Qadının məhrəmsiz təyyarə ilə səfəri

Qısa bir zaman bundan öncə qardaşlarımdan biri bizə bir sual ilə müraciət etdikdə bununla bağlı bir yazı hazırlamağın önəmini dərhal dərk etdik. Sözünü etdiyimiz sual bir müsəlman qadının hər hansı şəri bir ehtiyac üçün məhrəmsiz təyyarə ilə səfər etməsi ilə bağlı idi. 

Əgər müsəlman qadının əri başqa ölkədə çalışırsa, zövcəsinin də yanında olmasına ehtiyac varsa və kişinin bilet alaraq gedib zövcəsini gətirməsinə imkanı yoxdursa və yaxud da çox baha başa gəlirsə və yaxud da bunu etmək üçün vaxt tapa bilmirsə o zaman qadın əmin bir şəkildə təyyarə ilə belə bir səfər edə bilərmi?

Bu mövzunun əsasında İmam Əhməd’in və başqalarının rəvayət etdikləri bir hədis durur. İbn Abbas xəbər verir ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – buyurur: “Bir qadın yanında məhrəmi olmadan səfər etməməlidir.[1] Alimlərimiz bu hədisi anlamaqda iki hissəyə ayrılıblar. Onlardan bəziləri hədisi zahiri ləfzinə görə götürüblər və mütləq şəkildə qadına heç bir məhrəmin müşayiəti olmadan səfər etməyi qadağan ediblər. Bu, hənəfilər ilə hənbəlilərin məzhəbidir. Digərləri isə hədisin ləfzi ilə kifayətlənməyiblər, lakin hədisin mənasına önəm veriblər və deyiblər ki, qadağanın səbəbi qadının məruz qala biləcəyi təhlükədir və ya xəlvət və bənzəri haram hallardır. Ona görə də hənəfilər və hənbəlilər bir qadının fərz həccini əda etmək üçün məhrəmi ilə birlikdə getməsini şərt gördükləri halda, malikilər və şafi’ilər bunu şərt görməyiblər; maliki alimləri etibarlı bir qadın qrupu ilə birlikdə fərz olan həcci əda etməsinə icazə veriblər və şafi’i alimləri bunun qrup halında olmasını da şərt görmürlər, hətta etibarlı bir qadın ilə birlikdə həcc edə biləcəyini deyiblər. Lakin bunu fərz olan həcc üçün xüsusiləşdiriblər, nafilə olan həcc üçün məhrəmin müşayiətini şərt görüblər.

Alimlər həmçinin ittifaq ediblər ki, muhəqqaq bir təhlükədən qurtulmaq üçün qadının tək səfər etməsi icazəlidir. Misal üçün bir qadın düşmənlərin və ya canilərin əlindən qurtulmaq üçün səfər etməyə ehtiyac duyarsa bunu tək etməsi icazəlidir, çünki bu, zərurət halı sayılır. Alimlərin böyük əksəriyyəti bunu yalnız zərurət halı ilə xüsusiləşdirirlər.

Amma məsələ ilə bağlı daha bir görüş vardır. Bu fərqli rəyə görə burada önəmli olan yolun təhlükəsizliyi və fitnələrdən uzaq olmasıdır. Bu rəy əksəriyyətin mövqeyinə müxalif olsa da bir çox böyük alimlər bu rəyi doğru görüblər və bir çox maliki fəqihi, bəzi şafi’ilər və hənəfilər bu rəyə üstünlük veriblər. Bu, həmçinin Şeyxul-İslam İbn Teymiyyə’nin iki görüşündən sonuncusudur. Malikilər arasında bu rəy ən çox Alləmə Əbul-Valid əl-Bəci’dən (403-474) məşhurdur, belə ki, “əl-Muntəqa” kitabında məhrəmlə və ya bir qrup qadınla səfər etməyi şərt görən görüşü zikr etdikdən sonra deyir: “Əshabımızdan bəzilərinin zikr etdikləri ola bilsin ki, qadının tək başına və ya az sayda bir qrupla (səfər etdiyi) hala aiddir. Lakin böyük karvanlara və müştərək, canlı və əmin olan yollara gəldikdə isə mənə görə bu, içində bazarlar və tacirlərin olduğu şəhərlər ilə eynidir, belə ki, bu kimi hallarda əmin-amanlıq (müşayiət edən) məhrəm və ya bir qadın olmadan da hasil olur. Bu görüş əl-Əvzai’dən rəvayət olunub.[2] Maliki fəqihi əl-Həttab ər-Rueyni (902-954) mövzunun müzakirəsində əl-Bəci’nin sözlərini nəql edir və davamında deyir: “Bunu (həmçinin) ondan “əl-İkməl” kitabında (əl-Qadi İyad) nəql edib və qəbul edib, əksini də zikr etməyib. əz-Zənnəti bunu “ər-Risələ” kitabının şərhində məzhəbin görüşü kimi zikr edib, beləliklə də müəllif (Xalil)in və başqalarının sözü bununla qeydə bağlanılmalıdır. əz-Zənnəti’nin sözləri belədir: “Əgər (qadın) çox sayı və hazırlığı olan əmin-aman bir dəstədə və ya məğlub olmaqdan qorunulmuş böyük bir orduda olarsa o zaman Malikin və başqalarının sözünə əsasən onun bütün səfərlərdə, vacib olanında, müstəhəb və mübah olanında məhrəmsiz səfər etməsi caizdir, çünki bu deyilənlər ilə şəhər arasında fərq yoxdur. Bunu bu şəkildə əl-Qabisi zikr edib.[3] əz-Zənnəti və əl-Həttab bu görüşü malikilərin mötəməd görüşü kimi təqdim etsələr də əl-Adəvi, əz-Zurqani kimi malikilər bununla razılaşmayıblar. Lakin bu görüş maliki məzhəbindəki iki görüşdən biridir. əl-Qabisi isə (324-403) məğribli Əbul-Həsən Əli bin Muhəmməd əl-Məafiri əl-Qaravi’dir. əz-Zənnəti (368-430) əl-Qabisi’nin ən böyük tələbələrindən Əbu İmran Musa bin İsa əl-Ğafəcumi’dir, böyük maliki fəqihlərindəndir. Şafi’ilərə gəldikdə isə “əl-Məcmu Şərh əl-Muhəzzəb” kitabında bu barədə deyilir: “Əbu Həmid dedi: “Əshabımızdan elələri də var ki, qadının istər vacib səfərdə, istərsə də başqa səfərdə məhrəmsiz çıxa biləcəyini deyiblər.” Daha sonra buyurur: “Əshabımızdan bəzisi deyib: “Əgər yolda əmin-amanlıq varsa nə qadınlar(ın), nə də bir qadın(ın müşayiəti) olmasa da səfər etməsi caizdir. Bu, əl-Həsən əl-Basri və Davud (əz-Zahiri)nin rəyidir.[4] Bu rəyə görə önəmli olan əmin-amanlıqdır, çünki əgər bir qadın bir qrupun müşayiəti ilə gedərsə və o qrupun içində başqa qadınlar olduğu kimi kişilər də varsa, o qadınlardan birinin məhrəminin olması kifayət edir. Bunu bir kişinin arasında məhrəmi olduğu bir qrup qadına imamlıq etməsi ilə müqayisə ediblər. Bu, şafi’ilərdən Əbu Bəkr Abdullah bin Əhməd əl-Qaffəl əs-Sağir əl-Mərvazi’nin (327-417) rəyidir. əl-Qaffəl şafi’ilərdə xorasan məktəbinin şeyxi sayılır. İbn Həcər əl-Asqaləni deyir: “əl-Qaffəl tək qalaraq bunu bütün səfərlər üçün uyğun görüb və ər-Ruyəni bunu gözəl saymış və (lakin) demişdir: “Amma bu, nassa müxalifdir”.[5] İmam ən-Nəvəvi deyir: “Əshabımızdan bəzisi deyib ki, qadınların və ya bir qadının olması ilə (həcc etməsi) ona vacib olub, hətta ola bilər ki, əmin-amanlıq o qədər çoxalsın ki, heç kəsə ehtiyac duymasın, karvanın içində tək seyrə çıxsın və bu halda əmin-amanlıqda olsun...[6] Yuxarıda qeyd etdiyimiz kimi bu rəy həmçinin İbn Teymiyyə’nin sonuncu rəyidir. Tələbəsi İbn Muflih deyir: “Şeyximizə görə əmin-amanlıqda olan hər bir qadın məhrəmsiz də həcc edə bilər.” Dedi: “Bu, bütün itaət səfərləri üçün keçərlidir”.Bu cür dedi. əl-Kərabisi bu görüşü əş-Şafi’dən nafilə həcc barəsində nəql edib və əshabından bəzisi bunu nafilə həcc haqqında deyib, həmçinin ziyarət və ticarət kimi vacib olmayan bütün səfərlər üçün deyib.[7]

Bəzi fəqihlərin sözümüzün əvvəlində zikr etdiyimiz hədisin ləfzinin zahirini tərk etməyinə səbəb olmuş bəzi xəbərlər vardır. İmam əl-Buxari’nin “əs-Sahih” kitabında rəvayət etdiyinə əsasən Adiy bin Hətim deyir: “Mən peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanında ikən bir nəfər gəldi və kasıbçılıqdan şikayət etdi, sonra bir başqası gəldi və yolların (quldurlar tərəfindən) kəsilməsindən şikayət etdi. (Bunun üzərinə peyğəmbər) dedi: “Ey Adiy, sən heç əl-Hira’nı görmüsənmi?” Dedim: “Görməmişəm, amma xəbərini mənə çatdırıblar.” Dedi: “Əgər həyatın uzun olacaqsa o zaman şübhəsiz ki, əl-Hira’dan yola düşüb Kəbəni tavaf edənə qədər səfər edən və (bunu edərkən) Allahdan başqa heç kimdən qorxmayan qadın görəcəksən.” Mən də özlüyümdə dedim: Hər tərəfə fəsad yaymış Tayyi qəbiləsinin yol kəsən quldurları hardadır görəsən?!...[8] əl-Hira isə Kufə şəhəri yaxınlığında daha öncədən mövcud olmuş qədim şəhərdir. Hədisdə vəziyyətin islahı və cəmiyyətin dirçəlişi tərif və mədh məzmununda təqdim edildiyi üçün əmin-amanlıq halında qadının məhrəmsiz səfər edə biləcəyinə dair dəlil göstərilmişdir. Həmçinin Əbu Davud ət-Tayəlisi müsnədində isnadı ilə birlikdə rəvayət edir ki, “Aişəyə dedilər: “Əbu Said deyib ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Qadın məhrəmi olmadan səfər etməməlidir.” Bunun üzərinə Aişə onun yanında olan bəzi kəslərə üzünü çevirib dedi: “Allaha and olsun ki, onların hamısının məhrəmi yoxdur.[9] İbn Həzm mövzunun əsasını təşkil edən hədisdəki ləfzə yox, lakin mənaya üstünlük vermiş alimlərin dəlilləri arasında bu xəbəri də zikr etmişdir. Onlar həmçinin məzhəblərini dəstəkləmək üçün Ömərin xəlifə olduğu dövrdə peyğəmbərin – salləllahu aleyhi va səlləm – zövcələrinə həcc etməklərinə izn verməsini də misal gətiriblər.

Burada sonuncu və önəmli nöqtələrdən biri də bu sualdır: Bu məsələ müsafirin hökmləri ilə eynidirmi yoxsa arada fərq varmı? Məlumdur ki, dörd məzhəbə görə də müsafirdə etibara alınan məsafənin uzunluğudur, məsafəni hansı müddətdə qət etmək rol oynamır. Qadının da səfəri bu nöqtədə eynidirmi yoxsa qadının səfərində nəzərə alınan vaxtdır? Bu sualın cavabını bizə əl-Hafiz İbn Həcər verir: “Qadının tək səfər etməsinin qadağan edilməsi zaman ilə bağlıdır, əgər bir saatlıq yolu tam bir gün ərzində qət edərsə qadağan ona da aid olar və bu nöqtədə müsafirdən fərqlənir, çünki yarım günlük yolu misal üçün iki günə qət edərsə namazlarını qısalda bilməz. Beləliklə də bu ikisi arasında fərq vardır.[10] əl-Qastaləni, əs-Suyuti və əz-Zurqani də eyni sözləri zikr edirlər. Daha öncə zikr etmişdik ki, əksər alimlər hədisdəki qadağanı qadının məruz qala biləcəyi təhlükəsi, fəsadlı hallar ilə bağlayıblar. Bu risk şübhəsiz ki, məsafənin yox, zamanın uzanması ilə daha da böyüyür. O zaman bir sual üzərində düşünməyimiz lazımdır. Bir qadın yerimək ilə 30 kilometrlik məsafəni altı saata qət edəcəksə, lakin 1000 kilometrlik məsafəni isə təyyarə ilə saat yarımlıq müddətə qət edə biləcəksə bizim birinci halı icazəli, ikinci halı isə haram saymağımız şəriətin hikmətinə uyğun deyildir, çünki birinci halda qadın üçün qorxduğumuz təhlükəli və fəsad qat-qat çoxdur. Üstəlik təyyarədə sərnişinlər qrup şəklində səfər etdikləri üçün adətən əmin-aman bir şərait hasil olur. Təyyarənin başqa aeroportda enməyə məcbur olması kimi halların baş verməsi isə nadir olduğu üçün şəriətdə nadir halların hökmü olmur və nadir hallar etibara alınmır.

Qadının vəlisi vəziyyətindən asılı olaraq hər zaman qadını səfərində müşayiət edə bilmir. Bu, ya biletlərə çəkilən xərcin yüksək olmasına görə, yaxud da işi ilə bağlı olaraq vaxtının olmamasına görə ola bilər. Bu cür və buna bənzər hallarda qadının şəri səbəblər ilə səfər etməsinə ehtiyac varsa və əgər bir məhrəmi aeroportda onu yola salacaqsa, digəri də yolçuluğun sonunda onu qarsalayacaqsa o zaman yuxarıda adlarını saydığımız alimlərin görüşünə əsasən bunu etməsi qadağaya daxil olmur. Zikr etdiyimiz və edə bilmədiyimiz başqa səbəblərə görə müasir alimlərimizdən Şeyx Abdurrazzəq əl-Afifi və Şeyx İbn Cibrin bu cür məhrəmsiz təyyarə ilə əmin bir səfərə icazə veriblər və bir müsəlmanın bu görüşü təqlid etməsi icazəlidir. Əlbəttə ki, xüsusi bir ehtiyac yoxdursa ehtiyatlı olan görüşə tabe olmaq daha doğrudur. Doğrusunu Allah bilir!



[1] “əl-Musnəd”, 5/288 (ər-Risələ çapı); Muslim, (1341);

[2] “əl-Muntəqa Şərh əl-Muvatta”, 3/82;

[3] “Məvahibul-Cəlil”, 2/524;

[4] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 8/343;

[5] “Fəthul-Bəri”, 4/76;

[6] “Şərhun-Nəvəvi alə Muslim”, 9/104;

[7] “əl-Furu va Təshih əl-Furu”, 5/245;

[8] “Sahih əl-Buxari”, 3595;

[9] “Musnədu Əbi Davud ət-Tayəlisi”, (2349)

[10] “Fəthul-Bəri”, 2/567;

Aktual Mövzular