Aborta İslamın baxışı

Bismilləhir-Rahmənir-Rahim

Həmd olsun Allaha və aləmlərə rəhmət olaraq göndərilmiş peyğəmbərimizə, onun ailəsinə və səhabələrinə salavat və salam olsun!

Bu əsrimizdə müsəlmanlar kafirləri və müşrikləri təqlid edərək böyük cinayətlər və çirkin əməllərə bulaşırlar. Allahın haram buyurduğu canı zəif düşüncə və yersiz səbəblərdən haqsız yerə öldürürlər, halbuki Allahu Təalə deyir: “Allahın haram buyurduğu canı haqsız yerə öldürməyin![1]

Çox təəssüf ki, insan övladı öz cinayətləri üçün hər zaman bir bəhanə axtarmağa çalışıblar və bu cinayəti də gözlərdə xəfiflətmək üçün qadın hüquqları, sağlamlıq, ailə planlaşdırılması, uşaq tərbiyəsi, rahat ailə həyatı kimi yersiz səbəblər irəli sürürlər. Mövzunun əhəmiyyətini nəzərə alaraq abort haqqında qısa olaraq məlumat verməyi istədik. Abortun hökmü barəsində müxtəlif məzhəb alimləri söz açıblar və məsələni ətraflı şəkildə, fərqli surətlərdə müzakirə ediblər.

 

 Ümmətin bütün alimləri ittifaq ediblər ki, ana bətnindəki uşağa ruh üfürüldükdən sonra onu abort etdirmək haramdır və cinayətdir. Bu məsələdə bildiyimiz qədərilə heç bir alim ixtilaf etməyib. Şeyxul-İslam İbn Teymiyyə deyir: “Ana bətnindəki uşağı abort etmək müsəlmanların icması ilə haramdır və bu, diri-diri basdırılan qızlar hökmündədir.[2]

Uşağa ana bətnində olarkən ruhun üfürülməsi haqqında gəlmiş səhih hədis bizim mövzumuzla bağlıdır. İlk əvvəl mövzumuzla əlaqədar olan bu hədisi müqəddimə olaraq təqdim etmək münasibdir. Abdullah bin Məs’ud – radiyallahu anhu – deyir: “Sözündə doğru danışan Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bizə rəvayət etdi: “Sizdən hər biriniz anasının qarnında bir nütfə olaraq qırx günə yaradılışı bir araya gətirilir, sonra bir o qədər müddət laxtalanmış qan (aləqa)[3] olur, sonra yenə bir o qədər müddət mudğa[4] olur, sonra Allah ona mələyi göndərir və ona ruh üfürür və ona dörd söz; ruzisinin, əməlinin, əcəlinin, xoşbəxt yoxsa bədbəxt olmasının yazılması əmr olunur. Özündən başqa bir ilah olmaya and olsun ki, sizdən biriniz özü ilə cənnət arasında bir qarış qalana qədər cənnət əhlinin əməli ilə əməl edir, lakin kitab onu qabaqlayır və cəhənnəm əhlinin əməli ilə əməl edir və cəhənnəmə daxil olur. Sizdən biriniz özü ilə cəhənnəm arasında bir qarış qalana qədər cəhənnəm əhlinin əməli ilə əməl edir, lakin kitab onu qabaqlayır və cənnət əhlinin əməli ilə əməl edir və ora daxil olur.[5]

İslam alimləri ruh üfürülmədən əvvəlki mərhələdə uşağın abort edilməsi haqqında fərqli görüşdədirlər. Onlardan bəziləri bunu caiz görüblər, digərləri isə haram sayıblar. Bunu caiz sayanlar əsasən hənəfi və şafii alimləridir.

Hənəfi üləmasının bu məsələdə görüşləri fərqlidir. Birinci görüşə görə ruh üfürülmədən əvvəl abort etmək caizdir. İmam Kəmalud-Din İbnul-Huməm əl-Hənəfi – rahiməhullah – deyir: “Hamilə olduqdan sonra abort etmək mübahdırmı? Uşaqdan bir şey formalaşmadığı təqdirdə mübahdır; sonra bir çox yerdə (alimlər) deyiblər ki, “bu, yalnız yüz iyirmi gün keçdikdən sonra olur” və bunun mənası budur ki, onlar forma vermək ilə ruhun üfürülməsini qəsd edirlər, yoxsa əks təqdirdə[6] bu bir xəta olar, çünki formalaşdırmanın bu müddətdən əvvəldə baş verdiyi müşahidələr ilə isbat edilib.[7] Alləmə İbn Abidin onun bu sözlərini nəql etdikdən sonra deyir: “Onların bunu qeydsiz-şərtsiz söyləməkləri qeyd olunmuş müddətdən öncə ərin izni ilə abort etməyin caiz olmasında heç bir tərəddüdün olmaması anlamına gəlir.[8] Bu görüş əsasən “ən-Nəhr” və “əd-Durrul-Muxtar” kimi müxtəsər hənəfi mətnlərində keçir.

Hənəfi məzhəbindəki ikinci görüş isə bunu yalnız bir üzr səbəbilə etmək halında caiz görür. Yenə İbn Abidin deyir: “əl-Xaniyyə kitabının “məkruhlar” haqqındakı bölümündə deyilir: “Bunun halal olduğunu demirəm, çünki ihramlı biri ovun yumurtasını sındırsa əvəzini ödəməlidir, çünki (yumurta) ov heyvanının köküdür. Əgər cəza ilə cəzalandırılırsa, o zaman burada da əgər üzrsüz abort edibsə ən azından günah etmiş olması lazımdır.” İbn Vahban deyir: “Bu üzrlərdən də biri hamiləlik bilindikdən sonra qadının südünün kəsilməsidir...əz-Zaxira kitabından nəql olunur; “ruh üfürüləcək zaman tamamlanmadan öncə qadın abort etmək istərsə bu onun üçün mübah olarmı yoxsa yox? Bunda ixtilaf ediblər və fəqih Əli bin Musa deyərdi: “Bu, məkruhdur, çünki sperma qadının rəhminə düşdükdən sonra nəticəsi həyat olur və haram torpaqlarındakı ov heyvanının yumurtası kimi ona da həyat hökmü aiddir.” Bunun bənzəri “əz-Zahiriyyə” də gəlir. İbn Vahban dedi: “Uşağı abort etməyin mübah olması hökmü üzrlü hallara ya da bu əməlin qətl günahı qədər bir günah olmaması hallarına aid edilməlidir.[9] Buradan anlaşılır ki, hənəfi məzhəbindəki ikinci görüş bu əməlin təhrimi məkruh olduğunu deyir və bu görüş daha çox hənəfi məzhəbinin mötəməd qaynaqlarında zikr olunub və bunun mötəməd görüş olduğunu söyləsək xəta etmərik.

Şafii məzhəbinə gəldikdə isə bu məzhəbin alimlərindən Şəmsud-Din Muhamməd bin Əbil-Abbas ər-Ramli deyir: “əl-Muhib ət-Tabəri deyir: Qırx gün tamamlanmadan öncə nütfəni (düşürmək) haqqında elm əhli iki görüş arasında ixtilaf ediblər; (bəziləri) deyiblər ki, (bu halda) nütfə üçün (ana bətnindən) düşmüş uşaq və ya diri basdırılmış qız uşağı ilə eyni hökm sabit olmur. (Digərləri isə) deyib ki, (nütfənin) haramlılıq hökmü vardır və ona zərər vermək və (qadının) rəhmində yerləşdikdən sonra oradan çıxarmağa səbəb olmaq mübah deyildir və bu baxımdan əzldən[10] fərqlənir, çünki əzldə nütfə qadının rəhminə düşmədən əvvəl kənarlaşdırılır. əz-Zərkaşi dedi: “Fəzilət sahibi alimlərdən birinin əlavə etdiyi qeydlərdə belə yazılıb: əl-Kərabisi dedi: Əbu Bəkr bin Said əl-Furati’dən kənizinin uşağını düşürmək üçün ona içki içirən bir kişi barəsində soruşdum və dedi: “Nütfə və laxtalanmış qan olduğu müddətdə inşallah bunu etmək caizdir.” əl-Ğazali bu məsələyə “əl-İhya” kitabında işarə edib və əzl hərəkətinin “xiləful-əulə”[11] hökmündə olduğunu qərarlaşdırdıqdan sonra xülasə olaraq belə deyir: “Bu, (yəni nütfəni qadının rəhmindən düşürmək) uşağı abort etmək və qız uşağını diri basdırmaq kimi deyildir, çünki bu ikisi mövcud olan varlığa qarşı cinayətdir və mövcudluq mərhələlərinin birincisi nütfənin qadının rəhminə düşməsi və qadının suyu ilə qarışmasıdır və o nütfəyə zərər vermək də cinayətdir. Nütfə laxtalanmış qan və ya mudğa olarsa ona zərər yetirmək daha çirkin cinayətdir. Əgər ruh üfürülərsə və yaradılış tamamlanarsa cinayətin çirkinliyi daha da artar.” Daha sonra dedi: “Bunun haram olmaması hökmü haqdan uzaqdır. Belə demək olar: ruhun üfürülməsi halı və doğulana qədərki halına gəldikdə isə (abort etməyin) haram olmasında şəkk ola bilməz. Bundan əvvəlki halında gəldikdə isə bunun “xiləful-əulə” hökmündə olduğunu demək olmaz, əksinə burada tənzihi-məkruh və təhrimi məkruh ehtimalı vardır...

Xülasə olaraq anlayırıq ki, əl-Furati səksən gün ərzində ana bətnindəki uşağı abort etməyi caiz görür, lakin əl-Ğazali – rahiməhullah – bu əməlin caiz olduğunu deyənlərin görüşlərini rədd edir və qeyd edir ki, əgər əzl etmək “xiləful-əulə” hökmündədirsə, o zaman ruh üfürülmədən əvvəl uşağı abort etməyin caiz olduğunu söyləmək doğru deyildir, ən azından bu əməl məkruh olmalıdır və bu məkruhluq hamiləlik vaxtı uzandıqca şiddətlənir.

ər-Ramli daha sonra əl-Ğazalinin digər sözlərini gətirir və eynilə mövzu ilə bağlı digər hökmlərə toxunduqdan sonra deyir: “Üstün görüş budur ki, ruh üfürüldükdən sonra (uşağı abort etmək) qeydsiz-şərtsiz haramdır və bundan öncə isə caizdir.[12] ər-Ramli’nin zikr etdiyi bu görüş şafii məzhəbinin mötəməd görüşüdür.

Bu məsələyə qarşı ən sərt çıxış edənlər maliki üləmasıdır. Sperma qadının rəhminə düşdükdən sonra ona zərər verməyi malikilər qəti olaraq haram sayırlar. Maliki məzhəbin görüşü haqqında Alləmə Əbu Abdilləh əl-Hattab ər-Raini – rahiməhullah – deyir: “İbnun-Nəci “əl-Mudəvvanə” kitabının şərhində qadınlar arasında bölgü haqqında danışarkən dedi: “Cimadan sonra qırx gün keçmədən öncə spermanı düşürməyə gəldikdə isə əl-Ləxmi bunun caiz olduğunu dedi. İbnul-Arabi isə “əl-Qabəs” kitabında dedi: “İttifaq ilə caiz deyildir.” (əl-Qadi) İyad “əl-İkməl” əsərində bu barədə alimlərin iki görüşü olduğunu deyir.” Aşkar olan budur ki, bu görüşlər məzhəbdən kənardadır.” Sitatın sonu. əl-Birzəli “süd əmizdirmək məsələlərindən” danışarkən deyir: “Spermanın kəsilməsi və ya rəhmə gedən kanalı bağlamaq üçün bir şey etməyə gəldikdə isə İbnul-Arabi bir mənalı olaraq bunun caiz olmadığını deyib. Lakin spermadan qadının rəhmində hasil olana gəldikdə isə alimlərin əksəriyyətinin məzhəbi bunu qeydsiz-şərtsiz qadağan etməkdir, əl-Ləxmi isə qırx gün keçmədən öncə nütfə olduğu müddətdə bunun caiz olduğunu deyib, necə ki, ilk əvvəldən kişiyə əzl etmək caizdir.Lakin birinci görüş daha üstündür, çünki alimlərdən bəziləri bunun diri-diri basdırılmış qız hökmündə olduğunu deyib.” Sitatın sonu.[13]

Məsələ haqqında bizim hənbəli alimlərinin görüşünə gəldikdə isə əl-Mərdavi deyir: “Nütfəni (qadının rəhmindən) düşürmək üçün dərman içmək caizdir. Bu, “əl-Vaciz” kitabında[14] zikr edilib. (İbn Muflih) bu görüşü “əl-Furu” kitabında önə keçirmişdir. İbnul-Cəvzi “Əhkəmun-Nisə” kitabında bunun haram olduğunu deyir. “əl-Furu” kitabında deyilir: “İbn Aqil’in “əl-Funun” əsərindəki sözlərinin zahiri budur ki, “ruh üfürülmədən əvvəl düşürmək caizdir.” (İbn Muflih) dedi: “Bunun bir əsası vardır.” Sitatın sonu. Şeyx Təqiyyud-Din dedi: “Qadının spermanın hamiləlik yolundakı təsirinin qarşısını almaq üçün dərman istifadə etməməsi daha ehtiyata layiqdir.[15]

İmam İbn Əbis-Səriy əd-Duceyli’nin “əl-Vaciz” kitabında zikr etdiyi görüş məzhəbimizin məşhur görüşüdür. Alləmə İbnul-Cəvzi bunu haram saymış. İbn Aqil’in görüşünə gəldikdə isə o, bu rəyini bir qədər fərqli tərəfdən isbat edir. İbn Aqil deyir: “Sələf əzl barəsində ixtilaf edib; onlardan bir qrup bunun qız uşağını diri olaraq basdırmaq hökmündə olduğunu deyib, çünki bu, nəsli kəsir. Əli – radiyallahu anhu – bunu inkar edərək dedi: “(Torpağa) diri-diri gömülmüş qız uşağı yeddi dəfədən sonra olandır” və sonra bu ayəni oxudu: “Biz, həqiqətən, insanı tərtəmiz palçıqdan yaratdıq...və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq.”[16] Bu isə onun nümayiş etdirdi möhtəşəm bir anlayış və gözəl dəqiqlikdir, belə ki, “Diri-diri gömülmüş körpə qızdan – “Axı o hansı günaha görə öldürüldü?!” – soruşulacağı zaman”[17] ayəsini eşitdikdə belə oxuyardı: “Soruşacaq: “Hansı günaha görə öldürüldüm?!” Bu, həmin hala ən münasibdir, qınama məqsədi üçün daha güclüdür və bu, bədənə ruhun daxil olmasına görədir, çünki ruhun daxil olmadığı cəsədlər həşr olunmayacaqlar və bundan hökm çıxarmaq olar ki, (qadının bətnindəkini) abort etməsi haram deyildir.[18] İbn Aqil Həzrəti Əlinin anlayışını bizə göstərərək qeyd edir ki, torpağa basdırılmış qız uşaqları həşr olunacaqlar, çünki həmin uşaqların bədənlərinə ruh üfürülmüşdür. Ruh üfürülmədən əvvəl öldürülmüş uşaqlar isə həşr edilməyəcəkləri üçün bu ayə onlara aid deyildir. İbn Aqilin bu əməlin haram olmamasını bu cür isbat etməsi sual altına alına bilər, çünki onun təqdim etdiyi dəlilin isbat etdiyi məqam budur ki, ana bətnindəki uşağı ruh üfürülmədən əvvəl abort etdirmək qız uşağını torpağa gömmək ilə eyni tutula bilməz.

Böyük islam alimi Alləmə Zeynud-Din Əbul-Fərəc İbn Rəcəb əl-Hənbəli – rahiməhullah – başda zikr etdiyimiz hədisin şərhində deyir: “Bir qrup fəqih qadına ruh üfürülmədən əvvəl qarnındakını abort etməyə rüxsət veriblər və bunu əzl ilə eyni sayıblar. Bu isə zəif bir görüşdür, çünki rüşeym artıq formalaşmağa başlamış bir uşaqdır, bəlkə də artıq formalaşmışdır, əzldə isə uşaq tamamilə mövcud deyildir, sadəcə olaraq uşağın yaranmasının qarşısının alınmasına səbəb olmuşdur. Üstəlik Allah istəsə uşağın yaranmasının qarşısını heç bir şey ala bilməz, necəki əzl barəsində soruşulduqda peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Sizə əzl etməməyiniz vacib deyildir, elə bir nəfs yoxdur ki, Allah onu yaratmamış olsun!”[19]Əshabımız açıq şəkildə bildiriblər ki, uşaq qan laxtası olduqdan sonra qadına uşağı abort etmək caiz deyildir, çünki laxtalanmış qan nütfədən fərqli olaraq formalaşmağa başlamış bir uşaqdır, belə ki, nütfə hələ formalaşmağa başlamamış sayılır, hətta nütfə bəzən uşaq olaraq formalaşmaya da bilər.[20]

İbn Rəcəb – rahiməhullah – alimlərimizin görüşünü izah edərək nütfə ilə laxtalanmış qan arasındakı fərqi izah etmişdir. Onun bu sözlərini Alləmə Şeyx Mustafa əs-Suyuti ər-Ruheybəni – rahiməhullah – əl-Kərmi’nin “Ğayətul-Muntəhə” kitabındakı sözlərini şərh edərkən gətirir və deyir: “[Kişiyə] kafur kimi [cimanın qarşısını alan[21] bir dərmanı içmək olar], çünki bu, ona aid olan bir haqdır və [qadına nütfəni salmaq üçün] mübah olan [bir dərmanı içmək olar], çünki (nütfə) hələ formalaşmağa başlamayıb, bəzən də heç formalaşmır. [Qan laxtasını] düşürmək üçün bir dərman içmək isə [olmaz], çünki formalaşmağa başlamışdır.[22]

Xülasə olaraq demək olar ki, məzhəbimizin məsələ haqqındakı bu görüşünü əl-Həccavi “əl-İqna” kitabında və əl-Fətuhi “Muntəhə əl-İradət” kitabında zikr etmişdir. Buna görə də Alləmə Muhamməd bin Bədrud-Din bin Bəlban əd-Diməşqi – rahiməhullah – hənbəli fiqhi üçün yazdığı qısa mətnində deyir: “Qırx gündən öncə mübah olan bir dərmanla nütfəni düşürmək olar.[23]

Diqqətə layiq olan tərəf əl-Ğazali’nin qarşıya qoyduğu dəlillərdir. Ona görə əgər əzl özlüyündə “xiləful-əulə” hökmündə sayılırsa, o zaman ruh üfürülmədən öncə uşağı abort etdirmək ən yaxşı halda məkruh olacaqdır. Ruhun üfürülməsinə vaxt yaxlaşdıqca məkruh hökmü daha güclənir. Bu məzhəblərin görüşlərini yekunlaşdırmalı olsaq deyərik ki, hənəfi məzhəbinə görə üzrlü halda abort etdirmək olar. Şafii məzhəbində isə ruh üfürülmədən, yəni dörd ay keçmədən əvvəlki müddətdə caizdir. Hənbəli məzhəbinə görə qırx gündən əvvəl caizdir, sonra isə haramdır. Maliki məzhəbi isə bu məzhəblər içində ən qəti mövqe tutan məzhəbdir və onlara görə nütfə qadının rəhminə düşəndən sonra ona müdaxilə etmək haramdır. Bu görüşlərin içində ən orta mövqe tutanlar hənbəli alimləridir, lakin ən ehtiyatlı görüş maliki fəqihlərinin mənimsədikləri görüşdür. Doğrusunu Allah bilir!

 


[1] əl-İsra, 33

[2] “Məcmu əl-Fətava”, 34/160

[3]”Aləqa” ərəb dilində zəli deməkdir. Burada Quranın elmi möcüzəsinə şahidlik mövcuddur. Çünki həqiqətən də ilk dövrdə mayalanmadan sonra ana bətnində yerləşən və ana bətninin yuxarı divarına yapışan mayalanmış yumurta ikinci mərhədə “zəli” kimi qan soraraq inkişaf edir və zahirən laxtalanmış qana bənzəyir.

[4] ”Mudğa” ağızda çeynənmiş bir yemək parçasının adıdır və həqiqətən də daha sonrakı dövrdə formalaşmağa başlayan rüşeym sanki ağızda çeynənmiş saqqıza bənzəyir.

[5] əl-Buxari (3208, 3332, 6594, 7454); Muslim (2643)

[6] Yəni əgər alimlər bununla ruhun üfürülməsini yox, ana bətnindəki uşağın forma almasını qəsd edirlərsə bu, xətadır, çünki uşaq bu müddətdən əvvəl də artıq bir forma almış olur.

[7] “Şərh Fəthul-Qadir”, 3/380; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 2003/1424

[8] “Raddul-Muhtar alə Durril-Muxtar”, 4/336

[9] “Raddul-Muhtar alə Durril-Muxtar”, 4/336

[10] “Əzl” kişinin cinsi münasibət zamanı spermanı kənara axıtmasına deyilir.

[11] “Xiləful-əulə” hökmündə olan bir əməli etmək caizdir, lakin etməmək daha yaxşıdır.

[12] “Nihayətul-Muhtac ilə Şərhil-Minhəc”, 8/442-443; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut, üçüncü nəşr: 1413/1992

[13] “Məvahibul-Cəlil li Şərh Muxtəsar Xalil”, 5/133-134; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1416/1995

[14] “əl-Vaciz” kitabı hənbəli fiqhində ən əhəmiyyətli mətnlərdən biridir. Kitabın müəllifi Alləmə Siracud-Din Əbu Abdilləh əl-Hüseyn bin Yusuf bin Muhamməd bin Əbis-Səriy əd-Duceyli’dir, məşhur fiqh və lüğət alimdir, ədibdir, hicri 664-cü ildə doğulub. Bu kitabını məzhəbdəki racih olan görüşlər üzərində yazıb və onu şeyxi əz-Zarirani’yə ərz edib və əz-Zarirani kitabı təhzib edərək gözəlləşdirmişdir. Müəllif hicri 732-ci ildə vəfat edib.

[15] “əl-İnsaf fi Marifətir-Racih minəl-Xiləf” 1/386; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut, birinci nəşr: 1374/1955

[16] əl-Muminun, 12-14

[17] ət-Təkvir, 8-9

[18] “Kitəbul-Furu va məahu Təshih əl-Furu”, 1/393; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1424/2003

[19] Əbu Said əl-Xudri rəvayət edib; əl-Buxari (2542, 5210); Muslim (1438)

[20] “Camiul-Ulum val-Hikəm”, 1/157 (dördüncü hədisin şərhi); Muəssəsətur-Risalə, Beyrut, səkkizinci nəşr: 1999/1419

[21] Burada qəsd olunan cima etmək istəyini, yəni şəhvəti öldürmək üçün dərman içmək olar, çünki cima kişinin haqqıdır. Qadın heyz görəndə onunla yaxınlıq etmək haramdır və bu müddətdə kişi bu cür vasitələrdən istifadə edə bilər. Üstəlik hənbəli məzhəbinə görə qadından istihazə qanı gələndə də yaxınlıq etmək haramdır. Parantez arasındakı sözlər “Ğayətul-Muntəhə” kitabından Şeyx Mər’i bin Yusuf əl-Kərmi’nin sözləridir.

[22] “Mətalib Ulin-Nuhə fi Şərhi Ğayətil-Muntəhə”, 1/267; əl-Məktəb əl-İsləmi, Beyrut, birinci nəşr: 1381/1961

[23] “Kitəbu Əxsaril-Muxtəsarat”, səh: 236; Darul-Bəşairil-İsləmiyyə, Beyrut, birinci nəşr: 1416/1996