Pişiyin artığı təmizdir

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Evimizdə bizimlə yaşayan bir pişiyimiz var və bizim qablarımızdan çox tez-tez su içir və yemək yeyir və orada yemək artığı qaldıqda onu dili ilə yalayır. Pişik təmizdirmi və onun tüpürcəyi təmizdir yoxsa murdardır? Belə ki, o, murdar yerin tör-töküntülərindən yeyir və insan nəfsi bu səbəbə görə bunu xoşlamır.

Cavab:

Pişik təmizdir və artığı da təmizdir, əgər bir qabdan içərsə və ya oradan yemək yeyərsə və qabda sudan və ya yeməkdən bir şeylər qalarsa təmizdir, məkruh deyildir. Bu barədə hədislər gəlib və fəqihlər – rahiməhumallah – bunu kitablarında qeyd ediblər.

Dörd “əs-Sünən” kitablarının müəllifləri Kəbşə bint Ka’b bin Malik – və o, Əbu Qatadə’nin oğullarından birində ərdə idi – vasitəsilə rəvayət edirlər ki, Əbu Qatadə - radiyallahu anhu – onun yanına gəldi və (Kəbşə) onun üçün (bir qaba) dəstəmaz suyu tökdü, bu zaman bir pişik gəldi və o sudan içdi. (Əbu Qatadə) onun suyu içməsi üçün qabı əydi. Kəbşə dedi: “Mən ona baxıb durdum və o, (bunu görüb) dedi: “Ey qardaşım qızı, təəccüblü gəldimi?” Dedim: “Bəli!” Dedi: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “O, murdar deyildir, onlar ətrafınızda dövr edən xidmətçilərdir.”[1]

(Hədisdəki) “tavvafun” xidmətçi oğlanlar və “tavvafat” xidmətçi qızlardır və peyğəmbər – salləllahu aleyhi va səlləm – onları Allahu  Təalənin “onların ətrafında həmişə cavan oğlanlar olacaqlar” sözlörindəki qulluqçularla bir səviyyədə tutmuşdur.

Buna görə də İbrahim ən-Nəxai deyir: “Pişik sadəcə olaraq ev əhlindən biridir.” Bunu bu şəkildə əz-Zəməxşəri rəvayət edib.

İbn Əbi Ömər “əl-Muqni” kitabına yazılmış “əş-Şərh əl-Kəbir”də[2] - və bu kitab “əl-Muğni” ilə birlikdə çap olunub - deyir: “Pişiyin və yaradılış şəklində pişikdən kiçik olan dələ, siçan və torpaq həşəratlarından olan onlara bənzər heyvanların artığı təmizdir. Bu cür sudan içməyin, onunla dəstəmaz almağın caiz olmasında və məkruh olmamasında məzhəbdə hər hansı bir ixtilafın olduğunu bilmirik. Bu, səhabədən, tabiindən və onlardan sonra gələnlərdən ibarət elm əhlinin əksəriyyətinin görüşüdür və Əbu Hənifə istisnadır, çünki o, pişiyin artığı ilə dəstəmaz almağı məkruh saymışdır, lakin əgər belə sudan dəstəmaz alınarsa keçərli olar.

Bunun məkruhluğu həm də İbn Ömər’dən, Yəhya əl-Ənsari’dən və İbn Əbi Leyla’dan rəvayət olunub və Əbu Hureyra demişdir: “Bir və ya iki dəfə yuyulmalıdır.” Bu, həm də İbnul-Musəyyəb’in görüşüdür və bunun bənzəri əl-Həsən və İbn Sirin’ə aiddir, çünki Əbu Davud peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət edir: “Əgər pişik qabı yalayarsa bir dəfə yuyun!”[3] Tavus isə dedi: “Köpəkdə olduğu kimi yeddi dəfə yuyulmalıdır.” Bizim dəlilimiz isə Kəbşə bint Ka’b bin Malik’dən rəvayət olunan hədisdir...” sonra hədisi yuxarıda olduğu kimi gətirdi və sonra dedi: “(Hədis) mətni ilə pişiyin artığının məkruh olmamasına və bunu səbəbə bağlamaq ilə ətrafımızda dövr edən pişikdən başqa heyvanların da (artığının) məkruh olmamasına dəlalət edir. Aişədən belə dediyi rəvayət olunur: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “O, murdar deyildir, sadəcə olaraq o, sizin ətrafınızda fırlanan xidmətçilərdəndir.” Allahın Elçisini – salləllahu aleyhi va səlləm – onun artığı ilə dəstəmaz alarkən gördüm.” Bunu Əbu Davud rəvayət edib[4]. Bizim (dəlil olaraq) gətirdiyimiz hədis səhih və məşhur olmaqla bərabər onların gətirdikləri hədisdə pişiyin murdar olmasını göstərən heç bir aydın söz yoxdur.

Əgər pişik murdar şeylər yeyərsə və sonra (bir müddət) gözdən itdikdən sonra mayedən içərsə, həmin maye təmizdir, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – onun murdar şeylər yeməsini bilməklə bərabər murdar olmasını inkar edib və onun artığı ilə dəstəmaz alıb. Əgər gözdən itmədən əvvəl içərsə, əl-Qadi (Əbu Yalə) və İbn Aqil dedi: “(Maye) murdar olur”, çünki üzərinə yəqin bir nəcasət düşmüş bir mayedir.

Əbul-Həsən əl-Amidi isə dedi: “Əshabımızın sözlərinin zahiri mənası budur ki, maye təmiz olmalıdır, çünki hədis qeydsiz-şərtsiz pişiyin artığından belə şeylərin əfv olunduğunu göstərir və bunu belə şeylərdən qorunmağın mümkün olmaması səbəbinə bağlamışdır. Üstəlik biz pişiyin ağzını təmizləməsi üçün çoxlu miqdarda suya rast gəlməsi ehtimalı olmayan bir yerdə gözlərdən itdikdən sonra (gəlib içdiyi suyun artığının) təmiz olduğuna hökm etdik və əgər bu da bir ehtimaldırsa o zaman bu da elə bir şəkk sayılır ki, bununla yəqinliklə bildiyimiz murdarlıq hökmü aradan qalxmaz. Beləliklə pişiyin təmizliyini onun murdarlıqlarının əfv olunması halına aid etmək lazımdır və bu, pişiyin gözlərdən itmədən əvvəlki halına da aiddir.”[5] Sitatın sonu.

Mənbə:

“Fətava İbn Aqil”, 1/107-109; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000


[1] Bunu Əhməd (5/303) və Malik (13) rəvayət edir və Malik’in rəvayət yolu ilə Əbu Davud (75), ən-Nəsai (1/55) və başqaları rəvayət edirlər. Bunu ət-Tirmizi (92), İbn Macə (367) və əl-Hakim (1/159-160) səhih sayıblar. əl-Hakim dedi: “Bu hədis Malik’in səhih hesab etdiyi və “əl-Muvatta” kitabında dəlil gətirdiyi hədislərdən biridir.” Bunu həmçinin ən-Nəvəvi, əl-Beyhəqi və başqaları səhih sayıblar. Bu hədis Humeydə bint Əbi Ubeydə bin Fərva və onun xalası Kəbşə bint Ka’b bin Malik’in tanınmayan ravilər olması ilə illətli sayılıb, lakin hədisin başqa rəvayət yolları da mövcuddur. Bax: “əl-İrva” (173) və “ət-Təlxis” (1/41)

[2] (1/345-346)

[3] Əbu Davud “əs-Sünən”də (72) rəvayət edir. Bunu Əbu Hureyra’dan məvquf olaraq rəvayət etmiş və peyğəmbərə - salləllahu aleyhi va səlləm – qədər qaldırmamışdır.

[4] Əbu Davud (76) rəvayət edib və isnadında tanınmayan ravi vardır. Lakin Kəbşə’nin hədisi olduğu üçün bu hədisə ehtiyac qalmır və Kəbşə’nin hədisini bir çox hafiz səhih sayıb.

[5] Bu müzakirəni qısa və sadə dildə izah etməli olsaq belə deməliyik ki, alimlərin çoxu pişiyin təmiz olduğunu və artığının da təmiz olduğunu deyiblər və bunun dəlilləri yuxarıda zikr olunub. Lakin biz həm də bilirik ki, pişiklər murdar şeylər də yeyirlər və bunu bildiyimiz halda pişiyin içdiyi su necə murdar olmaz? Yəni, az miqdarda suya nəcasət düşdükdə suyun murdar olduğunu deyirik, o zaman nə üçün pişiyin içdiyi su təmiz olaraq qalır. Buna görə də hənbəli alimlərindən əl-Qadi Əbu Yalə və İbn Aqil iki hal arasında fərq qoyublar. Birinci halda pişik murdar bir şey yeyir, sonra gözlərdən itir və harasa gedir, daha sonra gəlir və sudan içir; bu halda əl-Qadi və Əbu Yalə digər hənbəli alimləri kimi onun içdiyi su artığının təmiz olduğunu deyiblər və onlar deyirlər ki, pişik gözdən itdikdən sonra onun ağzında nəcasətin qaldığını yəqinliklə bilmirik, yəni ağzının nəcis olmasında şəkk vardır. Sudan içmədən əvvəl isə suyun təmiz olmasında yəqinlik var və qaydaya əsasən şəkk yəqinliyi aradan qaldıra bilməz. Lakin əgər pişik murdar bir şey yeyərsə və sonra gözdən itmədən əvvəl sudan içərsə, həmin su murdar olar, çünki bu dəfə ağzının nəcis olduğu yəqinliklə bilinir və suya düşdüyü üçün su da nəcis olur. əl-Amidi isə buna etiraz edir və deyir ki, pişiyin nəcasətlər yeməsini peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – bilirdi, bununla belə onun içdiyinin təmiz olduğunu deyib və özü də ondan dəstəmaz alıb, çünki bunun səbəbi budur ki, pişiklər daima insanların ətrafında yaşadıqları üçün onların sudan içməklərindən qorunmaq mümkün deyildir, buna görə də şəriət bu halı müsəlmanlar üçün bağışlamışdır. Üstəlik pişik gözdən itmədən əvvəl biz bilirdik ki, onun ağzında nəcasət var idi və pişiyin harasa gedib ağzını təmizləyəcək qədər su tapdığını da yəqinliklə bilmirik, beləliklə daha əvvəl ağzının nəcis olduğunu bilirik, ağzının sonra təmizləndiyində şəkk edirik və şəkk yəqinliyi aradan qaldırmaz. Deməli gözdən itməsindən əvvəl və ya sonra arasında bir fərq yoxdur və bu hənbəli alimlərinin çoxunun görüşüdür.”

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?