Qazancı haram olanlarla muamələ

Mufti:Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual sahibi, mallarının haram olması yönündə şübhəli olan bəzi kimsələr ilə iş əlaqələri qurmağın hökmü barədə soruşur, çünki onlar banklar və bənzəri yerlər ilə riba üzərində iş görürlər, haram iş kontraktları bağlayırlar və yaxud da insanların mallarını oğurlayanlar və onlara qarşı hiylə işlədənlər və ya halal olmadan beytul-maldan hiylə ilə mal götürənlər  kimi mallarının əslini haram şeylər təşkil edir. Yalnız şəriətə uyğun kontrakt bağlamaq ilə və öz tərəfindən heç bir şübhəli şeyə yaxınlaşmadan belə insanlar ilə iş münasibətləri qurmaq, onlara mal satıb, onlardan mal almaq və onların yanında pul saxlamaq caizdirmi?

Cavab:

Bu, haqqında alimlərin ixtilaf etdikləri bir məsələdir; onlardan bəziləri haramlılıq tərəfini önə keçirib bunu qadağan ediblər; ya təhrim mənasında ya da tənzih mənasında qadağan ediblər. Onlardan bəziləri isə ya mütləq olaraq, ya da ehtiyac üçün bunu mübah sayıblar, lakin onlar hamısı ittifaq edirlər ki, belə şeyləri tərk etmək təqvaya daha uyğundur. Halala qarışmış haramın çoxluğu və azlığından asılı olaraq bunun hökmü yüngül və ağır ola bilər. Bu da sənin üçün bəzi alimlərin bu barədə dedikləri:

İmam əl-Muvaffəq İbn Qudamə “əl-Muğni” kitabında deyir: “Zalım sultan, faizlə pul verən biri kimi malında haram və halal olan bir nəfərdən mal alarsa və satılan şeyin onun halal malından olduğunu bilərsə, aldığı halaldır, əgər haram olduğunu bilirsə, haramdır. Bu ikisindən hansına aid olduğunu bilməzsə, (ondan mal almasını) məkruh sayırıq, çünki haram olması ehtimalı vardır və etdiyi ticarət batil olmur, çünki haram az və ya çox olsa belə (malın) halal olması mümkündür və (məsələdəki) şübhə məhz budur. Haramın çoxluq və azlıq miqdarından asılı olaraq şübhə də böyük və kiçik olur, çünki hədisdə deyilir: “Kim şübhələrdən çəkinərsə, dini və irzi üçün salamat olanı etmişdir və şübhələrə düşən hər kəs harama düşmüşdür. Qorunan bir sahənin ətrafında sürü otaran çoban kimi sürüsü sahəyə hər han girə bilər. Diqqət edin! Hər bir hökmdarın bir qoruğu vardır və Allahın qoruğu Onun haramlarıdır.” Muttəfəqun aleyhi.[1] əl-Buxari’nin rəvayət etdiyi ləfzdə isə deyir: “Şübhəli olan şeyləri tərk edən (haramlığı) aydın olan şeyləri də qətiyyətlə tərk etmiş olur və kim günah olmasında şəkk etdiyi şeylərə cürət edib dalarsa, (günah olması) aydın olan işlərə dalmasına çox az qalmışdır.”[2] Peyğəmbər – salləllahu aleyhi va səlləm – yenə buyurur: “Səni şübhələndirən işləri şübhələndirməyən işlər üçün tərk et!”[3] Bu, (həm də) əş-Şafi’nin məzhəbidir.

Şübhəli işlər üç növdür:

Birinci: əsli haram olan şeylər: məcusilərin və bütpərəstlərin heyvan kəsə bildikləri bir ölkədə kəsilmiş bir heyvan kimi; heyvanı kəsənin müsəlman olması (ehtimalı) mümkün olsa belə həmin heyvanı almaq caiz deyildir, çünki (belə şeylərin) əsli haramdır və (bu haramlılıq hökmü) yalnız yəqin və ya aşkar olan bir səbəblə aradan qalxa bilər. Eynilə həmin ölkədə müsəlmanlar və məcusilər qarışıq halda yaşasalar yenə eyni səbəbə görə (kəsilmiş heyvanı) almaq caiz deyildir. Bu məsələnin kökünü Adiy bin Hatim’in hədisi təşkil edir: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Əgər ov itini göndərsən və Allahın adı çəkilmədən göndərilmiş digər itlərə qarışarsa (tutduqları heyvanı) yemə! Çünki o itlərdən hansının (heyvanı) öldürdüyünü bilmirsən.” Muttəfəqun aleyhi.[4] Lakin əgər belə bir şey İslam ölkəsində olarsa, zahir olan bunun mübah olmasıdır, çünki müsəlmanlar aşkarda satılması halal olmayan şeylərin öz ölkələrində satılmasına razı olmazlar.

İkinci: əsli mübah olan şeylər: nəcasət səbəbilə yoxsa başqa səbəblə dəyişdiyi bilinməyən halı dəyişmiş halda tapılan su kimi, belə su hökm baxımından təmizdir, çünki əsl olan təmiz olmasıdır və yalnız yəqin və aşkar bir səbəb onun təmizliyini aradan qaldıra bilər və bu halda bu iki səbəbdən heç bir yoxdur. Bu məsələnin əsli isə Abdullah bin Zeyd’in hədisidir: Peyğəmbərə - salləllahu aleyhi va səlləm – bir nəfər şikayət etdi ki, o, namazda bir şeylərin gəldiyini güman edir.” (Peyğəmbər) dedi: “Bir səs eşitmədikcə və ya bir qoxu duymadıqca (namazdan) ayrılma.” Muttəfəqun aleyhi.[5]

Üçüncü: Əsli bilinməyən bir şey: malında həm halal, həm də haram olan bir adam kimi, bir az əvvəl dediyimiz səbəblərə görə tərk edilməsi daha yaxşı olan şübhə budur və peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət olunur ki, o, (bir gün) yerə düşmüş bir xurma tapır və deyir: “Bunun zəkatdan olmasından qorxmasaydım yeyərdim.”[6] Bu hədisə də əməl edərək (şübhəli şeyləri tərk etmək daha yaxşıdır) və bu, təqvalı davranmaq növündəndir.

Bəzi alimlər isə dəlil olaraq deyirlər ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – bir yəhudidən yemək aldı.  Öldükdə (ondan aldığı yemək qarşılığına ona verdiyi) zirehi rəhinə olaraq onda qalırdı.[7] Onu dəvət etmiş bir yəhudinin dəvətinə icabət etdi və onun yeməyindən yedi. Allahu Təalə isə xəbər vermişdir ki, onlar (yəni yəhudilər) çoxlu haram mal yeyənlərdəndirlər. Əli’dən – radiyallahu anhu – belə dediyi rəvayət olunur: “Sultanın verdiyi mükafatlar bir problem yoxdur, çünki halal malından verdikləri haram maldan verdiyindən daha çoxdur.”

İmam Əhməd – rahiməhullah – sahib olduğu üç dirhəmdən biri haram olan adam haqqında dedi: “Üçünü də sədəqə versin! Əgər yüz dirhəmə sahibdirsə və onlardan onu haramdırsa, on dənəsini sədəqə versin, çünki bu pulun miqdarı çoxdur, o biri isə az idi. Ona dedilər ki, Sufyan belə deyir: “On dirhəmdən az pula sahib olan hamısını sədəqə verməli, bundan çox olan isə (haram olanları) ayırmalıdır.” (İmam Əhməd) dedi: “Bəli, bundan bir zərər çəkməz.” əl-Qadi dedi: “Bu misallar dəqiq bir miqdar müəyyən etmək məqsədilə deyilməyib, bu sadəcə olaraq seçim yoluyladır, çünki tərkibinə haramı da aldıqdan sonra halal malın çox olması ilə onların hamısından əl çəkmək çətindir. Malın az olması isə fərqli haldır, çünki bu halda malın hamısını (sədəqə kimi) çıxarmaq asandır. Hər iki halda haram miqdarında malın çıxarılmasıdır, beləliklə malın qalan hissəsi onun üçün mübah olur. Bunun səbəbi budur ki, (malın o hissəsinin) haram olması (həmin hissənin) özünün haram olmasına görə deyildir, bu, yalnız həmin malda başqasının haqqının olmasına görədir. Əgər onun qarşılığını çıxararsa, haramlılıq hökmü malda götürülmüş olur. Necə ki, malın sahibinin yanında olub (ona aid olan malın) qarşılığının verilməsinə razı olması bunun misalıdır. Bu zaman az olması ilə çox olmasının hökmü eynidir. Lakin təqvalı davranış isə haram olan malın özünün çıxarılmasına əmin olmağı tələb edir, belə bir şey isə yalnız malın hamısının çıxarılması ilə baş tuta bilər, lakin çox miqdar malda bunun edilməsi ağır olduğu üçün bu ağırlığa görə tərk olunmuş və yalnız vacib olan miqdar ilə kifayətlənilmişdir.[8] Sonra insanların fərqlənməsilə məsələ də fərqlənir. Elə insan ola bilər ki, az sayda dirhəmi olsun, lakin o pullara ehtiyacı olduğu üçün (pulların hamısını) çıxarmaq ona ağır gələ bilər. Eləsi də var ki, malı çoxdur və malına ehtiyacı yoxdur, malın hamısını çıxarmaq ona asan gəlir.” (İbn Qudamənin sözləri) müxtəsər olaraq burada bitdi.[9]

əl-Hafiz İbn Rəcəb “Camiul-Ulum val-Hikəm” kitabında ən-Nu’man bin Bəşir’in – radiyallahu anhu – hədisi haqqında danışmışdır. “Halal aydındır, haram da aydındır və bunların arasında şübhəli məsələlər vardır ki, insanların çoxu bunları bilmir və hər kim bu şübhələrdən çəkinərsə dini və irzi üçün salamat olanı etmişdir, şübhələrə düşən isə harama düşmüşdür...” Muttəfəqun aleyhi. Bu hədisin şərhində deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – və səhabələr kitab əhli və müşriklərin  haramın hamısından uzaq olmadıqlarını bildikləri halda onlarla müamələ edirdilər. Əgər məsələ qarışıq olarsa artıq bu, şübhədir və onu tərk etmək təqvalı davranmaqdır. Sufyan dedi: “Bunu xoşlamıram, belə şeyləri tərk etməsini xoşlayıram.” əz-Zuhri və Məkhul dedi: Özlüyündə haram olduğunu bilmədiyi bir şeydən yeməsində bir problem yoxdur, beləliklə malının içində haram malın məhz özünün hansı olduğu bilinməzsə, malda şübhə olduğu bilinər və bu maldan yeməkdə bir problem yoxdur. Hənbəlin rəvayətində Əhməd bunu açıq sözü ilə ifadə etmişdir. İshaq bin Rahaveyh bu barədə rüxsət olması haqqında İbn Məsud, Salman və bu ikisindən rəvayət olunan görüşü və ribadan və qumardan ödənilən maldan götürməyin mübah olması haqqında əl-Həsən və İbn Sirin’dən rəvayət olunan görüşü qəbul etdi. Bunu ondan İbn Mənsur rəvayət edir.

Halalı haramla qarışmış bir mal haqqında İmam Əhməd dedi: “Əgər mal çox olarsa, haramın miqdarını oradan çıxarmalıdır və malın qalın hissəsində öz istədiyi kimi davranar. Əgər mal azdırsa hamısından uzaq olsun! Səbəbi isə budur ki, az miqdarda bir mal haramdan bir şeyi öz tərkibinə alarsa, bu halda haram maldan salamat olmaq çox çətindir. Malın çox olması isə fərqlidir. Əshabımızdan elələri var ki, bunu haramlılıqla yox, müsəlmanın təqvalı davranışı ilə əlaqələndiriblər və onlar malın həm çoxunda, həm də azında haram malın miqdarı çıxarıldıqdan sonra sərbəst olaraq qalan maldan istifadə etməyi mübah görüblər. Bu isə hənəfilərin və digərlərinin görüşüdür və aralarında Bişr əl-Hafi kimi bir zat olan təqva əhlindən bəziləri də bu görüşdə olublar.

Sələfdən bir qrup malında haram olduğu bilinən bir nəfərin yeməyini – haram malın özünün hansı olduğu bilinmədiyi təqdirdə - yeməyə rüxsət veriblər, necə ki, bu görüşün əz-Zuhri və əl-Məkhul’dan rəvayət edildiyi bir az əvvəl zikr olundu. Bunun eynisi əl-Fudeyl bin İyad’dan da rəvayət olunub. Bu barədə sələfdən əsərlər rəvayət olunub və İbn Məs’uddan səhih olaraq rəvayət olunub ki, aşkarda riba yeyən və murdar bir malı götürməkdən sıxıntı keçirməyən bir qonşuya sahib olan bir adam haqqında və qonşusunun onu yeməyə dəvət etməsi haqqında ondan soruşdular. Dedi: “Onun dəvətinə icabət edin, çünki yeməyin faydası sizə, günahı isə onun boynunadır.”[10] Bir başqa rəvayətdə isə deyirlər: “(Qonşunun) murdar və haram şeyindən başqa bir şeyi olduğunu bilmirəm.” (İbn Məs’ud) dedi: “Ona icabət edin!” İbn Məs’ud’dan gələn bu rəvayəti İmam Əhməd səhih sayıb, lakin onun bu sözləri qarşısında ondan rəvayət olunan “qəlbləri ən çox yaran günahdır”[11] sözləri ilə cavab vermişdir.

Salman’dan da İbn Məs’udun birinci sözünün eynisi rəvayət olunub.[12] Həmçinin Said bin Cubeyr, əl-Həsən əl-Basri, Muvarriq əl-İcli, İbrahim ən-Nəxai, İbn Sirin və başqalarından da rəvayət olunub. Bu barədəki əsərlər Humeyd bin Zəncəveyh’in “əl-Ədəb” kitabında, bunlardan bəziləri əl-Xalləl’in “əs-Sünnə”, Abdur-Razzaq’ın və İbn Əbi Şeybə’nin “əl-Musannəf” adlı əsərlərində və digər kitablarda mövcuddur.

Bir şeyin özünün haram olduğu, haram yolla əldə edildiyi bilindiyi zaman onu istifadə etmək haram olur. Bu barədə icma olduğunu İbn Abdil-Bərr və başqaları rəvayət ediblər. İbn Sirin’dən ribadan qazanan bir adam haqqında (yəni onun qazancından yemək barədə) soruşdular və dedi: “Bir problem yoxdur.” Qumardan qazanan bir adam haqqında soruşuldu və dedi: “Bir problem yoxdur.” Bunu əl-Xalləl səhih bir isnad ilə rəvayət edib. əl-Həsən’dən isə bunun əksi rəvayət olunub və o deyib: “Sözsüz ki, bu qazanclar pozulmuşdur, ondan sanki məcbur olmuş biri kimi götürün.”

İbn Məs’ud və Salman’dan rəvayət olunmuş xəbərin qarşısında Əbu Bəkr’dən – radiyallahu anhu – rəvayət olunan xəbər durur, beləki ondan rəvayət olunur ki, o, bir yemək yedi və ona yeməyin haram olduğunu xəbər verdilər və dərhal yediyini qusdu.” (İbn Rəcəb’in sözləri) müxtəsər olaraq bitdi.[13] Doğrusunu Allah bilir.

Şəmsud-Din bin Muflih “əl-Ədəb əl-Kubra” adlı ilə məşhur olan “əl-Ədəb əş-Şər’iyyə val-Minəh əl-Mər’iyyə” adlı kitabında deyir: “[Fəsl: nəcasətlər kimi malın halallığı və haramlığı yönündə görüşlərin fərqləndiyi şeylərdə muamələ] Əgər bir nəfər ixtilaflı bir yol ilə mal qazanarsa, misal üçün haqqında ixtilaf edilmiş satış və icarələr yolu ilə mal qazanarsa, bunun haram olduğuna etiqad edən birinə onunla həmin malla muamələdə olması caizdirmi? Ən doğrusu budur ki, bu, haramlığını bilmədiyi şeydə caizdir, çünki bu əqdlər kafirlərin alkohollu içkilər satmaqlarından pis deyildir, bununla belə bizə bu əqdlərin qəbul olunmasına görə qiymətləri əsasında onlarla muamələ etməyimizə icazə verilib, o zaman müsəlmanın ictihadının və təqlidinin qəbul olunması daha caizdir, çünki əgər müsəlman bunun caiz olduğuna etiqad etsə və bir mal alsa, həmin mal onun haqqına nisbətdə bağışlanılmış sayılır. Həmin malın ondan miras və ya bəxşiş və ya hədiyyə və ya başqa yolla başqa birinə keçməsi də eyni hökmdədir. İbn Məs’uddan – radiyallahu anhu – rəvayət olunan “sənə yeməyin faydası, ona isə günahı düşür” şəklindəki sözləri də buna uyğun izah olunmalıdır. Əgər ölmüş biri ixtilaflı yollarla muamələ etmişdisə, ondan miras alınmış mal haqqında bu cür fətva verdim və mirasdan verilmiş hədiyyənin qəbul edilməsi də eyni hökmdədir. Eynilə bəzi cinayətlərində təvil edən sultanın verdiyi hədiyyəni qəbul etmək də bunun kimidir. Mala sahib olacaq kəs əgər ictihad edərək və ya təqlid edərək bir ticarətdən aldığı malı əlinə aldıqdan sonra həmin malın haram olduğu ortaya çıxarsa, xitab insana çatmadan öncə hökmün isbatı məsələsinə və dəvə ətindən dəstəmaz almadan namaz qılmış birinin və ya dəvə tövləsində namaz qılmış birinin namazını yenidən qılması məsələsinə binaən bu barədə iki rəvayət gəlmişdir.

Bunların hamısında namazını yenidən qılmağın vacibliyi və (xitabdan öncə) haram olmaması görüşünə üstünlük verdim. Burada belə də deyilə bilər ki, onun kəsb elədiyi malı qəbul etməsi onun üçün malı başqasından götürməsi kimidir.” Sitat müxtəsər olaraq bitdi.[14] Doğrusunu Allah bilir.

 Mənbə:

“Fətava İbn Aqil”, 2/294-300; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000


[1] əl-Buxari (52); Muslim (1599)

[2] əl-Buxari (2051)

[3] Əhməd (1/200); ən-Nəsai (8/327); ət-Tirmizi (2520); əl-Hakim (4/99); ət-Tayəlisi (1178)

[4] əl-Buxari (175); Muslim (1929)

[5] əl-Buxari (137, 177, 2056); Muslim (361)

[6] əl-Buxari (2055, 2431); Muslim (1071)

[7] əl-Buxari (2068, 2916); Muslim (1603); Lakin ölüm halını qeyd etmirlər.

[8] Bunu sadə bir misal ilə izah edək. Təsəvvür edib ki, bir insan hiylə və zülm yolu ilə başqasının malını əlinə keçirir və əlinə keçirdiyi mal 50 dirhəmdir, adamın özünün isə 200 dirhəm pulu vardır. Başqasına aid olan məhz həmin əlli dinarı digər dinarlardan ayırd etmək mümkün deyildir, ona görə də vacib olan əlli dinarın miqdarını çıxarmaqdır. Halbuki, haram olan məhz həmin 50 dinardan qurtulmaq təqvaya daha uyğundur və o pullardan yalnız bir yolla qurtulmaq olar və o, bütün pulları sədəqə verməklə mümkündür. Lakin malın miqdarı çox olduğu üçün belə bir şey tələb edilməmişdir, lakin az miqdarda mala daha da az miqdarda haram mal qarışarsa, malın hamısını çıxarmaq lazımdır.

[9] Bax: “əl-Muğni”, (6/373-376); Dar Hicr

[10] Abdur-Razzaq, “əl-Musannəf” (8/150)

[11] Bunu ət-Tabərani “əl-Mucəm əl-Kəbir”də (8748, 8749) rəvayət edir.

[12] Abdur-Razzaq, “əl-Musannəf”, (8/150)

[13] “Camiul-Ulum val-Hikəm”, 1/200-202

[14] “əl-Ədəb əş-Şər’iyyə val-Minəh əl-Mər’iyyə”, 3/295

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?