Hənbəli məzhəbində saqqalla bağlı hökmlər


Kişilərin saqqal saxlaması İslam şəriətinin kişilərə aid etdiyi ən gözəl sünnətlərdən biridir. Gəlib keçmiş bütün peyğəmbərlər və salehlərin sünnəti olmuş saqqalın peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – hədislərində xüsusi bir yerinin olduğunu görmək olar. O, - aleyhissalətu vassələm – bir çox yerdə kişiləri buna təşviq etmişdir. Burada saqqalla bağlı bəzi hökmləri qeyd etmək istəyirik.

 

 

Saqqalı çoxaltmağın, toxunmadan uzatmağın hökmü nədir? Hənbəli alimlərinə görə saqqalı çoxaltmaq müstəhəbdir. Şeyx Şəmsud-Din Abdur-Rahmən ibn Qudamə əl-Məqdisi deyir: “Zikr etdiyimiz hədisə əsasən saqqalı çoxaltmaq müstəhəbdir.[1] Alləmə İbn Muflih əl-Məqdisi deyir: “Saqqal çoxaldılar; “əl-Muzhəb” kitabında deyilir: “Çirkin qarşılanacaq qədər uzun olmadığı təqdirdə. İmam Malikə müvafiq olaraq.” İbn Muflih daha sonra deyir: “İbn Həzm bığların kəsilməsinın, saqqalın çoxaldılmasının fərz olduğunda icma nəql edib. Bizim əshabıımız və digərləri bunun müstəhəb olduğunu deyiblər.[2] Alləmə əl-Həccəvi deyir: “Saqqalı çoxaltmaq...sünnətdir.[3] Şeyx əl-Buhuti bu sözlərin şərhində deyir: “Saqqaldan heç bir şey götürməmək surətilə [saqqalı çoxaltmaq ...(sünnətdir) ][4] Bu və digər nəqllərdən anlamaq olar ki, məzhəbin görüşünə görə saqqalı uzatmaq və ona toxunmamaq müstəhəb hökmündədir.

Saqqalı qırxmağın hökmü nədir? Hənbəli məzhəbinin görüşünə görə saqqalı qırxmaq haramdır. Alləmə İbn Muflih deyir: “(Saqqalın) qırxılması haramdır. Bunu şeyximiz zikr edib.[5] əl-Mərdəvi “əl-İnsaf” kitabında deyir: “(Saqqalın) qırxılması haramdır. Bunu Şeyx Təqiyyud-Din (İbn Teymiyyə) zikr edib.[6] Şeyx ər-Ruheybəni Alləmə əl-Kərmi’nin “Ğayətul-Muntəhə” kitabındakı sözlərini şərh edərək deyir: “[Şeyx] Təqiyyud-Din [qırxılmasını haram saymışdır,] çünki bunda asilik vardır.”[7] Həmçinin əl-Həccəvi “əl-İqna” kitabında, əl-Kərmi “Dəlilut-Talib” kitabında bunun haram olduğunu deyirlər. Bu, məzhəbin səhih görüşüdür və fətva buna əsasən verilir.

Saqqalın bur tutumdan artıq olanını kəsməyin hökmü nədir? Məzhəbin məşhur görüşünə görə bir tutumdan artıq qalan hissəni kəsmək mübahdır. Alləmə Abdur-Rahmən əl-Bəali əl-Xalvati deyir: “Onu qırxmaq haramdır və ondan bir tutumdan qalan hissəsini götürməkdə bir problem yoxdur.[8] Şeyx Mustafa ər-Ruheybəni deyir: “ [Bir tutumdan artıq qalanı kəsmək məkruh deyildir,] (İmam Əhmədin) sözü isə belədir: “Ondan götürməkdə bir problem yoxdur.[9] Parantez içində təqdim olunan sözlər Şeyx əl-Kərmi’nin sözləridir. Beləliklə məzhəbin məşhur görüşünə görə bir tutumdan artıq olanı kəsmək mübahdır, məkruh deyildir.

Saqqalı bir tutumdan da az kəsməyin hökmü nədir? Bilmək lazımdır ki, məzhəbin alimləri bu barədə çox danışmayıblar. Kitablarda bu məsələ çox nadir halda zikr olunur. Hətta Şeyx Abdul-Ğani bin Yasin əl-Lubədi deyir: “Dibindən götürməyəcək şəkildə bir tutumdan az olanını götürməyə gəldikdə isə kiminsə bu məsələyə toxunduğunu görmədim. Yalnız mən hənəfilərdən birinin bunun mübah olmaması barədə icma olduğunu aşkar şəkildə dediyini gördüm. İmam Əhmədin sözündən anlaşılan da budur. “əl-İqna” kitabındakı sözlər isə haramlığa dəlalət etmir, nə də məkruhluğa dəlalət etmir, lakin hər ikisi də ehtimaldır. Sadəcə olaraq mübah olmamasına dəlalət edir. Zamanımızın insanlarının çoxu saqqallarını qırxırlar, qırxmayanlar isə qısaldırlar və həddindən çox qısaldırlar, bığlarını isə ağızlarını örtəcək şəkildə uzadırlar. Hətta bəzi qaziləri bu halda gördüm. Məgər bu, bığları azaltmağı, saqqalı isə çoxaltmağı əmr edən şərəfli şəriətə qarşı gəlməkdən başqa bir şeydirmi?! Uca və Əzəmətli Allahdan başqa güc, qüvvət sahibi yoxdur.[10] Şeyx Abdul-Ğani hicri 1319-cu ildə vəfat edib. Əgər o, öz zamanının insanları haqqında bu cür fikirləşirsə bizim zamanın insanlarını görsəydi nə düşünərdi?! Burada onun bu məsələ barədə dəqiq bir hökm təsbit etmədiyini görürük. Lakin Alləmə Əli bin əl-Bəhə əl-Bəğdədi (822-900) deyir:

Bir tutumdan az olan hissədən götürmək məkruhdur. (İmam Əhməd) bunu bir-mənalı şəkildə bildirib. Çünki sünnət saqqalı (ona toxunmadan) çoxaltmaqdır. Bir tutumdan artığını götürməyi məkruh saymamağımız isə İbn Ömərin felinə görədir, belə ki, o, hədisi rəvayət edəndir və oradakı məqsədin nə olduğunu daha yaxşı bilir. Bundan artıq olanı isə fitrətə müxalifdir.[11]

Beləliklə anlaşılır ki, məzhəbin bu barədə görüşü budur ki, bir tutumdan az olan hissədən götürmək məkruhdur. Doğrusunu Allah bilir!

 


[1] “əş-Şərh əl-Kəbir alə Mətnil-Muqni”, 1/105; Dar əl-Kitəb əl-Arabi,

[2] “Kitəb əl-Furu”, 1/151; Muəssəsətur-Risələ, birinci nəşr: 1424/2003, Beyrut

[3] “əl-İqna li Talibil-İntifə”, 1/32; Daratul-Məlik Abdil-Aziz, üçüncü nəşr: 1423/2002, Riyad

[4] “Kəşşəful-Qina anil-İqna”, 1/157; Vazəratul-Adl, birinci nəşr: 1421/2000, Riyad

[5] “Kitəb əl-Furu”, 1/151; Muəssəsətur-Risələ, birinci nəşr: 1424/2003, Beyrut

[6] “əl-İnsaf fi Mərifətir-Racih minəl-Xiləf”, 1/121; İhyə ət-Turas əl-Arabi, birinci nəşr: 1374/1955, Beyrut

[7] “Mətalibu Ulin-Nuhə”, 1/85; əl-Məktəb əl-İsləmi, Beyrut, birinci nəşr: 1381/1961

[8] “Kəşful-Muxaddərat”, 1/56; Dar əl-Bəşəir əl-İsləmiyyə, birinci nəşr: 1423/2002, Beyrut

[9] “Mətalibu Ulin-Nuhə”, 1/85; əl-Məktəb əl-İsləmi, birinci nəşr: 1381/1961, Beyrut,

[10] “Həşiyətul-Lubədi alə Neylil-Məarib”, səh: 18; Darul-Bəşəiril-İsləmiyyə, birinci nəşr, 1419/1999, Beyrut

[11] ”Fəthul-Məlikil-Aziz bi Şərhil-Vaciz”, 1/223; Dar Xidir, birinci nəşr: 1423/2002, Beyrut