Bu dünyada müsəlman hökmü necə verilir?

Daha əvvəl biz səhifəmizdə şəhadəti anlamadan söyləyənlərin hökmü haqqında kiçik bir yazı nəşr etmişdik. Lakin yazının sonunda qeyd etdik ki, söylənənlərin hamısı qulun Axirətdəki hökmü ilə əlaqərdadır. Çox təəssüf ki, təkfirdə həddini aşan müsəlmanlar yazının özlərinə sərf edən hissəsini götürərək onun əsasında fətva verirlər. Məsələnin digər tərəfindən isə cahildirlər. Onlara bu dünyada müsəlman hökmünün yalnız şəhadət kəliməsini söyləməklə verildiyini dedikdə bizə etiraz edərək tövhiddən cahil olanların bu dünya da belə müsəlman sayılmadıqlarını deyirlər. Bu isə sözsüz ki, onların tələskənliklərindən cahilliklərindən irəli gəlir. Bu yazımızda biz bu dünyada müsəlman hökmünün nə ilə sabit olduğunu izah etməyə çalışacağıq. Bunun üçün məşhur üsulçu maliki alimi Abdullah bin İbrahim’in fətvası ilə yanaşı digər alimlərin sözlərini tərcümə etdik. Faydalı olacağını ümid edirik.

 

Alləmə Sidi Abdullah bin əl-Həc İbrahim – rahiməhullah – fətvalarının birində deyir:

Bəzi tələbərin küfr diyarında doğulmuş kəslərdən tövhid kəliməsini söyləyənlərin (dediklərinin) mənasını bilib bilmədiklərini öyrənməyənə qədər onlar üçün İslam hökmlərinin - kəlam əhlinin sözünə aldanaraq - keçərli olmadığına fətva vermələri doğru deyildir, çünki kəlam əhlinin sözü (insanı) cəhənnəm atəşindən qurtaran səbəb barəsindədir, çünki bu, onların məzhəbinin ələ aldığı məsələdir. Amma şəriət əhkamlarının zahirdə tətbiqi isə fəqihin baxdığı məsələdir və ona aiddir. Fiqh və kəlam elmi bir-birindən fərqli iki fəndir.

Nəqllərin dəstəklədiyi cavab isə budur ki, mənası Allahı ilahilikdə təkləmək olan sözün mənasını anlamadan söyləyən üçün İslamın dünyəvi hökmləri keçərlidir, lakin Axirətdə o sözlərdən faydalanmayacaq. Bunu həqiqətin və şəriətin dəryası Sidi əl-Həsən əl-Yusi[1] “Mənəhicul-Xaləs fi Kəliməteyil-İxləs” kitabında söyləmişdir. Bunu peyğəmbərin – salləllahu aleyhi va səlləm -  bu sözü dəstəkləyir: “İnsanlarla onlar “lə iləhə illəllah” deyənə qədər vuruşmaqla əmr olundum, əgər bunu desələr haqqı istisna olmaqla qanlarını və mallarını məndən qorumuş olarlar.”[2]

Bəli! Əgər kim – əvvəla mənasını başa düşərək – bu sözləri deyərsə və misal üçün namaz, zəkat və oruc kimi əhkama iltizam etməzsə, yəni sadəcə olaraq susmaqla yox, lakin (qəbul etməkdən) boyun qaçırdığını aşkarda bildirərsə belə biri kafirdir, çünki İslam, İbn Arafə’nin[3] dediyi kimi: “İslam əhkamlara riayət etməklə birlikdə şəhadət gətirməkdir.”

Xalil[4] dedi: “(İslamın) ərkanları haqqında xəbəri olmadan şəhadət gətirən ədəbləndirilər.” Həmçinin şəhadət kəliməsini söyləmədən namaz qılanın da müsəlman olduğuna hökm edilər. Abdul-Baqi’nin[5] onun müsəlman olduğuna hökm edilməyəcəyi şəklində dediyi sözlərinə şeyximiz əl-Bunəni[6] “əl-Utbiyyə”də keçən sözləri zikr etməklə etiraz etmişdir və onun tam sözləri belədir: “Malik’dən bir əcəmi haqqında soruşdular ki, ona “namaz qıl!” deyirlər, o da (bunun üstünə) həmən namaz qılır və ölür. Belə birinə cənazə qılınar? Dedi: “Bəli.” əl-Utbiyyə”də (müəllifi) deyir: “Çünki kim namaz qılarsa müsəlman olmuşdur, Allahın elçisi – salləllahu aleyhi va səlləm – demişdir: “Kim bizim namazdan qılarsa, bizim qibləmizə tərəf üz tutarsa o, Allahın və elçisinin himayə verdiyi müsəlmandır. Kim boyun qaçırarsa o, kafirdir və ona cizyə düşür.”[7] İshaq namaz qılarkən görülən şəxsin mömin olması üzərində icma olduğunu nəql edib.

Amma ömrü boyu ixlas kəlimələrini söyləməyib ölən kəsə gəldikdə isə, əgər acizlikdən bunu etməyibsə o zaman o, bunu söyləyən kəs kimi sayılır. Lakin imtina yolu ilə söyləməyibsə kafirdir. Bunu etməməsinin səbəbi qafillik olarsa İyad’ın[8] görüşü budur ki, o kafirdir, lakin alimlərin cumhuruna görə o, müsəlmandır. Buna “əl-Mərasid” kitabında[9] (müəllifi) bu sözləri ilə işarə etmişdir:

 

وإن يكن ذا النطق منه ما اتفق    فإن يكن عجزا يكن كمن نطق

وإن يـكن ذلـك عن إباء     فحكمه الكفر بــلا امتراء

وإن يــكن لـــغفلة فـكالإبا     وذا الذي حكى عياض مذهبا

وقيل كالنطق وللجمهور     نـسب والشيخ أبي منصور

 

Əgər bunu söyləmək ondan sadir olmazsa,

O zaman əgər aciz olsa onu deyən kimi sayılır,

Əgər ki, bunu imtina edərək söyləməzsə

Heç şübhəsiz ki, onun hökmü küfrdür.

Əgər qəflətə görə olubsa, o zaman imtina etmək kimidir

İyadın məzhəb olaraq rəvayət etdiyi budur.

Deyilib ki, deyən kimidir[10] və nisbət edilib bu,

Alimlərin çoxuna və bir də Şeyx Əbu Mənsura[11]

əl-Misnəvi[12] dedi: “Belə bir təfsil kafir haqqındadır, amma İslam ölkəsində doğulana gəldikdə isə o, İslam fitrəti üzərində qalır. Ona şəhadəti gətirmək isə furunun vacibliyi olaraq vacib olur. Əgər imkanı olduğu halda deməzsə kafir deyil, asi olar və sözü gedən təfsil ona tətbiq olunmur. “əl-Mərasid” kitabının şərhində(ki görüşdən) fərqli olaraq təhqiq edilmiş görüş budur.” Bu sözləri şeyximiz əl-Bunəni onun (yəni Xalil’in) – “zikr edilənə əsasən şəhadətdən sonra kafirin qüsl alması vacib olur” – sözlərində zikr etmişdir.[13]

Bu fətvadan bəzi faydalar çıxarmaq olar. Çıxarılan faydalardan biri budur ki, şəhadət kəliməsini söyləmək zahiri hökm olaraq İslama daxil olması və şəriətin hökmlərinin tətbiqi üçün kifayət edir. Mənasını anlamasa belə müsəlman olduğuna hökm olunar, lakin mənasını anladığı üçün onun imanı Axirətdə ona heç bir fayda verməyəcəkdir.

Buradan həmçinin anlayırıq ki, bu məsələ fəqihlərin müzakirə etdikləri məsələdir. Üsulud-Din kitablarında zikr olunanlar isə Axirət hökmü ilə bağlıdır.

Bu fətvada bəzi qaranlıq, anlaşılması çətin olan hissələr ola bilər. Bunlardan biri Xalil’in “ (İslamın) ərkanları haqqında xəbəri olmadan şəhadət gətirən ədəbləndirilər” sözüdür. Bu sözləri Xalil’in müxtəsərini şərh etmiş alimlər izah ediblər. Onlardan biri Əbu Abdilləh əl-Məvvaq əl-Məliki (vəfatı hicri 897) deyir:

əl-Muteyti (dedi) : Kafir şəhadət kəlimələrini söylərsə və İslamın şəriətinə və hədlərinə bələd deyildisə, sonra bu barədə agah edildikdə onlara riayət etməkdən boyun qaçırarsa, o zaman məşhur görüş budur ki, o, ədəbləndirilər və şiddətlə cəzalandırılar. Əgər boyun qaçırmağa davam edərsə Allahın lənətində tərk olunar; bunu Malik, İbnul-Qasim və başqaları deyiblər. Əməl və hökm buna əsaslanır. İbn Arafə (dedi) : Sözünə etibar edilənlərin məzhəbin görüşü olaraq nəql etdikləri budur ki, kim icmali olaraq İslama cavab verərsə, sonra dindən çıxarsa bir namaz belə olsa qılmadan öldürülməz. Bunu İbn Abdil-Hakəmin “əgər müsəlman olarsa, İslamı gözəl yerinə yetirərsə, sonra sözündən dönərsə tövbəyə çağırılar” sözü də təsdiqləyir, belə ki, onun “İslamı gözəl yerinə yetirərsə” sözü onun həm sözü, həm də əməli etibara almasına dəlalət edir.[14]

Bundan əvvəl isə mürtəd babının əvvəlində deyir:

əl-Muteyti (deyir) : “Əgər kafir şəhadət kəlimələrini söylərsə və İslamın şəriəti və hüdudları barəsində öyrənərsə, sonra onlara əməl edərsə onun İslamı qəbul olunar. Lakin əməl etməkdən boyun qaçırarsa onun İslamı qəbul olunmaz və əməl etməyə də məcbur edilməz. Öz dinində buraxılar və mürtəd sayılmaz.[15]

Beləliklə maliki üləmasında əməl olunan görüşə görə qeyri-müsəlman biri şəriətin əhkamından cahil olduğu halda şəhadəti gətirərsə, daha sonra bu əhkamlarla tanış olduqda onlara əməl etməkdən boyun qaçırarsa mürtəd sayılmaz, lakin kafir hökmünə geri dönər. Belə biri İslam şəriətinin vacib buyurduğu ərkanlara əməl etmədən öncə müsəlman sayılmaz. Lakin şəhadəti gətirdikdən sonra əməl edərsə və daha sonra sözündən geri dönərsə, o zaman mürtəd kimi öldürülər.

“Ədəbləndirmək” sözü ilə onun qeyri-ciddi şəkildə şəhadət gətirməsinə görə cəza olaraq əmir tərəfindən cəza tətbiq edilməsi qəsd olunur. “Allahın lənətində tərk olunar” sözü ilə onu əvvəlki küfründə tərk edilməsi qəsd olunur, yəni müsəlman olmağa məcbur edilməz, bu isə bu cür şəhadət gətirməklə İslamının səhih olmamasına dəlalət edir.

Şeyx Muhamməd bin Abdilləh əl-Xaraşi (vəfatı hicri 1101) bu sözləri şərh edərkən deyir:

Yəni əgər kafir şəhadəti söyləyərsə, sonra dindən çıxarsa və rükunlardan xəbəri olmayacaq haldadırsa, yəni İslamın ərkanlarına əməl etməyibsə, o zaman öldürülməz, yalnız cəzalandırılar. ən-Nasir əl-Ləqani dedi: İslamın sütunlarına riayət etmək ona görə bir rükun sayılır ki, çünki iman peyğəmbərə - salləllahu aleyhi va səlləm – zəruri olaraq gətirdiyi bilinən şeylərdə ona iman etməkdir. Gətirdiyi zəruri olaraq bilən şeylər İslamın sözləri və bunlara əsaslanan əməlləridir, beləliklə kim bunlara riayət etməzsə ona inanılmaz və buna görə nə mömin, nə də müsəlman olmaz.[16]

Şeyx Muhamməd bin Əhməd Uleyş deyir:

Lakin əl-Ləxmi’nin sözünün zahirindən anlaşılan budur ki, icmali olaraq imanının qəbul edilməsi üçün kifayət etməlidir, əgər ağamız Muhammədin – salləllahu aleyhi va səlləm – Allahın elçisi olduğunu təsdiq edərsə, bu, icmali olaraq onun gətirdiyi hər bir şeyə iman etməyi də əhatə edir. əl-Muteyti zikr edir ki, təfsilatlı şəkildə bir təsdiqin olması vacibdir. Bunu əl-Xaraşi bildirmişdir.

əl-Adəvi (dedi) : Bu sözlərin arasını birləşdirib demək olar ki, əl-Ləxmi’nin qəsdi şəhadətindən həmən sonra ölən üçün əhkamların keçərli olmasıdır, beləliklə yuyulmalı, üzərində namaz qılınmalı, müsəlmanların qəbirstanlığında basdırılmalı və mirası keçərli olmalıdır.[17]

Gördüyümüz kimi İslam ərkanlarına iltizam etmədən icmali olaraq təsdiq etmək maliki alimlərinə görə kifayət etməz. Əgər kimsə şəhadəti qəbul etdikdən sonra bu ərkanlardan xəbəri olmadığını iddia edərsə və xəbər tutandan sonra əməl etməkdən imtina edərsə belə biri kafir olaraq qalır, lakin imam onu bu əməlinə görə cəzalandırmalıdır. Lakin əgər təfsilatlı şəkildə şəriətin əhkamları və ərkanlarından xəbəri olduğu halda şəhadət gətirərsə, lakin sonra buna iltizam etməzsə, maliki alimlərinin sözlərinin zahirindən anlaşılan budur ki, belə biri mürtəd olur və öldürülməsi vacibdir.

Buna yaxın başqa bir məsələ şəhadət kəliməsinin birinci hissəsini deyənin müsəlman olub olmaması məsələsidir. Bunu əl-Hafiz İbn Hacər – rahiməhullah – peyğəmbərin – salləllahu aleyhi va səlləm – “insanlarla “lə iləhə illəllah” deyənə qədər vuruşmaqla əmr olundum” sözünün şərhində müzakirə etmişdir. O, bu barədə deyir:

Burada “lə iləhə illəllah” deyən birinin – hətta bu sözdən başqa bir şey söyləməsə belə - öldürülməsinin qadağan olmasına (dəlil) vardır və bu, belədir. Lakin sadəcə bununla müsəlman olurmu? Racih olan görüşə görə olmur, əksinə imtahan olunana qədər onu öldürməkdən əl saxlamaq vacibdir və əgər şəhadətin ikinci hissəsinə də şahidlik edərsə və İslamın əhkamına iltizam edərsə ona müsəlman hökmü verilər və (peyğəmbər) “yalnız İslamın haqqı istisna olmaqla...” sözləri ilə bu mənaya işarə etmişdir. əl-Bəğavi[18] deyir: “Kafir əgər politeistdirsə və ya dualistdirsə, Allahın təkliyini təsdiqləmirsə, belə biri “lə iləhə illəllah” söyləsə müsəlman olduğuna hökm edilər, sonra İslamın bütün hökmlərini qəbul etməyə, İslam dinindən başqa dinlərdən uzaq olduğunu elan etməyə məcbur edilər. Allahın təkliyini təsdiq edən, lakin peyğəmbərliyi inkar edənlərə gəldikdə isə “Muhamməd Allahın elçisidir” sözlərini deyənə qədər müsəlman olduğuna hökm edilməz. Əgər Muhammədin risaləsinin yalnız ərəblərə xas olduğuna etiqad edərsə o zaman (onun) bütün insanlara gəldiyini deməsi lazımdır. Əgər bir vacibi inkar etməklə və ya bir haramı halal etməklə kafir olmuşdusa bu etiqadından dönməsi vacibdir.” (əl-Bəğavi’nin) “məcbur edilər” sözünün tələb etdiyi məna budur ki, əgər iltizam etməzsə onun üzərində mürtəd hökmləri tətbiq olunar. Bu görüşü həmçinin əl-Qaffəl aşkar şəkildə bildirmişdir.[19]

Beləliklə biz bura qədər zikr etdiklərimizdən bəzi faydalar çıxara bilərik. Maliki alimlərinin sözlərindən anlaşıldığı kimi bir insan İslamın əhkamlarından cahil olduğu halda şəhadəti söyləyərsə, sonra əhkamlar ilə tanış olduqda qəbul etməzsə müsəlmanlığı səhih sayılmır və əsli kafir hökmündə qalır. əl-Bəğavi və İbn Hacər kimi şafi’i alimlərinin sözlərindən anlaşılan isə budur ki, belə biri əhkamları qəbul etməsə mürtəd hökmünə keçir. Bu fərqə diqqət etmək lazımdır.

Digər əhəmiyyətli nöqtə alimlərin dillərində keçən “iltizam” sözü ilə qəsd olunan mənadır. “İltizam” bir şeyi qəbul edərək onu izləmək, ona bağlamaq, ondan ayrılmamaq anlamındadır və həm etiqadi, həm də əməli ola bilər. Lakin burada alimlər “iltizam” dedikdə etiqadi iltizamı yoxsa əməli iltizamı qəsd edirlər? Zahir olan budur ki, qəsd olunan etiqadi iltizamdır və bunun bir çox səbəbi vardır və bunlardan bəzisini zikr edirik:

Birinci: Əgər əl-Hafiz İbn Hacər’in kəlamındakı “iltizam” sözünü əməli iltizam olaraq qəbul etsək fasid bir nəticəyə gəlmiş olarıq, belə ki, o zaman şəhadət kəliməsini söyləyib əməl etməyən kəsin müsəlmanlığının səhih olmadığını söyləməyimiz lazımdır, halbuki elm əhlindən heç kimsə belə bir şey söyləməmişdir.[20] Həmçinin əl-Hafiz İbn Hacər başqa yerdə təsdiq edir ki, müsəlmanlıq şəhadət kəliməsini söyləməklə sabit olur və bu, qarşıda zikr olunacaq.

İkinci: əl-Hafiz İbn Hacər – rahiməhullah – öz sözlərinə şahidlik üçün əl-Bəğavi’nin sözlərini zikr etmişdir və orada “İslamın bütün hökmlərini qəbul etmək” barəsində danışmışdır.

“İltizam” sözünün bu mənada işlədilməsi fəqihlərin dilində çoxca rastlaşılan bir haldır və bunu nümayiş etdirmək üçün bəzi maliki fəqihlərinin bu barədə dedikləri sözləri zikr edəcəyik. Maliki alimi Şeyx əd-Dərdir əl-Adəvi deyir: “[...şəhadət gətirmiş], yəni iki şəhadət kəliməsini söyləyən; [və İslam ərkanları ilə tanış olmamış kəs] yəni şəhadəti gətirdikdən sonra namaz və digər İslam ərkanları ilə tanış olub onlara iltizam etməmiş kəsin hökmü mürtəd hökmü deyildir, (əksinə [ədəbləndirilər]) və bu sözdən çıxan nəticə budur ki, bizim aramızda yaşayan bir zimmi kimi kimsə təşəhhüd gətirmədən öncə İslamın əhkamlarını bilərsə və təşəhhüd gətirdikdən sonra dönərsə  mürtəd olar və bu, həqiqətən də belədir.” Şeyx əd-Dərdir’in bu sözlərinə şərh yazmış əd-Dusuqi – rahiməhullah – onun “və bu, həqiqətən də belədir” sözləri haqqında deyir: ”Çünki İslam ərkanlarını bildikdən sonra şəhadəti dildə söyləmək  onlara iltizam etmək sayılır, necə ki, bu, əl-Bunəni’nin şərhində keçir.[21] Həmçinin Alləmə Muhamməd Uleyş deyir: “Çünki İslamın ərkanlarını bildiyi halda şəhadət kəliməsini dili ilə söyləməsi ərkanlara razılıq göstərməkdir, onlara iltizam etməkdir, necə ki, “ət-Təvdih” kitabındakı sözlər və İbn Mərzuq ən-Nəsir bu mənanı ifadə edirlər.[22] Həmçinin Bəhram bin Abdilləh əd-Dəmiri “əş-Şəmil” kitabında deyir: “Kim şəhadət gətirərsə, şəriət əhkamlarından razı olarsa İslamı tamamlanar, əks tədirdə isə yox və dönməklə mürtəd olmaz və ədəbləndirilər, necə ki, (maliki məzhəbindəki) məşhur görüşə əsasən İslam ərkanları ilə tanışlığı olmayan birinin şəhadət gətirməsi və sonra (bundan) dönməsi halında olduğu kimidir. Hökm və əməl buna əsaslanır.[23] Həmçinin digər məşhur maliki alimi əz-Zurqani deyir: “Çünki İslamın əhkamlarını bildikdən sonra onlara razılıq göstərək İslama daxil olması İslamın əhkamlarına iltizam etməsi sayılır...[24]

Bütün bunlardan sonra qeyd etməliyik ki, bir kimsə şəhadət kəliməsini söyləməklə İslama girmiş sayılır və onun haqqında müsəlman hökmü sabit olur və bu barədə alimlər ittifaq ediblər. Bu, onun dünyada zahiri hökmüdür. Bu barədə fayda üçün bəzi alimlərin sözlərini zikr edirik. əl-Hafiz İbn Racəb – rahiməhullah – deyir: “Zəruri olaraq bilinir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – İslama daxil olmaq onun yanına gələnlərdən yalnız iki şəhadət kəliməsini qəbul edərdi və onun qanı bununla qorunulmuş olardı və onu müsəlman edərdi. Usamə bin Zeydin qılıncını üzərinə qaldırdıqda “lə iləhə illəllah” deyən kəsi öldürməsini inkar etmişdi və çox şiddətlə qınamışdı. Peyğəmbər – salləllahu aleyhi va səlləm – müsəlman olmağı istəyərək yanına gələnlərə namaz və zəkata iltizam etməyi şərt qoşmazdı,əksinə hətta rəvayət edilib ki,  bir qövmün müsəlman olmaqları qəbul edildi və onlar zəkat verməməyi şərt qoşmuşdular. İmam Əhmədin “əl-Müsnəd” kitabında Cabir’dən belə dediyini rəvayət etmişdir: “Səqif qəbiləsi Allahın elçisinə - salləllahu aleyhi va səlləm – onların boynunda zəkatın və cihadın olmaması şərtini qoşdular və Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Onlar sədəqə verəcəklər və cihad edəcəklər.”[25] Eyni kitabda həmçinin Nəsr bin Asim əl-Leysi’dən, o da özlərindən bir nəfərdən rəvayət edir ki, o, peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəlmiş və yalnız iki namazdan başqa namaz qılmamaq şərti ilə müsəlman olmuşdur və ondan qəbul etmişdir.[26]

İmam Əhməd bu hədislərə əsaslandı və dedi: Fasid şərt üzərində belə İslam səhihdir, sonra İslam şəriətinin bütün hökmləri onun üzərində məcbur edilər. Bunun üçün həmçinin Həkim bin Hizəm’nin dediyi bu sözü də dəlil olaraq istifadə etmişdir: “Peyğəmbərə - salləllahu aleyhi va səlləm – yalnız ayaq üstə səcdə etmək şərti ilə beyət etdim.”[27] Əhməd dedi: “Mənası rüku etmədən səcdə etməkdir.”

Muhamməd bin Nəsr əl-Mərvazi çox zəif bir isnad ilə Ənəs’dən belə dediyini rəvayət edib: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – ona müsəlman olmağa razılıq verənlərdən bunu yalnız namaz qılmaqla və zəkatı ödəməklə qəbul edərdi və Muhammədi – salləllahu aleyhi va səlləm və İslamı təsdiq edənlərə hər ikisi fərz idi. Bu, Allahın – azzə va cəllə - bu sözünün mənasıdır: “Madam ki, siz etmədiniz və Allah da tövbənizi qəbul etdi, onda namaz qılın və zəkat verin!” Bu hədis sabit deyildir, hətta sabit olduğunu fərz etsək burada qəsd olunan budur ki, İslama daxil olmuş heç kimsənin namazı və zəkatı tərk etməsinə razılıq verməzdi və bu, haqdır, çünki o, - salləllahu aleyhi va səlləm – Muazı Yəmənə göndərdikdə ona əmr etdi ki, hər şeydən əvvəl onları şəhadət kəliməsinə çağırsın və dedi: “Əgər buna itaət etsələr onlara namazı, sonra zəkatı öyrət!” Qəsdi budur ki, İslama daxil olmaqla müsəlman olana bundan sonra namaz qılmağı, sonra isə zəkat ödəməyi əmr edərdi və ondan İslam haqqında soruşanlara şəhadət ilə birlikdə İslamın digər ərkanlarını da zikr edərdi, necə ki, Cibrilə - aleyhissələm – ondan İslam barədə soruşduqda, həmçinin onun yanına İslam barədə sual vermək üçün başı dik gəlmiş bədəviyə belə söyləmişdi.

Bizim bu dediklərimiz ilə bu mövzuda gəlmiş hədislərin sözlərini bir arada bu cür birləşdirməyin doğru olduğu görünür və aydın olur ki, bunların hamısı haqdır, belə ki, sadəcə iki şəhadət kəliməsini söyləməklə canı qorunulmuş olur və bununla adam müsəlman olur. Əgər İslama daxil olarsa, sonra namaz qılarsa və zəkat ödəyərsə və şəriətin hökmlərini yerinə yetirərsə müsəlmanların leyhinə olan hər bir şey onun da leyhinədir, əleyhinə olanlar onun da əleyhinədir. Bu rükunlardan bir şeyi pozarsa; əgər güc-qüvvətə malik bir qrup şəklindədirlərsə o zaman onlarla vuruşmaq lazım olur.[28]

əl-Hafiz İbnul-Qayyim – rahiməhullah – deyir: “Müsəlmanlar icma ediblər ki, əgər kafir “lə iləhə illəllah, Muhammədun rasulullah” desə İslama daxil olur.[29] Bu icmanı həmçinin İmam ən-Nəvəvi, Şeyxul-İslam və başqaları nəql ediblər və onlar heç bir yerdə bu dünyanın müsəlman hökmünün keçərli olması üçün tövhidi bilməyi şərt qoşublar, əksinə yalnız şəhadət kəlimələrini söyləməyi müsəlman olması üçün kifayət görüblər və bundan sonra küfr etməsi halında mürtəd olduğunu deyiblər.

 


[1] O, Alləmə Nurud-Din Əbu Əli əl-Həsən bin Məsud bin Muhamməd əl-Yusi’dir.  Maliki fəqihlərindəndir.  Hicri 1040-cı ildə uzaq məğribdə anadan olub. Elm tələbi üçün Şimali Afrikanın bir çox ölkəsinə səyahət etmişdir. Elm almış və tədris etmişdir. Şeyx Muhamməd bin Nəsir, Şeyx Abdul-Məlik ət-Təcməuni, Şeyx Abdul-Qadir  əl-Fəsi kimi şeyxlərdən elm alıb. Bir çox faydalı əsərin müəllifidir. Hicri 1102-ci ildə vəfat edib.

[2] əl-Buxari (1399)

[3] O, Əbu Abdilləh Muhamməd bin Muhamməd bin Arafə ət-Tunisi’dir. Tunisin imamı, Tunisin ən böyük camisində otuz ilə yaxın imamlıq etmişdir. İbn Abdis-Sələm ət-Tunisi, Muhamməd bin Harun, İbnul-Habbəb, əş-Şərif ət-Tilmisəni kimi alimlərdən elm alıb. Ondan isə əl-Burzuli, əl-Ubbi, İbn Nəci, İbnul-Xatib əl-Qustantini, İbn Mərzuq əl-Hafid, İbn Fərhun kimi böyük alimlər dərs alıblar. Hicri 756-ci ildə əz-Zeytuniyyə camisində imam olur, sonra 772-ci ildə oranın xatibi olur, bir ildən sonra isə mufti olur. Hicri 803-cü ildə ölənə qədər bu vəzifələrdə çalışmışdır. Doğumu hicri 716-cı ildə olmuşdur.

[4] O, Diyəud-Din Əbul-Məvaddə Xalil bin İshaq əl-Cundi’dir. Böyük İslam alimlərindən biridir. Maliki məzhəbinin ən böyük fəqihlərindəndir. “əl-Mədxal” kitabının sahibi İbnul-Həcc və Əbu Abdilləh əl-Mənufi kimi alimlərdən elm alıb. İbnul-Həcib’un həm üsulda, həm də furuda yazdığı müxtəsərlərin ikisini də şərh etmişdir. Furudakı şərh “ət-Təvdih” adlanır və onun müxtəsəri malikilər yanında etimad qazanmış kitablardan biridir. Ölüm tarixi haqqında fərqli görüşlər vardır. Hicri 767, 769 və 776-cı illər söylənilmişdir.

[5] O, Əbu Muhamməd Abdul-Bəqi bin Yusuf bin Əhməd əz-Zurqani’dir. Maliki fəqihlərindən biridir. Nurud-Din əl-Əchuri, əl-Burhən əl-Ləqqani, Şəmsud-Din əl-Bəbili kimi elm əhlindən elm alıb. Bir çox faydalı kitabın müəllifidir. Xalil’in müxtəsərini şərh etmiş alimlərdən biridir. Hicri 1020-ci ildə Misirdə doğulmuş və 1099-cu ildə vəfat etmişdir.

[6] O, Əbu Abdilləh Muhamməd bin əl-Həsən əl-Bunəni’dir. Hicri on ikinci əsrin məşhur maliki alimlərindən biridir. Abdul-Bəqi əz-Zurqani’nin şərhinə haşiyə yazıb. Hicri 1133-cü ildə doğulub və 1194-cü ildə vəfat edib.

[7] Bunu fərqli ləfz ilə əl-Buxari ”əs-Sahih”də (391) rəvayət edir. Onun rəvayətində “kim boyun qaçırarsa o, kafirdir...” sözləri yoxdur.

[8] O, məşhur alim və imam Əbul-Fədl İyad bin Musa bin İyad əl-Yəhsubi’dir. İbn Rüşd, İbnul-Həcc, əl-Məziri, İbnul-Arabi və daha bir çox alimdən elm almışdır və yüzə yaxın şeyxi olmuşdur. Məşhur “əş-Şifə” kitabının müəllifidir. Hicri 476-cı ildə anadan olub və 544-cü ildə vəfat edib. Mərakeşdə dəfn olunub.

[9] Yəni Şeyx Muhamməd əl-Arabi bin Yusuf əl-Fəsi “Mərasidul-Mutəməd fi Məqasidil-Mutəqad” kitabında deyir.

[10] Yəni ikinci görüşə görə qəflət üzündən bunu deməyi ehmal edibsə o zaman o sözləri deyənlə eyni hökmdədir.

[11] O, Əbu Mənsur Muhamməd bin Muhamməd bin Məhmud əl-Məturidi’dir. Kəlam elmində adı məşhurlaşmış imamlardan biridir. Bu sahədə yazdığı bir çox kitab vardır. Hicri 333-cü ildə vəfat edib. Allah rəhmət etsin!

[12] O, Əbul-Abbas Əhməd bin Muhamməd əl-Misnəvi əd-Dələi’dir. O, - rahiməhullah – salehlərin böyüklərindən, əməl sahibi məşhur alimlərdən biri idi. Atası və əmilərindən elm almışdır. Hicri 1117-ci ildə vəfat edib.

[13] ”Fətəva əl-Alləmə Sidi Abdilləh bin əl-Həcc İbrahim”, səh: 51-56; Muhamməd əl-Əmin bin Muhamməd Bib təhqiqi, birinci nəşr: 1423/2002

[14] “ət-Təc val-İklil li Muxtəsar Xalil”, 8/375-376; Dərul-Kutubil-İlmiyyə, birinci nəşr: 1416/1996, Beyrut

[15] Eyni mənbə: 8/371-372

[16] “Şərh Muxtəsar Xalil”, 8/67-68; Dar əl-Fikr, Beyrut

[17] ”Minəh əl-Cəlil Şərh Muxtəsar Xalil”, 9/221; Darul-Fikr, Beyrut

[18] Əbu Muhamməd əl-Hüseyn bin Məsud bin Muhamməd əl-Fərra əl-Bəğavi məşhur imam, hafiz, fəqih və müctəhiddir. Həmçinin “Ruknud-Din” və “Muhyis-Sunnə” ləqəbləri ilə tanınır. Qurana və sünnətə xidmət etmiş imamlardan biridir. Yəqut əl-Haməvi “Mucəmul-Buldən” kitabında onun hicri 433-cü ildə, əz-Zirikli isə “əl-Əaləm” kitabında 436-cı ildə doğulduğunu yazır. Onun hicri 516-cı ildə vəfat etməsi üzərində ittifaq vardır. Xorasanın Mərv ər-Ruz şəhərində vəfat etmiş və şeyxi əl-Qadi Hüseyn’in yanında dəfn edilmişdir.

[19] “Fəthul-Bəri bi Şərh Sahih əl-Buxari”, 16/158; Dar Taybə, birinci nəşr: 1426/2005, Riyad

[20] Oxuduğum ədəbiyyatda belə bir görüşdə olan heç bir alim tanımıram və heç bir məzhəbdə belə bir görüş ilə rastlaşmamışam, lakin yalnız bir alimin sözlərindən belə bir məna çıxarmaq olar və o, İmam əş-Şafi’nin tələbələrindən olan İmam Əbu Səvr’in sözlərindədir. İstənilən halda belə bir görüş çox nadirdir.

[21] “Haşiyətud-Dusuqi aləş-Şərhil-Kəbir”, 4/306; Dar İhyə əl-Kutub əl-Arabiyyə, İsa əl-Bəbi əl-Haləbi

[22] “Minəhul-Cəlil Şərh Muxtəsar Xalil”, 9/221; Darul-Fikr, 1409/1989, Beyrut

[23] “əş-Şəmil fi Fiqhil-İməmi Məlik”, 2/917; Mərkəz Nəcibəveyh, 1429/2008

[24] “Haşiyətul-İməmir-Rəhuni alə Şərhiz-Zurqani li Muxtəsar Xalil”, 8/90; əl-Mətbəə əl-Əmiriyyə, hicri 1306, Bulaq, Misir

[25] “əl-Müsnəd”, 3/431; sənədində Abdullah bin Ləhi’a adlı ravi vardır və o, zəifdir.

[26] Bunu Əhməd (3/402), ət-Tayəlisi (1360), ən-Nəsai (2/205) və ət-Tahavi “Şərh Muşkilil-Əsər”də (204) rəvayət ediblər və isnadı səhihdir.

[27] “əl-Müsnəd”, 3/25, 363; isnadı səhihdir.

[28] “Cəmi’ul-Ulumi val-Hikəm”, 1/228-230; Muəssəsətur-Risələ, səkkizinci nəşr: 1419/1999, Beyrut

[29] “Mədəricus-Səlikin”, 3/421; Dar əl-Kitəb əl-Arabi, üçüncü nəşr: 1416/1996, Beyrut