Sələf və xələfdən bir epizod

Müsəlmanın sünnətə bacardığı qədər sarılması və sonradan peyda olmuş məsləklərdən bacardığı qədər uzaq durması vacibdir. Çox təəssüf ki, bir çox müsəlman günümüzdə ”əql” və ”zəka” maskalarına aldanaraq alimlərin həqiqi mirası olan sünnəti müxtəlif adlar altında tərk edirlər, tabe olduqları məsləyin həqiqətindən belə xəbərdar deyillər. Lakin Allahın izni və tövfiqi ilə tədricə bu məsləyin həqiqətlərini kəşf edəcək yazılar silsiləsinə başlamaq niyyətindəyik. Hələlik bu iki fərqli yolu bizlərə daddıra biləcək epizodlardan bir epizodu nəzərinizə çatdırmaq istəyirəm.

 Alləmə İmam Əbu İsa Muhəmməd bin İsa ət-Tirmizi (209-279) – rahiməhullah – “əl-Cəmi” kitabında deyir:

Bu şəkildə Malikdən, Sufyan bin Uyeynə’dən, Abdullah bin əl-Mubərak’dan rəvayət olunub ki, onlar bu hədislər barəsində deyiblər: “Onları keyfiyyət vermədən ötürün!” Əhlu-Sunnə val-Cəməat’dan olan elm əhlinin görüşü belədir. Lakin cəhmiyyə bu rəvayətləri inkar ediblər və deyiblər ki, “bu, bənzətmədir (təşbihdir) .” Allah – azzə va cəllə - Kitabının bir çox yerində “əl”, “eşitmə” və “görmə” (sifətlərini) zikr edib və cəhmilər bu ayələri təvil ediblər və onu elm əhlinin təfsir etdiyindən başqa mənalarda təfsir ediblər. Dedilər: “Şübhəsiz ki, Allah Adəmi Öz əli ilə yaratmayıb”. Dedilər: “Burada əlin mənası qüvvət deməkdir.”

İshaq bin İbrahim dedi: “Bu, yalnız əgər o, “əl mənim əlim kimidir və ya mənim əlimin eynisidir” və yaxud da “eşitmə mənim eşitməyim kimidir, ya da mənim eşitməyimlə eynidir” deyərsə o zaman təşbih/bənzətmə ola bilər. Beləliklə əgər “eşitmə mənim eşitməyim kimidir, ya da mənim eşitməyimin eynisidir” deyərsə bu, bənzətmə olar. Lakin əgər Allahu Təalənin dediyi kimi “əl”, “eşitmə” və “görmə” deyərsə, bunun necə olduğunu deməzsə, nə də öz eşitməsi kimi və ya eyni olduğunu deməzsə bu, bənzətmə/təşbih olmaz.[1]

Beləliklə İmam ət-Tirmizinin bu sözlərindən çıxaracağımız nəticə budur ki, onun zamanında sünnət əhli sifətləri təvil edənləri bidət əhli sayıblar. ət-Tirmizi bunu aşkar sözlərlə bildirir və müxalifləri cəhmilər adlandırır. Daha sonra öz şeyxi, sünnət əhlinin imamlarından biri İshaq bin Rahaveyh’in bu barədə dediyi sözünü zikr etmişdir. Bu sözlərdən anlayırıq ki, Allaha əl nisbət etmək təşbih deyildir, lakin Allahın əlinin məxluqatının əlinə bənzədiyinə inanmaq təşbihdir.

ət-Tirmizi Xorasanı, İraqı, Hicazı gəzmiş bir zatdır və orada yaşamış zamanının ən böyük imamlarından, şeyxlərindən, sünnət əhlindən hədis dinləmiş, fiqh öyrənmişdir. Sünnət əhlinin bu məsələlədəki görüşünü nəql etməsində qəribə heç bir tərəf yoxdur, çünki zamanında buna ən layiq olan şəxslərdən biri kimi tanınmışdır.

Dedilər: “Şübhəsiz ki, Allah Adəmi Öz əli ilə yaratmayıb”. Dedilər: “Burada əlin mənası qüvvət deməkdir.” Buradan gördüyümüz kimi “Allahın əlini” Allahın qüvvəti kimi, qüdrəti kimi təvillər ilə təvil edənlərin bidət olduğuna hökm etmişdir. İşin maraqlı tərəfi budur, çünki ət-Tirmizi bunu öz mövqeyi kimi yox, zamanındakı sünnət əhlinin mövqeyi kimi nəql etmişdir. Lakin bunun ən maraqlı tərəfi budur ki, sifətləri bu cür təvil etmək o dövrdə bidət əhlinin məzhəbi kimi tanındığı halda sonrakı dövrlərdə bu, kəlamcılar tərəfindən sünnət əhlinin məzhəblərindən bir məzhəb kimi tanıdılmağa başlandı. Bu, həqiqətən də çox maraqlı bir nöqtədir, çünki burada biz görüşlərin və fikirlərin necə dəyişdiyini müşahidə edə bilirik.

Əşari alimlərindən olan Alləmə Əbu Bəkr İbn əl-Arabi (468-543) – rahiməhullah - ət-Tirmizi’nin kitabına yazdığı şərhində onun bu sözləri haqqında deyir:

Əbu İsa (ət-Tirmizi) hədis elmi alimlərindən olduğu üçün cəhmilərin görüşünü tam bilməmiş və onlardan bəzisində xəta etmişdir. Cəhmilər isə Cəhm’in davamçılarıdır və o, bidətçidir, Allahın sifətlərini inkar etmişdir və (cəhmilər) deyiblər ki, Allahın qüdrəti, qüvvəti, elmi, görməsi, eşitməsi yoxdur və deyiblər ki, “əl” nemət mənasındadır və nemət Allahın yaratdıqlarından bir məxluqdur. (Dedilər ki,) Adəmi və məxluqlardan dilədiyini onunla yaratmışdır. Lakin “əlin” qüdrət olduğunu deyənlərə gəldikdə isə onlar əhlüs-sünnət’dən olan bir qrupdur.[2]

İbnul-Arabi’nin bu sözlərindən anlayırıq ki, o, Əbu İsa ət-Tirmizi’nin sadəcə hədis alimi olduğunu və əqidə babında müxtəlif firqələrin görüşlərini yaxşı bilmədiyini iddia edir. Lakin bu iddia mübahisəlidir, çünki əl-Cəhm bin Safvan Kufə şəhərində doğulub, orada böyüsə də əslən Tirmiz şəhərindəndir və dəvətinə də ilk olaraq orada başlamışdır, orada məzhəbini qurmuş və ilk tələbələri oradan çıxmışdır. Əbu İsa da Tirmiz şəhərindəndir və onun kimi bir alim üçün onların məzhəblərindən xəbərsiz olmaq ehtimalı uzaq bir ehtimaldır. Lakin ət-Tirmizi’nin sözlərini bir neçə yöndən izah etmək olar:

Birinci: İmam Əbu İsa’nın zamanında hədisləri təvil edənlərin hamısına ümumən “cəhmilər” deyirdilər və onlar istər mötəzilə olsunlar, istərsə də əl-Cəhm bin Safvan’ın əsl davamçıları olsunlar, hamısına ümumən “cəhmiyyə” adını verirdilər. Sünnət əhlinin imamı Əhməd bin Hənbəl’in sözlərinə nəzər salanlar bunun şahidi ola bilərlər.

İkinci: Müxaliflərin ayələri təvil edərkən seçdikləri təvil variantlarının öz məzhəblərinə müxalif olması bu təvillərin onlara nisbətinin səhih olmamasını gərəkdirməz, çünki onlar möhtəməl təvilləri zikr etməkdə qəsdləri tənzih etməkdir və öz məzhəblərinə müxalif olan tərəfi üçün də möhtəməl cavabları vardır. Qeyd edək ki, Allah üçün qüdrət sifətini, həyat sifətini və bənzəri sifətləri inkar edənlər yalnız cəhmilər deyildir, mötəzilə də öz yoldaşları kimi bu sifətləri inkar edirlər və belə deyirlər: “Allah Qadirdir, lakin qüdrəti yoxdur.” “Allah Alimdir, lakin elmi yoxdur.” “Allah Həydir, lakin həyatı yoxdur.” Bu şəkildə Allahın isimlərini isbat edirlər, lakin sifətlərini inkar edirlər və sifətlərinin məxluqatda yaratdığı vəsflər olduğunu deyirlər, çünki onlara görə fel ilə məf’ul eynidir, yəni fel elə məf’ulun özüdür və əşarilərin mötəzilədən miras aldıqları görüşlərdən biri də budur. Əgər hal belədirsə məlumdur ki, mötəzilə də cəhmiyyə kimi Allahın əl sifətini “qüdrət”, “nemət” kimi mənalara təvil edirlər, baxmayaraq ki, həqiqətdə bu, onların özlərinin əleyhinədir. İmam Əbul-Həsən Əli bin İsmayıl əl-Əşari (260-324) “əl-İbənə” kitabında deyir:

Həmçinin əgər (Allah) qüvvət mənasını qəsd etsəydi o zaman bunun mənası “iki qüdrətim ilə” olardı və bu, müxaliflərimizin öz görüşünə qarşıdır və onların məzhəblərini çökürdür, çünki onlar (Allah üçün) heç tək bir qüdrəti belə isbat etmirlər, o zaman iki qüdrəti necə isbat edəcəklər.[3]

Beləliklə də Əbul-Həsən əl-Əşari bu təvili mötəziləyə və ya cəhmiyyəyə nisbət etmək ilə bərabər bu təvilin onların öz məzhəblərinə müxalif olduğunu qeyd etmişdir. Ona görə də ət-Tirmizi’nin bu təvili cəhmilərə nisbət etməsində heç bir işkəl qalmır. Həmçinin Əbul-Həsən əl-Əşari’dən sonra əşarilərin ikinci böyük imamı olan Əbu Bəkr əl-Bəqilləni əl-Məliki (328-403) “Təmhidul-Əvail” kitabında deyir:

Əgər iki əl ilə qəsd olunan qüdrət olsaydı o zaman Onun iki qüdrətinin olması vacib olardı, halbuki siz özünüz iddia edirsiz ki, Allahın heç bir qüdrəti yoxdur, o zaman Onun üçün iki qüdrəti isbat etməyiniz necə mümkündür?! Müsəlmanlar arasından sifətləri isbat edənlərdən tutmuş onları nəfy edənlərə qədər hamısı icma ediblər ki, Allahın iki qüdrətinin olması imkansızdır. Bununla da dediyiniz söz batil olur.[4]

Bu nəqllərdən başa düşə bilərik ki, Əbu Bəkr İbnul-Arabi’nin etirazı əsassızdır, çünki cəhmiyyənin Allahın qüdrət sifətini inkar etməkləri heç də onların ayəni o vəchdə təvil etməməklərini gərəkdirməz. Lakin bu söhbətin ən maraqlı tərəfi ət-Tirmizi’nin bidət əhlinin məzhəbini bilməsi yox, onun sünnət-əhlinin məzhəbini bilməsidir. Yoxsa ət-Tirmizi’ni bidət firqələrinin görüşlərini bilməməkdə ittiham etmək bir qədər yumşaq səslənir, etirazın əsl mahiyyəti isə budur ki, ət-Tirmizi sünnət əhlinin görüşünü tam bilmir, çünki Əbu Bəkr İbnul-Arabi’nin sözündən belə bir nəticə çıxır ki, ət-Tirmizi sünni bir görüşü bidət əhlinə nisbət etmişdir. Müsibətin təzahürü məhz buradadır, çünki gördüyümüz kimi hicri üçüncü əsrdə sünnət imamlarının bidət əhlinə nisbət etdikləri bir görüş artıq üç əsr sonra sünnət əhlinin görüşlərindən bir görüşə çevrilmişdir. Görəsən belə bir dəyişikliyin səbəbi nədədir? Mən şübhə etmirəm ki, bu dəyişikliyin ən böyük səbəbkarı lənətə gəlmiş kəlam elmidir, pak islam elmlərinə bulaşmış yunan və hindistan fəlsəfəsidir.

Bu epizod sadəcə çox saylı misallardan bir misal idi və ağıl sahibləri üçün burada bir ibrət vardır. Ümmətin ən xeyirli nəsillərinin əqidəni doğru-düzgün bilmədiklərini güman etmək həqiqətdə sünnətin özünü ittiham etməkdir. Allah bizi bu cür düşüncələrdən qorusun!



[1] “əl-Cami əl-Kəbir”, 2/43

[2] “Aridatul-Əhvazi”, 3/166; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut

[3] “əl-İbənə an Usulid-Diyənə”, səh: 130; Darul-Ənsar, birinci nəşr: hicri 1397, Qahirə

[4] “Təmhidul-Əvail va Təlxisud-Dələil”, səh: 297; Muəssəsətu Kutubis-Səqafə, birinci nəşr: 1407/1987, Beyrut