Evləri dağıtmayın!

Azərbaycan müsəlmanları içində boşanmaq haqqında müxtəlif anlayışlar vardır. Heç şübhəsiz ki, bizim dini və mədəni həyatımızda boşanmaq lap dədə-baba dövrümüzdən bəyənilməyən bir əməl kimi qəbul edilmişdir. Bu günə qədər də insanlarımızın beyinlərində bu münasibət yaşamağa davam edir.

Nəsrani dinində boşanma qadağandır, kilsə qanunu yalnız zina halında boşanmanı haqlı saymışdır. Yəhudilikdə isə boşanma haqqı yalnız kişiyə aiddir, qadın boşanmağa təşəbbüs göstərə bilməz.  İlkin yəhudilərdə kişi qadını öz istəyi ilə boşaya bilərdi və yəhudi hahamları bu günə qədər bu qanunun öz kitablarından qaynaqlandığını etiraf edirlər. Lakin Allahın bizə xəbər verdiyi kimi yəhudilər Aləmlərin Rəbbindən başqa öz hahamlarını da özlərinə rəblər olaraq seçiblər, çünki hahamları onlar üçün Allahın haram etdiyini halal və bunun əksini edə bilər. Boşanma halı da buna misaldır, çünki miladi on birinci əsrdə yaşamış haham Gerşom ben Yahuda qərar verir ki, qadının razılığı olmadan kişi boşana bilməz və daha sonra digər yəhudilər də bu qərarı qəbul edirlər.

İslam dini isə bir əsl olaraq boşanmanı xoş hal olaraq qəbul etmir, lakin bəşəriyyətin ehtiyaclarını nəzərə aldığı üçün boşanma hüququnu kişiyə verir. Qadına isə müəyyən vasitələr ilə boşanmaq üçün çıxış yolu qoymuşdur. Boşanma Allahın sevmədiyi bir yoldur, lakin insanların ehtiyacı üçün bunu halal etmişdir.

Çox təəssüf ki, zamanımızın kişiləri şəriətin ailə üçün müəyyən etdiyi məsləhətlərdən xəbərsizdir və yaxud da xəbərləri olduğu halda onları gözardı edirlər. Nəticədə ortaya elə bir zülm çıxır ki, cəmiyyətdə qorunmağa daha çox ehtiyacı olan qadınlar həmin zülmün əsarətinə düşürlər. Bu həqiqəti nəzərə alaraq müsəlman qardaşlarımızın bu yöndə nəsihətə ehtiyac duyduqlarını düşünürük və nəsihətimizdə şəriətin boşanma məsələsinə münasibətini izah etməklə kifayətlənəcəyik.

Hamı bilir ki, İslam şəriəti evlənməyə təşviq etmiş, boşanmaqdan çəkindirmişdir. Boşanmanın şəriət tərəfindən bəyənilməməsinin səbəbləri çoxdur. Allahu Təalə Kitabında evliliyi möhkəm əhd-peyman adlandıraraq deyir: “Onu necə geri ala bilərsiniz ki, siz bir-biriniz ilə yaxınlıq etmişdiniz və onlar (qadınlar) sizdən möhkəm əhd-peyman almışdılar?” (ən-Nisə, 21) Allah həqiqi evlilik bağını möhkəm olması ilə vəsf etmişdir, onun üçün bu evliliyə “möhkəm əhd-peyman” olaraq baxmayan kişilər və qadınlar Allahın bu hidayətindən azmış kəslərdir.

Qadının hər hansı bir vəsfini bəyənməyib ondan da qəşəngini, ondan da münasibini tapmaq ümidi ilə boşamaq peyğəmbərin – salləllahu aleyhi va səlləm – hidayətindən deyildir. Allahu Təalə deyir: “Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun!” (ən-Nisə, 19) Peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Bir mömin kişi mömin qadına nifrət bəsləməsin! Onun bir xasiyyətini bəyənməsə, başqa xasiyyətini bəyənər!”[1] İmam ən-Nəvəvi – rahiməhullah – bu sözlərin şərhində deyir: “Doğrusu budur ki, bu, bir qadağadır və yaxud da kişinin qadına nifrət bəsləməməsi lazımdır, çünki onda xoşlamadığı bir xasiyyət görürsə, xoşuna gəldiyi xasiyyət də görəcəkdir, məsələn qadın kinli ola bilər, lakin çox dindar, gözəl, namuslu,  ona qarşı mehriban ola bilər və ya buna bənzər xasiyyətlərə malik ola bilər.”[2] Bu səbəblərə görə qadının hər hansı bir eybini əsas edib ondan ayrılmaq peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – göstərdiyi hidayətə tabe olmamaqdır.

Bir başqa ayədə Allahu Təalə buyurur: “Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah onları barışdırar. Həqiqətən Allah Biləndir, hər şeydən Xəbərdardır.” (ən-Nisə, 35) Burada ər ilə arvadın ayrılmasının qorxulası və çəkiniləsi bir şey olduğunu təsdiqləmiş, onların birliyini isə islah adlandırmışdır.

Səbəblərindən, müxtəlif hallardan asılı olmayaraq boşanmanın özlüyündə hökmü nədir? Müsəlman alimləri bu sualın cavabında eyni fikirdə deyillər. Hənəfi məzhəbindəki iki rəvayətdən ən səhih rəvayətə görə boşanma özlüyündə qadağan olmuşdur, yalnız ehtiyac üçün mübahdır. Bu, həm də hənbəli məzhəbindəki iki rəvayətdən biridir. Şeyx Abdul-Kərim Zeydan bu görüşü fəqihlərin çoxuna aid etmişdir.[3] Digər alimlər isə bunun özlüyündə mübah olduğunu deyirlər, lakin ehtiyac olmadan boşanmanın ya haram, ya da məkruh hökmü altına girdiyinə də diqqət çəkirlər. Aydın olur ki, alimlər ehtiyac olmadan boşanmanın şəriət tərəfindən qınanması fikrində ittifaq edirlər.

Alləmə İbn Abidin əl-Hənəfi deyir: “Boşanmaya gəldikdə isə bunun əsli qadağadır, yəni o mənada ki, boşanma qadağandır. Bunu mübah edən səbəbin ortaya çıxması isə istisnadır və bu, alimlərin “boşanmanın əsli qadağadır, yalnız qurtulmaq ehtiyacı üçün mübah görülmüşdür” sözlərinin mənası budur.  Əgər əslən heç bir səbəb olmazsa qurtulmağa heç bir ehtiyac qalmır, axmaqlıq, səfehlik və nemətə küfr etmək olur. Sırf qadına, qadının ailəsinə və uşaqlarına əziyyət vermək olur. Buna görə də deyiblər ki, “əxlaqların bir-birinə uyğun gəlməməsi və Allahu Təalənin əmrlərini etməməyi vacib edən kin və nifrətin ortaya çıxması hallarında bundan qurtulmağa ehtiyac boşanmanın səbəbidir...və əgər bunu şəriətə görə mübah edəcək səbəb yoxdursa, o zaman hökm haramlılıq əsli üzərində qalır.”[4]

İbn Qudamə əl-Hənbəli – rahiməhullah – deyir: “əl-Qadi dedi: Bu barədə iki rəvayət var: birinci rəvayətə görə bu, haramdır, çünki ehtiyac olmadan özünə və zövcəsinə zərər vermək və bu ikisi üçün ortaya çıxacaq məsləhəti məhv etməkdir. Buna görə də malı tələf etmək haram olduğu kimi bu da haramdır. Bir də peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Nə mənfəət üçün, nə də qeyri-mənfəət üçün zərər vermək[5] yoxdur.” [6] İkinci rəvayətə görə isə mübahdır, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Allahın ən çox nifrət etdiyi halal boşanmadır.” Yanız heç bir səbəb və ehtiyac olmadığı halda boşanmaq nifrətə səbəb olmaz və peyğəmbər – salləllahu aleyhi va səlləm – onu halal adlandırmışdır. Üstəlik məslətləri özündə cəm edən evliliyi – ki, o məsləhətləri əldə etmək üçün qurulmuşdu - aradan qaldırır, buna görə də məkruhdur.”[7]

Buradan aydın olur ki, boşanmanın əsldə haram yoxsa mübah olmasından asılı olmayaraq alimlər ümumən ehtiyac olmadan boşanmanın Allahın nifrət etdiyi bir əməl olduğunu deyirlər. Bu barədə gəlmiş hədisin sənədi baxımından görüş ayrılığı olsa da alimlər hədisin mənasını təsdiq edirlər. Səbəbsiz yerə boşanma Allahın sevmədiyi bir əməldir.

Şeyxul-İslam İbn Teymiyyə deyir: “Bunun səbəbi isə budur ki, boşanmada əsl olan haramlılıqdır. Boşanmaqdan yalnız ehtiyac qədəri mübahdır, necəki bu, Cabirdən, onun da peyğəmbərdən - salləllahu aleyhi va səlləm - rəvayətində sabitdir: "İblis öz ərşini dənizin üstündə qurmuşdur və o, öz əskərlərini göndərər. Onların içində İblisə ən yaxın olan fitnəsi ən böyük olandır. Onun yanına bir şeytan gəlib deyər: "Bu və bu işləri etmədən durmadım", sonunda bir şeytan gəlib deyər: "Mən bir nəfər ilə onun qadınının arasını ayırdım" Ona yaxınlaşar və deyər. "Sən, sən!" və ona qoşular." Allahu Təalə sehri pisləyərkən demişdir: "Onlardan bəziləri də kişi ilə qadının arasını ayırmaq üçün öyrənərlər.” Sünəndə isə peyğəmbərdən rəvayət olunur: "Səbəbsiz yerə ərindən boşanma tələb edən qadınlar münafiqlərdəndir." yenə Sünəndə rəvayət olunur ki, peyğəmbər - salləllahu aleyhi va səlləm söyləmişdir: "Hansı qadın səbəb olmadan ərindən boşanmaq tələb edərsə, Cənnətin qoxusu ona haram olar." Buna görə də üç dəfədən başqa boşamaq mübah deyildir və üçüncü boşamadan sonra həmin qadın kişiyə haram olar. Qadın yalnız başqasına ərə getdikdən sonra ona halal ola bilər. "[8]

Şeyxul-İslam İbn Teymiyyə’nin qeyd etdiyi dəlillər şəriətin boşanmaya qarşı münasibətini ən açıq şəkildə sərgiləyir, çünki bu Allahı deyil, iblisi razı salan bir əməldir. Səbəbsiz yerə boşanan qadına cənnətin qoxusu haram olarsa, bunun səbəbi qadının ailəyə və yoldaşına gətirdiyi səbəb üzündəndir və əgər kişi eyni zərərə səbəb olursa, bu aqibət onun haqqında da keçərli olmalıdır.

Bunu daha gözəl anlamaq üçün başqa bir misal verməliyik. Əgər səbəbsiz yerə boşanmaq sadəcə mübah bir əməl olsaydı, valideynin əmri ilə, heç bir səbəb olmadan boşanmaq vacib olardı, çünki valideynə itaət vacib buyurulmuşdur. Halbuki alimlərin çoxuna görə ata oğluna zövcəsini boşamağı əmr edərsə, bunda ona tabe olmaq lazım deyildir.

Şeyx İbn Useymin – rahiməhullah – deyir: “Boşanmaqda əsl olan məkruh olmasıdır. Bunun isə dəlili öz qadınları ilə dörd ay içində cinsi əlaqədə olmayacağına dair söz verənlər haqqında Allahu Təalənin sözüdür: "Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər onlar (fikirlərindən) dönsələr, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir. Əgər onlar boşanmaq qərarına gəlsələr, şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!" Burada bir növ təhdid vardır, çünki qadını geri qaytarmaq halında deyir: "Allah Bağışlayan və Rəhmlidir!", bu isə dəlalət edir ki, boşanmaq Allaha - Azzə və Cəllə - sevimli deyildir və bunda əsl məkruhluqdur.”[9]

Müasirlərdən Şeyx Seyyid Sabiq, Muhamməd Əbu Zəhra və bir çox alim səbəbsiz yerə boşanmanın qəti haram olduğunu deyirlər.

Bütün bunlardan başqa müasir cəmiyyətin gətirdiyi fəsadları da nəzərə alsaq işin ciddiliyini anlaya bilərik. Şəriətin hökm sürdüyü orta əsr müsəlman cəmiyyətlərində qadınların boşanması ilə şəriətin kafirlər tərəfindən hökmdən salındığı müasir cəmiyyətdə qadınların boşanması arasında nəhəng bir fərq vardır. Orta əsr müsəlman cəmiyyətdə boşanmış qadının yenidən ərə getməsi xüsusi bir problem deyildi, çünki poliqamiya geniş yayıldığı üçün və kişilərdə islami təfəkkür tərzi üstün olduğu üçün qadınlar belə hallarla qarşılaşmırdılar. Lakin indi əxlaqsız fikirlərlə zəhərlənmiş cəmiyyətlərdə qadınların vəziyyəti çox ağırlaşmışdır. Boşanan qadın artıq ya ərə getməkdən əlini üzür, ya da ərə getmək üçün çox şeylər qurban verməyə məcbur olur. Bu ağrılı vəziyyətin məsuliyyətini isə yalnız və yalnız qadınların özləri çəkməli olurlar. Bəs bizim bu zamanlarda gördüklərimiz nədir? Gördüklərimiz və müşahidə etdiklərimiz İslamın məqsədlərinə büsbütün zidd olan şeylərdir.
Müsəlman "kişilər" artıq bu məsələyə o qədər qeyri-ciddi yanaşırlar ki, boşanmaq işinə bəsit gözlə baxmağa başlayıblar. Onların necə müsəlman bacılarımızı alıb boşadıqlarını görmək insanı həqiqətən də üzür. Bütün bunların işığında öz şəhvətinə uyğun hərəkət edərək birini boşayıb ikincisini alan müsəlman kişiləri fikirləşək! Onları sağlam düşüncəyə dəvət etmək lazımdır, çünki bu cür hərəkət insani bir hərəkət deyil heyvani hisslərdən doğan səmtsiz həyat tərzidir. Başqalarına nümunə olmağa hazırlaşdığımız halda belə hərəkətlərin səhnədə nə yeri var?! Onların etdikləri isə həqiqətdə Şəriətin halal görmədiyi əməllərdir. Bunun üçün əsas iki səbəb gətirmək olar:

1. Müsəlman bacılarımız Allahın müsəlman kişilərə tapşırdığı əmanətidir. Kişiləri onların üzərində bir dərəcə üstün etdiyi halda, onları da bizə əmanət olaraq tapşırmışdır. Görmürsənmi ki, öz əlləri altındakı yetimlərin mallarını yeyənlər hansı şiddətlə Allahın qəzəbinə düçar olmuşdur. Çünki belə insanlar əllərinə düşən fürsətdən sui-istifadə edirlər. Əmanətə xəyanət etmək və əmanətdən sui-istifadə etmək işin iyrəncliyindən asılı olan bir günahdır. Ona görə də evlənən hər bir müsəlman öz üzərinə düşən bu məsuliyyəti hiss etməlidir. Onlar əgər Şəriətin ailədə qadın üzərində qoyduğu hökmləri və kişi üzərində qoyduğu hökmləri nəzərdən keçirsələr, problemin qadınlarda deyil, özlərində olduğunu görəcəklər. Çünki hər şeydən əvvəl qadınları saxlamağı və onları təmin etməyi Allahu Təalə kişilərə əmr etmişdir. Lakin indiki zamanımızda gördüklərimiz isə bu halın tam əksidir. İndiki zamanda kişiləri işsiz və bekar oturduqları halda öz zövcəsini boşayıb, başqa qız aldığını görürük. Bu isə nəinki Şəriətə, heç sağlam şüura belə sığmır.

2. Müsəlman müsəlmanın qardaşı və bacısıdır. Müsəlmana zülm vermək və onu üzmək haram əməllərdəndir. Səbəbsiz yerə qadını boşayan kişinin isə indiki zamanda və indiki cəmiyyətdə qadına vurduğu zərbə heç cür ölçüyə tabe deyildir. Onlar heç qadını boşadıqdan sonra onları necə ağır vəziyyətə saldıqlarını düşünürlərmi?! Axı qadın kişi qədər sərbəst deyildir. Artıq bir dəfə ərə gedib boşanan qadına Azərbaycan kimi cəmiyyətdə ikinci dəfə ərə getməsi və xoşbəxt ailə həyatı qurması demək olar ki, mümkün olmayan bir şeydir. Mümkün olsa da, çox az bir qism buna nail ola bilir. Bəs digər qadınlar?! Məgər kişinin həyat sərgüzəştlərinin əziyyətini boşadığı müsəlman qadın mı çəkməlidir?! Allah belə bir şeyi əsla sevməz və buna görə də səbəbsiz yerə belə bir addım atmaq və nəticədə müsəlmana əziyyət vermək haramdır.

Allahdan müsəlman qadınlarımızı düşüncəsiz kişilərin şərrindən qorumasını diləyirik!

 


[1] Bunu Muslim “əs-Səhih”də (1469) rəvayət edir.

[2] “Şərhu Sahihi Muslim”, 10/58

[3] Bax: “əl-Mufəssal fi Əhkəmil-Məra”, 7/353

[4] “Raddul-Muhtər alə Durril-Muxtər”, 3/229

[5] Ərəbcə “لا ضرر ولا ضرار” olaraq səslənən hədisin mənasında alimlər müxtəlif şərhlər veriblər. Biz bu şərhlərdən birini seçərək yuxarıda o şərhə uyğun olaraq tərcümə etdik və bu, İbn Saləh, İbn Abdilbərr kimi alimlərin görüşüdür. Başqa görüşləri də qeyd etməkdə fayda vardır. Bəzilərinə görə bu hədisdə qəsd olunan insanın nə özünə, nə də başqasına zərər verməyin qadağan edilməsidir. Bir başqa şərhə görə isə başqasına zərər vermək qadağandır və verilmiş zərərin əvəzində də zərər vermək olmaz. Doğrusunu Allah bilir!

[6] Malik, ”əl-Muvatta” (31), Əhməd (1/313), İbn Macə (2340)

[7] “əl-Muğni”, 8/235

[8] ”Məcmu əl-Fətava”, 33/81

[9] "əş-Şərh əl-Mumti alə Zad əl-Mustaqni", 10/428