Qız və oğlan uşaqlarının sidiklərinin hökmü

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Hədisdə oğlan uşağının (ğulam) sidiyinə su sıçradılmalı (nədh), qız uşağının (cariyə) sidiyinin isə yuyulmalı olduğunu eşitmişik, hədis səhihdirmi? “Nədh”in mənası nədir? Onunla yumaq arasındakı fərq nədir və oğlan uşağının sidiyi ilə qız uşağının sidiyi arasında fərq qoymağın hikməti nədir?

Cavab:

“Ğulam” yeməyi iştahaya görə yeməyən südəmər kiçik oğlan uşağıdır. “Cariyə” isə kiçik qız uşağıdır. Oğlan uşağının sidiyini təmizləmək “nədh” ilə olur və “nədh” su öz yerindən ayrılmasa belə suyu sıçratmaq və tökmək ilə olur. Onun qusmağı da sidik kimidir, hətta daha xəfifdir və su sıçratmaq ilə təmizlənməsi daha münasibdir. Lakin qız uşağının sidiyi və qusmağı, böyük insanın sidiyi və qusmağı kimi yuyulmalıdır.

Sizin zikr etdiyiniz hədis səhihdir; iki “əs-Sahih” kitabında, sünən və müsnəd kitablarında Umm Qeys bint Mixsan vasitəsilə sabit olmuşdur ki, “o, yemək yeməyən az yaşlı oğlu ilə peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəldi və (uşaq peyğəmbərin) paltarında işədi. Peyğəmbər – salləllahu aleyhi va səlləm – su gətirilməsini istədi və suyu sıçratdı, o yeri yumadı.”[1]

Əli bin Əbi Talib’dən – radiyallahu anhu – rəvayət olunur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Südəmər oğlan uşağının sidiyinə su sıçradılmalıdır, qız uşağının sidiyi isə yuyulmalıdır.”[2]

Qatadə dedi: “Bu, yemək yemədikləri müddətə aiddir, əgər yemək yeyirlərsə hər ikisində də yuyulmalıdır.” Bunu İmam Əhməd və ət-Tirmizi rəvayət edib və (ət-Tirmizi) dedi: “Hədis həsəndir.” Bunu həm də əl-Hakim səhih sayıb və deyib: “Bu, əl-Buxari və Muslimin şərtlərinə uyğundur.”

Ummul-Fədl’dan belə dediyi rəvayət olunur: “əl-Hüseyn bin Əli peyğəmbərin – salləllahu aleyhi va səlləm – qucağında işədi və dedim: “Ey Allahın Elçisi! Paltarını mənə ver və onu yuyana qədər ondan başqasını geyin!” Buna qarşılıq buyurdu: “Erkəyin sidiyinə görə yalnız (su) sıçratmaq lazımdır, dişinin sidiyinə görə isə yumaq lazımdır.” Bunu Əhməd və Əbu Davud rəvayət edib və əl-Hakim dedi: “Bu, səhihdir.”[3]

Bu məsələdə başqa hədislər də mövcuddur; bunları İbnul-Qayyim “Tuhfətul-Məvdud”da zikr etmiş və demişdir: “Bu hədislərin dəstəklədiyi görüş hədis əhli və fəqihlərdən ibarət alimlərin əksəriyyətinin görüşüdür, lakin onun süd əmən uşaq olması və yeməyi iştaha səbəbi ilə yeməməsi şərtdir, çünki əgər yeməyi iştaha səbəbi ilə yeyərsə sidiyinin hökmü böyüklərin sidiyinin hökmü kimi olur.” Sonra İbnul-Qayyim dedi: “Oğlan uşağı ilə qız uşağını bəzi fərqlər ayırır:

Birinci: Oğlan uşağının sidiyi ora bura dağılır və yayılır, lakin qız uşağının sidiyi isə bir yerə tökülür, ona görə də yuyulması çətin olmur. İkinci: qız uşağının sidiyinın qoxusu oğlan uşağının sidiyindən daha kəskindir, çünki erkəyin hərarəti daha güclüdür və bu, sidiyin yetişməyinə və qoxusunun azalmasına təsir edir. Üçüncü: oğlan uşağı qız uşaqlarına nisbətdə daha çox qucaqlarda daşınılır, çünki müşahidənin göstərdiyi kimi qəlblər oğlan uşaqlarına daha tez bağlanır. Beləliklə əgər bu fərqlər doğrudursa (bunu nəzərə almaq lazımdır), əks təqdirdə sünnətin qoyduğu fərqə əsaslanmalıyıq.”[4]

“Kəşşəful-Qina” kitabında deyilir ki, “bəzi alimlər zikr edirlər ki, oğlan uşağının yaradılışının kökü su və torpaqdan gəlir, qız uşağının yaradılışının kökü ət və qandan gəlir. Bunu İbn Macə “əs-Sünən”də[5] ifadə etmişdir və bu, qəribədir.”[6] Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/99-101; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000


[1] əl-Buxari (223, 5692); Muslim (287)

[2] Əbu Davud (378); ət-Tirmizi (610); İbn Macə (525); Əhməd (1/76); əl-Hakim (1/165-166); ət-Tirmizi dedi: “Həsən səhihdir.” əl-Hafiz İbn Hacər “Təlxisul-Həbir”də (1/38) deyir: “İsnadı səhihdir, lakin hədisin mərfu yoxsa məvquf olmasında və məvsul yoxsa mursəl olmasında ixtilaf edilib. əl-Buxari (bu şəkildə) səhih olmasında üstünlük verib və əd-Dəraqutni də eyni fikirdədir.”

[3] Əhməd (6/339-340); Əbu Davud (375); əl-Hakim (1/166)

[4] ”Tuhfətul-Məvdud bi Əhkəmil-Məvlud”, səh: 147-148; Məktəbətul-Quran, Qahirə, 1408/1987

[5] “əs-Sünən”də təharət babında (1/175; rəq: 77) keçir. Bu, sözlər həqiqətdə İmam əş-Şafi’dən qaynaqlanır və İbn Macə əslində bu sözləri öz kitabında qeyd etmir. Sadəcə olaraq bunu Əbul-Həsən əl-Qattan onun “əs-Sünnə” kitabına əlavə edib. Bunun üçün “Ziyadət Əbil-Həsən əl-Qattan alə Sünən İbn Macə” kitabına (səh: 52) baxın.

[6] əl-Buhuti, “Kəşşəful-Qina anil-İqna”, 1/447; Vazəratul-Adl fil-Məmləkətil-Arabiyyətis-Suudiyyə, birinci nəşr: 1421/2000

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?