Allahın sifətlərinə yanaşma üsulu

Son zamanlar müzakirəsi gedən məsələlərdən biri də müsəlmanların Allahın şəriətində gəlmiş sifətlərə yanaşma tərzi haqqındadır. Bu sifətlərə münasibətdə müsəlmanın mövqeyi necə olmalıdır? Biz bu barədə gəlmiş bütün xəbərlərə iman etməyin lazım olduğuna inanırıq və burada əsas olaraq əqli yox, nəqli önə keçiririk. Etiqad edirik ki, bu sifətləri əqlimizin dərk etməsi onları inkar etməyə əsas vermir. Nə də onlardan cahil qalmağa da əsas vermir. Etiqad edirik ki, bu sifətlər məcazi mənada deyildir, əksinə həqiqi mənadadır və bunları həqiqi mənalarından kənara çıxarmaq batildir, bidətdir, zəlalətdir.

 

Bil ki, əziz müsəlman, Allahın isim və sifətlərini isbat etmək onların zahirini isbat etməklə mümkündür. Bizim bu dediklərimizə alimlərimizin sözləri şahidlik edir. Üstəlik qarşıda təqdim edəcəyimiz kimi Allahın yaratdıqlarının yuxarısında olması haqqında alimlərin sözləri bu həqiqəti aşkar şəkildə sərğiləyir.

İmam Əbu Bəkr Əhməd bin Amr ibn Əbi Asim əş-Şeybəni (vəfatı hicri 287) deyir:

Bizim bu kitabımızda, “Kitəbus-Sunnə əl-Kəbir”də hər bir şeyə, ayrı-ayrı bablarda topladığımız elm ifadə edən xəbərlərə səhih olduqlarına görə, onları nəql edənlərin adilliyinə görə iman gətiririk. Onlara zahiri üzərinə təslim olmaq və keyfiyyəti haqqında danışaraq təkəllüfə girməmək vacibdir.[1]

Alləmə İmam İbn Cərir ət-Tabəri (vəfatı hicri 310) deyir:

Əgər onlardan biri - “bunların mənası haqqında sən nə deyirsən?” – deyərək bizdən soruşsa deyərik ki, bunun mənası xəbərin zahirinin dəlalət etdiyi mənadır. Bizə həmin xəbərə iman etmək və təslim olmaqdan başqa bir şey düşmür və beləliklə deyirik ki, qiyamət günü Rəbbimiz – cəllə cələluhu – gələcək və mələklər sıra-sıra gələcəklər. Dünya səmasına düşür və hər gecə ora enir. Bunun mənasının “Onun əmri enir” olduğunu demirik. Əksinə deyirik ki, dünya səmasından başqa digər mövcud məxluqlara da mövcud olduqları sürədə Onun əmri hər an və hər saat enir.[2]

İmam Əbul-Həsən əl-Əşari (vəfatı hicri 324) deyir:

Biz “iki əl” dedik, çünki Quran zahiri mənasındadır, yalnız bir dəlilin zahirdən başqa bir mənaya dəlalət etməsi halı istisnadır...[3]

İmam Əbu Əhməd əl-Kəraci əl-Qassab[4] (vəfatı hicri 360) deyir:

Kitabımızda birdən çox yerdə göstərdiyimiz kimi əgər bir kəlimənin bilinən zahiri mənası və möhtəməl olan batini mənası varsa, ümmətin icması və ya bir ayənin açıq sözü və ya sünnət olmadan onu bilinən zahiri mənasından çıxarıb batini mənasına götürmək caiz deyildir.[5]

İmam Əbu İshaq İbrahim bin Əhməd ibn Şəqilə (vəfatı hicri 369) - rahiməhullah – deyir:

Bu hədisləri alimlər qəbul ediblər, heç kəsə bunu qadağan etmək, təvil etmək, onları qüvvədən düşürmək caiz deyildir, çünki əgər Allahın elçisinə - salləllahu aleyhi va səlləm – görə bunların zahirindən başqa mənaları olsaydı bəyan edərdi və səhabələr bunu Allahın elçisindən - salləllahu aleyhi va səlləm – eşitdikdə ondan zahirindən başqa mənanı soruşardılar. Susduqları üçün bizə də susduqları yerdə susmaq və qəbul etdiklərini könül xoşluğu ilə qəbul etməyimiz lazımdır.[6]

İmam Əbu Süleyman əl-Xattabi (vəfatı hicri 388) deyir:

Sələfin alimlərinin və fəqih imamların məzhəbi bunun kimi hədisləri zahiri mənalarına görə ötürməkdir, onların mənalarını fırlatmamaqdır və onları təvil etməməkdir, çünki onları dərk etmək üçün elmlərinin az olduğunu bilirdilər.[7]

Həmçinin əl-Hafiz əl-Muqri Əbu Amr ət-Taləmənki (vəfatı hicri 429) deyir:

Allahın ərşə istivası həqiqi mənadadır, məcazi mənada deyildir...[8]

İmam əl-Hafiz Əbu Nəsr Ubeydullah bin Said əs-Siczi (vəfatı hicri 444) deyir:

İmamlar ittifaq ediblər ki, sifətlər yalnız təvqif ilə ələ alınmalıdır və həmçinin onların şərhi də yalnız təvqif ilə olmalıdır. Mütəkəllimlərin mücərrəd əql ilə sifətləri nəfy və ya isbat etməkləri və ya onları zahiri mənalarına müxalif olan təvilə həml etməkləri zəlalətdir.[9]

İmam Əbu Osman əs-Sabuni (vəfatı hicri 449) deyir:

Həmçinin onlar Quranın zikri ilə nazil olduğu və səhih xəbərlərin onlarla varid olduğu bütün sifətlər haqqında... münkər bir təvil ilə xəbərin ləfzini ərəblərin bildiyi və qoyduğu mənanı zail etmirlər və onları zahiri mənalarına görə ötürürlər, elmini Allaha həvalə edirlər.[10]

əl-Qadi Əbu Yalə əl-Fərra (vəfatı hicri 458) deyir:

Bil ki, bu xəbərləri mötəzilədən bir qrupun etdiyi kimi rədd etmək, əşarilərin etdiyi kimi onların təvili ilə məşğul olmaq caiz deyildir, onları zahiri mənalarına həml etmək vacibdir; onlar Allahın – azzə va cəllə - sifətləridir, məxluqatdan eyni sifətlərlə vəsf olunanlara bənzəməz.[11]

Məğribin hafizi Əbu Ömər ibn Abdil-Bərr (vəfatı hicri 463) deyir:

Sünnət əhli Quranda və sünnətdə gəlmiş sifətlərin hamısını iqrar etməkdə, onlara iman etməkdə, onları məcaz yox, həqiqi mənalarına görə qəbul etməkdə icma ediblər.[12]

əl-Hafiz Əbu Bəkr əl-Xatib əl-Bəğdədi (vəfatı hicri 463) deyir:

Sifətlər məsələsinə gəldikdə ; səhih sünən kitablarında onlardan rəvayət olunanlara gəldikdə isə sələfin məzhəbi onları isbat etmək, onları zahiri mənalarına əsasən ötürməkdir...[13]

İmam Əbu Muhamməd əl-Hüseyn əl-Bəğavi (vəfatı hicri 516) deyir:

Vəhydə gəlmiş bu kimi Allahın – təalə - sifətlərinə iman etmək, təvildən üz döndərmək surətilə onları zahiri mənalarına əsasən ötürmək vacibdir...[14]

Qavvamus-Sunnə Əbul-Qasim ət-Teymi (vəfatı hicri 535) deyir:

Allahın Kitabında gəlmiş və peyğəmbərdən – salləllahu aleyhi va səlləm – səhih sənədlərlə rəvayət olunmuş Allahın – azzə va cəllə - sifətləri haqqındakı məsələyə gəldikdə isə ( bil ki, ) sələfin – rahmətullahi aleyhim əcməin – məzhəbi onları zahiri mənalarına əsasən isbat etmək və ötürməkdir və keyfiyyəti nəfy etməkdir.[15]

İmam əl-Muvaffəq İbn Qudamə (vəfatı hicri 620) sələfin bu barədə məzhəbini qələmə aldığı kitabında deyir:

Sələfin məzhəbi – rahmətullahi aleyhim – Allahu Təalənin ayələrində, göndərdiyi kitabında və peyğəmbərinin dili ilə Özünü vəsf etdiyi sifətlərinə və isimlərinə heç bir əlavə etmədən, ondan bir şeyi azaltmadan, onlar yönündə həddi aşmadan, onlara təfsir vermədən, nə də onların zahirinə müxalif olacaq şəkildə təvil vermədən, yaradılmışların vəsflərinə və sonradan yaranmışların xüsusiyyətlərinə bənzətmədən onlara iman etmək idi. Əksinə onları gəldikləri kimi ötürərdilər və elmini onu söyləyənə, mənasını onlarla danışana həvalə edərdilər.[16]

Bir başqa yerdə buyurur:

Sifətlər haqqındakı kəlama gəldikdə isə, onlardan səhih “əs-Sünən” kitablarında rəvayət olunanlar barəsində sələfin – radiyallahu anhum – məzhəbi onları isbat etmək, zahiri mənalarına əsasən ötürmək, onlardan keyfiyyəti və bənzətməni nəfy etməkdir.[17]

Kəməlud-Din İbnul-Adim “Buğyətut-Taləb fi Tərixil-Hələb” kitabında əl-Hüseyn bin Abdir-Rahmən bin Tahir əl-Kərabisi haqqında deyir: “Əbu Abdilləh əl-Hüseyn zühd, din və təqva sahibi idi, hənbəlilərin əqidəsinə, sifət hədislərində təvili tərk etməyə və onları zahirinə həml etməyə meyl edərdi...[18]

Bu məzhəb İmam Əhməddən və onun əshabından məşhur olaraq gəlmiş məzhəbdir və Xorasandan tutmuş Yəmənə və Məğribə qədər bütün hədis əhli alimləri bu məzhəbi dəstəkləyiblər. Misal üçün Yəməndə İbn Əbil-Xeyr əl-İmrani, Xorasanda Əbul-Muzaffər əs-Səm’ani, Məğribdə Əbu Ömər əd-Dəni, İbn Abdil-Bərr əl-Məliki, Əbu Bəkr İbn Məvhib və digərləri İmam Əhmədin məzhəbini isbat ediblər.

 

 

Diqqət:

Bəziləri burada bir irad irəli sürdülər və dedilər ki, “icrauhə alə zahirihə” (zahiri üzərində ötürmək) sözü “zahiri mənalarına uyğun ötürmək” yox, lakin ləfzi olduğu kimi, surətini, formasını saxlayaraq ötürməkdir. Biz bunun xəta olduğunu bu cür izah edə bilərik.

 

Birinci: Bu sözü işlədənlər arasından bir çox alim kitablarında digər sözləri ilə qəsd etdikləri mənanı izah ediblər. Misal üçün Əbu Nəsr əs-Siczi mötəzilənin zərərinin bəzi sünni mütəkəllimlərin zərərindən daha az olduğunu izah edərək deyir:

Mötəzililərin məzhəbi çirkin olsa da sünnət əhlinin avamlarına nisbətdə onların zərəri bunlardan azdır, çünki mötəzilə öz məzhəblərini aşkarda göstəriblər, arxadan hücum etmirlər, maskalanmayıblar. Əksinə deyiblər ki, Allah Zatı ilə hər yerdədir və gözlə görülməz. Dedilər ki, O, eşitməz, görməz, elmi yoxdur, qüdrəti, qüvvəti yoxdur, nə iradəsi vardır, nə də danışmaz. Zatına izaf edilən sifətlərdən heç biri Onun üçün keçərli deyildir, əksinə bunların hamısı başqa şeyin üzərində yaradılmış və Ona aid fellərdir. (Dedilər ki,) Quran məxluqdur və böyük günah sahiblərdən tövbə etməyənlər kafirlər ilə birlikdə əbədi qalacaqlar və hovuz, şəfaət, tərəzinin heç bir əsli yoxdur və kim zina edərsə və ya oğurlayarsa və ya böyük günah edərsə imandan çıxar, lakin küfrə də girməz, fasiq adlanar. (Dedilər ki,) onların görüşlərinin üstün olmadığı ölkə darul-hərb’dir və əsər əhlinin məzhəbinə aid olanlar və hədisdəkilərə zahiri üzərinə etiqad edənlər həşəvidirlər.[19]

Mötəzilənin o zaman dediyi sözləri bu gün də tez-tez eşidirik. Beləliklə anlaşılır ki, əs-Siczi “zahir üzərində anlamaq” dedikdə məxluqata bənzər mənalar ilə yox, lakin Allaha layiq bir sifət olması mənasında anlamaq başa düşülür.

Həmçinin Qavvamus-Sunnə İmam Əbul-Qasim İsmayil ət-Teymi deyir:

Digər dəlil budur ki, kim bunu zahiri üzərinə və dilin tələb etdiyi məna üzərinə həml edibsə onu həqiqi mənası üzərinə həml etmiş olur, (lakin) kim onu təvil edibsə bununla həqiqətini tərk edib məcaza gedib və Allahın sifətlərin məcazi məna izafə etmək olmaz.[20]

Digər bir yerdə buyurur:

Sələfin alimləri dedilər: Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – Allahın sifətləri haqqında xəbərlər Allahın kitabına müvafiq olaraq mütəvatir olaraq gəlmişdir. Sələf onları isbat etmək, bilmək, iman etmək və onlara təslim olmaq, misal və keyfiyyət verməyi tərk etmək surəti ilə nəql ediblər və O – azzə va cəllə - Özünü vəsf etdiyi və ya elçisinin – salləllahu aleyhi va səlləm – onu vəsf etdiyi sifətləri ilə birlikdə əzəlidir. Kim bu sifətlərdən bir sifəti sabit olduqdan sonra inkar edərsə bununla inkar edənlər zümrəsindən olar və kim iddia edərsə ki, bunlar sonradan ortaya çıxan şeylərdir, daha əvvəl olmadığı halda sonra olmuşdur, bununla məxluqatdakı sifətlərə bənzətmiş olur. Bu isə ona görədir ki, Allahu Təalə Özünü bu sifətləri ilə tərifləmişdir, qullarını Onu bu sifətlərlə mədh etməyə çağırmışdır və peyğəmbər – salləllahu aleyhi va səllə - bunlarla sözündə doğru danışan olmuşdur. Özünü, isimlərini və sifətlərini zikr etməkdə Allahın qəsdini bəyan etmişdir və bu, ərəblərdə anlaşılan idi, təvilə ehtiyac duymurdu.[21]

 

İkinci: Bu sözü eyni şəkildə həm hədis əhli, həm də təvil edən əşari alimləri də işlədirlər. Onlar məhz bu sözü işlədərək bunun küfr olduğunu deyiblər. Misal üçün əşari alimi Saləhud-Din Xalil bin Əybək əs-Safədi əşarilərin iki qrup olduğunu və birinci qrupun təvil etdiyini zikr etdikdən sonra onların görüşünü belə təqdim edir:

Birinci fiqrə dedi: bu ləfzləri zahiri üzərində ötürmək mümkün deyildir, çünki küfrdür ( لَا يُمكن إجراؤها على ظَاهرهَا فَإِنَّهُ كفر), bunlarda təvaqquf etmək də olmaz, mütləq ləfzin ehtimal etdiyi məna ilə təvil edilməlidir.[22]

Həmçinin əs-Subki “əl-İbhəc” kitabında deyir:

Bildin ki, məsələdə ixtilaf həşəvilər ilədir və onlar doğru yoldan sapmış bir tayfadır, gözləri kor olub, sifət ayətlərini zahiri üzərində ötürürlər (يجرون آيات الصفات على ظاهرها) və qəsd olunan mənanın o olduğuna etiqad edirlər.[23]

Həmçinin Əbu Abdilləh Bədrud-Din əz-Zərkəşi sifətlər haqqında üç məzhəbin olduğunu zikr edir və onlardan birinci məzhəbi zikr edərkən deyir:

Birinci (məzhəb deyir ki,) burada təvilə yer yoxdur, əksinə zahiri üzərində keçməlidir (بَلْ تَجْرِي عَلَى ظَاهِرِهَا) və onlardan heç bir şey təvil olunmaz, onlar müşəbbihədir.[24]

Həmçinin Fəxrud-Din ər-Razi deyir:

Bil ki, müşəbbihlər Allahu Təaləyə məkan isbat etmək üçün  Onun bu sözünü dəlil gətirdilər: “Səməda olanın... əmin oldunuzmu?!” Buna cavab budur ki, bunu zahiri üzərində ötürmək müsəlmanların ittifaqı ilə mümkün deyildir (لَا يُمْكِنُ إِجْرَاؤُهَا عَلَى ظَاهِرِهَا بِاتِّفَاقِ الْمُسْلِمِينَ), çünki səmada olması səmanın hər tərəfdən onu əhatə etməsini tələb edir...[25]

Belə misallar çoxdur və bu da bir daha isbat edir ki, “zahiri üzərində ötürmək” elə zahiri mənalarına iman edərək ötürmək deməkdir. Bunu “ləfzin forması”, “ləfzin surəti”, “ləfzin rəsmi” şəklində yozmaq təkəllüfdən başqa bir şey deyildir, çünki əgər qəsd o olsaydı bu alimlərin bu cür söz işlədərək cahillərin yalnış anlamaqlarına yol açmaqları doğru olmazdı.

 

Üçüncü: Əgər onların qəsdinin sadəcə olaraq o sifətlərdən heç bir məna anlamadan, rəsmlərini, surətlərini saxlayaraq ötürmək olduğunu desək burada fasid bir məna ortaya çıxır. Çünki bu alimlər bu sözü deyərkən həmin sifətlərin arasında eşitmə (السمع), görmə (البصر), Axirətdə görülmək (الرؤية) kimi sifətləri də zikr edirlər. Belə çıxır ki, bu alimlərə görə Allahın eşidib eşitmədiyini bilmirik, görüb görmədiyini bilmirik, Axirətdə görülüb görülməyəcəyini bilmirik. Misal üçün əl-Xatib əl-Bəğdədi yuxarıda nəql etdiyimiz sözünü dedikdən sonra deyir:

Əsli qayda budur ki, sifətlər haqqında danışmaq Allahın Zatı haqqında danışmağın bir hissəsidir, burada bunun ölçüsünü götürürük, bunun kimi edirik. Aləmlərin Rəbbini isbat etməyin Ona hədd qoymaq, Ona keyfiyyət vermək baxımından isbatı yox, lakin Onun mövcud olması baxımından isbat etmək olduğunu biliriksə, eynilə bu şəkildə sifətlərini isbat etmək sadəcə olaraq onların mövcud olduğunu isbat etməkdir, onların keyfiyyətini isbat etmək deyildir. Əgər əl, eşitmə, görmə desək bu, sadəcə olaraq Allahın Özü haqqında isbat etdiyi sifətləri isbat etməkdir və biz əlin mənasının qüdrət olduğunu, eşitməyin və görməyin bilmək olduğunu demirik və həmçinin onların orqanlar, fel ədatları olduğunu da demirik.[26]

Əgər qəsd olunan heç bir məna anlamadan ötürməkdirsə o zaman biz Allahın eşidib eşitmədiyindən, görüb görmədiyindən cahil qalarıq.

 

Dördüncü: Bizim “zahiri üzərində ötürmək” sözünü zahiri mənalarına müvafiq olaraq ötürmək mənasını anlamağımız ərəb dilində sözün bu mənaya gəlməsindən irəli gəlir. Bizi buna görə cahillikdə, təlbisdə ittiham edənlər həqiqətdə öz cahilliklərini ört-basdır etməyə çalışırlar. Əgər bu sözü bu cür anlamağımıza görə biz cahil oluruqda o zaman bizim kimi anlayanlar da cahil olmalıdır. Baxıb görürük ki, hətta əşari mütəkəllim alimlər də eynilə bu sözləri bizim dediyimiz kimi anlayıb. Məşhur əşari alimi, kəlam alimi Əbul-Fəth Muhəmməd bin Abdil-Kərim bin Əbi Bəkr əş-Şəhristəni deyir:

Sonra son dönəm alimlərindən bir qrup sələfin dediyindən əlavə bir söz artırıblar və deyiblər ki, “bunları zahiri üzərində ötürmək lazımdır” (فقالوا لابد من إجرائها على ظاهرها). Beləliklə bununla sırf təşbihə düşüblər və bu, sələfin etiqadının əksinədir.[27]

əş-Şəhristani hicri 548-ci ildə vəfat edib. Əbu Süleyman əl-Xattabi, Əbu Osman əs-Sabuni, əl-Xatib əl-Bəğdədi, Əbu Muhəmməd əl-Hüseyn əl-Bəğavi və Əbul-Qasim İsmayıl ət-Teymi isə ondan öncə vəfat ediblər və bu söz məhz onların kitablarında sabit olub, onlar bu qaydanı zikr ediblər. əş-Şəhristani də sözsüz ki, onların sözlərindən bizim anladığımızın eynisini anlayıb, çünki ərəb dilinin qaydaları bunu tələb edir.

 

 

Burada zahiri məna nə deməkdir?

Bunları qeyd etdikdən sonra bir məsələyə diqqət çəkmək əhəmiyyətlidir. Sifət naslarının zahirinə iman gətirmək heç bir şəkildə təşbih ola bilməz. Biz zahirə iman gətirdikdə bununla qəsdimiz bu ayələrin və hədislərin həqiqi mənada Allahın sifətləri olduğunu deyirik. Bununla təfvid arasında böyük bir fərq vardır. Təfviddə təşbih kimi anlaşılan mənaları inkar etdikdən sonra yerdə qalan mənaları məcaz olub olmamasından asılı olmayaraq möhtəməl mənalar hesab edirlər. Bu görüşün tələbi isə budur ki, bu ayələr haqqında susmaq, onlardan bir şey anlamamaq, lakin bunlarla Allahın bir mənanı qəsd etdiyinə iman etməkdir. Bu görüşdə olanlardan fərqli olaraq biz zahiri mənalarına iman edirik və deyirik:

Birinci: bunların məcazi mənada olduğunu inkar edirik, qəsd olunan məcazi məna deyildir. Bunların məcazı mənada olmaqlarını bir ehtimal kimi qəbul etməli olsaq bu nasların Allahın sifətlərinə dəlalət edib etmədiklərindən cahil qalarıq, halbuki biz bu nasların Allahın sifətlərinə dəlalət etdiyini söyləyirik.

İkinci: bu ayələrin və hədislərin zahiri təşbih deyildir, Allah zahiri küfr olan sözləri nazil etməkdən münəzzəhdir.

Üçüncü: bunlardan, bunların Allaha layiq olan sifətlər olduğunu anlayırıq və buna iman gətiririk və bu sifətlərin məxluqatın sifətlərinə bənzəmədiyinə etiqad edirik.

Böyük alim, mühəddis, İmam Alləmə Zeynud-Din Əbul-Fərəc İbn Rəcəb deyir:

əl-Xattabi “əl-Əaləm” kitabında deyir: “Sifət hədislərində sələfin məzhəbi onlara iman etmək və onları zahirinə uyğun olaraq ötürmək, onlardan keyfiyyəti nəfy etməkdir.” Kim - “bunlarda zahir qəsd olunmur” – deyərsə, deyərik ki, burada iki zahir vardır: məxluqlara layiq olan, onlara xas olan zahir və o, qəsd olunmur və bir də cəlal və ikram sahibi Allaha layiq olan zahir və bu, qəsd olunan mənadır. Onu inkar etmək tətildir.[28]

Digər böyük alimi, imam, sələfin xəbərlərindən xəbərdar olan bir şəxsiyyət, Alləmə Şəmsud-Din əz-Zəhəbi deyir:

Zahir sözü bu gün iki zahir olub; biri haqdır, digəri batildir. Haqq olan belə deməyindir: O, eşidəndir, görəndir, istəyəndir, danışandır, diridir, biləndir, üzündən başqa hər bir şey həlak olacaq, Adəmi əli ilə yaratdı, Musa ilə danışıq ilə danışdı, İbrahimi özünə xəlil olaraq götürdü və bunun bənzərləri. Onları gəldikləri kimi ötürürük və onlardan Allahu Təaləyə layin olan tərzdə xitabın dəlalət etdiyini anlayırıq. “Onun bunun əksinə təvili vardır” – demirik. Digər zahir isə batildir, zəlalətdir və bu, qeybdə olanı müşahidə etdiklərimizə qiyas etməkdir və Yaradanı yaratdıqları ilə eyniləşdirməkdir. Allah belə olmaqdan ucadır. Əksinə Onun sifətləri Zatı kimidir, Onun tayı, qarşılığı, bənzəri, misli və oxşarı yoxdur. Onun nə Zatında, nə də sifətlərində misli olan bir şey yoxdur. Bu elə bir məsələdir ki, bunda fəqih ilə avam eynidir. Doğrusunu Allah bilir![29]

Şeyxul-İslam, Alləmə, İmam Təqiyyud-Din İbn Teymiyyə deyir:

Əgər "qəsd olunan nasların zahiri mənasıdır" və ya "onların zahiri mənası qəsd olunmur" deyilərsə (cavab olaraq) deyilər ki, "zahir" sözündə icmali və müştərək məna vardır. Belə ki, (bu sözü) deyən onların zahirinin yaradılmışların sifətlərinin və ya onların xüsusiyyətlərinin təmsili olduğuna etiqad edərsə heç bir şəkk ola bilməz ki, qəsd olunan bu, deyildir. Lakin sələf və imamlar bunu nasların zahiri adlandırmazdılar. Quranın və hədisin zahirinin küfr və batil olması ilə razılaşmazdılar. Allah - subhənəhu va təalə - Özünü vəsf etmək üçün işlətdiyi sözlərinin zahirindən yalnız küfrün və ya zəlalətin anlaşılacağı (səviyyədən) Daha Elmli və Daha Hikmətlidir. Nasların zahirini bu cür hesab edənlər iki baxımdan xəta edirlər. 1) Bəzən elə fasid mənanı ləfzin zahiri mənası sayırlar ki, nassın - (həqiqətdə isə) belə olmadığı halda - zahiri mənaya müxalif şəkildə bir təvilə ehtiyac duyduğunu hesab edirlər. 2) Bəzən isə ləfzin zahiri olan haqq mənanı, batil olduğuna etiqad etdikləri üçün rədd edirlər.[30]

Bütün bu sözlərdən sonra hansı səfeh bizi və sələfin imamlarını təşbihdə, Allahı məxluqata bənzətməkdə, Allahı cism saymaqda ittiham edə bilər?! Onu da deyək ki, bidət əhli, zəlalət firqələri hər zaman hədis əhlini, ümmətin sələfini “müşəbbihə”, “mücəssimə”, “həşəviyyə” kimi adlarla çağırıblar. Bu hələ İmam Əhmədin zamanında da, ondan öncə də belə idi. İmam Əbu İsa ət-Tirmizi deyir:

Bu şəkildə Malikdən, Sufyan bin Uyeynə’dən, Abdullah bin əl-Mubərak’dan rəvayət olunub ki, onlar bu hədislər barəsində deyiblər: “Onları keyfiyyət vermədən ötürün!” Əhlu-Sunnə val-Cəməat’dan olan elm əhlinin görüşü belədir. Lakin cəhmiyyə bu rəvayətləri inkar ediblər və deyiblər ki, “bu, bənzətmədir (təşbihdir) .” Allah – azzə va cəllə - Kitabının bir çox yerində “əl”, “eşitmə” və “görmə” (sifətlərini) zikr edib və cəhmilər bu ayələri təvil ediblər və onu elm əhlinin təfsir etdiyindən başqa mənalarda təfsir ediblər. Dedilər: “Şübhəsiz ki, Allah Adəmi Öz əli ilə yaratmayıb”. Dedilər: “Burada əlin mənası qüvvət deməkdir.”

İshaq bin İbrahim dedi: “Bu, yalnız əgər o, “əl mənim əlim kimidir və ya mənim əlimin eynisidir” və yaxud da “eşitmə mənim eşitməyim kimidir, ya da mənim eşitməyimlə eynidir” deyərsə o zaman təşbih (bənzətmə) ola bilər. Beləliklə əgər “eşitmə mənim eşitməyim kimidir, ya da mənim eşitməyimin eynisidir” deyərsə bu, bənzətmə olar. Lakin əgər Allahu Təalənin dediyi kimi “əl”, “eşitmə” və “görmə” deyərsə, bunun necə olduğunu deməzsə, nə də öz eşitməsi kimi və ya eyni olduğunu deməzsə bu, bənzətmə (təşbih) olmaz.[31]

İshaq bin İbrahim məşhur imam İshaq bin Rahəveyh’dir və onun tələbəsi ət-Tirmizi bu sözləri ondan nəql edərək təsdiqləyir. İmam İbn Rahaveyh’ə görə də bu sifətlərin zahirini isbat etmək təşbih deyildir, yalnız o zaman təşbih olar ki, müsəlman Allahın sifətləri məxluqatın sifətlərinə bənzətmiş olsun.

Bil ki, Allahın sifətləri və isimlərində gəlmiş sözlərin məxluq üçün də müştərək istifadə olması Allahın məxluqata bənzəməsi anlamına gəlməz. Biz Allahu Təalənin mövcudluğunu, diri olduğunu deyirik və bu sifətlərin məxluqatda da mövcud olduğunu təsdiqləyirik. Ortaq və müştərək sözlərin istifadəsi Yaradanı yaradılmışlara bənzətməz. Allahu Təalə deyir:

 

Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.

(əl-Fussilət, 15)

 

Bu ayənin təfsirində İmam Əbu Əhməd əl-Kəraci əl-Qassab deyir:

Bu, mötəzilə və cəhmiyyəyə qarşı hüccətdir, belə ki, iddia edirlər ki, “təşbih (bənzətmə) səbəbilə yaradılmışların vəsf olunduğu heç bir şey ilə Yaradanı vəsf etmək olmaz”.”[32]

Allahın qüvvəti ilə Ad qövmünün qüvvəti arasında istifadə olunan sözün müştərək olması onların qüvvətinin Allahın qüvvətinə bənzəməsini gərəkdirməz, əksinə Allahın qüvvəti mütləqdir və heç bir şey ona bənzəməz.

İmam Əbu İshaq ibn Şəqilə - rahiməhullah – özü ilə şafii alimi, müfəssir və kəlam alimi Əbu Süleyman əd-Diməşqi arasında baş verən bir münazirəni bizlərə nəql edib. Bu münazirə əsnasında Əbu Süleyman hənbəliləri təşbihdə ittiham edərək “siz müşəbbihəsiz” deyir. Bunun cavabında İbn Şəqilə deyir:

Haşa lilləh! “Mənim üzüm kimi bir üz”, “mənim əlim kimi bir əl” deyən müşəbbihdir. Bizə gəldikdə isə biz deyirik: Onun üzü vardır, necəki Özünə bir üz isbat etmişdir. Onun əli vardır, necəki Özünə bir əl isbat etmişdir. “Onun tayı, bərabəri yoxdur. O, Eşidən və Görəndir.” Kim belə deyərsə salamat olmuşdur.[33]

 


[1] ”əl-Uluv lil-Aliyyil-Ğafur”, səh: 197

[2] “ət-Təbsir fi Məalimid-Din”, 146-147; Darul-Asimə, birinci nəşr: 1416/1996, Riyad

[3] “əl-İbənə an Usulid-Diyənə”, səh: 138; Darul-Ənsar, birinci nəşr: 1397, Qahirə

[4] Əbu Əhməd Muhamməd bin Əli bin Muhamməd əl-Fəqih əl-Kəraci, daha çox əl-Qassab ləqəbi ilə tanınır. Döyüşlərdə çoxlu kafir əskəri qətl etdiyinə görə qəssab ləqəbini qazanmışdır. əl-Kəraci adlanması Kərac şəhərinə nisbət edilməsi səbəbilədir. Kərac isə Həmədan ilə İsfəhan arasında yerləşən kiçik bir şəhərdir. Tarixi əsərlər onun doğum tarixi haqqında məlumat vermir. Lakin bilirik ki, şeyxi Cafər bin Əhməd bin Fəris hicri 289-cu ildə, digər şeyxi Abdullah bin əs-Sabbəh əl-Əsbəhəni hicri 294-cü ildə vəfat edib. Bu isə onun təxminən hicri 280-ci illərə yaxın bir zamanda doğulduğunu göstərir. Tarixi məsdərlər həmçinin onun yetkinlik dövrü haqqında da geniş məlumat vermir, lakin bilirik ki, Kərac şəhərində yaşayıb və ailəsi bir elm ailəsi olmuşdur, çünki onun atası mühəddislərdən biri idi və Əli bin Hərb ət-Tai’nin tələbələrindən idi. Haqqında yazanların sözlərindən anlaşılır ki, ömrünün gəncliyində tez-tez Allah uğrunda döyüşlərdə iştirak etmişdir, belə ki, tərcümeyi-halını yazan bir çox elm əhli onu “mücahid” olaraq vəsf ediblər. Şeyxləri arasında Cafər bin Əhməd bin Fəris, əl-Həsən bin Yezid əd-Dəqqaq, Həməveyh bin Muhamməd Əbu Cafər əl-Əsbəhəni, Abdullah bin əs-Sabbəh əl-Bəzzər əl-Əsbəhəni, Abdur-Rahmən bin Muhammə bin Sələm ər-Razi, atası Əli bin Muhamməd əl-Kəraci, Muhamməd bin İbrahim bin Ziyad bin Abdilləh ət-Tayəlisi ər-Razi, Əbu Abdilləh Muhamməd bin Əhməd bin əl-Valid əs-Səqafi əl-Mədini, Muhamməd bin əl-Hüseyn bin Muhamməd əl-Əsbəhəni, Əbu Cafər Muhamməd bin Zəkəriyyə əl-Quraşi, Muhamməd bin əl-Abbas bin Əyyub bin əl-Əxram əl-Fəqih, Muhamməd bin Abdil-Ğaffər əl-Varaqani kimi alimlər vardır. Tələbələri içindən yalnız oğlu Əbul-Həsən Əli bin Muhamməd əl-Kəraci, digər oğlu Əbul-Fərac Ammər bin Muhamməd əl-Kəraci və Əbu Mənsur əl-Muzaffər bin Muhamməd əl-Bərucərdi adları ilə qeyd olunublar. Digər tələbələri haqqında məlumat yoxdur. Bu böyük alim özündən sonra çoxlu əsər tərk etmişdir, lakin onun “Nukətul-Quran” kitabından başqa digər əsərləri ya itmişdir, ya da üzə çıxmamışdır. Onun əqidə barəsində yazdığı “əs-Sünnə” adlı kitabından əz-Zəhəbi “Siyər Əaləm ən-Nubələ” və “Təzkiratul-Huffəz” kitabında nəql edir. Həmçinin əl-Hafiz İbn Abdil-Hədi “Tabəqatul-Muhəddisin” kitabında nəql edib. Bu kitabın İbn Teymiyyə, əz-Zəhəbi və İbnul-Qayyimin işarə etdikləri “Aqidətu Əbu Əhməd əl-Kəraci” adlı kitab olması da möhtəməldir. əl-Qassab hafiz bir alim olub və onu hafiz olaraq əs-Safədi, əz-Zəhəbi, İbn Həcər, İbn Abdil-Hədi, əs-Suyuti kimi alimlər vəsf ediblər. Əbul-Həsən əl-Kəraci və əs-Səm’ani onu həmçinin fəqih olaraq vəsf ediblər. əs-Safədi onun haqqında deyir: “Hafizdir və imamlardan biridir.” İbn Həcər deyir: “Hafiz idi və çox şücaətli idi.” əs-Suyuti deyir: “Hafizdir, imamdır və mücahiddir.” Həm əqidədə, həm də fiqhdə hədis əhlinin məzhəbi üzərində olmuşdur və hər hansı bir məzhəbi təqlid etməmişdir. İmam əş-Şafi’nin “ər-Risələ” kitabına sahib idi və zamanının bir çox imamının kitabından faydalanmışdı. Tarix əsərləri onun dəqiq ölüm tarixini qeyd etmir, lakin qeyd olunanlardan anlaşılır ki, hicri 360-cı il və ya daha əvvəl vəfat etmişdir. Beləliklə onun təxminən səksən il yaşadığını demək olar. Allah rahmət etsin!

[5] “Nukətul-Quran əd-Dəllə aləl-Bəyən”, 1/180

[6] “Tabəqatul-Hənəbilə”, 2/135; Darul-Mərifə, Beyrut

[7] “Məalimus-Sunən”, 4/331; Mətbəətu Muhamməd Rağib ət-Tabbəx, birinci nəşr: 1352/1934, Hələb

[8] “Muxtəsar əl-Uluvv”, səh: 264; əl-Məktəb əl-İsləmi, birinci nəşr: 1401/1981, Beyrut

[9] “Risələtus-Siczi ilə Əhli Zəbid”, səh: 121; Darur-Rayə, birinci nəşr: 1414/1994, Riyad

[10] “Aqidətus-Sələf va Əshabil-Hədis”, səh: 39; Darul-Minhəc, birinci nəşr: 1423/2003, Qahirə

[11] ”İbtalut-Təvilət li Əxbəris-Sifət”, səh: 43; Dar İyləfud-Dəulə, Küveyt

[12] ”ət-Təmhid”, 7/145; Vazəratul-Əvqaf, 1399/1979, Məğrib

[13] “Muxtəsar əl-Uluvv”, səh: 272

[14] “Şərhus-Sunnə”, 1/168-171; əl-Məktəb əl-İsləmi, ikinci nəşr: 1403/1983, Beyrut

[15] “əl-Huccə fi Bəyənil-Məhəccə”, 1/188; Darur-Rayə, ikinci nəşr: 1419/1999, Riyad

[16] “Zəmmut-Təvil”, səh: 9; Darul-Fəth, birinci nəşr: 1414/1994, Şəriqa

[17] “Zəmmut-Təvil”, səh: 13; Darul-Fəth, birinci nəşr: 1414/1994, Şəriqa

[18] “Buğyətut-Taləb”, 6/2514; Darul-Fikr, Suheyl Zəkkər təhqiqi

[19] ”Risələtus-Siczi ilə Əhliz-Zəbid”, səh: 270-272; İmədətul-Bəhsil-İlmi, ikinci nəşr: 1423/2002, Səudiyyə Ərəbistan

[20] ”əl-Huccə fi Bəyənil-Məhəccə”, 1/482; Darur-Rayə, ikinci nəşr: 1419/1999, Riyad

[21] Eyni mənbə: 1/183-184

[22] “əl-Vafi bil-Vafiyət”, 20/141; Dar İhyə ət-Turas, 1420/2000, Beyrut

[23] “əl-İbhəc fi Şərhil-Minhəc”, 1/361; Dar əl-Kutub əl-İlmiyyə, 1416/1995, Beyrut

[24] “əl-Bəhr əl-Muhit fi Usulil-Fiqh”, 5/39; Darul-Kutbi, birinci nəşr: 1414/1994,

[25] “Məfətihul-Ğayb”, 30/592; Dar İhyə ət-Turas əl-Arabi, üçüncü nəşr: hicri 1420, Beyrut

[26] “əl-Uluvvu lil-Aliyyil-Ğaffər”, səh: 253

[27] “əl-Miləl van-Nİhəl”, 1/93; Muəssəsətul-Hələbi

[28] ”Fəthul-Bəri”, 7/233; Məktəbətul-Ğurabəil-Əsəriyyə, birinci nəşr: 1417/1996, Mədinə

[29] “Siyər Əaləmin-Nubələ”, 19/449; Muəssəsətur-Risələ, üçüncü nəşr: 1405/1985, Beyrut

[30] "ət-Tədmuriyyə", səh: 69; Məktəbətul-Ubeykən, altıncı nəşr: 1421/2000, Riyad

[31] “əl-Cami əl-Kəbir”, 2/43

[32] “Nukətul-Quran”, 4/68

[33] “Tabəqatul-Hənəbilə”, 3/239