Məzlumun zalımdan qoparacağı xeyir

Heç bir cəmiyyət tarix boyu oğurluq, qəsbkarlıq kimi zülmdən azad olmamışdır və bu cür zülmlər həm müsəlman, həm də qeyri-müsəlmanlar arasında yayqın olub. Lakin müsəlmanlara gündəlik həyatlarında İslam təliminin işığında hərəkət etməkləri lazım olduğu üçün onlara bu cür zülmə məruz qaldıqda Allahın rızasına uyğun davranışın keyfiyyəti haqqında məlumat vermək istəyirik.  Bu barədə böyük İslam alimi Zeynud-Din Əbul-Fərəc Abdur-Rahmən bin Əhməd bin Rəcəb əl-Hənbəli’nin yazdığı qısa və faydalı bir yazını təqdim etmək istəyirik. “Muxtəsarun fi Muamələtiz-Zalim əs-Sariq” adlanan bu kiçik risalə İbn Rəcəb’in yazdığı bir çox faydalı risalələrdən biridir. Onun bu risaləsi digər risalələri ilə birlikdə Əbu Musab əl-Hulvani’nin təhqiqi ilə “Məcmu Rasəil əl-Hafiz İbn Rəcəb əl-Hənbəli” adı altında bir kitab şəklində çap olunub. əl-Hafiz İbn Rəcəb bu kitabında müsəlmanlara oğru kimi zalımlara necə münasibət göstərməyi öyrədir.

 

 

Ey Kərim olan Rəbbim, asanlıq ver!

 

Sonra:

 

Bu, zalım və oğru biri ilə müamələ etməkdə mərifət və həqiqətləri bilən alimlərdən rəvayət olunmuş xəbərlər haqqında müxtəsər bir yazıdır.

Peyğəmbərdən – salləllahu aleyhi va səlləm –oğrunu söyməyi və ona bəd-dua etməyi qadağan etməsi haqqında hədis rəvayət olunub. Əbu Davud[1] Aişənin hədisindən rəvayət edir ki, “onun (Aişənin) bir örtüsü oğurlanır və o, oğruya bəd-dua etməyə başlayır. Buna görə peyğəmbər – salləllahu aleyhi va səlləm – ona dedi: “Onun halını təsbix etmə!” Əbu Davud dedi: “Təsbix etmə!” sözünün anlamı “yüngül etmə!” deməkdir.

İmam Əhməd bir başqa yol ilə Aişədən belə dediyini rəvayət edir: “Mənim örtüm oğurlandı və oğruya qarşı Allaha dua etdim və peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Onun halını xəfifləşdirmə, onu öz günahı ilə tərk et!”[2] Burada qəsd olunan budur ki, malın oğurlanması və buna bənzər işlərin baş verməsi dünyada baş verən müsibətlərin bir hissəsidir və müsibətlərin hamısı insanın günahları üçün kəffarədir[3]. Bu cür işlərdə səbr etmək səbr sahibinə bol-bol əcr gətirir.

Sadəcə müsibətin baş verməsinə görə əcr qazanmaq məsələsi barəsində alimlər arasındakı fikir ayrılığı məşhurdur.[4]

Əgər müsibət oğru, qəsbkar və bunun kimi zalım bir insan övladının əməlindən doğursa məzlum tərəf qiyamət günü zalımın savabından götürməyə haqq qazanır və əgər onun savabı yoxdursa məzlumun pislikləri onun üzərinə yüklənir.

Beləliklə əgər məzlum biri bu dünyada ona zülm edənə bəd-dua edərsə duası ilə haqqının bir hissəsini almış olur və bununla zalımın günahını yüngülləşdirmiş sayılır. Buna görə də peyğəmbər – salləllahu aleyhi va səlləm – Aişəyə səbr etməsini və ona qarşı dua etməməsini buyurdu, çünki (ona qarşı dua etməsi) onun halını xəfifləşdirir. ət-Tirmizi Aişənin hədisindən rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Kim ona zülm edənə bəd-dua edərsə artıq intiqam almışdır.”[5]

Leys Talha’dan rəvayət edir ki, bir adam başqa birini vurdu və dedi: “Allahım, əgər mənə zülm etdisə məni ondan qurtar!” Bundan sonra Məsruq ona dedi: “Artıq haqqını aldın.”

Mücahid deyir: “Heç kəsi söymə, çünki bu, onun halını yüngülləşdirir, lakin Allah üçün qəlbində sev və Allah üçün qəlbində nifrət et!” Səlim bin Əbi Cad isə demişdir: “Dua qisasdır.”

Bir nəfər Ömər bin Abdil-Aziz’ə ona zülm etmiş başqa bir nəfəri şikayət etdi və onu söyməyə başladı. Ömər ona dedi: “Sənin bu zülmlə Allahın hüzuruna çıxmağın artıq haqqını almış şəkildə Onun hüzuruna çıxmağından xeyirlidir.”

Həmçinin dedi: Mənə çatan xəbərə görə bir nəfərə bir haqsızlıq ilə zülm edilərsə və məzlum o zalımı davamlı o qədər söyüb durar və onu alçaldar ki, sonunda məzlum öz haqqını alar və zalımın onun üzərində artıq haqqı olar. Sələfdən bir nəfər dedi: “Əgər insanlar öz hökmdarlarına qarşı bəd-dua etməsəydilər, hökmdarlarının (bu dünyadakı) cəzası tez gələrdi.” Bu sözlərin mənası budur ki, o, bununla insanların onlara bəd-dua etməklə zalımdan haqlarını və ya haqlarının bir hissəsini almaqlarına işarə edir, beləliklə bunun nəticəsində onların (bu dünyadakı) aqibətləri dəf olunur.

İmam Əhməd’dən belə dediyi rəvayət olunur: “Zülm edənə qarşı bəd-dua edən səbr edən sayılmaz.”

İmam Əhməd’in “əl-Müsnəd” əsərində Əbu Hureyra’dan rəvayət olunur; o isə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət edir: “Bir haqsızlıq ilə zülm olunmuş və Allah üçün – Azzə və Cəllə - (bu zülm haqqında) susmuş elə bir qul yoxdur ki, Allah bu səbəblə ona güclü dəstək olmasın.”[6] Bu mənaya Muslim’in “əs-Sahih” kitabında[7] Əbu Hureyra vasitəsi ilə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət etdiyi hədis şahidlik edir; dedi: “Əfv etdiyinə görə bir qulunun Allah yalnız izzətini artırar.”

Ona zülm edən birinə qarşı adillik ilə dua etməsi caizdir, bununla ondan haqqının bir hissəsini almış olur və əgər ona qarşı duasında həddini aşarsa, belə bir şey caiz olmaz.

Allahu Təalənin “Allah pis sözün ucadan deyilməsini sevmir, yalnız zülm olunmuş kimsələr istisnadır” sözləri haqqında İbn Abbas deyir: “Allah bir kimsənin başqa bir adama bəd-dua etməsini sevmir, yalnız məzlum olması istisnadır, çünki zülm edənə qarşı bəd-dua etməsində ona rüxsət verilmişdir və bu, Allahın “yalnız zülm olunmuş kimsələr istisnadır” sözlərində öz əksini tapır. Səbr edən isə daha xeyirli iş görmüşdür.

əl-Həsən (əl-Basri) dedi: “Zülm edən kəsə qarşı bəd-dua etməsinə rüxsət verilib və bu, Allahu Təalənin “yalnız zülm olunmuş kimsələr istisnadır” sözləridir. Səbr etmək isə daha xeyirlidir.” əl-Həsən dedi: “Zülm edən kəsə qarşı həddini aşmadan bəd-dua etməsinə rüxsət verilib.” Ondan yenə belə dediyi rəvayət olunub: “Ona qarşı bəd-dua etmə, lakin de: “Allahım, ona qarşı mənə kömək et və mənim haqqımı ondan çıxar!” Ariflər arasında elələri də var idi ki, ona zülm edənə rəhm edərdi, bəlkə də onun üçün xeyir-dua edərdi. Onlardan birinin əşyası oğurlandı və ona dedilər ki, “ona qarşı Allaha dua et!” O isə cavabında buyurdu: “Allahım, əgər kasıbdırsa onu varlı et və əgər varlıdırsa qəlbini doğruya yönəlt!”[8]

İbrahim ət-Teymi deyir: “And olsun ki, bir insan mənə zülm etsə mən ona rəhm edərəm.” Ona dedilər: “Sənə zülm etdiyi halda ona necə rəhm edə bilirsən?” Dedi: “Çünki o, kimin qəzabına düçar olduğunu bilmir.” Bir nəfər Əyyub əs-Sixtiyani’yə şiddətli bir əziyyət verdi. Onlar ayrıldıqda isə Əyyub dedi: “Mən ona rəhm edirəm, çünki biz ondan ayrılırıq, amma onun xarakteri özü ilə qalır.”

Onlardan bəziləri deyib: “Sənə zülm edənin zülmü sənə ağır gəlməsin, çünki əslində o yalnız özünə zərər verməyə, sənə isə fayda verməyə nail oldu.”

Saleh sələflərdən birinə dedilər ki, fılankəs səni təhqir edir və o, dedi: “And olsun ki, ona (bunu etməyi) əmr edəni mən qəzəbləndirəcəm. Allah onu və məni bağışlasın!” Soruşdular ki, ona (bunu) əmr edən kimdir? Dedi: “Şeytan”.[9]

əl-Həccac bin əl-Furafisa dedi: “Bizə çatan xəbərlərə görə bəzi kitablarda belə yazılıb: “Kim ona zülm edən kəs üçün bağışlanma diləyərsə şeytanı məğlub etmiş sayılır.”

əl-Fudeyl bin İyad dedi: “Düşmənindən qazandığın savablar dostundan qazandığın savabdan çoxdur! Çünki düşmənin sənin qeybətini edir və gücə-gündüz sənə ödəyir. Sənin hüzurunda onun adını çəksələr “Allahım, onu həlak” deməkdən razı olma, əksinə onun üçün Allah dua et: “Allahım, onu islah eylə! Onu düzəlt!” Beləliklə Allah sənə etdiyin duaların əcrini verəcək. Əgər kimsə bir nəfərə “Allahım, onu həlak et” şəklində dua edərsə şeytanın arzusunu həyata keçirmiş olur, çünki Allah Adəmi yaradandan bəri şeytan yalnız insanların həlakı üçün çalışmışdır.

İmam Əhməd’in “əz-Zühd” kitabında qeyd olunur ki, Fudeyl bin İyad’ın xorasanlılardan olan qardaşlarından bir nəfər Məkkəyə gəldi və əl-Haram məscidində əl-Fudeyl ilə oturub onunla söhbət elədi. Sonra xorasanlı ayağı durub tavaf etdi və ondan altmış ya da yetmiş dinar pul oğurladılar. Xorasanlı çıxıb ağlamağa başladı və Fudeyl ona dedi: “Nə olub sənə?” Dedi: “Dinarlarım oğurlanıb.” Dedi: “Ona görə ağlayırsan?” Dedi: “Xeyr! Özümü və onu Allahın – Azzə və Cəllə - qarşısında təsvir etdim və onun bəhanəsinin rədd olunacağı anı düşünməyə az qalmışdı ki, ona rəhmim gəldiyi üçün ağladım.

Əvvəlki zamanda insanlardan birinin bir şeyi oğurlanır və buna görə üzülür. Onun bu halı ariflərdən birinə söylənir və ona deyir: “Əgər malının itirilməsindən çox ümmətdən bir nəfərin bu əməli etməyinə kədərlənmirsənsə, bəndələrinə münasibətdə Allaha – Azzə və Cəllə - nəsihət borcunu yerinə yetirməyibsən.”

İmam Əhməd, Əbu Davud, ən-Nəsai və İbn Macə Əbu Umeyyə əl-Məxzumi vasitəsilə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət edirlər ki, (günahını) etiraf etmiş bir oğrunu gətirirlər və (oğurladığı) mal onun üstündə tapılmamışdı. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Sənin bir şey oğurladığını düşünmürəm.” Dedi: “Xeyr, oğurladım.” (Peyğəmbər eyni sözləri) ona iki və ya üç dəfə təkrarladı. Sonra əmr etdi və (əli) kəsildi. Sonra onu gətirdilər. Dedi: “Allahdan bağışlanma dilə və Ona tövbə et!” Dedi: “Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm.” (Peyğəmbər) üç dəfə dedi: “Allahım, onun tövbəsini qəbul et!”[10] (Rəvayətin) sözləri Əbu Davuda aiddir.

“Sahih əl-Buxari” kitabında[11] Əbu Hureyra vasitəsilə Allahın Elçisindən – salləllahu aleyhi va səlləm – rəvayət olunur ki, içki içmiş bir adam (onun hüzuruna) gətirilir və (peyğəmbər) dedi: “Onu vurun!” Onu vurdular və oradan ayrıldıqda oradakı insanlardan biri dedi: “Allah səni rüsvay etsin!” Bunun üzərinə Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Belə deməyin! Şeytana qardaşınıza qarşı kömək etməyin!” Yenə onun rəvayət etdiyi bir başqa hədisdə[12] deyir: “Qardaşınıza qarşı şeytanın köməkçisi olmayın!” Bunu ən-Nəsai mənası ilə rəvayət edib[13] və bu sözləri əlavə edib: “Lakin belə deyin: “Allah sənə rəhm etsin!” Bunun həmçinin Əbu Davud rəvayət etmiş[14] və onda (əlavə sözlər) belədir: “Lakin belə deyin: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!”

əl-Buxari həmçinin Ömər bin əl-Xattab vasitəsilə rəvayət edir ki, peyğəmbərin – salləllahu aleyhi va səlləm – zamanında Abdullah adlı bir adam var idi və ləqəbi “uzunqulaq” idi. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – ona gülərdi və Allahın Elçisi – salləllahu aleyhi va səlləm – artıq onu bir dəfə şərab içdiyinə görə çubuqla döydürmüşdü. Bir gün onu gətirdilər və onun çubuqla döyülməsini əmr etdi. Orada duran insanlardan biri dedi: “Allahım, ona lənət et! Adamı (içdiyinə görə) nə qədər gətirmək olar?!” Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Ona lənət etməyin! Çünki Allaha and olsun ki, onun Allahı və Rasulunu sevməsindən başqa bir şey bilmirəm.”[15]

(Yazı burada) bitdi. Salləllahu alə seyyidinə Muhamməd!

 


[1] “Sünən Əbi Davud”, (1492, 4873) Şeyx əl-Albani – rahiməhullah – bu hədisin təhqiqində sənədindəki Həbib bin Əbi Sabit’ə görə hədisi zəif saymışdır, çünki onun çoxlu tədlis edən ravi olduğunu söyləmişdi. Lakin “əs-Silsilə əs-Sahihə” kitabında (rəq: 3413) bu ravi haqqında daha geniş danışaraq onun hədislərinin məqbul olduğunu deyir və tədlisinin az olduğunu söyləyir. Lakin Həbib bin Əbi Sabit’in az tədlis etdiyini qəbul etsək belə, hədisin başqa bir problemi vardır və bundan sonrakı dipnotda ona işarə edilib.

[2] Əhməd “əl-Müsnəd”də (6/45, 136) rəvayət edir. Bu hədisi əl-Uqeyli zəif sayır, çünki Yəhya bin Said əl-Qattan deyir ki, “onun Ata’dan rəvayət etdiyi hədislər məhfuz deyildir”, yəni şazdır. əl-Uqeyli onunla razılaşmış və misal olaraq Aişədən rəvayət edilən bu hədisi göstərmişdir. Buna görə də Şeyx Şueyb əl-Arnavut “əl-Müsnəd” əsərinin təhqiqində bu hədisin sənədinin zəif olduğunu deyir.

[3] Müsəlmanın başına gələn müsibət və bəlalar onun hesabındakı kiçik günahları təmizləyir. Müsibətlərin kəffarə olmasının anlamı budur.

[4] Əgər müsəlmanın başına bir müsibət gələrsə, sadəcə olaraq bu müsibətə görə günahları təmizlənirmi və əcr qazanırmı? Günahların təmizlənməsinə gəldikdə alimlər bu məsələdə ixtilaf ediblər. əl-Qurtubi qeyd edir ki, yalnız müsibətə səbr etdikdə insanın günahları təmizlənə bilər, əks təqdirdə müsibətin baş verməsinə görə heç bir əcr düşmür. Bu, həm də Alləmə İzzud-Din bin Abdis-Sələm’in görüşüdür; ona görə əcr və cəza yalnız kəsb yolu ilə olur, yəni insan bunu öz əməli ilə qazanır, mücərrəd müsibətin baş verməsinə görə qazanmaz. Lakin onun tələbəsi maliki üsul alimi əl-Qarafi’yə görə mücərrəd müsibətin böyüklüyünə uyğun olaraq günahlar təmizlənər və əgər səbr edərsə kəffarəsi də tezləşər və böyüyər. əl-Hafiz İbn Hacər bu görüşə üstünlük vermiş və “Fəthul-Bari” kitabında Şeyx İbn Abdis-Sələm’in görüşünü tənqid etmişdir.

[5] Bunu İbn Əbi Şeybə “əl-Musannəf”də (10/347-348), ət-Tirmizi “əl-Cami”də (3552), Əbu Yalə “əl-Müsnəd”də (4454, 4631) və İbn Adiy “əl-Kamil”də (6/2407) rəvayət edir. Sənədində Məymun Əbu Həmzə əl-Əavar adlı ravi vardır və o, zəifdir. ət-Tirmizi deyir: “Bu ğarib bir hədisdir, bunu Əbu Həmzə’dən başqa kiminsə rəvayət etdiyini bilmirik. Elm əhlindən bəziləri Əbu Həmzə haqqında yaxşı danışmayıblar və o, Məymun əl-Əavar’dır.”

[6] İmam Əhməd “əl-Müsnəd”də (2/436) rəvayət edir. Şeyx Şueyb təliqdə hədisin “həsən li-ğeyrihi” hökmündə olduğunu deyir. Bu isə hədisin özlüyündə zəif olması anlamına gəlir, lakin digər mutabiat və şahidlər sayəsində hədis həsən hökmünə qədər qalxır.

[7] “Sahih Muslim”, (2588)

[8] Bu sözlər ər-Rabi bin Xeysəm’ə aiddir və onun atı oğurlandıqda yanındakılar ondan nə üçün bəd-dua etmədiyini soruşdular və ər-Rabi cavabında onun üçün belə dua etdi. Bax: Əbu Nueym, “Hilyətul-Əvliya va Tabaqatul-Əsfiya”, 2/111

[9] Bu sözlərin sahibi əl-Fudeyl bin Ğazvan’dır və mənası budur ki, əl-Fudeyl həmin adama bəd-dua edərək şeytanın məqsədinə nail olmasına imkan vermir, əksinə ona və özünə Allahdan məğfirət diləyərək şeytanın planlarını pozur və onu qəzəbləndirir.

[10] Bu hədisi İmam Əhməd (5/293), əd-Darimi (2303), Əbu Davud (4380), İbn Macə (2597), ən-Nəsai (8/67), İbn Əbi Asim “əl-Əhəd val-Məsani”də (731) və əd-Dəuləbi “əl-Kunə”də (1/14), ət-Tahavi “Şərhu Məanil-Əsər”də (3/168-169), ət-Tabərani “əl-Kəbir”də (22/905) və əl-Mizzi “Təhzibul-Kəmal” kitabında (33/57) Əbu Umeyyə’nin tərcüməsində rəvayət edir. Bu hədisin sənədi zəifdir, çünki sənədindəki Əbu Zərin azadlı qulu Əbul-Munzir tanınmır. Lakin hədis özü səhihdir, çünki ət-Tahavi’nin (3/168) və əl-Beyhəqi’nin (8/275-276) Əbu Hureyra’dan rəvayət etdikləri hədis bunun mətnin səhih olduğuna şahidlik edir.

[11] “Sahih əl-Buxari”, (6777)

[12] “Sahih əl-Buxari”, (6781)

[13] “Tuhfətul-Əşraf”da (10/474) deyildiyi kimi ən-Nəsai bunu “əs-Sünən əl-Kubra”da rəvayət edib.

[14] “Sünən Əbi Davud”, (4478)

[15] “Sahih əl-Buxari”, (6780)