İmanın şöbələri haqqında xülasə

Hicri 1420-ci ilin ramazan ayının son on günündə Haram məscidində görüşlə bağlı bir qrup alimin işlərinin çap olunduğu risalələr toplusuna nəzər saldıqda orada məşhur hənəfi alimi əl-Murtəda əz-Zəbidi’nin (1145-1205) imanın şöbələri haqqında yazdığı kiçik bir risaləsi ilə qarşılaşdıq.

 

 Risalə gözəl tərtibdə və çox müxtəsər şəkildə yazılıb. Bunu dilimizə tərcümə etməyin çox vaxt tələb etməyəcəyini və müsəlmanlar üçün faydalı olacağını nəzərə aldığımız üçün onu burada təqdim edirik.Risalə “Darul-Bəşəirul-İsləmiyyə” kitab evi tərəfindən çap olunub. Əlyazmanı təhqiq etmiş Nizam bin Muhəmməd Saleh Yəqubi qeyd edir ki, əlyazmanı “Darul-Kutubil-Misriyyə” kitabxanasında tapıb. Əlyazmanı köçürən Muhəmməd Əbun-Nəsr Həşim əl-Cafəri ən-Nəblusi olmuşdur və bunu İbnut-Tələmid əş-Şənqiti adı ilə tanınan şəriət və ərəb dili alimi Şeyx Muhəmməd Mahmud ət-Turkuzi’nin (vəfatı hicri 1322) tələbi ilə hicri 1321-ci ildə, cumədəs-səniyə ayının 16-sı etmişdir.

***

 

əl-Murtəda əz-Zəbidi deyir:

“Bütün təriflər fəzl və ihsan sahibi olan, bizə iman nemətini verən Allaha aiddir. Adnan oğullarının ağası, mövlamız, ağamız Muhəmmədin, onun irfan sahibi olan ailəsinin, yaxın dostları olan səhabələrinin və sevimlilərinin, sirlərinin varisləri olan qardaşlarının və onlara xeyirdə tabe olanların üzərinə tam və kamil şəkildə salavat və salam olsun!

 

Əmmə bə’d:

 

Bu kiçik və dəqiq qeydlərdə imanın şöbələrini topladım; bunları toplamağı məndən bəzi bəsirət və yəqinlik sahibləri istədi. Bunun adını “İqdul-Cumən fi Bəyəni Şu’abil-İmən[1] adlandırdım.

Təvəkkülüm Allahadır və yalnız Ondan yardım istənilər.

Bil ki, alimlər imanın şöbələrini bəyan etməkdə geniş bir ixtilaf ediblər, bunun təfsilatında geniş bir izahat veriblər.

Görüşlərin icmalını bu qeydimdə zikr edirəm və geridə qalanların hamısı yenə bura aiddir, belə ki, bu şöbələr – çox olmaqlarına baxmayaraq – üç əsas üzərində durur:

Allaha iman, bu dünyadakı həyata iman və Axirətə iman.

Bunlardan birincisi özü də iki qisimdir:

  1. Allahın Zatı və Onun sifətləri ilə bağlı olan şeylərə iman etmək; misal üçün Yaradanın – cəllə Cələluhu – mövcud olmasına, onun həyat, elm, iradə, qüdrət, eşitmə, görmə və danışma kimi sifətlərinə[2] iman etmək.
  2. Allahu Təalənin feli və hökmü ilə bağlı olan şeylərə iman etmək; misal üçün Onun mələklərinə, elçilərinə, kitablarına, aləmin yaradılmış olmasına, xeyri və şərri ilə qədərə iman etmək.

 

İkincinə gəldikdə isə - və bu, bu dünyadakı həyata iman etməkdir -  o da iki qismə bölünür:

 

  • Nəfs ilə bağlı olan xüsusiyyətlərdir; “nəfsani xüsusiyyətlər” adlanır və onlar ya batini olur, ya da zahiri olur;

Batini isə ya təhliyə olur, ya da təxliyyə olur;
Təhliyə olanlara gəldikdə bunlar tövbə, qorxu, ümid, həya, şükr, vəfa, səbr, ixlas, məhəbbət, təvəkkül, Allahın qəzasına razılıq kimidir.

Təxliyyə isə malı, şan-şöhrəti, dünyanı sevmək, kin, həsəd, riya, nifaq, özünü bəyənmə.

Zahiri də iki qisimdir; qövli və feli.

Qövli olanlara gəldikdə bura şəhadət kəlimələrini tələffüz etmək, sözündə doğru danışmaq, Quranın tilavəti, şəriəti öyrənmək və öyrətmək kimi şeylər aiddir.

Feli olanlar isə misal üçün təharət, övrəti örtmək, namazı qılmaq, zəkatı vermək, cənazələrin işi ilə məşğul olmaq, oruc, həcc, nəzirə vəfalı olmaq, imanı öyrətmək, kəffarələri ödəmək.

 

  • Nəfsdən başqa şeylərlə bağlı olanlara gəldikdə isə; bunlar da iki qisimdir: mənzili və mədəni.[3]

Mənzili olanlara gəldikdə; (bura) zinadan təmiz olmaq, nikah bağlamaq, nikahın hüquqlarını ödəmək, valideynə yaxşılıq etmək, övladları tərbiyə etmək, qohumluq bağlarını qorumaq, böyüklərə itaət etmək, kölələrə xeyirxahlıq etmək (aiddir).

Mədəni olanlara əmirlik vəzifəsini yerinə yetirmək, camaata tabe olmaq, əmr sahiblərinə tabe olmaq, yaxşılıq və təqva üzərində köməkləşmək, dini prinsipləri dirçəltmək, yaxşılıqları əmr edib pisliklərdən çəkindirmək, öldürmək və vuruşmaq vasitəsi ilə dini qorumaq, cinayətlərdən uzaq olmaqla və bədən xəsarətləri ilə bağlı hədləri yerinə yetirməklə nəfsi qorumaq, sərxoş edici şeyləri və çirkin işləri qadağan edərək əqli qorumaq, malın haqqını tələb etməklə və haqqını ödəməklə onu qorumaq, zina ilə, kimisə əxlaqsızlıqda ittiham etmək ilə bağlı hədləri və təziri tətbiq etməklə irzi qorumaq[4], müsəlmanlardan zərəri dəf etmək (aiddir).

Axirətə iman etməyə gəldikdə isə bu, üçüncü qisimdir; yenidən dirilməyə, Allahu Təalənin qarşısında durmağa, hesaba çəkilməyə, tərəziyə, sirat körpüsünə, şəfaətə, Cənnətə və onunla bağlı olan işlərə, Cəhənnəmə və onunla bağlı olanlara iman etmək kimi.

 

***

 

Bura qədər zikr etdiklərim İmam Əbu Bəkr Əhməd bin əl-Hüseyn əl-Beyhəqi’nin və əl-Qasri adı ilə tanınan İmam Əbu Muhəmməd Abdul-Cəlil bin Musə bin Abdil-Cəlil əl-Ənsari əl-Əvsi’nin “Şuabul-İmən” adlanan kitablarında zikr etdiklərinin xülasəsidir. Burada qeyd etdiklərimizin təfsilini bilmək istəyənlərə işarə etdiyimiz bu iki kitaba baxmasını tövsiyə edirik; muradına qovuşacaq, öncə zikr etdiyimiz ən gözəl xüsusiyyətlərin üzərinə, səadət qübbəsinə üstlənəcək.

Va huvallahu lə iləhə ğayruhu va lə xayra illə xayruhu va salləllahu alə seyyidinə Muhəmməd va əlihi va sahbihi va səlləm!

 

***

 

Müəllif, Allahu Təaləyə möhtac qulu əl-Murtəda əl-Hüseyni adı ilə məşhur olan Seyyid Muhəmməd bin Muhəmməd bin Muhəmməd bin Muhəmməd əl-Vasiti əz-Zəbidi əl-Hənəfi bu qeydlərini Allaha həmd edərək, (peyğəmbərinə) salavat və salam gətirərək və (Allahdan) bağışlanma diləyərək muhərram ayının altısı, hicri 1179-cu ildə Misirdə Davudiyyə məktəbində bitirdi.”

 


[1] “İmanın şöbələrinin izahında bir dürdanə boyunbağısı”

[2] Burada yalnız bu yeddi sifəti zikr etməsi müəllifin əşari etiqadı üzərində olması ilə bağlıdır, yoxsa biz Allahın Kitabında və səhih sünnətində sabit olmuş bütün sifətlərinə təvil etmədən, mənalarını inkar etmədən, məxluqata bənzətmədən iman edirik.

[3] “Mənzili” və “mədəni” müəllifin işlətdiyi terminologiyadır. Bizim dilimizdə buna ən yaxın olan “şəxsi” və “ictimai” sözləri bu iki sözü əvəz edə bilər. Çünki diqqət etsəniz “mənzili” olan işlər ailə və qohumlarla bağlıdır və bu, şəxsi planda edilən işlərdir. Mədəni olanlar isə ümumən ictimaiyyətə aiddir.

[4] Dini, canı, malı, əqli və irzi qorumaq şəriətin məqsədləri mövzusunda zikr olunan beş məqsəddir. Çünki alimlər deyirlər ki, İslam şəriəti bu beş şeyi qorumaq məqsədi ilə gəlmiş və şəriətin əhkamları arxasındakı hikmət də bununla bağlıdır.