Qadınların müharibə zonasına köçməsi

Bu gün eşitdiyimiz xəbərlər arasında müsəlman qadınlarının ya öz istəkləri ilə, ya da ərinin tələbi ilə döyüş bölgələrinə getdiklərini eşidirik. Bu barədə gələn xəbərlərin təfsilatları tam olaraq bizlərə məlum olmasa da görünən budur ki, bu qadınlar “islami atmosfer” axtarışı ilə əmin-amanlığı tərk edərək bu bölgələrə gedirlər. Onlardan bəziləri hətta öz körpə uşaqlarını da özləri ilə götürürlər. Lakin əksəriyyəti ərlərinə tabe olaraq ailə şəklində həmin yerlərə köç edirlər. Bununla bağlı bu yazımızda bir xəbərdarlıq etmək istəyirəm və müsəlmanlar arasında bunun müzakirəsini başladaraq onları qarşıda zikr edəcəyimiz üzərində düşünməyə çağırıram.

 

İmam Əbu Davud əs-Sicistani İmam Əhmədə verdiyi sualları və aldığı cavabları içində topladığı kitabında “sərhəd şəhərlərinə ailə ilə köçmək” haqqında bir bab açmışdır və orada İmam Əhmədə bu barədə verdiyi sualları və onun cavablarını zikr etmişdir. Əbu Davud deyir: “Əhmədi eşitdim; ondan sərhəd şəhərlərinə ailələri ilə birlikdə köçənlər haqqında soruşdum və dedi: “Bunu doğru görmürəm və buna işarə etmirəm.” Ona Tarsus istehkamını və onun güclü müdafiəsini zikr etdim, bunu məkruh gördü və onu bir neçə dəfə bunu qadağan edərkən eşitdim. Əhmədə dedim: “(Düşmənin ani hücumlar etmək riski ilə üz-üzə olan) sərhəd şəhərinə ailəsi ilə birlikdə köçən birinin günaha düşməsindən qorxursanmı?” Dedi: “O, zürriyyətini müşriklər(in hücumun)a məruz qoyduğu halda necə qorxmayım?!” Əhməddən bir nəfərin belə soruşduğunu eşitdim: “Bəs Antakya?” Dedi: “Ora ailə ilə köçmək olmaz, çünki illər öncə ora qəfl hücum edilmişdi” Bununla rumluların Ammuriyyə döyüşü ilində dənizdən qəfl hücumu qəsd edir. Onun bu şəhəri zikr etdiyini və belə dediyini eşitdim: “Antakya sahilə yaxın bir şəhərdir”. Bununla düşmənin hücumuna açıq bir yer olduğunu qəsd etmişdir. Əhmədi belə deyərkən eşitdim: “Şamın hər yerində əgər fitnə baş verərsə Xorasan əhlinin onların yanında bir qədəri yoxdur.” Bunu ailə ilə ora köçmək haqqında demişdi.[1]

Alləmə Muvaffəqud-Din İbn Qudəmə “əl-Muğni” kitabında deyir: “Əbu Abdilləh’in məzhəbi budur ki, qadınların və zürriyyətin təhlükəli sərhəd şəhərlərinə köçürülməsi məkruhdur və bu, əl-Həsən (əl-Bəsri) və əl-Əvzai’nin görüşüdür, çünki Yezid bin Abdilləh rəvayət edir: “Ömər dedi: “Müsəlmanları dəniz sahillərində məskunlaşdırmayın.” Bunu əl-Əsram isnadı ilə rəvayət etmişdir. Həmçinin təhlükəli sərhəd şəhərlərində düşmənin oranı və oranın içindəkiləri tutmaqlarından, qadınları, uşaqları ələ keçirməklərindən əmin olmaq olmaz.[2]

Diqqət etmək lazımdır ki, bütün bunlar müharibənin getmədiyi ana aiddir, yəni düşmənin hücumuna qarşı qorunulmamış şəhərlərə aiddir. O zaman düşmənin hücum etdiyi, davamlı zəbt etməyə çalışdığı ərazilərə köçməyin hökmünün qat-qat ağır olmasını başa düşmək çətin olmamalıdır. Buna görə də alimlərimiz gənc qadınların döyüşə aparılmasını qadağan ediblər. Ona görə də İbn Qudəmə deyir: “Müsəlmanlar ilə birlikdə qadınlar düşmən torpağına daxil olmamalıdır, yalnız su vermək, yaraları müalicə etmək məqsədi ilə yaşda yaşlı olan qadın(ın getməsi) istisnadır... bunun tələb etdiyi budur ki, gənc qadınların düşmən torpağına daxil olması məkruhdur, çünki onlar döyüş əhlindən deyillər və döyüşdə onlardan çox az faydalanmaq imkanı vardır, çünki onlarda yayqın olan zəiflik və qorxaqlıqdır. Həmçinin düşmənin onları ələ keçirməsindən, beləliklə də Allahın haram etdiyi şeyləri onlara etməklərindən əmin olmaq mümkün deyildir.[3] İbn Qudəmə “əl-Muğni” kitabında bunun “məkruh” olduğunu söyləsə də “əl-Muqni” kitabındakı sözünün zahiri bunun haram olmasını göstərir. Ona görə də Aləud-Din əl-Mərdəvi deyir: “Müəllifin (əl-Muqni kitabındakı) sözünün zahiri budur ki, buradakı qadağa haram mənasındadır və bu, əksər hənbəlilərin sözünün zahiridir və (İbn Muflih) “əl-Furu” kitabında bu görüşü birinci olaraq zikr etmişdir.[4] Həmçinin Şəmsud-Din Muhəmməd bin Abdilləh əz-Zərkəşi deyir: “əl-Xiraqi’nin sözünün zahiri budur ki, burada qadağa haram mənasındadır və bu, Əbul-Bərakət’in sözünün zahiridir.[5] Əbu İshaq Burhənud-Din İbn Muflih deyir: “Qadınların bundan qadağan edilməsi haram mənasındadır, necə ki, bu, “əl-Xiraqi” kitabının və “əl-Muhərrar” kitabının zahiri mənasıdır.[6] Bunun haram olması məzhəbin məşhur görüşüdür.

Hafiz İbn Abdil-Bərr deyir: “Qadınların məhrəmləri və ərləri ilə cihada çıxmaqları yalnız – doğrusunu Allah bilir - əmanətdə olacaqları ehtimalı olan böyük ordunun tərkibində səhihdir.[7] Hafiz əl-İraqi bunu “Tarhut-Təsrib” kitabında zikr edərək onunla razılaşmışdır.

Bununla müsəlmanların diqqətini ona çəkmək istəyirik ki, qadınların uşaqları ilə birlikdə və ya uşaqları olmadan əmin-amanlığın olduğu yerləri tərk edərək təhlükənin hökm sürdüyü ərazilərə köçməsi halal deyildir. Ölüm və itim hadisələrinə - Allah saxlasın! - məruz qaldıqları halda şübhəsiz ki, bu yerlərə köçməyə izn verən və ya tələb edən kəslər və ya öz istəkləri ilə ora köçmüş və uşaqlarını da özləri ilə götürmüş qadınlar günaha girmiş olurlar. Tövbə etməkləri və özlərini, uşaqlarını əmin-amanlığın olduğu yerlərə götürməkləri vacibdir. Doğrusunu Allah bilir!



[1] “Məsəil əl-İməm Əhməd Rivayətu Əbi Davud əs-Sicistəni”, səh: 308; Məktəbətu İbn Teymiyyə, birinci nəşr: 1420/1999, Misir

[2] “əl-Muğni”, 9/206; Məktəbətul-Qahira, 1388/1968, Qahirə

[3] Eyni kitab, 9/215;

[4] “əl-İnsaf”, 4/143; Dar İhyə ət-Turas əl-Arabi

[5] “Şərhuz-Zərkəşi alə Muxtəsar əl-Xiraqi”, 6/452; Darul-Ubeykən, birinci nəşr: 1413/1993, Riyad

[6] “əl-Mubdi fi Şərh əl-Muqni”, 3/305; Dar əl-Kutubil-İlmiyyə, birinci nəşr: 1418/1997, Beyrut

[7] “əl-İstizkər”, 1/302; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1421/2000, Beyrut