Allahın kəlamı və "nəfsi kəlam" bidəti

Sünnət əhlinin etiqad əsaslarından biri də budur ki, oxuduğumuz Quran Allahın kəlamıdır, məxluq deyildir və etiqad edirik ki, Allah – subhənəhu va təalə - dilədikdə danışır və Onun danışmağı məcazi mənada deyildir, həqiqi mənadadır. Həmçinin sünnət əhli ittifaq etmişdir ki, Allahın danışığını Onun qulları eşidə bilir. Bu barədə Qurandakı və sünnətdəki mətnlər möhkəmdir, mənaları aydındır, aşkardır. Bunu bidət əhlindən başqaları inkar etməmişdir. Bu mövzu ilə bağlı bəzi əhəmiyyətli məsələlərə aydınlıq gətirməyə çalışacağıq. Bunları bilməkdə fayda olduğunu düşünürük ki, müsəlmanlar sünnət əhlinin etiqadını bilsinlər və alimlərin etdikləri xətalara aldanmasınlar.

 

Bil ki, Allah sənə rəhm etsin, başlarında İmam Əhməd bin Hənbəl olmaqla hədis əhli Allahın istədiyi vaxt danışdığına və Allahın danışmağının Onun qədim sifətlərindən olduğuna inanır. Bunun səhabənin və onlardan sonra gələn nəsillərin etiqadı olduğunu söyləyirlər. İmam Əhməd və ona tabe olmuş əshabı və digər məzhəblərdən olan bir çox fəqih və mühəddislər bu barədə gəlmiş dəlillərə əsaslanaraq Allahın danışmağının səs ilə olduğunu təsdiqləyiblər. Bu barədə İmam Əhmədin oğlu Abdullah “əs-Sünnə” kitabında deyir: “Atamdan “Allah – azzə va cəllə - Musa ilə danışdıqda səs ilə danışmamışdır” deyən bir qövm haqqında soruşdum və atam dedi: “Xeyr, şübhəsiz ki, Rəbbin – azzə va cəllə - səs ilə danışmışdır. Bu hədisləri gəldikləri kimi rəvayət edirik.[1]Həmçinin Qadi Əbul-Hüseyn Muhəmməd bin Əbi Yələ əl-Bəğdədi deyir: “İbnul-Mubərak bizə İbrahim əl-Bərməki’dən, o da Abdul-Aziz’dən belə dediyini rəvayət edir: Əbu Bəkr əl-Xalləl bizə xəbər verdi; Muhəmməd bin Əli bizə rəvayət etdi; dedi: Yaqub bin Buxtən bizə rəvayət etdi; dedi: “Əbu Abdilləh (Əhməd bin Hənbəl)dən Allahın – azzə va cəllə - səs ilə danışmadığını iddia edən bir kəs haqqında soruşdular və dedi: “Xeyr, Allah – subhənəhu – səslə danışır.[2] Həmçinin “Əbu Bəkr əl-Xalləl (rahiməhullah) Əbu Bəkr əl-Mərruzi’dən rəvayət edir: “Əbu Abdilləh’ə dedilər: “Abdul-Vahhab (əl-Varraq) danışıb və deyib: “Kim iddia etsə ki, Allah Musa ilə səssiz danışıb o, cəhmidir, Allahın düşmənidir, İslamın düşmənidir.” Bunun üzərinə Əbu Abdilləh təbəssüm etdi və dedi: “Nə gözəl deyib! Allah onu qorusun![3] Çox təəccüblüdür ki, bəzi kəslər İmam Əhmədin bu məzhəb üzərində olmasını inkar edir, sanki bu məzhəb açıq zəlalət və sapıqlıqdır və ona görə də bu məzhəbi İmam Əhmədə nisbət etməkdən çəkinir. Halbuki bunu ona hənbəli alimlərindən tutmuş qeyri hənbəlilərə qədər bir çox hafiz və imam nisbət etmişdir və bu, səhih sənədlərlə mötəbər mətnlərdə sabit olmuşdur. Qadi Əbu Yalə İbn əl-Fərra deyir: “Əhməd – camaatın (ondan) rəvayətində - səsin isbat edilməsini aşkar sözlərlə bildirmişdir.[4]Hənbəli məzhəbində isə İmam Əhməddən “camaatın” rəvayəti deyildikdə ən güclü rəvayətlər qəsd olunur və bu, onun bir qrup xüsusi tələbələrinin rəvayət etdiyi rəvayətlərdir.[5] Biz o tələbələrdən Əbu Bəkr əl-Mərruzi, Əbu Yusuf Yaqub bin İshaq bin Buxtən və oğlu Abdullah’ın rəvayətlərini zikr etdik.

Üstəlik Əbul-Fədl ət-Təmimi – rahiməhullah – İmam Əhmədin etiqadı haqqında yazdığı kitabında deyir: “Deyərdi ki, “Quranı necə sərf etsən məxluq deyildir və Allah – təalə - səs və hərflə danışmışdır.[6] Əbul-Fədl ət-Təmimi isə əşarilərin ikinci imamı əl-Qadi Əbu Bəkr əl-Bəqilləni’nin dostu Abdul-Vahid bin Abdil-Aziz bin əl-Həris əl-Hənbəli’dir. Hicri 410-cu ildə vəfat etmişdir. Ümumiyyətlə hənbəlilərdəki Təmimi’lər ailəsi əl-Bəqilləni kimi əşarilərlə yoldaşlıq etdikləri üçün əşarilərin kəlam elmindən təsirləniblər. əl-Beyhəqi və digərləri İmam Əhməd’in məzhəbini nəql etdikdə özəlliklə ət-Təmimi’nin bu kitabına etimad edirlər.

Həmçinin əl-Həfiz İbn Həcər “Fəthul-Bəri” kitabında məsələ haqqında danışdıqda Allahın kəlamının səs və hərflərlə olması görüşünü ümumən hənbəlilərə nisbət edir və daha sonra bu barədə İmam Əhməd’dən oğlu Abdullahın rəvayət etdiyi sözləri nəql edir.[7]

əl-Həfiz Zeynud-Din İbn Rəcəb – rahiməhullah – bunu inkar edən bəzi kəslərin sözünə təəccüblənərək deyir: “əl-Həfiz (Abdul-Ğani)nin tabe olduğu İmam (Əhməd)in səsi isbat etməsini (müxalifin) inkar etməsinə gəldikdə isə bu, çox təəccüblü haldır, belə ki, onun səsi isbat etmək haqqındakı sözləri çoxdur.[8]

 

 

Hədis və sünnət əhlinin imamlarından olan bir digər imam Muhəmməd bin İsmail əl-Buxari (vəfatı hicri 256) məşhur “Xalq Əf’alil-’İbəd” kitabında deyir: “Allah – azzə va cəllə - elə bir səslə çağıracaq ki, uzaqda olan da yaxında olan kimi eşidəcək və bu, Allahdan – cəllə zikruhu – başqasına aid edilməz. Burada dəlil vardır ki, Allahın səsi yaratdıqlarının səsinə bənzəməz, çünki Allahın səsi yaxından eşidildiyi kimi uzaqdan da eşidilir. Həm də mələklər Onun səsindən dəhşətə gələcəklər, halbuki mələklər bir-birilərini çağırdıqda dəhşətə gəlmirlər.[9]

Həmçinin hədis imamlarından Əbu Bəkr Əhməd bin Amr ibn Əbil-Asim (vəfatı hicri 287) “əs-Sünnə” kitabında “Kəlam, səs, şəxs və digərlərinin zikri” adlı bab açır və orada əl-Buxari’nin işarə etdiyi hədisi zikr edir.[10] Bununla da Allah haqqında səs sifətini isbat etmişdir.

İkinci əş-Şəfi adı ilə tanınmış İmam Əbul-Abbas Əhməd bin Ömər bin Sureyc əl-Bəğdədi (vəfatı hicri 306) deyir: “Gəlib keçmiş sələf, səhabələr, tabiilər və bizim zamanımıza qədər onların yolunu izləmiş tanınmış, məşhur hidayət imamlarından oluşan diyanət, sünnət və camaat əhlinin hamısına görə səhih olmuş, sabit olmuş və aydın olmuşdur ki,... isbat olunur ki, kəlam səs, hərf, dillər, kəlimələr və surətlərlə olur...[11] Bu cavabı İbn Sureyc ona mövzu ilə bağlı verilmiş sualın cavabında vermişdir. Bu cavabı eynilə məşhur şafi’i alimi İmam Əbul-Qasim Sad bin Əli əz-Zəncəni (380-471) sifətlər haqqında verilmiş sualın cavabında zikr etmişdir.

Allahın kəlamının səs və hərflərlə olması görüşü həm də məşhur alim İmam Həris əl-Muhəsibi’nin görüşüdür. Hənəfi alimlərindən Əbu Bəkr Muhəmməd bin Əbi İshəq əl-Kələbəzi əl-Buxari (vəfatı hicri 380) sufi alimləri haqqında yazdığı kitabında deyir: “Onlardan bir qrup alim isə dedi ki, Allahın kəlamı hərflər və səsdir və iddia etdilər ki, Allahın kəlamı bundan başqa cür tanınmır, bununla belə təsdiq edirlər ki, bu, Allahın Zatında olan sifətidir. Bu, Həris əl-Muhəsibi’nin və son zaman alimlərindən İbn Səlim’in görüşüdür.[12] əl-Həris bin Əsəd əl-Muhəsibi isə İmam Əhməd’in müasirlərindən olan məşhur bir imam, böyük bir alimdir, hicri 243-cü ildə vəfat etmişdir. Bu görüşü həmçinin Mə’mər bin Ziyəd əl-Əsbəhəni “Əxbərus-Sufiyyə” kitabında ona nisbət etmişdir. İbn Səlim isə məşhur zahid Əbul-Həsən Əhməd bin Muhəmməd bin Səlim əl-Bəsri (vəfatı hicri 327) olmalıdır, məşhur zahid Səhl bin Abdilləh ət-Tustəri’nin tələbəsi olmuşdur. Lakin onun oğlu Əbu Abdilləh Muhəmməd bin Əhməd bin Səlim də İbn Səlim adı ilə tanınır, təqribən hicri 353-cü ildə vəfat edib.

əl-Hafiz Şəmsud-Din İbn əl-Məvsili əl-Bə’li (vəfatı hicri 774) deyir: “Həmçinin (İmam) Malikin tələbəsi İbnul-Qasim sünnət haqqında yazdığı risaləsində aşkar şəkildə demişdir ki, Allahu təalə səslə danışır və onun sözləri (tam olaraq) belədir; dedi: “Allahın Musa bin İmran ilə elə bir səslə danışmışdır ki, Musa onu başqasından yox, Allahdan eşitmişdir. Kim bundan başqa bir şey deyərsə və ya şəkk edərsə küfr etmişdir.” Bunu İbn Şukr “ər-Raddu aləl-Cəhmiyyə” kitabında ondan rəvayət etmişdir.[13]

Bağdadda hənbəlilərin imamı Əbu Muhəmməd əl-Həsən bin Əli əl-Bərbəhəri (vəfatı hicri 329) deyir: “İman etmək ki, Tur günündə Musa bin İmran ilə danışan elə Allah – təbərakə va təalə - idi və bu zaman Musa Allahdan kəlamı qulaqlarına başqasından deyil, məhz Ondan gələn səsi eşidirdi və kim bundan başqasını deyərsə əzəmətli Allaha küfr etmişdir.[14]

İbn Şəqilə adı ilə tanınmış İmam Əbu İshaq İbrahim bin Əhməd bin Ömər əl-Bəzzər (vəfatı hicri 369) İbn Kulləb’in məzhəbi üzərində olan şafi’i alimi Əbu Süleyman əd-Diməşqi ilə münazirəsində deyir: “Sənin məzhəbin budur ki, Allahın kəlamı nə əmrdir, nə də qadağadır, onda nə mütəşabih var, nə nasix var, nə də mənsux var. Onun kəlamı (sizə görə) eşidilmir, çünki sənə görə Allah – azzə va cəllə - səslə danışmır və Musa Allahın – azzə va cəllə - kəlamını qulağı ilə eşitməyib. (Sizə görə) Allah – azzə va cəllə -sadəcə olaraq Musada bir anlayış yaratdı ki, onunla (Allahın kəlamını) anladı.[15]

Şafi’i məzhəbinin İbn Sureyc’dən sonra ikinci böyük imamı Əbu Həmid əl-İsfərayini (vəfatı hicri 406) deyir: “Məzhəbim, əş-Şafi’nin və bütün ölkələrin fəqihlərinin məzhəbi budur ki, Allahın Kəlamı məxluq deyildir və məxluq olduğunu deyən kafirdir. Quranı Cibril – aleyhissələm – Allahu Təalədən eşitmiş olaraq daşımışdır və peyğəmbər – salləllahu aleyhi va səlləm – onu Cibrildən eşidib və səhabələr onu Allahın elçisindən – salləllahu aleyhi va səlləm – eşidiblər və bizim dillərimiz ilə dediyimiz, (kitabın) iki üz arasında olan, eşidilmiş, yazılmış, hifz edilmiş və nəqş olunmuş olaraq sinələrimizdə olan Odur. “Bə” və “tə” kimi hər bir hərfi Allahın Kəlamıdır, məxluq deyildir və məxluq olduğunu deyən kafirdir. Üzərinə Allahın, mələklərin və bütün insanların lənəti olsun.[16]

İmam Əbu Nəsr Ubeydullah bin Said əs-Siczi əl-Vaili (vəfatı hicri 444) bu barədə ayrıca bir risalə yazmış və həmin risalədə əşariləri, kulləbiləri tənqid edərək sünnət əhlinin məzhəbini bəyan etmişdir. Kitab zamanımızda “Risələtus-Siczi ilə Əhliz-Zəbid fir-Raddi alə Mən Ənkəral-Harfə vas-Savt” adı ilə çap olunmuşdur və kitabda Allahın kəlamının səs və hərflərlə olduğunu isbat edir. Bu barədə İmam Əhməd’din sözlərini də nəql edir. Onu da qeyd edək ki, Əbu Muhəmməd Muhyid-Din Abdul-Qadir əl-Quraşi hənəfi alimləri haqqında yazdığı “əl-Cəvahir əl-Mudiyyə” kitabında əs-Siczi’ni hənəfi alimləri arasında saymışdır.

Həmçinin Şeyxul-İslam əl-Həfiz Əbu İsmayıl Abdullah bin Muhəmməd əl-Həravi əl-Ənsari (vəfatı hicri 481) “Zəmmul-Kələm va Əhlihi” kitabında əşarilərin məzhəbini rədd edir və kəlamın səs və hərflərlə olduğunu bəyan edir.

Böyük şafi’i alimi İmam əl-Həfiz Qavvamus-Sünnə Əbul-Qasim İsmayıl bin Muhəmməd ət-Teymi əl-Talhi əl-Əsbəhəni (vəfatı hicri 535) “əl-Huccə fi Bəyənil-Məhəccə” adlı mübarək kitabında bu barədə sünnət əhlinin görüşünü bəyan edərək deyir: “Sünnət əhlinin dəlili Allahu Təalənin bu sözüdür: “Allahın kəlamını eşitməsi üçün...” (ət-Tövbə, 6) Eşidilən isə yalnız hərf və səs ola bilər, çünki məna eşidilmir, anlaşılır. Dildə “kəlamı eşitdim, mənanı başa düşdüm” deyirlər. Allah “eşitməsi üçün...” dedikdə bu, onun hərf və səs olduğuna dəlalət etmişdir...[17]

Zamanının böyük şafi’i fəqihlərindən Əbul-Hüseyn Yəhya bin Əbil-Xeyr əl-İmrani əl-Yəməni (vəfatı hicri 558) deyir: “Səsin isbat edilməsi üçün dəlil Allahın Musaya dediyi bu sözlərdir: Mən səni seçdim, vəhy olunanı dinlə!” (Taha, 13) Allah – subhənəhu – onunla hicab arxasından danışdı və aralarında heç bir tərcüməçi yox idi. Bəşər övladının eşitməsi isə həqiqətdə yalnız səsi eşitməklə olur.[18]

Eyni bunun sünnət əhlinin görüşü olduğunu İbn Xuzeymə, Əbu Ömər ət-Taləmənki əl-Məliki, Əbul-Bəyən Muhəmməd bin Məhfuz əs-Suləmi əş-Şəfi’i, Əbu Muhəmməd Abdul-Qadir bin Əbi Saleh əl-Ceyləni, Təqiyyud-Din Əbu Muhəmməd Abdul-Ğani əl-Məqdisi, Muvaffəqud-Din Əbu Muhəmməd ibn Qudəmə əl-Məqdisi, Şeyxul-İslam İbn Teymiyyə, əl-Hafiz İbnul-Qayyim əl-Cəvziyyə, Abdur-Rahmən bin Əhməd bin Rəcəb əl-Hənbəli və digər böyük alimlər söyləyiblər. Əslində zahiri bu dediklərimizə dəlalət edən sözlər sayılmayacaq qədər çoxdur, lakin biz onların içindən ən aşkar olanlardan bəzilərini zikr etməklə kifayətləndik.

 

 

***

 

 

Allahın kəlamı haqqında firqələrin görüşləri fərqlənir. Yuxarıda nəql etdiyimiz görüşlər sünnət əhlindən sabit olmuş görüşlərdir. Onlar kəlam elminin qaranlıqlarına dalmadan, yalnız təmiz fitrət üzərində qalaraq Quranın ayələrini və peyğəmbərdən – salləllahu aleyhi va səlləm – səhih olaraq varid olmuş sünnətləri həqiqi mənalarına uyğun olaraq anlayıblar.

Lakin kəlam elminə bulaşmışq tayfalar bu məsələdə sünnət imamlarının görüşündən ayrılmışlar və peyğəmbərin – salləllahu aleyhi va səlləm – sünnətini təhrif etmişlər. Burada kəlam elmi ilə sünnəti birləşdirməyə çalışmış mütəkəllimlərin bu barədə məzhəblərini, xətalarını və şübhələrini izah etməyə çalışacağıq.

 

Önəmli: Bu yazımızı oxumadan öncə bir şeyi bilmək lazımdır. Ərəblər “kəlam” dedikdə insanın başa düşülən tərzdə səslə danışdıqlarına deyirlər. İnsanın öz içində, öz qəlbində dediyi sözlər “kəlam” adlanmaz. Lakin onun üçün daha geniş mənada olan “qövl”, “hədis” kimi sözlər işlədilir. Bu baxımdan “qövl” sözü “kəlam” sözündən daha ümumidir və hər bir kəlam qövl olduğu halda, hər qövl kəlam deyildir. İnsanın öz qəlbində dediklərinə ərəbcə “qövl” demək doğru olsa da “kəlam” demək doğru deyildir. Bunun dəlilləri qarşıda zikr olunacaq.

 

Bil ki, Allah sənə rəhmət etsin, ilk nəsil müsəlmanlarda bu məsələ heç bir şəkk götürməyən, mənası aşkar olan bir məsələ idi. Müsəlmanlar Allahın kəlamının nə mənaya gəldiyini ərəb dilindəki biliklərinə əsasən gözəl anlayırdılar, hətta əcəmilər belə “Allah danışır” dedikdə bundan Allahın kəlimələrlə, sözlərlə, səslərlə danışmağından başqa bir şey anlamırdılar. Lakin fəthlərin ardından mülhidlərin İslam sahəsinə daxil olmaqları ilə bəzi müsəlmanlar onlara cavab vermək üçün əqli məzhəbləri, fəlsəfi cərəyanları öyrənməyə başladılar. Nəticədə Allahın danışdığını inkar edən cəhmilər və mötəzililər kimi firqələr ortaya çıxdı, çünki onlara görə “danışmaq dedikdə səs və hərflərdən başqa heç bir şey anlaşılmır.” Tamamilə əqlə əsaslanan bu firqələr haqlı olaraq deyirdilər ki, “kəlam” yəni “danışma” yalnız hərf və səslə mümkündür. Lakin bu firqələr sadəcə olaraq Qurana iman gətirmiş və peyğəmbərin – aleyhissalətu vassələm – sünnətindən cahil bir firqə idi. Hicri üçüncü əsrdə mötəzililər və cəhmilər öz elm məclislərini açır, sünnət əhlini məsxərəyə qoyur, onlara “heç bir şey qanmayan” anlamına gələn “həşəvi” və buna bənzər ləqəblər qoşurdular. Bu hücumlara qarşı sünnəti müdafiə etməyə çalışan bəzi sünni alimləri onlara cavab vermək üçün onların metodlarını öyrəndilər. Nəticədə kəlamcıların, filosofların qurduqları “əqli” qaydalar ilə sünnəti birləşdirmək üçün sünnətdə sabit olmuş Allahın bir çox sifətini təhrif etdilər.
Sünnət əhlindən ilk olaraq bu bidətə bulaşan Əbu Muhəmməd Abdullah bin Said İbn Kulləb (vəfatı hicri 241) və onun tələbələri oldu. Ona görə Allahın kəlamı ərəbcə anladığımız kəlam deyildir, lakin nəfsdə olan bir mənadır və buna “kələm nəfsi” adını verdi. Daha sonra İbn Kulləb’in bu məzhəbini Əbul-Həsən əl-Əşari (vəfatı hicri 324) qəbul etdi. Buna görə də Əbu Nəsr əs-Siczi deyir: “Bilin ki, - Allah bizi və sizi doğru yola yönəltsin! –ilk zamandan ta ki, İbn Kulləb, əl-Qalənisi, əs-Salihi və əl-Əşari zühur edənə qədər insanlar etiqadlarının fərqli olmasına baxmayaraq ixtilaf etmirdilər ki, dillər fərqli olsa da kəlam (hər bir dildə) quruluşu və ahəngi olan hərf və səsdən başqa bir şey deyildir... İbn Kulləb və onun bənzərləri ortaya çıxdıqda yalnız əql ilə mötəzililəri rədd etməyə çalışdılar və onlar sünnətin və sələfin məzhəbinin əsasları barəsində təcrübə sahibi deyildilər... Mötəzililərin dediklərinə bağlandılar və hamı üçün təbii olan bir şeyi münaqişə etdilər və müsəlmanından tutmuş kafirinə qədər bütün insanların icmasını pozdular və mötəziləyə dedilər: “Sizin dediyiniz həqiqi mənada kəlam deyildir, o bir hekayə, bir ibarə olduğu üçün yalnızca məcaz olaraq kəlam adlanır, əslində isə həqiqi mənada kəlam danışanın zatında olan mənadır... Bu görüşləri onları elə bir sıxıntıya saldı ki, axırda dedilər ki, lal da danışır, “susan da, yatan da danışır... Onların bu sözlərinin müsibəti o qədər aşkardır ki, heç rədd etməyə ehtiyac qoymur.[19]

Onların belə məntiqsiz görüşlərlə üzləşmələrinin səbəbi isə mötəzilə’nin əql ilə onları belə dar küncə sıxışdırmağı oldu. Çünki mötəzili alimləri onlara dedi ki, kəlam səs və hərfdir. Hər kəs anlayır ki, kəlamı təşkil edən sözlər, kəlimələr bir-birinin ardınca gəlir və quruluşa sahibdir və bir-birinin ardınca gələn, sözlərdən və fasilələrdən ibarət olan kəlamı danışmaq üçün mütləq hərəkət və sükut olmalıdır. Bu isə o deməkdir ki, kəlam cüzlərdən, hissələrdən ibarətdir və belə bir şey Allahın Zatının sifəti ola bilməz, çünki Allah – subhənəhu – birləşmə və ayrılma kimi məxluqata xas olan sifətlərlə vəsf olunmaz. Bu əqli dəlillərin qarşısında sünnəti müdafiə etməyə çalışan mütəkəllimlər insanların ittifaq etdikləri bir şeyi inkar etməyi və sünnəti təhrif etməyə məcbur oldular, çünki ya mötəzililərin əqli üslublarını tamamilə inkar etməli idilər, ya da peyğəmbərin – aleyhissalətu vassələm – sünnətini inkar etməli idilər. Əlbəttə ki, əql onlarda hakim rolunu oynadığı üçün sünnət məhkum məqamına keçdi və sünnəti insanların icmasına müxalif şəkildə təhrif etdilər.

Gəlin əşari alimlərinin öz sözləri ilə öz məzhəbləri ilə tanış olaq. Əbul-Fəth əş-Şəhristəni deyir: “Onun kəlamı birdir; o, əmrdir, qadağadır, xəbərdir, soruşdurmadır, vəddir, təhdiddir... Mələklərin dilində peyğəmbərlərə - aleyhimissələm - endirilmiş ibarələr, ləfzlər isə əzəli kəlama dəlalət edənlərdir və dəlalət edənlər məxluqdur, sonradan ortaya çıxmışdır...“ Yenə buyurur: “(Əbul-Həsən) əl-Əşari’yə görə kəlam nəfsdə olan mənadır, ibarələr deyildir. İbarə isə insanlarda ona dəlalət edəndir. Beləliklə ona görə danışan kəs özündə (yəni nəfsində) kəlamın olduğu kəsdir, mötəziləyə görə isə kəlamı edəndir. Lakin “ibarə” ya bir məcaz olaraq, ya da adda müştərək olaraq kəlam adlanır.[20]

Son dönəm əşari alimlərinin böyüklərindən olan əl-Bəcuri deyir: “Bil ki, “Allahın kəlamı” adı (həm) Allahın Zatında olan bir sifət mənasını verən qədim olan nəfsi kəlama, (həm də) Allahın yaratdığı olmaq mənasında ləfzi kəlama verilir... Bizim oxuduğumuz ləfz yaradılmış olsa belə “Quran yaradılmışdır” demək caiz deyildir, yalnız təlim (tələbələrə öyrətmə) məqamında demək caizdir... Bəzən ləfzi kəlam Allaha nisbət edilir, necə ki, Quran Allaha nisbət olunur, belə ki, o, qəti olaraq Allahın kəlamıdır, o mənada ki, Allah onu “lövhül-məhfuz”da yaratmışdır. Beləliklə buradan anlaşıldı ki, Allahın nəfsi kəlamı vardır və bu, onların (yəni əşarilərin) “Quran məxluqdur, lakin ona dəlalət edən qədimdir” sözü ilə qəsd etdikləri mənadır... Sünnət əhlinin məzhəbi budur ki, nəfsi kəlam mənasında olan Quran məxluq deyildir, amma ləfz mənasında bizim oxuduğumuz Quran isə məxluqdur, lakin təlim məqamı istisna olmaqla (digər hallarda) oxuduğumuz o ləfzi qəsd edərək “Quran məxluqdur” demək olmaz, çünki ola bilsin ki, Allahın (nəfsi) kəlamı mənasında (qəsd olunan) Quranın yaradılmış olması barədə yalnış təsəvvür oyada bilər. Buna görə də imamlar Quranın məxluq olduğunu deməkdən çəkiniblər...[21]

Bütün bunlardan anlayırıq ki, əşarilərin, kulləbilərin bu məsələdəki məzhəbi həqiqətdə mötəzililərin məzhəbindən çox da fərqlənmir. Çünki mötəzilə də, əşarilər də ittifaq edirlər ki, bizim bildiyimiz, oxuduğumuz, əzbərlədiyimiz, dinlədiyimiz, Cibril’in peyğəmbərimizə - salləllahu aleyhi va səlləm – endirdiyi Quran məxluqdur, Allahın kəlamı deyildir, lakin əşarilərin buna “Allahın kəlamı” deməsi sadəcə olaraq məcazdır. Əgər mötəzililər “nəfsi kəlamın” olduğunu qəbul etsələr arada heç bir ixtilaf qalmayacaq. Bunu əşarilərin imamları belə etiraf edirlər. İməmul-Harameyn əl-Cuveyni “əl-İrşad” adlı kitabında deyir: “Onların (yəni mötəzililərin) “bu ibarələr Allahın kəlamıdır” sözünün mənası budur ki, onları Allah yaradıb və biz bunları Allahın yaratdığını inkar etmirik, lakin kəlamı Yaradanı o ibarələrlə Danışan olaraq adlandırmaqdan imtina edirik. Beləliklə də mənada razılaşdıq və adda ittifaq etdikdən sonra adlandırmada ixtilaf etdik.[22] Gördüyümüz kimi əl-Cuveyni açıq şəkildə etiraf edir ki, mötəzilə ilə aralarındakı ixtilaf sadəcə olaraq ləfzdədir, mənada isə ittifaq edirlər. Sə’dud-Din Məsud bin Ömər ət-Təftəzəni deyir: “Onlarla (yəni mötəzilə ilə) bizim aramızdakı ixtilafın həqiqəti nəfsi kəlamı isbat etməklə onu inkar etməyə dönür, yoxsa biz ləfzlərin və hərflərin qədim olduğunu demirik və onlar da nəfsi kəlamın yaradılmış olduğunu demirlər... Quranın birləşmə, tənzim, nazil edilmə, ərəbcə olması, eşidilən olması, fəsahətli, icazlı olması və bu kimi məxluqlara aid sifətlərlə, yaradılmışların xüsusiyyətləri ilə vəsf olunmasını dəlil gətirməklərinə gəldikdə isə, bu, bizə qarşı yox, yalnızca hənbəlilərə qarşı hüccətdir, çünki biz də nizamlı olan (Quran)ın yaradılmış olduğunu deyirik, aramızdakı ixtilaf yalnız qədim olan mənadadır.[23] Yəni başqa cür desək mötəzilə bütün digər müsəlmanlar kimi söyləyir ki, Quran deyildikdə təbii ki, bütün müsəlmanların bildikləri, tanıdıqları və iman etdikləri mushaf nəzərdə tutulur və bundan başqa bir şeyə Quran deyilməz. Yuxarıda izah etdiyimiz kimi kulləbilər və əşarilər isə Quranın həqiqi mənada Allahın Zatında olan qədim məna olduğunu, bizim tanıdığımız mushafların isə məcazi mənada Quran olduğunu deyirlər.

Ona görə də əşarilərin bu gün “Quran məxluq deyildir, Allahın kəlamıdır” deməklərinə aldanmaq lazım deyildir, çünki onlar bu söz ilə bizim hamımızın bildiyimiz mushafdakı Quranı qəsd etməyiblər. Onlara görə Allah – azzə va cəllə - “əlif, ləm, mim” hərflərini deməyib və bunlar ona görə Allahın kəlamı deyildir, sadəcə olaraq Allahın Nəfsində olan mənaya dəlalət edən ibarələrdir; Quranın ibarələri ərəbcə, Tövratın ibarələri isə ibranicə nazil olmuşdur və hamısı məxluqdur. Buna görə də İbn Qudəmə deyir: “Bu qövm (yəni əşarilərin) Quranın məxluq olması görüşü üzərindədirlər və mötəzilə ilə razılaşırlar, lakin bunun bilinməməsini istədilər. Beləliklə tabii olan şeylərə qarşı inadkarlıq göstərdilər, həqiqətləri inkar etdilər və icmaya müxalif oldular. Kitab və sünnəti arxalarına atdılar və elə bir şey dedilər ki, onun eynisini nə bir müsəlman, nə də bir kafir (onlardan əvvəl) deməmişdir. Çox təəccüblüdür ki, onlar əmr sahiblər, dövlər başçıları olmaqlarına baxmayaraq xəlvətdə deməkləri istisna olmaqla bu görüşlərini aşkarda elan etməyə cəsarət etmirlər. Əgər onlardan etiqad etdikləri bu görüşü nəql etsən bunu sevməzlər və inkar edərlər və buna qarşı böyüklənərlər. Üzdə Quranı təzim etmək, mushafı ucaltmaq və onu gördükdə ayağa qalxmaq kimi əməllər edirlər, lakin xəlvətə çəkildikdə “onda vərəq və mürəkkəbdən başqa heç bir şey yoxdur, orda nə var ki?!” deyirlər.[24] Bir başqa yerdə isə buyurur: “əl-Əşari’yə görə bunlar (yəni surələr, ayələr) məxluqdur və onun görüşü heç şübhəsiz ki, mötəzilə’nin görüşüdür, lakin gözdən pərdə asmaq istəyir və üzdə haqq əhlinə müvafiq olan söz deyir, sonra onu mötəzilə’nin görüşü üzərinə təfsir edir.[25]

Mütəkəllimlərin söz oyunlarından biri də Allahın kəlamının eşidilməsi məsələsindədir, çünki onlar da digərləri kimi qulların Allahın kəlamını eşidə biləcəklərini deyirlər. Musa peyğəmbərin – aleyhissələm – Allahın kəlamını eşitdiyini təsdiq edirlər, lakin üzdə bunu təsdiq etsələr də həqiqətdə eşitməyi inkar edirlər, çünki onlara görə eşitmək dedikdə qəsd olunan sadəcə olaraq anlamaqdır. Halbuki müsəlmanından tutmuş kafirə qədər bütün insanlar bilirlər ki, eşitmək fərqli feldir, anlamaq fərqli feldir, çünki insan eşidə bilər, lakin anlaması şərt deyildir. Əbul-Məali əl-Cuveyni deyir: “Allahu Təalənin kəlamının eşidilən olduğu deyildikdə bununla qəsd olunan məna onun anlaşılması, bilinməsi deməkdir.[26] Başqa cür desək Allahın kəlamını insan eşidə bilməz, lakin anlayar və bilər. Bu da söz oyunundan başqa bir şey deyildir, həqiqətdə Allahın kəlamının eşidilməyəcəyini iddia edirlər və Musanın Allahın kəlamını eşitmədiyini deyirlər.

 

 

***

 

 

Əziz müsəlman! Bil ki, kəlam ərəb dili alimlərinə görə “üzərinə bina edildiyi mənanı ifadə edən mürəkkəb ləfzdir”. Yəni ki, kəlam həm ləfzdir, həm də o ləfzin ifadə etdiyi mənadır. Yalnız bu ikisi birlikdə olduqda kəlam hasil olur. Bu, əşarilərdən, kulləbilərdən ibarət mütəkəllimlərdən savayı ümmətin hamısının üzərində icma etdiyi bir məsələdir, başqa ərəb dili alimləri olmaqla, hədis əhlindən tutmuş, mötəzilə və cəhmiyyə’yə qədər hamı bunun üzərində ittifaq ediblər. Əşari alimi Fəxrud-Din ər-Razi təfsirində deyir: “Ümmət icma edib ki, Allahu Təalə danışır. Əşarilər və onun davamçılarından başqa hamı ittifaq edib ki, Allahın kəlamı bu eşidilən hərflərdir, birləşdirilmiş səslərdir. Əşarilər və onların davamçılarına gəldikdə isə onlar iddia etdilər ki, Allahu Təalənin kəlamı qədim bir sifətdir, o, bu hərf və səslər ilə ibarə olunur.[27]

İnsanın öz içindəki düşüncələrə, öz içində söylədiklərinə ərəblər həqiqətdə “kəlam” demirlər. Başqa cür desək əşarilərin “kəlam” sözünü insanın öz daxilində söylədiyi sözlərə aid etməkləri və buna “nəfsi kəlam” adı verməkləri heç bir vəch ilə doğru deyildir, açıq-aşkar bir xətadır. Bunun xəta olduğunu – Allahın izni ilə - bu məqaləmizdə izah edəcəyik.

 

Kimsə soruşa bilər ki, bəs əşarilərin bu “nəfsi kəlam” üçün gətirdikləri dəlillər nədir? Bu sualın cavabı ağıl sahiblərini heyrətə gətirir, onlarda təəccüb doğurur. Əşarilər iddia edirlər ki, ərəblər “kəlam” dedikdə bununla həm də “nəfsi kəlam”ı da qəsd edirlər, yəni insanın öz nəfsində, öz içində söylədiyi sözləri də qəsd edirlər. Bunun üçün gətirdikləri dəlil əl-Əxtal ləqəbli bir ərəb şairinin söylədiyi bir şerdəki bu beyt oldu:

إنَّ الْكَلَامَ لَفِي الْفُؤَادِ وَإِنَّمَا * * * جُعِلَ اللِّسَانُ عَلَى الْفُؤَادِ دَلِيلًا

Kəlam heç şübhəsiz ki, qəlbdə olandır, dil isə sadəcə olaraq qəlbin dəlili edilmişdir.

Bu beytin mənası budur ki, həqiqi kəlam qəlbdə olana deyilir, dildə deyilənlər isə sadəcə olaraq qəlbdə olanın dəlilidir. Bu beyt bu məsələdə əşarilərin ən əsas dəlili sayılır. Bununla onu isbat etmək istəyirlər ki, ərəblər “kəlam” sözünü yalnız dildə deyilənə yox, həm də qəlbdə deyilən haqqında da işlədirlər.

Bu beytin dəlil olmayacağını izah etmədən öncə gəlin bu əl-Əxtal ilə tanış olaq. Yuxarıda da qeyd etdiyimiz kimi əl-Əxtal sadəcə olaraq ləqəbdir, əsl adı Ğiyəs bin Ğavs bin Tariqa’dır, kunyəsi Əbu Məlik’dir. Hicri 19-cu ildə anadan olub və 92-ci ildə vəfat edib. Təğləb qəbiləsindəndir. Dəməşqdə yaşamış və orada böyümüşdür, əməvi xəlifələrinin şairi idi, şerlərində onları mədh edər, onlara təriflər yazardı. Ən əsası isə budur ki, əl-Əxtal nəsrani olub və ənsara – radiyallahu anhu – qarşı şerlərində dil uzatmaqla tanınmışdır.

Lakin əşarilərin bu beyti dəlil gətirməkləri[28] həqiqətdə onların bu məsələdə aciz olmaqlarından, güclü bir sıxıntıya düşməklərindən irəli gəlir. Təsəvvür edin ki, əqidədə əhəd hədisləri dəlil saymayan kəlamcılar Allahın danışmağı kimi Quran və Sünnətin aşkar şəkildə isbat etdiyi bir həqiqəti bir nəsrani şairinin sözləri ilə təhrif edirlər. Bu dəlilin tutarsızlığını izah etmək üçün bu beytlə bağlı bəzi önəmli həqiqətləri paylaşmağın faydalı olacağını düşünürük.

Bununla bağlı birinci həqiqət budur ki, bu beyt əl-Əxtal’ın şerindən deyildir. Dil alimlərindən bir qövm bu şerin onun şerlərindən olmasını inkar etmişdir. əz-Zəhəbi deyir: “İraqın nəhv alimi Əbu Muhəmməd əl-Xaşşəb dedi: “əl-Əxtal’ın qələmə alınmış şerlərini çox araşdırdım, lakin bu beyti tapa bilmədim.[29] Divan bizim zamanımıza qədər gəlib çıxıb və çap olunub, lakin həmin divanda bu beytdən əsər-əlamət yoxdur. Lakin əl-Əxtal’ın şerləri Doktor Fəxrud-Din Qabəva’nın təhqiqi ilə Darul-Fikr kitab evi tərəfindən nəşr edildikdə Doktor Qabəva isnadı ilə rəvayət olunmuş divandan əlavə ayrı-ayrı kitablarda mövcud olan və əl-Əxtal’a nisbət edilən şerləri də kitabın arxasında zikr etmişdir.[30] Üstəlik bu beytin həqiqətdə belə olmadığını, lakin beytdə “kəlam” sözünün yerinə “bəyan” sözünün keçdiyi deyilmişdir. Əbu Nəsr əs-Siczi deyir: “Bir çox şübhələrə sarıldılar və bunlardan biri əl-Əxtal’ın sözləridir:

إنَّ الْبَيَانَ لَفِي الْفُؤَادِ وَإِنَّمَا * * * جُعِلَ اللِّسَانُ عَلَى الْفُؤَادِ دَلِيلًا

Bəyan heç şübhəsiz ki, qəlbdə olandır, dil isə sadəcə olaraq qəlbin dəlili edilmişdir.” Bunu dəyişdilər və dedilər:

إنَّ الْكَلَامَ لَفِي الْفُؤَادِ وَإِنَّمَا * * * جُعِلَ اللِّسَانُ عَلَى الْفُؤَادِ دَلِيلًا

Kəlam heç şübhəsiz ki, qəlbdə olandır, dil isə sadəcə olaraq qəlbin dəlili edilmişdir.[31]

Həmçinin İbn Qadi əl-Cəbəl (693-771) deyir: “Bu beyt əl-Əxtal’ın adından uydurulub, bu, onun divanı’nın əlyazmalarında yoxdur. Bu, yalnızca İbn Damdam’ın şeridir və ləfzi belədir: “bəyan heç şübhəsiz ki,...”.[32]

Hətta bunun əl-Əxtal’dan sabit olduğunu qəbul etsək belə yenə burada ərəblərin insanın nəfsində keçənlərə kəlam adını verməklərinə dəlil deyildir, çünki İbn Qudəmə deyir: “Bu, məcazdır və bununla qəsd olunan budur ki, insanların ağıllıları kəlamı, onun üzərində yaxşıca düşündükdən və mənalarını zehnində götür-qoy etdikdən sonra deyir, necə ki, deyilib: “Hikmətli adamın dili qəlbinin arxasındadır, əgər sözün yeridirsə onu deyər, yeri deyilsə susar. Cahilin kəlamı isə dilinin ucundadır”.[33] Üstəlik belə bir izaha gərək yoxdur, çünki ən qədim qaynaqlarda varid olmuş bu beytdə “kəlamın” qəlbdə olduğu yox, lakin qaynağının qəlbdə olduğu, onun qəlbdən qaynaqlandığı qeyd olunur:

إنَّ الْكَلَامَ مِنَ الْفُؤَادِ وَإِنَّمَا * * * جُعِلَ اللِّسَانُ عَلَى الْفُؤَادِ دَلِيلًا

لَا يُعْجِبَنَّكَ مِنْ خَطِيبٍ قَوْلُهُ * * * حـَتّى يَكـُونَ مَـعَ/a البَيَـانِ أَصِيــــلَا

Şübhəsiz ki, kəlam qəlbdəndir, sadəcə olaraq dil qəlbin dəlili edilmişdir,

Xatibin sözünü bəyənmə ta ki, onun bəyanı yanında sözünün gözəl qaynağı olsun!

Beyti bu şəkildə Əbu Osman Amr bin Bəkr əl-Cəhiz əl-Mutəzili (150-255) “əl-Bəyən vat-Təbyin” kitabında[34] və Əbut-Tayyib Muhəmməd bin İshaq bin Yəhyə əl-Vaşşə’nin “əl-Muvaşşə” kitabında[35] zikr etmişdir. Beytin bu şəklindəki formasından aydın olur ki, kəlamın qəlbdə olduğunu yox, lakin qəlbdən qaynaqlandığını demişdir və bu ikisi arasındakı fərq isə çox böyükdür.

Hafiz İbn Rəcəb deyir: “əs-Seyf bin əl-Məcd əl-Həfiz’in öz əl yazısından oxudum ki, deyir: İmam – rahiməhullah – mənə rəvayət etdi – (İmam ilə) qəsd etdiyi Şeyx Muvaffəqud-Din (İbn Qudəmə)dir - : əl-Qadi Əbul-Məali Əs’ad bin əl-Munəccə mənə rəvayət edərək dedi: Bir gün Şeyx Əbul-Bəyən’in yanında idim və yanına İbn Təmim gəldi. (Əbul-Bəyən) ona dedi: “Başınız batsın! Hənbəlilərə deyəndə ki, Quranın hərf və səslə olduğunu hardan çıxardız? Deyirlər: Allah Təalə dedi: “əlif, ləm, mim”, “hə, mim”, “kəf, hə, yə, ayn, sad”. Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Kim Quranı doğru oxuyarsa hər hərfi üçün on həsənə vardır.”... sonra digər hədisləri zikr etdi və dedi: “Sizdən isə soruşduqda ki, Quranın nəfsdə məna olduğunu hardan çıxardız?” Deyirsən ki, əl-Əxtal dedi: “Həqiqətən kəlam qəlbdəndir, sadəcə olaraq dil qəlbin dəlili edilmişdir.” Hənbəlilər Kitab və sünnəti dəlil gətirdilər və dedilər: “Allah dedi, Onun elçisi dedi.” Siz isə “əl-Əxtal dedi” deyirsiz. Xristian murdar şair. Bu çirkin şeydən utanmırsız? Dininizi bir xristianın sözü üzərində qurdunuz və Allahu Təalənin sözünə, peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözünə sözünə müxalif oldunuz.[36] Şeyx Əbul-Bəyən isə Nəbə bin Muhəmməd bin Məhfuz əl-Quraşi’dir, şafii fəqihlərindəndir, İbnul-Havrani adı ilə tanınır. əs-Subki onu bir imam, alim və abid kimi vəsf etmiş, onun ərəb dili elmlərindəki biliklərinə işarə etmişdir. Hicri 551-ci ildə vəfat etmişdir. Əbu Muhəmməd İbn Həzm əz-Zahiri (vəfatı hicri 456) bu şeri ümumən dini məsələlərdə dəlil gətirənlərə[37] qarşı deyir: “Bizim bu cür dəlilləndirməyə cavabımız budur ki, bu beyti deyən lənətlənmişdir və bu nəsrani’nin sözünü Allahın dinində bir hüccət edən də lənətlənmişdir və bu, kafir olsa belə bir ərəbin sözünün dəlil göstərildiyi ərəb dili məsələsi deyildir. Bu, sadəcə olaraq əql məsələsidir, əql və hiss bu beyti təkzib edir edir. Şəri məsələdə Allah – azzə va cəllə - bir nəsranidən daha doğru sözlüdür, belə ki, deyir: “Qəlblərində olmayanı dilləri ilə deyirlər.” (Ali İmran, 167) Allah – azzə va cəllə - xəbər vermişdir ki, insanlardan elələri vardır ki, qəlblərində olmayan şeyi deyərlər və bu, əl-Əxtal’ın – Allah ona lənət etsin! – “kəlam qəlbdə olur, dil sadəcə olaraq onun dəlili edilib” sözünün əksidir. Bizə gəldikdə biz Allahı təsdiq edirik və əl-Əxtal’ı təkzib edirik. Allah əl-Əxtal’ı dinində hüccət edənlərə lənət etsin![38]

Çox təəccüblüdür ki, etiqadda əhəd hədisləri dəlil saymayanlar acizliklərindən kökü bilinməyən bir nəsraninin sözünü dəlil gətirirlər. Hədis əhli və hənbəlilər kitablarında bir çox yerdə bu qəribəliyə işarə ediblər. Onlardan bir çoxunu bu nəsrani'nin şerini dəlil kimi gətirmədiklərini, lakin bir şahid kimi göstərdiklərini deyərkən görmək olar. Lakin bu, gözdən pərdə asmaqdan başqa bir şey deyildir, çünki onlar səslə danışmağın həqiqi mənada kəlam olub olmamasında ixtilaf etsələr də - çünki onlardan bir çoxuna görə insanın səslə danışığı məcazi mənada kəlamdır - insanın nəfsində dediklərinin həqiqi kəlam olduğunu aralarında heç bir ixtilaf olmadan iddia etdilər. Onlardan bunun dəlilini soruşduqda bu nəsraninin sözlərini gətirdilər. Bu da elə məsələni isbat etmək üçün əllərində olan yeganə "dəlildir".

 

Bu barədə həm də xəlifə Ömər bin əl-Xattab’dan dəlil gətirirlər. Qadi əl-Bəqilləni “əl-İnsaf” kitabında deyir: “Buna həm də Ömərin – radiyallahu anhu – bu sözləri dəlalət edir: “زَوَّرْتُ فِي نَفْسِي كَلَامًا فَأَتَى أَبُو بَكْر فَزَادَ عَلَيْه” ”Nəfsimdə bir kəlam hazırladım, bunun üzərinə Əbu Bəkr gəldi və mənim sözümüm üstünə öz sözünü əlavə etdi.” Dilində nitq etmədən nəfsdə kəlamın olacağını (bununla) isbat etdi və Ömər dil və fəsahət əhlinin ən seçkinlərindəndir və o, ən fəsahətli yeddi nəfərdən biridir...[39]

Lakin burada dəlil yoxdur, çünki Ömərin sözləri həqiqətdə fərqlidir. əl-Buxari “əs-Sahih”də onun sözlərini belə rəvayət edir:

وَكُنْتُ قَدْ زَوَّرْتُ مَقَالَةً أَعْجَبَتْنِي أُرِيدُ أَنْ أُقَدِّمَهَا بَيْنَ يَدَيْ أَبِي بَكْرٍ

Xoşuma gələn bir söz hazırlamışdım ki, onu Əbu Bəkrin qarşısında təqdim etmək istəyirdim.[40] Beləliklə burada nə “kəlam” sözü keçir, nə də bunu “nəfsində” deməsi qeyd olunur. Sadəcə olaraq “qövl” sözü işlənir. Üstəlik hətta əl-Bəqilləni’nin gətirdiyinin həqiqətən də Ömərdən sabit olduğunu qəbul etsək belə bu, heç bir şey dəyişməz. Çünki “təzvir” ilə qəsd etdiyi “hazırlamaq”, o kəlamı necə deyəcəyini, necə gözəl şəkildə söyləyəcəyini “fikirləşməkdir”, beləliklə də “kəlam” ilə qəlbində keçirdiklərini yox, lakin daha sonra dili ilə deməyi planlaşdırdığı sözləri qəsd etmişdir. Bu ikisi arasındakı fərq isə aşkardır.

 

Əşarilər insanın nəfsində kəlam ola biləcəyi haqqında nə bir Quran ayəsi, nə bir hədis, nə səhabə sözü, nə də ərəb şairlərindən bir şer gətirə bilmirlər. Quran ayələrindən gətirdiklərinin heç birində “kəlam” sözü keçmir, lakin “qövl” sözü keçir. Misal üçün Allah – azzə va cəllə - deyir:

وَيَقُولُونَ فِي أَنْفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا اللَّهُ بِمَا نَقُولُ

Öz nəfslərində: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”– deyirlər.

(əl-Mucədilə, 8)

Bu ayədə onların bunu öz nəfslərində deməkləri zikr olunur, yəni “qövl” sözü keçir. “Kəlam” üçün burada heç bir dəlil yoxdur. Bütün bunlardan görüb anlayırıq ki, mütəkəllimlər “əql” ilə sünnətin arasını birləşdirmək üçün nə qədər sıxıntılara düşüblər, nə qədər təhriflərə yol veriblər. Mənası aşkar olan sözləri öz yerlərindən tamamilə aidiyyatı olmayan, ərəblərə məlum olmayan mənalara daşıyıblar. Bu barədə məşhur ərəb dilimi alimi Əbul-Fəth Osman bin Cinni əl-Əzdi (vəfatı hicri 392) “əl-Xasais” kitabında geniş bir müzakirə açıb və orada “kəlam” ilə “qövl” arasındakı fərqi bir çox yöndən izah edib və bununla bağlı dedikləri arasında bu sözləri də keçir: “Bizim şərh etdiklərimiz və izah etdiklərimizdən sabit oldu ki, “kəlam” ərəblərin dilində insanların başlarında (yəni dillərində) olan, başqasından asılı olmayan ləfzlərdir və bu, bu işin sahiblərinin (yəni ərəb dili alimlərinin) tərkibinin fərqliliyinə baxmayaraq “cümlə” olaraq adlandırdıqlarıdır. Sabit oldu ki, onlara görə “qövl” işlədilmə sahəsi baxımından “kəlam” sözündən daha genişdir və (cümlənin) bir hissəsi üçün də işlənə bilər və (tam bir) cümlə üçün də işlənə bilər və həm də etiqad üçün, rəy üçün də işlənə bilər, (ağızdan qopan) ləfz və cingilti üçün işlənməz. Bununla da kəlamcıların bu mövzuda öz rəyləri üzərində haqsızca inadkarlıq etdiklərini anlamış oldun və burada söz onlara dar gəldi, hətta az qala bu ikisi arasında heç bir fərq qoymasınlar. Onların bu barədə Sibəveyh’in bir mənası sözlərini və “kəlam” ilə “qövl” arasında fərq qoyması haqqındakı sözlərini tərk etməkləri çox təəccüblüdür.[41] Beləliklə də İbn Cinni’nin qeyd etdiyi kimi Sibəveyh qövl ilə kəlam arasında fərqin olduğunu, kəlamın tam bir məna ifadə edən, dildən çıxan ləfzlər olduğunu, qövlün isə tam bir məna ifadə etməyən sözlər və ya sözlər birləşməsi olduğunu demişdir. İbn Cinni həm də bu məqamda kəlamcıların necə dil alimlərini tərk edib öz əqllərinə əsaslandıqlarına da işarə edir, çünki onlar qövl ilə kəlam arasında fərq qoymurlar və qövl haqqında gəlmiş mətnləri kəlam üçün dəlil gətirirlər. Əbul-Fədl Cəməlud-Din İbn Mənzur əl-Ənsari (vəfatı hicri 711) deyir: “Kəlam ilə qövl arasındakı fərqi göstərən ən güclü dəlil insanların Quranın Allahın kəlamı olduğunu deməkdə icma etməkləridir və Quranın Allahın qövlü olduğunu demirlər. Bu isə bunun dar bir yer olması ilə bağlıdır, möhkəmlənib, təhrif edilməsi mümkün deyildir, onun hərflərindən hər hansı bir şeyi dəyişmək icazəli deyildir. Beləliklə də buna görə onun haqqında tam olan, məna ifadə edən səslərdən başqa bir şey olmayan kəlam sözü işlənmişdir.[42] İbn Mənzur’un kəlamın tərifində işlətdiyi sözlərə bir daha diqqət edin. “الكَلَام الَّذِي لَا يَكُونُ إِلَّا أَصواتاً تَامَّةً مُفِيدَةً” “Tam olan, məna ifadə edən səslərdən başqa bir şey olmayan kəlam” sözü ilə kəlamın səslər olduğunu təsdiqləmişdir. Bu mövzuda isə söz sahibləri ərəb dili alimləridir, kəlamcılar deyildir.

İnsanın nəfsində söylədiklərinin ərəb dilində “kəlam” adlanmayacağına dair dəlillər çoxdur. Biz bu dəlillərdən bəzilərini burada zikr edirik.

Birinci: Allah – cəllə sənəuhu – qulu Zəkəriyya’ya xitab edərək deyir:

آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا

Əlamətin budur ki, sən sağlam ikən üç gün, üç gecə insanlarla danışa bilməyəcəksən.

(Məryəm, 10)

Əql sahibi bilir ki, bununla belə Zəkəriyya’nın nəfsində fikirlər, düşüncələr var idi və əgər qəlbində söylədikləri kəlam adlansaydı üç gün danışmamağı hasil olmazdı, beləliklə də heç bir əlamət görməzdi. Eynilə Allahın Quranda xəbər verdiyi kimi Məryəmin susma orucu tutması və Onun susma orucunu “danışmamaq” olaraq adlandırması isbat edir ki, insanın qəlbində söylədikləri danışma adlanmaz.

İkinci: Allahın elçisi – salləllahu aleyhi va səlləm – deyir:

إِنَّ اللهَ تَجَاوَزَ لِأُمَّتِي مَا حَدَّثَتْ بِهِ أَنْفُسَهَا، مَا لَمْ يَتَكَلَّمُوا، أَوْ يَعْمَلُوا بِهِ

Həqiqətən Allah ümmətimə onların öz nəfslərində dediklərini danışmadıqları və ya onunla əməl etmədikləri təqdirdə bağışlamışdır.[43] Beləliklə də insanın öz nəfsində dediklərini Allahın elçisi – salləllahu aleyhi va səlləm – kəlam adlandırmamışdır, əksinə “hədisun-nəfs” (nəfsin sözü) ilə “kələmul-lisən” (dilin kəlamı) arasında açıq-aşkar fərq qoymuşdur.

Üçüncü: Əbu Hureyrə deyir: “Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabələrindən bir qrup insan gəldi və ona dedilər:

“إِنَّا نَجِدُ فِي أَنْفُسِنَا مَا يَتَعَاظَمُ أَحَدُنَا أَنْ يَتَكَلَّمَ بِهِ”

“Biz nəfsimizdə elə şeylə rastlaşırıq ki, bizdən birimizə onu danışmaq ağır gəlir.” Dedi: “Bununla qarşılaşmısız?” Dedilər: “Bəli.” Dedi: “Bu, aşkar imandır.[44] Gördüyümüz kimi ərəb dilini ən gözəl bilən səhabələr nəfslərində olan fikirləri, sözləri kəlam adlandırmadılar, lakin dedilər ki, onları danışmaq onlar üçün çox ağır gəlir.

Dördüncü: Allahın elçisi – salləllahu aleyhi va səlləm dedi: “Ağacların içində bir ağac vardır ki, yarpağı tökülmür və o, müsəlmanın misalıdır. Onun hansı ağac olduğunu mənə deyin!” İbn Ömər dedi:

فَوَقَعَ فِي نَفْسِي أَنَّهَا النَّخْلَةُ، فَكَرِهْتُ أَنْ أَتَكَلَّمَ

Nəfsimdə onun xurma ağacı olduğu keçdi və danışmağı xoş görmədim, çünki orada Əbu Bəkr və Ömər var idi. Onlar ikisi bir şey danışmadıqda peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “O, xurma ağacıdır.[45] Buradan da başa düşürük ki, İbn Ömər nəfsində keçən sözü yox, onu dildə söyləməyi kəlam adlandırdı.

Beşinci: Allahın elçisi – salləllahu aleyhi va səlləm – deyir: “Bu namazda insanların kəlamından bir şeyin olması doğru deyildir.[46] Bir digər hədisdə isə buyurur: “Şübhəsiz ki, dilədikdə yeni bir əmr verir və O, yeni bir əmr verib ki, namazda danışmayasız.[47] Bu isə hər bir müsəlmana məlum olan bir məsələdir ki, namazda danışmaq haramdır və namazı batil edir, lakin alimlər ittifaq ediblər ki, insanın nəfsində baş verən sözlər, fikirlər, düşüncələr namazı batil etmir. Buradan da anlayırıq ki, nəfsdə keçən sözlər ərəbcə “kəlam” adlanmır, əgər adlansaydı o zaman danışmaq namazı batil etdiyi kimi, nəfsdəki sözlər də namazı batil etməli idi.

Altıncı: Daha bir dəlil budur ki, lalın ərəb dilində danışdığını demək mümkün deyildir. Əgər kimsə nəfsində söylədiklərinə görə, qəlbindən keçirdiklərinə görə lalın da danışdığını, yəni “mütəkəllim” olduğunu deyərsə bununla haqqa qarşı inad etmiş olar. Bu sözü onu əql sahibləri sırasından çıxarmağa kifayət edir.

Hətta məşhur əşari alimi İbn Asəkir “bəzən Şeyx əl-Muvaffəq bin Qudəmə’nin yanından keçər və ona salam verərdi və əl-Muvaffəq onun salamına cavab vermirdi. Ondan bunun səbəbi soruşuldu və dedi: “O, nəfsi kəlama inanır və mən də onun salamına ürəyimdə cavab verirəm.[48] İbn Qudəmə’nin bununla məqsədi əşarilərə öz inanclarının necə məntiqsiz olduğunu göstərmək idi, çünki əgər onlara görə həqiqi kəlam insanın öz ürəyində söylədiyi sözlərdirsə o zaman gərək insanın ürəyində salam verməsi kifayət etsin. Bunun digər fasid tərəfləri də vardır. Bu görüşə əsasən şəhadət kəliməsini qəlbdə demək imanın səhihliyi üçün kifayət etməlidir, necə ki, əşarilərdən bir çoxu bu etiqaddadır.

 

 

***

 

Əşarilərə görə Allahın nəfsi kəlamı Onun Zatında olan qədim, əzəli mənadır. Bir şeydir, hissələrə ayrılmaz, söz deyildir, cümlələr deyildir. Onların əksəriyyətinə görə Allahın Zatında olan bu əzəli məna həm əmrdir, həm qadağadır, həm də xəbərdir. Bununla belə bunlar ayrı-ayrı mənalar deyildir, lakin bir mənadır. Sözsüz ki, əql sahibləri üçün bu, açıq-aşkar bir məntiqsizlikdir, buna görə də mötəzililər və filosoflar bu baxımdan əşariləri əqlsizlikdə ittiham ediblər. Çünki bu görüşün tələbi budur ki, Allah əzəldən mövcud olmayanlara əmr etmişdir. Bəzi əşarilər bu problemə işarə ediblər və bu problemin həllində qarşılaşdıqları iztirablara toxunublar. Əbu Abdilləh Bədrud-Din Muhəmməd əz-Zərkəşi (vəfatı hicri 794) deyir: “Bizim əshabımız (yəni əşarilər) nəfsi kəlamın oluğunu və Allahın əzəldən bəri əmr edən, qadağan edən, xəbər verən olduğunu söylədikdə, kəlamın sonradan ortaya çıxdığını deyən müxaliflər tərəfindən onlara belə deyildi: muxatab mövcud olmadan əmrin və qadağanın olması bir əbəsdir (mənasız bir şeydir), ona görə də bizim əshabımız bundan (yəni bu problemdən) qurtulmaq üçün iki firqəyə ayrılaraq qarışıqlığa düşdülər: onlardan bir firqə dedi ki, əzəldə olmayan bir şey, movcud olma təqdirində əzəldəki əmrin onunla bağlı olması, mükəlləfiyyət şərtlərini toplamaq mənasında məmurdur (yəni əmr ilə muxatabdır), yoxsa olmadığı halda məmur olması qəsd olunmur, çünki bu, imkansızdır. Əksinə (qəsd olunan budur ki,) mövcud olması təqdiri ilə məmurdur; o mənada ki, əmrin əzəldə mövcud olması mümkündür, sonra mövcud olacaq şəxs o əmrlə məmur olur. Bu, nəfsin kəlamını isbat etməkdən qaynaqlanan bir məsələdir və bunu əşarilərdən başqa heç kəs deməyib; bunu bu şəkildə Şeyx Əbul-Həsən (əl-Əşari)dən nəql ediblər və nəql edənlərdən biri də İbnul-Quşeyri’dir.[49] Bu sözləri bir az sadə dildə izah edək. əz-Zərkəşi deyir ki, əşarilərin əksəriyyətinə görə Allahın əzəldən əmr edən olduğunu dedikdə qəsd olunan Allahın əzəldən mövcud olmayan şeylərə əmr etməsi və mövcud olmayan şeyləri mükəlləf qılması qəsd olunmur, lakin qəsd olunan budur ki, əzəldə bir əmr mövcuddur və həmin əmr sonradan mövcud olacaq varlıqlarla bağlıdır və aradakı fərq həmin bağdır. İstənilən halda bunun bir növ söz oyunu olduğunu, hətta bunun belə onları problemlərdən qurtarmadığını öz alimlərindən Fəxrud-Din ər-Razi etiraf edib. Buna görə də hətta bir çox əşarilər Allahın əzəldən bəri əmr edən, qadağan edən, xəbər verən olmasını qəbul etməyiblər. Sadəcə olaraq deyiblər ki, Allahın kəlamı nəfsi kəlamdır, Zatında əzəldən olan mənadır və o məna nə əmrdir, nə nə qadağadır, nə də xəbərdir. əz-Zərkəşi deyir: “Bu məsələdə əl-Əşari’yə qarşı inkarlar çox şiddətli olmuşdur, hətta məsələ o yerə çatdı ki, (əl-Əşari’nin) əshabından bir qrup onun bu məzhəbindən ayrıldılar. Onların arasında Əbul-Abbas əl-Qalənisi və qədim alimlərdən bir qrup var.” Lakin əz-Zərkəşi bu görüşün zəif olduğunu deyir və bu görüşdən ortaya çıxan problemləri zikr edir və daha sonra qeyd edir ki, guya ət-Turtuşi aradakı bu ixtilafı asanlaşdırıb və ixtilafın həqiqətdə mənada yox, dildə olduğunu deyib. İstənilən halda bizə məlum olan budur ki, əşarilər bu nöqtədə çox əziyyət çəkirlər, sözləri ziddiyətlidir, iztirablıdır.

 

Üstəlik belə bir inancın şikəst tərəflərindən biri də budur ki, əgər Allahın kəlamının Zatında olan qədim məna olduğunu desəniz və bu mənanın parçalanmadığını, bir məna olduğunu desəniz o zaman gərək Allahın bizə xəbər verdiyi sifətlərinin də nəticə etibarı ilə bir şey, bir-birindən fərqlənməyən eyni şey olmasını söyləməniz gərəkdir. Bəzi əşari alimləri belə bir etirazın qarşısında çox qarışıqlığa düşüblər və bunu etiraf edənlərdən biri, böyük əşari kəlamcı alim Seyfud-Din əl-Əmidi deyir: “Elə bu problemin qarışıqlığa səbəb olması və belə bir xəyal ilə qorxutma bizim əshabımızdan bir qrupu iztirab dairəsinə saldı, onların ən dahilərinə buna haqqı ilə cavab verməyə qoymadı.” Bu etirafından sonra əl-Əmidi deyir: “Buna son qoyan və haqqın gizli tərəfini kəşf edən (cavab) budur ki, Onun bütün mövcudları əhatə edən, onları bilən, onların mövcud olmaqlarında , yaranmaqlarında xüsusiləşdirən olması etiqadı sabit olduqdan sonra Onun haqqında “sifətlər” adlandırdığımız digər kamilliklər də sabit olmuş olur, bizim axtardığımız da, istədiyimiz də elə budur. Amma o sifətlərin özlüklərində bir-birilərindən fərqli, bir-birilərindən ayrı olmaqları yoxsa elə Zatın Özü olan tək mənaya aid olmaqları, onlardakı xüsusiliyin və fərqliliyin olmasının isə sadəcə olaraq (həmin tək mənanın mövcudlara) bağlılıqlarına və kənarda baş verənlərin, olanların bir-birilərindən fərqli olmaqlarına – necə ki, bu, əshabımızdan bəzilərinin görüşüdür - aiddirmi? Bu barədə müxalifləri susdurmaq üçün onların (yəni əşarilərin) verdiyi cavablar arasında xətalardan, maneələrdən, batil görüşlərdən təmiz olan bir cavab görmədim...[50] Başqa sözlə desək bəzi əşarilər razılaşıblar ki, bu sifətlər həqiqətdə bir mənadır, bir-birindən fərqli deyildir, fərqli olan sadəcə olaraq həmin tək mənanın fərqli-fərqli mövcudlarla bağlı olmasıdır. Yəni Allahın səsləri bilməsi onları eşitməsidir, rəngləri bilməsi onları görməsidir və bu şəkildə bütün sifətlər hamısı bir mənaya qayıdır. Bu isə elə cəhmilərin görüşünün eynisidir. Əksər əşarilər isə sifətlərin bir-birindən fərqli olduqlarını desələr də müxaliflərin onlara qarşı səsləndirdikləri irada, yəni nəfsi kəlamın tək bir məna olduğunu deməkləri ilə sifətlərin fərqli sifətlər olduğunu deməkləri arasında yaranan ziddiyətə cavab verə bilməyiblər və bunu əl-Əmidi’nin etirafında görmək olar.

 

Bu məsələ ilə bağlı daha bir problem budur ki, əşarilərin bu görüşü qulun Allahın kəlamını eşitməsi ilə ziddiyyət təşkil edir. Əşarilərin əksəriyyətinə görə Allahın kəlamı eşidilən bir kəlamdır. ər-Razi təfsirində deyir: “İxtilaf etdilər ki, Allah bir kəslə danışarsa eşidilən hərf və səs olmayan qədim, əzəli kəlamdır yoxsa başqa bir şeydir? əl-Əşari və onun davamçıları dedilər ki, eşidilən elə odur, çünki keyfiyyəti olmayan bir şeyin görülməsi mümkün olarsa keyfiyyəti olmayan bir şeyin də eşidilməsi uzaq bir ehtimal deyildir. əl-Məturidi isə dedi: “O kəlamı eşitmək imkansızdır. Eşidilən sadəcə olaraq hərf və səsdir.[51] Bu sözləri oxuyan elə güman etməsin ki, əl-Məturidi də İmam Əhməd kimi Allahın kəlamının hərf və səs olduğunu deyir, xeyr, təəssüf ki, elə deyildir. əl-Hafiz İbn Həcər deyir: “Mötəzilə dedi: (Allah) həqiqətən danışır, lakin o kəlamı başqasında yaradır. Kulləbilər dedi: Kəlam bir sifətdir, özlüyündə qədimdir, həyat (sifəti) kimi Allahın Zatından ayrılmaz və O, Öz istəyi və qüdrəti ilə danışmaz. Danışdırdığı kəslə danışması isə ona o kəlamı eşitmək üçün bir idrak yaratmasıdır. Musanı çağırması isə əzəldən olmuşdur, lakin onunla ayrılıqda danışmaq istədikdə o nidanı ona eşitdirmişdir. Hənəfilərdən olan Əbu Mənsur əl-Məturidi’dən bunun bənzəri nəql olunur, lakin o, dedi: “Onu çağırdıqda səsi yaratdı, beləliklə də ona eşitdirdi.” Onlardan bəziləri iddia etdilər ki, Quranın məxluq olmadığını deyən sələfin qəsdi bu, olmuşdur. İbn Kulləb’in bu görüşünü əl-Qabisi, əl-Əşari və bu ikisinin davamçıları götürdülər...[52] Etiraf etməliyik ki, əl-Məturidi’nin dedikləri kəlamcıların qoyduqları “əqli” prinsiplərə daha uyğundur, çünki əql həqiqətən də eşidilən şeyin səs olmasını tələb edir. əl-Məturidi tam doğru olaraq bildirib ki, iddia edilən o nəfsi kəlam eşidilməz, çünki məna eşidilməz, eşidilən şey yalnız səs ola bilər. əs-Sad ət-Təftəzəni deyir: “Allahu Təalənin sifəti olan qədim kəlama gəldikdə isə əl-Əşari onun eşidilməsini mümkün saydı. Ustaz Əbu İshaq əl-İsfərayini isə bunun mümkün olmadığını dedi və bu, həm də Şeyx Əbu Mənsur (əl-Məturidi)nin seçdiyi görüşdür... Musa – aleyhissələm – Allahu Təalənin kəlamına dəlalət edən bir səs eşitdi, lakin bu, arada kitab və mələk kimi bir vasitə olmadan baş verdiyi üçün Allahın danışdığı peyğəmbər adı ilə seçildi...[53] İbn Kəməl Paşa adı ilə tanınmış Vəzir Şəmsud-Din Əhməd bin Süleyman (deyir: “əl-Məturidi dedi: Allahu Təalənin kəlamı eşidilmir, eşidilən sadəcə olaraq ona dəlalət edəndir. əl-Əşari dedi: Eşidilir, necə ki, bu, Musanın hekayəsindən məşhur olan mənadır... Əbu İshaq əl-İsfərayini və ona tabe olanlar dedi: Allahın kəlamı əslən eşidilməz və bu, Şeyx Əbu Mənsur əl-Məturidi’nin seçdiyi görüşdür.[54] əl-Məturidi də əl-Əşari kimi Allahın kəlamının Onun nəfsində olan qədim məna olduğunu deyir, lakin əl-Əşari’dən fərqli olaraq onun eşidilməyəcəyini söyləmişdir və əşarilərdən Əbu İshaq əl-İsfərayini onunla bu nöqtədə razılaşmışdır. Əşarilərin əksəriyyətinin Allahın kəlamının səs yox, sadəcə olaraq tək bir məna olduğunu iddia etməkləri, sonra da bunun eşidilə biləcəyini iddia etməkləri söz oyunundan başqa bir şey deyildir. Bu nöqtədə məturidilər daha səmimidirlər.

 

Onların bu məzhəblərinə qarşı irəli sürülmüş iradlardan da biri budur ki, Allah – təbərakə va təalə - Musa ilə danışdıqda Musa Allahın kəlamının hamısını eşitdi yoxsa bir hissəsini? Bir hissəsini eşitdiyini deyə bilməzlər, çünki əks təqdirdə Allahın Zatında olan əzəli mənanın hissələrə ayrıldıqlarını söyləmiş olarlar və bu da öz növbəsində onların bu məsələdəki görüşlərini kökündən ləğv etmiş olar. Allahın kəlamının tamamını eşitdiyini də deməkləri şəriətin aşkar həqiqətləri ilə ziddiyə düşür. Əgər tamamını eşitmişdisə o zaman daha sonra Allahın Musaya vəhy endirməsi əbəs olur. Allah – azzə va cəllə - buyurur: “De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”.” (əl-Kəhf, 109) Bu ayə bizə öyrədir ki, Allahın kəlamı mushaflara yerləşməyəcəq qədər çoxdur, heç dənizlər qədər mürəkkəb belə Allahın kəlamını yazıb qurtara bilməz.

 

Əgər Allahın kəlamı tək bir məna olsaydı o zaman Allahın Musaya kəlamını eşitdirməsi sadəcə olaraq onda Allahın kəlamını anlamaq üçün bir idrak yaratmaqdan başqa bir şey olmaz. Bu isə elə ilhamın özüdür. Bunu inkar etmək faydasız təkəllüfə, əziyyətlərə götürür. O zaman Musanın Allahla danışmaq baxımından xüsusiləşdirilməsinin faydası nədir? Bütün digər peyğəmbərlər də Allahdan vəhy alıblar, lakin Allahla yalnız xüsusi peyğəmbərlər danışıblar. Bu problemə də əşarilər fərqli cavablar versələr də bunların heç biri həqiqətdə heç kəsi doyurmaz, heç kəsin susuzluğunu aradan qaldırmaz.

 

Üstəlik bu çox fasid nəticələrə gətirib çıxarır. Əgər bu görüş haqdırsa o zaman Quranın məxluq olduğunu söyləmək nə üçün küfr olmalıdır? O zaman səhabələrdən tutmuş, onlara xeyirdə tabe olmuş imamlara qədər hamı dinin həqiqətlərindən cahil olublar, ya da münafiqlik edərək insanlara batil inanclar öyrədiblər.

 

 

***

 

 

Mövzunu toparlamalı olsaq bu şəkildə yığcam olaraq təqdim etmək olar. Bu məsələdə ilk dövr sünnət imamların görüşləri ilə kəlamcıların görüşləri arasındakı əsas məsələləri bu cür fərqləndirmək olar:

Sələfin görüşü: Allahın kəlam sifəti qədimdir və O, əzəldən bəri o sifətin sahibidir. Allahın kəlamı ərəb dilində anlaşıldığı kimi səs və hərflərdir. Səslər və hərflər qədim deyildir, lakin Allahın kəlam sifəti cins olaraq qədimdir, səslər və hərflər hədisdir.

Kəlamcıların görüşü: Allahın kəlam sifəti qədimdir və O, əzəldən bəri o sifətin sahibidir. Lakin Allahın kəlamı səs və hərf deyildir, Zatında əzəldən mövcud olan tək bir mənadır.

Sələfin görüşü: Allah dilədiyi zaman öz ixtiyarı ilə danışar, Allahın danışmağı Onun fellərindən biridir, Onun ixtiyarı və qüdrəti ilə bağlıdır.

Kəlamcıların görüşü: Allah istədiyi vaxt danışmaz və Onun kəlamı ixtiyarı ilə bağlı deyildir.

Sələfin görüşü: Allahın kəlamı eşidilir. Allah dilədiyi kəsə kəlamını eşitdirər. İnsanın Allahın kəlamını eşitməsi Onun səsini eşitməsidir.

Kəlamcıların görüşü: Kəlamcılar özləri bu məsələdə ixtilaf edib. Əşarilərə görə Allahın kəlamı eşidilər, lakin bu eşitmə bizim bildiyimiz eşitmə deyildir. Məturidilər isə Allahın kəlamının eşidilməyəcəyinə inanırlar.

Bütün bunlardan sonra deməliyik ki, heç şəkk yoxdur ki, kulləbilərin, əşarilərin gətirdikləri bu “nəfsi kəlam” etiqadı həqiqətdə bir bidətdir, rədd olunmalıdır, səhabələr və onlara tabe olmuş imamlar yanında belə bir etiqaddan əsər-əlamət yoxdur. Bu etiqaddakı problemlər, ərəb dilinin belə bir anlayışı dəstəkləməməsi, sələfdən belə bir anlayışın varid olmaması bəzi əşari alimlərini cürət tələb edən etiraflar etməyə məcbur etmişdir. Əbul-Fəth əş-Şəhristəni deyir: “Sonra əl-Əşari üçün bir görüş çıxardı və hərflərin yaradılmış olduğunu dedi və bu, icmanın pozulması idi. Bizim oxuduğumuzun həqiqi mənada yox, məcazi mənada Allahın kəlamı olduğuna qərar verdi. Bu elə bidət çıxarmanın özüdür. Kaş ki, deyərdi ki, şəriət bizim oxuduğumuzun və yazdığımızın Allahın kəlamı olduğunu deyir və onun keyfiyyətinə, mahiyyətinə dalmazdı, necə ki, şəriətdə üz, iki əl və bundan başqa xəbəri sifətlər kimi çoxlu sifətin olduğu varid olub.[55] Etiraf edən əşari alimlərindən bir digəri Fəxrud-Din ər-Razi’dir. Hafiz İbn Həcər deyir: “əl-Fəxr ər-Razi “əl-Mətalibul-Aliyə” kitabında qeyd etmişdir ki, Allahu Təalənin öz istəyi və öz ixtiyarı ilə Zatında olan bir kəlam ilə danışdığını deyənlərin görüşü nəql və əql baxımdan görüşlərin içində ən səhihidir.[56] Hətta İbn Həcər belə əşari olmasına baxmayaraq bu məsələdə əşarilər ilə razılaşmır. Əksinə səsin səhih hədislərdə gəldiyini və sabit olduğunu etiraf edərək deyir: “Bu səhih hədislərlə səsin zikr olunması sabit oldusa ona iman etmək vacibdir. Bundan sonra ya təfvid etmək vardır, ya da təvil etmək.[57] İbn Həcər bu məsələdə sələfin etiqadı üzərində olmasa da bir mühəddis kimi Allahın səs sifətinin səhih hədislərdə sabit olduğunu etiraf edir, onu bu məqamda təvili caiz görməsi sözsüz ki, xələfin mənhəcinin ona təsiri ilə əlaqədardır. Buradan anlayırıq ki, səhih hədislər İmam Əhmədin məzhəbini dəstəkləyir.

əş-Şəhristəni və digərlərinin etirafı onu göstərir ki, əql sahibləri yanında bu məzhəb şikəst bir məzhəbdir, bidət olması isə tam aşkar bir haldır. Buna görə də əşarilərin ən böyük alimlərindən olan Əbul-Fədl Azudud-Din əl-İci (680-756) Allahın kəlamının səs və hərflər olduğunu etiraf etməli olmuşdur. Daha sonra gələn əşari alimləri onu bu görüşünə görə qınamış və bunun ona “haşəvilərdən” keçdiyini söyləmişdir. Bunu misal üçün əl-Bəcuri “əs-Sənusiyyə” mətninə yazdığı haşiyəsində deyir. Buna görə də əşarilərin son dönəm ən seçkin alimlərindən olan Əbu Abdilləh Muhəmməd ibn Yusuf əs-Sənusi (vəfatı hicri 895) “nəfsi kəlam” görüşünü qəbul etməmiş və bunun sadəcə olaraq mötəziləyə qarşı bir ilzəm olduğunu demişdir.

 

Bütün bunlar isbat edir ki, əşarilərin və maturidilərin bu görüşləri həqiqətdə sağlam bir əqlə dayanmır, çünki sağlam olsaydı bu qədər ziddiyətlərin olmaması gərəkərdi. Bununla belə əqli hakim qıldıqları üçün zahir və aşkar həqiqətləri tərk etdilər. Üzdə Allahın danışdığını söyləsələr də verdikləri təfsir Allahın insanların anladıqları şəkildə danışmamasını tələb edir. Üstəlik “nəfsi kəlam” da onları bu müsibətdən qurtarmır, çünki bizim bildiyimiz nəfsi kəlam səs olmasa da, yenə də tərtib və quruluşa sahib olan bir “kəlamdır”. İzah etdiklərimiz də isbat etdi ki, onların “nəfsi kəlamı” isbat etmək üçün nə Qurandan, nə hədisdən, nə səhabə sözündən, nə də ərəb şerindən dəlilləri yoxdur, yeganə dəlilləri müşahidə etdiyimiz aləmi qeyb aləminə qiyas etməkdir, bu isə hamının ittifaqı ilə batildir.

Doğrusunu Allah bilir!

 


[1] Abdullah bin Əhməd, “əs-Sünnə”, 1/280; Dar İbnil-Qayyim, birinci nəşr: 1406/1986, Dəmməm

[2] “Tabəqat əl-Hənəbilə”, 1/415; Darul-Mərifə, Beyrut.

[3] İbn Teymiyyə, “əl-Fətəva əl-Kubra”, 6/485; “Dər’u Təarudil-Aqli van-Nəql”, 2/38-39; “Şərhul-Aqidətil-Əsfəhəniyyə”, 1/68;

[4] Bu sözləri Əbu Yalə “İbtalut-Təvilət” kitabında (əlyazma 196-cı vərəq) qeyd edir. Kitabın həmin hissəsi çap edilməyib. Bunu həmçinin Şeyxul-İslam “Məcmu əl-Fətəva”da (12/97, 305, 375) ondan nəql edir. Bax: “əl-Məsəil var-Rasəil əl-Mərviyyə ani’l-İməm Əhməd bin Hənbəl fil-Aqidə”, 1/303; Dar Taybə, birinci nəşr: 1412/1991, Riyad

[5] Bəzi alimlərə görə bunlar İmam Əhmədin tələbələrindən yeddi nəfərdir: Saleh bin Əhməd bin Hənbəl, Abdullah bin Əhməd bin Hənbəl, Hənbəl bin İshaq bin Hənbəl, Əbu Bəkr Əhməd bin Muhəmməd əl-Mərruzi, İbrahim əl-Hərbfile:///C:\D%20disk\xususi\sehife%20meqaleleri\kalamullah.docx#_ftn41”i, Əbu Talib Əhməd bin Humeyd əl-Muşkəni, Abdul-Məlik bin Abdil-Həmid əl-Meymuni. Bunu Osman ən-Nəcdi “əl-Muntəhə” kitabına yazdığı haşiyədə deyir. Bəzi kitablarda bu görüş Muhəmməd əl-Xalvəti’yə nisbət olunur.

[6] “İtiqadul-İməmil-Munəbbəl Əbi Abdilləh Əhməd bin Hənbəl”, səh: 33; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1422/2001, Beyrut

[7] Bax: “Fəthul-Bəri”, 13/460; Darul-Mərifə, hicri 1379, Beyrut

[8] “Zeylu Tabəqatil-Hənəbilə”, 3/35-36; Məktəbətul-Ubeykən, birinci nəşr: 1425/2005, Riyad

[9] “Xalq Əf’alil-’İbəd”, 2/240; Dar Ətləs əl-Xadra, birinci nəşr: 1425/2005, Riyad

[10] “əs-Sünnə”, 1/358; Darus-Samii, birinci nəşr: 1419/1998, Riyad

[11] “Cuz’un fihi Əcvibətun fi Usulid-Din”, səh: 76; Bu cüz Darul-Bəşəiril-İsləmiyyə kitab evi tərəfindən çap edilmiş “Liqaul-Aşr əl-Əvaxir bil-Məscidil-Haram” (birinci nəşr: 1427/2006) adlı kitabda (səkkizinci məcmu) mövcuddur.

[12] “ət-Təarruf li Məzhəbi Əhlit-Təsavvuf”, səh: 19; Məktəbətul-Xanəci, ikinci nəşr: 1415/1994, Qahirə

[13] “Muxtəsar əs-Savaiq əl-Mursələ”, səh: 527; Darul-Hədis, birinci nəşr: 1422/2001, Qahirə

[14] “Şərhus-Sünnə”, səh: 90

[15] “Tabəqatul-Hənəbilə”, 2/135

[16] “əl-Fətəva əl-Kubra”, 6/599

[17] “əl-Hüccə fi Bəyənil-Məhəccə”, 2/479

[18] “əl-İntisar fir-Raddi aləl-Mutəzilətil-Qadəriyyətil-Əşrar”, 2/559; Ədvaus-Sələf, birinci nəşr: 1419/1999, Riyad

[19] “Risələtus-Siczi ilə Əhliz-Zəbid”, səh: 115-122

[20] “əl-Miləl van-Nihəl”, 1/96; Muəssəsətul-Hələbi

[21] “Şərh Cəvhəratit-Təvhid”, səh: 130-162

[22] “Kitəbul-İrşad ilə Qavati’il-Ədillə fi Usulil-İtiqad”, səh: 116-117; Məktəbətul-Xanəci, 1369/1950, Qahirə

[23] “Şərhul-Aqaidin-Nəsəfiyyə”, səh: 44

[24] ”əl-Munəzara fil-Quran”, səh: 57

[25] Eyni mənbə; səh: 83

[26] ”Kitəbul-İrşad”, səh: 134

[27] “Məfətihul-Ğeyb”, 27/612; Dar İhyə ət-Turas əl-Arabi, üçüncü nəşr: hicri 1420, Beyrut

[28] Bu şeri misal üçün Əbu Bəkr əl-Bəqilləni “əl-İnsaf” (səh: 105), əl-Cuveyni “əl-İrşad” (səh: 108), əl-Ğazəli “əl-İqtisad” (səh: 75), əl-Əmidi “Ğayətul-Məram” (səh: 97) kitabında dəlil gətirir.

[29] “əl-Uluvvu lil-Aliyyil-Ğaffər”, səh: 266; Məktəbətu Ədvaus-Sələf, birinci nəşr: 1416/1995, Riyad

[30] Bax: “Şirul-Əxtal”, səh: 560; Darul-Fikr, dördüncü nəşr: 1416/1996, Dəməşq

[31] “Risələtus-Siczi”, səh: 119-120

[32] “ət-Təhbir Şərhut-Təhrir”, 3/1277; Məktəbətur-Rüşd, birinci nəşr: 1421/2000, Riyad

[33] Abdul-Bəqi əl-Məvahibi, “əl-Ayn val-Əsər fi Aqidəti Əhlil-Əsər”, səh: 85; Darul-Məmun lit-Turas, birinci nəşr: 1407/1987, Dəməşq

[34] “əl-Bəyən vat-Təbyin”, 1/218; Mətbəətul-Mədəni (Məktəbətul-Xanəci nəşri), yeddinci nəşr: 1418/1998, Qahirə

[35] “əl-Muvaşşə vaz-Zarf vaz-Zurafə”, səh:8; Məktəbətul-Xanəci, 1372/1953, Qahirə

[36] ”Zeylu Tabəqatil-Hənəbilə”, 3/103-105

[37] Baxmayaraq ki, İbn Həzm bunu iman və küfr mövzularının müzakirəsində zikr edir, lakin yenə də onun sözlərini şahid qismində göstərərək məsələnin ağırlığını hiss etdirmək istəyirik. Yoxsa İbn Həzm özü bu məsələdə cəhmilərin məzhəbi üzərindədir.

[38] “əl-Fəsl fil-Miləl-van-Nihəl”, 3/261; Darul-Cil, ikinci nəşr: 1416/1996, Beyrut

[39] “əl-İnsaf”, 105;

[40] “Sahih əl-Buxari”, 6830

[41] “əl-Xasais”, 1/32; əl-Məktəbə əl-İlmiyyə, 1371/1952, Misir

[42] “Lisənul-Arab”, 12/523; Dar Sadir, üçüncü nəşr: hicri 1414, Beyrut

[43] Bunu İmam Muslim “əs-Sahih”də (127) rəvayət edir və ləfz onundur. Bunu həmçinin əl-Buxari (5269) rəvayət edir.

[44] Muslim (132)

[45] əl-Buxari (6144); Muslim (2811)

[46] Muslim (537);

[47] “Sahih İbn Hibbən”, 6/16; Əbu Davud (924); Əhməd (1/377);

[48] əs-Subki, “Tabəqatuş-Şəfiiyyətil-Kubra”, 8/184; Dar Həcər, ikinci nəşr: hicri 1413

[49] “əl-Bəhr əl-Muhit fi Usulil-Fiqh”, 2/99; Darul-Kutubi, birinci nəşr: 1414/1994,

[50] “Ğayətul-Məram fi ’İlmil-Kələm”, səh: 118; əl-Məclisul-Əalə liş-Şuunil-İsləmiyyə, Qahirə

[51] “Məfətihul-Ğayb”, 6/526

[52] “Fəthul-Bəri”, 13/455

[53] “Şərhul-Aqaidin-Nəsəfiyyə”, səh: 84

[54] “Məsəilul-İxtiləf beynəl-Əşəira val-Məturidiyyə”, səh: 27;  Darul-Fəth, birinci nəşr: 1430/2009, Amman

[55] “Nihəyətul-İqdəm fi ’İlmil-Kələm”, səh: 177; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: hicri 1425, Beyrut

[56] “Fəthul-Bəri”, 13/455

[57] Eyni mənbə: 13/458