Saqqal və valideynlərin ixtiyarındakı gəlin

Məscidə döşənmiş xalının üstündə gah oturaraq Quran oxuyur, gah yorularaq uzanır, bəzən məsciddən çıxaraq çayxanada oturur, lakin səhərdən axşama qədər məsciddə qılınan camaat namazlarını qaçırmamağa çalışır. Necə də gözəl bir mənzərə gözümün önündə canlanır!

Havanın qaranlıqlaşdığı hiss olunur. Gecənin qaranlığı möminlərin gözləri üzərinə öz qara pərdəsini çəkərək onları gündüzün aşkarlığında şəhərdə edilən bütün çirkinlikləri, bütün əxlaqsızlıqları görməkdən qurtarmağa hazırlaşır. Bu hisslər ilə könlümü dolduraraq məğrib namazını qılmaq üçün universitetdən çıxıb məscidə doğru addımladığımı xatırlayıram. Əvəz edilməz hisslər idi. Bu gün bütün gününü məsciddə keçirən qardaşlar haqqında mənə danışdıqda içimdən keçən ilk hisslər bu dediklərim olur, ilk xatirələrim məscidə doğru addımladığım o yollar olur.

Həmin qardaşları gözümün önündə canlandırmağa çalışıram. Yayda açılmış pəncərələrdən əsən sərin yel saqqallarını oxşayır. Bəzən də dəstəmaz aldıqdan sonra həyətdə qolları çırmalanmış halda gəzərkən, bir də məsciddən içəri daxil olduqda o yeli hiss etməyə çalışırlar, çünki onun başqa bir gözəlliyi vardır. Namazları qıldıqdan sonra kimisi oturub zikr edir, kimisi də çıxaraq digər qardaşları ilə birlikdə bir yerdə oturub söhbət edirlər. Özlüyündə - “nə gözəl bir mənzərədir” – deyərək düşünə bilərsən. Lakin bunları mənə danışan qardaşlarım heç də onların halına sevinərək danışmırdılar, təəssüflənirdilər. İşin ən zövqsüz tərəfi budur ki, bu qardaşlarımız öz problemləri ilə üzləşməkdən, öz yüklərini daşımaqdan qaçaraq məscidə sığınıblar. Onların anlayışına görə etdikləri əməl dünyanın axırında qəriblər olaraq qayıdacaq müsəlman gənclərinin əməlləri növündəndir. Bəli, özlərini sanki hədisdə zikri keçən qəriblər kimi hiss edirlər. Bu qardaşlarımız evlidirlər, çoxlarının uşaqları var. Evləniblər və həyat yoldaşlarını gəlin kimi valideynlərinin evinə gətiriblər. Bu mənzərə çoxunuza tanış gəlməlidir. İşləmirlər, bütün günlərini məsciddə keçirirlər. Çünki evdə valideynlərinin qınağından, zövcələrinin ittihamlı baxışlarından qurtulmağın yeganə yolunu məsciddə ibadət etməkdə görürlər. Atası ondan nə üçün işləyib ailəsini saxlamadığını soruşub durur, anası bəlkə də bütün günü zövcəsindən narazılıq edir, ondan saqqalını azaltmağı tələb edirlər. Valideynlərinin təzyiqinə dözə bilməyən bu qardaşlar öz zövcələrini valideynləri ilə baş-başa buraxaraq aradan çıxırlar. Bildiyim budur ki, çox zaman bu qardaşlar valideynlərinin seçdiyi qızlarla evlənmirlər, təbii ki, özlərinin tapdıqları və valideynlərinin qətiyyən razı olmadıqları qızlarla evlənirlər. Yeni evlənmiş cütlüyün öz evləri olmadığı üçün gəlin oğlanın valideynlərinin evinə köçür və orada onun gəlişinə xüsusi bir sevincin olmadığını görür. Belə bir halda problemi həll etmək yerinə oğlan o gəlini öz valideynləri ilə tez-tez bir evdə buraxaraq bütün günü yoxa çıxır. Evdə valideynlərin bütün qınağını gəlin öz üzərinə götürməli olur. Uşaqları olduqdan sonra qadının əziyyəti iki qat artır. Sözünü etdiyimiz yük məhz budur. Bu qardaşlarımız yüklərini daşımaq əvəzinə, problemləri ilə üzləşib onları həll etmək əvəzinə vaxtlarını bütün günü məsciddə keçirirlər.

Görəsən onlar bunu edərkən nə düşünürlər? Allahın onların bu əməlindən razı olduğunu düşünürlərmi? Təbii ki, məsciddə camaatla namaz qılmaq, zikr çəkmək, Quran oxumaq Allah qatında ən əzəmətli ibadətlərdəndir. Lakin sizcə Allah bəndələrinin bu halından razıdırmı? Bir başqa zərif qulu özünə xanım edib onu valideynlərin ixtiyarına buraxmaq, ona bu cəhətdən mənəvi əziyyət vermək, ona tənhalığı daddırmaq Allahı razı salan bir əməldirmi?

Bu işin əyrilikləri o qədər çoxdur ki, onları saymaqla bu yazımızda bitirə bilmərik. Adil şəriətimiz heç bir şəkildə bu cür evlilik həyatını təqdir etmir. Allah – azzə va cəllə - buyurur: “Onlarda sakinlik tapasınız deyə sizin üçün özünüzdən zövcələr yaratması, aranızda məhəbbət və mərhəmət salması da Onun ayələrindəndir.” [Rum, 21] Bu əhvalda ailə bağlarının harasında ayədə zikr olunan sakinlik, məhəbbət və mərhəmət vardır?! Yoxsa bu qardaşlarımızın nəzərində evlilik həyatı sadəcə gecələr qadınla yatıb durmaqdırmı?! Bəs öhdəliklər harda qaldı? Bu qardaşımız zövcənin onun üzərində olan haqlarından xəbərsizdirmi yoxsa özü bilərəkdən bunları göz ardı edir? Ona görə də bu qardaşlarımıza bir xatırlatma olsun deyə bu yazımızı yazırıq.

Əziz qardaşım! Bilməlisən ki, ailə qurduqdan sonra zövcənin sənin üzərində bəzi vacib olan hüquqları vardır. Bu hüquqların başında zövcənin geyimini və keçimini təmin etmək durur. Bu iş sənin üzərinə vacibdir, valideynlərinə vacib deyildir. Allah – subhənəhu va təalə - buyurur: “Kişilər qadınlar üzərində hamidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir.” [ən-Nisə, 34] Beləliklə də bu ayədə qadınların xərclərini qarşılamağı Rəbbimiz kişilərə nisbət etmişdir. İbn Qudəmə “əl-Muğni” kitabında deyir: “Zövcələrinin nəfəqalarının ərləri üzərinə - əgər həddi-büluğa çatıblarsa – vacib olması üzərində elm əhli ittifaq edib... Bunu İbnul-Munzir və qeyriləri zikr ediblər.[1] Bu nöqtədə heç kim ixtilaf etməyib. Eləcədə qadının geyimini də təmin etmək bura daxildir. Bu barədə fəqihlərin sözlərini bir-bir zikr etməyə ehtiyac yoxdur, xüsusilə də İbn Qudəmə’nin bu barədə icma nəql etməsi buna heç bir ehtiyac buraxmır. Həmçinin qadını qalacağı bir yerlə də təmin etmək vacibdir. Xüsusilə bu nöqtədə qardaşlarımızın böyük qüsuru vardır. Ona görə də bununla bağlı alimlərimizin sözlərini zikr etməkdə fayda görürəm.

Fəqihlərimiz kitablarında aşkar sözlərlə ifadə edirlər ki, qadının razılığı olmadan əri onu öz valideynləri ilə birlikdə yaşamağa məcbur edə bilməz. Bu məsələdə demək olar ki, dörd məzhəb ittifaq halındadır və növbəti sətrlərdə məzhəblərin fəqihlərinin görüşlərini təqdim edəcəyik. “Kuveytiyyə” fiqh ensiklopediyasında deyir: “Valideynlər ilə (eləcə də digər qohumlar ilə) zövcəni bir yaşayış yerində saxlamaq caiz deyildir, ona görə də zövcənin onlardan biri ilə bir yerdə yaşamaqdan imtina etmək haqqı vardır, çünki ayrıca yaşayış yerinə sahib olmaqla öz canı və malı üzərindəki haqqı əminlikdə olur və heç kəsin onu buna məcbur etməyə haqqı yoxdur və bu, hənəfilərdən, şafi’ilərdən və hənbəlilərdən ibarət cumhurun məzhəbidir. Malikilər isə yuxarı statuslu zövcə ilə aşağı statuslu zövcə arasında fərq qoydular və yuxarı statuslu zövcə ilə valideynləri bir yerdə saxlamağın caiz olmadığını, aşağı statuslu zövcə üçün isə caiz olduğunu dedilər, lakin aşağı statuslu zövcə ilə valideynləri bir yerdə saxlamağın ona zərərli olması halını istisna etdilər...[2] Növbəti sətrlərdə biz “əl-Kuveytiyyə”dəki sözlərə şahidlik üçün bəzi məzhəb alimlərinin sözlərini zikr edirik.

Hənəfi alimlərindən Alləmə Əbul-Hüseyn əl-Quduri (hicri 362-428) müxtəsərində deyir: “Onu (yəni zövcəsini) ailəsindən heç kimsənin olmadığı ayrıca bir evdə sakin etmək ona (yəni ərə) vacibdir...[3] Məcduddin Əbul-Fədl əl-Məvsili (vəfatı hicri 683) əl-Quduri’nin işlətdiyi eyni sözləri “əl-Muxtər” kitabında işlədir və sözləri şərh edir: “Dedi:Onu (yəni zövcəni ərin) ailəsindən heç kimsənin olmadığı ayrıca bir evdə sakin etmək ona vacibdir.” Yaşayış yerinin vacibliyinə gəldikdə isə bu, əsli ehtiyaclardandır və bu, kifayət etməsi üçün lazım olan miqdardandır, ona görə də yemək və içmək kimi vacibdir. Allahu – təalə - buyurmuşdur: “Onlara qalmağa yer verin!” Beləliklə də qadının vacib bir haqqı olmuşdur...[4] Digər böyük hənəfi fəqihi Aləuddin əl-Kəsəni (vəfatı hicri 587) bu barədə deyir: “Əgər ər onu (yəni zövcəsini) digər həyat yoldaşı ilə və ya ərin anası, bacısı, başqa qadından olan qızı kimi qayın-qohumları ilə və digər qohumları ilə bir yerdə saxlamaq istəyərsə, o da imtina edərsə ərə onu ayrıca bir evdə saxlamaq vacib olur, çünki ola bilsin ki, eyni yerdə yaşamaqla ona əziyyət versinlər və ona zərər versinlər və (qadının) imtina etməsi əziyyət və zərərin olmasının dəlilidir...[5] Hənbəlilərdən Mustafa ər-Ruheybəni deyir: “Kim atası ilə zövcəsinin birlikdə yaşamasını şərt qoyarsa, o da (yəni zövcə) bir yerdə yaşayarsa, sonra ayrıca yaşayış yeri istəyərsə onun buna haqqı vardır, yəni onu ayrıca bir yerdə saxlanılmasını tələb etmək haqqı vardır, çünki bu, qadının məsləhəti üçündür...[6]

Malikilərdə ən mötəbər müxtəsər kitabın müəllifi Xalid bin İshaq əl-Cundi (vəfatı hicri 776) deyir: “Onun (yəni ərinin) qohumları ilə birlikdə yaşamaqdan imtina etmək haqqı vardır...[7] Şeyx Əhməd əd-Dərdir bu sözlərin şərhində deyir: “Bir evdə (ərin) valideynləri (ilə birlikdə qalması) kimi; çünki onlar zövcənin halını görə bildikləri üçün ona zərər vardır...” əd-Dusuqi haşiyəsində əlavə edir: “Şeyximizin dediyi kimi; hətta (zövcə ilk başda) onlarla bir yerdə qalmağa razı olsa belə, hətta dava-dalaş və bənzəri hallar üzündən ona davamlı zərər olmazsa belə (zövcənin imtina etmək haqqı vardır)...[8] Lakin “əl-Kuveytiyyə”dən nəql etdiyimiz sözlərdən də anlaşıldığı kimi digər məzhəblərdən fərqli olaraq malikilər burada sosial statusu yüksək olan qadın ilə statusu aşağı olan qadın arasında fərq qoyurlar. Bu qeyd etdiklərimizi statusu yüksək olan, malikilərin təbiri ilə desək “şərəfli” qadınlara aid edirlər. Bura varlı, mehri baha olan qadınları aid etmək olar. Lakin kasıb ailədə yaşamış qadınlara gəldikdə isə deyirlər: “... aşağı statuslu qadın istisnadır, onlarla birlikdə yaşamaqdan imtina etmək haqqı yoxdur, eləcə də onlarla birlikdə yaşamağı şərt qoyublarsa yuxarı statuslu qadın da bunun kimidir; onların hər ikisi üçün bu hal (ərin qohumlarının) onların eyiblərini görə bilmədikləri hala aiddir.[9] Buradan anlayırıq ki, qadın kasıb ailədən olsa belə, mehri yüksək olmasa belə ərinin valideynləri ilə yaşamaq onun zərərinədirsə o zaman malikilərə görə qadının onlarla yaşamağa imtina etmək haqqı vardır.

O zaman həmin qardaşlarımız öz vəziyyətləri üzərində bir daha düşünməlidirlər. Onların halı xüsusilə ağır bir haldır, çünki zövcələrinin haqqı olan ayrıca yaşayış yerini belə oğlanın valideynləri təmin edir, daha doğrusu zövcə oğlanın yox, valideynlərinin evində qalmalı olur və şəriətin ona verdiyi haqdan məhrum edilir. Bunun isə zərərləri sayılmayacaq qədər çoxdur. Xüsusilə də bizim cəmiyyətimizdə cahillik üzərində həyat sürmüş valideynlərin gəlinlərinin imanına mənfi təsir etməkləri hər kəsə məlum olan bir haldır. Bir də ev sahibləri valideynlər olduğu üçün evə gələn qonaqların seçimində nə gəlinin, nə də ərin heç bir seçimi yoxdur və çox zaman gəlin qayınatasının və qayınanasının cahil qonaqlarının hüzuruna çıxmalı olur. Bu gediş-gəlişlə mömin bir qadının mənəvi sıxıntıları artır, imanı zəifləyir və əri tərəfindən ehtiyac gördüyü dəstəyi, təsəllini ala bilmir.

Bəs bu ailənin başında olması gərəkən qardaşlarımız nə üçün işləmirlər? Nə üçün məsciddə oturmaqla kifayətlənirlər? Bunun izahının bir hissəsinin tənbəllik ilə bağlı olduğunu təxmin edirik. Lakin irəli sürülən ən məşhur üzr budur ki, saqqal ilə iş tapmaq olmur. Burada sələfi dairələrində geniş yayılmış bir anlayışla üzləşirik və bu, saqqal ilə bağlıdır. Çox təəssüf ki, sələfi camaatındakı hakim fikirə görə saqqala toxunmaq heç bir halda icazəli deyildir. Saqqal mövzusunu o qədər ciddiləşdiriblər ki, saqqal bir çoxlarına görə toxunulmaz müqəddəsatdan birinə çevrilib. Hər nədə güzəşt etsən də saqqalda güzəşt etmək olmaz. Bu barədə əsası olmayan, elmdən uzaq olan rəylər qardaşlar arasında dolaşır. Çoxu saqqalı qırxmağın böyük günah olmasına, qırxanların isə fasiq olmasına inanırlar. Bu qardaşların bir hissəsinə görə saqqaldan ümumiyyətlə tək tükü belə qoparmaq haramdır. Bu sözləri biz gəlib keçmiş fəqihlərimizin sözləri ilə üzləşdirdikdə onların nə qədər də haqdan uzaq olduqlarını görə bilirik. Bu məqsədlə də saqqal haqqında bu barədə bir qədər təfsilatlı məlumat vermək istəyirəm.

İbn Muflih “əl-Furu” kitabında deyir: “Bir tutumdan artığını kəsmək məkruh deyildir, Əhmədin sözü belədir: “kəsməkdə bir problem yoxdur.” Həmçinin boğazın altındakıları götürməkdə də, çünki İbn Ömər belə edib.[10] Hərb əl-Kirməni bunu İmam Əhmədə verdiyi suallar arasında qeyd edir və buyurur: “Əhməddən saqqaldan götürmək haqqında soruşdular və dedi: “İbn Ömər bir tutumdan artıq olanı götürərdi.” Sanki özü də bu görüşü götürmüşdür. Ona soruşuldu: “Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət olunan saqqalı çoxaltma bəs?” Dedi: “Sanki ona görə bu hədd çoxaltmaqdır.[11] Bu, dörd imamın dördünün də görüşüdür ki, saqqalın bir tutumundan artığını kəsmək icazəlidir, hətta İmam Əbu Hənifə’yə görə bunu etmək müstəhəbdir. İmam əş-Şafi məşhur “əl-Umm” kitabında deyir: “Kim dəstəmaz alarsa, sonra dırnaqlarından, başının tükündən, saqqalından və bığlarından kəsərsə dəstəmazını təzələməsi lazım olmaz; bu, əlavə təmizlənmə və paklıqdır.[12] Beləliklə də bu böyük imam saqqaldan və bığlardan kəsməyi təmizlənmə və paklıq adlandırmışdır. əl-Məvsili deyir: “Muhəmməd (əş-Şeybəni) Əbu Hənifənin belə dediyini söylədi: “Çoxalana qədər tərk etmək və onu kəsmək sünnətdir və bu belə edilir ki, kişi saqqalını tutur və tutumundan artıq nə varsa onları kəsir, çünki saqqal zinətdir və çoxluğu zinətin kamilliyindəndir, həddindən çox uzun olması isə sünnətə müxalifdir.[13] Malikilərdəki məşhur “əl-Mudəvvanə” kitabında isə İbnul-Qasimə soruşurlar: “İhramlıya ihramından çıxdıqda saqqalından, bığından və dırnaqlarından götürməyi Malik vacib görərdimi?” Dedi: “Vacib görməzdi, lakin ona başını qırxdıqda (dırnaqlarını) tutmağı, bığından və saqqalından kəsməyi müstəhəb görərdi və Malik zikr etdi ki, bunu İbn Ömər edərdi.[14] Bu əməl səhabələrdən İbn Ömər və Əbu Hureyra’dan sabit olub və hər iki səhabə saqqal haqqında gəlmiş hədislərin əsas raviləridir. İbn Əbi Şeybə “əl-Musannəf” kitabında deyir: “Aiz bin Həbib bizə Əş’as’dan, o da əl-Həsən (əl-Bəsri)dən belə dediyini rəvayət etdi: “Saqqalın bir tutumundan artığından götürməyə rüxsət verərdilər.[15] Burada əl-Həsən bunu bütün səhabələrə nisbət etmişdir. İbn Əbi Şeybə kitabında bunu sələfdən bir çox zatdan rəvayət etmişdir: “Səmmək bin Yezid dedi: “Əli (bin Əbi Talib) üzünə yaxın olan yerində saqqalından götürərdi.”.. Əbu Zura dedi: “Əbu Hureyra saqqalını ovucu ilə tutardı və tutumundan artıq qalanını kəsərdi.” .. Ata bin Əbi Rabah deyir: “Həcc və umrədən başqa vaxtlarda saqqallarını çoxaltmağı sevərdilər və İbrahim saqqalının kənarından götürərdi.” .. İbn Tavus deyir ki, atası (Tavus) saqqalından götürərdi və bunu vacib görməzdi.” .. əl-Əfləh deyir: “əl-Qasim saçını qırxdıqda saqqalından və bığından götürərdi.” .. Əbu Hiləl deyir: “(Bu barədə) əl-Həsən (əl-Bəsri) və İbn Sirin’dən soruşdum və dedilər: “Saqqalının uzunluğundan kəsməyində bir problem yoxdur.” .. İbrahim (ən-Nəxai) deyir: “Onlar saqqallarını ətirləyərdilər və kənarlarından götürərdilər.[16]

Allahu – təalə - buyurur: “Sonra həcc əməllərini yerinə yetirsinlər...” [əl-Həcc, 29] İbn Cərir ət-Tabəri bu ayənin təfsirində bəzi rəvayətləri zikr edir və biz burada o rəvayətlərdən bəzilərini qeyd edirik. ət-Tabəri deyir: “Yunus bizə rəvayət etdi; dedi: İbn Vəhb bizə xəbər verdi; dedi: Əbu Səxr mənə Muhəmməd bin Kəb əl-Qurazi’dən xəbər verdi ki, o, bu ayə haqqında deyərdi: “daş atmaq, heyvan kəsmək, bığlardan, saqqaldan və dırnaqlardan kəsmək, Kəbəni tavaf etmək və Səfa ilə Mərvada (səy) etməkdir”... Muhəmməd bin Amr mənə rəvayət etdi; dedi: Əbu Asim bizə rəvayət etdi; dedi: İsa bizə rəvayət etdi; dedi: əl-Haris mənə rəvayət etdi; əl-Həsən bizə rəvayət etdi; dedi: Varqa bizə rəvayət etdi; Hamısı İbn Əbi Nəcih, o da Mücahiddən belə dediyini rəvayət etdi: “Başı qırxmaq, qasıq yerini qırxmaq, dırnaqları kəsmək, bığı kəsmək, daş atmaq və saqqalı kəsməkdir.”... Nəsr bin Abdirrahmən əl-Avədi mənə rəvayət etdi; dedi: əl-Muharibi bizə rəvayət etdi; dedi: bir nəfərin İbn Cureyc’dən Allahın “sonra həcc əməllərini yerinə yetirsinlər” sözü haqqında soruşdu və dedi: “Saqqaldan və bığdan götürmək, dırnaqları tutmaq, qoltuq altını yolmaq, qasıq yerini qırxmaq və daş atmaqdır.[17] Beləliklə də İbn Kəb əl-Qurazi, Mücahid, İbn Cureyc kimi tabii alimlər bu ayədəki həcc əməllərinə saqqaldan götürməyi də daxil ediblər. Bu tabii imamlar səhabi İbn Abbas’ın tələbələridir və bu təfsir İbn Abbas’dan sabitdir. İbn Əbi Şeybə səhih isnadla rəvayət edir: “İbn Numeyr bizə Abdulməlik’dən, o da Ata (bin Əbi Rabah)dan, o da İbn Abbas’dan belə dediyini rəvayət etdi: “Təfəs (həcc əməlləri) daş atmaq, (heyvan) kəsmək, (saç) qırxmaq və qısaltmaq, bığdan, dırnaqlardan və saqqaldan götürməkdir.[18] Beləliklə də İbn Ömər, Əbu Hureyra, İbn Abbas, bəzi digər səhabələr və onların tələbələri saqqaldan götürməyə icazə veriblər. Bizim zamanımızda bəzi şeyxlərin bunu belə haram etməsi doğru deyildir, əvvəlki alimlərimizin və sələfin böyük zatlarının sözlərinə müxalifdir.

Hətta alimlərdən bir tutumdan da çox kəsməyə icazə verənlər olmuşdur və bu, malikilərdəki mötəməd görüşdür. Şihəbuddin ən-Nəfravi deyir: “[Malik] – radiyallahu anhu – [dedi: “Əgər çox uzanıbsa] belə ki, uzanaraq insanların çoxunda adət olan ölçüdən kənara çıxıbsa [(saqqalının) uzunluğundan kəsməkdə heç bir problem yoxdur.] Beləliklə də artıq olan kəsilməlidir, çünki onun qalması (zahiri) görünüşü pisləşdirir və kəsməyin hökmü müstəhəbdir... Məruf olan görüş budur ki, götürmək üçün məhdud bir miqdar yoxdur və görünüşü gözəl olanla kifayətlənməsi yaxşıdır. (Əbul-Valid) əl-Bəci isə deyir: “Bir tutumdan artıq olan kəsilir və buna İbn Ömər ilə Əbu Hureyra’nın feli dəlalət edir, çünki onlar saqqallarından bir tutumdan artığını götürərdilər.[19] Digər maliki alimi Əbul-Həsən Əli bin Xaləf əl-Mənufi (857-938) “Kifəyətut-Talibir-Rabbəni” adlı kitabında deyir: “[Malik] – rahiməhullah – [dedi: “Əgər çox uzanarsa uzunluğundan götürməkdə bir problem yoxdur”], yəni götürmək müstəhəbdir və məruf olan budur ki, ondan götürmək miqdarı üçün bir hədd/ölçü yoxdur, lakin dillərdə əzbər olacaq miqdara qədər uzatmamalıdır.” Bu sözlərinin mənası budur ki, kəsilməsi müstəhəb olan uzunluq üçün bir ölçü yoxdur və bu, insanların örfünə tərk edilmişdir. Bu sözlərə haşiyə yazmış Əbul-Həsən əs-Saidi əl-Adəvi deyir: “Onun [əgər çox uzanarsa] sözü; yəni uzanmazsa və ya azca uzanarsa (kəsmək müstəhəb) deyildir. Bu sözləri şərh edənlərdən bəziləri (saqqalın) çoxluğunu insanların əksəriyyətində adət olandan kənara çıxması kimi təfsir ediblər. Yəni beləliklə də artıq olanı kəsmək müstəhəbdir, çünki kəsilməsə zahiri görünüşü çirkin olacaq. Əgər soruşsan: Heç bir uzunluğu olmadıqda və ya uzunluğu az olduqda kəsməyin hökmü nədir? Deyərəm: şərh edənlərdən bəziləri aşkar şəkildə bildiriblər ki, əgər uzanmayıbsa kəsmək də qırxmaq kimi haram olur. Zahir olan budur ki, haramlıq – daha öncə ifadə etdiyimiz kimi – kəsmək ilə “muslə”nin hasil olması halındadır və bu, (saqqalının) heç bir uzunluğu olmadıqda və ya azca uzunluğu olduqda və həddindən çox kəsdikdə aşkar bir hal olur. Amma əgər azca uzanarsa və kəsməklə “muslə” hasil olmursa zahir olan bunun “xiləful-əvlə” hökmündə olmasıdır.[20] “Xiləful-Əvla” isə o anlama gəlir ki, kəsməmək daha yaxşıdır, lakin kəsmək isə caizdir. Burada “xiləful-əvlə” məkruh hökmündən aşağıdadır, yəni mütləq mübah deyildir, lakin məkruh da deyildir və bu ikisi arasındadır. Burada “muslə” ilə qəsd olunan xilqəti dəyişdirməkdir və təbii ki, xilqəti dəyişdirmək haramdır. Ona görə də İbn Abbas qadının saçlarını qırxmasını “muslə” adlandırmışdır. Beləliklə də malikilərdəki mötəməd görüşə görə saqqalı çox azaltmadan, bir tutumdan da çox kəsmək haram deyildir, məkruh da deyildir. Hənbəlilərə və şafi’ilərə görə bir tutumdan da çox kəsmək məkruhdur, haram deyildir. Hənbəlilərdən Alləmə Əli bin əl-Bəhə əl-Bəğdədi (hicri 822-900) deyir: “Bir tutumdan az olan hissədən götürmək məkruhdur. (İmam Əhməd) bunu bir-mənalı şəkildə bildirib. Çünki sünnət saqqalı (ona toxunmadan) çoxaltmaqdır. Bir tutumdan artığını götürməyi məkruh saymamağımız isə İbn Ömərin felinə görədir, belə ki, o, hədisi rəvayət edəndir və oradakı məqsədin nə olduğunu daha yaxşı bilir. Bundan artıq olanı isə fitrətə müxalifdir.[21] Kimsə düşünə bilər ki, bu görüşlər son dönəm fəqihlərə aiddir. Bu cür düşünən kəsin yanıldığını söyləyə bilərik. Misal üçün İbn Cərir ət-Tabəri sələfdən bir kəsimin qısaltmaqda hədd qoymadığını bizə nəql edir və ət-Tabəri’nin özünə görə hətta qısaltmaq vacibdir. ət-Tabəri deyir: “Soruşan əgər soruşarsa ki, peyğəmbərin – aleyhissələm – “saqqallarını i’fə edin” sözündəki məna nədir və bildik ki, (hədisdə keçən) “i’fə” ilə qəsd olunan (saqqalı) çoxaltmaqdır və insanlardan eləsi var ki, bu xəbərin zahiri mənasına tabe olaraq saqqalının tükünə toxunmasa uzununa və eninə doğru çoxlu uzanacaq və eybəcərləşəcək, hətta insanların dilində mövzuya və misala çevriləcək? Deyilər ki, Allahın elçisindən – salləllahu aleyhi va səlləm – bu xəbərin xüsusiliyi haqqında sabit olub və elə saqqal var ki, onu uzadıb çoxaltmaq qadağandır. Vacib olan kəsməkdir ki, bu kəsməyin miqdarında və ölçüsündə sələf ixtilaf edib. Bəziləri deyib ki, bunun ölçüsü bir tutumdan uzun olması və eybəcər görünəcək qədər eninə doğru yayılmasıdır... Başqaları isə deyiblər ki, həddindən çox kəsmədiyi müddətdə uzunluğundan və kənarlarından kəsə bilər və bu barədə hər hansı bir hədd təyin etməyiblər. Lakin mənim nəzərimdə bunun mənası insanların örfündən kənara çıxmayacaq qədərdir...[22] Daha sonra ət-Tabəri bu görüşü əl-Həsən əl-Bəsri’dən, Ata bin Əbi Rabəh’dən zikr edir. ət-Tabəri’nin kəsməyi vacib görməsi görüşü ondan məşhurdur. Lakin burada maraqlı olan onun sələfdən bu barədə iki görüş nəql etməsidir. Bu mənanı həmçinin əl-Qadi İyad əl-Yəhsubi də (vəfatı hicri 544) təsdiqləyərək deyir: “(Saqqalı) böyüdərək, bəzəyərək (insanların dilində) məşhurlaşmaq, eləcə də kəsərək, qopararaq məşhurlaşmaq məkruhdur. Sələf bunda bir ölçünün olub olmamasında ixtilaf ediblər. Onlardan bir hissə burada ölçü qoymayıb, lakin onu şöhrət həddinə qədər də tərk etmirlər, ondan kəsirlər və Malik çox uzun olmasını məkruh sayıb. Onlardan bir hissəsi də hədd qoyub, bir tutumdan çox olan götürülür və onlardan bəziləri də həcc və ümrə istisna olmaqla götürməyi məkruh sayıblar.[23] Həmçinin Şərəfuddin ət-Tibi (vəfatı hicri 743) buna yaxın bir rəydə olub və deyir: “... çünki qadağan olan əcəmilərin etdikləri kimi (saqqalı) kəsməkdir və ya onu göyərçin quyruğu formasında etməkdir. (Hədisdəki) “i’fə” ilə qəsd olunan isə saqqalı bol etməkdir...[24] Həmçinin saqqalın səliqə ilə bir ölçüdə kəsilməsinin də sünnət olduğunu deyiblər. Aliyyul-Qari deyir: “İbnul-Mələk dedi: Saqqalın tüklərini bir bərabərdə etmək sünnətdir və bu, bütün tüklər bir uzunluqda olsun deyə digərindən uzun olan tükü kəsməkdir.[25] Bu həmçinin şafi’ilərdən Əbu Həmid əl-Ğazəli’nin rəyidir. Təqdim etdiyimiz bu görüşlərdən aşkar şəkildə anlaşılır ki, maliki alimlərinə və ət-Tabəri’yə görə bir tutumdan az olsa da örfdə çox deyə biləcəyimiz miqdarda saqqalı varsa bu cür saxlamaq icazəlidir. Əksər alimlərə görə isə belə etmək məkruhdur.

Lakin ümumən saqqala toxunmağı haram edən rəyə gəldikdə isə bu, şazz bir rəydir, əvvəlki alimlərimizdən bu rəydə olanları tanımırıq. Bunun məkruh olduğunu deyənlər vardır, lakin bu, alimlər azlıq təşkil edirlər. Üstəlik məkruh deyənlər bunu həcc və ümrədə etməyi caiz görürlər. Lakin bizim zamanımızdakıların dedikləri kimi saqqala toxunmağın haram olması rəyini heç bir mötəbər alim söyləməyib, ona görə də bu görüş şazz sayılmalıdır.

Ona görə də, əziz qardaşım, bu saqqalı üzr eləməyə haqqın yoxdur. Əgər səliqəsiz bir şəkildə saqqal saxladığın üçün, onun heç bir tükünə toxunmaq istəmədiyin üçün saqqalının görünüşü cəmiyyətdəki iş sahiblərini hürküdürsə buna bir az dəyişiklik edə bilərsən. Bunun üçün ilk öncə böyük əksəriyyətin icazə verdiyi kimi saqqalını uzunluğundan bir ovuc miqdarına qədər qısalt, ətrafını, yəni kənarlarını da səliqəli şəkildə düzəlt. Bir sözlə səliqəli bir forma ver və bundan sonra bir daha iş axtarmağa çalış, əziyyətli işdən qorxma. Əgər bu da kömək etməzsə deməli saqqalı bir az da qısaltmağa ehtiyac vardır. Burada iki seçim qarşısında qalırsan. İşsiz qalmaq, zövcənin və uşaqlarının ehtiyaclarını qarşılıqsız buraxmaq və ya saqqalını bir tutumdan da az qısaltmaq. Bunlardan birincisi haramdır, ikincisi isə malikilərə görə icazəli, əksəriyyətə görə isə məkruhdur. Bu halda təbii ki, saqqalı daha da qısaltmaq variantını seçmək vacibdir, çünki ailənin keçimini sağlamaq Allahın sənin öhdəliyində yerləşdirdiyi vacib bir vəzifədir və bu nöqtədə alimlərimiz icma edirlər, saqqala gəldikdə isə əksər alimlərə görə onu bir ovuc uzunluğunda uzatmaq müəkkəd sünnətdir, vacib deyildir. Haram olan saqqalı qırxmaq və ya qırxmağa yaxın miqdarda qısaltmaqdır, lakin bu dərəcəyə çatmadan bir ovucdan da az olacaq qədər qısaltmaq əksəriyyətə görə məkruhdur. Məlumdur ki, şəri bir ehtiyac olduqda məkruhlar mübah olur. Ailəni dolandırmaq üçün iş tapmaqdan da tutarlı bir ehtiyac ola bilərmi?!

Burada bəzilərinin tez-tez dilə gətirdiyi bir söz vardır. Allaha asi olmaqla ruzi qazanmaq olmaz. Bu söz doğrudur, lakin bu məqamda bu sözü işlətmək doğru deyildir. Məlumdur ki, səhrada ölümlə qarşılaşdıqda şəriət bizə haram olanı ehtiyac miqdarında yeməyi mübah edir və bunu yedikdə qul Allaha asi olmuş sayılmaz. Şəriətdə də məsələlər dərəcələrə görədir və bu dərəcələr zərurətdən başlayaraq, hacət və təhsiniyyət olaraq üç yerə ayrılır. Haramlar əgər zəruriyyətdə mübah olursa, məkruhlar da ehtiyaclarda mübah olur. Hətta alimlərimiz geniş yayılmış ehtiyacları bəzən zərurət mərtəbəsinə daxil edirlər. Bütün bunlar diqqətə alınması xüsusiyyətlərdir. Hətta bütün bunları etdikdən sonra, ciddi bir şəkildə iş axtardıqdan sonra üzdəki saqqala görə iş tapmağın mümkün olmadığını görərsə bu halda saqqalını bir az da qısalda bilər, çünki dediyimiz kimi ailənin keçimini təmin etməyin vacibliyi daha ağırdır.

Əziz müsəlman qardaşım! Bu sözümüzün sonunda bu hədislər üzərində düşünməni, yaxşı-yaxşı təfəkkür etməni səndən tələb edəcəyik. Abdullah bin Amr’dan rəvayət olunan həsən bir hədisdə zikr olunur ki, Abdullah bin Amr'ın azadlı bir köləsi ona deyir: “Mən bu ay burada Qüdsdə qalmaq istəyirəm.” Dedi: “Ailənə bu ay onları dolandıracaq bir şey tərk etdinmi?” Dedi: “Xeyr.” Dedi: “O zaman ailənə geri qayıt və onların dolanması üçün bir şeylər ver, çünki mən Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim:İnsanın ona vacib olan xərcləri zay etməsi günah olaraq ona kifayətdir.[26] Alimlərimiz qeyd edirlər ki, uşaqlarının, ailəsinin xərclərini qarşılamalı olan bir kəsin bu imkanları zay etməsi bu hədisdəki təhdidə daxildir. Ənəs bin Malik’in bizə nəql etdiyinə görə peyğəmbər – salləllahu aleyhi va səlləm – deyib: “Şübhəsiz ki, Allah hər çobandan öz nəzarət etdikləri haqqında soruşacaq; qorumuşmu yoxsa zay etmişdir? Hətta kişi öz ev əhli haqqında soruşulacaq.[27] Əbu Hureyra’nın – radiyallahu anhu – bizə nəql etdiyinə əsasən Allahın elçisi – aleyhissalətu vassələm – deyib: “Allaha and olsun ki, sizdən birinizin erkəndən yola düşüb belində odun daşıması, onu satıb onunla ehtiyacını qarşılaması, ondan sədəqə verməsi bir nəfərin yanına gəlib istəməsindən, onun da imtina etməsi və ya verməsindən daha xeyirlidir, çünki yuxarıda olan əl aşağıda olandan daha üstündür. Xərcləri vacib olandan başla!” Bunu Muslim rəvayət edir.[28] Əhmədin rəvayətində isə bu əlavə sözlər keçir: “Dedilər: “Kimin xərcləri mənə vacibdir, ey Allahın elçisi?” Dedi: “Həyat yoldaşın xərcləri sənə vacib olanlardandır.[29] Hədisdə keçən sədəqə sözünə həm də ailənin xərcləri daxildir, çünki şəriət kişinin zövcəsinə və övladlarına, həmçinin valideynlərinə xərclədiyi nəfəqaya “sədəqə” adı vermişdir. əl-Hafiz İbn Həcər deyir: “Ailəyə xərclənəcək nəfəqa icma ilə vacibdir; şəriət bunu sadəcə olaraq ona görə “sədəqə” adlandırmışdır ki, çünki onların onlara vacib olanı etməklə əcr qazanmadıqlarını düşünməklərindən ehtiyat etmişdir, lakin sədəqədə böyük əcrin olduğunu bilirlər...[30] Ümid edirik ki, bütün bu yazdıqlarımızdan sonra əsl mömin kişi kimi üzərində məsuliyyət hiss edəcəksən və ibadətlərinlə yanaşı ailənin üzərində olan haqlarını da ödəməyə çalışacaqsan, çünki yalnız bu yolla Allahın razılığını qazana bilərsən.



[1] “əl-Muğni”, 7/564;

[2] “əl-Məvsuatul-Fiqhiyyətul-Kuveytiyyə”, 25/109;

[3] “Muxtəsar əl-Quduri”, səh: 412; Muəssəsətur-Rayyən, birinci nəşr: 1426/2005, Beyrut

[4] “əl-İxtiyər li Tə’lil əl-Muxtər”, 4/8; Mətbəə əl-Hələbi, 1356/1937; Qahirə

[5] “Bədai’us-Sanə’i”, 4/23; Darul-Kutubil-İlmiyyə, ikinci nəşr: 1406/1986, Beyrut

[6] “Mətalibu Ulin-Nuhə”, 5/122; əl-Məktəb əl-İsləmi, ikinci nəşr: 1415/1994, Beyrut

[7] “Muxtəsar Xalil”, səh: 136; Darul-Hədis, birinci nəşr: 1426/2005, Qahirə

[8] “Haşiyətud-Dusuqi aləş-Şərh əl-Kəbir”, 2/512; Darul-Fikr

[9] Eyni mənbə; 2/513;

[10] “əl-Furu”, 1/151;

[11] “Məsəil Hərb əl-Kirməni Kitəbut-Tahara”, 1/219;

[12] “əl-Umm”, 1/36;

[13] “əl-İxtiyər li Təlil əl-Muxtər”, 4/167;

[14] “əl-Mudəvvanə”, 1/441;

[15] “əl-Musannəf”, 5/225 (25484);

[16] Eyni mənbə: 5/225-226;

[17] “Təfsir ət-Tabəri”, 16/526-527;

[18] “əl-Musannəf”, 3/429 (15673);

[19] “əl-Fəvakih əd-Dəvani”, 2/307;

[20] “Haşiyətul-Adəvi alə Kifəyətit-Talibir-Rabbəni”, 2/445;

[21] “Fəthul-Məlikil-Aziz bi Şərhil-Vaciz”, 1/223;

[22] “ət-Təvdih li Şərh əl-Cami əs-Sahih”, 28/116-117; İbn Battal, “Şərh Sahih əl-Buxari”, 9/146-147; “Umdətul-Qari Şərh Sahih əl-Buxari”, 22/46-47;

[23] “İkməlul-Mulim bi Fəvaid Muslim”, 2/64;

[24] “Şərh ət-Tibi alə Mişkətil-Məsabih”, 9/2930;

[25] “Mirqatul-Məfətih”, 7/2822;

[26] Əhməd, 2/160; Əbu Davud (1692); ən-Nəsəi (9177)

[27] “Sahih əl-Cami”, 1774;

[28] “Sahih Muslim”, (1042)

[29] Əhməd, 2/524;

[30] “Fəthul-Bəri”, 9/498;