Dünyanın gözündə İslam

Bu gün müsəlmanların böyük bir lupa, nəhəng bir böyüdücü optik cihaz altında yaşamağı heç kəsdən gizli bir məsələ deyildir. Müsəlmanlar çox gözəl bilirlər ki, bu gün onların hər bir addımı işıqlandırılır. Dünya medyası müsəlmanların etdikləri hər bir yaxşılığı gizlətməyə çalışdığı halda edilmiş mənfi hərəkətləri ən pis şəkildə ictimaiyyətə çatdırmağa çalışırlar. Hal belə olduqda müsəlmanların sözlərində və hərəkətlərində daha diqqətli və daha həssas olmaqları məntiqi ardıcıllıqdır.

 

Lakin bizim gördüyümüz bunun tam əksidir. Bir qrup camaat hər gün ələ keçirdikləri müsəlmanları, qeyri-müsəlmanları naməlum şərtlərdə ittiham edərək onları edam etmək üçün fantaziyaları zorlayacaq üslublar fikirləşirlər. Bir gün qəfəsdə adam yandırırlar, o biri gün maşının içində oturdaraq partladırlar, bir başqa dəfəsində isə boyunlarına elektrik naqilləri keçirərək başlarını havaya uçururlar. Bəzən də hava qüvvələrinə qarşı istifadə olunan “şilka” texnikası ilə cüssəsini param-parça edirlər. Bütün bunları edərkən də yüksək keyfiyyətli kameralar ilə görüntüyə alırlar ki, dünya ictimaiyyəti bunlara şahid olsun.

Bəzən öz-özümə sual verirəm ki, bunu edənlərin məqsədi nədir? İslama nifrət edən hollandiyalı Geert Wilders, amerikalı Sam Harris, mürtəd Ayan Hirsi Ali və başqa məşhur islamofoblar dünya insanlarını on illərdir ki, İslamın vəhşi, qəddar, qana susamış bir din olduğuna, İslamın əslində zorakılığın durduğuna inandırmağa çalışıblar. Düşünürəm ki, onlar öz agendalarına xidmət edəcək bundan gözəl bir kompaniya tapa bilməzdilər. Onların nə qədər sevindiklərini təsəvvür etmək çətin deyildir. Digər tərəfdən də Qərbdə və Şərqdə qeyri-müsəlmanları İslama dəvət edən dəvətçilərin illərdir ortaya qoyduqları əziyyətə zərbə vurulmuş olur. Bütün bunları edənlərin məqsədləri görəsən elə budur? Yoxsa nədir məqsədləri?

Bu sualın cavabını ola bilsin ki, yaxın gələcəkdə öyrəndik. Lakin daha önəmli olan sual budur ki, bu hərəkətlər nəbəvi dəvəti uyğundurmu? Məgər Allahın elçisinin – salləllahu aleyhi va səlləm – dəvəti insanları öldürmək üzərində qurulmuşdumu? Yoxsa dəvət insanları azad etmək, onlara həqiqi Rəblərini tanıtmaq, onlara həyatda yaşamaq üçün bir məqsəd tanıtmaq olmuşdu? Bunlar daha önəmli suallardır. Bu yazımızda bu suallara aydınlıq gətirmək üçün peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – həyatından bəzi misallar verəcəyik. Onun bəzən qeyri-müsəlmanlarla, bəzən müsəlmanlarla, bəzən də münafiqlərlə üzləşdiyi bənzər hallarda necə davrandığını görməyə çalışacağıq.

 

Ləbid bin əl-Asam’ın misalı

Ləbid bin əl-Asam kimdir? İki “əs-Sahih” kitabda sabit olduğu kimi Aişə anamız – radiyallahu anhə - deyir: “Allahın elçisinə - salləllahu aleyhi va səlləm – Bənu Zureyq qəbiləsindən Ləbid bin əl-Asam adlanan bir nəfər sehr etmişdi...[1] Sehrin təsirindən peyğəmbərimiz – aleyhissələm – xəstələnmişdi və buna görə çox əziyyət çəkirdi. Bu, məşhur hadisədir. Bəzi qaynaqlarda Ləbid bin əl-Asam’ın yəhudi olduğu söylənir.[2] Altı ay xəstə yatdıqdan sonra Allahən vəhy endirməsi ilə sehri tapdılar, lakin Allahın elçisi – salləllahu aleyhi va səlləm – bunu ifşa etmədi. Hədisdə keçdiyi kimi cavabı belə oldu: “Allah məni sağaltdı və mən insanların arasında şər çıxarmaq istəmirəm.” İbn Həcər’in söylədiyi kimi “Amra’nın rəvayətinə əsasən peyğəmbər – salləllahu aleyhi va səlləm – onu tutdu, o da etiraf etdi və (peyğəmbər) onu əfv etdi.[3] Alimlərin bir hissəsi peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – bu məsələdəki mövqeyini şərh edərkən belə deyiblər: “...Peyğəmbər sadəcə olaraq bundan (yəni Ləbidi öldürməkdən) ona görə imtina etdi ki, çünki özünün də söylədiyi kimi müsəlmanlar ilə yəhudilərin arasında şərrin baş verməsindən qorxurdu, çünki aralarında əhd və zimmət var idi. Əgər öldürsəydi fitnə çıxardı və insanlar danışıb deyərdilər ki, Muhəmməd əhd kəsdiyi kəsləri, aman verdiyi kəsləri öldürür. Bu, münafiqləri öldürməməkdə nəzərə aldığı (məsləhət) növündəndir, belə ki, (bununla bağlı) demişdi: “Qoy insanlar deməsinlər ki, Muhəmməd öz yoldaşlarını öldürür.” Bu isə insanları onun dininə və onun əhdinə daxil olmaqdan qaçırdar. Doğrusunu Allah bilir.[4] Bu sözlər Alləmə Hafiz Əbul-Abbas əl-Qurtubi’nin (vəfatı hicri 656) “əl-Mufhim” kitabında söylədiyi sözlərdir. əl-Hafiz İbn Həcər də bu sözləri kitabında nəql edir və etiraz etmir. Gördüyümüz kimi bir alimin nəzərində bu şəkildə məsləhəti nəzərə almaq çox önəmlidir, çünki insanların İslam dini haqqında mənfi fikrə düşməsi böyük bir məfsədədir. Ləbid kimiləri öldürməyin məsləhəti İslamın insanların gözündə pis görünməsi məfsədəsindən daha kiçikdir. Qayda isə budur ki, məfsədəni dəf etmək məsləhəti təhsil etməkdən önə keçirilməlidir.

 

Zul-Xuveysira’nın misalı

Əbu Said əl-Xudri deyir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – (qənimətləri) bölüşdürərkən biz yanında idik və Zul-Xuveysira – o, Təmim oğullarındandır – gəldi və dedi: “Ey Allahın elçisi, adil ol!” (Peyğəmbər) dedi: “Vay halına! Əgər mən adil olmayacamsa kim adil olacaq?! Əgər mən adil deyiləmsə sənin ümidin puça çıxacaq və xəsarətə uğrayacaqsan!” Ömər dedi: “Ey Allahın elçisi, icazə ver onun boynunu vurum.” Dedi: “Burax onu, onun yoldaşları olacaq ki, sizdən biriniz onların namazları yanında öz namazını, orucları yanında orucunu kiçik görəcək; Quran oxuyacaqlar boğazlarından keçməyəcək, ox şikardan çıxdığı kimi dindən çıxacaqlar...[5] İmam Əhmədin “əl-Müsnəd” kitabında isə Cabir bin Abdilləh’in rəvayətində Ömər deyir: “Ey Allahın elçisi, durub bu münafiqi öldürməyimmi?” Dedi: “Millətlərin – “Muhəmməd yoldaşlarını öldürür” – deməsindən Allah qorusun![6] Bu sözlərdəki həssasiyyətə fikir vermək lazımdır, Allahın elçisi – salləllahu aleyhi va səlləm – aləmlərə rəhmət olaraq gətirdiyi dəvətin insanlar yanında yalnış anlaşılmasından narahat idi, İslam dinin təhrif edilmiş bir surətdə insanlara çatmasını istəmirdi. Bu barədə əl-Qadi Əbul-Fədl İyad bin Musa əl-Yəhsubi (vəfatı hicri 544) deyir: “(Peyğəmbər) dedi: “İnsanların – “Muhəmməd öz yoldaşlarını öldürür” – deyərək danışmaqlarından Allah qorusun!” (Öldürməməyinin) səbəbi budur və bununla da digər münafiqlərlə davrandığı kimi davranmışdır; o münafiqlər ki, ona əziyyət verirdilər, onlardan dəfələrlə xoşa gəlməyən sözər eşidirdi, lakin səbr edirdi, mülayim davranırdı ki, başqaları ilə arası pozulmasın, onların ürəklərini (İslama) yaxınlaşdırsın və insanlar onun öz yoldaşlarını öldürdüyünü deməsinlər. İnsanlar bu cür kimsələri öz camaatları arasında görürdülər və onları öz adamlarından biri kimi hesab edirdilər.[7] Bu sözlərin eynisini Bədruddin əl-Ayni öz şərhində zikr edir. Əbul-Abbas əl-Qurtubi də bu mənanı təsdiqləyərək deyir: “Onu öldürməkdən yalnız ona görə imtina etdi ki, insanlar – “o, öz namaz qılan yoldaşlarını öldürür” – deməsinlər, yoxsa bu, insanları (dindən) uzaqlaşdırar. Halbuki (onu öldürməyə) bu maneə olmasaydı (adam) öldürülməsini vacib edən bir söz söyləmişdi.[8] əl-Qurtubi də təsdiq etdiyi kimi adamın söylədiyi söz onun mürtəd olmasını vacib edir, çünki peyğəmbərə - salləllahu aleyhi va səlləm – zülm nisbət etmək, onun adilliyinə şəkk etmək dindən çıxaran küfrdür, lakin Allahın elçisi – aleyhissalətu vassələm – ona hökmü tətbiq etmədi, çünki hökmü tətbiq etməyin daha böyük fəsada götürəcəyini gördü. İnsanların dindən uzaqlaşmasının fəsadının daha böyük olmasını nəzərə aldı. Şeyxul-İslam İbn Teymiyyə də bu hadisəni “əs-Sarim əl-Məslul” kitabında müzakirə etmişdir. Uzun bir müzakirənin bir hissəsində buyurur: “Onu öldürməməyi əmr etdi, çünki onun bundan sonra zühur edəcək yoldaşları var idi. Bununla da aydın oldu ki, onların zühur etməsinin labüdlüyünü bilməsi onlardan kimisə öldürməyə mane oldu; yoxsa insanlar danışacaqdılar ki, Muhəmməd onunla birlikdə namaz qılan yoldaşlarını öldürür və bu fəsadı örtəcək bir məsləhət olmadığı halda bunun səbəbi ilə çox sayda insanın qəlbi İslamdan uzaqlaşacaq. Üstəlik o – anam və atam ona fəda olsun, salləllahu aleyhi va səlləm – mütləq olaraq ona əziyyət verənlərə bağışlamaq haqqına sahib idi.[9] Diqqət etmək lazımdır ki, məsələ sadəcə peyğəmbərin – aleyhissalətu vassələm – ona əziyyət edənləri öz haqqı olduğu üçün bağışlaması məsələsi deyildir, məsələ mürtəd olanların məsləhət naminə sərbəst buraxılmasıdır.

Zul-Xuveysira məsələsinin bir bənzəri də ənsarlardan birindən sadir olub. əl-Buxari “əs-Sahih” kitabında rəvayət edir ki, Abdullah bin əz-Zubeyr – radiyallahu anhu – demişdir: “Ənsardan bir nəfər əz-Zubeyr ilə xurma ağaclarını suvarmaq üçün istifadə etdikləri sərt torpaqların arxı üzərində peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanında mübahisə etdi. Ənsari (əz-Zubeyrə) dedi: “Burax suyu da axıb gəlsin” və (əz-Zubeyr) imtina etdi. Buna görə də hər ikisi də peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına götürdülər mübahisələrini. Allahın elçisi – salləllahu aleyhi va səlləm – əz-Zubeyrə buyurdu: “Suvar ay Zubeyr, sonra suyu qonşuna burax.” Ənsari qəzəbləndi və dedi: “Sənin bibin oğlu olduğu üçün belə hökm edirsən?” Bunun üzərinə Allahın elçisinin – salləllahu aleyhi va səlləm – üzünün rəngi dəyişdi və sonra dedi: “Suvar ay Zubeyr, sonra su divara qayıdana qədər suyu saxla![10] Bu hədisdə ənsari olaraq vəsf olunan zatın dediyi söz şübhəsiz ki, peyğəmbərin – salləllahu aleyhi va səlləm – haqqına girəcək, onu alçaldacaq bir sözdür və bunun küfründə şəkk olmamalıdır. Ona görə də İmam ən-Nəvəvi hədisin şərhində deyir: “Alimlər deyirlər: Peyğəmbərin – salləllahu aleyhi va səlləm – öz havasına uyğun hökm etməsi mənasına gələn ənsarinin söylədiyi bu sözün eynisi bu gün bir insandan sadir olarsa küfr olardı və bunu deyənin üzərində mürtəd hökmləri tətbiq olunardı, şərtinə riayət etməklə öldürülməsi vacib olardı.[11] Beləliklə də bu səbəbdən alimlərimiz bu ənsarinin münafiq yoxsa müsəlman olmasında ixtilaf ediblər. əd-Dəvudi onun münafiq olması görüşünü nəql edib, həmçinin əz-Zəccəc də münafiq olduğunu deyib. Görünür ki, ən-Nəvəvi də bununla razılaşır. əl-Qadi İyadın da sözlərini bu cür anlamaq olar, çünki onun “ənsari” olduğunu izah etdikdə həqiqi mənada yox, lakin ənsarların qəbiləsindən olması ilə izah etmişdir. Lakin əksər alimlər onun münafiq olmasını inkar ediblər, çünki bir başqa rəvayətdə onun Bədrdə vuruşan səhabələrdən olduğunu söyləyiblər. Ehtimal var ki, bu hadisə Bədrdən öncə baş verib, lakin əksər alimlər ənsarinin bu hərəkətini zillət kimi qəbul ediblər, şeytanın vəsvəsəsinə uyaraq qəzəbindən nə dediyini bilməyən biri kimi başa düşüblər. Sözlərinin zahirindən belə anlaşılır ki, ənsari daha sonra bu əməlindən tövbə edib və İslamı gözəlləşib. Lakin o kəslər ki, bu adamı münafiq hesab ediblər onlara görə Allahın elçisinin – salləllahu aleyhi va səlləm – onu öldürməməyinin səbəbi fəsaddan yayınmaq olub. ən-Nəvəvi buyurur: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – onu önə görə öldürmədi, çünki İslamın əvvəlində insanların qəlblərini (dinə) yaxınlaşdırırdı və (insanlara) ən gözəli ilə cavab verirdi və münafiqlərin, qəlbində xəstəlik olanların əziyyətlərinə səbr edirdi və deyərdi: “Asanlaşdırın, çətinləşdirməyin! Müjdələyin, (insanları) qaçırtmayın!” Deyərdi: “Qoy insanlar deməsinlər ki, Muhamməd öz yoldaşlarını öldürür”...[12] Bu, eynilə əl-Qadi İyad’ın “İkməlul-Mulim” kitabında dediyi sözlərdir. İbn Həcər də bu sözlərin eynisini söyləyir[13] və bunu əl-Qurtubi’dən nəql edir.

 

Münafiqlərin misalı

Münafiqlərin halı isə daha şiddətli idi. Onlar hər imkan düşdükdə Allahın elçisinə - salləllahu aleyhi va səlləm - əziyyət edirdilər, müsəlmanlara qarşı düşmənlərə kömək edirdilər, yəhudilərin tərəfini tuturdular. Bütün bunları müsəlmanlar aşkar şəkildə görürdü, lakin münafiqlərin zahiri müsəlman olduğu üçün peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – onlara qarşı qəti tədbirlər almaqdan ehtiyat edirdi və bunun çıxaracağı fəsaddan çəkinirdi. Buna görə də İmam İbnul-Qayyim əl-Cəvziyyə bu barədə buyurur: “Şübhəsiz ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – münafiqləri öldürməkdən – halbuki onları öldürmək məsləhətdən idi - çəkinirdi ki, bu, insanların ondan uzaqlaşmasına və onların “Muhəmməd öz yoldaşlarını öldürür” deməklərinə səbəb olmasın, çünki bu söz İslama daxil olanların və olmayanların İslamdan uzaqlaşmasını gərəkdirirdi. (İnsanların dindən) uzaqlaşdırılmasının fəsadı isə (münafiqləri) öldürməməyin fəsadından böyükdür və (insanların qəlblərini dinə) sevdirmək məsləhəti isə (münafiqləri) öldürmək məsləhətindən böyükdür.[14] Şeyxul-İslam İbn Teymiyyə də fətvalarının birində buyurur: “... peyğəmbər – salləllahu aleyhi va səlləm – münafiqləri cəzalandırmırdı, çünki Allahın söylədiyi kimi onların içində tanımadıqları var idi, tanıdıqlarından bəzilərini isə cəzalandırmalı olsaydı qövmü buna qəzəblənərdi və insanlar belə deyərdilər: Muhəmməd öz yoldaşlarını öldürür. Bunun səbəbi ilə insanların İslamdan uzaqlaşması halı hasil olardı, çünki (münafiqlərin) günahı insanların hamısının bundan agah olacağı qədər aşkar deyildi...[15] Məlum olduğu kimi bu, peyğəmbərimiz – aleyhissələm – izlədiyi bir siyasət idi, məsləhətin tələbinə uymaq peyğəmbərimizin dəvətinin ayrılmaz bir hissəsi olub. Məhz bu səbəbdən münafiqlərin başı Abdullah bin Ubey öldürülməmişdi və ölənə qədər müsəlmanların arasında yaşadı. Bunu izah edərək Əbul-Fərəc İbnul-Cəvzi deyir: “Peyğəmbərin “qoy insanlar onun öz yoldaşlarını öldürdüyünü deməsinlər” sözü böyük bir siyasətdir və işə çox ciddi və həssas yanaşmağındandır, çünki insanlar üzdə olanı görürlər və üzdə olan budur ki, Abdullah bin Ubey müsəlmanlardandır və Allahın elçisinin – salləllahu aleyhi va səlləm – yoldaşlarındandır Əgər üzdə görünənin əksinə olduğu güman olunanlar cəzalandırılsaydılar insanlar batində olanı bilməyəcəklər, ona görə də öz yoldaşlarına bunu edən kəsdən qaçacaqdılar.[16] Hənəfi alimi mühəddis Bədruddin əl-Ayni də bunun arxasındakı hikməti izah edərkən deyir: “İnsanlar İslama daxil olmaqdan qaçarlar və bir-birilərinə belə deyərlər: “Necə əmin ola bilərsiz ki, onun dininə daxil olsanız sizin əleyhinidə batini küfrü iddia etməyəcək, beləliklə də bu səbəblə sizin qanınızı və malınızı halal etməyəcək?! Ona görə də özünüzü ona təslim edərək həlak etməyin!” Beləliklə də bu, insanların dindən qaçmaqları üçün bir səbəb olacaqdı...[17] İmam ən-Nəvəvi də peyğəmbərimizin – aleyhissalətu vassələm – bu siyasətini izah edərək deyir: “Burada peyğəmbərin – salləllahu aleyhi va səlləm – necə mülayim olduğunu görürük və görürük ki, o, bəzi lazımlı işləri tərk edib, bəzi fəsadları gözə alıb, çünki əks təqdirdə daha böyük fəsadın baş verməsindən qorxub. O – salləllahu aleyhi va səlləm – insanları(n qəlblərini İslama) sevdirirdi və bədəvilərin, münafiqlərin və başqalarının cəfasına səbr edirdi ki, müsəlmanların şövkəti güclənsin, İslam dəvəti tamamlansın və İslama yeni girənlərin qəlbində iman yaxşıca oturuşsun və başqaları da İslama rəğbət göstərsin. Buna görə də onlara mal-dövlət verirdi və bu səbəbə görə, həmçinin zahirdə müsəlman olduqlarını göstərdiklərinə görə münafiqləri öldürmürdü.[18]

Ola bilsin ki, bəziləri etiraz etsin və desin ki, münafiqləri öldürməməyinin səbəbi onların küfrünün açıq-aşkar dəlil ilə sabit olmaması idi. Yəni münafiqin küfrünə misal üçün bir şahid şahidlik etdiyi üçün bununla küfrü isbat olunmaz. Yaxud da vəhy ilə onların batinindəki küfr isbat olunmuşdu, lakin İslamda əhkam zahirə görə kəsildiyi üçün onlar cəzalandırılmamışdılar. Bu deyilənlər münafiqlərin bir hissəsi üçün keçərlidir, lakin hamısı üçün keçərli deyildir. Ona görə də İbnul-Qayyim “Zadul-Məad” kitabında ayrıca bir bölüm açır və həmin bölümü “peyğəmbərin – salləllahu aleyhi va səlləm – münafiqləri öldürməyi tərk etməsi” adlandıraraq orada bu məsələni ələ alır. Sözünə başlayaraq deyir:

Bura onun münafiqləri öldürməməsi də aiddir. Onlardan peyğəmbərə aşkar küfr etməkləri barədə xəbərlər çatmışdı. Tövbəsini izhar etdiyi təqdirdə zındıqın öldürülməyəcəyi görüşündə olanlar bunu dəlil gətirirlər, çünki münafiqlər o sözləri demədiklərinə dair Allahın elçisinə - salləllahu aleyhi va səlləm – and içirdilər. Bu, inkar olmasa da tövbə və əl çəkmədir. Bizim əshabımız və başqaları deyirlər: Kimin əleyhində mürtədlik ilə şahidlik edilərsə, bunun üzərinə “lə iləhə illəllah və Muhəmməd rasulullah” deyərək şahidlik edərsə bu, hələ onu qurtarmaz. Bəzi fəqihlər deyiblər: “Əgər mürtəd olduğunu inkar edərsə inkarı kifayət edər. Zındıqın tövbəsini qəbul etməyənlər isə dedilər: Bu münafiqlərin əleyhində beyyinə/aşkar dəlil ilə sübut edilməmişdi və Allahın elçisi – salləllahu aleyhi va səlləm – sadəcə öz elmi ilə onların əleyhində hökm verməzdi. Allahın elçisinə - salləllahu aleyhi va səlləm – münafiqlərin sözlərini çatdıran bunu ona aşkar dəlil səviyyəsində çatdırmamışdır, sadəcə olaraq bir nəfər onların əleyhində şahidlik etmişdi, necə ki, Zeyd bin Ərqam tək olaraq Abdullah bin Ubey əleyhində şahidlik etmişdi. Başqaları da bunun kimi idi; sadəcə bir nəfər şahid olub. Lakin bu cavabda zəiflik vardır, çünki Abdullah bin Ubey’in münafiqliyi və münafiqliyinə dair sözləri həddindən artıq çox idi, peyğəmbərdən – salləllahu aleyhi va səlləm – və yoldaşlarından gəlmiş mütəvatir xəbər kimi idi, münafiqlərdən bəziləri hətta dili ilə təsdiq edirdi və deyirdi: “Biz sadəcə söhbət edib zarafatlaşırdıq.” Xaricilərdən bəziləri “sən adil deyilsən” deyərək onun üzünə durublar. Peyğəmbər – salləllahu aleyhi va səlləm – isə ona “onları öldürməyəkmi” deyə soruşulduqda demədi ki, “onların əleyhində aşkar dəlillə sübut olunmayıb”, əksinə dedi ki, “qoy insanlar Muhəmməd öz yoldaşlarını öldürür deməsinlər.”

Beləliklə də doğru cavab o zaman budur ki, peyğəmbərin – salləllahu aleyhi va səlləm – sağlığında onları öldürməməkdə bir məsləhət var idi və bu məsləhətə Allahın elçisini - salləllahu aleyhi va səlləm – onların qəlblərində sevdirmək, insanların sözlərini onun üzərində birləşdirmək də var idi. Onları öldürməklə (adamları dindən) qaçırmış olacaqdı, halbuki İslam hələ də qərib bir din idi. Allahın elçisi – salləllahu aleyhi va səlləm – insanları dinə yaxınlaşdırmağa ən həris olan idi, onları öz itaətinə daxil olmaqdan uzaqlaşdıracaq, qaçıracaq şeylərdən də hamıdan çox çəkinərdi.[19] Bu barədə ən geniş danışanlardan biri də əl-Qadi İyaddır və “əş-Şifə” kitabının dördüncü qisminin birinci babında uzun bir söz açmışdır.

 

İstənilən halda mövzudan anlaşılmalıdır ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – ictimaiyyətin İslamı necə bir din olaraq görəcəyinə önəm verirdi, başqa cür desək İslamın insanlar tərəfindən necə qəbul olunacağı məsələsində həssas idi, çünki bu, dəvətin məsləhətidir. İslam isə insanları öldürmək üçün gəlməyib, əslində ölüləri diriltmək üçün, onlara həqiqi həyatı yaşatmaq üçün gəlib. İndiki zamanımızda da müsəlmanlar zəiflik dövründən keçirlər. Müasir dövrün ən güclü silahlarından olan kütləvi informasiya vasitələrində müsəlmanlar çox təəssüf ki, zəifdirlər. Bu sadədə müsəlmanların xeyli iş görməsi lazımdır.

İşin qəribə tərəfi budur ki, zamanımızda “xəlifə” camaatı hamıdan çox kütləvi informasiya vasitələrinə maraq göstərir, amma onlar bu vasitələri İslama dəvət üçün yox, bütün dünya ictimaiyyətini İslamdan hürkütmək üçün istifadə edirlər. Siz yuxarıda oxuduğunuz misallardan nəbəvi metodu çıxardıqdan sonra onu bu hikmətsizlərin əməlləri ilə müqayisə etsəniz onların nə qədər yanıldığını, məsləhət fiqhindən nə qədər uzaq olduqlarını, cahillər yığınından ibarət olduqlarını anlayacaqsız. Çox təəssüf ki, onlarla eyni ağılda olan cahillər də onların bu hərəkətlərini alqışlayırlar. Allahdan onların halını islah etməsini istəyirəm.

Həmçinin bu yazımız ümumən müsəlman kütlə üçün də bir fayda sağlamalıdır. Onlar da burdan peyğəmbərin – salləllahu aleyhi va səlləm – dəvətində nəzərə aldığı məsləhətləri nəzərə almalıdırlar və danışıqlarına, hərəkətlərinə diqqət verməlidirlər.



[1] Sahih əl-Buxari, (5763)

[2] Doğru olan budur ki, Ləbid bin əl-Asam əslən ərəbdir, lakin yəhudiliyi qəbul etmişdi. Bənu Zureyq ərəb qəbiləsidir. Lakin Mədinədə ərəblər uşaqlarını əmizdirmək üçün yəhudilərə verərdilər və həmin uşaqlar yəhudilərin süd uşaqları olardı. Onlar bu yolla yəhudiləşərdilər, lakin həm də yəhudi qəbiləsi ilə Mədinədəki ərəb qəbilələri arasında bu yolla ittifaq hasil olardı. Ləbid bin əl-Asam da bu şəkildə yəhudi olmuşdu. Lakin daha sonra İslam Mədinədə hakim olduqda Ləbid də ənsarlardan biri oldu, bir çox alimə görə münafiqlərdən olmuşdur.

[3] “Fəthul-Bəri”, 10/231;

[4] ”əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim”, 5/574;

[5] Sahih əl-Buxari, (3610); Sahih Muslim, (1064);

[6] “əl-Müsnəd”, 23/123;

[7] “İkməlul-Mulim bi Fəvaid Muslim”, 3/608;

[8] “əl-Mufhim”, 3/113;

[9] “əs-Sarim əl-Məslul”, səh: 187

[10] Buxari (2359)

[11] “Şərh ən-Nəvəvi alə Muslim”, 15/108;

[12] “Şərh ən-Nəvəvi alə Muslim”, 15/108;

[13] Bax: ”Fəthul-Bəri”, 5/40;

[14] “İləm əl-Muvaqqiin”, 3/111

[15] “Məcmu əl-Fətəva”, 7/422-423;

[16] “Kəşful-Muşkil min Hədisis-Sahiheyn”, 3/33;

[17] “Umdətul-Qari”, 16/89

[18] “Şərh ən-Nəvəvi alə Muslim”, 16/137-138;

[19] “Zədul-Məad”, 3/497;