İbn Teymiyyə və ölüdən şəfaət diləmək

Zamanımızda müzakirə olunan məsələlərdən biri də peyğəmbərlər və salehlərdən öldükdən sonra şəfaət, dua istəmək məsələsidir. Bu məsələdə danışan hər tərəf Şeyxul-İslam İbn Teymiyyə’dən sitat gətirməyi sevir. Bu böyük imamın müsəlmanların könüllərində tutduğu məqamı heç kəs inkar edə bilməz. Bu səbəblə biz İbn Teymiyyənin bu məsələ barədə görüşünü bu yazımızda göstərməyə çalışacağıq.

 

İlk öncə şəfaətin nə olduğunu izah etməyimiz gərəkdir. Bilmək lazımdır ki, hər hansı bir şəxs sənin ehtiyacını ödəyə bilərsə həmin şəxsə yaxın olan birindən sənin əvəzinə ondan ehtiyacını istəməsini xahiş etməyinə ondan şəfaət istəmək deyilir. Bu baxımdan peyğəmbərlərdən və ya salehlərdən sağlıqlarında və ya öldükdən sonra şəfaət istəmək onlardan dua istəməklə eynidir və bu ikisi arasında heç bir fərq yoxdur. Alləmə əl-Əzhəri[1] deyir: “Əbu Ömər, əl-Mubərrid və Səaləb’dən rəvayət edir ki, onların hər ikisi də Allahın – təbərakə va təalə - “Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər?” sözləri haqqında dedilər: “Şəfaət burada dua deməkdir.” Şəfaət havadarın bir başqası üçün bir ehtiyacda krala ağız açmasıdır.[2] Yəni havadarın, vasitəçinin kraldan havadarlığını etdiyi şəxsin ehtiyacını ödəməsini xahiş etməsinə şəfaət deyilir. Həmçinin bir kimsədən şədaət istəmək, ondan dua və vasitəçilik istəməkdən başqa bir şey deyildir.

Bu məsələdə şiddətli mövqe tutanlar çox vaxt İbn Teymiyyənin bu sözlərini sitat gətirirlər: “Bunlardan olan müşriklər çox zaman deyirlər: "Biz onlarla istişfa edirik, yəni mələklərdən və peyğəmbərlərdən şəfaət etməklərini istəyirik, beləki onlardan birinin qəbrinə gəldikdə ondan bizim üçün şəfaət etməsini istəyirik, beləliklə onların timsallarını düzəltdikdə - və timsallar ya heykəl şəklində, ya da nəsranilərin öz kilsələrində çəkdikləri kimi çəkilmiş şəkil halında olur - dedilər: "Bu timsalları düzəltməklə məqsədimiz onların bizə sahiblərini və onların əməllərini xatırlatmaqdır və biz bu timsallara xitab edirik, lakin bununla (bu timsalların) sahiblərinə xitab etməyi qəsd edirik ki, bizim üçün Allah yanında şəfəat etsinlər. Onlardan kimisi deyir: "Ey ağam fılankəs!" və ya "Ey ağam Georgius!" və ya "Ey ağam Petrus" və ya "Ey mərhəmətli Məryəm xanım!" və ya "Ey ağam İbrahim və ya Musa bin İmran və başqaları, mənim üçün Rəbbinin yanında şəfaət et!"

Çox zaman ölünün qəbri yanında ona belə xitab edirlər: "Mənim üçün Rəbbindən istə!" Yaxud da qayıb olan sağ/diri birinə hüzurunda olduğu kimi xitab edirlər və qəsidələr oxuyurlar; onlardan kimisi bu qəsidədə deyir: "Ey ağam fılankəs! Mən sənin himayəndəyəm, sənin sığınağındayam! Allah yanında mənim üçün şəfaət et! Allahdan bizə düşmənlərimizə qarşı qələbə verməsini istə! Allahdan bizim bu düşdüyümüz çətinlikləri asanlaşdırmasını istə! Sənə bu və bu şeylərdə şikayət edirəm, Allahdan bu bəlanı üzərimizdən qaldırmasını istə!" Onlardan kimisi deyir: "Allahdan məni bağışlamasını dilə!"

Onlardan eləsi də var ki, Allahın "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu görərdilər" sözlərini təvil edir və deyirlər: "Əgər ölümündən sonra ondan istiğfar etməsini istəsək səhabələrdən istiğfar etmələrini istəyənlərlə eyni olarıq". Bununla səhabələrin, xeyir işlərdə onlara tabe olanların və digər müsəlmanların icmasına qarşı çıxırlar, çünki onlardan heç biri peyğəmbərdən - salləllahu aleyhi va səlləm - ölümündən sonra onun üçün şəfaət etməsini istəməyib, ondan heç bir şey istəməyib. Bunu müsəlmanların imamlarından heç biri kitablarına qeyd etmirlər, bunu sadəcə olaraq qeyd edənlərdən yalnız son dövr fəqihlər qeyd etmiş və Malikin - radiyallahu anhu - adından uydurulmuş yalan bir hekayəni rəvayət edirlər və onun zikri qarşıda gələcək və inşaallah o barədə söhbət açacağıq.

Mələklərə, peyğəmbərlərə və salehlərə öldükdən sonra qəbirləri yanında və onlardan uzaqda xitab etmək və onların timsallarına xitab etməyə aid olan bu növlər kitab əhlindən olmayan müşriklərin və Allahu Təalənin izn vermədiyi şirk və ibadətlər ortaya çıxarmış kitab əhlindən və müsəlmanlardan olan bidətçilərin arasında mövcud olan ən əzəmətli şirk növlərindəndir.[3]

İbn Teymiyyə’nin bu məsələdə görüşünü bilmək üçün onun sözlərini bir-birinə bağlayan ortaq bağlara nəzər yetirmək lazımdır. Biz bu ortaq cizgiləri bu yazımızda işarələyəcəyik. Bu məsələ həmçinin onun şəfaət inancı haqqında təqdim etdiyi izahları da nəzərə almaqdan asılıdır. Bilmək lazımdır ki, Şeyxul-İslama görə Məkkə müşriklərinin şirki həm etiqadda, həm də əməldə idi. Onların etiqaddakı şirklərindən biri də şəfaət haqqındakı anlayışları olmuşdur. İbn Teymiyyə buna görə də Quranın rədd etdiyi, müşriklərin inandığı batil şəfaət etiqadı ilə Quranın isbat etdiyi və müsəlmanların inandığı səhih şəfaət etiqadı arasında bir çox yerdə fərq qoymuşdur. Şəfaət məsələsi barəsində danışan bir çox kəslər bu fərqə nəzər yetirmirlər. Gəlin şəfaət haqqında İbn Teymiyyənin – rahiməhullah – izahını onun öz sözlərindən öyrənək.

İbn Teymiyyə şəfaətin iki növünü belə zikr edir: “Beləliklə şəfaət iki növdür:

Birinci: müşriklərin və bu ümmətdən onlara bənzəyən cahillər və sapıqların etiqad etdikləri, lakin Allahu Təalənin inkar etdiyi şəfaət və bu, şirkdir.

İkinci: Şəfaətçinin Allahın izni ilə şəfaət etməsi və bu cür şəfaəti Allahu Təalə Öz saleh qulları üçün isbat etmişdir, buna görə də şəfaətçilərin ağasından qiyamət günü insanlar şəfaət tələb etdikdə gəlib səcdə edəcək. (Peyğəmbər) deyir: "İndi bacarmadığım, lakin o gün öyrədəcəyi həmdlərlə Ona həmd edəcəm. Mənə deyiləcək: "Ey Muhamməd! Başını qaldır, söylə sözün eşidiləcək, istə veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq." Beləliklə ona şəfaət etməyə izin verildikdə o, - salləllahu aleyhi va səlləm - Allahın şəfaət edilməsini dilədiyi kəslər üçün şəfaət edəcək.[4]

Buradan anlayırıq ki, müşriklərin etiqad etdikləri şəfaət mahiyyət etibarı ilə Quranın isbat etdiyi və müsəlmanların etiqad etdikləri şəfaətdən fərqlidir. Həmçinin nəzərə alınacaq digər məqam budur ki, özlərini İslama nisbət edən bir çox cahildə birinci növ şəfaət etiqadı vardır. Şeyxul-İslama görə bu növ şəfaəti istəmək böyük şirkdir. Biz digər sözlərdə bunun şahidi olacağıq. Lakin ilk öncə müşriklərin etiqad etdiyi şəfaətin təbiətini öyrənək. Şeyxul-İslam deyir:

Quranın inkar etdiyi bu şəfaət ərəb müşriklərinin və onlara bənzəyən digər müşriklərin sözlərini öz tərkibinə alır və bu şəfaət nəsranilərin və onların bənzərlərindən özlərini İslama nisbət edən sapıqların şirkidir, belə ki, mələklər və ya peyğəmbərlər və ya şeyxlər haqqında onların Allah yanında onlar üçün şəfaətçilər olduğuna etiqad edirlər, necəki şəfaətçilər dünya krallarının yanında şəfaətçilik edirlər. Bunun üçün misal gətirib deyirlər ki, "kim böyük bir krala yaxınlaşmaq istəsə birbaşa onun yanına getməsi doğru deyildir, əksinə onun ətrafındakı xüsusi köməkçilərinə yaxınlaşmalı və onlar onun ehtiyaclarını (kralın yanına) qaldırır və onu krala yaxınlaşdırırlar. Allahu Təalə deyir: "Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər).[5]

Buradan anlayırıq ki, müşriklər Allahı insanlarda olduğu kimi sultanlara, krallara bənzədirdilər. Lakin bu bənzəmə hansı xüsusiyyətlərdədir?! Şeyxul-İslam bunu izah edərək deyir:

Əgər o, "məndən daha çox Allaha yaxın olduğu üçün ondan istəyirəm ki, mənə bu işlərdə Allah yanında şəfaət etsin, belə ki, sultana yaxın adamları və köməkçiləri vasitəsilə təvəssül edildiyi kimi mən də onunla Allaha təvəssül edirəm" deyərsə, bu, müşriklərin və nəsranilərin əməllərindən olar, çünki onlar iddia edirlər ki, öz hahamlarını, rahiblərini şəfaətçilər tuturlar və mətləblərində onlardan şəfaət etməklərini istəyirlər, eyni şeyi Allahu Təalə müşriklər haqqında xəbər verir ki, onlar belə deyərdilər: "Biz onlaya yalnız bizi Allaha daha yaxın etməkləri üçün ibadət edirik."...Beləliklə (bu ayələrdə) Özü ilə məxluqları arasındakı fərqi izah etmiş olur, belə ki, insanların adətlərindən biri budur ki, onlar öz rəhbərlərindən, böyüklərindən bir böyükdən (bir şey istəyərkən) hörmət sahibi birindən şəfaət etməsini tələb edərlər və həmin şəfaətçi ondan bunu istəyir, o isə öz növbəsində bunu ya xoşluqla, ya məcburiyyətdən, ya həya səbəbilə, ya sevərək ya da başqa səbəblərə görə onun ehtiyacını ödəyir. Allahın - Subhənəhu - yanında isə heç kimsə şəfaət edə bilməz, yalnız izn verdiyi şeydə şəfaət edilə bilər və Allah yalnız istədiyi şeyi edir və şəfaətçinin şəfaət etməsi Onun izni ilədir və bütün işlər Ona aiddir. Buna görə də ƏbuHureyrədən - radiyallahu anhu - rəvayət edilmiş muttəfəqun aleyhi olan bir hədisdə peyğəmbər - salləllahu aleyhi va səlləm - deyir: "Sizdən biriniz heç zaman "Allahım, istəsən məni bağışla! Allahım, diləsən mənə rəhm et!" deməsin, əksinə istədiyini qətiyyətlə istəsin, çünki Allahı məcbur edən heç bir şey yoxdur." Bununla izah etdi ki, Rəbb Subhənəhu dilədiyini edir və seçdiyi şeydə Onu məcbur edən heçnə yoxdur, lakin şəfaətçi qarşısında şəfaət etdiyini məcbur edə bilir və yaxud da istəyən biri istədiyi kəsi israr edərəkən, çox-çox istəyərək məcbur edə bilir...Sapıqlardan çox kimsənin dediyi "Bu, Allaha məndən daha yaxındır və mən Allahdan uzağam və Allaha bu vasitəsiz dua etmək imkanım yoxdur" sözləri və buna bənzər sözlər müşriklərin sözlərindəndir...[6]

Beləliklə bu xüsusiyyətlərə bir daha diqqət etmək lazımdır. ”Beləliklə (bu ayələrdə) Özü ilə məxluqları arasındakı fərqi izah etmiş olur, belə ki, insanların adətlərindən biri budur ki, onlar öz rəhbərlərindən, böyüklərindən bir böyükdən (bir şey istəyərkən) hörmət sahibi birindən şəfaət etməsini tələb edərlər və həmin şəfaətçi ondan bunu istəyir, o isə öz növbəsində bunu ya xoşluqla, ya məcburiyyətdən, ya həya səbəbilə, ya sevərək ya da başqa səbəblərə görə onun ehtiyacını ödəyir. Allahın - Subhənəhu - yanında isə heç kimsə şəfaət edə bilməz, yalnız izn verdiyi şeydə şəfaət edilə bilər və Allah yalnız istədiyi şeyi edir və şəfaətçinin şəfaət etməsi Onun izni ilədir və bütün işlər Ona aiddir.“ Bu sözlərdən anlayırıq ki, Məkkə müşrikləri Allahı bu xüsusiyyətlər baxımından məxluqata bənzədirdilər. Şəfaətçiləri Allah yanında şəfaət edərkən onların etiqadına görə Allah onların şəfaətlərini geri çevirə bilmirdi.

Şeyxul-İslam bir başqa yerdə şəfaət mövzusunu müzakirə edərkən deyir:

Şəfaəti inkar edənlər Allahu təalənin bu sözlərini dəlil gətirirlər: “Qorx o gündən ki, (o vaxt) heç kəs heç kəs fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq.” Bunun bənzəri olan digər ayələri də zikr etdikdən sonra deyir: “Əhlus-Sunnətin cavabı budur ki, bununla ola bilsin ki, iki şey qəsd olunur: Birinci budur ki, (şəfaət) müşriklərə fayda verməyəcək...İkinci isə: bununla qəsd olunan budur ki, burada inkar olunan şəfaət şirk əhlinin, məxluqların Allah yanında Onun izni olmadan şəfaət etmə qüdrətinin olduğunu zənn edən bidət əhlindən, kitab əhlindən və müsəlmanlardan şirk əhlinə bənzəyənlərin isbat etdiyi şəfaətdir. Necə ki, insanların bir hissəsi digərləri yanında şəfaət edirlər və şəfaətçinin müraciət etdiyi kəs şəfaətçinin şəfaətini ona olan ehtiyacına görə - ya könüllü, ya da məcburi – qəbul edir. Necə ki, insan insanla qarşılıqlı ödəmə ilə münasibətdə olur. Müşriklər Allahdan savayı mələkləri, peyğəmbərləri və salehləri şəfaətçilər sayırdılar, onların timsallarını düzəldərdilər və onlarla istişfa edərək deyərdilər: “Bunlar Allahın xüsusi köməkçiləridir və biz onlara dua və ibadət etmək vasitəsilə Allaha yaxınlaşırıq ki, onlar bizə şəfaət etsinlər”. Necə ki, krallara onların xüsusi adamları vasitəsilə - onların krala digərlərindən daha yaxın olmaqları səbəbi ilə - yaxınlaşırlar və onlar kralların izni olmadan kralların yanında şəfaət edirlər. Onlardan kimisi kral yanında onun seçimi olmadığı bir şeydə şəfaət edir, o da istər könüllü, istərsə də məcburi onun şəfaətinə cavab verir. Beləliklə Allah bu şəfaəti inkar edərək demişdir: “Kim Onun yanında izni olmadan şəfaət edə bilər?!”...Bu, müşriklərin mələklər, peyğəmbərlər və salehlər üçün isbat etdikləri şəfaətdir, hətta onların heykəllərini düzəldərək deyirdilər: “Onların heykəllərindən şəfaət istəməyimiz onların özlərindən şəfaət istəməyimizdir.” Həm də qəbirləri yanına gedərək deyərdilər: “Biz onların ölümündən sonra onlardan şəfaət istəyirik ki, bizim üçün Allah yanında şəfaət etsinlər. Onların da həmçinin heykəllərini düzəltdilər və onlara ibadət etdilər.[7]

Gördüyümüz kimi müşriklər etiqad edirdilər ki, onların şəfaətçiləri Allahın izni olmadan Allah yanında şəfaət etməyə qadirdirlər. Şeyxul-İslam bu etiqadın həm də müşriklərə bənzəmiş müsəlmanlar arasında da olduğunu vurğulayır. Bu məsələdə danışanların çoxu bu əhəmiyyətli nöqtəni nəzərdən qaçırırlar. Biz bu təqdim etdiklərimizlə öyrəndik ki, müşriklərin şəfaət şirki sadəcə olaraq şəfaət istəməklə deyil, lakin onların şəfaət anlayışları ilə bağlıdır. Müşriklərin etiqadlarını bölüşən müsəlmanlar da eyni hökmü bölüşürlər.

Beləliklə etiqaddan asılı olaraq şəfaət və dua istəmək ya şirk ola bilər, ya da şirkə aparan bir bidət ola bilər. Biz bunu Şeyxul-İslamın növbəti sözlərində görürük:

Bunun misalları Quranda çoxdur; Allahdan başqasına, nə mələklərə, nə peyğəmbərlərə, nə də başqalarına dua edilməsi qadağan edilir, çünki bu, şirkdir və ya şirkə aparan yoldur, lakin o, sağ olarkən dua və şəfaət istəmək bundan fərqlənir, çünki o, buna (şirkə) götürmür.[8]

Bir daha aydın olur ki, bu əməl ya şirk ola bilər, ya da şirkə aparan yol ola bilər. Bunun necə şirk ola biləcəyini artıq anladıq. Şirkə aparan yol olmasını isə Şeyxul-İslam belə izah edir:

Allah - Subhənəhu - mələklərə və peyğəmbərlərə dua etməyi qadağan edir, bununla belə bizə xəbər verir ki, mələklər bizim üçün dua edir və bizim üçün bağışlanma diləyirlər, buna baxmayaraq bizə onlardan bunu tələb etmək olmaz.

Peyğəmbərlər və salehlər də bunun kimidir, qəbirlərində diri olsalar belə, onların dirilər üçün dua etməkləri təqdir olunsa belə və bu barədə rəvayətlər gəlsə belə, onlardan bunu istəmək heç kəsə caiz deyildir. Sələfdən heç kəs bunu etməyib, çünki bu, onları (Allaha) şərik qoşmağa, Allahu Təalədən savayı onlara ibadət etməyə götürən bir yoldur. Onlardan birindən sağ olarkən belə şey istəmək isə bundan fərqlənir, çünki belə bir şey şirkə götürmür və çünki mələklərin etdikləri və peyğəmbərlərin, salehlərin öldükdən sonra etdikləri kovni işlərdir və tələb edənlərin istəyinin bunda heç bir təsiri yoxdur, sağ olarkən onlardan birindən soruşmaq isə fərqlidir, çünki istəyənə cavab vermək məşrudur. Öldükdən sonra isə təklifləri/məsuliyyətləri qurtarır.[9]

Şeyxul-İslamın bu sözlərindən çıxardığımız başqa bir fayda isə budur ki, ölülərin bizlər üçün dua etdiklərinə inanmaq küfr deyildir. Lakin bununla belə öldükdən sonra onlardan bizim üçün dua etməklərini istəmək caiz deyildir. Şeyxul-İslam bunu mələklərin halı ilə müqayisə edir və qeyd edir ki, mələklər bizim üçün Allaha dua etsələr də bizim onlardan dua tələb etməyimiz caiz deyildir. Ölülərdən dua və şəfaət tələb etməyin caiz olmamasının səbəbini izah edərkən bizim tələbimizin heç bir təsiri olmadığını söyləyir, çünki ölülər bu dünyanı tərk etdikdən sonra onların etdiyi əməllər artıq kovni əməllər olur, dünyada mükəlləf varlıqların öz ixtiyarı ilə etdiyi əməllərdən fərqlənmiş olur.

Bu dediklərimizin bir təsdiqini İbn Teymiyyə’nin digər sözlərində tapırıq. O, bidət olan dualardan danışarkən bu duaları üç mərtəbəyə ayırır və hər birini ayrılıqda izah edərək hökmlərini zikr edir. O, deyir:

İslam alimləri və din imamları şəri duaları zikr etmişlər və bidət olan dualardan üz döndəriblər, ona görə də buna tabe olmaq lazımdır. Bu babdakı mərtəbələr üçdür:

Birinci: Allahdan başqa istər peyğəmbərlər, istər salehlər və başqaları olsun, ölü birinə və ya qayıb[10] olan birinə dua edərək "Ey ağam fılankəs! Mənə kömək et!" və ya "Mən səndən sığınacaq istəyirəm" və ya "Səndən kömək diləyirəm" və ya "Mənə düşmənlərimə qarşı dəstək ol!"və buna bənzər sözlər söyləmək, bax Allaha şərik qoşmaq budur...

İkinci: Peyğəmbərlərdən və salehlərdən olan ölülərə və ya qayıblara "Allaha mənim üçün dua et!" və ya "Bizim üçün Rəbbinə dua et!" və ya "Allahdan bizim üçün istə!" demək, necəki nəsranilər Məryəmə və başqasına müraciət edirlər. Həmçinin bunun da caiz olmamasında və bunun ümmətin sələfindən heç kəsin etmədiyi bir bidət olmasında heç bir alim şübhə etmir; qəbir sahiblərinə salam vermək caiz olsa və onlara xitab etmək caiz olsa belə - necəki peyğəmbər - salləllahu aleyhi va səlləm - səhabələrinə öyrədərdi ki, qəbirləri ziyarət edərkən "əs-sələmu aleykum əhləd-diyər minəl-muminin val-muslimin, va innə inşəallahi bikum lahiqun, yağfir Allahu lənə va ləkum, nəsəlallahə lənə va ləkumul-afiyə, Allahummə, lə təhrimnə əcrahum va lə təftinə bədahum vağfir lənə va ləhum" deməyi öyrədərdi - (sələf bunu etməzdi).

Əbu Ömər bin Abdir-Rahmən peyğəmbərdən - salləllahu aleyhi va səlləm - belə dediyini rəvayət edir:"Dünyada tanıdığı bir nəfərin qəbri yanından keçib ona salam verən elə bir adam yoxdur ki, salamını qaytarması üçün Allah ona ruhunu geri qaytarmasın."

Əbu Davudun "əs-Sünən" əsərində peyğəmbərdən - salləllahu aleyhi va səlləm - belə dediyi rəvayət olunur: "Mənə salam verən elə bir müsəlman yoxdur ki, onun salamına cavab verməyim üçün Allah mənə ruhumu geri qaytarmamış olsun." Lakin ölülərdən nə dua, nə də başqa bir şey tələb etmək məşru deyildir...

Bil ki, ölüdən bir şey istəmək caiz deyildir: ondan nə Allaha dua etməsi, nə də başqa bir şey tələb olunmaz və ona dünya və dinin müsibətlərindən hər hansı bir şeyi şikayət etmək olmaz, baxmayaraq ki, sağ olarkən belə şeyləri ona şikayət etmək caizdir, çünki belə şeylər onun sağlığında edildikdə şirkə götürmür, lakin bu isə (yəni öldükdən sonra) şirkə götürür, belə ki, sağ olarkən istəyənin istəyinə cavab verməkdə mükəlləfdir, çünki bunda onun üçün əcr və savab var, öldükdən sonra isə mükəlləf deyildir, əksinə etdiyi şeylər Allah üçün zikr və dua etməkdir. Necə ki, Musa - aleyhissələm - öz qəbrində namaz qılır və necə ki, peyğəmbərlər Merac gecəsi Beytul-Maqdisdə bizim peyğəmbərin - salləllahu aleyhi va səlləm - arxasında namaz qılıblar və eynilə cənnət əhli və mələklər təsbih edirlər. Onlara bununla xoş təəssüratlar yaşadılır və onlar bunu Allahın izn verdiyi və qədərlərinə yazdığı ölçüdə edirlər və bu, insanların imtahan edilməsi üçün əsas olan təklif deyildir. O zaman istəyənin ölü üçün istəyi buna təsir etmir, əksinə qul ondan bir şey istəməsə də Allahın ona etmək üçün yazdığını o, edir...

Üçüncü: "Səndən fılankəsin xatirinə istəyirəm" və ya "fılankəsin Sənin yanındakı cahi xatirinə" və buna bənzər sözlər söyləmək, hansı ki, Əbu Hənifə və Əbu Yusufun bunu qadağan etməsi haqqındakı sözlər daha əvvəl nəql edildi...[11]

Şeyxul-İslamın bu sözlərindən bir neçə fayda çıxara bilərik. O, bu duaları mərtəbələr olaraq zikr etdiyi üçün bunlardan biri dərəcə etibarı ilə digərindən aşağıdadır. Yəni ikinci mərtəbə birinci mərtəbə qədər ağır deyildir. Birinci mərtəbə haqqında danışarkən sözü gözlətmədən hökmünün şirk olduğunu deyir, hətta qadağan olunmuş şirkin bu olduğunu deyir. İkinci mərtəbədən söz açarkən bu əməlin bidət olduğunu deyir. Bu barədə uzun danışmasına baxmayaraq heç bir yerdə onun şirk olduğunu söyləmir. Bəziləri etiraz edərək deyə bilər ki, Şeyxin burada qəsdi şirk olan bidətdir. Lakin bunun belə olmadığı Şeyxin sözlərinin zahirindən anlaşılır, çünki Şeyxul-İslam şirkdən danışarkən şirkin haram olduğunu isbat etmək üçün onun sələf tərəfindən edilmədiyini dəlil gətirmir, əksinə həmişə etdiyi kimi şirk olduğunu göstərən Quran ayələri və hədisləri zikr edir. Lakin burada bidət olduğunu söyləyir və ümmətin sələfinin bu əməli etmədiyini deyir. Sələfin hər hansı bir əməli etməməsini o əməlin şirk olmasını göstərmək üçün dəlil gətirməzlər, lakin bidət olduğunu göstərmək üçün dəlil gətirərlər. Bunu dəstəkləyən digər bir məqam isə budur ki, Şeyxul-İslam duanı bu şəkildə yenə bir başqa yerdə dərəcələrə bölmüş və yenə eyni üsluba sadiq qalmışdır. O, bunu bir başqa fətvasında müzakirə edərək deyir:

Bir peyğəmbərin və ya bir salehin qəbrinə biri gələrsə və yaxud da bir peyğəmbərin və ya bir saleh insanın qəbri olduğunu etiqad edərsə, lakin həqiqətdə elə olmazsa və ondan istəyərsə və ondan kömək tələb edərsə, bu əməlin üç dərəcəsi vardır:

Birinci: Ehtiyacını (ödəməsini) istəyir, misal üçün xəstəliyini və ya heyvanlarının xəstəliyini sağaltmasını və ya borcunu ödəməsini və ya onun əvəzində düşmənindən intiqam almasını və ya canının, ailəsinin və heyvanlarının sağlamlığının möhkəmlətməsini və buna bənzər yalnız Allahın - Azzə və Cəllə - bacardığı şeyləri istəyir. Bu, aşkar bir şirkdir və bu əməlin sahibini tövbəyə çağırmaq vacibdir, əgər tövbə edərsə çox gözəl, əks təqdirdə isə öldürülər. Əgər o, "məndən daha çox Allaha yaxın olduğu üçün ondan istəyirəm ki, mənə bu işlərdə Allah yanında şəfaət etsin, belə ki, sultana yaxın adamları və köməkçiləri vasitəsilə təvəssül edildiyi kimi mən də onunla Allaha təvəssül edirəm" deyərsə, bu, müşriklərin və nəsranilərin əməllərindən olar, çünki onlar iddia edirlər ki, öz hahamlarını, rahiblərini şəfaətçilər tuturlar və mətləblərində onlardan şəfaət etməklərini istəyirlər, eyni şeyi Allahu Təalə müşriklər haqqında xəbər verir ki, onlar belə deyərdilər: "Biz onlara yalnız bizi Allaha daha yaxın etməkləri üçün ibadət edirik."...Beləliklə (bu ayələrdə) Özü ilə məxluqları arasındakı fərqi izah etmiş olur, belə ki, insanların adətlərindən biri budur ki, onlar öz rəhbərlərindən, böyüklərindən bir böyükdən (bir şey istəyərkən) hörmət sahibi birindən şəfaət etməsini tələb edərlər və həmin şəfaətçi ondan bunu istəyir, o isə öz növbəsində bunu ya xoşluqla, ya məcburiyyətdən, ya həya səbəbilə, ya sevərək ya da başqa səbəblərə görə onun ehtiyacını ödəyir. Allahın - Subhənəhu - yanında isə heç kimsə şəfaət edə bilməz, yalnız izn verdiyi şeydə şəfaət edilə bilər və Allah yalnız istədiyi şeyi edir və şəfaətçinin şəfaət etməsi Onun izni ilədir və bütün işlər Ona aiddir. Buna görə də ƏbuHureyrədən - radiyallahu anhu - rəvayət edilmiş muttəfəqun aleyhi olan bir hədisdə peyğəmbər - salləllahu aleyhi va səlləm - deyir: "Sizdən biriniz heç zaman "Allahım, istəsən məni bağışla! Allahım, diləsən mənə rəhm et!" deməsin, əksinə istədiyini qətiyyətlə istəsin, çünki Allahı məcbur edən heç bir şey yoxdur." Bununla izah etdi ki, Rəbb Subhənəhu dilədiyini edir və seçdiyi şeydə Onu məcbur edən heçnə yoxdur, lakin şəfaətçi qarşısında şəfaət etdiyini məcbur edə bilir və yaxud da istəyən biri istədiyi kəsi israr edərəkən, çox-çox istəyərək məcbur edə bilir...Sapıqlardan çox kimsənin dediyi "Bu, Allaha məndən daha yaxındır və mən Allahdan uzağam və Allaha bu vasitəsiz dua etmək imkanım yoxdur" sözləri və buna bənzər sözlər müşriklərin sözlərindəndir...

Əgər "bu adam Allaha dua etsə Allah onun duasına mənim duamdan daha gözəl cavab verər" söyləsən, o zaman bu, ikinci qismə aiddir və bu qism odur ki, həmin kəsdən hər hansı bir əməl etməsini tələb etmirsən, nə də ki, həmin adama dua etmirsən, lakin sənin üçün dua etməsini istəyirsən, necə ki, diri birinə "Mənim üçün dua et" deyirsən, necə ki, səhabələr - ridvanullahi aleyhim - peyğəmbərdən - salləllahu aleyhi va səlləm - (onlar üçün) dua etməsini tələb edərdilər, bu isə daha əvvəl qeyd olunduğu kimi dirilərə nisbətdə məşrudur/caizdir. Lakin peyğəmbərlər, saleh insanlar və başqalarının ölülərinə gəldikdə isə, onlara "bizim üçün dua et" və ya "bizim üçün Rəbbindən istə" şəklində sözlər söyləmək bizə məşru deyildir. Belə bir şeyi səhabələrdən, tabiilərdən heç kimsə etməyib, imamlardan heç kimsə belə bir şeyi etməyi buyurmayıb, nə də ki, bu barədə heç bir hədis varid olmayıb, əksinə "əs-Sahih"də sabit olan budur ki, onlar Ömərin - radiyallahu anhu - zamanında quraqlığa düçar olduqda Ömər əl-Abbas vasitəsilə yağış duası etdi və dedi: "Allahım, biz quraqlığa düşdükdə peyğəmbərimiz ilə təvəssül edərdik və bizə yağış verərdin. İndi isə peyğəmbərin əmisi ilə təvəssül edirik, bizə yağış ver" və onlara yağış verilərdi. Onlar peyğəmbərin - salləllahu aleyhi va səlləm - qəbrinə gəlib "Ay Allahın elçisi, Allaha bizim üçün dua et! Bizim üçün yağış istə! Biz başımıza gələn şeylərdə sənə şikayət edirik" və buna bənzər sözlər deməzdilər. Bunu səhabələrdən heç kimsə eyməyib, əksinə bu, Allahın haqqında bir dəlil göndərmədiyi bir bidətdir...Bu, peyğəmbərdən - salləllahu aleyhi va səlləm - və saleh bir insandan sağ olarkən istəmək ilə öldükdən sonra onun gözündən uzaqda istəmək arasındakı fərqi aşkar şəkildə göstərir, çünki o, sağ olarkən onun hüzurunda heç kimsə ona ibadət edə bilməzdi...

Üçüncü qismə gəldikdə isə bu, onun "Allahım, fılankəsin Sənin yanındakı cahi və ya fılankəsin Sənin yanındakı bərəkəti və hörməti xatirinə mənim üçün bunu və bunu et!" Belə bir əməli çox insan edir, lakin səhabələrdən, tabiilərdən və ümmətin sələfindən bu cür dua etməklərinə dair heç bir şey rəvayət olunmayıb...[12]

Şeyxul-İslam bu sözləri bundan öncəki sözlərindən daha aydın və daha aşkardır. Yenə eyni şəkildə birinci ilə ikinci arasında fərq qoymuşdur. Əksinə burada biz daha da aşkar bir fərq görürük. Bizim sözünü etdiyimiz şirk olan şəfaət növünü ikinci dərəcədə deyil, birinci dərəcədə zikr etmişdir. İkinci dərəcədə isə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – sağlığında dua istənildiyi kimi öldükdən sonra dua istəmək məsələsini zikr edir və bu əməlin bidət olduğunu deyir. Yenə bu barədə uzun danışsa belə buna bidətdən başqa bir hökm vermir və yenə bu əməlin ümmətin sələfi tərəfindən edilmədiyini deyir. Burada çıxarılan daha bir fayda budur ki, Şeyxul-İslam birinci dərəcəni ölülərə dua etmək adlandırır, lakin ikinci dərəcənin isə ölülərə dua etmək olmadığını deyir. Biz bunu onun “...həmin kəsdən hər hansı bir əməl etməsini tələb etmirsən, nə də ki, həmin adama dua etmirsən, lakin sənin üçün dua etməsini istəyirsən” sözlərindən anlayırıq. Beləliklə Şeyxul-İslama görə ölüyə “mənim üçün Allaha dua et” söyləmək ölüyə dua etmək sayılmır.

Bütün bu izah etdiklərimizin xülasəsi budur ki, Şeyxul-İslam İbn Teymiyyə’yə görə peyğəmbərlər və salehlərdən öldüklərindən sonra dua və şəfaət istəmək iki cür ola bilər. Əgər müşriklərin etiqad etdiyi şəfaət tələb olunarsa bu, sözsüz ki, böyük şirkdir. Lakin bu cür etiqad olmazsa, Quranın isbat etdiyi şəfaət tələb olunarsa bu, sələfin etmədiyi bir bidətdir. Bunun bir daha şahidi olmaq üçün məqalədə xüsusi rənglə işarələdiyimiz yerlərə nəzər salmaq lazımdır, çünki o sözlərdə Şeyxul-İslam təkrar-təkrar işarə edir ki, müşriklərin şəfaət etiqadı nəsranilərdə və onlara bənzəmiş özlərini İslama nisbət edən kəslərdə yayılmışdır. Beləliklə şəfaət tələb etməyi böyük şirk adlandırdığı yerdə də bu əməlin müşriklərin, nəsranilərin və onlara bənzəmiş bəzi cahil və sapıq müsəlmanları zikr etmişdir.

 

Müasir alimlərimizdən bir çoxu bu görüşdə olmuşdur. Onlardan biri Şeyx Bəkr bin Abdilləh Əbu Zeyd “Təshihud-Dua” adlı kitabında deyir:

İkinci növ: Diri birinin ölü birindən onun üçün Allaha dua etməsini istəməsi və bu növün iki hissəsi vardır:

Birinci: Qəbrindən uzaq olduğu halda diri birinin ölü birindən Allahdan onun üçün dua etməsini istəməsi və bu növün böyük şirk olmasında və bunun Məryəm və oğluna - aleyhimə əssələm - dua etməkləri və - iddialarına görə - qulların etdiklərindən xəbərdar olmaqlarına inanmaqları baxımından nəsranilərin şirkləri növündən olmasında müsəlmanlar ixtilaf etmirlər.

İkinci: Diri birinin ölü birinin qəbri yanında durub ondan Allaha dua etməsini istəməsi; qəbirlərə ibadət edənlərin qəbirlərə xitab edərək "Ey fulankəs! Allaha mənim üçün bu və bu şeylərdə dua et!" və ya "Səndən Allaha mənim üçün bu və bu şeylərdə dua etməni istəyirəm" demək bunun misalıdır, beləliklə bunun bidət olan bir aracılıq və Allaha şərik qoşmağa, Allahdan savayı ölülərə dua etməyə və qəlblərin Allahu Təalədən uzaqlaşmasına götürən bir vəsilə olmasında müsəlmanlar ixtilaf etmirlər. Lakin bu növ bir halda böyük şirk olur; əgər dua edən müşriklərin əməlləri ölçüsündə qəbrin sahibindən şirk olan şəfaət və aracılıq istəyərsə (böyük şirk olur, belə ki, müşriklər deyərdilər: ) "Biz onlara yalnız bizi Allaha daha da yaxınlaşdırmaq üçün ibadət edirik"[13]

Beləliklə Şeyx Bəkr Əbu Zeydin müşriklərin etiqadındakı şəfaət ilə müsəlmanların etiqadındakı şəfaət arasında fərq qoyması tam-tamına İbn Teymiyyənin görüşünə uyğundur. İbn Teymiyyənin görüşünün bu olduğunu anlayan alimlərdən biri də onun kitabları üzərində yoğunlaşmış məşhur hənbəli alimi Alləmə Mər’i bin Yusuf əl-Kərmi’dir[14]. O, “Şifəus-Sudur fi Ziyəratil-Məşəhid val-Qubur” adlı kitabında bu məsələ ilə bağlı İbn Teymiyyə’nin o sözlərini nəql etmişdir ki, orada Şeyxul-İslam bu əmələ bidət hökmü vermişdir.

Üstəlik Şeyx Abdullah bin Muhamməd əl-Qarni “Davabitut-Təkfir”[15] kitabında bu məsələyə toxunmuş və bizim izah etdiyimiz kimi bu məsələni izah etmişdir. O da digərləri kimi Şeyxul-İslamın bu əmələ bidət hökmü verdiyini deyir.

Həmçinin Şeyx Süleyman bin Nasir əl-Ulvan “Təcridut-Təvhid əl-Mufid” kitabının şərhində bu məsələyə toxunur. Bu barədə iki görüş zikr edir. Zikr etdiyi birinci görüş bu əməlin şirk olmaması, lakin bidət olması görüşüdür. Bu görüşü qeyd etdikdən sonra bunun Şeyxul-İslam İbn Teymiyyə’nin görüşü olduğunu deyir.

Həmçinin İmam Əhmədin “Usulus-Sunnə” kitabını şərh edən Şeyx Abdul-Aziz ər-Racihi dərslərinin birində ona verilən sualın cavabında bu məsələdə ixtilafın olduğunu deyir. Birinci görüşün bu əməlin şirk olması görüşü olduğunu zikr etdikdən sonra ikinci görüşü qeyd edir və deyir: “İkinci görüş budur ki, bu, bidət olur, şirk olmur, çünki ondan (yəni ölüdən) onu bağışlamasını diləməmişdir və bu, Şeyxul-İslam İbn Teymiyyə’nin – rahiməhullah – seçdiyi görüşdür.[16]

“Multəqa Əhlil-Hədis”də iştirak edən bir qrup elm tələbəsinin Şeyx Abdur-Rahmən bin əl-Bərrak’a yönləndirdikləri sualın cavabında İbn Teymiyyə’nin də bu məsələdə görüşü qeyd olunur. Şeyx Abdur-Rahmən əl-Bərrak qeyd edir ki, Şeyxul-İslama görə də bu əməl şirk deyildir, lakin bidətdir. Həmçinin misirli şeyxlərdən Yasir əl-Burhəmi bu barədə danışarkən Şeyxul-İslamın bu məsələdə verdiyi hökmün bidət olduğunu deyib. Doğrusunu Allah bilir!

 


[1] Əbu Mənsur Muhamməd bin Əhməd bin Talha bin Nuh bin əl-Əzhər əl-Həravi əş-Şəfi hicri 282-ci ildə Herat şəhərində anadan olub. Məşhur ərəb dili alimidir. Hicri 370-ci ildə vəfat esystem-readmorestrong/p33%dib.

[2] ”Təhzibul-Luğə”, 1/278; Dar İhyə ət-Turas əl-Arabi, birinci nəşr: 2001, Beyrut

[3] “Məcmu əl-Fətəva”, 1/158-159

[4] “Məcmu əl-Fətəva”, 1/332

[5] "Nasihətu Əhlil-İmən fir-Raddi alə Məntiqil-Yunən", səh: 571; Muəssəsətur-Rayyan, Beyrut, birinci nəşr: 1426/2005

[6] “Məcmu əl-Fətəva”, 27/72-73

[7] “Qaidətun Cəlilə fit-Təvassuli val-Vasilə”, səh: 31-33; İdəratul-Buhus əl-İlmiyyə val-İftə, birinci nəşr: 1420/1999, Riyad

[8] “Məcmu əl-Fətəva”, 1/179

[9] “Məcmu əl-Fətəva”, 1/330-331

[10] Burada diri olduğu halda uzaq bir yerdə olan qəsd olunur. Qayıb hazırın ziddidir. İnsanın hüzurunda olana hazır, hüzurunda olmayana, insanı eşidə bilməyəcək, onu görə bilməyəcək şəkildə uzaqda olana isə qayıb deyirlər.

[11] “Məcmu əl-Fətəva”, 1/350-354

[12] “Məcmu əl-Fətəva”, 27/72-83

[13] “Təshih əd-Dua”, səh: 250-251; Darul-Asimə, birinci nəşr: 1419/1999, Riyad

[14] Mər’i bin Yusuf bin Əbi Bəkr bin Əhməd bin Əbi Bəkr bin Yusuf bin Əhməd əl-Kərmi əl-Məqdisi əl-Əzhəri əl-Misri əl-Hənbəli; Fələstində Tulkərm (Tul Kərm) adlı yerdə doğulmuşdur və buna görə də əl-Kərmi deyilir. Doğulduğu tarix dəqiq bilinmir. Qüdsə səfər etmiş, oranın alimlərindən elm almışdır. Daha sonra Misirə səfər edərək Qahirədə “əl-Əzhər” universitetində oxumuşdur. Ömrünün axırına qədər orada qalmış və Qahirədə “Sultan Həsən” camisində şeyxlik etmişdir. Hicri 1033-cü ildə Misirdə vəfat edib.

[15] Bax: “Davabitut-Təkfir”, səh: 108-109; Muəssəsətur-Risələ, birinci nəşr: 1413/1992, Beyrut

[16] Şeyx bu dərslərini “Şeyxul-İslam İbn Teymiyyə” camisində vermişdir. Caminin öz internet səhifəsində bu dərslər həm səsli, həm də yazılı şəkildə mövcuddur.http://www.taimiah.org/index.aspx?function=item&id=986&node=8930