Qazi olmadan qadını boşamaq

İslam əhkamının tətbiq edilmədiyi cəmiyyətlərdə boşama və evliliklə bağlı məsələlərdə müsəlman ailələr boyük problemlərlə üzləşirlər. Bu problemlərin ən qəlizlərindən biri də əri tərəfindən zülm görən müsəlman qadınların ərlərindən boşana bilməməkləridir. Bu vəziyyətdə qadın çarəsiz halda qalaraq zülm və əziyyət içində həyatını sürdürməli olur. Qadının vəliləri könüllü olaraq kişini dilə gətirə bilmirlər. Bu halda çıxış yolları nə ola bilər?

 

Qadının məzlum olduğu, ərin isə zalım olduğu sabit olarsa kişini boşamağa məcbur etmək bir variantdır. Bu halda - ən azından - əksər fəqihlərə görə boşama keçərli sayılacaqdır. Fəqihlər kitablarında qeyd edirlər ki, bir kişi zövcəsini boşamağa haqlı olaraq məcbur edilərsə boşama keçərli sayılır. Yalnız haqsız yerə boşama edilərsə o zaman bu halda boşama keçərli deyildir. əl-Xatib əş-Şirbini deyir: “Əgər ikrah/məcburiyyət haqlı olaraq edilərsə boşanma keçərli olar...[1] İbn Qudəmə “əl-Muğni” kitabında deyir: “Əgər ikrah/məcburiyyət haqlı olaraq edilərsə - hakimin iylə edən kişini gözlədikdən sonra sözünə sadiq qalmadıqda boşamağa məcbur etməsi, iki vəli tərəfindən evləndirilmiş iki kişini onlardan hansının birinci olduğu bilinmədiyi təqdirdə boşamağa məcbur etməsi hallarında olduğu kimi – boşama keçərli olacaq, çünki (boşama) haqlı olaraq məcbur edilmiş bir sözdür, ona görə də səhih sayılır...[2] Maliki alimlərinin bu barədə aşkar sözünü tapa bilmədim, amma “əl-Kuveytiyyə” fiqh ensiklopediyasının sahibləri deyirlər ki, “əgər haqlı olaraq boşamaya məcbur edilərsə... icma ilə keçərli olur.[3] Ümumilikdə kufə fəqihləri, o cümlədən hənəfilər hər bir halda məcburiyyət altında edilmiş boşamaları keçərli sayırlar.

Burada önəmli olan daha bir faydanı qeyd etmək lazımdır. Qazi olmayan ölkələrdə “müsəlman camaat” qazinin yerinə keçə bilər. “Müsəlman camaat” sözü bir termin olaraq xüsusilə maliki məzhəbinin kitablarında keçir. Onlar daha erkən bir zamanda hakimin, qazinin mövcud olmadığı cəmiyyətlərin halını müzakirə ediblər. Muhəmməd bin Əhməd əd-Dusuqi deyir: “Bil ki, bu məsələdə və hakimə çatılması imkansız olduğu üçün və ya adil olmadığı üçün bütün digər məsələlərdə hakimin yerinə müsəlman camaatının adil olanları keçir.[4] Şəmsuddin Əbu Abdilləh əl-Həttab deyir: “əl-Burzuli “qazinin hökmləri” ilə bağlı məsələlərdə əs-Suyuri’dən belə dediyini nəql edir: “Qazilərin olmamağına görə və ya qeyri-adil olmaqlarına görə insanlar əziyyət çəkərlərsə o zaman onların camaatı vəsf etdiyim bütün məsələlərdə və bütün şeylərdə (qazinin əvəzinə) kifayət edir; (belə vəziyyətdə onlardan) din və fəzilət əhli toplanır və (əri itən üçün) gözləmə müddəti müəyyən etmək, boşama və bunun kimi digər məsələlərdə qazinin yerinə keçirlər.[5] Bəzi maliki alimləri kitablarında “müsəlmanların camaatı” sözü yerinə “qonşularından saleh olanlar” sözünü işlədirlər. Məqsəd eynidir, bütün bu hallarda avtoritet sahibi, adil və saleh insanlar qəsd olunur.

Əgər kişi qadına zülm edirsə bu halda müsəlmanların xeyirlilər, din əhli, elm əhli bir araya gələrək tərəflər arasındakı etirazlara qulaq asa bilərlər. Bu etirazları nəzərdən keçirdikdən sonra qadının zülmə məruz qaldığı təsdiqlənərsə kişiyə qadını boşaması təklif edilə bilər. Əgər kişi boşamaqdan imtina edərsə o zaman onu buna məcbur etmək olar. Hətta qadının vəliləri belə bir vəziyyətdə əri boşamağa məcbur edərlərsə bu keçərli sayılacaq.  İbn Teymiyyə’dən – rahmətullahi aleyhi – “ərinə nifrət edən bir qadın haqqında” soruşublar: “Ondan xul’ tələb edib və deyib: “Məni boşamasam özümü öldürəcəm.” (Qadının) vəlisi onu boşamağa məcbur edib və (bundan sonra) qadın başqasına ərə gedib. (İndi) birinci əri onu tələb edir və deyir ki, boşamağa məcbur edilib. Qadın isə ikinci ərini istəyir.” Bu sualın cavabında Şeyxul-İslam deyir:

Əgər birinci ərin boşamağa məcbur edilməsi haqq ilə olubsa; misal üçün qadının vacibatını qarşılamaqda qüsurlara yol veribsə və ya haqsız yerə qadına sözlə və ya fellə zərər veribsə boşama səhih sayılır və ikinci nikah da səhih sayılır. Bu halda o, ikinci kişinin zövcəsidir.

Amma əgər birinci kişi ailəsinə qarşı xeyirxah, yaxşı biri olduğu halda döyülərək və ya həbs edilərək boşamağa məcbur edilibsə boşanma keçərli olmur.

Hətta kişi ona yaxşı rəftar etdiyi halda qadın kişiyə nifrət edirsə məcbur etmədən kişidən boşama tələb edilə bilər. Əgər kişi boşayarsa çox gözəl, əgər boşamazsa və fəsxi mübah edəcək bir səbəb yoxdursa o zaman qadına ərinə səbr etmək əmr olunar.[6]

Burada sözümüz əri boşamağa məcbur etmək haqqındadır. Əgər ər ilə əlaqə saxlamaq mümkün deyilsə “müsəlmanların camaatı” toplanaraq ərin vəlilərini və qızın vəlilərini çağıra bilərlər, həmçinin şahidləri də iştirak etməyə dəvət edə bilərlər. Toplandıqdan sonra kişinin zövcəsinin haqqını vermədiyi, ona zülm etdiyi sabit olarsa o zaman qazinin yerinə keçmiş “müsəlman camaatı” bu evliliyi fəsx edə bilər. Lakin bu işdə mütləq fiqh əhkamını bilən elm tələbələrinin iştirak etməsi və ya məsləhətçi kimi əlaqədə olması çox önəmlidir. Burada önəmli olan digər bir tərəf budur ki, kişinin vəlilərinin verilən qərardan xəbər tutmasıdır, həmçinin qadının ərindən boşanması şahidlərin və qohumların diqqətinə çatdırılmalıdır ki, sonradan hər hansı bir fitnə ortaya çıxmasın! Doğrusunu Allah bilir!



[1] “Muğnil-Muhtəc”, 4/470;

[2] “əl-Muğni”, 7/383;

[3] “əl-Məvsuatul-Fiqhiyyətul-Kuveytiyyə”, 29/18;

[4] “Həşiyətud-Dusuqi aləş-Şərh əl-Kəbir”, 2/519;

[5] “Məvahibul-Cəlil”, 6/90;

[6] “əl-Fətəva əl-Kubra”, 3/334; “Məcmu əl-Fətəva”, 32/283; bax: “Muxtəsar əl-Fətəva əl-Misriyyə”, səh: 443