Sabah və axşam zikrlərinin vaxtı

Səhər və axşam zikrlərinin əhəmiyyəti haqqında alimlər çox söz açıblar. Bəs səhər və axşam zikrlərinin vaxtı nə zamandır? Yəni nə zaman başlayır və nə zaman bitir? Başqa cür desək sabah ilə axşamın həddi nədir? Bu barədə alimlər fərqli görüşlər bildiriblər.

 

Birinci görüşə görə sabah fəcr girdikdə başlayır və günəş çıxana qədər davam edir. Yəni sabah zikrləri bu arada deyilməlidir. Bu, Şeyxul-İslam İbn Teymiyyə’nin və tələbəsi İbnul-Qayyimin görüşüdür. Bunun üçün İbn Teymiyyə Quran ayələrini dəlil gətirmişdir. Allahu Təalə deyir: “Ey iman gətirənlər! Allahı çox zikr edin! Səhər (bukra) və axşam (əsil) Onun şəninə təriflər deyin!” (əl-Əhzəb, 41-42) Şeyxul-İslam deyir: “(Ayədəki) əsil (ilə qəsd olunan) əsr ilə məğrib arasıdır.[1] İbnul-Qayyim əl-Cəvziyyə isə deyir: “(Ayədəki) əsil (haqqında) əl-Cəvhəri dedi: “O, əsrdən sonra məğribə qədər olan vaxtdır...”. Daha sonra bu barədə olan ayələri zikr edir və deyir: “Bu (ayələr) hədislərdə “kim sabaa çıxarsa və ya axşama çıxarsa belə və belə desin” şəklindəki sözlərin təfsiridir ki, bununla qəsd olunan günəş çıxmadan öncəki və günəş batmadan öncəki vaxtdır və bu zikrlərin vaxtı sübhdən və əsrdən sonradır.[2] Həmçinin İbn Teymiyyə’nin “əl-Kəlim ət-Tayyib” kitabını şərh etmiş məşhur hənəfi alimi Bədrud-Din əl-Ayni də bu məsələdə İbn Teymiyyə’yə etiraz etməmişdir.[3] Həmçinin bu görüşdə olanlardan Alləmə Əbul-Avn əs-Səffərini mövzumuzla bağlı olaraq buyurur: “Ey nəfsinə nəsihət edən, qəbrinə azuqə toplayan, vaxtını zikrə həsr edən, onun zövqündə boğulan! Bil ki, nahar vaxtının iki başında edilən zikrlər çoxdur və buradakı hikmət günün üzərində dövr etdiyi zikrlər ilə günü başlamaq və onlarla qurtarmaqdır və bu zikrlər ibadətin özəyidir, salamatlıq və xoşbəxtlik onunla hasil olur. Nahar vaxtının iki başı dedikdə sübh ilə günəşin doğumu arasındakı vaxt ilə əsr ilə günəşin batması arasındakı vaxtı qəsd edirik.[4] Bu görüşü dəstəkləyən ayələrdən biri də Allahın – azzə va cəllə - Kitabındakı bu sözləridir: “Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!” (Qaf, 39) əs-Səffərini bu ayəni zikr etdikdən sonra deyir: “Bu ayə hədislərdə qeyd olunan “kim sabaha çıxarkən və axşama çıxarkən belə və belə desin” şəklindəki sözləri təfsir edir ki, bunlarla qəsd olunan günəş çıxmadan əvvəlki və batmadan əvvəlki vaxtdır və bu zikrlərin yeri sübhdən və əsrdən sonradır.[5] Bu izaha əsasən sabah zikrlərini günəş doğana qədər, axşam zikrlərini isə günəş batana qədər deyib qurtarmaq lazımdır. Sözlərin zahirindən anlaşılır ki, bundan başqa vaxtlarda deyilərsə hədislərdə qeyd olunan xeyri əldə etmiş sayılmaz.

 

İkinci görüşə görə sabah fəcr girdikdən günəş batana qədər, axşam isə günəş batandan fəcr girənə qədərdir. Bu görüş əl-Hafiz Muhamməd İbn əl-Cəzəri əd-Diməşqi’nin (hicri 751-833) görüşüdür. Muhamməd Əli əş-Şəvkəni onun “İddətul-Hisnil-Həsin” kitabının şərhində deyir: “Müəllif (İbnul-Cəzəri) “Miftəhul-Hisn” adlandırdığı kitabında deyir: “Sabah fəcr girdikdən günəş batana qədərdir, axşam ilə qəsd olunan isə (günəş) batandan fəcrə qədərdir.[6] Bu görüşə əsasən axşam zikrləri günəş batdıqdan sonra edilir və sabah zikrləri isə fəcrdən sonra edilir. Fəqih İbn Həcər əl-Heytəmi’nin sözləri də buna yaxındır və qarşıda zikr olunacaq.

 

Üçüncü görüşə görə axşam vaxtı günəş zeniti keçdikdən sonra başlayır, yəni zöhrün ilk vaxtından başlayır. Bədrud-Din əl-Ayni deyir: “(Axşam) ilə qəsd olunan günəş zeniti keçdikdən sonrakı vaxtdır, çünki ərəb dilində bundan sonrakı vaxta “məsə”, “işə” və “ravah” deyirlər.[7] Həmçinin əl-Hafiz İbn Həcər deyir: “Yəni axşam vaxtı girdikdən sonra və axşam sözü günəş zeniti keçdikdən sonra güclü qaranlıq düşənə qədər olan vaxta deyilir.[8] Buna yaxın görüş dilçi alim Əbul-Abbas Sə’ləb’dən (hicri 200-291) və digər dilçi alim Muvaffəqud-Din Əbu Muhamməd Abdul-Lətif əl-Bəğdədi’nin (hicri 555-629) görüşüdür[9]. Onların görüşü budur ki, sabah vaxtı gecənin ikinci yarısında başlayır və günəş zeniti keçəndə qurtarır.  Görünür ki, bu görüşü hənbəli alimlərindən Şeyx Mustafa bin Sad ər-Ruheybəni doğru saymışdır, beləki o, əl-Kərmi’nin “Ğayətul-Muntəhə” kitabının şərhində sabah və axşam zikrlərinin müstəhəbliyini şərh edərkən deyir: “əl-Muvaffəq əl-Bəğdədi “Zeyl Fəsih Sə’ləb” kitabında deyir: “Sabah ərəblərdə gecənin ikinci yarısından günəş zeniti keçənə qədərki vaxtdır. Sonra isə axşam girir və gecənin ikinci yarısına qədər davam edir.[10]

 

Dördüncü görüş bu məsələdə bir qədər təfsilatlıdır. Sabah zikrləri üçün ən yaxşı vaxt fəcr doğandan duhanın vaxtı girənə qədərdir, lakin bundan sonra axşam vaxtı girənə qədər zikri demək olar, çünki sabahın hökmü hələ də davam edir. Axşam zikrləri üçün də ən yaxşı vaxt əsr namazından sonra məğribə qədərdir, lakin axşam hökmü burada qurtarmır və gecənin üçdə biri və ya yarısı keçənə qədər davam edir. Bu, Qadi Şihəbud-Din Əbul-Abbas Əhməd bin Əbi Bəkr ibn ər-Raddəd ət-Teymi əl-Quraşi’nin (hicri 748-821) görüşüdür.

 

 

İmam ən-Nəvəvi’nin “əl-Əzkər” kitabına şərh yazmış İbn Allən əs-Siddiqi əş-Şəfi’i “əl-Futuhət ər-Rabbəniyyə” adlı bu şərhində bu görüşlərin bəzilərini bu şəkildə zikr edir: “əl-Qamus kitabında (Feyruzabadi) deyir: “Sabah fəcrdir, nahar[11] çağının əvvəlidir, axşam isə bunun ziddidir.” əl-Alqami “əl-Cəmi əs-Sağir” kitabının şərhində deyir: “Şeyximiz – yəni əs-Suyuti – bir fayda zikr etdi və bu, çox dəyərli bir nəqldir: “Axşamın başlanğıcı günəşin zeniti keçməsindən başlayır. Bunu fəqihlər oruclu üçün günəş zeniti keçdikdən sonra misvakdan istifadə etməyin məkruhluğu mövzusunda zikr ediblər. Sabaha gəldikdə isə bu(nun izahın)a çox az alim toxunub və bu barədə çox araşdırdım, ta ki, Alləmə Muvaffəqud-Din əl-Bəğdədi’nin “Zeyl Fəsih Sə’ləb” kitabında bu barədə bir şeylərə rast gəldim; deyir: “Sabah ərəblərdə gecənin ikinci yarısından günəşin zeniti keçdiyi vaxta qədərdir, sonra isə axşamdır və gecənin ilk yarısının sonuna qədərdir.” Onun nəql etdiyi burada bitir. Deyirəm: Buradakı faydalardan biri budur ki, buradan sabah və axşamla bağlı zikrlərin sözlərini nə zaman deməyin məşru olması öyrənilir və bu, tərkibində axşam və sabahın qeyd olunduğu hədislər haqqında çox aşkardır. Lakin içində gündüz və gecənin qeyd olunduğu hədislərə gəldikdə isə bu izahat onlara aid deyildir, çünki şəriətdə gündüzün başlanğıcı fəcrin doğmasından, gecənin başlanğıcı isə günəş batandan başlayır.” (əl-Alqami’nin sözləri burada bitir.)

İbn Həcər (əl-Heytəmi) “əl-Mişkət” kitabının şərhində əl-Muvaffəq’in sözlərindən sonra deyir: “Aşkar olan budur ki, hədislərdə sözü keçən axşam ilə gecənin əvvəlləri, sabah ilə isə nahar çağının əvvəlləri qəsd olunur. Sonra gördün ki, “seyyidul-istiğfər” hədisinin şərhində bu barədə əlavə izahat vermişəm və o, bu sözlərdir: (onun) axşam sözünü günəşinin batmasından sonrakı vaxt üçün, sabah sözünü isə fəcr doğduqdan sonrakı vaxt üçün istifadə etməsindən – daha əvvəl izah etdiyimiz kimi - anlaşılır ki, sabah və axşama bağlı zikrlərdə (sabah və axşamın dildəki) həqiqi mənaları, yəni sabahda gecənin yarısından günəş zeniti keçənə qədərki vaxt, axşamda isə (bundan) gecənin yarısına qədərki vaxt - Sə’ləbdən nəql olunduğu kimi - qəsd olunmur. Bunlarla yalnızca örfdə bilinən mənaları, yəni sabahda nahar çağının əvvəlləri və axşamda isə (günün) sonu qəsd olunur. Bunu həm də o dəstəkləyir ki, Allahın elçisinin – salləllahu aleyhi va səlləm – müəzzini kor İbn Ummi Məktum ona “sabah girdi, sabah girdi” deyilməyənə qədər ikinci azanı – hansı ki, doğru fəcrin vaxtının əlamətidir –verməzdi. Sabahın başlanğıcı bu və buna yaxın olan vaxtdandır, yoxsa gecənin yarısından başlamır. (Birinci) azanın (verilmə vaxtının) o vaxtdan (yəni gecənin yarısından) başlaması bizə görə sabahın o vaxtdan başlamasına[12] dəlalət etmir.” (əl-Heytəmi’nin sözləri burada bitir.)

Onu (bu izahda) İbnul-Cəzəri qabaqlamış və demişdir: “Kim ki, axşam zikrlərinin günəş zeniti keçdikdən sonra başladığını deyir, (o zaman onlardan soruşmaq lazımdır ki,) onun (yəni peyğəmbərin) “bu gecənin və ondan sonrakı gecələrin xeyrini səndən istəyirəm” sözü ilə nə etmək olar?! Məgər gecə yalnız günəş batdıqdan sonra girmirmi?” (İbnul-Cəzəri’nin sözləri burada bitir.)

Həmçinin bu izahda onu Alləmə (Əbul-Abbas Əhməd bin Əbi Bəkr) ər-Raddəd qabaqlayıb və həm sabah, həm də axşamın son vaxtlarının da izahını əlavə etmişdir. “Muvcibətur-Rahmə va Azəimul-Məğfira” kitabında deyir: “Sabah zikrlərinin vaxtı fəcr doğduqdan duhaya qədərdir. Bundan sonra qalan vaxta da sabahın hökmü şamil olunur. (Lakin) bu vaxtın (zikrlər üçün) ən seçimə layiq olanı fəcr doğandan günəşin əsrdə qərb tərəfdə olduğu şəklindəki kimi şərq tərəfdə olmasına qədərdir. Axşam zikrlərinin vaxtı isə əsr namazından sonra məğribə qədər, (ondan da sonra) gecənin üçdə birinin və ya yarısının keçməsinə qədərdir. Doğrusunu Allah bilir!”

İbn Həcər “əl-Mişkət”in şərhində deyir: “Sonra (hədislərdə qeyd olunan) “sabah”, “axşam”, “sübh olduğu vaxtda” və “axşam düşdüyü vaxtda” kimi sözlərdə aşkar olan budur ki, əgər bu zikrləri gündüz vaxtı və ya gecə vaxtı söyləyərsə (hədislərdə qeyd olunan) həmin fayda hasil olmur, lakin zikrin bərəkətinin böyüklüyü bunun hasil olmasını tələb edir.[13]

 

İbn Allən “Dəlil əl-Fəlihin” kitabında isə əs-Suyuti’dən bu görüşü nəql edir: “Sabaha gəldikdə isə şəriətdəki mənası həqiqi fəcr doğduqdan günəş çıxana qədərdir, sonra duha girir, ondan sonra istiva vaxtıdır və ondan sonra günəşin zenitdən keçməsi vaxtıdır. Buradan axşam başayır...[14]

 

Beləliklə də alimlərin bu barədə ixtilafı ilə tanış olduq. İbn Həcər əl-Heytəmi’nin sözlərindən anlaşılır ki, sabah vaxtının gecənin yarısından başladığını deyənlər İbn Ummi Məktum’un ilk azanı verdiyi vaxt haqqında gəlmiş xəbərlərə əsaslanıblar. Buna İbn Həcər’in etirazı ilə tanış oldunuz. Buna həmçinin İbnul-Cəzəri də etiraz edib.

Bu görüşlərdən hansına üstünlük verilməsindən asılı olmayaraq bir müsəlman əgər fəcr doğduqdan sonra günəş çıxana qədər və ya əsrdən günəş batana qədər zikrləri etməyi unudarsa, məşğuliyyəti onu zikrlərdən məşğul edərsə onları tərk etməməlidir. Günəş doğandan sonra da, batandan sonra da onların əcrini Allahdan umaraq zikrlərini edə bilər, çünki ərəb dilində sabah və axşam sözlərinin tərifindən bu vaxtların daha geniş bir məna daşıdıqlarının şahidi olduq və hədislərdəki ləfzlərin qısa və məhdud vaxtlara xas olmasına dair heç bir qəti dəlil yoxdur. Allahdan müsəlmanlar üçün saleh əməllər diləyirik!

 


[1] “əl-Kəlim ət-Tayyib”, səh: 20; Dar əl-Fikr, birinci nəşr: 1407/1978, Beyrut

[2] “əl-Vabil əs-Sayyib”, səh: 93; Dar əl-Hədis, üçüncü nəşr: 1999, Qahirə

[3] Bax: “əl-Aləmul-Həyyib fi Şərhil-Kəlimit-Tayyib”, səh: 119-120; Məktəbətur-Rüşd, ikinci nəşr: 1421/2000, Riyad

[4] “Ğizəul-Əlbəb fi Şərhi Mənzumətil-Ədəb”, 2/368; Muəssəsətu Qurtubə, ikinci nəşr: 1414/1993, Misir

[5] Eyni mənbə: 2/369

[6] “Tuhfətuz-Zəkirin”, səh: 81-82; Muəssəsətul-Kutubis-Səqafiyyə, birinci nəşr: 1408/1988, Beyrut

[7] “Umdətul-Qari”, 10/72; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut

[8] “Fəthul-Bəri”, 3/569; Darul-Mərifə, 1379, Beyrut

[9] Bax: “Zeyl Fəsih Sə’ləb”, səh: 2; əl-Mətbəə ən-Nəmuzəciyyə, birinci nəşr: 1368/1949

[10] “Mətalibu Ulin-Nuhə”, 1/570; əl-Məktəb əl-İsləmi, ikinci nəşr: 1415/1994, Beyrut

[11] Ərəblər nahar ilə fəcr doğandan günün işıqlı olan bütün vaxtlarını qəsd edirlər. Bizim dildəki kimi yalnız günün erkən çağını qəsd etmirlər.

[12] Kitabın çapında “başlamamasına” sözü olaraq keçir, lakin bunun bir xəta olduğu aşkardır. Kitabı təhqiq edən də buna işarə etmişdir.

[13] “əl-Futuhət ər-Rabbəniyyə aləl-Əzkərin-Nəvəviyyə”, 3/73-74; Dar İhyə ət-Turas əl-Arabi,

[14] “Dəlilul-Fəlihin li Turuq Riyədis-Salihin”, 7/256; Darul-Mərifə, dördüncü nəşr: 1425/2004, Beyrut