Kiçik şirkin tərifi

Ən yaxın keçmişdə qarşılaşmalı olduğum cahillərdən biri ilə söhbətimdə məlum oldu ki, o və onun kimi bir çox müsəlman “kiçik şirk” termininin doğru istifadəsini bilmir. Ən azından elm əhlinin sözləri işığında “kiçik şirk” termini barədə dolğun bir anlayışa sahib deyillər. Bu yazımızda müxtəsər şəkildə, imkanımız daxilində bu məsələ ilə bağlı bir izahat verəcəyik.

 

İlk öncə onu qeyd etməliyəm ki, daha öncə yaşamış elm əhli “kiçik şirk” termini üçün açıq bir tərif təsbit etməyiblər. Lakin onlar Allah elçisinin – salləllahu aleyhi va səlləm – “kiçik şirk” adlandırdıqlarına bu adı verməklə kifayətləniblər. Bunu onların kitablarında ümumi şəkildə görmək mümkündür. Onların içində bəziləri buna xüsusi bir tərif vermişdir. ər-Rağib əl-İsfəhani[1] “əl-Mufradət” adlı məşhur kitabında deyir: “Kiçik şirk Allahdan qeyrisini Onunla birlikdə bəzi işlərdə ucaltmaqdır.[2] Bu, rastlaşdığımız təriflər içində kiçik şirkə verilmiş ilk tərifdir. Bu tərifin içinə bir çox əməllər daxildir. “Allah və sən olmasaydın”, “Allah və sən diləsən” kimi ifadə tərzləri bu tərifin əhatə dairəsinə daxil olur.

 

İmam İbnul-Qayyim əl-Cəvziyyə - rahiməhullah – kiçik şirk haqqında danışarkən deyir: “Kiçik şirkə gəldikdə isə bunun misalları bunlardır: az bir miqdarda riyakarlıq, yaradılışı yamsılama, Allahdan qeyrisinə and içmək necə ki, peyğəmbərin – salləllahu aleyhi va səlləm – “kim Allahdan qeyrisinə and içərsə şirk etmişdir” dediyi sabit olmuşdur, (həmçinin) bir nəfərin digər birinə “Allah və sən dilədiyin kimi”, “bu, Allahdan və səndəndir”, “biz Allahdan və səndən asılıyıq”, “mənim Allahdan və səndən başqa köməyim yoxdur”, “mən Allaha və sənə təvəkkül edirəm” və “sən olmasaydın bu və bu olmazdı” deməsi.[3] Gördüyümüz kimi İbnul-Qayyim kiçik şirk üçün hər hansı bir tərif verməmişdir, lakin onun üçün misallar vermişdir. Bu da alimlərin böyük əksəriyyətinin bu məsələdə izlədiyi üslubdur. Onlar kiçik şirk üçün bir qayda təyin etməyiblər, əksinə onlara görə kiçik şirk şəriət mətnlərində şirk adlanmış, lakin digər dəlillər işığında böyük şirk həddinə çatmayan günahlara deyilir. Bu tərifi müasirlərdən Şeyx Abdur-Rahmən bin Muhamməd bin Qasim əl-Asimi “ət-Təuhid” kitabına yazdığı haşiyəsində qeyd edir: “Kiçik isə şəriət mətnlərində şirk olduğu deyilən, lakin böyük şirk həddinə çatmayanlardır...[4]

 

Şeyxul-İslam İbn Teymiyyə bununla birlikdə kiçik şirki bir qədər daha geniş məzmunda zikr edir. İnsanın qəflət üzündən Allah sevgisini tərk edib dünya sevgisinə yönəlməsini və bu təbiətdə bəzi günahları etməsini də kiçik şirk adlandırmışdır. O, deyir: “Əgər (peyğəmbər) şirkin cinsini qəsd edirsə, o zaman deyilə bilər ki, qulun dünya malını sevdiyi üçün bəzi vaciblərdə paxıllıq göstərmək kimi özünə zülm etməsi kiçik şirkdir və öz şəxsi istəklərini Allahın sevgisindən önə keçirəcək qədər Allahın nifrət etdiyi işləri sevməsi kiçik şirkdir.[5] Beləliklə İmam İbn Teymiyyə insanın öz havasına itaət edərək Allahın nifrət etdiyi işlərə bulaşmasını şirk adlandırmışdır. Qulun bu cür öz nəfsinə zülm etməsini şirk adlandırmaq daha çox məcazi məna daşıyır.

 

Müasir zamanın bəzi elm əhli isə kiçik şirk üçün xüsusi bir qayda təsbit ediblər. Onların terminologiyasında böyük şirkə aparan hər bir şeyə kiçik şirk deyilir. Şeyx Abdur-Rahmən bin Nəsir əs-Sidi deyir: “Kiçik şirkə gəldikdə isə o, şirkə götürən bütün sözlər və fellərdir; bir məxluq haqqında ibadət dərəcəsinə çatmayacaq şəkildə həddi aşmaq, Allahdan qeyrisinə and içmək, az miqdarda riyakarlıq etmək və buna bənzər əməlləri (kiçik şirk üçün) misaldır.[6] Şeyxin tələbələri də bu tərifi daha çox istifadə ediblər. Onun tələbələrindən biri olan Şeyx Abdul-Aziz əl-Muhamməd əs-Səlmən deyir: “Kiçik şirk: Bəzi alimlər bunu belə tərif ediblər ki, böyük şirkə götürən bütün vəsilələr və yollardır.[7]

 

Şeyxin digər tələbəsi Muhamməd bin Saleh əl-Useymin alimlərin kiçik şirkin tərifindəki ixtilafını zikr edərək deyir:

Böyük şirk insanı millətdən çıxarandır. Kiçik şirk isə bundan aşağı olanlardır. Lakin “bundan aşağı olanlar” sözü aydın bir ölçü deyildir. Buna görə də alimlər kiçik şirkin tərifində ixtilaf edərək iki görüşə ayrılıblar:

Birinci görüş: kiçik şirk şəriətin şirk olduğunu söylədiyi, lakin şəriət mətnlərinin onun böyük şirk olmadığını göstərdiyi hər bir şeydir...

İkinci görüş: kiçik şirk şəriət ona şirk adı verməsə belə böyük şirkə götürən hər bir şeydir. İnsanın Allaha etimad etdiyi kimi bir başqa şeyə etimad etməsi, lakin onu ilah olaraq qəbul etməməsi bunun misalıdır, beləliklə bu, kiçik şirkdir, çünki onun Allaha etimad etdiyi kimi buna etimad etməsi sonunda onu böyük şirkə götürəcəkdir. Bu tərif birinci tərifdən daha genişdir, çünki birinci tərif səndə hər hansı bir dəlil olmadan bir şeyə şirk adını verməyə imkan vermir. İkinci tərif isə şirkə aparan yol olan hər şeyi şirk edir. Ola bilər ki, biz bu tərifə əsasən belə deyək: günahların hamısı kiçik şirkdir, çünki buna sövq edən insanın şəhvətidir...[8]

İkinci tərif müasir alimlərin kitablarında rast gəldiyimiz bir tərifdir, daha öncəki alimlər kiçik şirki bu cür tərif etməyiblər. Lakin alimlərin istilahlarının fərqlənməsi normal bir haldır.

 

“Ölülərdən dua və şəfaət etməklərini istəmək” məsələsi son günlərin ən səs-küylü söhbətlərindən birinə çevrildiyi bir zamanda cahillərin etirazından qurtulmağımız imkansız görünür. Məlumdur ki, peyğəmbərlərdən və salehlərdən öldükdən sonra dua və şəfaət tələbində olmaq İbn Teymiyyə’nin də izah etdiyi kimi bir bidətdir. Biz bu görüşü səsləndirdiyimiz zaman elmin qoxusunu hiss etməmiş bəzi cüvəllağılar bizə etiraz edərək bu əməli heç kiçik şirk belə adlandırmamağımızı küfr hesab edirlər. Bu yazını yazmağımızdakı motivin bir hissəsi də onların payına düşür. Təəccüblüdür ki, azərbaycanlı müsəlmanların arasında yayılmış və qərar tapmış anlayışa görə şirkə götürən hər bir söz və əməl kiçik şirk adlanır. Onlar bu qaydanın şəkk qəbul etməyəcək bir qayda olduğunu düşünürlər və elə güman edirlər ki, kiminsə bununla razılaşmaması tövhidindəki qüsurdan irəli gəlir. Əslində isə onun bu anlayışı cahil olmasının nəticəsidir. Ümid edirik ki, bu yazımızla belə quru anlayış aradan qalxacaqdır.

 


[1] Əbul-Qasim əl-Hüseyn bin Mifdal bin Muhamməd hicri 343-cü ildə rəcəb ayında doğulub. ər-Rağib əl-İsfəhani adı ilə məşhurdur. Əsli İsfəhan şəhərindəndir. Bağdadda yaşamışdır. Bir çox kitabın müəllifidir. Bəziləri onun mötəzili olduğunu deyiblər, lakin kitablarında səsləndirdiyi görüşlər bunun əksini göstərir. Fəxrud-Din ər-Razi onun sünni alimlərdən olduğunu deyib və onu əl-Ğazali ilə bir bərabərdə tutub. Təxminən hicri 425-ci il ətrafında vəfat edib.

[2] “əl-Mufradət fi Ğaribil-Quran”, 1/342; Məktəbətu Nəzər Mustafa əl-Bəz

[3] “Mədəricus-Səlikin”, 1/352; Dar əl-Kitəb əl-Arabi, ikinci nəşr: 1416/1996, Beyrut

[4] “Həşiyətu Kitəbit-Təudih”, səh: 50; üçüncü nəşr: hicri 1408

[5] “Məcmu əl-Fətəva”, 7/82

[6] “əl-Qavlus-Sədid”, səh: 82-83; Darus-Səbət, birinci nəşr: 1425/2004, Riyad

[7] “əl-Kəvaşiful-Cəliyyə”, səh: 321; Riyəsətu İdərat əl-Buhus əl-İlmiyyə val-İftə, on birinci nəşr: 1402/1982, Səudiyyə Ərəbistan

[8] “əl-Qavlul-Mufid”, səh: 133; Dar İbnil-Cəvzi, ikinci nəşr: 1424, Riyad