi Əbu Əli Sənəd bin Annən’in (vəfatı hicri 541) “Tirazul-Məcəlis” kitabında söylədiyi görüşdür ki, əl-Qarafi bunu ondan nəql etmişdir. Şihəbud-Din Əhməd bin Ğanim ən-Nəfravi (vəfatı 1126) bu görüşü adını zikr etmədən başqa alimlərə də nisbət etmişdir. O, kitabında ərəb dilini bacaran birinin “Allahu Əkbər” sözünü əcəmicə deyərək namaza daxil olması məsələsini müzakirə edərkən bununla namazın batil olmayacağını söyləyir, bunun məkruh olduğunu qeyd edir və bu məsələni bizim məsələ ilə bağlayır, çünki əgər əcəmi dilində dua etmək sadəcə məkruhdursa bu da onunla eyni hökmdə olmalıdır. O, belə buyurur: “Şeyxlərimizin şeyxlərindən birinin bunun (namazı) batil etməsi şəklində söylədiyinə gəldikdə isə bu, əl-Qarafi’nin əcəmicə duanın və ya təsbihin və təkbirin namazı batil etməsi görüşü üzərində bina edilib, lakin mötəməd olan görüş budur ki, bunlardan heç birinə görə namaz batil olmaz, necə ki, bu, Xalilin sözlərindən anlaşılır, belə ki, o, bunu namazın məkruhları arasında qeyd etmişdir...[9] Beləliklə də ən-Nəfravi bu görüşü birbaşa əl-Qarafi’nin özünə nisbət etdiyini görürük və həqiqətən də əl-Qarafi bu görüşü kitabında nəql etmiş və ona etiraz etməmişdir. Muhəmməd bin Uleyş əl-Məliki deyir: “(Xalilin sözündən) anlaşılır ki, ərəbcədən aciz olan birinə namazda öz dilində dua etməsi məkruh deyildir və məşhur olan görüş budur. “ət-Tiraz” kitabında deyir: “Kim əcəmi dilində dua edərsə və ya təsbih edərsə və ya təkbir edərsə - qadir olmasa belə - namazı batil olar.” Bu barədə hər hansı bir ixtilafın olduğunu hekayət etməmişdir.[10] Lakin yuxarıda da izah etdiyimiz kimi maliki məzhəbindəki mötəməd görüş budur ki, ərəb dilinə qadir olan biri üçün əcəmi dilində dua etmək məkruhdur, aciz olan biri üçün isə icazəlidir. “ət-Tiraz” kitabındakı görüşə gəldikdə isə əl-Hattab ər-Rueyni (vəfatı hicri 954) buna bu cür etiraz etmişdir: “Bunu ondan başqası hekayət etməmişdir; nə müəllif (Xalil) özü “ət-Təvdih” kitabında, nə də İbn Arafə bundan bir şeyi hekayət etməmişdir.[11]

 

***

 

Şafi’ilərin məzhəbinə gəldikdə isə şafi’ilər bu məsələdə təfsilata gediblər və bununla bağlı müxtəlif halları zikr ediblər. Şafi’ilərin fəqihi İmam Əbu Zəkəriyyə Yəhyə bin Şərəf ən-Nəvəvi (vəfatı hicri 676) “əl-Məcmu” adlı möhtəşəm fiqh kitabında bu təfsilatın hamısını bir arada cəm edərək buyurur: “(Namazdakı) vacib ləfzlərdən başqalarına gəldikdə isə iki qisimdir: dua və qeyrisi. Məsur dualara gəldikdə bu barədə üç vəch (görüş) vardır: (Bunlardan) ən səhih olana görə ərəb dilindən aciz olan birinə onları tərcümə etməsi icazəlidir, qadir olana isə icazəli deyildir, buna əsasən də əgər tərcümə edərsə namazı batil olar. İkinci (görüş görə) ərəb dilini yaxşı bacarana da, başqasına da icazəlidir və üçüncü (görüşə görə isə) buna zəruri bir ehtiyac olmadığı üçün onlardan heç birinə bunu etmək icazəli deyildir.” Bura qədər İmam ən-Nəvəvi’nin zikr etdikləri məsur olan dualara aiddir. Məsur dua deyildikdə isə qəsd olunan əsərlərdə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – və səhabələrindən bizə gəlib çatmış dualardır. Beləliklə də bu növ duaları ərəb dilində deməyi bacarmayan biri üçün onların mənalarını öz dilində söyləməsi şafi’i məzhəbinin görüşünə əsasən icazəlidir. Bundan sonra İmam ən-Nəvəvi məsur olmayan dualara keçərək buyurur: “Əsərlərdə gəlməmiş bir dua ixtira edib onu əcəmi dilində söyləməsinin icazəli olmamasında ixtilaf yoxdur və bununla namazı batil olur və bu ərəb dilində bir dua ixtira etməsindən fərqlidir, çünki biz(im məzhəb)ə görə bu, heç bir ixtilaf olmadan icazəlidir.[12] Buradan anlayırıq ki, şafi’i fəqihlərinə görə müsəlmanın öz dilində istədiyi ləfz ilə dua etməsi caiz deyildir və əgər bu cür edərsə namazı batildir. Bunu “Ravdatut-Talibin” kitabında təsdiqləyərək buyurur: “Əcəmi dilində dua ixtira edərək (namazda) onunla dua etməsi qəti olaraq icazəli deyildir.[13]

Şafi’i fəqihlərindən Əbu Həmid Muhəmməd əl-Ğazəli (vəfatı hicri 505) buyurur: “(Ərəb dilində) dua etməkdən aciz olan heç bir halda əcəmi dilində dua etməməlidir.[14] Burada əl-Ğazəli İmam ən-Nəvəvi’nin etdiyi kimi təfsilata yol verməmişdir və duanın məsur olması ilə məsur olmaması arasında fərq qoymamışdır. Abdul-Kərim bin Muhəmməd ər-Rafi’i əl-Qazvini (vəfatı hicri 623) əl-Ğazəli’nin “əl-Vaciz” kitabının şərhində onun sözlərinin zahiri mənasının namazda mütləq şəkildə, qeydsiz və şərtsiz əcəmi dilində dua etməyi qadağan etdiyini təsdiqləmişdir. Lakin İmam ən-Nəvəvi’nin də söylədiyi kimi sünnətdə gəlmiş dualar ilə insanın özünün ixtira etdiyi dualar arasında fərq qoyulmuşdur və ər-Rafi’i dualar arasında belə bir fərq qoymamaqda tək qaldığını söyləmişdir, çünki əgər sünnətdə gəlmiş duaları da ərəb dilindən aciz olan üçün öz dilində söyləməsini caiz görmürsə o zaman gərək namazdakı digər sünnət olan zikrləri də öz dilində söyləməsini caiz görməsin, halbuki şafii fəqihləri bunu caiz görürlər.

Beləliklə də İbnul-Muqri əl-Yəməni (vəfatı hicri 837) “Ravdut-Talib” kitabında İmam ən-Nəvəvinin görüşünü yığcam şəkildə belə qeyd edir: “Əcəmi dilində ixtira edilmiş dua ilə (namaz) batil olur.[15] Bunu Zəkəriyya əl-Ənsari “Fəthul-Vahhəb” kitabında, Əhməd bin Həcər əl-Heytəmi “Tuhfətul-Muhtəc” kitabında, Şəmsud-Din əl-Xatib əş-Şirbini “Muğnil-Muhtəc” kitabında, Şəmsud-Din ər-Ramli “Nihəyətul-Muhcət” kitabında təsdiq edirlər və heç bir ixtilafın olduğunu zikr etmirlər və təbii ki, bununla şafi’i fəqihlərinin arasındakı ixtilafı qəsd edirlər.

 

***

 

Hənbəli məzhəbinə gəldikdə isə hənbəlilər şafi’ilərə nəzərən namazda dua etmək mövzusunda şərtləri daha da daraldıblar. Hənbəli fəqihləri duanı iki qismə ayırıblar:

Birinci: axirət ilə əlaqəli olan dualardır. Allahdan halal ruzi diləmək, rəhmət diləmək və pis əməllərdən qorunmağı diləmək axirət ilə əlaqəli olan dualara misal ola bilər. Bu cür duaların xəbərlərdə, əsərlərdə varid olması şərt deyildir və məzhəbin səhih görüşünə əsasən bu cür dualar ilə namazda dua etmək olar.

İkinci: axirət ilə əlaqəli olmayan və xəbərlərdə varid olmamış dualardır. Məzhəbin səhih görüşünə görə bu cür dualar ilə namazda dua etmək olmaz və namazı batil edir.

Aləud-Din Əbul-Həsən əl-Mərdəvi (vəfatı hicri 885) “əl-İnsaf” kitabında İbn Qudəmə’nin “əl-Muqni” kitabındakı sözlərini şərh edərkən deyir: “Müəllifin sözündən anlaşılan budur ki, əgər xəbərlərdə gəlməmiş bir şeylə dua edərsə bunda problem vardır və bu cür dualar iki qisimdir: birinci: halal ruzi, rəhmət və çirkin işlərdən qorunmağı və bənzər şeyləri istəmək kimi duanın axirətlə bağlı olması, hətta edilən dua (xəbərlərdə) varid olana bənzəməsə belə; məzhəbin səhih görüşünə görə bu cür dualar ilə namazda dua etmək olar və (İmam Əhməd) bunu bir mənalı olaraq söyləmişdir. Əksəriyyət də bu görüşün üzərindədir və onların arasında əl-Qadi (Əbu Yalə), müəllif (İbn Qudəmə), əl-Məcd (İbn Teymiyyə) yazdığı şərhində və şərhçi (Şəmsud-Din İbn Qudəmə) də və başqaları vardır. (İbn Muflih) “əl-Furu” kitabında, İbn Təmim və əz-Zərkəşi birinci olaraq bu görüşü zikr ediblər və (İbn Qadi əl-Cəbəl) “əl-Fəiq” kitabında yalnız bu görüşü zikr etmişdir. (Əhməddən gələn) digər rəvayətə görə isə olmaz və İbn Təmim’in müxtəsərindəki bir görüşə əsasən bununla namaz batil olur. Şərhçi demişdir: “Əshabımızdan bir qrup bu görüşdə olmuşdur və Əhmədin sözü bu məna üçün möhtəməldir və bu, əl-Xiraqi’nin sözünün zahiridir. “əl-Mustəv’ib” və “ət-Təlxis” kitabında yalnız bu görüşü zikr ediblər. “ər-Riayəteyn” və “əl-Həviyeyn” kitabında bununla dua edilməməsi görüşünü birinci zikr etmişdir. İkinci qisim: (xəbərlərdə) varid olmayan və axirətlə bağlı olmayan dualar ilə dua etməkdir ki, məzhəbin səhih görüşünə görə namazda bu cür duaları etmək olmaz və namaz bununla batil olur. Əshabın əksəriyyəti bu görüş üzərindədir...[16] İkinci növ duaları istər ərəbcə, istərsə qeyri-ərəbcə etməyin icazəli olmadığını və namazı batil etdiyini anladıqdan sonra birinci qisimdəki duaları əcəmi dilində etməyin hökmü ilə maraqlanaq. Təəssüf ki, hənbəli fəqihləri kitablarında bu nöqtəyə çox yer verməyiblər, çünki bununla bağlı mətnlərdə xüsusi məlumatlar qeyd edilməmişdir. Lakin Alləmə Mənsur bin Yunus əl-Buhuti’nin (vəfatı hicri 1051) “Kəşşəfil-Qina” kitabındakı sözlərindən hənbəlilərin mövqeyini anlamaq olar, belə ki, o, həcdə təlbiyəni əcəmi dilində etmək haqqında danışarkən deyir: “Ərəb dilində təlbiyə etməyə [qadir olana] təlbiyəni [ərəb dilindən başqa dildə etmək məşru deyildir], çünki bu, məşru olan bir zikrdir və azanda olduğu kimi, namazdakı məşru zikrlərdə olduğu kimi qadir olduqda ərəb dilindən başqa dildə edilməsi məşru deyildir. [Əks təqdirdə], yəni ərəb dilinə qadir deyilsə [öz dilində] təlbiyə edə bilər...[17] Mötərizə daxilindəki sözlər əl-Həccəvi’yə aiddir.

Beləliklə də buradan anlayırıq ki, hənbəli məzhəbinə görə ərəb dilini bacarmayan biri axirətə aid olan duaları öz dilində edə bilər, lakin axirətə aid olmayan duaları isə öz dilində etməsi caiz deyildir, çünki bu cür duaları hətta ərəb dilində etdikdə belə namazı batil edir.

 

***

 

Bu məsələdə zahirilərin məzhəbi də bəziləri üçün maraqlı ola bilər. Zahiri alimlərindən Əbu Muhəmməd İbn Həzm əl-Əndəlusi (vəfatı hicri 456) belə buyurur: “Kimin dili ərəb dilindən başqa bir dildirsə namazında o dildə dua etməsi icazəlidir, lakin o dildə (quran) oxuması icazəli deyildir, kim ərəb dilindən başqası ilə oxuyarsa onun namazı yoxdur.[18] İbn Həzmin sözlərindəki məna çox aşkardır və əlavə izaha ehtiyac qoymur. Zahirilərin məzhəbi bu məsələdə ən çox güzəşt edən məzhəb sayıla bilər.

 

***

 

Fəqihlərimizin namazda ərəb dilindən başqa dildə dua edilməsini məkruh görməyinin, bəzilərinin isə bunu haram görməyinin səbəbləri vardır. Bu səbəblərdən ən birincisi budur ki, ərəb dili İslam dininin şüarıdır. Şeyxul-İslam İbn Teymiyyə buyurur: “Ərəb dili İslamın və onun əhlinin şüaridir və dillər ümmətlərin ən böyük şüarlarındandır ki, onunla seçilirlər.[19]

Abdur-Razzaq, əl-Beyhəqi və başqaları rəvayət edib ki, xəlifə Ömər demişdir: “Əcəmilərin dillərini öyrənməyin və müşriklərin kilsələrinə bayram günlərində daxil olmayın, çünki (o gün) qəzəb üzərilərinə enir.[20] İbn Teymiyyə, İbnul-Qayyim, İbn Kəsir əsərin isnadının səhih olduğunu deyiblər.[21] Fiqh kitablarına nəzər saldıqda fəqihlərimizin bu mövzuda Ömərin fətvasını dəlil olaraq zikr etdiklərini görmək olar. Maliki fəqihləri Ömərin əcəmi dillərində danışmağı qadağan etməsini məscidlərə aid ediblər, yəni ki, Ömər məscidlərdə əcəmi dilində danışılmasını qadağan etmişdir.

Ümumilikdə isə ilk müsəlman nəsilləri, ilk imamlarımız ərəb dilini bilən müsəlmanların ehtiyac olmadan əcəmi dilində danışmaqlarını heç cür qəbul etməyiblər. Əbu Tahir əs-Siləfi isnadı ilə İmam Muhəmməd bin İdris əş-Şafi’dən belə dediyini rəvayət etmişdir: “Allah alışda və satışda Onun fəzlini axtaranları tüccar (tacirlər) adlandırmışdır və ərəblər tacir adlandırmağa davam ediblər və sonra Allahın elçisi – salləllahu aleyhi va səlləm – Allahın adlandırdığı kimi ərəb dilində ticarət adlandırdı. Simsarlıq isə əcəmi adlarından bir addır. Ərəb dilini bilən birinin taciri tacirdən başqa adla adlandırmasını bəyənmirik, ərəb dilində nitqi olduğu halda bir şeyi əcəmicə adlandırmasını sevmirik, çünki Allahın – azzə va cəllə - seçdiyi dil ərəb dilidir...[22]

Həmçinin namaz bir ibadət olaraq ərəb dilində məşru olduğu üçün onun daxilindəki hər bir şeyin də ərəb dilində olması əslə tabe olaraq çıxarılmış bir hökmdür. Sünnətdə varid olmuş duaları öz dilində deməyə icazə vermiş şafi’i fəqihləri bunu ərəb dilindən aciz olması halında icazə veriblər, çünki bu duaların namazın sünnətindən olması isbat olunub. Lakin insanın öz dilində özünün qurduğu dualar ilə dua etməsinə zəruri bir ehtiyac olmadığı üçün bunu qadağan ediblər. Doğrusunu Allah bilir!



[1] “Həşiyətu İbn Adibin”, 1/521; Darul-Fikr, ikinci nəşr: 1412/1992, Beyrut

[2] “əl-Məbsut”, 1/198; Darul-Mərifə, 1414/1993, Beyrut

[3] “Bədəius-Sanəi fi Tərtibiş-Şərai”, 1/213; Darul-Kutubil-İlmiyyə, ikinci nəşr: 1406/1986, Beyrut

[4] “əl-Mudəvvanə”, 1/161; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1415/1994, Beyrut

[5] “Muxtəsar Xalil”, səh: 33; Darul-Hədis, birinci nəşr: 1426/2005, Qahirə

[6] “Şərh Muxtəsar Xalil”, 1/292; Darul-Fikr, Beyrut

[7] “ət-Təc val-İklil”, 2/257-258; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1416/1994, Beyrut

[8] “əz-Zəxira”, 2/168; Darul-Ğarbil-İsləmi, birinci nəşr: 1994, Beyrut

[9] “əl-Fəvakih əd-Dəvani, 1/176; Darul-Fikr, 1415/1995, Beyrut

[10] “Minəhul-Cəlil Şərh Muxtəsar Xalil”, 1/270; Darul-Fikr, 1409/1989, Beyrut

[11] “Məvahibul-Cəlil”, 1/548; Darul-Fikr, üçüncü nəşr: 1412/1992, Beyrut

[12] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 3/299-300; Darul-Fikr, Beyrut

[13] “Ravdatut-Talibin”, 1/266; əl-Məktəb əl-İsləmi, üçüncü nəşr: 1412/1991, Beyrut

[14] “əl-Vasit fil-Məzhəb”, 2/151; Darus-Sələm, birinci nəşr: hicri 1417, Qahirə

[15] “Əsnəl-Mətalib fi Şərh Ravdit-Talib”, 1/166; Darul-Kitəbil-İsləmi

[16] “əl-İnsaf fi Mərifətir-Racihi minəl-Xiləf”, 2/81-82; Dar İhyə ət-Turas əl-Arabi

[17] “Kəşşəful-Qinə an Mətnil-İqnə”, 2/420; Darul-Kutubil-İlmiyyə, Beyrut

[18] “əl-Muhəllə bil-Əsər”, 3/72; Darul-Fikr, Beyrut

[19] “İqtidaus-Siratil-Mustəqim”, 1/519; Dar Aləmil-Kutub, yeddinci nəşr: 1419/1999, Beyrut

[20] “Musannəf Abdir-Razzəq”, (1609); “əs-Sünən əl-Kubra”, 9/392 (18861);

[21] Bu xəbərin rəvayət kanallarının hər biri ayrılıqda tənqid olunsa da bunlar bir-birilərini dəstəkləyirlər və xəbərin ən azından həsən olduğunu söyləməyə əsas verir.

[22] “İqtidaus-Siratil-Mustəqim”, 1/521; Dar Aləmil-Kutub, yeddinci nəşr: 1419/1999, Beyrut