İxtilafi məsələlərdə parçalanmamaq

İslami elmlərlə yeni tanış olan qardaş və bacılarımız öz dinlərini öyrənərkən tez-tez fərqli görüşlər qarşısında çıxılmaz halda qalırlar. Çünki onlara şəriət əhkamlarını öyrədən şəxslər hətta cahil olduqları məsələlərdə belə onlara təqlidi haram ediblər. Bunun üzündən bir çox müsəlmanı ən bəsit məsələlərdə belə şiddətlə bir-birilərini inkar edərkən görərsən. Bunun isə bir çox səbəbi var. Bu səbəblərdən biri budur ki, şəriət elmlərini öyrənən elm tələbəsinə ixtilaf mədəniyyəti öyrədilməmişdir. Bunun üçün bu yazımızda hər bir müsəlmanın ehtiyacı olan bəzi bilikləri paylaşmaq istəyirik.

 

Bu ümmət səhabələrin zamanından fikir ayrılığında olub. Sözsüz ki, etiqadi məsələlərdə müsəlmanların eyni fikirdə olması lazımdır. Tövhiddə və digər əqidə məsələlərində ixtilaf etmək Allah tərəfindən qınanmışdır və məhz bu səbəblə ümmətin sələfi bəzi məsələləri çıxmaq şərti ilə ümumilikdə əqidədə eyni fikirdə olublar. Ona görə də müsəlmanlara etiqadi məsələlərdə hər şeydən əvvəl Quranın və səhih Sünnətin zahirinə, daha sonra isə səhabələrə və ilk dövr alimlərin sözlərinə tabe olmaqları lazımdır.

Lakin ümmətin əhkamlarda ixtilaf etməsi əqidə məsələlərində ixtilaf etməsi kimi deyildir. Çünki əhkamlarda ortaya çıxmış ixtilaf alimlərin izahına görə müsəlmanlara Allah tərəfindən verilmiş bir nemət və rəhmətdir. Bunu anlamaq çox əhəmiyyətlidir, çünki bundan xəbərsiz olmağın nəticəsində günümüzdəki müsəlmanlar əsas problemləri kənara qoyaraq öz aralarında ən adi fiqhi məsələlərdə parçalanırlar. Nəticədə iki təəssübkeş qrup ortaya çıxır. Birinci qrupa görə hər bir müsəlmanın müəyyən bir məzhəbə tabe olması vacibdir və məzhəb olmadan elm öyrənmək bidətdir. Bu ifratçılığın nəticəsində məzhəb təəssübkeşləri yalnız öz imamlarının sözlərini haqq olaraq qəbul edirlər. Digər qrup isə bunların tam əks istiqamətində hərəkət edərək bütün məzhəbləri inkar ediblər. Onlara görə təqlid hər bir halda haramdır və hər bir müsəlman özü haqqı axtarmaqla mükəlləfdir. Azərbaycanda hər iki cür insanlara rast gəlmək olar. 

Həm də bu müsəlmanlarda ixtilaf mədəniyyəti yoxdur, onlar fərqli fikirlərdə qarşılıqlı hörmət etmək əvəzinə bir-birilərini şiddətlə inkar edirlər. Görək müsəlmanların alimləri bu barədə nə fikirləşiblər!

Onlara əvvəldə İmam əş-Şafi’nin bir sözünü xatırladırıq. İmam əz-Zəhəbi hekayət edir ki, Yunus əs-Sadəfi belə demişdir: “Mən əş-Şafi’dən aqil bir insan görmədim. Onunla bir gün bir məsələ haqqında münazərə etdim, sonra ayrıldıq. Bir gün mənimlə qarşılaşdı və əlimdən tutdu. Sonra dedi: “Ey Əbə Musa! Bir məsələdə belə eyni fikir olmasaq da qardaş olmağımız doğru deyilmi?!”[1]

Bu imamın sözünə diqqət edin! Əgər bircə məsələdə belə eyni fikirdə olmasalar da yenə qardaşlıq etməyi uyğun görmüşdür. Sözsüz ki, bu, mübaləğədir, amma qəsd olunan sözün özü deyil, o sözün vasitəsilə çatdırılan mənadır. Yəni, üzərində ümmətin ixtilaf etdiyi məsələlərə görə öz aramızda qardaşlıq bağlarını pozmaq yalnız şeytanı razı salar!

Ona görə də alimlərimiz ortaya bir qayda qoyublar. Bu qaydaya əsasən ixtilaflı məsələlərdə inkar etmə yoxdur. İslam bizlərə yaxşılığı əmr edib, münkərlərdən çəkindirməyi öyrədir, lakin buna əsasən münkər olub olmamasında ixtilaf olan bir şeyi inkar etməsi uyğun deyildir. Çünki onun məzhəbinə görə bir əməl münkər olduğu halda, digər alimlərə görə eyni əməl caiz ola bilər. Bunun üçün bəzi alimlərin sözlərini nəql etməkdə fayda vardır.

Böyük imam Sufyan əs-Səvri – rahiməhullah – deyir: “Fəqihlərin ixtilaf etdiyi bir məsələdə qardaşlarıma onunla əməl etməyi qadağan etmirəm.”[2] Əbu Nueym əl-İsbəhani isə “Hilyətul-Əvliya” kitabında sənədi ilə birlikdə Sufyan əs-Səvri’dən onun bu sözlərini nəql edir: “Əgər bir nəfəri haqqında ixtilaf edilmiş bir əməl ilə əməl etdiyini görsən və sən ondan fərqli görüşdə olsan, ona bu əməli qadağan etmə!”[3]

İbn Muflih əl-Hənbəli “əl-Ədəbuş-Şəriyyə” adlı mübarək kitabında əhli-sünnətin imamı Əhməd bin Hənbəl’dən rəvayət olunan bəzi rəvayətlərdən danışaraq deyir: “İbnul-Qasim’in ondan nəql etdiyi rəvayətdə deyir: “İnsanlara yalnız açıq-aşkar, haqqında heç bir şəkk olmayan məsələlərdə əmr etmək lazımdır.”[4]

Bu barədə peyğəmbərin – salləllahu aleyhi va səlləm – hidayətini onun səhabələrə göstərdiyi yolda görmək olar. İbn Ömər – radiyallahu anhumə - rəvayət edir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm - əl-əhzab döyüşündən qayıtdıqdan sonra bizə dedi: “Bənu-Qureyza’ya çatmamış heç kəs əsr namazını qılmasın!” Onlardan bəziləri yol üstündə olarkən əsr namazı girdi, bəziləri dedi ki, “ora çatmayana qədər qılmayacağıq.” Digərləri isə dedilər ki, “xeyr, qılacağıq.” Bu hal peyğəmbərə - salləllahu aleyhi va səlləm – çatdırıldıqda “onlardan heç kimsəni qınamadı.”[5]

Ənəs bin Malik – radiyallahu anhu – deyir: “Biz, peyğəmbərin – salləllahu aleyhi va səlləm - səhabələrinin hamısı səfər edərdik. Aramızda oruc tutan və oruc tutmayanlar olardı, aramızda namazını tam qılanlar və namazını qısaldanlar olurdu. Nə oruc tutanlar oruc tutmayanları, nə də oruc tutmayanlar orucluları qınamazdı, nə namazı tam qılanlar qısaldanları, nə də qısaldanlar tam qılanları qınamazdı.”[6]

əl-Həsən əl-Basri isə namazda əlləri qaldırmaq barəsində səhabələrin halını qeyd edərkən deyir ki, “əllərini qaldıranlar əllərini qaldırmayanları qınamazdılar.”[7]

İmam əl-Əvzai – rahiməhullah – xanımını öpən kəs haqqında deyir; “əgər gəlib məndən soruşsa ona dəstəmaz almasını buyuraram. Əgər dəstəmaz almazsa qınamaram.”[8]

İbn Abdilbərr “ət-Təmhid” adlı əsərində sənədi ilə birlikdə Abdullah bin əl-Mübarək’dən belə dediyini rəvayət edir: “Bir dəfə Sufyan əs-Səvri’nin yanında namaz qıldım və mən rükuya gedərkən və rükudan qalxarkən əllərimi qaldırmaq istədim. Lakin Sufyan’ın bunu mənə qadağan edəcəyini düşündükdə[9] bunu etməmək ürəyimdən keçdi. Sonra özlüyümdə dedim ki, “Allaha itaət etmək üçün etdiyim bir şeyi tərk etmərəm”. Sonra əllərimi qaldırdım və (Sufyan) bunu mənə qadağan etmədi.”[10]

İmam Əhməd əsr namazından sonra iki rükət namaz qılmaq haqqında deyir: “Biz bunu etmirik və bunu edənləri də qınamırıq.”[11]

İbn Cuneyd deyir: “Yəhya bin Main’i belə deyərkən eşitdim: “Nəbizin haram olması səhihdir[12], lakin mən çəkinərək bunu (insanlara) haram etmirəm, çünki bir qrup saleh insanlar səhih hədislərə əsasən bunu içiblər və digər bir qrup saleh insanlar isə səhih hədislərə əsasən onu haram ediblər.”[13]

əş-Şafi – rahiməhullah – deyir: “Bir ölkədə əhalinin sayı artsa və məscidlərin sayı çoxallsa belə yalnız ən böyük məsciddə cümə qılmaq olar... bunun dəlili isə budur ki, nə Allahın Elçisi – salləllahu aleyhi va səlləm - , nə də ondan sonra gəlmiş xəlifələr birdən çox yerdə cümə qıldırmayıblar.”[14] Lakin İmam əş-Şafi – rahiməhullah – Bağdad şəhərinə gələrkən orada birdən çox yerdə cümə qılırdılar, buna baxmayaraq əş-Şafi bunu inkar etməmişdir. ən-Nəvəvi – rahiməhullah – deyir: “Bağdada gəldikdə isə əş-Şafi – rahiməhullah – ora daxil olduqda onlar orada cüməni iki yerdə qılırdılar, üç yerdə qıldıqları da deyilmişdir, lakin bunu inkar etməmişdir... onların bu əməlini inkar etməməsinin səbəbi yalnız ona görə idi ki, bu məsələ ictihadi bir məsələdir və bir müctəhidə digər müctəhidləri inkar etmək olmaz.”[15]

İbn Muflih deyir: “Şeyx Muhyid-Din ən-Nəvəvi deyir: “Haqqında ixtilaf olan məsələdə inkar etmək olmaz.” Dedi: “Lakin bir nəsihət olaraq (həmin kəsi) ixtilafdan çıxmaq üçün (əməlini tərk etməyə) təşviq edərsə, bu çox gözəl və sevilən bir əməldir və mehribanlıqla edilməyə təşviq olunmalıdır.”[16]

İmam ən-Nəvəvi bir başqa yerdə deyir: “Səhabələr, tabiinlər və onlardan sonra gələnlərin – radiyallahu anhum əcməin – arasında furu məsələlərində ixtilaf həmişə olmuşdur, nə muhtəsib[17], nə də digəri (belə bir məsələdə) heç kəsi inkar etməməlidir. Alimlər həm də deyirlər ki, muftivə ya qazi öz görüşlərində onlara müxalif olan kəsə - əgər nə nass, nə icma, nə də illəti aşkar olan qiyasa qarşı çıxmayıbsa - etiraz etməməlidir. Doğrusunu Allah bilir!”[18]

İbn Muflih əl-Hənbəli – rahiməhullah – deyir: “İxtilafın caiz olduğu furu məsələlərindən bir məsələdə ictihad etmiş kəsi və ya bu məsələdə bir müctəhidi təqlid etmiş kəsi inkar etmək olmaz. əl-Qadi və əshabımız bu şəkildə zikr edirlər və bunun caiz olmadığını açıq şəkildə bildirirlər. Bunun üçün azca nəbiz içməyi və vəlisiz evlənməyi misal verirlər, əshabımızdan bəziləri isə bunun üçün üzərində Allahın adı çəkilmədən kəsilmiş heyvanda yeməyi misal göstəriblər...əl-Mərvazi’dən gələn rəvayətə görə Əhməd demişdir: “İnsanları öz məzhəbinə məcbur etmək və onlara qarşı şiddətli olmaq fəqihə yaraşmaz. Muhənnə isə deyir: Əhmədi belə deyərkən eşitdim: “Kim bu nəbizi içmək istəyərsə və bunda daha əvvəl içmiş kəslərə tabe olmaq istəyirsə, qoy özü tək içsin!”[19]

əl-Hafiz İbnul-Qayyim – rahiməhullah – “Zadul-Məad” kitabında sübh namazında qunut tutmaq haqqında danışarkən deyir: “Hədis əhli, müsibətlərdə sübh namazında qunut tutmağı qeydsiz-şərtsiz məkruh görənlər ilə bunu müstəhəb görənlər arasında orta yoldadır. Peyğəmbər – salləllahu aleyhi va səlləm – qunut tutduğu üçün onlar da qunut tuturlar, tərk etdiyi üçün onlar da tərk edirlər. Onu əməlində və əməli tərk etməsində özlərinə nümunə götürürlər. Bunu etməyin sünnət olduğunu, tərk etməyin də sünnət olduğunu deyirlər, bununla belə bunu davamlı edənləri də inkar etmirlər, onun bu əməlini məkruh saymırlar, bunu bidət də saymırlar, bunu edəni də sünnətə müxalif hesab etmirlər. Bunu tərk etməyi də bidət saymırlar, bu əməli tərk edəni də sünnətə müxalif saymırlar. Əksinə kim qunut tutarsa gözəl etmişdir və kim bunu tərk edərsə o da gözəl etmişdir.” Və daha sonra deyir: “Bu mübah olan bir ixtilafdır ki, belə ixtilaflarda nə əməl edən, nə də tərk edən qınanılmaz.”[20]

İbn Qudamə əl-Maqdisi – rahiməhullah – deyir: “Münkəri inkar etmək üçün əməlin münkərliyinin qeyri-ictihad yolu ilə bilinməsi şərtdir, çünki ictihad dairəsində olan heç bir məsələdə inkar etmək olmaz.”[21]

Sözsüz ki, münkər olduğu qəti bilinən bir məsələdə imkan daxilində inkar etmək lazımdır, lakin dəlilləri anlamaq yönündən ortaya çıxmış ixtilafi məsələlərdə isə insanların bir-birilərini inkar etmələri doğru deyildir. Lakin bir nəsihət olaraq qardaşına ixtilafı tərk edib əmin tərəfdə olmaq üçün həmin əməli tərk etmək isə gözəl yoldur və İmam ən-Nəvəvinin bu barədə sözlərini yuxarıda qeyd etdik.

Gördüyümüz kimi yuxarıda qeyd etdiyimiz hər iki qrup ifrata varmışdır, haqq isə bu iki qrupun ortasındadır.

Muhammədə, onun ailəsinə və səhabələrinə salavat və salam olsun!

 

Samir Firdovsioğlu

 


[1] Muhamməd Musa əş-Şərif, “Nuzhətul-Fudalə”, 2/734

[2] Əbu Nueym, “Hilyətul-Əvliya”, 8/128; əl-Xatib əl-Bəğdadi, “əl-Fəqih val-Mutəfəqqih”, 2/69

[3] Əbu Nueym, ”Hilyətul-Əvliya”, 6/368

[4] İbn Muflih, “əl-Ədəbuş-Şəriyyə val-Minəhul-Məriyyə”, 2/59

[5] əl-Buxari (904, 3893), Muslim (1770)

[6] əl-Beyhaqi, “əs-Sünən əl-Kubra”, 3/145

[7] “Fəthul-Bərr fit-Tərtib əl-Fiqhi li Təmhid İbn Abdilbərr”, 4/546-547

[8] “Tərtibut-Təmhid”, 3/345

[9] Çünki Sufyan əs-Səvri’yə görə namazda ihram təkbirindən başqa digər hallarda əllər qaldırılmaz. Bu, kufəlilərin məzhəbidir və bu məsələdə İbn Məsud’un hədisinə tabe olurlar. əl-Mərvazi deyir: “Ölkələrdən elə bir ölkə tanımıram ki, orada yaşayan, qədimdən özünü elmə aid edən insanları namazda əyilərkən və qalxarkən əlləri qaldırmağı tərk etməkdə icma etsinlər, yalnız Kufə əhli bundan istisnadır.” (bax: “Tərtibut-Təmhid”, 4/532)

[10] “Tərtibut-Təmhid”, 5/549

[11] “Tərtibut-Təmhid li İbn Abdilbərr,” 4/201

[12] Nəbiz, ümumi olaraq şirəyə verilmiş addır, peyğəmbərin – salləllahu aleyhi va səlləm – zamanında adətən quru xurmadan və ya kişmişdən hazırlanardı. Səhih hədislərdə gəlir ki, peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – nəbiz içmişdir. Digər meyvələrdən də nəbiz hazırlamaq olur. Lakin həm meyvədən təzə-təzə sıxılmış şirəyə, həm də qalaraq alkohol nisbəti çoxalmış şirələrə də nəbiz adı verildiyi üçün, ikinci növ nəbizin halal olması barəsində ixtilaf ortaya çıxmışdı. Alimlərin çoxuna görə haram olduğu halda, bir qrup alim bunu halal saymışdır.

[13] əz-Zəhəbi, “Siyər Əaləmin-Nubələ”, 11/88

[14] əş-Şafi, “əl-Umm”, 1/222; ən-Nəvəvi, “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 4/451

[15] ən-Nəvəvi, ”Ravdatut-Talibin”, 2/5

[16] İbn Muflih, “əl-Ədəb əş-Şəriyyə”, 1/170

[17] Şəriət hökmlərinin yerinə yetirilməsinə nəzarət edən.

[18] ən-Nəvəvi, “Şərh Sahih Muslim”, 2/23-24

[19] ”əl-Ədəb əş-Şəriyyə”, 1/166

İbn Muflih kitabında İmam Əhməddən gəlmiş digər rəvayətlərə də yer vermişdir. İmam Əhməddən gələn ikinci rəvayətə görə inkar olunmalıdır. Üçüncü rəvayətə görə isə müctəhidi görüşünə görə inkar etmək olmaz, lakin təqlid əhlindən olan bir cahili isə inkar etmək olar. Sonra isə deyir: “Bu məsələdə dördüncü görüş də vardır.”əl-Əhkəm əs-Sultaniyyə”də deyilir: “Əgər haqqında zəif bir ixtilaf olan və haqqında ittifaq edilmiş bir harama götürən əməldirsə (inkar etmək olar)” (1/168) Bu görüşə əsasən nəbizin içilməsi, vəlisiz nikah kimi məsələlərdə inkar etmək caizdir, çünki bu məsələlərdəki ixtilaf zəifdir və bu əməlin haram olduğu göstərən dəlillərin güclülüyü aşkardır.

[20] “Zadul-Məad”, 1/274

[21] “Muxtəsar Minhəcil-Qasidin”, səh: 113