Evlənmək istədiyin qıza baxmaq

Allahu Təalə mübarək kitabında deyir:

Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Bəqərə, 235)

Elçilik və evliliyin şəriətə uyğun gözəl ədəb qaydaları vardır. Bu qaydalar sonsuz hikmət sahibi Allah – Təbərakə və Təalə - tərəfindən müsəlman cəmiyyətinin qorunulması üçün qoyulmuşdur. İslam, gəncləri evliliyə təşviq etmiş və insanı bu yol boyu yönləndirəcək hidayət rəhbəri olan şəriət hökmlərini bəyan etmişdir.

 

 Bəzi müsəlmanlar elə güman edirlər ki, evlənmədən əvvəl qızı görməyi İslam qadağan etmişdir. Belə bir anlayış çox xətalı bir anlayışdır. Evlənmək niyyəti ilə qadına baxmağın caiz olmasında alimlər icma edirlər. Alləmə İbn Qudamə əl-Hənbəli – rahiməhullah – deyir:

Qadına baxmağın həmin qadınla evlənmək istəyənə mübah olmasında alimlərin ixtilaf etdiyini bilmirik. Cabir rəvayət edir; deyir: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Kim bir qadınla evlənmək istəsə həmin qadınla evlənməyə səbəb olacaq xüsusa baxmağa imkanı varsa qoy bunu etsin!” (Cabir) dedi: “Bir qadınla evlənmək istədim, gizlənərək ona yaxınlaşdım və onda mənim onunla evlənməyimə səbəb olacaq xüsusiyyəti gördüm və onunla evləndim.” Bunu Əbu Davud rəvayət etmişdir. Bu barədə bundan başqa çox sayda hədislər vardır. Üstəlik çünki nikah mülkə yiyələnmək kontraktıdır, kontraktı bağlayan tərəf üçün haqqında kontrakt bağlayacağı şeyi görməsi lazımdır və bunun misalı kölə olmuş kənizi almağa bənzəyir. Qadına onun izni olaraq və izni olmadan da baxa bilər.[1]

İbn Qudamə’nin də nəql etdiyi kimi alimlər bu məsələdə icma ediblər. Çünki insanın gələcək həyat yoldaşını seçməsinin əhəmiyyəti hər kəsə məlumdur və belə bir işdə insanın seçəcəyi həyat yoldaşını görüb bəyənməsi lazımdır.

Lakin alimlər bunun sadəcə mübah yoxsa müstəhəb olmasında ixtilaf ediblər. Şafii, maliki və hənəfi məzhəbləri bunun müstəhəb olduğunu deyirlər. Hənbəli alimlərindən bəziləri də bunun müstəhəb olmasında cumhur ilə razılaşırlar. İmam ən-Nəvəvi – rahiməhullah – deyir:

Qadınla evlənmək istərsə sonradan peşman olmamaq üçün qadına baxması müstəhəbdir. Bu barədə başqa görüş də vardır və bu görüşə görə baxmaq müstəhəb deyil, sadəcə mübahdır. Doğru olan hədislərə əsasən birinci görüşdür. Qadının izni olsa da, olmasa da baxışını təkrarlaması caizdir. Sonra əgər baxmağa imkan olmazsa, qadına baxıb onu vəsf etməsi üçün yanına bir qadın göndərə bilər.[2]

Hənbəli məzhəbinin görüşünə görə evlənmək üçün baxmaq müstəhəb deyil, sadəcə mübahdır. Çünki yad qadına baxmaq haramdır və haram bir şey ehtiyaca görə halal olarsa, bunun hökmü müstəhəb deyil, sadəcə mübah olar. Şeyx Saleh bin İbrahim əl-Bilihi – rahiməhullah – bu barədə deyir:

Qeyd: Evlənmək istədiyi qıza baxması mübahdır yoxsa sünnətdir? Məzhəbdə üstünlük verilən görüşə görə mübahdır. “əl-İqna” kitabında bunun sünnət olduğu deyilmişdir və “əl-İnsaf” kitabında bunun müstəhəb olması doğru sayılmışdır.[3]

Şeyx Alləmə Mustafa bin Sad əs-Suyuti ər-Ruheybəni – rahiməhullah – “Mətalibu Ulin-Nuha” adlı möhtəşəm şərhində deyir:

[Onun görüşündən fərqli olaraq] -  yəni, “əl-İqna” kitabının müəllifinin görüşündən fərqli olaraq; beləki o, bunu sünnət saymışdır - baxmaq [sünnət deyildir]. “əl-İnsaf” kitabında deyir: “Bir qadınla evlənmək istəyənə qadına baxması caizdir, məzhəbin görüşü budur, çünki bu barədə əmr bu iş qadağan olduqdan sonra varid olmuşdur.[4]

Bu məzhəbin üsulunun tələb etdiyi görüşdür, ona görə də “əl-İnsaf” kitabının sahibi Əli bin Süleyman əl-Mərdəvi – rahiməhullah – məzhəbin görüşünü bu cür təyin etmişdir. Bu cür hökm çıxarmaq üsul alimlərinin çoxunun görüşüdür. Şeyx Muhamməd bin Saleh əl-Useymin – rahiməhullah – “Şərh əl-Mumti” kitabında müəllif əl-Həccavi’nin “qadına onun çox zaman görünən hissələrinə təkrar-təkrar baxa bilər[5] sözlərini şərh edərkən deyir:

Burada müəllifin sözünün zahirindən anlaşılır ki,evlənmək istədiyin qadına baxmaq tələb olunmur, lakin sadəcə mübahdır. Bunun mübah olmasının səbəbini isə qadağadan sonra varid olması ilə izah edirlər. Beləliklə mübah olur, necəki usul alimlərinin çoxuna görə qadağadan sonra gəlmiş əmr mübahlıq ifadə edir.[6]

“əl-İqna” kitabı ilə qəsd olunan əl-Həccavi’nin məşhur “əl-İqna” kitabı deyildir, çünki “əl-İnsaf” kitabının sahibi daha əvvəl yaşamışdır. Lakin bu “əl-İqna” kitabı İbnul-Zəğuni adı ilə tanınmış hənbəlilərin zamanında şeyxi  Əbul-Həsən Əli bin Ubeydilləh əl-Bəğdadi’dir. İbnul-Zəğuni , əl-Hulvani, əl-Mərdəvi, İbn Aqil və İbnul-Cəvzi kimi hənbəli alimləri evlilik üçün qızı görməyin müstəhəb olduğunu deyirlər. Şəmsud-Din Əbu Abdilləh əz-Zərkaşi – rahiməhullah – deyir:

Həmçinin əl-Xiraqi’nin sözlərinin zahirindən anlaşılır ki, qadına baxmaq mübahdır. İbn Aqil və İbnul-Cəvzi bunu müstəhəb sayırlar və bu, hədislərin zahirindən anlaşılır.[7]

Son dövr hənbəli alimlərindən çoxu bunun müstəhəb olduğunu deyiblər. “ər-Ravdul-Murbi” kitabına məşhur haşiyəsini yazmış Şeyx Abdurrahmən bin Muhamməd bin Qasim ən-Nəcdi – rahiməhullah – deyir:

Bəziləri bunun sünnət olduğunu demiş və “əl-İnsaf” kitabında bu görüş doğru sayılmışdır. Hədislərin zahiri də bunun müstəhəb olduğunu göstərir.[8]

Bu eləcədə Saleh əl-Bilihi, Şeyx Muhamməd əl-Useymin, Şeyx Abdurrahmən əs-Sadi kimi son zaman hənbəlilərin də görüşüdür.

Bunun ən azından mübah olduğunu anladıqdan sonra bu işlə bağlı digər məsələləri də zikr etmək lazımdır.

 

  • Baxmaq üçün şərtlərə əməl etmək lazımdır

Qeyd etməliyik ki, bunun həyata keçməsi üçün alimlərimiz ortaya bəzi şərtlər qoyublar. Şafii, maliki, hənəfi  və hənbəli alimlərinə görə oğlanın qız evinə getməsi üçün və ya gizli şəkildə qıza baxması üçün həmin qızla ciddi evlənmək niyyəti olmalıdır. Üstəlik şafii, maliki və hənbəli alimlərindən ibarət cumhurun qoyduğu daha bir şərtə əsasən oğlan qızın ona veriləcəyinə əmin olmalı və ya güclü zənnə sahib olmalıdır. Yəni əgər qızın ona verilməyəcəyini güman edirsə, o zaman o qıza evlənmək niyyəti ilə baxması halal deyildir. Hənəfi alimləri isə belə bir şərt qoymurlar. Şeyx Alləmə Mənsur bin Yunus əl-Bəhuti əl-Hənbəli – rahiməhullah – deyir:

Gözəl qız seçməsi sünnətdir, çünki bununla başqa qızlara baxmaqdan qarşısını almış olur [və ona] ; yəni qadına evlənmək təklif etmək istəyən və ona icabət olunacağı barədə güclü zənnə sahib olan kimsəyə [qadına çox zaman görünən hissələrinə təkrar-təkrar baxmas] mübahdır.[9]

Şeyx Abdurrahmən bin Muhamməd bin Qasim – rahiməhullah - əl-Bəhuti’nin “ona icabət olunacağı güclü zənnə sahib olan kimsəyə” sözləri haqqında haşiyəsində deyir:

Əks təqdirdə caiz deyildir. Evlənmək təklif etmək üçün şərəfli ailədən olan qadına, həmin qadının ona ərə verilməyəcəyini bildiyi halda baxması bunun misalıdır.[10] Yəni, əgər insan qızın ona verilməyəcəyini bilirsə həmin qıza baxması caiz deyildir. İnsanın evliliyə qərarlı olması da tələb olunur.

Alləmə Əbul-Həsən Əli İbn Qattan əl-Fasi – rahiməhullah – deyir:

Məsələ: Əgər qadına elçi göndərmək istəyən qadının onunla evlənməyəcəyini və qadının vəlisinin ona müsbət cavab verməyəcəyini bilirsə, hətta qadına elçi göndərmiş olsa belə ona baxması caiz deyildir. Çünki məhz baxmağın evliliyə səbəb olması məqsədi ilə qadına baxmaq mübah sayılmışdır, lakin əgər bu evliliyin baş tutmayağınan əmin olarsa o zaman həmin qadına baxmaq haramlılıq əsli üzərində qalır.[11]

əz-Zərkaşi deyir:

Əbul-Abbas dedi: “Qadın ilə evlənməyə qəti qərar verdikdən sonra, nişandan əvvəl baxması lazımdır.[12]

Bunun üçün qızı görmədən əvvəl araşdırması, qızın halını sorması, qızı onun üçün vəsf edəcək bir qadını qızın yanına göndərməsi uyğundur, çünki bu, artıq onda bir qərar formalaşdırır. Bütün bunlardan sonra qız ilə evlənmək qərarına düşdükdə artıq son bir addım olaraq qızı görməyə çalışa bilər. Fəqihlərimizin qəsdi budur.

Qızı görmək üçün ondan xəbərsiz də baxmaq olar. Alimlərimiz qıza xəbərsiz baxmağın daha uyğun olduğunu deyirlər. Lakin eləcədə vəlisinin izni ilə xəlvət olmadan da qızı görə bilər. əl-Mavərdi – rahiməhullah – İmam Malikin qadının izn verməsini şərt qoşduğunu deyir.[13] Malik bu görüşündə digər məzhəblərdən fərqlənmişdir. Lakin doğru görüş cumhurun görüşüdür ki, qadının bunda izni şərt deyildir və hədislər bu məqamı isbat etməkdə çox aşkardır.

  • Şəriətə görə baxmaq üçün icazə verilmiş ölçü nədir?

Şafii, maliki və hənəfi alimlərindən ibarət alimlərin əksəriyyətinə görə qızın yalnız üzü və əlinə baxmaq caizdir. Bundan başqasına baxmaq olmaz. Hənəfi məzhəbindəki digər görüşə görə qadının ayaqları övrət olmadığı üçün ayaqlarına da baxmaqda heç bir bəis yoxdur.

Alləmə Əbul-Həsən Əli bin Muhamməd əl-Mavərdi əl-Basri  – rahiməhullah –deyir:

əş-Şafi dedi: Əgər qadınla evlənmək istəyərsə ona başı açıq olaraq baxması caiz deyildir. Qadın örtülü olduğu halda izni olsa da, olmasa da onun üzünə və əllərinə baxa bilər. Allahu Təalə deyir: “Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər” Yəni üz və iki əli istisnadır.[14]

İmam ən-Nəvəvi – rahiməhullah – deyir:

Sonra görülməsi caiz olan yerlər üzü və hər iki əlinin içi və çölüdür. Bundan başqa yerlərinə baxmamalıdır.[15]

Şeyx Muhamməd bin Arafə əd-Dusuqi əl-Maliki – rahiməhullah – Şeyx Əhməd əd-Dərdir əl-Adəvi’nin “əş-Şərh əl-Kəbir” kitabına yazdığı haşiyəsində deyir:

Onun “iki əli” sözü ilə qadının əllərinin həm içi, həm də çölü qəsd olunur. Əl dedikdə biləyə qədər olan hissəsi qəsd olunur. Elçi gələn oğlana qızın üzü və əllərinə baxmasına izn verilməsinin səbəbi vardır, çünki üz qızın gözəl olub olmamasını göstərir. Əllər isə qızın bədəninin şumal və təravətli olub olmamasını göstərir.[16]

Əbu Hənifə isə ayaqlara da baxmağı caiz görür. İbn Abidin əl-Hənəfi – rahiməhullah – deyir:

Üzə və əllər ilə bilikdə ayaqlara da baxmaq mübahdır, bundan artıq olmaz.[17]

Bu üç məzhəbin məsələ barəsindəki görüşləridir. Məzhəb alimləri digər məzhəblərin də görüşlərini nəql ediblər. Davud əz-Zahiri’nin görüşü barədə də nəqllər gəlmişdir və bu nəqllərə görə guya İmam Davud əz-Zahiri – rahiməhullah – evlilik niyyəti ilə qadının hər bir yerinə baxmağı caiz görmüşdür. Bununla əlaqədar olaraq qeyd etməliyik ki, zahirilərin kitablarında bu barədə heç bir nəql yoxdur; yəni İmam Davud əz-Zahiri’nin davamçıları öz imamlarından belə bir görüş nəql etməyiblər. İbn Qattan əl-Fasi – rahiməhullah – bu barədə deyir:

Qadının övrət yerinə baxmağın mübah olması barədə Davuddan rəvayət olunan görüşə gəldikdə isə belə bir görüşü onun davamçılarının kitablarında görmürəm. Bunu ondan yalnızca Əbu Həmid əl-Əsfəraini nəql etmişdir.[18]

Alləmə İbn Qattan əl-Fasi zahirilərin ədəbiyyatının geniş yayılmış olduğu məkan və zamanda yaşamışdır. Əgər İmam Davud’dan bu barədə səhih bir nəql olsaydı bu cür danışmazdı. Sözsüz ki, İbn Qattan’ın bu sözlərini nəzərə almaq lazımdır.

Hənbəli alimləri isə hədislərin zahirinə dayanaraq qadının öz məhrəmləri yanında görünən hissələrinə baxmağın caiz olduğunu deyirlər.  əl-Muvaffəq İbn Qudamə əl-Hənbəli – rahiməhullah – deyir:

Elm əhli arasında qadının üzünə baxmağın mübah olması barəsində heç bir ixtilaf yoxdur, çünki üz övrət deyildir və üz bütün gözəlliklərin bir arada toplandığı yerdir və baxış yeridir...üzdən başqa qadının yaşadığı yerdə açdığı əllər, ayaqlar və buna bənzər bədənin çox zaman görünən yerlərinə gəldikdə isə, bu barədə (İmam Əhməddən) iki rəvayət vardır: Birinci rəvayətə görə bu yerlərə baxmaq olmaz, çünki övrətdir və qadının (hətta məhrəmləri yanında belə) adi halda görünməyən yerləri kimi  bu yerlərə də baxmaq mübah deyildir. Beləki Abdullah (ibn Məsud)rəvayət etmişdir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Qadın övrətdir.” Hədis həsəndir. Üstəlik sadəcə üzə baxmaq ilə ehtiyac ödənilmiş olur və qalan yerlərə baxmaq haramlılıq hökmü üzərində qalır. İkinci rəvayətə görə isə bu yerlərə baxa bilər. Hənbəl’in rəvayətində Əhməd deyir: “Qadına və qadınla evlənməyə səbəb olacaq qol, cisim və bənzəri yerlərə baxmaqda heç bir bəis yoxdur.” Əbu Bəkr dedi: “Elçi gələrkən başı açıq olduğu halda qadına baxmaqda heç bir bəis yoxdur.” əş-Şafi isə deyir: “Üzə və əllərinə baxa bilər.[19]

Taqiyyud-Din İbn Nəccar əl-Futuhi əl-Hənbəli – rahiməhullah – deyir:

Kim bir qadına elçi göndərmək istəsə və ona yaxşı cavab veriləcəyinə dair güclü zənnə malikdirsə, qadının üzü, boynu, qolu və ayaqları kimi çox zaman görünən hissələrinə baxa bilər və baxışını təkrarlaya bilər. Əgər şəhvətdən əmin olarsa və xəlvət olmazsa qadının izni olmadan belə onun gözəlliyini baxıb nəzərdən keçirə bilər.[20]

Digər böyük hənbəli alimi Şəmsud-Din Əbu Abdilləh İbn Muflih əl-Maqdisi əs-Salihi – rahiməhullah – deyir:

“(Hənbəlilərdən) bir qrup alimə görə müstəhəbdir ki, elçilikdən əvvəl boyun və ayaqlar kimi qadının adi hallarda görünən yerlərinə baxsın. Bəzi alimlərə görə başına və baldırına da baxa bilər. İmam Əhməd’dən gələn bir rəvayətə görə yalnız üzünə, digər rəvayətə görə həm də əllərinə baxa bilər. Əbu Bəkr isə qadına başı açıq baxa biləcəyini deyir. Kişi öz baxışını təkrarlaya və qadının izni olmadan onun gözəlliklərini nəzərdən keçirə bilər.[21]

Digər hənbəli alimi Şeyx Alləmə Mənsur bin Yunus əl-Buhuti – rahiməhullah – deyir:

Qadına elçi göndərmək istəyənə - əgər ona müsbət cavab veriləcəyinə dair güclü zənnə malikdirsə - qadına baxmaq [sünnətdir]. əl-Hulvani, İbn Aqil, “ət-Tərğib” kitabının sahibi və başqaları bu görüşdədirlər. “əl-İnsaf” kitabında deyir: “Doğru olan görüş də budur.” əz-Zərkaşi deyir: “İbn Aqil və İbnul-Cəvzi bunu müstəhəb sayıblar və hədislərin zahirindən anlaşılan da budur. [(Hənbəli) alimlərinin çoxu isə bunun mübah olduğunu deyirlər]. “əl-Hidayə”, “əl-Məzhəb”, “əl-Mustəv’ib”, “əl-Xulasa”, “əl-Kəfi”, “ər-Riayəteyn”, “əl-Havi əs-Sağir”, ”əl-Faiq” və başqa kitablarda bu görüş üzərində qərar veriblər. “əl-Furu” və “Təcridul-İnayə” kitablarında bu rəvayətə üstünlük verilib. “əl-İnsaf”da deyir: “Məzhəb budur, [çünki] baxmaq əmri [daha əvvəl qadağan olduqdan sonra gəlmişdir]. əl-Muğira bin Şubə rəvayət edir ki, o,bir qadınla evlənmək istədi və peyğəmbər – salləllahu aleyhi va səlləm – ona dedi: “Qadına bax, çünki bu aranızda bağlılığın yaranması üçün daha yaxşıdır.” Bunu Əbu Davuddan başqa beşliyin[22] qalanı rəvayət etmişdir...[kim qadına elçi göndərmək istəyərsə və ona müsbət cavab veriləcəyinə dair güclü zənnə malikdirsə qadına baxa bilər və] baxışını [təkrarlaya bilər.] Qadının [izni olmadan onun gözəlliklərini nəzərdən keçirə bilər. Ola bilsin ki,] izn almamaq [daha yaxşıdır], çünki Cabirin hədisində deyilir ki, Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Sizdən biriniz bir qadınla evlənmək istəyərsə, onunla evlənməyə səbəb olacaq xüsuslara baxmaq imkanı varsa baxsın!” (Cabir) dedi: “Bənu Səlimə qəbiləsindən bir qızla evlənmək istədim, giclizə onu izlədim və onunla evlənməyimə səbəb olan xüsusiyyətlərini gördüm.” Bunu Əhməd və Əbu Davud rəvayət etmişdir. Qadınla evlənmək istəyən [şəhvətdən], yəni şəhvətin oyanmasından [qoruna bilərsə], heç bir xəlvət olmadan qadının [üz, boyun, qol və ayaqları kimi adi hallarda görünən yerlərinə baxa bilər].[23]

əl-Hafiz İbnul-Qayyim – rahiməhullah – deyir:

Əhməddən bu barədə üç rəvayət gəlmişdir: Birinci rəvayətə görə üzünə və əllərinə baxa bilər. İkinci rəvayətə görə boyun, baldır və bənzəri yerlər kimi qadının adi hallarda görünən yerlərinə baxa bilər. Üçüncü rəvayətə görə övrət olan və olmayan yerlərinin hamısına baxa bilər və bu, ona çılpaq şəkildə baxmaq barədə açıq-aşkar sözləridir.[24]

Hənbəli məzhəbinin görüşünə görə qadına baxış sadəcə üz və ələ baxmaqla məhdud deyildir. Lakin adətdə qadının öz məhrəmləri qarşısında göründüyü bir halda ona baxmağı caiz görürlər. Lakin hənbəli kitablarının çoxunda dörd üzv xüsusiləşdirilmişdir. Şeyx Muhamməd bin Suleyman əl-Əşqar hənbəli fiqhində hazırladığı “əl-Mucəllə fi Fiqhil-Hənbəli” kitabında deyir:

Dördüncü: Dörd üzvə baxmaq: bu isə kişinin həddi-büluğa çatmış qadına onunla evlənmək istədiyi və elçi göndərdikdə ona müsbət cavab veriləcəyinə dair güclü zənnə malik olduğu halda baxmasıdır. Bu zaman üzünə, boynuna, qollarına və ayaqlarına baxması sünnətdir. Şəhvətin oyanmasından qorunacağına əmin olarsa, qadınla xəlvətdə qalmadan baxışını təkrarlaması və qadının gözəlliklərini nəzərdən keçirməsi  onun üçün mübahdır. Çünki Cabirin hədisində deyir: “Peyğəmbər – salləllahu aleyhi  va səlləm – dedi: “Sizdən biriniz bir qadınla evlənmək istəyərsə, onunla evlənməyə səbəb olacaq xüsuslara baxmaq imkanı varsa baxsın!” Bunu Əhməd və Əbu Davud rəvayət etmişdir.[25]

Hənbəli alimləri bu görüşlərində peyğəmbərimizdən – salləllahu aleyhi va səlləm – rəvayət olunmuş səhih hədislərdən anlaşılan mənaya əsaslanırlar. Hədislərdə peyğəmbər – salləllahu aleyhi va səlləm – səhabəyə gizli şəkildə qıza baxmağa izn vermişdir. Əgər peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – qadına gizlicə baxmağı caiz görürsə, bu yalnız onu göstərir ki, qadın yad bir kişinin ona baxmasından qafil olduğu halda, yəni yaşadığı yerində öz məhrəmləri yanında geyindiyi tərzdə görülə bilər. Bunu izah edərkən İbn Qudamə deyir:

Qadının adi hallarda görünən yerlərinə baxmağın caiz olması görüşünün əsasları budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – qadının xəbəri olmadan ona baxmağa izn verərkən məlum olur ki, adi hallarda qadının görünən yerlərinin hamısına baxmağa izn vermiş olur, çünki açıqlıqda/üzdə görünməkdə bədənin başqa hissələri də üzə şərik olduğu halda yalnız üzü ayıraraq xususiləşdirmək mümkün deyildir və üstəlik bu yerlər adi hallarda görünən yerlərdir.  Beləliklə üz kimi həmin yerlərə də baxmaq mübah sayılmışdır. Üstəlik şəriyyətin əmri ilə baxılması mübah buyurulmuş bir qadındır, bununla da qadının məhrəmlərində olduğu kimi qadının həmin yerlərinə baxmaq mübah görülmüşdür.[26]

İbn Qudamə’nin bu izahını Şeyx əl-Buhuti “Kəşşəful-Qina” kitabında da gətirir və bu, hədislərin zahirindən anlaşılan dəlildir.

Bu, mövzu haqqında təqdim etmək istədiklərimizdir. Ümidvarıq ki, müsəlman bacı və qardaşlarımız İslamın bu gözəl ədəb qaydalarına lazımi dəyər verəcəklər.

Salləllahu alə nəbiyyinə Muhamməd va alə əlihi və əshabihi va səlləmə təslimə!

 

Samir Firdovsioğlu

 

 


[1] İbn Qudamə, “əl-Muğni”, 9/489; Darul-Aləmil-Kutub, ər-Riyad, üçüncü nəşr: 1417/1997

[2] ən-Nəvəvi, “Ravdatut-Talibin va Umdətil-Muftiyyin”, 7/19-20

[3] əl-Bilihi, “əs-Səlsəbil fi Marifətid-Dəlil”, 2/305; Darul-Məarif, ər-Riyad, dördüncü nəşr: 1407/1986

[4] Şeyx Mustafa ər-Ruheybəni, “Mətalibu Ulin-Nuhə fi Şərh Ğayətil-Muntəhə”, 5/11; Mənşuratul-Kutubil-İsləmiyyə, Dəməşq.

Mötərizə içindəki sözlər Şeyx Mari bin Yusuf əl-Kərmi’nin “Ğayətul-Muntəha” kitabındakı sözləridir.

[5] əl-Həccavi, “Zadul-Mustəqni”, 1/161

[6] İbn Useymin, “əş-Şərh əl-Mumti alə Zadil-Mustaqni”, 12/19; Dar İbnil-Cəvzi, Səudi Ərəbistan, birinci nəşr: hicri 1427

[7] əz-Zərkaşi, “Şərhul-Zərkaşi alə Mətnil-Xiraqi”, 3/193; Məktəbul-Əsədi, Məkkə, üçüncü nəşr: 1430/2009

[8] “Haşiyətur-Ravdil-Murbi Şərh Zadil-Mustaqni”, 6/232; birinci nəşr, 1399

[9] əl-Bəhuti, “ər-Ravdul-Murbi”, 1/509; Darul-Muəyyəd və Muəssəsətur-Risalə.

Mötərizə içindəki sözlər əl-Həccavi’nin “Zadul-Mustaqni” kitabındakı sözləridir. əl-Bəhuti o sözləri şərh edir.

[10] “Haşiyətur-Ravdil-Murbi Şərh Zadil-Mustaqni”, 6/233

[11] İbn Qattan əl-Fasi, “ən-Nəzaru fi Əhkəmin-Nəzari bi-Həssətil-Bəsari”, səh: 185; Darus-Sahabə lit-Turas bi-Tanta, birinci nəşr: 1414/1994

[12] əz-Zərkaşi, “Şərhul-Zərkaşi alə Mətnil-Xiraqi”, 3/193

[13] Bax: “əl-Havi əl-Kəbir”, 9/35

[14] əl-Mavərdi, ”əl-Havi əl-Kəbir fi Fiqhi Məzhəbi İmam əş-Şafi”, 9/33; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1414/1994

[15] ən-Nəvəvi, “Ravdatut-Talibin va Umdətul-Muftiyyin”, 7/20

[16] əd-Dusuqi, “Haşiyətud-Dusuqi aləş-Şərh əl-Kəbir”, 2/215

[17] “Haşiyətu İbn Abidin”, 5/325; İbn Rüşd, “Bidayətul-Muctəhid va Nihayətul-Muqtəsid”, 3/10

[18] “ən-Nəzaru fi Əhkəmin-Nəzari bi-Həssətil-Bəsari”, səh: 186

[19] İbn Qudamə, “əl-Muğni”, 9/490-491

[20] İbn Nəccar, “Muntəhə əl-İradət fi Cəmil-Muqni məət-Tənqih va Ziyədət”, 4/51; Muəssəsə ər-Risalə, Beyrut, birinci nəşr: 1419/1999

Kitaba haşiyə yazmış İbn Qaid adı ilə məşhur olan Osman bin Əhməd bin Said ən-Nəcdi – rahiməhullah – haşiyəsində deyir: “Müəllifin “ona yaxşı cavab veriləcəyinə dair güclü zənnə malikdirsə” sözləri; yəni əks təqdirdə caiz deyildir, necəki bunu əl-Curai “Həvaşi əl-Furu” kitabında zikr etmişdir.” İbn Qaid’in adını zikr etdiyi əl-Curai “Ğaytul-Mətləb fi Marifətil-Məzhəb” adlı kitabın sahibi Taqiyyuddin Əbu Bəkr bin Zeyd əl-Curai əl-Hənbəli əd-Diməşqi’dir.

[21] İbn Muflih, “əl-Furu”, səh: 1246; Beytul-Əfkarid-Dəvliyyə, Amman

[22] Beşlik dedikdə bununla ət-Tirmizi, ən-Nəsai, Əbu Davud, İbn Macə və Əhmədi qəsd edirlər.

[23] əl-Buhuti, “Kəşşaful-Qina anil-İqna”, 11/150-152, Səudi Ərəbistan ədalət nazirliyi, birinci nəşr: 1429/2008

Parantez içindəki sözlər “əl-İqna” kitabının sahibi əl-Həccavi’yə aiddir.

[24] İbnul-Qayyim, “Təhzibus-Sunən”, 3/25-26

Şeyx Nasirud-Din əl-Albani – rahiməhullah – “əs-Sahihə”də (1/206-209) İbnul-Qayyim’in bu sözlərini nəql etdikdən sonra deyir: “İkinci rəvayət hədislərin zahiri mənasına və səhabələrin bu hədisləri tətbiq etmə şəklinə daha yaxındır. Doğrusunu Allah bilir.”

[25] Muhamməd əl-Əşqar, “əl-Mucəllə fi Fiqhil-Hənbəli”, 2/502; Darul-Qaləm, Dəməşq, birinci nəşr: 1419/1998

Onun hazırladığı “əl-Mucəllə” kitabı hənbəli fiqhini öyrənən hər bir tələbə üçün çox faydalı bir qaynaq olmuşdur. O bu kitabını Şeyx Mari əl-Kərmi’nin “Dəlilut-Talib” kitabında, bu kitaba yazılmış iki şərhdən; Şeyx Abdul-Qadir ət-Təğləbi’nin “Neylul-Maarib” və Şeyx İbrahim bin Duveyyan ən-Nəcdi’nin məşhur “Mənarus-Səbil” kitablarından hazırlamışdır. Bu üç kitaba dördüncü bir kitabı da əlavə edərək kitabı ən gözəl şəkildə, asan bir dildə tamamlamışdır və dördüncü kitab Şeyx Abdul-Ğani əl-Lubədi’nin “Haşiyətu Neylil-Maarib” kitabıdır.

[26] “əl-Muğni”, 9/491

 

Kitaba haşiyə yazmış İbn Qaid adı ilə məşhur olan Osman bin Əhməd bin Said ən-Nəcdi – rahiməhullah – haşiyəsində deyir: “Müəllifin “ona yaxşı cavab veriləcəyinə dair güclü zənnə malikdirsə” sözləri; yəni əks təqdirdə caiz deyildir, necəki bunu əl-Curai “Həvaşi əl-Furu” kitabında zikr etmişdir.” İbn Qaid’in adını zikr etdiyi əl-Curai “Ğaytul-Mətləb fi Marifətil-Məzhəb” adlı kitabın sahibi Taqiyyuddin Əbu Bəkr bin Zeyd əl-Curai əl-Hənbəli əd-Diməşqi’dir.