Səhabələrin adilliyi məsələsi

Sünnət əhlinin üzərində ittifaq etdiyi məsələlərdən biri də budur ki, səhabələrin hamısı adil sayılır və onların rəvayətləri məqbuldur. Bu, sünni görüşü olaraq islami tədris ocaqlarında əsrlər boyunca öyrədilib və heç bir sünni məktəbi bunun əksini iddia etməyib. Bu yazımızda mövzu haqqında sünnət alimlərinin mövqeyini təqdim etməyi qarşımıza məqsəd qoyduq, yoxsa mövzunun dəlillərini münaqişə etmək məqsədimiz deyildir.

İmam Əbu Ömər İbn Abdilbərr – rahiməhullah – buyurur: “Əgər (ravi) səhabələrdəndirsə - radiyallahu anhum – o zaman biz onun halını araşdırmamalıyıq, çünki müsəlmanlardan olan haqq əhli – və onlar əhlüs-sünnət val-cəmaatdır – icma ediblər ki, onların hamısı adildirlər.[1] Bir başqa yerdə deyir: “Çünki səhabələrin hamısı adildir, Allah onlardan razıdır və bu, hədis üzrə elm əhli yanında üzərində icma edilmiş bir məsələdir.”[2] İmam Əbu Bəkr əl-Xatib əl-Bəğdədi – rahmətullahi aleyh – deyir: “Səhabələrin adilliyi sabitdir və Allahın onları adil sayması, onların təmizliyi barədə, onları (insanların arasından) seçməsi barədə xəbər verməsi ilə bilinmişdir... bu, bütün alimlərin və sözünə etimad olunanların məzhəbidir.[3] İmam İbnus-Saləh əş-Şəhruzuri müqəddiməsində söyləyir: “Səhabələrin hamısının bir özəlliyi vardır; və o budur ki, onlardan heç birinin adilliyi soruşulmaz, əksinə bu, aydın bir məsələdir, çünki onlar Kitab, sünnət və ümmətdən icma məsələsində sözünə etibar olunanların icması ilə mütləq şəkildə adil sayılıblar.... Sonra ümmət səhabələrin hamısını, hətta onlardan fitnəyə qarışanları da adil saymaqda icma edib, icmada sözlərinə etimad olunan alimlərin də icması ilə bu, belədir...[4] İmam Alləmə İbn Şərəf ən-Nəvəvi – rahiməhullah – buyurur: “Sözünə etibar olunanların icması ilə səhabələrin – istər onlardan fitnəyə bulaşmış olanlar olsun, istərsə də başqalı olsun - hamısı adildir.[5] Məşhur təfsir alimi Əbu Abdilləh əl-Qurtubi təfsirində deyir: “Səhabələrin hamısı adildir, Allahın dostlarıdır və Onun seçdiyi qullarıdır və elçilərindən, peyğəmbərlərindən sonra yaratdıqlarının ən xeyirlilərdiri və bu, əhlüs-sünnətin məzhəbidir və bu ümmətin imamlarından olan camaatın üzərində olduğu görüşdür. Əhəmiyyət verilməyən kiçik bir qrup isə bu görüşdədir ki, səhabələrin də halı digərlərinin halı kimidir, beləliklə də onların adilliklərini araşdırmaq lazımdır və onlardan bəziləri isə onların işin əvvəlindəki hallarını fərqləndirib və deyiblər ki, onlar o zaman adil idilər, sonra halları dəyişdi, aralarında müharibə və qan tökmə başladı, ona görə də araşdırmaq lazımdır. Bu (görüş) rədd olunur.[6] Alləmə İbn Ruşeyd əl-Fihri əs-Səbti – rahiməhullah – “əs-Sənən əl-Əbyən” kitabında söyləyir: “Deyirik: səhabələrin hamısı – ridvanullahi aleyhim –bu barədə sünnət əhlinin icması ilə adil sayılırlar.[7] Alləmə Şərəfuddin əl-Hüseyn bin Abdilləh ət-Tibi – rahiməhullah – buyurur: “Kitab və sünnətin zahirinə görə və sözünə etimad olunanların icmasına görə səhabələrin hamısı adildir.[8] İmam İbn Kəsir – rahiməhullah – deyir: “Əhlüs-sünnət val-cəməat’a görə səhabələrin hamısı adildir.[9] Alləmə Əbu Abdilləh Bədruddin əz-Zərkəşi deyir: “...çünki səhabələrin hamısı adildir, kimliklərinin bilinməməsi zərər verməz. əl-Əsrəm’in rəvayətində İmam Əhməd bunu bir mənalı olaraq ifadə etmişdir. Hədis və üsul imamları bu görüş üzərindədirlər və bu məsələdə hər hansı bir ixtilaf tutarlı deyildir.[10] Hafiz İbn Həcər əl-Asqaləni – rahiməhullah – buyurur: “Sünnət əhli ittifaq edib ki, (səhabələrin) hamısı adildir, bu məsələdə bidət əhlindən tək-tük nəfərdən başqa heç kim müxalif olmayıb.[11] Əbul-Xayr İbn əl-Cəzəri (vəfatı hicri 833) hədis elmi haqqında yazdığı mənzuməsində deyir: “Onlar icma ilə hamısı adildirlər.[12] Alləmə Şəmsuddin əs-Səxavi bu sözlərin şərhində deyir: “Sözünə etimad olunanlar bu məsələdə icma ediblər, onlardan fitnəyə bulaşmış olanlar ilə digərləri bunda eynidir...[13] Cələluddin əs-Suyuti deyir: “Səhabələrin, fitnəyə qarışmış olanları da, başqaları da, hamısı sözünə etimad olunan alimlərin icması ilə adildir.[14] Alləmə İbn Həcər əl-Heytəmi deyir: “Bil ki, əhlüs-sünnət val-cəmaatın üzərində icma etdiyi budur ki, səhabələrin hamısının adil olduğunu isbat etmə, onlara tənə etməkdən uzaq olmaq, onları tərifləmək ilə onları təmizə çıxarmaq hər bir müsəlmana vacibdir.[15] Alləmə Abdurrauf əl-Munəvi deyir: “Sünnət əhli ittifaq edib ki, səhabələrin hamısı adildir.[16] Muhəmməd bin Abdilbəqi əz-Zurqani isə deyir: “Səhabinin adının çəkilməməsi bir zərər verməz, çünki onların hamısı hədis əhlinin ittifaqı ilə adildirlər.[17]

Əşari mütəkəllimlərin böyüklərindən Əbul-Məali əl-Cuveyni bu icmanı təsdiqləyərək deyir: “Biz deyirik: sizin söylədikləriniz icma ilə rədd olunur, belə ki Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabələrinin hamısını adil saymaqdan imtina etməyin icazəli olmamasında ümmət icma etmiş haldadır. Bu sual verənin zikr etdiyi isə fitnəyə qatılmış, mihnətlərə dalmış hər bir nəfəri adil saymaqda təvaqquf etməyi gərəkdir və bunun nəticəsi onlardan rəvayət etməkdən imtina etməkdir. Bu isə ümmətin dini və alimlərin icması ilə batildir...[18] Məturidi mütəkəllimlərin böyüklərindən Abdulaziz Aləuddin əl-Buxari (vəfatı hicri 730) bu barədə deyir: “Bil ki, sələfin hamısı və xələfin böyük əksəriyyəti səhabələrin – radiyallahu anhum - hamısının adil olması görüşü üzərində ittifaq ediblər, çünki onların adilliyi çox ayədə Allahın onları adil sayması ilə və onları tərifləməsi ilə sabitdir.[19] Həmçinin digər böyük məturidi mütəkəllim alimi əl-Kəmən ibn əl-Huməm əs-Sivasi deyir: “Əhlüs-sünnət val-cəmaatın etiqadı bütün səhabələri – radiyallahu anhum - onların hamısının adil olduğunu isbat etməklə, onlara tənə etməkdən uzaq durmaqla təmizə çıxarmağın vacib olmasıdır...[20] Bəzi alimlər də icma zikr etmədən bu məsələnin qəti olaraq bilinən məsələlərdən olduğunu deyiblər. Əbul-Muzaffər əs-Səm’ani (vəfatı hicri 489) “əl-Qavati” kitabında deyir: “... və çünki səhabələrin hamısının adilliyi qəti olaraq sabit olmuşdur.[21]

Məşhur fəqih və mühəddis Saləhuddin əl-Alə’i “Təhqiq Munifir-Rutbə” kitabında bu məsələni geniş şəkildə ələ alıb. Mövzunun girişində söyləyir: “Sələfin və xələfin cumhurunun qəbul etdiyi görüş budur ki, adillik bütün səhabələr – radiyallahu anhum – üçün sabitdir və bu, onlardan birinin (haramlığını) bildiyi halda fasiqliyini gərəkdirən əməl etməsi qəti yolla sabit olana qədər izlənilən bir prinsipdir/əsli qaydadır və Allaha həmd olsun ki, bu, onlardan heç birindən aşkar olaraq sabit olmayıb. Ona görə də səhabəliyi sabit olmuş kəsin adilliyi araşdırılmamalı, halı yoxlanılmamalıdır, onlardan sonra yaşayanlar isə (bu nöqtədə səhabələrdən) fərqlənirlər. Bu məsələnin faydası böyükdür və həm üsulud-din, həm də üsulul-fiqh elmlərində buna şiddətli ehtiyac vardır...” Daha sonra hər iki elmdə də mövzunun əhəmiyyətini zikr etdikdən sonra deyir: “Buna görə də sözlərinə etibar olunmayan tək-tük sayda bidət əhli və qəlbində xəstəlik olanlardan başqa bu məsələdə müxalif olan tapa bilmirik.[22] Bu sözləri ilə də Saləhuddin əl-Alə’i məsələdə zikr olunan ixtilafın şaz olduğunu, etibara alınmadığını qeyd edir. Bu, tək bu alimə aid olan sözlər deyildir, əskində çox sayda üsulul-fiqh və ulumul-hədis kitablarında digər görüşlər zikr edildikdən sonra onların batil olduğu qeyd olunur. əl-Alə’i özü bu görüşləri zikr etdikdən sonra deyir: “Bu görüşlərdən bundan əvvəl zikr olunanların hamısı şaz və batildir.[23] Həmçinin Valiyyuddin Əbu Zura əl-İraqi “əl-Ğeys əl-Həmi’ Şərh Cəm’il-Cəvami’” adlı kitabında[24] müxalif görüşləri şaz olaraq vəsf edir. Bədruddin əz-Zəkrəşi də “əl-Bəhr əl-Muhit” kitabında[25] müxalif görüşləri batil görüşlər olaraq vəsf edir.

Digər alimlərimiz də aşkar sözlərdə bu şaz görüşlərin bidət əhlinə aid olduğunu deyiblər. Burhənuddin Əbu İshaq İbrahim bin Ömər əl-Cəbəri (vəfatı hicri 732) bu mövzuda növbəti sözləri zikr edir: “Mötəzililərin və qədərilərin müharibələrdə iştirak etmiş səhabələr haqqındakı görüşlərindən fərqli olaraq (əhlüs-sünnətə görə) səhabələrin hamısı adildirlər.[26] Bədruddin İbn Cəmə’a əl-Həməvi (vəfatı hicri 733) bu barədə deyir: “Səhabələrin hamısı mütləq olaraq Kitab, Sünnət və onlar üçün şahidlik etməklə sözünə etimad olunan alimlərin icmasına əsasən adil sayılırlar. Burada fitnəyə bulaşanlar ilə digərləri eynidir. Mötəzilədən olan bəzi kəlam əhlinin bu məsələdə etibara alınmayan təfsilatı və ixtilafı vardır.[27]

Bura qədər zikr etdiklərimizindən aydın olur ki, səhabələrin adilliyi sünnət əhli yanında şəkk götürməyən məsələlərdən hesab edilir və hər bir müsəlmanın etiqadı buna müvafiq olmalıdır. Bu barədə alimlərimizin sözləri həddindən artıq çoxdur.

 

***

 

Alimlərin bu icmaya dəlalət edən aşkar sözləri və ya bu mənanı ifadə edən sözləri çoxdur. Bu icmaya açıq sözlərlə etiraz etmiş hər hansı bir mötəbər alim tanımıram. Bəzi alimlərin sözlərində ümumən icmaya etiraz kimi anlaşılan məna vardır, lakin həqiqətdə etiraz başqa nöqtə ilə bağlıdır. Misal üçün Şeyx Burhənuddin əl-Əbnəsi (vəfatı hicri 802) “əş-Şəzə əl-Fəyyəh min Ulumi İbnis-Saləh” adlı kitabında bir yerdə etiraz edir. O, İbnus-Saləh’ə qarşı edilən etirazları zikr edir və bu etirazlardan birini zikr edir və deyir: “Həmçinin ona səhabələrin hamısının adil olmasında icma nəql etmək ilə etiraz edilib. Bu icma mübahisəlidir; belə ki, əl-Əmidi və İbnul-Həcib onların da mütləq olaraq adilliklərinin araşdırılmasının vacibliyində başqaları kimi olmaqları görüşünü nəql ediblər. Bir başqa görüş də nəql ediblər ki, onlar fitnə düşənə qədər adil idilər və (fitnə) Osmanın – radiyallahu anhu – öldürülməsində idi, bundan sonrakı dövrə gəldikdə isə zahiri ədalət olmayanları araşdırmaq lazımdır. Mötəzililər isə onlardan Əliyə qarşı vuruşanların fasiq olması görüşünü götürüblər...[28] Bəziləri elə başa düşə bilərlər ki, buradakı etiraz icmanın olmadığını sübut edir. Bəli, doğrudur ki, bu etiraz bu məsələdə ümmətin icmasının olmadığını sübut edir, lakin sünnət əhlinin icmasının olmadığını sübut etməz, çünki etiraz bu icmanı ümmətə nisbət etməkdədir. Bunun daha aydın izahını biz Əbul-Fədl Zeynuddin əl-İraqi’nin sözlərində görə bilərik. əl-İraqi deyir: “Səhabələrin hamısı adildir, çünki.... çünki icmada sözünə etibar olunan imamların bu məsələdə icması vardır. Sonra ümmətin hamısı icma edib ki, onlardan fitnələrə bulaşmamış olanlar adildir, onlardan fitnələrə qarışmış – və bu, Osmanın öldürdüyü zamandan sonradır - səhabələrə gəldikdə isə yenə də icmada sözünə etimad olunan alimlər onlar haqqında gözəl zənn edərək, onların bu əməllərini ictihad kimi qəbul edərək onların adilliyində icma ediblər.” əl-İraqi bu sözləri zikr etdikdən sonra deyir: “İbnus-Saləh bu şəkildə onlardan fitnələrə qarışmamış olanların adil olmasında ümmətin icma etdiyini nəql etmişdir və bu, mübahisəlidir, çünki əl-Əmidi və İbnul-Həcib bir görüş nəql ediblər ki, mütləq olaraq adilliyi araşdırmaq da onlar da başqaları kimidir və bir başqa görüş də nəql ediblər ki, onlar fitnə düşənə qədər adil idilər, lakin bundan sonra isə zahiri adil olmayanların isə halı araşdırılmalıdır...[29] Gördüyümüz kimi əl-İraqinin gətirdiyi nəqldə həm ümmətin icması, həm də sözünə etibar olunan alimlərin icması zikr olunur, lakin etiraz yalnız ümmətə nisbət edilən icmaya qarşıdır.

 

***

 

Onu da bilmək lazmdır ki, bu mövzuda mübahisəli görüşlər də səslənmişdir. Biz mövzunun tam haqqını vermək üçün bu mübahisəli görüşləri və alimlərimizin bu görüşlərə münasibətini zikr edəcəyik.

Şafi alimlərindən Əbul-Hüseyn İbnul-Qattan’dan (vəfatı hicri 359) bu mövzuda nəql edilmiş görüş bəlkə də məsələdəki ən qəribə görüşdür. Belə ki, əz-Zərkəşi, əs-Səxavi və başqaları kitablarında onun belə dediyini rəvayət edirlər: “Vəhşi səhabə olduğu halda Həmzəni öldürdü və əl-Valid şərab içdi. Bu barədə deyirik: Kimdən adilliyin əksinə dəlalət edən bir şey sadir olarsa səhabələrdən sayılmaz və əl-Valid səhabi deyildir. (Peyğəmbərin) səhabələri onun yolu üzərində olanlardır.[30] əs-Səxavi ondan bu görüşü zikr etdikdən sonra deyir: “Bu, təəccüblüdür, belə ki, onların hamısı ittifaq ilə səhabələrdir və Vəhşinin Həmzəni öldürməsi İslamdan öncə baş vermişdir...” Həmçinin əz-Zərkəşi bu görüşü qeyd etdikdən sonra deyir: “Bu, qəribədir, mühəddislər onların hər ikisini də səhabələr haqqındakı kitablarda zikr ediblər...[31]

Burada daha bir görüş vardır. əl-Cuveyni’nin “əl-Burhən” kitabına yazdığı şərhində məşhur maliki alimi Əbu Abdilləh Muhəmməd bin Əli əl-Məziri (vəfatı hicri 536) deyir: “Biz burada onun səhabələri dedikdə təsadüfən onu görmüş və ya qısa müddətlik onunla görüşmüş və ya onu bir məqsəd üçün ziyarət etmiş və tez bir zamanda ondan ayrılmış hər bir kəsi qəsd etmirik, əksinə bununla qəsd etdiyimiz onunla davamlı bir yerdə olmuş səhabələridir, “onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır.[32] Alimlər bu mövzunu ələ aldıqda  bu görüşü yalnız əl-Məziri’yə nisbət edirlər, yəni əl-Məziri’nin görüşü kimi təqdim edirlər. Lakin həqiqət budur ki, bu məsələdə bəzi üsul alimləri ilə fəqihlər və mühəddislər arasında fərq vardır, belə ki, bəzi üsul alimləri hər bir səhabənin görüşünü mötəbər saymırlar, onlara görə səhabənin görüşünün mötəbər sayılması üçün səhabənin peyğəmbərlə - salləllahu aleyhi va səlləm – bir müddət yoldaşlıq etməsi şərtdir. Ona görə də əl-Ğazəli’nin “əl-Mustasfə” kitabında bu mövzu haqqında dediklərinə baxsaq görərik ki, zahirən əl-Ğazəli də səhabələrin hamısını adil sayır və deyir: “Ümmətin sələfinin və xələfin böyük əksəriyyətinin üzərində olduğu görüş budur ki, onların adilliyi Allahın onları Kitabında adil sayması ilə, onları tərifləməsi ilə məlumdur, yalnız onlardan birinin bilərəkdən fasiq olduğunu gərəkdirəcək bir əməli yerinə yetirməsinin qəti yolla sabit olması istisnadır və bu, sabit olmayıb, ona görə onları adil çıxarmağa ehtiyac yoxdur...” Bu sözlərindən sonra əl-Ğazəli səhabə sözü ilə kimləri qəsd etdiyini bəyan edir və deyir: “Əgər soruşulsa ki, Quran səhabələri tərifləmişdir, o zaman səhabə kimdir? Allahın elçisinə - salləllahu aleyhi va səlləm – müasir olanlardırmı? Yoxsa onunla bir dəfə qarşılaşandırmı? Yoxsa onunla bir saat yoldaşlıq edəndirmi? Yoxsa yoldaşlığı uzun müddət sürən kəslərdirmi? Uzun müddətin həddi nədir? Deyərik ki, bu ad yalnız ona yoldaşlıq etmiş kəslərə verilir, sonra bu ad – etimologiya baxımından – bir saat belə çəkmiş yoldaşlıq üçün də işlədilir. Lakin örf bu adı yoldaşlığı uzun müddət sürmüş kəslərə xas edir. Bu isə mütəvatir xəbərlə, səhih nəqllə və bir səhabənin – “yoldaşlığı uzun sürdü” – kimi bir sözü ilə bilinir. Bu uzun müddət üçün dəqiq bir hədd yoxdur, lakin təqribən bilinir.[33] əl-Ğazəli’nin bu sözlərindən də anlaşıldığı kimi adil olduqlarını söylədiyi səhabələr peyğəmbərə - salləllahu aleyhi va səlləm – bir müddət yoldaşlıq etmiş səhabələrdir. Bu görüşü digər üsulçu alimlər də bölüşüblər. Onların arasında həmçinin böyük üsulçu alim Əbul-Abbas Şihəbuddin əl-Qarafi əl-Məliki də (vəfatı hicri 684) vardır. O, “Tənqih əl-Fusul” kitabının şərhində deyir: “Alimlərin “səhabələr, ridvanullahi aleyhim, adildir” şəklindəki sözləri ilə qəsd etdikləri peyğəmbərə davamlı yoldaşlıq etmiş, onun – aleyhis-salətu vas-sələm - yolunu izləmiş kəslərdir və bu, səhabə adına verilmiş təfsirlərdən biridir. Həmçinin deyilib ki, səhabə onu bir dəfə də olsa görən kəslərdir və deyilib ki, onunla eyni zamanda yaşamış kəslərdir və bu iki qisim üçün mütləq şəkildə adillik vəsfi gərəkməz, əksinə onların arasında adil olanlar da, olmayanlar da vardır. Bu baxımdan ona – aleyhissələm – davamlı yoldaşlıq etmiş, onların üzərinə nurundan aşıb tökülmüş, onlarda onun bərəkəti və izləri zahir olmuş kəslər fərqlənirlər və onun – aleyhissələm – “səhabələrim ulduzlar kimidir, hansına tabe olsaz hidayət taparsız” sözü ilə qəsd etdikləri də məhz belələridir.[34] əl-Qarafi’nin sözləri əl-Məziri’nin sözlərinə tamamilə müvafiqdir.

Həmçinin Saduddin ət-Təftəzəni həm görüşü zikr edərək deyir: “Əgər deyilsə ki, səhabələrin adilliyi ayələr və onların fəziləti haqqında varid olmuş hədislər isə sabitdir, deyərik ki, alimlərdən bəzisi zikr edib ki, səhabi peyğəmbərin – salləllahu aleyhi va səlləm – yolunu izləmək və ondan öyrənmək surəti ilə onunla uzun müddət yoldaşlıq etməsi ilə məşhurlaşmış kəslərə verilən addır. Onlardan bəzisi isə (zikr edib ki), səhabi yoldaşlığının uzun müddət olub olmamasından asılı olmayaraq peyğəmbəri – aleyhissələm – görmüş möminə verilən addır, lakin adil olduğunu qəti olaraq qəbul etmək isə onlardan bununla məşhur olanlar barəsindədir, yerdə qalanlar isə digər insanlar kimidir; aralarında adil olanlar da, olmayanlar da vardır.[35] Gördüyümüz kimi ət-Təftəzəni də bu məsələdə əl-Qarafi’nin zikr etdiyi iki görüşü zikr etmişdir. Bu alimlərin əl-Məziri ilə eyni görüşdə olduğunu söyləyə bilərik, çünki zahirən başqalarının görüşünü nəql etsələr də o görüşlərlə razılaşdıqları anlaşılır. Bu görüşün sələfi vardır, belə ki, alimlərimiz Said bin əl-Museyyəbə səhabə vəsfi üçün bir il peyğəmbərə - salləllahu aleyhi va səlləm – yoldaşlıq etmək görüşünü nisbət edirlər, bəziləri isə altı ay deyiblər.

Qeyd edək ki, səhabəyə verilmiş bu tərifi bəzi araşdırmaçılar ümumən üsul alimlərinin görüşü kimi təqdim edirlər. Bu cür etmək də xətalıdır, çünki üsul alimlərinin bu barədəki görüşləri də fərqlənir, hətta onların əksəriyyətinin bu məsələdə mühəddislərə müvafiq olduğunu söyləsək xəta etmərik. Misal üçün İbnul-Həcib “Muxtəsar Muntəhə əs-Su’l val-Əməl” kitabında mühəddislərin tərifini təsdiqləmiş, daha sonra digər tərifləri zikr etmişdir. İbnus-Subki, əz-Zərkəşi və başqa üsulçular onunla bu məsələdə razılaşırlar.

İşin maraqlı tərəfi budur ki, bu mövzuda üsulçuların öz arasında və ümumən onlarla mühəddislər arasında ixtilafın olmasına baxmayaraq əksər üsulçu alimlər bu ixtilafın ləfzi olduğunu deyirlər. Misal üçün İbnul-Həcib deyir: “... və bu, ləfzidir, hətta daha əvvəlki məsələ bunun üzərinə bina edilmiş olsa belə.[36] Daha əvvəlki məsələ ilə qəsd etdiyi isə səhabələrin adilliyi məsələsidir. Yəni ona görə hətta səhabənin tərifi üzərindəki ixtilafın üzərinə onların adilliyi məsələsini bina etsək ixtilaf yenə də ləfzi olacaq. İbnul-Həcib’in kitabına şərh yazmış əl-Qadi Azududdin əl-İyci bu məqamda İbnul-Həcibə etiraz etmir, həmçinin onun şərhinə haşiyələr yazmış Saduddin ət-Təftəzəni, əs-Seyyid əş-Şərif əl-Curcəni, Şeyx Həsən əl-Həravi əl-Fənnəri, Muhəmməd Əbul-Fədl əl-Cizəvi kimi üləma bu nöqtədə heç bir etiraz zikr etmirlər. Həmçinin İbnul-Həcib’in müxtəsərinə şərh yazmış Şəmsuddin Əbus-Sənə Mahmud bin Abdirrahmən əl-Əsfəhəni (vəfatı hicri 749) İbnul-Həcib’in səhabəyə verdiyi tərif ilə və məsələnin ləfzi ixtilaf olması ilə razılaşır.[37] İbnul-Həcib’in müxtəsərinə şərh yazmış hənəfi alimi Muhəmməd bin Mahmud əl-Bəbərti də (vəfatı hicri 786) ixtilafın ləfzi olması görüşünə etiraz etməmişdir, halbuki əl-Bəbərti kitabını İbnul-Həcib’ə bir çox məsələdə etiraz etmək məqsədi ilə yazmış və kitabını “ər-Rudud van-Nuqud”, yəni rədlər və tənqidlər adlandırmışdır. Həmçinin Əbul-Həsən əl-Əmidi “əl-İhkəm” kitabında ixtilafın ləfzi olduğunu söyləyir. Həmçinin bunun ləfzi ixtilaf olduğunu əz-Zərkəşi “Təşniful-Məsəmi” kitabında əl-Hindi’dən nəql edir. Lakin İbnul-Həcib’in müxtəsərini şərh etmiş Təcuddin İbnus-Subki isə fərqli düşünür. O, səhabənin tərifinə gəldikdə müəlliflə razılaşaraq deyir: “Müəllifin qəbul etdiyi, səhabənin rəvayət etməsə də, (yoldaşlığı) uzun sürməsə də (peyğəmbəri) görən kəs olması görüşü şafiilərdən və digərlərindən olan haqq sahiblərinin görüşüdür.” Amma ixtilafın ləfzi olmasına gəldikdə isə buyurur: “Əvvəl sözü keçən məsələni bunun üzərinə bina etməklə belə bunun ləfzi olmasına gəldikdə isə bunun mübahisəli olması aşkardır.[38] Buradan anlayırıq ki, İbnus-Subki məsələnin ləfzi ixtilaf olması ilə razılaşmır. Bu məsələdə İbnus-Subki haqlıdır, çünki bəzi üsulçuların səhabəyə verdiyi tərifdəki ixtilaf digər məsələlərə də toxunur. Misal üçün əgər desək ki, səhabə peyğəmbərə uzun müddətlik yoldaşlıq etmiş kəslərdir, o zaman gərək Vail bin Hucr kimi hədis rəvayət etmiş və uzun müddət yoldaşlıq etməmiş səhabələrin halını araşdıraq və əgər onların adilliyinə şahidlik edən bir xəbərlə rastlaşmasaq, onları təzkiyyə etmiş adil müsəlmanlar tapmasaq gərək rəvayətlərini rədd edək. Həmçinin bir başqa məsələ səhabələrin mürsəl rəvayətləridir, çünki Ustaz Əbu İshaq əl-İsfərainidən başqa bütün üsulçular, mühəddislər və fəqihlər səhabələrin mürsəllərinin hüccət olduğunu qəbul ediblər, çünki deyiblər ki, səhabə yalnız özü kimi səhabədən rəvayət edir və əgər bəzi üsulçuların tərifini qəbul etməli olsaq o zaman bəzi tabiinin mürsəl rəvayətlərindəki ixtilaf burada da varid olar. Həmçinin onlardan müctəhid olanların görüşü səhabə görüşü olaraq hüccətdir ya yox? Yaxud da səhabələrdə müxalifi bilinməyən görüşlərin hüccət olması məsələsinə də təsir edir. Bunları əz-Zərkəşi “əl-Bəhr əl-Muhit” kitabında zikr etmişdir. Beləliklə də İbnus-Subki’nin və əz-Zərkəşi’nin söylədiyi kimi ixtilaf sadəcə ləfzi deyildir.

İstənilən halda ümmətin böyük əksəriyyəti bəzi üsulçulardan sadir olmuş bu görüşü inkar ediblər. Misal üçün Saləhuddin əl-Alə’i bu görüşü zikr etdikdən sonra deyir: “Bu, qəribə bir görüşdür və Vail bin Hucr, Məlik bin əl-Huveyris, Osman bin Əbil-As və bənzərləri kimi peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına nümayəndəlik şəklində gəlmiş, bir neçə gün qaldıqdan sonra ayrılmış, lakin səhabəlik və (peyğəmbərdən) rəvayət ilə məşhurlaşmış çox səhabəni onlara adil hökmü verməkdən əslən kənara çıxarır.[39] əl-Hafiz İbn Həcər də “əl-İsabə” kitabında deyir: “əl-Məziri’nin sözünə gəldikdə isə alimlər onunla razılaşmayıblar, əksinə bir qrup fəzilət sahibi alimlər ona etiraz ediblər." Daha sonra əl-Alə’nin bu sözlərini zikr edir və buyurur: “Bütün səhabələrə bunu aid etmək görüşü cumhurun açıq sözlərlə ifadə etdiyi görüşdür, mötəbər olan da bu görüşdür.[40] Həmçinin Bədruddin əz-Zərkəşi “Təşniful-Məsəmi” kitabında deyir: “Bu, zəif bir görüşdür və bu görüşdən çıxan nəticə budur ki, Cərir bin Abdilləh, Vail bin Hucr, Müaviyə bin əl-Həkəm əs-Suləmi və (hicri) doqquzuncu ildə və daha sonra Allahın elçisinin – salləllahu aleyhi va səlləm – yanına gəlmiş, onun əlində İslamı qəbul etmiş, yanında bir neçə gün qalmış və sonra qövmünün yanına qayıtmış və ondan hədislər rəvayət etmiş kəslər (səhabəlikdən) çıxarılmalıdır və bu kəslərin səhabə olmasında isə ixtilaf yoxdur.[41]

Hər bir halda əl-Məziri, əl-Qarafi, ət-Təftəzəni kimi üsulçu alimlərdən sadir olmuş bu görüş səhabə məsələsində müxalifət edən şiələr, mötəzililər və xaricilərin bidətini dəstəkləmir, çünki hətta bu görüşün doğru olduğunu söyləsək belə o zaman bu izaha görə Müaviyə, Xalid bin əl-Valid, Amr bin əl-As, əl-Muğira bin Şubə, Səmura bin Cundub, Əbu Hureyra kimi səhabələr də adillikləri isbat olunmuş səhabələr sırasına daxil olurlar. Bu görüşə görə ümumiyyətlə Fəthdən sonra İslamı qəbul etmiş və peyğəmbərə - salləllahu aleyhi va səlləm – yoldaşlıq edən səhabələr də adil və hidayət rəhbəri səhabələrdən sayılırlar. Mərvan bin əl-Həkəm, Busr bin (Əbi) Ərtaat kimilərinin səhabəliyi isə mübahisəlidir.

Yuxarıda qeyd etdiyimiz kimi alimlərimiz bu mövzunu ələ aldıqda mötəzilənin də görüşünü zikr edirlər. Görüşün mötəzililərə aid olduğunu söyləyərək kifayətlənməklə bunun bidət olduğunu, mötəbər olmadığını qəsd edirlər. Lakin sünni alimlərindən böyük hənəfi alimi Əbu Bəkr ər-Razi əl-Cəssas (vəfatı hicri 370) bu məsələdə mötəzililərə müvafiq olub. Əbu Bəkr əl-Cəssas deyir: “Onun “bir səhabi özü kimi bir səhabidən rəvayət edir və onların hamısı rəvayətləri qəbul olunandır” sözünə gəldikdə isə bu, heç də belə deyildir, çünki peyğəmbərin – aleyhissələm – zamanında fasiq olduğuna dair “Sizə bir fasiq bir xəbərlə gələrsə dəqiqləşdirin” sözü ilə Allahın hökm etdiyi səhabi olub və o, əl-Valid bin Uqbə’dir. Həmçinin peyğəmbəri – aleyhissələm – görmüş və ondan sonra adilliklərini düşürəcək əməllər etmiş başqa bir qövm də olub və bu, gizli olan bir şey deyildir.[42] Bu, əl-Cəssas’ın – rahiməhullah – mötəziləyə müvafiq olduğu yeganə görüş deyildir, əksinə bir çox məsələdə onlara müvafiq olub və onlardan bəzilərini burada zikr edirik:

-          əl-Cəssas’a görə Allahın ruzisi yalnız halal olan şeylər üçün işlədilən sözdür, haram olan şeylərə “Allahın ruzisi” deyilməz. İbn Atiyyə təfsirində deyir: “Rizq (ruzi) əhlüssünnətə görə halal və haram olmasından asılı olmayaraq faydalanmağa yararlı olan hər bir şeydir və bu, haramın ruzi olmamasını deyən mötəzilənin görüşündən fərqlidir.[43]

-          əl-Cəssas mötəzili alimləri kimi sehrin bir həqiqi təsirinin olmadığını, həmçinin peyğəmbərin sehrə məruz qalmadığını söyləyir və bu barədə varid olmuş hədisləri uydurma hesab edir. Bu görüş isə mötəzilənin görüşü olaraq məşhurdur. Bəzi alimlər bu görüşü Əbu Hənifə’yə nisbət etsə də Ənvərşah əl-Kəşmiri’nin söylədiyi kimi Əbu Hənifə sadəcə olaraq sehrin maddələrin mahiyyətini dəyişməsi fikrini inkar edib, yoxsa xəstəliyə, zəifliyə səbəb olmaq fikrini inkar etməyib.

-          Allahın axirətdə gözlə görüləcəyini inkar etmişdir və məlumdur ki, bu, mötəzililərin məzhəbidir, əhlüssünnət isə bunu təsdiq edir.

əl-Cəssas’ı əhlüs-sünnət alimlərindən saymaq onun hər görüşünün sünni görüşü olmasını gərəkdirməz. Onun bəzi görüşlərində mötəzili alimlərə müvafiq olması çox təbii haldır, çünki mühit alimə təsir edir və məlumdur ki, əl-Cəssas – rahiməhullah - Əbul-Həsən əl-Kərxi, əl-Həsən bin Əhməd əl-Fərisi, əl-Qadi Əli bin Muhəmməd bin Əbil-Fəhm ət-Tənuxi əl-Əntaki, əl-Qadi Əbu Bəkr Muhəmməd bin Ömər əl-Ci’abi kimi mötəzili fəqihlərdən elm alıb, xüsusilə də Əbul-Həsən əl-Kərxi’nin xas tələbələrindən olub. Ona görə də bəzi səhabələrə münasibətində mötəzili alimlərə müvafiq olması qəribə hal deyildir. Buna görə də tarixçi alim Şəmsuddin əz-Zəhəbi onun haqqında danışarkən deyir: “Deyilib ki, o, etizala meyl edərdi və onun kitablarında Allahın görülməsi və başqa məsələlər kimi buna dəlalət edən dəlillər vardır.[44] Diqqət etmək lazımdır ki, əz-Zəhəbi əl-Cəssas haqqındakı bu fikri üçüncü tərəfdən nəql edir, yəni bu, başqa alimdən varid olmuş rəydir. əz-Zəhəbi də bununla razılaşır və kitablarındakı bəzi görüşlərin buna şahidlik etdiyini söyləyir. Diqqət etmək lazımdır ki, mötəzilənin məzhəbinə meyl etmək ilə mötəzili olmaq eyni deyildir, mötəzilənin məzhəbinə meyl etmək bəzi görüşlərdə ona müvafiq olmaq kimi başa düşülməlidir.

Əlavə edək ki, ömürlərinin sonrakı dövrlərində təsənnün yoluna keçmiş yəmənli zeydi alimləri də bu məsələdə mötəziləyə müvafiqdir. Bunların arasında Muhəmməd bin İbahim ibn əl-Vəzir, Saleh bin Mehdi əl-Muqbili, Muhəmməd bin İsmayıl əs-San’ani kimi alimləri saymaq olar[45] və onların bu görüşdə olmaqları da təbiidir, çünki zeydi şiəsi olublar və sünnilik məktəbinə keçməkləri hər bir görüşdə zeydiliyi tərk etmək anlamına gəlməz.

Mövzunun axırında zikr etməliyik ki, müsəlman üçün razı qaldığımız görüş budur ki, səhabələri mütləq olaraq təzim etmək, onların adilliyini isbat etmək vacibdir. Bundan ötədə ortaya atılan və münaqişəyə səbəb olan məsələlərə girişmək doğru deyildir, bizim zamanımızda faydadan tamamilə ari olan bir işdir. Müsəlmanlar daha faydalı işlərlə məşğul olmalı və ümmətin xeyri üçün çalışmalıdırlar. Bu araşdırmamızı isə daha çox mövzuda deyilmiş görüşlərin mənbələrini tapmaqda digər araşdırma ilə məşğul olan müsəlmanlar üçün bir vasitə kimi dəyərləndirmək olar. Allahdan salamat və afiyət diləyirik. Allahın salamı və salavatı Muhəmmədə, onun pak ailəsinə və şərəfli səhabələrinə olsun!



[1] “əl-İstiyab fi Mərifətil-Əshəb”, 1/19

[2] “əl-İstizkər”, 3/301;

[3] “əl-Kifəyə”, səh: 93-94

[4] “Muqaddimətu İbnis-Saləh”, səh: 294-295;

[5] “ət-Təqrib vat-Təysir”, səh: 92;

[6] “Təfsir əl-Qurtubi”, 16/299;

[7] “əs-Sənən əl-Əbyən”, səh: 131;

[8] “Şərhut-Tibi alə Mişkətil-Məsabih”, 12/3840;

[9] “Muxtəsar Ulumil-Hədis”, səh: 181

[10] “ən-Nukət alə Muqaddiməti İbnis-Saləh”, 1/462;

[11] “əl-İsabə fi Təmyiz əs-Sahabə”, 1/162;

[12] “əl-Hidəyə fi İlmir-Rivayə”, 210-cu sətr

[13] “əl-Ğayə fi Şərhil-Hidəyə”, səh: 233

[14] “Tədrib ər-Ravi”, 2/675;

[15] ”əs-Savaiq əl-Muhriqa”, səh: 208; Doktor Abdulvahhəb Abdullətifin təhqiqi

[16] ”Feydul-Qadir”, 1/263

[17] “Şərh əz-Zurqani aləl-Muvatta”, 2/247;

[18] “əl-Burhən fi Usulil-Fiqh”, 1/631

[19] “Kəşful-Əsrar Şərh Usulil-Bəzdəvi”, 2/384;

[20] “əl-Musəməra fi Şərh əl-Muyəsəra”, 2/158;

[21] “Qavatiul-Ədillə fil-Usul”, 1/342;

[22] “Təhqiqu Munifir-Rutbə limən Səbətə ləhu Şərifus-Suhbə”, səh: 71-72;

[23] Eyni kitab; səh: 73

[24] Bax: səh: 464; Dar əl-Kutubil-İlmiyyə

[25] Bax: 4/300

[26] “Rusumut-Təhdis fi Ulumil-Hədis”, səh: 100;

[27] “əl-Mənhəl ər-Raviy”, səh: 112;

[28] “əş-Şəzə əl-Fəyyəh”, 2/498-499;

[29] “Şərhut-Təbsira vat-Təzkiyyə”, 2/128-129;

[30] “Fəthul-Muğis bi Şərh Əlfiyyətil-Hədis”, 4/98;

[31] “əl-Bəhr əl-Muhit”, 6/188;

[32] “İydah əl-Məhsul”, səh: 482

[33] “əl-Mustasfə”, 2/257-261;

[34] ”Şərh Tənqih əl-Fusul”, 1/360;

[35] ”Şərhut-Təlvih alət-Təvdih”, 2/10;

[36] ”Muxtəsar Muntəhə əs-Sul val-Əməl”, səh: 600

[37] Bax: ”Bəyənul-Muxtəsar”, 1/712-716

[38] ”Raf’ul-Həcib an Muxtəsar İbn əl-Həcib”, 2/403-404;

[39] “Təhqiqu Munifir-Rutbə limən Səbətə ləhu Şərifus-Suhbə”, səh: 74

[40] “əl-İsabə fi Təmyiz əs-Sahabə”, 1/163-164;

[41] “Təşniful-Məsəmi’ bi Cəm’il-Cəvami’”, 2/1043-1044;

[42] “əl-Fusul fil-Usul”, 3/152

[43] “əl-Muharrar əl-Vaciz”, 1/85;

[44] “Siyər Əaləmin-Nubələ”, 16/341;

[45] Bax: İbnul-Vəzir, “Tənqihul-Ənzər fi Mərifəti Ulumil-Əsər”; əl-Muqbili, “Nəcəhut-Talib li Muxtəsar əl-Muntəhə li İbnil-Həcib”; əs-Sanani, “Təvdih əl-Əfkər li Məani Tənqihil-Ənzər” və “Səməratun-Nəzər fi İlmil-Əsər”;