Üz üstə yatmaq

Mərhəmətli və Rəhimli Allahın adı ilə

 

Bu yazımızda insanın qarnı üstə yatması haqqında şəriətin münasibətini araşdırmaq istəyirik, çünki məsələ hər bir müsəlmanın günlük həyatından qarşılaşdığı bir məsələdir. Bu yazımızı üç hissəyə bölürük. İlk olaraq hənbəli alimlərinin bu barədə söylədiklərinə toxunmağı düşünürük. Daha sonra məsələ haqqında gəlmiş hədisləri araşdıracağıq və onların səhih olub olmamaqlarına nəzər salacağıq. Axırıncı olaraq digər məzhəb alimlərinin sözlərini qısa olaraq qeyd edəcəyik. Tövfiq Allahdandır!

 

Hənbəli alimləri insanın qarnı üstündə, yəni üzü üstündə yatmasını məkruh sayıblar. Ən böyük hənbəli alimlərinin sözlərini təqdim edib qaranlıq qalan məqamları izah etməyə çalışacağıq. Alləmə Şərəfud-Din Musa bin Əhməd Əbun-Nəca əl-Həccavi əl-Maqdisi – rahiməhullah – deyir:

Daşla döşənməmiş çatı səthinin üzərində yatmaq, qarnı üstündə yatması, övrətinin açılmasından qorxarsa beli üstündə yatması və əsr ilə sübh namazlarından sonra yatmaq...məkruhdur.[1]

Alləmə İmam Əbu Abdilləh Şəmsud-Din Muhamməd İbn Muflih əl-Maqdisi – rahiməhullah - deyir:

Sol tərəf üstə çox yatmaq qəlbə zərərdir, çünki orqanlar ona tərəf meyl edir və maddələr ora tökülür. Bel üstə yatmaq da pisdir, bu şəkildə çox yatmaq gözlərə və məniyə zərər verir. Yuxuya getmədən rahatlıq üçün uzanarsa zərər verməz. Bundan da pisi üzü üstə uzanmaqdır.[2]

Bu sözlərin eynisi İmam əl-Hafiz İbnul-Qayyim əl-Cəvziyyə “Zadul-Məad” kitabında[3] söyləyir.

İmam İbn Rəcəb əl-Hənbəli – rahiməhullah – deyir: “Məsciddə üz üstə sərilmək olmadan istənilən şəkildə uzanmaq caizdir, çünki peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət edirlər ki, bunu (yəni üz üstə uzanmağı) qadağan etmişdir.[4]

Digər böyük hənbəli alimi Şeyx Əbul-Aun Şəmsud-Din Muhamməd bin Əhməd bin Səlim əs-Səfərini ən-Nəblusi – rahiməhullah – deyir:

Üzü üstə sərilmiş halda yatmaq məkruhdur, yəni onun heç bir üzr olmadan qarnı üstündə yatması məkruhdur, çünki İmam Əhməd Əbu Hureyra’dan – radiyallahu anhu – belə dediyini rəvayət edir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – qarnı üzərində uzanmış birinin yanına gəldi və onu ayağı ilə tərpətdi və dedi: “Bu cür uzanmağı Allah – Azzə və Cəllə - sevmir.” Bunu İbn Hibban “əs-Sahih” adlı kitabında rəvayət edir.[5]

Buradan öyrənirik ki, üz üstə uzanmaq hənbəli alimlərinə görə məkruhdur və əs-Səfərini yuxarıdakı sözlərində əlavə olaraq qeyd edir ki, bu cür uzanmaq heç bir üzr olmadığı halda məkruhdur. Aydın olur ki, hər hansı bir üzr səbəbilə üz üstə yatarsa məkruh sayılmaz.

Belə kiçik bir müqəddimədən sonra mövzu haqqında gəlmiş hədislərin səhihliyinə nəzər salmaqda fayda olduğunu görürəm. Bu barədəki hədislər səhabələrdən Yə’iş bin Tixfə, Əbu Hureyra, əş-Şərid əs-Suləmi və Əbu Umamə’dən rəvayət olunub. Bu hədisləri bir-bir araşdıraq!

 

 

Yə’iş bin Tixfə bin Qeys əl-Ğifari



Yə’iş bin Tixfə’dən belə dediyi rəvayət olunur: “Atam əs-Suffə əhlindən biri idi və Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Mənimlə birlikdə Aişənin ( radiyallahu anhə ) evinə gəlin!” Biz də getdik və dedi: “Ey Aişə! Bizə yemək ver!” Bir həşişə[6] gətirdi və onu yedik. Sonra dedi: “Ey Aişə! Bizə yemək ver!” Bağrıqara kimi[7] bir heysə[8]gətirdi və onu da yedik. Sonra dedi: “Ey Aişə! Bizə içməyə bir şey ver!” Böyük bir qabda süd gətirdi və onu içdik. Sonra dedi: “Ey Aişə! Bizə içməyə bir şey ver!” Bundan sonra kiçik bir qab gətirdi və biz onu içdik. Sonra dedi: “Diləsəniz (burda) geclərsiniz, diləsəniz məscidə gedə bilərsiz!” Dedi: “Mən məsciddə ağciyər səbəbilə qarnım üstə uzandığım halda birdən gördüm ki, bir nəfər məni ayağı ilə tərpədir və deyir: “Bu cür uzanmağa Allah buğz edir!” Dedi: “Baxıb gördüm ki, Allahın Elçisidir, salləllahu aleyhi va səlləm.[9]

Bu hədis zəif bir hədisdir və zəif olmasının əsasən iki səbəbi vardır. Birinci səbəb sənədinin iztirablı, qarma-qarışıq, ikinci səbəb isə İbn Tixfə’nin məchul biri olmasıdır. Sənəddəki iztirab haqqında əl-Hafiz İbn Abdil-Bərr deyir: “Tihfə əl-Ğifari; onun haqqında çoxlu ixtilaf edilib və güclü bir iztirab ilə qarmaşaya düşüblər. Bəziləri (onun adını) Tihfə bin Qeys, bəziləri Tixfə bin Qeys, bəziləri isə Tiğfə deyiblər, bir başqaları isə Tiqfə deyib. Həmçinin Qeys bin Tuxeyfə olduğu da deyilib. Bəziləri “Yə’iş bin Tixfə öz atasından (rəvayət edir)” şəklində, bir başqaları “Abdullah bin Tixfə atası vasitəsilə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – (rəvayət edir)” şəklində deyiblər. Bəziləri də “Tihfə, Əbu Zərr vasitəsilə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – (rəvayət edir)” sözləri ilə rəvayət etmişdir. Onların hamısının hədisi birdir: “əs-Suffa’da qarnım üstündə yatmış halda idim və Allahın Elçisi – salləllahu aleyhi va səlləm – ayağı ilə məni tərpətdi və dedi: “Bu cür yatmağa Allah buğz edir.” əs-Suffə əhlindən olmuşdur. Elm əhlindən bəziləri deyir ki, səhabəlik onun oğlu Abdullaha aiddir və rəvayəti danışan odur. Onun hədisini Yəhya bin Əbi Kəsir rəvayət edir və(ondan rəvayət edənlər) onun (yəni Tixfə’nin) haqqında ondan rəvayət edərkən ixtilaf ediblər.[10]

Həmçinin əl-Hafiz əl-Mizzi deyir: “Tixfə bin Qeys əl-Ğifari, bir səhabədir, o, yalnız bir hədis rəvayət edib ki, o da qarın üstə yatmağın qadağan olması haqqındadır. Bunu Yəhya bin Əbi Kəsir rəvayət edib və ondan rəvayət edənlər onun (yəni Tixfə’nin) haqqında uzun və geniş bir ixtilaf ediblər...[11] Daha sonra əl-Mizzi sənəddə baş vermiş ixtilafı və iztirabı zikr etmişdir.

Bu hədis haqqında müasir alimlərdən Şeyx Nasirud-Din əl-Albani – rahiməhullah – deyir: “Zəif və iztirablıdır, lakin (hədisin) qarın üstə yatmaq hissəsi səhihdir.[12] Şeyx əl-Albani hədisin isnadına əsasən zəif olduğunu deyir, lakin qarın üstə yatmaq hissəsinin səhih olduğunu söyləməsinə gəldikdə isə, bu, onun bu barədə gəlmiş digər hədisi səhih sayması ilə bağlıdır. Eynilə Şeyx Şueyb əl-Arnavut həm hədis, həm də isnad üçün hökm verərək deyir: “(Hədis) həsən li-ğayrihi hökmündədir, bu isə zəif bir isnaddır, çünki iztirablıdır və İbn Tixfə məchuldur/tanınmır; onun və atasının adında iztirab edilib/qarışıq rəvayətlər gəlib.[13] Gördüyümüz kimi Şeyx Şueyb hədisin başqa hədisə əsasən həsən olduğunu, lakin məhz bu isnadın zəif olduğunu deyir. Onun hansı hədisə əsasən bu hədisi həsən sayması qarşıda zikr olunacaq.

Burada onu da əlavə etməliyik ki, bu hədis bir qədər fərqli sənədlə gəlib. İbn Macə deyir: “Yaqub bin Humeyd bin Kasib bizə rəvayət etdi; İsmayıl bin Abdilləh – və o, İbn Əbi Uveys’dir - bizə rəvayət etdi; Muhamməd bin Nueym ibn Abdilləh əl-Mucmir bizə atasından, o da İbn Tixfə əl-Gifari’dən, o isə Əbu Zərdən belə dediyini rəvayət etdi: “Mən qarnım üstə uzandığım halda peyğəmbər – salləllahu aleyhi va səlləm – yanımdan keçdi və ayağı ilə məni tərpədərək dedi: “Ey Cuneydib!”Bu cür uzanmaq tərzi yalnız cəhənnəm əhlinə aiddir.[14]

Gördüyünüz kimi bu səfər İbn Tixfə bunu öz atasından deyil, böyük səhabə Əbu Zərdən rəvayət edir, lakin bu, xətadır və heç kəs bunu bu şəkildə rəvayət etməmişdir. Buna görə də əl-Hafiz əl-Mizzi deyir: “Bu, münkər bir sözdür, başqa birinin bu cür rəvayətdə ona tabe olduğunu bilmirik.[15]

 

 

Əbu Hureyra



İmam Əhməd deyir: “Muhamməd bin Bişr bizə rəvayət etdi; Muhamməd bin Amr bizə rəvayət etdi; Əbu Sələmə bizə Əbu Hureyra’dan belə dediyini rəvayət etdi: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – qarnı üzərində uzanmış bir kişi gördü və dedi: “Həqiqətən bu cür uzanma tərzini Allah – Azzə və Cəllə - sevmir.[16]

Bu hədisin isnadının zahirdə həsən olduğu görünür və bu səbəblə Şeyx Nasirud-Din əl-Albani – rahiməhullah – hədis haqqında “həsən, səhihdir[17] deyir. əl-Hafiz Zəkiyyud-Din Abdul-Azim əl-Munziri “ət-Tərğib vat-Tərhib”də Əbu Hureyra’nın bu rəvayətini gətirdikdən sonra deyir: “Bunu Əhməd və İbn Hibban “əs-Səhih” əsərində rəvayət etmiş və (rəvayətin) sözləri ona aiddir. əl-Buxari bu hədisi tənqid etmişdir.[18] Alləmə Əbul-Əşbəl Əhməd Şakir – rahiməhullah – “əl-Müsnəd” əsərinin təhqiqində əl-Munziri’nin bu sözlərini gətirdikdən sonra deyir: “Bu hədisin hər hansı bir illətinin olduğunu görmürəm və əl-Buxari’nin harada bunu tənqid etdiyini və nə dediyini bilmirəm.[19] Əhməd Şakir kimi mühəddis mutəfənnin bir alimin əl-Buxari’nin sözlərini tapa bilməsi təəccüblü haldır, lakin qarşıda göstərəcəyimiz kimi əl-Buxari bu sözlərini “ət-Tarix əl-Kəbir” kitabında demişdir. Buna görə də bəziləri Şeyx Əhməd Şakirin təhqiqini tənqid edərək əl-Buxari’nin “ət-Tarix əl-Kəbir”, İbn Əbi Hatimin “əl-İləl” kitablarına etina göstərmədiyinə işarə ediblər.

Bunu eynilə əl-Hakim səhih sayıb və Muslimin şərtinə görə səhih olduğunu demişdir. əl-Hakim iki tərəfdən xəta edir. İlk olaraq sənəddəki Muhamməd bin Amr adlı ravi İmam Muslimin hüccət olaraq istifadə etdiyi ravi deyildir, lakin onu mutabiat qismində gətirmişdir. İkinci xəta isə budur ki, Muhamməd bin Amr burada xəta etmişdir, əslində bu hədisi Əbu Sələmə vasitəsilə Əbu Hureyra’dan deyil, İbn Tixfə’dən rəvayət etmişdir. Bu xətanı asanlıqla görmək mümkün deyildir, lakin əl-Buxari, Əbu Hatim ər-Razi və əd-Dəraqutni kimi hədis elminin imamları bunun bir xəta olduğunu deyiblər.

İmam Əbu Abdilləh Muhamməd bin İsmayıl əl-Buxari məhz bu sənədi “ət-Tarix əl-Kəbir” kitabında gətirir və deyir: “Muhamməd bin Amr, Əbu Sələmədən, o da Əbu Hureyra’dan, o isə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət edir və səhih deyildir...Əhməd bin əl-Həccac bizə dedi: Abdul-Aziz bin Muhamməd bizə Muhamməd bin Amr bin Həlhələ əd-Duəli’dən, o da Muhamməd bin Amr bin Ata’dan, o da Əbu Hureyra’dan, o isə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət edir və (burada) Əbu Hureyra səhih deyildir.[20]

əl-Hafiz İbn Əbi Hatim ər-Razi deyir: “Həmmad bin Sələmə’nin Muhamməd bin Amr’dan, onun Əbu Sələmə’dən, onun isə Əbu Hureyra’dan rəvayət etdiyi – “Peyğəmbər – salləllahu aleyhi va səlləm – qarnı üstə uzanmış bir kişinin yanından keçdi və dedi: “Bu cür uzanmaq tərzini Allah sevmir” - hədisi barəsində atamdan soruşdum. Atam dedi: “Onun bir illəti vardır.” Dedim: “Nədir o?” Dedi: “İbn Əbi Zib bunu dayısı əl-Haris bin Abdir-Rahmən’dən rəvayət edir; dedi: Mən və Əbu Sələmə, İbn Tihfə’nin yanına gəldik və atasından bizə rəvayət etdi; dedi: “Mən üzüm üstə yatdığım halda (peyğəmbər) yanımdan keçdi.” Doğru olan da budur.

Abdul-Aziz ər-Dəravərdi’nin Muhamməd bin Amr bin Həlhələ əd-Duəli’dən, onun Muhamməd bin Amr bin Ata əl-Amiri’dən, onun isə Əbu Hureyra’dan rəvayət etdiyi – “Dedi: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bizim yanımıza gəldi və mən üzüm üstə uzanmış halda yatırdım və məni qınadı. Sonra dedi: “Bu cür uzanma tərzinə Allah buğz edir!” – hədisi haqqında atamdan soruşdum. Atam dedi: “Bu yalnızca Muhamməd bin Amr bin Ata’nın İbn Tixfə’dən, onun da atasından rəvayət etdiyi – “peyğəmbər – salləllahu aleyhi va səlləm – mənim yanımdan keçdi...” – hədisidir.[21]

Eləcədə İmam Əbul-Həsən Əli bin Ömər əd-Dəraqutni əş-Şafi’dən bu hədis barədə soruşublar və bunun cavabında demişdir: “Muhamməd bin Amr bunu Əbu Sələmə’dən, o da Əbu Hureyra’dan rəvayət edir. Bunu Həmmad ibn Sələmə, İsa bin Yunus, ən-Nadr bin Şəmil, Əbu Muaviyə, Abədə bin Süleyman, əl-Fadl bin Musa əs-Sinani, əş-Şucə bin Valid və Muhamməd bin Bəşər deyir. Bunu Mu’təmər, Muhamməd bin Amr’dan, o da Əbu Sələmə’dən, o isə mürsəl olaraq peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət edir. Başqaları isə bunu Əbu Sələmə’dən, o da İbn Tihfə əl-Ğifari’dən, o isə öz atasından rəvayət edirlər və doğru olan da budur. Bu hədis Muhamməd bin Amr bin Həlhələ’dən rəvayət olunur, o da Muhamməd bin Amr İbn Ata’dan, o isə Əbu Hureyra’dan rəvayət edir. Bəziləri isə ondan (yəni Muhamməd bin Amr’dan) , o isə Atadan, o da Əbu Hureyra’dan rəvayət edir. Bunun Əbu Hureyra’dan rəvayət edilməsi səhih deyildir, bunu da Muhamməd bin Amr bin Ata sadəcə İbn Tihfə’dən rəvayət etmişdir.[22]

Digər böyük hədis imamı əl-Hafiz əl-Beyhəqi deyir: “ən-Nadr’ın rəvayətində deyir: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – qarnı üstə uzanmış bir kişinin yanından keçdi və dedi: “Bu cür uzanma tərzini Allah – Azzə və Cəllə - sevmir”, necə ki, Muhamməd bin Amr, Əbu Sələmə’dən, o da Əbu Hureyra’dan rəvayət edib xəta etmişdir.[23]

əl-Buxari, Əbu Hatim ər-Razi, əd-Dəraqutni, əl-Beyhəqi kimi imamlar hədisin illətli olduğunu deyirlər və bu dörd hədis imamının sözündən anlaşılan budur ki, Muhamməd bin Amr bu hədisi Əbu Hureyra’dan rəvayət etməkdə xəta etmişdir, əslində hədis İbn Tixfə’nin öz atasından rəvayət etdiyi hədisdir. Buna görə də ət-Tirmizi’nin “əl-Cami əl-Kəbir” kitabını təhqiq edərkən Şeyx Bəşşar Avvad Məruf deyir: “Əbu Hureyra’nın hədisi zəif bir hədisdir, beləki Muhamməd bin Amr bin Alqamə’nin Əbi Sələmə’dən, onun da Əbu Hureyra’dan rəvayəti tənqid olunmuşdur. əl-Buxari “ət-Tarix əl-Kəbir”də bu rəvayəti gətirdikdən sonra dedi: “Səhih deyildir.”[24]

Şeyx Əhməd Şakir və Şeyx əl-Albani bu illətə əhəmiyyət verməyiblər, lakin isnadın zahirinə görə hökm veriblər. Bu hədisin illətinə əhəmiyyət verənlər arasında müasirlərdən Şeyx Bəşşar Avvad, Şueyb əl-Arnavut və Şeyx Muqbil kimi mütəxəssis mühəddis alimlər vardır.

Həmçinin əl-Hafiz İbn Rəcəb – rahiməhullah – “Sahih əl-Buxari”nin şərhində Yəhya bin Əbi Kəsir’in Yə’iş bin Tixfə’dən rəvayətini gətirdikdən sonra deyir: “ət-Tirmizi bunun bir hissəsini Muhamməd bin Amr’dan, o isə Əbu Sələmə’dan, o da Əbu Hureyra’dan, o isə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət etmişdir. Bunun bir xəta olduğu deyilib. Doğru olan Yəhya bin Əbi Kəsir’in rəvayətidir və ondan rəvayətdə isnadında ixtilaf ediblər.[25] Eynilə İmam İbrahim əl-Harbi “İkramud-Deyf” kitabında bu xətaya işarə edib. Bütün bu hafiz alimlər, hədis imamları rəvayətdə xətanın vaqe olduğunu söyləyir. Bütün bu imamların sözü şəhadət olaraq kifayət edər ki, hədisin bir xətanın nəticəsi olduğunu qəbul edək və belə məqamda Şeyx Əhməd Şakir və Şeyx əl-Albani’nin – rahiməhuməllah - sözlərinə etimad etmək doğru deyildir.

 

 

əş-Şərid bin Suveyd əs-Suləmi



əş-Şərid’dən rəvayət olunur ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – məsciddə yanının üstündə bir şeyin olmadığı halda üzü üstə uzanmış adamı gördükdə onu ayağı tərpətdi və dedi: “Bu, Allahın – Azzə və Cəllə - ən çox buğz etdiyi uzanma tərzidir.[26]

Bu hədis əl-Hafiz İbn Hacərin “İthaful-Məhəra” kitabında[27] və “Ətraful-Müsnəd” kitabında[28] bu şəkildə əş-Şərid əs-Suləmi’dən rəvayət olunmuş və İmam Əhməd’in “əl-Müsnəd” əsərinə nisbət edilmişdir. “əl-Müsnəd” əsərinin “Muəssəsətur-Risalə” nəşrini təhqiq etmiş Şueyb əl-Arnavut və digər şeyxlər bu barədə deyirlər: “Bunun sadəcə olaraq əl-Hafiz (İbn Hacər’in) – rahiməhullah – etdiyi bir xəta olduğunu zənn edirik.[29]

Həqiqətdə “əl-Müsnəd” əsərində bu rəvayət mürsəldir, yəni bunu Amr bin əş-Şərid rəvayət edir və Amr bin əş-Şərid bir tabiidir. “əl-Müsnəd” əsərində bu rəvayətdən sonra eyni rəvayət fərqli sənədlə və mətnlə bir daha gəlir və bu zaman rəvayətin mürsəl olduğu aşkar görünür, belə ki, İmam Əhməd deyir: “Rauh bizə rəvayət etdi: Zəkəriyya bizə rəvayət etdi: İbrahim bin Meysərə bizə Amr bin əş-Şəridi belə deyərkən eşitdiyini rəvayət etdi: “Bizə çatan xəbərə görə Allahın Elçisi – salləllahu aleyhi va səlləm – üzü üstə uzanmış bir nəfərə rastladı və dedi: “Bu, uzanma tərzləri içində Allahın – Azzə və Cəllə - ən çox buğz etdiyidir.[30]

Hədisin bu rəvayətinin isnadı səhih olsa da mürsəldir və mürsəl mühəddis alimlərin böyük əksəriyyətinə görə hüccət deyildir.

 

 

Əbu Umamə



Əbu Umamə’dən belə dediyi rəvayət olunur: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – məsciddə üzü üstündə uzanaraq yatmış nir nəfərə rastladı və ayağı ilə onu vurdu və dedi: “Qalx və otur, çünki bu, cəhənnəmlik yatmaq tərzidir.[31]

İbn Macə bunu Yaqub bin Humeyd bin Kəsib’dən, o da Sələmə bin Racə’dən, o da əl-Valid bin Cəmil əd-Diməşqi’dən, o da əl-Qasim bin Abdir-Rahmən’dən, o isə Əbu Umamə’dən rəvayət edir.

Yaqub bin Humeyd bin Kəsib haqqında alimlər ixtilaf ediblər. “əl-Buxari deyir: “Ondan xeyirdən başqa bir şey görmədim.” Əbu Hatim dedi: “Hədisləri zəifdir.” ən-Nəsai dedi: “Bir şey deyildir (yəni zəifdir)”. Mudar bin Muhamməd isə Yəhya bin Main’dən (belə dediyini) nəql edir: “Siqadır.” Mudar bu şəkildə nəql edib. Abbas əd-Dəuri isə Yəhya’dan “siqa deyildir” sözlərini nəql etmişdir. Əbu Zura’dan onun haqqında soruşublar və o, başını yırğalayıb. [32] Bir çoxları onun saduq, lakin çoxlu xəta edənlərdən olduğunu deyiblər və rəvayətlərində ğarib və münkər rəvayətlərin olduğuna işarə ediblər.

Sələmə bin Racə haqqında alimlər ixtilaf ediblər. əd-Dəuri Yəhya bin Main’dən rəvayətində deyir: “Sələmə bin Racə, kufəlidir, bir şey deyildir (yəni zəifdir).”[33] əl-Hakim – rahiməhullah – əd-Dəraqutni’dən onun haqqında soruşduqda deyir: “Siqa ravilərdən hədisləri tək başına rəvayət edir.”[34] Yəni başqalarının rəvayət etmədiyi hədisləri o rəvayət edir. əl-Uqeyli onu “Kitəbud-Duafə”də[35] qeyd edir. ən-Nəsai deyir: “Kufəlidir, zəifdir.[36] İbn Udey əl-Curcani deyir: “Onun hədisləri nadir və ğərib hədislərdir. Bir qrup şeyxdən başqalarının rəvayət etmədiyi hədisləri rəvayət edir.[37] Gördüyümüz kimi bu ravidə zəiflik vardır.

əl-Valid bin Cəmil əd-Diməşqi haqqında İbn Əbi Hatim deyir: “Atamdan əl-Valid bin Cəmil haqqında soruşdum və dedi: “Şeyxdir, əl-Qasim’dən münkər hədislər rəvayət edir...Əbu Zura’dan əl-Valid bin Cəmil haqqında soruşuldu və dedi: “Şeyxdir, hədisdə leyyindir.[38]

Bu sənəddəki bir başqa ravi əl-Qasim bin Abdir-Rahmən’dir. Tabiin nəslindən biridir, bəzi səhabələrlə qarşılaşıb. Dəməşqin mühəddisidir. İbn Main və ət-Tirmizi onu siqa sayır. “Əhməd bin Hənbəl dedi: “əl-Qasimin hədisində siqaların rəvayət etdiklərindən münkərlər vardır.” İbn Sad dedi: “Bəziləri onu zəif sayıblar.[39]

Lakin ravilərdəki bu qədər zəifliklə bərabər əl-Valid bin Cəmil’in əl-Qasim bin Abdir-Rahmən’dən rəvayət etdikləri xüsusilə inkar edilmişdir. Ona görə də bu hədis də səhih sayıla bilməz. Buna görə də Şeyx əl-Albani bu hədisi zəif saymışdır.

Gördüyümüz kimi ət-Tixfə bin Qeys’in hədisi iztiraba və oğlunun məchul olmasına görə zəifdir, Əbu Hureyra’nın hədisi xətadır, Amr bin əş-Şərid’in hədisi səhih olsa da mürsəldir, Əbu Umamə’nin hədisi isə zəifdir. Lakin Əbu Hatim ər-Razi kimi bəzi alimlər ət-Tixfə bin Qeys’in oğlunu da səhabələrdən sayıb. Buna görə də əl-Hakim, İbn Hibban, əd-Diya əl-Maqdisi kimi alimlər səhih hədislər toplusuna bu hədisi də daxil ediblər, çünki əgər ravi səhabədirsə onun adında iztirabın olması hədisə zərər verməz. Lakin zahir olan budur ki, onu səhabə sayanlar elə bu hədisə əsaslanaraq onu səhabə sayıblar, çünki hədislərin bəzilərində hekayəni anladan o, özüdür, sanki əs-Suffə əhlinin arasında olmuşdur. Belə bir dəlil güclü olmadığı üçün həqiqətdə hədisin səhih olduğunu söyləmək olmur, lakin səhih olması ehtimalı vardır. Buradan çıxış edərək alimlər ümumən bu əməlin məkruh olduğunu deyiblər. Bu barədə digər məzhəb alimlərinin sözlərinə nəzər salaq.

Əhli-Sünnətin böyük imamlarından İmam Yəhya bin Şərəf ən-Nəvəvi – rahiməhullah – deyir: “Əgər yatmaq istərsə sağ tərəfi üstündə uzanması müstəhəbdir, eynilə bütün zamanlarda uzanarkən sağ tərəfi üstündə uzanması müstəhəbdir. Qarnının üstündə uzanması isə məkruhdur.[40]

Alləmə Mulla Əli əl-Qari – rahiməhullah – bu cür uzanmağı Allahın sevməməsini izah edərək deyir: “Çünki ən şərəfli üzvlər olan üz və sinəni yerə qoymaq səcdədən başqa halda zəlillik göstərməkdir və yaxud da bu cür uzanmaq lutilərin uzanmasıdır, beləliklə onlara bənzəmək qınanmışdır.[41]

İmam əl-Mühəddis əl-Hüseyn bin Məs’ur əl-Bəğavi – rahiməhullah – peyğəmbərin – salləllahu aleyhi va səlləm – məsciddə beli üstə uzanmasından danışarkən deyir: “Burada dəlil vardır ki, dirsəklənmək və uzanmaq və evdə  edilməsi caiz olan istirahət növlərini məsciddə etmək caizdir, yalnız qarın üstə uzanmaq istisnadır, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – onu qadağan edib.[42]

Ümümən məzhəb alimləri bu cür yatmağı məkruh yatmaq tərzləri arasında sayırlar və hədisləri ədəb babından olduğu üçün qəbul edir və onlarla əməl etməyi doğru sayırlar.

Ən doğrusunu Allah bilir!

 


[1] əl-Həccavi, “əl-İqna’ li Talibil-İntifa’”, 1/34; Daratul-Məlik Abdul-Aziz, Səudiyyə Krallığı, üçüncü nəşr: 2002/1423

[2] İbn Muflih, “əl-Ədəb əş-Şər’iyyə val-Minəh əl-Mər’iyyə”, 3/245; Muəssəsətur-Risalə, Beyrut, üçüncü nəşr: 1419/1999

[3] Bax: “Zadul-Məad fi Hədyi Xayril-İbəd”, 4/241; Muəssəsətur-Risalə/Məktəbətul-Mənaril-İsləmiyyə, Beyrut/Kuveyt, iyirmi altıncı nəşr: 1412/1992

[4] İbn Rəcəb, “Fəthul-Bari Şərh Sahih əl-Buxari”, 3/405; Məktəbətul-Ğuraba əl-Əsəriyyə, əl-Mədinə, birinci nəşr: 1416/1996

[5] əs-Səfərini, “Ğiza əl-Əlbəb Şərh Mənzumətil-Ədəb”, 2/363-364; Muəssəsətu Qurtuba, Beyrut, ikinci nəşr: 1414/1993

[6] Yaxşı üyüdülməmiş buğdadan hazırlanan və içinə ət və ya xurma atılan yemək növünün adıdır. Dəşişə və ya cəşişə də deyilir.

[7] Bağrıqara göyərçinə bənzəyən kiçik bir quşdur. Sanki yeməyi bağrıqaraya bənzətməklə yeməyin miqdarının az olmasına işarə etmişdir. Bu şərhi əs-Sindi təqdim edib. “Avnul-Mə’bud” kitabının müəllifi isə bu vəsfin Aişə anamıza aid olmasının da bir ehtimal olduğunu qeyd etmişdir, çünki ərəblər vəfa və sadiqlik üçün bağrıqara quşunu misal çəkirlər.

[8] Buğda və ya arpadan düzəldilmiş xəşil, xurma, pendir və yağdan qarışıq şəkildə hazırlanan bir yemək növüdür.

[9] Bunu İmam Əhməd (3/429-430; 5/426-427), Əbu Davud (5040), ən-Nəsai “əs-Sünən əl-Kubra”da (6619-6622, 6695-6697), İbn Macə (752, 3723), əl-Hakim (4/270-271), İbn Hibban (5550), ət-Tabərani “əl-Kəbir”də (8226-8232), Əbu Nueym “əl-Hilyə”də (1/373-374) rəvayət edib.

[10] İbn Abdil-Bərr, “əl-İstiy’ab fi Mərifətil-Əshab”, 2/774; Darul-Cil, Beyrut, birinci nəşr: 1412/1992

[11] əl-Mizzi, “Təhzibul-Kəməl fi Əsməir-Ricəl”, 13/375; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1408/1988

[12] əl-Albani, ”Daif Sünən Əbi Davud”, səh: 409; Məktəbətul-Məarif, ər-Riyad, yeni nəşrin birinci nəşri: 1419/1998

[13] “Müsnəd əl-İmam Əhməd bin Hənbəl”, 24/307 (üçüncü dipnot); Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1419/1998

[14] İbn Macə (3724)

[15] əl-Mizzi, “Təhzibul-Kəməl fi Əsməir-Ricəl”, 13/376; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1408/1988

[16] Bunu İmam Əhməd (2/287), İbn Əbi Şeybə (9/115), ət-Tirmizi (2768), İbn Hibban (5549), əl-Hakim (4/271), əl-Beyhəqi “əl-Ədəb”də (838) rəvayət edirlər.

[17] əl-Albani, “Sahih Sünən ət-Tirmizi”, 3/105; Məktəbətul-Məarif, ər-Riyad, yeni nəşrin birinci nəşri: 1420/2000

[18] əl-Munziri, “ət-Tərğib vat-Tərhib”, 4/7; Mətbəə Dar İhyə əl-Kutubil-Arabiyyə, Misir, miladi 1916-cı il

[19] “əl-Musnəd”, 14/249; Darul-Məarif, Misir, ikinci nəşr: 1396/1976

[20] əl-Buxari, “ət-Tarix əl-Kəbir”, 4/366; Dairatul-Məarif əl-Usmaniyyə, təsvir: Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1407/1986

[21] İbn Əbi Hatim, “Kitəbul-İləl”, 5/572-575; Xalid bin Abdir-Rahmən əl-Cəraysi, birinci nəşr: 1427/2006

[22] əd-Dəraqutni, “əl-’İləl əl-Varidə fil-Əhədis ən-Nəbəviyyə”, 9/299-300; Dar Tibə, ər-Riyad, birinci nəşr: hicri 1414

[23] əl-Beyhəqi, “əl-Cami li Şu’abil-İman”, 6/395; Məktəbətur-Ruşd, ər-Riyad, birinci nəşr: 1423/2003

[24] ət-Tirmizi, ”əl-Cami əl-Kəbir”, 4/476 (üçüncü dipnot); Darul-Ğarbil-İsləmi, Beyrut, birinci nəşr: 1416/1996

[25] İbn Rəcəb, ”Fəthul-Bari Şərh Sahih əl-Buxari”, 3/262; Məktəbətul-Ğuraba əl-Əsəriyyə, əl-Mədinə, birinci nəşr: 1416/1996

[26] “Müsnəd İmam Əhməd”, 4/388

[27] Bax: “İthaful-Məhəra bil-Fəvaidil-Mubtəkəra min Ətrafil-Aşira”, 6/191; Mucəmmə əl-Məlik Fəhd li Tibəatil-Mushafiş-Şərif, Səudiyyə Ərəbistan, birinci nəşr: 1415/1995

[28] Bax: “İtraful-Musnidi əl-Mu’təli bi Ətrafil-Musnədil-Hənbəli”, 2/577-578; Dar İbn Kəsir/Darul-Kəlimit-Tayyib, Dəməşq-Beyrut, birinci nəşr: 1414/1993

[29] “Müsnəd əl-İmam Əhməd bin Hənbəl”, 32/208; (üçüncü dipnot); Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1419/1998

[30] “əl-Müsnəd”, 4/390

[31] Bunu İbn Macə (3725) və əl-Buxari “əl-Ədəb əl-Mufrad”da (1188) rəvayət edir.

[32] əz-Zəhəbi “Siyər Əaləm ən-Nubələ”, 11/158; Muəssəsətur-Risalə, Beyrut, on birinci nəşr: 1417/1996

[33] ”Yəhya bin Main va Kitəbuhu ət-Tarix”, 2/173; Əzhar Universitetində doktorluq dərəcəsi almaq üçün hazırlanmış iş: 1396/1976

[34] “Suələt əl-Həkim ən-Neysəburi lid-Dəraqutni fil-Cərh vat-Tadil”, səh: 219; Məktəbətul-Məarif, ər-Riyad, birinci nəşr: 1404/1984

[35] Bax: əl-Uqeyli, “Kitəbud-Duafə”, 2/518; Darus-Samii, ər-Riyad, 1420/2000

[36] ən-Nəsai, “Kitəb əd-Duafə val-Mətrukin”, səh: 118; Muəssəsətul-Kutubis-Səqafiyyə, Beyrut, birinci nəşr: 1405/1985

[37] “əl-Kamil fi Duafə ər-Ricəl”, 3/1179; Darul-Fikr, Beyrut, birinci nəşr: 1404/1984

[38] İbn Əbi Hatim, “Kitəb əl-Cərh vat-Tadil”, 9/3; İhya ət-Turas əl-Arabi, Beyrut, birinci nəşr: 1373/1953

[39] əz-Zəhəbi, “Siyət Əaləm ən-Nubələ”, 5/195; Muəssəsətur-Risalə, Beyrut, on birinci nəşr: 1417/1996

[40] ən-Nəvəvi, “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 4/345; Məktəbətul-İrşad, Cuddə, Şeyx əl-Mati’inin təkmiləsi və təhqiqi ilə

[41] Əli əl-Qari, “Mirqatul-Məfatih Şərh Mişkətil-Məsabih”, 8/520; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1422/2001

[42]əl-Bəğavi, ”Şərhus-Sunnə”, 2/377-378; əl-Məktəbul-İsləmi, Beyrut, ikinci nəşr: 1403/1983