Imkansız borclulara kömək olaq

Borcun ağırlığından əziyyət çəkən qardaşlarımız və onların ailələri şübhəsiz ki, Allahın onlar üçün hazırladıqları sınaqdan keçirlər. Lakin bu sınaqda onların ətrafındakı müsəlmanlar da onlara dəstək olmalıdırlar. Borclu olanların arasında imkanlı olanlardan söz açmaq istəmirik, lakin onlardan imkansız olanları, müflis olanları qəsd edirik. Müsəlmanları bu qardaşlıq vəzifəsində məlumatlandırmaq üçün onlara bu kiçik yazını təqdim edirik.

 

İlk öncə anlamaq lazımdır ki, borclu kəs əgər borcunu qaytarmağa imkan tapmırsa ona heç bir günah düşmür. Allah – cəllə cələluhu – buyurur:

وَإِنْ كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَىٰ مَيْسَرَةٍ وَأَنْ تَصَدَّقُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Əgər borclu olan adam ağır şərait içindədirsə onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir.

(əl-Bəqara, 280)

Alimlərimizin bu ayədən çıxardıqları hökmlərdən biri də budur ki, borcu qaytarmağa imkanı olmayan biri buna görə günah qazanmır və onun üzərində heç bir şey düşmür. Həmçinin borc vermiş kəsin borcluya möhlət verməsinin bu ayətə görə vacib olduğunu da deyirlər. Əbu Həyyən əl-Əndəlusi deyir: “Borc sahibinin imkansız olan borcluya möhlət verməsi vacibdir.[1] İmam İbn Kəsir bu ayənin təfsirində deyir: “Allahu təalə borcunu ödəyə bilməyən imkansız üçün (borc sahibinə) səbr etməyi əmr edir və deyir: “əgər borclu olan adam ağır şərait içindədirsə onun vəziyyəti düzələnə qədər ona möhlət verin!”... sonra borcu bağışlamağa təşviq edir və bunun qarşılığında ona xeyir və çoxlu əcr vəd verir.[2] Alləmə Əbul-Abbas Əhməd bin Muhəmməd əl-Həsəni əl-Əncəri əl-Fəsi – rahiməhullah – “əl-Bəhr əl-Mədid” adlı təfsirində buyurur: “Əgər borc sahibi borcunu tələb edərsə və borclu imkansızdırsa o zaman onu gözlətməyiniz, yəni onun imkanının yaxşılaşacağı zamana qədər ona möhlət verməyiniz lazımdır və əgər imkansız olduğunu sübut edərsə o zaman onu sıxışdırmağınız, onda olmayanı ondan tələb etməklə üstünə düşməyiniz halal deyildir.[3] Şeyx Abdurrahmən bin Nəsir əs-Sa’di məşhur təfsir kitabında ayənin izahında deyir: “Üzərində borcu olan imkansız olarsa və borcu ödəməyə qadir deyilsə o zaman borc vermiş kəsə ona vəziyyəti yaxşılaşana qədər möhlət verməsi vacibdir.[4]

Əlavə edək ki, imkansız borclunu həbs etmək icazəli deyildir. Bu barədə İbn Qudəmə deyir: “Əgər onun aşkar bir malı tapılmazsa, beləliklə də imkansız olduğunu iddia edərsə, borc sahibi də bunu təsdiqləyərsə həbs olunmaz, ona möhlət vermək vacib olar və onu izləyib ona nəzarət etmək icazəli deyildir, çünki Allahu təalə buyurur: “Əgər borclu olan adam ağır şərait içindədirsə onun vəziyyəti düzələnə qədər ona möhlət verin.” Həmçinin peyğəmbər – salləllahu aleyhi va səlləm – borcları çox kəsdən borclarını tələb edənlərə demişdi: “Tapdığınızı götürün, sizə ondan başqası düşmür.” Üstəlik həbs etmək ya onun imkansız olduğunu isbat etmək üçün ola bilər, ya da borcunu ödətdirmək üçün ola bilər, onun isə imkansız olduğu artıq sabitdir və borcu ödəməsi də imkansızdır, ona görə də həbs etməkdə bir fayda qalmır.[5] Musa bin Əhməd əl-Həccəvi deyir: “Kim borcunu ödəməyə qadir deyilsə ondan borcu tələb olunmaz və həbs edilməsi haramdır.[6] Çünki Allahın elçisi – aleyhissalətu vassələm – buyurur: “Varlı birinin borcu gecikdirməsi zülmdür.” Alimlərimiz bu hədisdən başa düşürlər ki, imkansız birinin borcu gecikdirməsi zülm deyildir. İmam Muhəmməd bin İdris əş-Şafi’i – radiyallahu anhu – deyir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm –borcu gecikdirməyi yalnız zənginlik/imkan halında zülm hesab etmişdir, əgər imkansızdırsa vəziyyəti yaxşılaşmadan öncə ona heç bir şey edə bilməz... həmçinin həbs oluna bilməz, çünki onun bu halında ona bir şey etməyə haqları yoxdur.[7] Şafi’i üləmasından Şeyxul-İslam Zəkəriyya bin Muhəmməd əl-Ənsari – rahiməhullah – deyir: “İmkansız olduğu sübut olunmuş (borclu) kəsi həbs etmək, izləyərək ona nəzarət etmək haramdır və vəziyyəti yaxşılaşana qədər ona möhlət vermək vacibdir, çünki Allahu təalə deyir: “Əgər borclu olan adam ağır şərait içindədirsə onun vəziyyəti düzələnə qədər ona möhlət verin.[8] Bu, həmçinin İmam Malik’in də rəyidir, belə ki, “əl-Mudəvvanə” kitabında İbnul-Qasim deyir: “Malik dedi: “Borca görə nə azad insan, nə də kölə həbs olunmaz.[9]

İmam Muslim “əs-Sahih” kitabında isnadı ilə Əbu Said əl-Xudri’nin belə dediyini rəvayət edir: “Allahın elçisinin – salləllahu aleyhi va səlləm – zamanında bir kişi aldığı meyvələrdə çətinliklə üzləşir və borcları çoxalır. Bunun üzərinə Allahın elçisi – salləllahu aleyhi va səlləm – buyurur: “Ona sədəqə verin!” İnsanlar bu sözün üzərindən ona sədəqə verirlər və bu, borcunu bağlamaq üçün kifayət etmir və bu zaman Allahın elçisi – salləllahu aleyhi va səlləm – borcunu tələb edənlərə deyir: “(Onun mallarından) tapdığınızı götürün, sizə bundan başqası düşmür.[10] Həmin adamın məşhur səhabi Muaz bin Cəbəl olduğu deyilir, meyvələri almış, lakin pullarını ödəmədən meyvələr tələf olmuşdu. Bu hədisi şərh edərkən İmam ən-Nəvəvi deyir: “Bu axırıncı rəvayətdə xeyirxahlıq və təqva üzərində köməkləşməyin, ehtiyacı olana və borclu olana dəstək olmağın (dəlili vardır) və belələrinə sədəqə verməyə təşviq edir və imkansız birindən borcu tələb etməyin, yanından ayrılmadan onu daim izləyərək sıxışdırmağın və (borca görə) onu həbsə atmağın halal olmamağının dəlili vardır.[11] Alləmə Aliyyul-Qari əl-Hənəfi deyir: “Bir nəfərin müflis olduğu sabitdirsə onu borcuna görə həbs etmək icazəli deyildir, əksinə sərbəst buraxılmalı və pul qazanana qədər möhlət verilməlidir ki, borc sahibləri haqlarını alsınlar.[12] Burada biz peyğəmbərin hidayətindən iki şey öyrənirik; borc sahibləri borcu ödəməyə imkanı olmayanı sıxışdırmamalıdırlar, borclunun ətrafındakı müsəlmanlar da ona borclarını bağlamaq üçün sədəqə verməlidirlər və şübhəsiz ki, borc sahibinin möhlət verməsi vacibdir, müsəlmanların isə sədəqə verərək kömək etməkləri isə müstəhəbdir. Unutmayaq ki, zəkatın məsrəfləri səkkiz sinifə ayrılır və bu siniflərdən biri də borcları olan imkansızlardır, kasıblardır. Allah – subhənəhu va təalə - deyir:

إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ الله وَابْنِ السَّبِيلِ فَرِيضَةً مِنَ الله وَالله عَلِيمٌ حَكِيمٌ

Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.

(ət-Tövbə, 60)

Bu ayəti kərimədə oxuduğumuz kimi borclular da xüsusilə zikr olunublər və təbii ki, burada sözü gedən borclular imkanları olmayan borclulardır. İbn Qudəmə deyir: “(Ayədəki) “val-ğarimin” ilə qəsd olunanlar borclarını ödəməkdən aciz olan borclulardır və bu, zəkat siniflərindən altıncı sinifdir. Onların zəkat pullarında haqları olmasında, paylarının sabit olmasında və onların borclarını ödəməkdən aciz olan borclular olmasında ixtilaf yoxdur. Lakin əgər günah məqsədi ilə borca girərsə, misal üçün içki alarsa və ya zinaya, qumara və musiqiyə xərcləyərsə tövbə etmədən öncə belə birinə bir şey verilməz, çünki (verilərsə) bu, günah etməkdə ona kömək etmək sayılır. Lakin əgər tövbə edərsə əl-Qadi (Əbu Yalə) dedi: “Onlara (zəkatdan) verilər.” İbn Aqil də bu görüşü seçib, çünki öhdəliyindəki borcu saxlamaq günahdan deyildir, əksinə onu borcdan azad etmək vacibdir və vacib bir işdə kömək etmək qürbətdir, günah deyildir.[13] Bunu başa düşdükdən sonra anlamalıyıq ki, müsəlmanlar zəkatlarını yalnız miskinlərə və fəqirlərə yox, həm də digər siniflərə də verməlidirlər. Bir sinif üzərində dayanıb digərlərini unutmaq xeyirxahlıqdan deyildir.

Əgər borclunun əlində öz ailəsini dolandırmağa yetəcək miqdarda mal varsa o malını ailəsinə sərf etməlidir yoxsa borcunu ödəmək üçün verməlidir? Bu barədə İbn Qudəmə deyir: “Kimə öz həyat yoldaşının nəfəqası/xərcləri vacibdirsə və boynunda ödəniləcək borcu olarsa, beləliklə də qadının nəfəqası yerinə öz borcunu çıxarmaq istəyərsə, əgər imkanlıdırsa bunu edə bilər, çünki kimin boynunda borc varsa onu istədiyi malından ödəyə bilər və bu da onun malı sayılır. Lakin əgər imkansızdırsa o zaman bunu etməsi icazəli deyildir, çünki borcu ödəmək dolanışıq üçün lazım olan miqdardan artıq olan maldan vacibdir, bu isə həmin miqdardan artıq deyildir və həmçinin Allahu təalə imkansıza möhlət verməyi bu sözləri ilə əmr etmişdir: “Əgər borclu olan adam ağır şərait içindədirsə onun vəziyyəti düzələnə qədər ona möhlət verin.[14]

Lakin bütün bunlara baxmayaraq borclunun borcunu ödəmək imkanı olmadığını bildiyi halda bəzi müsəlmanlar onu məhkəməyə verirlər və onun həbs olunmasına nail olmağa çalışırlar. Bu yolla borclunun qohumlarını məcbur etmək istəyirlər ki, olan-qalan mallarını sataraq həbsdən qurtarmaq üçün borc sahibinin pulunu versinlər. Bunu edən müsəlmanlar bu etdiklərinin ağır bir günah olduğunu, bununla onların adlarının Allah qatında zalımlar zümrəsində yazıldığını bilmirlərmi?! Şeyx Muhəmməd bin Saleh əl-Useymin belələri ilə bağlı olaraq deyir:

Bununla da bilirik ki, heç bir şeyləri olmayan borclulardan borclarını tələb edərək onları sıxışdıran bu zalımlar Allahdan qorxmurlar, Allahın qullarına rəhm etmirlər. Allahdan qorxmurlar, çünki Allaha asi olurlar, Allah isə deyir: “onun vəziyyəti düzələnə qədər ona möhlət verin!” Bunlar isə möhlət vermirlər və Allahın bəndələrinə rəhm etmirlər, çünki onlar bəndələri tab gətirə bilməyəcəkləri qədər yükləyirlər və bəzən bu, onların həbs olunmaqlarına gətirib çıxarır, çünki bəzi qazilər doğru tərzdə davranmır, beləliklə də həmin borclu borcunu ödəməyi bacarmasa da onu həbs edir. əl-Anqari’nin haşiyəsində İbn Hubeyra’ya aid sözləri oxusaydılar nə gözəl olardı![15]

Ona görə də kim borcunu ödəyə bilməyən müsəlmanı bilərək məhkəməyə verirsə, onu həbs elətdirirsə və ya həbs olunmasına səbəb olursa, dolayısıyla da onun ailəsini çətin vəziyyətə salırsa belə biri şübhəsiz ki, zalımlardandır, fasiqlərdəndir.

Lakin Allah bəndələri üçün tövbə qapılarını açıq tutur və tövbə etmək üçün gec deyildir. Üstəlik borcunu ödəyə bilməyənlərin borclarının bir hissəsini və ya hamısını bağışlamaq, yaxud da onların borclarını bağlamaq üçün sədəqə verməyin fəziləti haqqında xüsusi xəbərlər gəlib. Möminin ruhunu şad etmək üçün o xəbərlərdən bəzilərini burada zikr edirəm. ət-Tabərani “əl-Mucəm əl-Kəbir” kitabında isnadı ilə Əs’ad bin Zurara’dan belə dediyini rəvayət edir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Kim Allahın kölgəsindən başqa kölgənin olmayacağı gün kölgələnməsini istəyirsə qoy imkansız borclunun yükünü azaltsın və ya onu bağışlasın![16] İmam Əhməd “əl-Müsnəd” kitabında səhih isnad ilə Muhəmməd bin Kab əl-Qurazi’nin belə dediyini rəvayət edir: “Əbu Qatədə’nin bir nəfərdə borcu var idi və gəlib ondan borcunu istədikdə ondan gizlənərdi. Bir gün gəldikdə eşiyə bir uşaq çıxdı və ondan onu soruşdu. Dedi: “Bəli, o evdədir və xəzirə yeyir.” (Əbu Qatədə) ona səsləndi: “Ay fılankəs, çıx bayıra, sənin burda olduğunu mənə xəbər verdilər.” Onun yanına çıxdıqda (Əbu Qatədə) soruşdu: “Məndən gizlənməyinin səbəbi nədir?” Dedi: “Mən imkansızam, bir şeyim yoxdur.” Dedi: “Allaha and içirsənmi ki, sən imkansızsan?” Dedi: “Bəli.” Bunun üzərinə Əbu Qatədə ağladı və dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “Kim ona borclu olanın borcunu yüngülləşdirərsə və ya borcunu silərsə Qiyamət günü Ərşin kölgəsində olar.[17] Əbu Hureyra’nın rəvayət etdiyi hədisdə isə Allahın elçisi – aleyhissalətu vassələm – buyurur: “Bir tacir insanlara borc verərdi və imkanı olmayan birini gördükdə öz oğlanlarına deyərdi: “Ona güzəşt edin, ola bilsin ki, Allah da bizə güzəşt etsin!” Allah da ona güzəşt etdi.[18]



[1] “əl-Bəhr əl-Muhit”, 2/719;

[2] “Təfsir İbn Kəsir”, 1/717

[3] “əl-Bəhr əl-Mədid”, 1/312;

[4] “Təysirul-Kərimir-Rahmən”, 1/959;

[5] “əl-Muğni”, 4/338-339;

[6] “Zədul-Mustəqni”, səh: 119;

[7] “əl-Umm”, 3/206;

[8] “Əsnəl-Mətalib”, 2/186;

[9] “əl-Mudəvvanə”, 4/59;

[10] “Sahih Muslim”, 1556

[11] “Şərh ən-Nəvəvi aləl-Muslim”, 10/218;

[12] “Mirqatul-Məfətih”, 5/1953;

[13] “əl-Muğni”, 6/480;

[14] “əl-Muğni”, 8/206;

[15] “əş-Şərh əl-Mumti”, 9/269;

[16] “əl-Mucəm əl-Kəbir”, 899;

[17] “əl-Müsnəd”, 22623;

[18] “Sahih əl-Buxari”, 2078; “Sahih Muslim”, 1562;