Təkfir cahil üçün bir bataqlıqdır

Zamanımızdakı müsəlmanların başında dövr edən ən gizli və ən təhlükəli bəlalardan biri də təkfir bəlasıdır. Məhz bu bəlanın nəticəsində ən kiçik müsəlman qrupları belə param-parça olaraq hər bir fərd öz başına buraxılmış şəkildə qalmışdır. Nəticədə müsəlmanlar parçalanaraq güc itirir və vahid koordinasiya mərkəzi və liderdən məhrum olur ki, bu da məğlubiyyətlərinə səbəb olur.

 

Daha əvvəlki yazılarda təkfirlə bağlı bəzi məsələlərə toxunmuşduq.Bu yazıda isə ümumən təkfirin nə qədər ağır və məsuliyyətli bir iş olduğunu, bunun üçün əhliyətin lüzumunu və avamın bundan uzaq qalmasının vacib olduğunu müsəlmanlara hiss etdirmək istəyirik. Çox təəssüf ki, müsəlmanlar indiki durumda bu ağırlığı hiss edə bilməyəcək şəkildə cahil və laqeyddirlər.”

 

 

 

Müsəlmanı təkfir etməyin təhlükəsi

 

 

Allah – subhənəhu va təalə - deyir:

Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun və sizə salam verən şəxsə dünya həyatının puç məntəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!” (ən-Nisa, 94)

Allah – cəllə va alə - deyir:

Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü günahlandıranlar, sözsüz ki, öz üzərlərinə böhtan və açıq-aydın günah götürmüşlər.” (əl-Əhzab, 58)

Allahın elçisi – salləllahu aleyhi va səlləm – deyir: “Elə bir insan yoxdur ki, başqasını fasiqlikdə ittiham etsin və başqasını küfrdə ittiham etsin ki, əgər elə olmadıqda (həmin ittiham) onun özünə qayıtmamış olsun![1] Yenə belə buyurmuşdur: “Möminə lənət etmək onu öldürmək kimidir, kim bir mömini küfrdə ittiham edərsə bu, onu öldürmək kimidir.[2] Əgər müsəlmanı söymək yolu ilə təkfir etmək onu öldürmək kimidirsə, o zaman görün etiqadda onu təkfir etmək nə qədər ağırdır? Şeyxul-İslam İbn Teymiyyə deyir: “Heç şübhəsiz ki, bu, onu öldürməkdən də ağırdır, çünki hər kafiri öldürmək mübahdır, lakin öldürülməsi mübah olan hər kəs heç də kafir deyildir.[3] Bir başqa hədisdə peyğəmbər – salləllahu aleyhi va səlləm – buyurur: “Kim bir qardaşına “ey kafir!” deyərsə ikisindən biri ona düçar olar.” Bir müsəlman üçün ən böyük təhdid İslam xaricinə çıxmaqdır, bu hədis də qardaşını təkfir edən müsəlmanı məhz ən böyük təhdid ilə təhdid edir.

 

 

 

Təkfirin şəri hökm olması

 

 

Bu məqamda bilinməsi lazım olan bir məsələ də təkfirin şəri bir hökm olması məsələsidir. Şəri hökmləri vermək isə cahilin işi deyildir. Şəri hökm vermək fətva əhliyyətinə sahib olan elm əhlinin görəvidir.

Şeyxul-İslam İbn Teymiyyə deyir:”Çünki küfr şəri hökmdür və yalnız şəriətin dəlilləri ilə sabit olur...[4] Yenə deyir: “Usul ilə furu arasında fərq qoyan kəslər bu iki növü bir-birindən ayıracaq bir qayda zikr etməyiblər. Əksinə bəzən deyirlər ki, bu, qətidir, o biri isə zənnidir. Bəzi alimlərə görə isə əhkam məsələlərindən bir çoxu qətidir, usul məsələlərindən də bir çoxu zənnidir, çünki bir şeyin qəti və ya zənni olması izafi bir işdir. Bəzən isə deyirlər ki, usul elmi və xəbəri məlumatlardır, furu isə əməli işlərdir. Əməli işlərdən çox şey var ki, onları inkar edən küfr etmiş olur; namazın, zəkatın, orucun və həccin vacibliyi kimi. Bəzən isə deyirlər ki, bunlar (yəni usul) əqli məsələrdir, bunlar isə səmi məsələlərdir[5]. Əgər əqli məsələlərdirsə bunda xəta edənin təkfir edilməsi vacib deyildir, çünki küfr şəri bir hökmdür və şəriətlə bağlıdır. Bu məsələ bundan başqa yerdə də izah edilmişdir.[6]

Həmçinin Alləmə əs-Subki deyir: “Təkfir şəri bir hökmdür və səbəbi rübubiyyəti və ya vahdəniyyəti və ya risaləti inkar etməkdir və ya inkar olmasa belə Allahın küfr olduğuna hökm etdiyi söz və ya əməldir.[7]

Maliki məzhəbinin imamlarından olan əl-Qadi İyad deyir: “Küfr sözlərinin, təvaqquf və ixtilaf edilmiş şeylər və küfr olmayan şeylərin izahı haqqında fəsil: Bil ki, bu fəslin haqqının verilməsi və bu barədəki qarışıqlığın aradan qaldırılması şəriətlə bağlı işdir və əqlin burada heç bir yeri yoxdur.[8]

Təkfirin şəri hökm olması ona bulaşan kəsin şəri hökmləri verməkdə əhliyyətə sahib olmasını tələb edir. Cahil bir kimsənin fətva verməsi isə onun edə biləcəyi ən ağır işlərdəndir. Allahın dini haqqında elmsiz danışmağa cürət edənlər isə nəinki cahil, hətta axmaq biridir, bu işin məsuliyyətindən qafil qalmışdır. Alləmə İbnul-Qayyim Allahın dini haqqında danışanların məsuliyyətini izah edərək deyir: “Allahın -Subhənəhu - adından təbliğ etmək, insanın təbliğ etdiyi barədə elmli olmasını və bu işində doğru sözlü olmağı tələb edir və rəvayət və fətvaları çatdırmaq səviyyəsi yalnız elm və sidq ilə vəsf olunan biri üçün doğru hesab olunur. Təbliğ etdiyinin alimi olmalıdır və onda sadiq olmalıdır və üstəlik gözəl əxlaqlı və xoş davranışlı, sözlərində və əməllərində adil (yəni qeyri-fasiq) olmalıdır. Onun gizli halı ilə üzdə olan halı hər bir vəziyyətdə eyni olmalıdır. Əgər kralın adından qol çəkmək üstünlüyü inkar olunmayan və dəyərində cahillik olmayan bir mövqedirsə, - və bu ən uca mərtəbələrin ən alilərindəndirsə - o zaman Yerin və Göylərin Rəbbi adından imza atmaq necə?[9]

Cahil birinin fətva verməsi və şəri hökmə girişməsi istənilən halda ağır bir günahdır. Hətta fətvasında doğru bir görüş bildirsə belə yenə günaha bulaşmış sayılır. Bunun misalı cərrah olmayan birinin cürət edərək bir xəstəni əməliyyat etməsinə bənzəyir, belə ki, hətta xəstənin sağ qalmasına səbəb olsa belə buna görə cinayət məsuliyyətinə cəlb edilməlidir, çünki belə halda xəstənin sağ qalması onun cərrahi təcrübəsindən irəli gəlmir, çünki həkim olmayan və tibbi elmlərdən xəbərdar olmayan birinin cərrahi əməliyyata girişməsi ilə xəstəni öldürməsi ehtimalı ən yüksəkdir. Lakin Allahın mərhəməti və şəfası ilə xəstə qurtula bilər. Alləmə əl-Ğazəli deyir: “Avamın vəzifəsi sadəcə iman edib təslimiyyət göstərmələri, ibadətləri və məişətlərilə məşğul olub elmi alimlərə buraxmalarıdır. Amminin (müctəhid olmayan kimsənin) zina və oğurluq etməsi, onun üçün elm haqqında danışmasından daha xeyirlidir. Çünki, kim elmdə mahir olmadan Allah və dini haqqında danışarsa bilmədiyi, gözləmədiyi bir yöndən küfrə düşər. Belə birisi, üzməyi bilmədiyi halda dənizin dərinliklərinə dalan insan kimdir.[10]

 

 

Təkfir etmək muftinin səlahiyyətidir

 

 

Bilmək lazımdır ki, təkfir şəri bir hökm olduğu üçün bunda ən etibarlı kəslər sözlərinə etimad olunan ictihad və fətva əhli olan fəqihlərdir. Məşhur hənəfi alimi və mühəddisi Kəmalud-Din İbn Huməm – rahiməhullah – deyir: “(Burhənud-Din əl-Buxari) əl-Muhit kitabında deyir ki, fəqihlərdən bəziləri bidət əhlindən heç kəsi təkfir etməyib və bəziləri isə bidət əhlindən bəzilərini təkfir ediblər və onlar bidətləri ilə qəti dəlilə müxalif olan kəslərdir. Bu (ikinci) görüşü əhli-sünnətin çoxuna nisbət etmişdir, lakin birinci nəql daha sabitdir. Doğrudur ki, fərqli məzhəblərə aid alimlərin sözlərində çoxlu təkfir vardır, lakin bunların hamısı müctəhid sayılan fəqihlərə aid deyildir, başqalarına aiddir. Fəqihlərdən başqalarının sözlərinə isə etibar edilməz.[11]

Bu sözlərdəki həqiqəti təsdiqləyən digər böyük hənəfi alimi Zeynud-Din İbn Nuceym əl-Misri deyir: “əl-Bəzzəziyə” (kitabın)da gəlir: (Dediyində) bir sələfi olmayan bəzi kimsələrdən belə dedikləri nəql olunur ki, fətvalarda “bunu edərsə və ya bunu deyərsə kafir olur” şəkildə gələn sözlər (sadəcə olaraq) qorxutmaq üçün gəlmişdir, həqiqi küfr qəsd olunmur. Bu isə başdan axıra qədər batil olan bir sözdür. Doğru olan budur ki, müctəhiddən səhih olaraq nəql olunanlar həqiqi mənadadır, lakin müctəhiddən başqalarından sabit olanlara gəldikdə isə təkfir kimi mövzularda onlarla fətva vermək olmaz.[12] Daha sonra İbn Huməm’in yuxarıdakı sözlərini qısa şəkildə nəql edir.

 

 

 

Təkfir üçün yalnız qəti dəlillər olmalıdır

 

 

Yəmənin məşhur alimi Muhamməd bin Əli əş-Şəukəni deyir: “Bil ki, Allaha və Axirət gününə inanan bir müsəlmana əlində günəşdən də aydın bir dəlil olmadan müsəlman bir kəsə hökm verərək onu İslam dinindən çıxarmaq və onu küfrə daxil etmək doğru deyildir. ”[13]

 

 

Mufti imkan olduğu təqdirdə təkfirdən çəkinməlidir

 

 

İbn Nuceym “mürtəd” babında küfr olan fərqli sözlər, əməllər və etiqadlar haqqında danışdıqdan sonra deyir:

Və “Camiul-Fusuleyn” kitabında (deyilir ki,) “ət-Tahavi bizim əshabımızdan nəql edib: İnsanı imandan yalnız onu ora daxil edən şeyi inkar etməsi çıxara bilər, sonra mürtədlik olduğu yəqinliklə bilinən bir şey varsa onun haqqında onunla hökm edilər, lakin mürtədlik olduğunda şəkk edilən bir şey ilə hökm edilməz, çünki sabit olan müsəlman hökmü şəkk ilə aradan qalxmaz, bununla bərabər İslam üstün olar. Alimə yaraşan budur ki, ondan bu iş soruşulsa məcbur olanın müsəlman olduğuna hökm etməsi ilə birlikdə İslam əhlini təkfir etməyə tələsməsin!” Deyirəm: Bunu yazmağımdakı məqsəd bu sözlərin bu fəsildə nəql etdiyim məsələlər haqqında bir tərəzi olması üçündür, çünki bəzilərində bir şeyin küfr olduğu deyilir, lakin bununla belə bu yazımıza qiyas etdikdə kafir olmadığı anlaşılır. Bu barədə düşün!

“əl-Fətəva əs-Suğra”da deyilir: küfr böyük məsələdir, kafir olmamasına dair bir dənə də olsa rəvayət tapdığım halda mömini kafir saymaram.” ... “əl-Xulasə” və digər kitablarda deyilir: əgər bir məsələdə təkfiri tələb edən birdən çox baxış açısı varsa və təkfiri qadağan edən bir baxış açısı varsa müsəlman haqqında gözəl zənn etmək surətilə muftiyə təkfiri qadağan edən baxış açısına meyl etməsi lazımdır.” Bunları və bununla bağlı bəzi məqamları zikr etdikdən sonra deyir: “Aydın olan budur ki, sözünü gözəl şəkildə yozmaq mümkün olduğu halda və ya küfründə ixtilaf olduğu halda - zəif bir rəvayət ilə olsa belə - müsəlmanın təkfirinə fətva vermək olmaz. Buna əsasən zikr olunmuş təkfir sözlərinin çoxunda onlar səbəbilə (kiminsə) təkfirinə fətva verilməz. Mən özümə əhd vermişəm ki, onlardan heç biri ilə fətva verməyim.[14]

Gördüyümüz kimi İbn Nuceym – rahiməhullah – qeyd edir ki, haqqında ixtilaf olan küfr işlərə görə təkfir etmək doğru deyildir, hətta zəif bir rəvayət ilə ortaya ixtilaf olduğu çıxarsa təkfirdən çəkinmək lazımdır. Üstəlik onun kimi bir alim həmin təkfir fətvalarına əsaslanaraq fətva verməyəcəyini özünü söz verib.

Məşhur hənəfi alimi Mulla Ali əl-Qari deyir: “Alimlərimiz (Hənəfilər) belə deyiblər: Bir müsəlmanın təkfirinə işarə edən doxsan doqquz yön, onun İslamının davamına işarə edən yalnız bir yön olarsa, müfti və qaziyə bu bir yönlə əməl etmək düşər! Bu qayda Peyğəmbərin – aleyhissalam – aşağıdakı hədisindən çıxarılmışdır: "Gücünüz yetdiyi qədər Müsəlmanlardan hədləri dəf edin! Müsəlman üçün bir çıxış yolu tapsanız onu rahat buraxın. Çünki imamın (Qazinin) əhv edərkən xəta etməsi, cəza verərkən xəta etməsindən daha xeyirlidir." Bu hədisi ət-Tirmizi, digərləri və əl-Hakim rəvayət etmiş və "səhih" olduğunu söyləmişdir.[15]

Şeyxul-İslam İbn Teymiyyə deyir: “Nə zaman ki, tərəddüd var, o zaman təkfirdən əl çəkmək daha uyğundur. Təkfirə can atmaq yalnız təbiətində cahilliyin üstün olduğu kəslərdə genişcə görülür.[16]

 

 

Təkfirdə xətanın ağırlığı

 

 

Məğribin imamı əl-Hafiz İbn Abdil-Bərr əl-Maliki deyir: “Tutarlı sağlam əqli analiz belə bir qaydanı ortaya qoyur: Müsəlmanların icmasıyla İslama girdiyi qəbul edilmiş hərhansı bir şəxs, dinə girdikdən sonra günah işləyər və ya təvil edərsə, sonra onun İslamdan çıxdığı haqda ixtilaf meydana gələrsə, daha öncə İslama girdiyi haqqındakı icmalarından sonrakı bu ixtilafları hüccət olmaz. O insanın Müsəlman olduğu ittifaqla sabit olduqdan sonra ancaq ya bənzəri bir ittifaqla ya da muarizsiz (əksinə dəlil olmayan) səhih sünnətlə İslamdan çıxa bilər. Əhli Sünnə vəl Cəmaa – bunlar fiqh və hədis əhlidir – ittifaq etmişdir ki, hərhansı bir şəxsin günahı böyük olsa belə onu İslamdan çıxarmaz. Bidət əhli onlara müxalifdir. Əqli analizə əsasən belə olmalıdır: Ancaq o kimsə təkfir edilə bilər ki, onun təkfirində hamı ittifaq etsin vəya Kitab və Sünnətdən onun təkfirinə tutarlı bir dəlil olsun.[17]

Məşhur üsulçu və şafii fəqihi Əbu Həmid əl-Ğazali deyir: “Bu firqələrin təkfirindən çəkinmək lazımdır. Çünki min kafiri (müsəlman sayaraq) həyatda buraxmaqdan qaynaqlanan xəta bir tək müsəlmanın (təkfir edərək) qanını tökməkdəki xətadan daha yüngüldür.[18]

Maliki məzhəbinin böyük imamlarından biri əl-Qadi İyad “əş-Şifə” adlı məşhur kitabında deyir: ”Muhaqqiqlərdən bu iki alimdən (Əbul-Məali və Əbul-Həsən əl-Əşari) başqaları da belə demişlər: Təvil əhlinin təkfirindən çəkinmək lazımdır. Çünki muvahhidlərin (təkfir edilərək) qanının mübah qılınması xətadır. Min kafiri (təkfir etmədən) tərk etməkdəki xəta, tək bir müsəlmanın (təkfir edərək) bir miqdar qanını tökməkdəki xətadan daha yüngüldür.[19]

Əli əl-Qari deyir: “əl-Ərdəbili "əl-Ənvar" adlı kitabında dedi: "Əgər bir kimsə, mən dünyada Allahı gözümlə görürəm və Allah mənimlə şifahi danışır desə kafir olar.” Mücərrəd bir görmə iddiasıyla təkfirə baş vurmaq çətin və təhlükəli işlərdəndir. Çünki, teorik olaraq min kafiri (təkfir etməyib) rahat buraxmaqdakı xəta, bir müsəlmanı (təkfir edib) məhv etməkdəki xətadan daha yüngüldür.[20]

Alləmə İbnul-Vəzir deyir: “Allahın elçisinin – salləllahu aleyhi va səlləm – belə dediyi səhihdir: “Əgər müsəlman öz qardaşına “ey kafir!” deyərsə onlardan biri bu adı daşımış olur.” Müsəlmana özünü belə ağır bir günaha məruz qoyması üçün bir üzr/bir çıxış yolu yoxdur. Əfv edərkən edilən xəta, cəzalandırarkən edilən xətadan yüngüldür. Allah qorxusu nə gözəl çəkindirici vasitədir! Allahdan bizi təqva əhlindən etməsini diləyirik.[21]

 

 

 

Alimlər üçün təkfirin ağırlığı

 

Bu məslək hər alimin gedə biləcəyi bir məslək deyildir. Ümmətin gəlib keçmiş ən böyük alimləri belə bu işə baş vurmaqdan çəkiniblər. İmamul-Harameyn əl-Cuveyni “Ğiyəs əl-Uməm fit-Tiyəs əz-Zuləm” kitabında deyir: “Əgər - “Təkfir etməyi tələb edəni və (sahibini) bidətçi, sapıq elan etməyi vacib qılanı bir-birindən ayıraraq izah edin!” – desələr, (cavabında) deyərik: “Bu, istənilməyən bir şeyi istəməkdir, çünki bu, çətin dərk olunan bir mövzu, qeyri-sabit bir məsləkdir. Tövhid elmlərindən ibarət dəryaların axıntısından uzanan bir mövzudur. Kim məsələlərin ən aşkar həqiqətlərini biliyi ilə əhatə etməyibsə, təkfirdə vəsiqələri (sübutları) əldə etməmişdir.[22]

Bu sözlərdən anlayırıq ki, sahibini kafir etməyi gərəkdirən sözlər və əməlləri sahibini kafir etməyi gərəkdirməyən sözlər və əməllərdən ayırmaq çox çətin bir məsələdir. O qədər çətindir ki, əl-Cuveyni kimi bir alim bu işin çətinliyindən söz açır. Alləmə əl-Cuveyni vurğulayır ki, təkfirdə əmin zəmin üzərində durmaq üçün sadəcə olaraq fiqh və bəzi digər elmləri oxumaq kifayət etmir, ona görə bu məsələ tövhid elminin dərinliklərinə vaqif olmuş mütəxəssis alimlərin girişə biləcəkləri bir məsələdir.

İmamul-Harameyn əl-Cuveyni – rahmətullahi aleyhi – bu işin yüzdə yüz mütəxəssis alimlərin işi olduğunu, fəqihlərin işi olmadığını belə deyir:

Sözlərdən nəyin riddət olması haqqında məsələnin təfsilatına girməyə ehtiyac yoxdur və bidət əhlindən təvil edənlərin təkfiri haqqındakı söhbət sadəcə olaraq çox qarışıqdır və bu, fiqh fənninə aid deyildir.[23]

Maliki alimi və məşhur üsulçu əl-Qarafi deyir: “Böyük günahların ən yuxarı rütbəsi ilə küfrün ən aşağı rütbəsini ayıran həddi araşdırıb ortaya çıxarmaq çox çətindir. Əksinə bunu əldə etməyin yolu, sözündə nümunə olan əvvəlki alimlərin bu barədəki fətvalarını çoxlu oxuyub yadda saxlamaqdır və nəyin vaqe olduğuna baxmaqdır ki, fətvalarında küfr olduğunu dedikləri növə aiddirmi? Yoxsa fətvalarında küfr olmadığını dedikləri növə aiddir? Beləliklə təkrar-təkrar nəzərdən keçirdikdən və yaxşıca düşündükdən sonra onunla eyni növdən olanlara aid etməlidir. Əgər məsələ ona problemli gələrsə və ya iki müxtəlif əsas arasında bənzərlik və qarışıqlıq olarsa və ya qüsuru olduğu üçün bu məsələni nəzərdən keçirmək əhliyyətinə sahib olmazsa təvfiq etməsi vacibdir və bunda heç bir fətva verməməlidir.[24]

əl-Qarafinin bu sözlərindən anlaşılan budur ki,

  1. Bu məsələ hətta fətva əhlinə belə ağır gələn, çətin olan məsələlərdəndir.
  2. Bu məsələdə ən uyğun olan yol əvvəlki alimlərin fətvalarına tabe olmaqdır, lakin əvvəlki alimlərdən hər kəsin fətvası qəbul olunmaz. Ona görə də əl-Qarafi hər alimi yox, sözündə nümunə olan alimlərin fətvalarına yönləndirmişdir.
  3. Bu məsələdə əhliyyətin olması şərtdir. Əhliyyəti olmadan kəsə bu işə girişmək olmaz.
  4. Əgər küfrü olub olmamasında qarışıqlıq ortaya çıxarsa bu barədə bir şey deyilməməli və susulmalıdır.

əl-Qarafinin kitabına haşiyə yazmış Əbul-Qasim İbnuş-Şət əl-Ənsari daha da irəli gedərək əl-Qarafinin sözlərinə etiraz edir və bu məsələlərdə heç fətvaya belə etimad etməyin xəta olduğunu deyir. O, deyir: “Bu barədə onun dediyi səhih deyildir, çünki təkfir yalnız qəti və səmi olan şeylə səhihdir. Onun dediyi isə belə deyildir, belə şeyə əsaslanılmaz və istinad edilməz.

Qəti və səm’i olan şeylər isə şəriətin qəti mətnləridir. Beləliklə İbnuş-Şata görə heç alimlərin fətvalarına belə əsaslanmaq doğru deyildir, əksinə fətva verən yalnız qəti şəri mətnlərdə küfr olan şeylərə görə fətva verməlidir, əvvəlki mötəbər müctəhid alimlərin öz ictihadlarına əsasən verdikləri fətvalar qətilik səviyyəsində deyildir, əksinə zənnidir. Barəsində qəti şəri dəlilin gəlmədiyi məsələlər haqqında təkfir vermək ona görə səhih deyildir.

İbnuş-Şat əvvəlki müctəhidlərin və kəlam əhlinin sözlərində öz müxaliflərini təkfir etməkdə bir qədər sərt davrandıqlarını nəzərə aldığı üçün əl-Qarafi’nin sözlərini etiraz etmişdir. Kəlam əhli, fiqh və hədis əhli bir çox məsələdə müxaliflərini inkar edərkən təkfirə yer veriblər və təhqiq əhli bu məsələdə onlarla razılaşmayıblar. Məşhur üsulçu İmam Təqiyyud-Din İbn Dəqiqil-İd deyir: “Bu, müsəlmanlardan bir kimsəni – kafir olmadığı halda - təkfir edən haqqında gəlmiş ağır bir təhdiddir. Bu, kəlam əhlindən, sünnətə mənsub olanlardan və hədis əhlindən bir çox kəsin içinə düşdüyü bir bəladır,  əqidə məsələlərində ixtilaf etdilər, öz müxaliflərinə qarşı sərt davrandılar və onlara küfr hökmü verdilər. Haşəvilərdən bir qrup bu məsələdə heybət və ciddilik pərdəsini aradan qaldırdılar. Əgər müxalifləri onların dedikləri kimi deyilsə o zaman bu təhdid onlara da aiddir.[25] Alləmə İbn Dəqiqil-İd alimlərin haqsız yerə müxaliflərini təkfir etməklərinə diqqət çəkir. Çox ehtimal ki, İbnuş-Şat bu reallığı nəzərə alaraq qarşılıqlı təkfir fətvalarına etimad edilməyəcəyini söyləmişdir.

Alləmə Siracud-Din İbn əl-Muləqqin – rahiməhullah – deyir: “Bir kimsənin mürtəd olduğuna hökm etməyin təsiri ağırdır, ona görə də bunda ehtiyat etmək lazımdır.[26]

Mövzunun bu məcrasında iki böyük hənbəli imamı arasında baş vermiş görüş ayrılığına və bu barədə bir tərəfin qarşı tərəfə verdiyi cavabdakı maraqlı məqamlara toxunmaq istəyirik. Bu iki böyük hənbəli imamından biri Muvəffəqud-Din İbn Qudamə, digəri isə İmam Fəxrud-Din Əbu Abdilləh İbn Əbil-Qasim əl-Hərrani’dir. Şeyx Fəxrud-Din bir yazı yazaraq İbn Qudamənin bidət əhlini təkfir etməməsinə qarşı çıxmışdır. Bunun cavabında İbn Qudamə - aleyhi rahmətullah – ona cavab yazmışdır və bu cavabı əl-Hafiz İbn Racəb “əz-Zeyl alə Tabəqat əl-Hənəbilə” kitabında zikr etmişdir. İbn Qudamənin bu cavabında qeyd etdiyi maraqlı nöqtələrdən bəzilərini burada zikr edirik. Fəxrud-Din əl-Harani məktubunda qeyd edir ki, hənbəli alimləri bidət əhlinin təkfirində ittifaq ediblər. İbn Qudamə bu məsələdə onunla razılaşmır və qeyd edir ki, Fəxrud-Din’dən fərqli olaraq o, səhih olduğunu bilmədiyi görüş ilə təkfir edə bilməz. O, deyir: “Sonra siz əgər bunu bilirsizsə, məgər mənə və mənim kimi bu görüşün səhihliyini bilməyən kəslərə onu qəbul etmək halaldırmı? Məgər cahilə fərz olan yalnız o barədə susmaq deyilmi? Mən isə bu məsələdə yalnız cahil olanların bunu etməsinə qarşı çıxmışam. Lakin sirlərdən agah olmuş kəslərə, Allahu Təalənin nə etdiyini açıq-aşkar şəkildə bilən kəslərə gəldikdə isə, onlara qarşı bunu inkar etmirəm. Onun bildiyindən cahil olduğum halda dilimlə onu deməyimi mənə əmr etməsi də onun üçün doğru deyildir...

Əgər Allah sizə Öz qeybini göstəribsə, sizi cəhalətdən və eybdən təmizləyibsə və sizi Öz yaratdıqları ilə nə etməsi barədə agah edibsə, bizə gəldikdə isə biz zəif bir qövmük və peyğəmbərimizin – aleyhissələm – sözü ilə, onun getdiyi yol ilə qane olmuşuq. Allah və elçisi qarşısında önə keçməyə cürət etmirik. O zaman gücünüzü bizim zəifliyimizə qarşı, elminizi cahilliyimə qarşı qoymayın![27]

Gördüyümüz kimi İbn Qudamə cahillərin bu cür işlərə girişməsini qadağan edir. İbn Qudamə özü də təkfir etməyərək bu məsələlərdə susduğunu deyir, bu isə İbn Qudamə üçün belə, mötəzilə, cəhmiyyə və onlar kimi bidət camaatlarını təkfir etməyin nə qədər ağır bir iş olduğunu göstərir.

Məşhur şafii alimi əs-Subki “əl-İbtihəc bi Şərhil-Minhəc” kitabında deyir: “Bir insan Allahdan başqa haqq məbudun olmaması və Muhammədin Allahın elçisi olması şəhadətinə etiqad etdiyi müddətdə onu təkfir etmək çətindir. Lakin sonradan qəlbində əmələ gələn bir bidətə gəldikdə isə, 1) əgər (bidət olan o etiqadı şəhadətə) zidd deyilsə kafir olmur, 2) əgər ona ziddirsə, o zaman əgər ondan qafil olduğunu fərz etsək və şəhadət kəliməsinə etiqadı davam edirsə onun müsəlman olması üçün bunun kifayət etməsini arzu edirəm. Millətin çoxu belədir və mürtəd olub sonra (yenidən) İslama girən bir müsəlman kimidir. Lakin “nədə küfrü varsa müsəlman olması üçün ondan tövbə etməsi lazımdır” deyilə bilər və bu, mübahisə öbyektidir. Bütün bu etiqadlar ki, onlara görə qiblə əhlini təkfir edirlər, ola bilər ki, sahibi yalnız ortaya çıxan bir şübhəyə görə araşdırma edərkən və ya mübahisə edərkən və ya (buna bənzər) digər hallarda ona etiqad etsin, lakin çox vaxt ondan qafil olur, amma şəhadətini – xüsusilə də ölüm anında – həmişə xatırlayır.[28]

Burada əs-Subki şəhadət kəlimələrini söyləyən müsəlman üçün iki halın olacağını deyir. Birinci halda şəhadət kəlimələrini söyləyən müsəlmanın qəlbində şəhadətə zidd olmayan bidət etiqad ola bilər və bu hal insanı kafir etmir. İkinci hal isə belə bir müsəlmanın qəlbində şəhadətinə zidd olan bir etiqadın olması halıdır və əs-Subkiyə görə millətin əksəriyyəti bu cür etiqadlara yalnız bir araşdırma və ya bir mübahisə halında ariz olurlar, əks təqdirdə çox vaxt bu cür hallardan qafildirlər, lakin şəhadətə etiqadları davamlıdır. əs-Subkiyə görə bu hal onların müsəlman olmaqları üçün kifayət edir və burada onları mürtəd olduqdan sonra yenidən İslamı qəbul edən biri ilə müqayisə edir.

Əziz müsəlman! Bütün bu yazdıqlarımız haqqında düşün! Heç şübhəsiz ki, Allaha və Axirətə inanan səmimi müsəlman bu işin ağırlığını hiss etməmiş bu məqalədən ayrılmaz. O zaman bu işdən ayrılmağı nəsihət edirik. Bu yazımızın axırında məşhur alim İmam Şəmsud-Din əz-Zəhəbi’nin sözlərini zikr etmək istəyirik. O, deyir: "əl-Əşarinin elə bir sözünü gördüm ki, xoşuma gəldi və bu, (ondan) sabitdir; bunu əl-Beyhəqi rəvayət edib: Əbu Hazim əl-Abdəvi'ni eşitdim: Zəhir bin Əhməd əs-Səraxsi'ni belə deyərkən eşitdim: "Bağdadda evimdə Əbul-Həsən əl-Əşari ölüm ayağında olarkən məni çağırdı və onun yanına gəldim. Dedi: "Şahid ol ki, mən qiblə əhlindən heç kəsi təkfir etmirəm, çünki onların hamısı Tək olan Məbuda işarə edirlər. Sadəcə olaraq bunların hamısı fərqli ifadə tərzləridir." (əz-Zəhəbi deyir: ) Deyirəm: Mənim də etiqad etdiyim budur. Şeyximiz İbn Teymiyyə də axır günlərində belə idi və deyərdi: "Mən ümmətdən heç kəsi təkfir etmirəm" və deyərdi: "Peyğəmbər - salləllahu aleyhi va səlləm - deyib: "Mömindən başqa heç kəs davamlı dəstəmaz almaz." Beləliklə kim dəstəmaz ilə namazlarını davamlı qılarsa o, müsəlmandır."[29]

Son sözümüz olaraq seyyidimiz və peyğəmbərimiz Muhammədə salavat və salam olsun deyirik.

 

Elm tələbələri tərəfindən hazırlanıb


[1] əl-Buxari (10/464)

[2] əl-Buxari (10/465)

[3] “əl-İstiqamə”, 1/166; Vazəratut-Təlim əl-Ali, Səudiyyə Ərəbistan, ikinci nəşr: 1411/1991

[4] “Məcmu əl-Fətəva”, 17/78

[5] Əqli məsələlər insanın öz əqli ilə dərk edə biləcəyi məsələlərdir. Allahın mövcudluğu, Allahın təkliyi əqli məsələlərdəndir. Səmi məsələlər isə əql ilə dərk edilməyən, lakin vəhy ilə öyrənilən məsələlərdir.

[6] “Məcmu əl-Fətava”, 13/126

[7] “Fətəva əs-Subki”, 2/586; Daruf-Mərifə, Beyrut

[8] “əş-Şifə fi Tarifi Huquqil-Mistafə”, 2/282; Darul-Fikr, ikinci nəşr: 1409-1988

[9] “İ’ləm əl-Muvaqqiin an Rabbil-Aləmin”, 2/16-17; Dar İbn əl-Cəuzi, birinci nəşr: hicri 1423

[10] ”İhyəu Ulumid-Din: 3/44; Darus Sadir: 2004, Beyrut

[11] “Şərh Fəthil-Qadir aləl-Hidəyə Şərhi Bidəyətil-Mubtədi”, 6/93; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1424/2003

[12] “əl-Bəhr ər-Raiq Şərh Kənzid-Dəqaiq”, 5/202; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1418/1997

[13] ”Seylul-Cərrar əl-Mutədəffiq alə Hədəiq əl-Əzhar”, 4/549; Vazəratul-Əvqaf, Misir, birinci nəşr: 1408/1988

[14] “əl-Bəhr ər-Raiq Şərh Kənzid-Dəqaiq”, 5/209-210; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1418/1997

[15] “Şərhuş-Şifə”, 2/499; Darul-Kutubil-İlmiyyə, 1421/2001

[16] "Buğyətul-Murtəd", səh: 345; Məktəbətul-Ulum val-Hikəm, üçüncü nəşr: 1422/2001, Mədinə

[17] “ət-Təmhid”, 17/21-22; Vizəratul-Əvqaf, 1387/1967

[18] “əl-İqtisad fil-İtiqad”, səh: 176; Darul-Quteybə, ikinci nəşr: 1423/2003

[19] “əş-Şifə bi Tərifi Huquqil-Mustafə”, 2/583; Darul-Fikr, 1423/2002

[20] “Minəhur-Ravdil-Əzhar fi Şərhi Fiqhil-Əkbər”, səh: 356; Darul-Bəşəir əl-İsləmiyyə, birinci nəşr: 1419/1998

[21] “əl-Avasim val-Qavasim fi Zəbbi an Sunnəti Əbil-Qasim”, 4/182; Muəssəsətur-Risələ, üçüncü nəşr, 1415/1994, Beyrut

[22] “Ğiyəs əl-Uməm fit-Tiyəs əz-Zuləm”, səh: 137; Darud-Dəava, İskəndəriyyə, birinci nəşr:

[23] “Nihəyətul-Mətləb”, 17/162; Darul-Minhəc, birinci nəşr: 1428/2007

[24] “Ənvarul-Buruq fi Ənvail-Furuq”, 4/268; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1418/1998

[25] “İhkəmul-Əhkəm Şərhu Umdətil-Əhkəm”, 2/226; Mətbəə əs-Sunnətil-Muhəmmədiyyə, Qahirə, 1372/1953

[26] “Ucələtul-Muhtəc ilə Təucih əl-Minhəc”, 4/1616; Dar əl-Kitəb, İordaniya, 1421/2001

[27] “əz-Zeyl alə Tabəqat əl-Hənəbilə”, 3/329-331; Məktəbətul-Ubeykən, birinci nəşr: 1425/2005

[28] əz-Zərkəşi, “əl-Mənsur fil-Qavaid”, 3/93-94; Vizəratul-Əuqaf vaş-Şuunil-İsləmiyyə, Küveyt, ikinci nəşr: 1402/1982

[29] əz-Zəhəbi, "Siyər Əaləm ən-Nubələ", 15/88; Muəssəsətur-Risələ, on birinci nəşr: 1417/1996, Beyrut

 

/p/pp p