Qan nəcisdir

Qanın hökmü nədir?

Alimlər qanın nəcis olmasına dəlil olaraq Allahu Təalənin bu sözlərini göstərirlər:

 

“قُل لاَّ أَجِدُ فِيمَا أُوْحِيَ إِلَيَّ مُحَرَّماً عَلَى طَاعِمٍ يَطْعَمُهُ إِلاَّ أَن يَكُونَ مَيْتَةً أَوْ دَماً مَّسْفُوحاً أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقاً أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ”

 

Təqdim etdiyimiz əl-Ənam surəsinin 145-ci ayəsinin Ziya Bünyadov və Vasif Məmmədəliyev tərəfindən təqdim olunmuş tərcüməsi belədir:

De: “Mənə gələn vəhylər içərisində murdar (rics) olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!

 

Müfəssirlərin imamı Əbu Cafər Muhamməd bin Cərir ət-Tabəri – rahiməhullah – deyir:

Allahın – cəllə sənəuhu – qullarına qanın haramlığını bəyan edərkən onun axar qan olmasını şərt qoşması açıq-aşkar bir dəlildir ki, qanlar içində axar olmayan nəcis deyil, halaldır.[1]

Əlixan Musayev isə ayənin tərcüməsini belə vermişdir:

De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan (rics) donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.

Əgər diqqət etsəniz iki tərcümə arasında fərq olduğunu görəcəksiz. Birinci tərcümədə ayədə haram olaraq zikr olunmuş ölü heyvan, axar qan, donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş heyvan “rics”, yəni murdar sayılmış, ikinci tərcümədə isə yalnız donuz əti murdar sayılmışdır. Bu, ayədəki rics hökmünün bunların hamısına yoxsa yalnız donuz ətinə aid olması haqqında təfsir alimlərinin ixtilaf etməsi ilə bağlıdır. Təfsir alimləri bu ayədə iki fərqli görüş qeyd ediblər. Bununla əlaqədar olaraq Əbul-Leys əs-Səmərqəndi əl-Hənəfi deyir:

Bəzi alimlər deyir ki, ayədə önə keçirmək və təxir etmək üslubu işlənmişdir ki, bunun mənası belə olacaq; ölü hayvan, axar qan, donuz əti və Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisnadır, çünki o, murdardır, yəni ayədə zikr olunanların hamısı ricsdir. Murdarlığın xüsusilə donuz ətinin vəsfi olduğu da söylənmişdir.[2]

əl-Bəydavi’ninöz təfsirindəki[3] sözlərinin zahiri göstərir ki, ona görə burada “rics” kəliməsi donuz ətinə aiddir. Əbu Həyyan, İbnul-Qayyim və digərləri də bu görüşdədir.

Alləmə Muhamməd ət-Tahir İbn Aşur deyir:

Allahın “çünki o, murdardır” sözləri bir cümlənin arasına daxil edilmiş yeni bir cümlədir, alimlərdən bəzilərinə görə oradakı əvəzlik donuz ətinə aiddir. Lakin bunun əvvəl sayılanların hamısına aid olması daha doğru görüşdür. Əvəzliyin tək halda gəlməsi isə “məzkur” sözü ilə təvil edilməsinə dayanır, yəni “çünki məzkur (zikr olunan) murdardır”,  necəki “Bunu edən kimsə cəzalandırılar” ayəsində işarə əvəzliyi tək halda gəlmişdir.[4]

Ayədəki əvəzliyin bunların hamısına aid olduğunu eləcədə Şeyx Muhamməd bin Saleh əl-Useymin – rahiməhullah – demişdir.[5]

Əgər ayənin iki cür təvili mümkündürsə o zaman bu təvillərdən hansının başqa dəlillərlə dəstəkləndiyinə baxmaq lazımdır. Bu zaman ilk növbədə peyğəmbərin – salləllahu aleyhi va səlləm – sünnətinə nəzər yetirməliyik.

 

Sünnətdəki dəlillər

Birinci: Əsma bint Əbi Bəkr – radiyallahu anhə - deyir: “Bir qadın peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəldi və dedi: “Bizdən birimizin paltarına heyz qanı bulaşır, onunla nə edək?” Dedi: “Onu ovalasın, sonra su ilə qaşısın, sonra su ilə yuyub onda namaz qılsın![6]

Bu hədisdəki dəlil budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – həmin qadına paltarındakı qanı yumağı əmr etmişdir, əgər qan murdar olmasaydı yumağı əmr etməzdi. İmam Muhamməd bin İdris əş-Şafi – rahiməhullah – Əsmanın bu hədisini gətirdikdən sonra deyir:

əş-Şafi – rahiməhullah – dedi: “Bu hədisdə heyz qanının nəcis olmasına dair dəlil vardır, bundan başqa qanlar da bunun kimidir.[7]

Muhamməd bin İsmayıl əl-Buxari – rahiməhullah – bu hədisi gətirdiyi babın adını “qanı yumaq babı” adlandırmışdır. Hədisdə heyz qanının zikr olunması istisna deyildir, əksinə qan bədənin harasından gəlməsindən asılı olmayaraq qandır. İmam əl-Buxari kitabın başqa yerində eyni hədisi rəvayət etdikdən sonra həmin babın adını “heyz qanını yumaq babı” adlandırmışdır. Bununla bağlı olaraq əl-Hafiz İbn Hacər – rahiməhullah – deyir:

Onun “heyz qanını yumaq babı” sözləri; onun burada baba bu cür ad verməsi dəstəmaz kitabında “qanı yumaq” şəklində verdiyi addan daha xüsusidir. Orada Əsmanın bu hədisi haqqında söz edildi. Orada bunu Yəhya bin əl-Qattan’ın Hişamdan rəvayəti olaraq gətirmişdir və bu rəvayətin isnadı da əvvəlki kimi şeyxindən savayı hamılıqda mədinəlilərdən ibarətdir. Bu hədisdə əvvəlki rəvayətdə olmayan faydalar vardır: qadın zikr etməyə utandığı bir şey haqqında soruşa bilər və zərurət üçün murdar qəbul olunan şeyin adını aşkar şəkildə demək olar və bir də heyz qanı yumağın vacibliyində digər qanlar kimidir. Həmçinin burada yuyulmasının asan olması üçün quru nəcasəti qaşımağın müstəhəb olmasına dair dəlil vardır.[8]

əl-Hafiz Əbu Ömər Yusuf bin Abdilləh İbn Abdil-Bərr – rahiməhullah – yuxarıdakı hədis barədə deyir:

Xəbər onu göstərir ki, nəcasət olması səbəbi ilə onu yumaq vacibdir və bütün qanların hökmü heyz qanının hökmü ilə eynidir. Lakin az miqdarda qanda güzəşt edilmişdir, çünki Allah – Azzə və Cəllə - qanın nəcisliyi üçün axar olmasını şərt qoşmuşdur. O zaman qan rics sayılır və rics nəcasətdir.[9]

Yenə “əl-Muvatta” əsərində gəlmiş eyni hədisin şərhində deyir:

Bu hədis, paltarlardan nəcasətlərin yuyulmasında əsas götürülən dəlildir, çünki qan əgər axar qan olarsa nəcisdir, axar dedikdə isə qəsd olunan çoxlu şəkildə axmasıdır.[10]

Alləmə Muvaffəqud-Din İbn Qudamə - rahiməhullah – deyir:

Qan nəcisdir, çünki Əsmanın hədisində peyğəmbər – salləllahu aleyhi va səlləm – qan haqqında demişdir: “Onu su ilə yu!” Muttəfəqun aleyh. Üstəlik Quranın aşkar sözünə əsasən qan özlüyündə haram buyurulmuşdur, bununla da ölü heyvana bənzəyir.[11]

İkinci: Yenə bir digər hədisdə Aişə - radiyallahu anhə - rəvayət edir ki, Ummu Həbibə bint Cəhş Allahın Elçisindən – salləllahu aleyhi va səlləm – fətva soruşaraq dedi: “Mən istihazəliyəm”. (Peyğəmbər) dedi: “Bu sadəcə damardır, qüsl al və namazını qıl![12]

İstihazə qanı peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözünə əsasən damar qanıdır. İmam ən-Nəvəvi bu hədisin şərhində deyir:

Bu hədisdə nəcasətin təmizlənməsi əmri, qanın nəcis olması və namazın sadəcə heyzin kəsilməsi ilə vacib olması barədə dəlil vardır. Doğrusunu Allah bilir![13]

Bu hədisdən çox alim qanın nəcis olması hökmünü çıxarmışdır. Onlar heyz qanı ilə digər qanlar arasında fərq qoymayıblar, çünki belə bir fərqi tələb edən dəlil yoxdur. Alləmə Əbu Muhamməd İbn Həzm – rahiməhullah – yuxarıdakı hədisin şərhində deyir:

Bu, peyğəmbərdən – salləllahu aleyhi va səlləm – gəlmiş qanın bütün növlərini əhatə edən ümumi bir mənadır və əgər peyğəmbərin – aleyhissələm – cavabı suala bağlı əvəzliklə mərdud deyilsə, özlüyündə sabitdirsə, sualın nəylə bağlı olmasına əhəmiyyət vermirik.[14]

Bu sözlərin mənası budur ki, ibrət səbəbin xüsusiliyində deyil, mənanın ümumiliyindədir, çünki peyğəmbər- salləllahu aleyhi va səlləm – qadına “üstündəki qanı təmizlə” demişdir və burada sadəcə qan sözünü işlətmişdir.

Üçüncü: İmam Malik – rahiməhullah – “əl-Muvatta” əsərində nəql edir ki, “Abdullah ibn Ömər’in burnundan qan gələndə çıxardı və həmən dəstəmaz alardı. Sonra gəlib davam edər və danışmazdı[15].

Bir digər rəvayətdə isə Malik – rahiməhullah – “Yezid bin Abdilləh bin Quseyt əl-Leysi’dən rəvayət edir ki, o, Said bin əl-Musəyyəb’i namaz qılarkən burnu qanamış halda gördü və həmən peyğəmbərin – salləllahu aleyhi va səlləm – xanımı Ummu Sələmə’nin evinə gəldi və ona dəstəmaz suyu gətirdilər və dəstəmaz aldı. Sonra geri döndü və əvvəl qıldığı namazın davamını qıldı.[16]

Malik bundan sonra Said bin əl-Musəyyəb’dən daha bir rəvayət gətirmişdir və İmam əl-Qadi Əbul-Valid Süleyman bin Xaləf əl-Baci (vəfatı hicri 494) həmin rəvayətin şərhində deyir:

Burada onun tərk etməsinin mənası namazını kəsməsidir və qanı yuduqdan sonra namazını yenidən qılmasıdır, çünki namazdan çıxarkən üzərində nəcasət daşıyırdı və namazı bununla batil olmuşdur.[17]

Bu, Quran və səhih sünnətdən mövzu ilə əlaqədar zikr etdiyimiz dəlillərdir. Şeyx əl-Fəqih Muhamməd bin Muhamməd əl-Muxtar əş-Şənqiti “Zadul-Mustəqni” kitabını şərh edərkən mövzu ilə əlaqədar olaraq deyir:

Qan nəcisdir və bu, alimlərin böyük əksəriyyətinin – rahmətullahi aleyhim – görüşüdür, çünki peyğəmbər – aleyhissalətu vassələm – deyir: “Üzərindəki qanı yu!” Eləcədə istihazəli qadının qanı haqqında buyurmuşdur: “Bu sadəcə olaraq damardan gələn qandır.” Alimlər deyirlər ki, istihazə qanı damardan gəldiyi kimi insandakı digər qanlar da əslində damardan gəlir. Quranın zahiri mənası da qanın nəcis olmasına dəlalət edir, çünki Allahu Təalə deyir: “və ya axar qan” və sonra deyir: “çünki o, ricsdir.” Axar qan isə heyvanı öldürərkən və kəsərkən olur və həmçinin insanda da olur və o, canlı sağ olarkən cəsəddən çıxan qandır.[18]

Şeyx əş-Şənqiti burada böyük əksəriyyət deməklə əş-Şəvkani, Siddiq Xan kimi alimlərin müxalif olmaqlarını da nəzərə almışdır, yoxsa həqiqətdə əş-Şəvkani’dən əvvəl heç bir alim qanın təmiz olduğunu deməmişdir. Növbəti bölmədə Allahın izni ilə alimlərin bu barəcə icma etdiyini isbat edəcəyik.

 

Məsələ barədə nəql olunmuş icma

Bu barədə çox sayda alim icma nəql etmişdir. Bu barədə nəql olunmuş icma o qədər qəti və əvəzsizdir ki, bunda şəkk və şübhə etmək heç bir alimə yaraşmaz. Şeyx Atiyyə Muhəmməd Səlim (vəfatı hicri 1420 ) deyir:

Müsəlmanlar hər əsrdə nəsil bə nəsil qanın nəcis olduğunu deməyə davam ediblər və bizim bu günümüzə qədər xələf bu məsələdə sələfdən icma nəql ediblər. Müxalifət və ixtilaf bir yana qalsın bunda heç bir qaranlıq məqam, şəkk və tərəddüd yoxdur.[19]

Diqqət etmək lazımdır ki, üsul alimlərinin çoxuna görə icma dəlillər içində ən güclü dəlil sayılır və əgər bu belədirsə, o zaman icmanı isbat etmək çox əhəmiyyətli bir məsələdir. Allahın izni ilə bu barədə icma nəql etmiş alimlərin sözlərini bir-bir nəql etməyə çalışacağıq.

Birinci: əl-Hafiz İbnul-Qayyim əl-Cəvziyyə - rahiməhullah – “İğasətul-Ləhfən” adlı kitabında və Şeyxul-İslam İbn Teymiyyə “Şərhul-Umdə” adlı kitabında İmam Əhməd’in (164 – 241) bu sözlərini nəql edirlər:

Əhməd’dən – rahiməhullah – soruşdular: “Sənə görə qan ilə irinin (iltihabın) hökmü eynidir?” Dedi: “Xeyr! Qan haqqında müsəlmanlar ixtilaf etməyiblər, irin haqqında isə müsəlmanlar ixtilaf ediblər.[20]

İkinci: əl-Hafiz İbn Abdil-Bərr əl-Maliki – rahiməhullah – ( 368 – 463 ) deyir:

Heç bir ixtilaf yoxdur ki, axar qan rics və nəcisdir və axmayan az miqdarda qan bağışlanılmışdır.[21]

“ət-Təmhid” kitabında deyir:

Bu müsəlmanların icma etməsidir ki, axar qan rics və nəcisdir.[22]

Üçüncü: Alləmə Əbu Muhamməd Əli İbn Həzm əl-Əndəlusi əz-Zahiri ( 384 – 456 ) deyir:

Alimlər ittifaq ediblər ki, nəyin qanı olmasından asılı olmayaraq – yalnız çəyirtkə və qanı axmayan heyvanlar istisnadır – çox miqdarda qan nəcisdir.[23]

Dördüncü: əl-Qadi Əbu Bəkr Muhamməd bin Abdilləh ibnul-Arabi əl-Maliki (468 – 543) deyir:

Alimlər qanın haram və nəcis olmasında, onu yeməyin və ondan faydalanmağın caiz olmamasında ittifaq ediblər.[24]

Beşinci: Alləmə Əbul-Valid Muhamməd bin Əhməd İbn Rüşd əl-Maliki (520 – 595) deyir:

Nəcasətin növlərinə gəldikdə isə, alimlər bunlardan özlüyündə dörd növ üzərində ittifaq ediblər: suda yaşamayan qanı olan heyvanın ölüsü, donuzun əti, suda yaşamayan heyvandan diri və ya ölü olaraq ayrılan qanın özü, əgər axar – bununla miqdarın çoxluğunu qəsd edirəm – olarsa və adəm övladının sidiki və nəcisi üzərində (ittifaq ediblər).[25]

Altıncı: İmam Əbul-Abdilləh Muhamməd bin Əhməd əl-Qurtubi – rahiməhullah – ( ... - 671) deyir:

On dördüncü: Allahu Təalənin “və qan” sözü; alimlər qanın haram və nəcis olmasında ittifaq ediblər, nə yeyilməz, nə də ondan faydalanılmaz.[26]

Yeddinci: İmam Əbu Zəkəriyyə Muhyid-Din bin Şərəf ən-Nəvəvi əş-Şafi’i – rahiməhullah – ( 631 – 676 ) Əsmanın hədisini şərh edərkən deyir:

Bu hədisdə qanın nəcis olmasına dair dəlil vardır və bunun üzərində müsəlmanlar icma ediblər.[27]

Digər kitabında deyir:

Qanın nəcisliyi barədə gəlmiş dəlillər çox aşkardır, “əl-Havi” kitabının müəllifinin kəlam əhlindən bir nəfərdən onun “qan təmizdir” deməsi barədə nəql etdiyindən başqa müsəlmanlardan heç kəsin bunda ixtilaf etdiyini bilmirəm. Lakin icma və ixtilaf məsələlərində kəlam əhlinin sözünə əhəmiyyət verilməz.[28]

Səkkizinci: Alləmə əl-Hafiz Bədrud-Din Əbu Muhamməd Mahmud bin Əhməd əl-Ayni əl-Hənəfi – rahiməhullah – ( 762 – 855 ) Əsmanın yuxarıda qeyd olunmuş hədisini şərh edərkən deyir:

(Hədisdən çıxarılan hökmlərdən) biri də budur ki, bu hədisdə icma ilə qanın nəcis olmasına dair dəlil vardır.[29]

Yenə əl-Hafiz əl-Ayni – rahiməhullah Əbu Davud’un “əs-Sünən”də rəvayət etdiyi Əsmanın eyni hədisinin şərhində deyir:

Bu hədisdən bəzi faydalar ortaya çıxır; bunlardan birincisi budur ki, bu hədisdə qanın nəcis olmasına dair dəlil vardır və bu, müsəlmanların icmasıdır.[30]

Doqquzuncu: əl-Hafiz İbn Hacər əl-Asqalani əş-Şafi’i – rahiməhulllah – ( 773 – 852 ) deyir:

Birinci görüş onunla tənqid oluna bilər ki, (peyğəmbərin – salləllahu aleyhi va səlləm – namaz qılarkən üzərinə) tək heyvanın bağırsaqları atılmamışdı,  onunla birlikdə qan da var idi və qan (müsəlmanların) ittifaqı ilə nəcisdir.[31]

Onuncu: İbn Nuceym adı ilə tanınan məşhur hənəfi alimi Zeynud-Din bin İbrahim bin Muhamməd bin Əbi Bəkr əl-Misri ( 926 – 970 ) misvakın istifadəsinin nə zaman sünnət olması barədə danışarkən deyir:

Namaza durarkən bunun müstəhəb olduğunu söyləməkləri, Şafinin görüşündən fərqli olaraq bizdə bunun namazdan qabaq deyil, dəstəmazdan qabaq olması barədə nəql etdiklərini inkar edir. əs-Sirac əl-Hindi “əl-Hidayə” kitabının şərhində bunun səbəbini belə izah etmişdir ki, namaz üçün misvak istifadə edilərsə qan çıxması mümkündür və qan – şafi məzhəbinə görə dəstəmazı pozmasa da - icma ilə nəcisdir.[32]

On birinci: Alləmə Əbu Abdilləh Məhəmməd bin Əhməd ər-Ruhuni ( 1159 - 1230 ) deyir:

Şərh edənlərdən tutmuş haşiyə yazanlara qədər hər kəs bu sözlərə gəldikdə bu məqamdan danışarkən müəllifin sözlərinin qəbul olunması ilə razılaşıblar, hətta onlardan bir çoxu axar olmayan qanın təmiz olması görüşünün məzhəbin məşhur görüşü olduğunu aşkar şəkildə ifadə ediblər, necəki müəllif özü “Dayh”[33]da bunun məşhur görüş olduğunu açıq şəkildə söyləmişdir, çünki o, İbn Hacib’in “axar qan nəcisdir, bundan başqa növ qanlar isə təmizdir; bu barədə iki görüşün olduğu da deyilmişdir” sözləri haqqında demişdir; və onun sözləri tam şəkildə belədir: “Lakin axar qana, yəni axıb gedən qana gəldikdə isə icma ilə nəcisdir, damarlarda qalan qan kimi axar olmayan qanlar haqqında isə müəllif iki görüş nəql etmişdir...[34]

Bu şəkildə icma nəql etmiş alimlərin sayı çoxdur və məsələ haqqında müstəqil araşdırma aparmış alimlər bəzi hallarda iyirmiyə yaxın alimin adını qeyd ediblər. Onlar içində “Əşraful-Məsalik” kitabının sahibi Şeyx Abdur-Rahmən bin Muhamməd Şihəbud-Din əl-Bağdadi, “Bəzlul-Məchud” kitabının sahibi Şeyx Xalil Əhməd əs-Səhəranfuri və başqalarını göstərmək olar. Ciddi araşdırma sayın bununla məhdud olmadığını göstərəcəkdir. Bunu dedikdən sonra müsəlmanları bəzi incəliklərə diqqət etməyə çağırırıq.

Birinci: İmam Əhməd – rahiməhullah – alimlər içində icma nəql edənlərə qarşı ən şiddətli alimlərdən sayılır. Bununla belə bu böyük imam özü məsələ barəsində icma nəql etmişdir, beləki qanın nəcisliyində müsəlmanlardan heç kimsənin ixtilaf etmədiyini demişdir. Bu, məsələ barədə nəql olunmuş icmanın qətiliyindən xəbər verir.

İkinci: Bu qədər alimin tarix boyu icma nəql etmələrinə baxmayaraq əsrlər boyu heç bir alim onların bu icma iddialarına etiraz etməmişdir. İmam ən-Nəvəvi, əl-Hafiz İbn Abdil-Bərr, İbnul-Munzir və başqaları bir çox məsələdə icma nəql etsələr də, digər alimlər onların bu şəkildə icma nəql etməklərinə qarşı etiraz ediblər. Lakin bu məsələdə heç kimsə onlara qarşı müxalif olmamış və onların icma iddialarına etiraz etməmişdir. Yalnız təxminən üç əsr bundan əvvəl yaşamış əş-Şəvkani buna etiraz etmişdir. On bir əsr içində bərqərar olmuş bir icma heç bir şəkildə bir alimin etirazı ilə pozula bilməz. Daha sonra əş-Şəvkaniyə bu etirazında Şeyx Siddiq Həsən Xan tabe olmuşdur və heç kəsdən gizli deyildir ki, Siddiq Həsən Xan fiqhdə şeyxi əş-Şəvkanidən o qədər təsirlənmişdir ki, çox görüşündə onu təqlid etmişdir. Daha sonra gəlib qanın təmiz olduğunu söyləyənlər də bu məsələdə onların yolunu izləyiblər.

Üçüncü: Müxaliflər heç bir şəkildə sələfdən fərqli görüş nəql edə bilmirlər, onlar icmanı nəql edəcək bir tabii sözü, nə də onlardan sonra gəlmiş hər hansı bir alimin sözünü nəql etməkdə acizdirlər. Onların gətirdiyi dəlillər isə mücərrəd ehtimallardan başqa bir şey deyildir.

Səmimi müsəlmanlara nəsihətimiz budur ki, üzərində icma edilmiş bir məsələdə bəzi alimlərin şaz görüşlərindən uzaq olsunlar, necəki əz-Zəncani demişdir: “Xoşbəxtlik icma ilə əməl etməkdədir.

 


[1] ət-Tabəri, “Cəmiul-Bəyan an Təvil Ayil-Quran”, 9/633; Daru Həcr, əl-Qahirə, birinci nəşr: 1422/2001

[2] əs-Səmərqəndi, ”Bəhrul-Ulum”, 1/509; Darul-Fikr, Beyrut

[3] “Ənvərut-Tənzil va Əsrarut-Təvil”, 2/187; Dar İhyə ət-Turas əl-Arabi / Muəssəsətut-Tarixil-Arabi, Beyrut, yeni nəşr

[4] ”Təfsirut-Təhrir vat-Tənvir”, 8/139; Dar ət-Tunisiyyə, Tunis, 1984

[5] ”Məcmu Fətəva va Rasəil Fadilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin”, 11/264-265

[6] əl-Buxari (227), Muslim (291)

[7] əş-Şafi, “əl-Ummu”, 2/146; Darul-Vafə, Misir, əl-Mənsura, birinci nəşr: 1422/2001

[8] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 1/695; Daru Taybə, ər-Riyad, birinci nəşr: 1426/2005

[9] İbn Abdil-Bərr, “ət-Təmhid limə fil-Muvatta minəl-Məani val-Əsənid”, 22/230; ət-Tabəatul-Məğribiyyə, 1410/1990

[10] İbn Abdil-Bərr, “əl-İstizkar”, 3/204; Dar Quteybə / Darul-Va’yu, Qahirə, birinci nəşr: 1414/1993

[11] İbn Qudamə, “əl-Kafi”, 1/187; Daru Həcr, Misir, birinci nəşr: 1417/1997

[12] Muslim, (334)

[13] ən-Nəvəvi, “əl-Minhəc fi Şərh Sahih Muslim bin əl-Həccəc”, 4/22; əl-Mətbəa əl-Misriyyə bil-Əzhar, Misir, birinci nəşr: 1347/1929

[14] İbn Həzm, “əl-Muhəllə”, 1/102-103; İdarətut-Tabəatul-Muniriyyə, birinci nəşr: hicri 1352-ci il

[15] Malik, “əl-Muvatta”, 76

[16] Malik, “əl-Muvatta”, 81

[17] əl-Baci, “əl-Muntəqa Şərh Muvatta Malik”, 1/375; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1420/1999

[18] əş-Şənqiti, “Şərh Zadil-Mustəqni” (Kitəbut-Tahara), 1/367; ər-Riəsətul-Ammə lil-Buhusil-İlmiyyə val-İftə, ər-Riyad, birinci nəşr: 1428/2007

[19] “Məvsuatud-Dimə fil-İsləm”, səh: 72; Darul-Cəvhərə, əl-Mədinə, birinci nəşr: 1426/2005

[20] İbnul-Qayyim, “İğasətul-Ləhfan min Məsaidiş-Şeytan”, 1/115; Darul-Marifə, Beyrut, ikinci nəşr: 1395/1975; İbn Teymiyyə, “Şərhul-Umdə fil-Fiqh”, 1/105; Məktəbətul-Ubeykan, ər-Riyad, birinci nəşr: 1413/1992

[21] İbn Abdil-Bərr, “əl-İstizkar”, 3/204; Dar Quteybə / Darul-Va’yu, Qahirə, birinci nəşr: 1414/1993

[22] İbn Abdil-Bərr, “ət-Təmhid limə fil-Muvatta minəl-Məani val-Əsənid”, 22/230; ət-Tabəatul-Məğribiyyə, 1410/1990

[23] İbn Həzm, “Məratibul-İcma”, səh: 23; Darul-Əfəqul-Cədidə, Beyrut, üçüncü nəşr: 1402/1982

[24] İbnul-Arabi, “Əhkəmul-Quran”, 1/79; Darul-Kutubil-İlmiyyə, Beyrut, üçüncü nəşr: 1424/2003

[25] İbn Rüşd, “Bidayətul-Muctəhid va Nihayətul-Muqtəsid”, 1/76; Darul-Marifə, Beyrut, altıncı nəşr: 1402/1982

[26] əl-Qurtubi, “əl-Cami li Əhkəmil-Quran”, 3/30; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1427/2006

[27] ən-Nəvəvi, “əl-Minhəc fi Şərh Sahih Muslim bin əl-Həccəc”, 3/200; əl-Mətbəa əl-Misriyyə bil-Əzhar, Misir, birinci nəşr: 1347/1929

[28] ən-Nəvəvi, “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 2/576; Məktəbətul-İrşad, Cuddə,

[29] əl-Ayni, “Umdətul-Qari Şərh Sahih əl-Buxari”, 3/211; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1421/2001

[30] əl-Ayni, “Şərh Sunəni Əbi Davud”, 2/187; Məktəbətur-Ruşd, ər-Riyad, birinci nəşr: 1420/1999

[31] İbn Hacər, “Fəthul-Bari Şərh Sahih əl-Buxari”, 1/600; Daru Taybə, birinci nəşr: 1426/2005

[32] İbn Nuceym, “əl-Bəhrur-Raiq Şərhu Kənzid-Dəqaiq”, 1/21; Darul-Kitəbil-İsləmi, əl-Qahirə, ikinci nəşr:

[33] Alimlər çox zaman məşhur kitabların adlarını hərflərinə uyğun olaraq qısaldırlar, buna rəmzlər deyilir. “Dayh” olaraq rəmzlənmiş kitab isə İbn Həcib’in “Muxtəsar Cəmiil-Ummuhət” adlı kitabına maliki alimi Xalil bin İshaq əl-Cundi tərəfindən yazılmış “ət-Təvdih” adlı şərhidir.

[34] ər-Ruhuni, “Əvdahul-Məsalik va Əshəlul-Məraqi ilə Səbki İbriziş-Şeyx Abdil-Baqi”, 1/72; ət-Tabəa əl-Əmiriyyə, Misir, Bulaq, birinci nəşr: hicri 1306; kitabın bu nəşrdəki adı “Haşiyətur-Ruhuni alə Şərhiz-Zurqani li Muxtəsar Xalil” olaraq məşhurdur, çünki Abdul-Baqi əz-Zurqani’nin “Şərh Muxtəsar Xalil” kitabına yazdığı bir haşiyədir.