Gips və sarğıya məsh çəkmək

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual verən barmağını yaralamış biri haqqında soruşur: həkimin yanına gedib, həkim onun üzərində cərrahi əməliyyat edib. Tikib və həmin yerin üstünə dəva və sarğı qoyub və deyib: “Bu yeri suya vurmamalısan və yalnız üç gündən sonra aça bilərsən!” Əgər dəstəmaz almalı olsa (sarğının) üstünə məsh çəkmək və ya əvəzində təyəmmüm almaq keçərlidirmi?

Cavab:

Yaraya gəldikdə həkimin dediyini izləməsi lazımdır və bunda heç bir problem yoxdur. Barmağını suya vurmamalı və həkimin nəzarəti olmadan (sarğını) açmamalıdır!

Dəstəmaza gəldikdə isə əgər (yaranın) üstünə (mikroblardan) təmizləyici dərman qoyublarsa, dərman və sarğı yalnız yaranın özünü və gərəkli olan miqdarda yeri tutursa, heç bir (gərəksiz) əlavə sarğı olmazsa[1], o zaman onun haqqında məşru olan/vacib olan (sarğının) üzərinə bir dəfə məsh çəkməkdir, beləliklə qolunu yumaq növbəsi gəldikdə sarğının üzərindən onun hər yerinə məsh çəkməlidir. Bu, ona kifayət edir və təyəmmümə ehtiyac yoxdur.

Lakin əgər (yaranın) üzərinə qoyulmuş dərmanlar və sarğının tutduğu yer gərəkli olan miqdardan böyükdürsə, imkan olduğu təqdirdə sarğını çıxarmalıdır. Əgər hər hansı bir zədə və ya zərər və ya iltihab və ya (yaranın) sağalmasının gecikməsindən qorxarsa (sarğını) çıxarmamalıdır. Bu zaman qolunun açıq hissəsini yumalı və (sarğının yalnız yara üçün) gərəkli olan hissəsinin üzərindən su ilə bir dəfə məsh çəkməlidir, su ilə (həmin hissənin) hər bir yerinə məsh çəkməlidir və (sarğının) gərəkli olan yerdən artıq qalan hissəsi üçün təyəmmüm almalıdır. Beləliklə bu zaman yumaq, məsh çəkmək və təyəmmüm etməyi bir arada toplamış olur. Bu dediklərimiz (insan) təharətli olarkən sarğının qoyulduğu hala aiddir. Əgər təharətli olmadan qoyulubsa məzhəbin məşhur görüşünə əsasən heç bir məsh etmək lazım deyildir, yalnızca (sarğı bağlanan yerin) əvəzinə təyəmmüm edilməlidir və bu zaman (sarğının) gərəkli olan miqdarda bağlanması ilə əlavə yer tutacaq qədər bağlanması arasında heç bir fərq yoxdur.

İmam Əhməddən gələn digər rəvayətə görə sarğı üçün ondan əvvəl kamil bir təharətin edilməsi şərt deyildir. Bu rəvayətə İbn Aqil, iki şeyx: əl-Muvaffəq (İbn Qudamə) və əl-Məcd (İbn Teymiyyə)[2] və əş-Şeyx Taqiyyud-Din (İbn Teymiyyə) üstünlük veriblər. Doğru olan da budur[3] və buna şeyximiz İbn əs-Sa’di üstünlük vermişdir, beləliklə onun üzərinə məsh çəkməlidir və bu zaman (sarğının) təharətli halda qoyulması ilə qeyri-təharətli halda qoyulması arasında fərq yoxdur, eləcədə bunda böyük natəmizlik ilə kiçik natəmizlik arasında bir fərq yoxdur. Üstəlik bir gün və bir gecə və ya üç gün davam etməsi şərt deyildir, əksinə yara sağalana qədər davam edir.

Beləliklə bütün bunlardan bizə hasil olur ki, sarğı və bənzəri əşyaların üç halı vardır:

Birinci hal: Su ilə üzərinə məsh çəkmək və heç bir təyəmmüm etməmək.

İkinci hal: (Sarğının) əvəzində təyəmmüm etmək və su ilə məsh çəkməmək.

Üçüncü hal: Məsh ilə təyəmmümü birlikdə etmək.

Yalnız məsh çəkmək, (sarğının) kamil bir təharətdən sonra qoyulması və (sarğının) gərəkli olan həddi aşmaması halına aiddir.

Yalnız təyəmmüm etmək isə (sarğının) dəstəmazlı olmadan qoyulduğu hala aiddir ki, bu zaman (sarğının) gərəkli həddən böyük olması ilə olmaması eynidir, belə ki bu surətdə heç bir fərq yoxdur, çünki (sarğı) dəstəmazsız olaraq qoyulmuşdur.

Lakin məsh ilə təyəmmümü birlikdə etmək isə (sarğının) dəstəmazlı olduğu halda qoyulması, lakin gərəkli həddən böyük olması halına aiddir. Belə halda (sarğının yara üçün) gərəkli olan hissəsi boyda yerə məsh çəkməli, bundan əlavə hissələri (yumağın) qarşılığı olaraq təyəmmüm etməlidir. Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/135-137; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000


[1] Yəni, bəzən sarğını yaranın miqdarından və ya yaranın ehtiyac duyduğu miqdardan çox bağlayırlar. Bu iki hal arasında fərq vardır və əgər sarğı gərəkli olan həddən çox bir hissəni örtürsə bunun üçün fərqli hökm vardır.

[2] Hənbəli kitablarında “iki şeyx” deyildiyi zaman Muvaffəqud-Din İbn Qudamə əl-Maqdisi ilə Məcdud-Din İbn Teymiyyə qəsd olunur. Məcdud-Din İbn Teymiyyə - rahiməhullah – Şeyxul-İslam İbn Teymiyyənin babasıdır.

[3] Aydın olur ki, bu, həmçinin Şeyx Abdullah ibn Aqil əl-Hənbəlinin də görüşüdür. Lakin məzhəbin məşhur görüşünü şeyx daha əvvəl qeyd etdi və fətva məzhəbin məşhur görüşünə uyğun verilir.

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?