Kitablardan qeydlər

Bu bölmədə mütaliə etdiyimiz və araşdırdığımız kitablardan faydalı qeydlər yer alacaq.

Müsəlmana vacib olan ilk vacib

Alləmə Əhməd Zərruq əl-Burnusi  (846-899) deyir:

قال الشيخ الإمام العالم الرباني أبو محمد بن أبي جمرة – رضي الله عنه - : "ونقل الباجي عن شيخه السمناني أن القول بأن أول الواجبات النظر والاستدلال مسألة من الاعتزال بقيت في المذهب على من اعتقدها"

əş-Şeyx, əl-İmam, rabbani alim Əbu Muhəmməd bin Əbi Cəmra – radiyəllahu anhu – dedi: “əl-Bəci öz şeyxi əs-Səmnəni’dən nəql etdi ki, (müsəlmana) vacib olan şeylərin ən birincisinin (Allahın mövcudluğu barəsində) zehni düşüncə və əqli dəlillər gətirmə olması görüşü (əşarilik) məzhəbində buna etiqad edənlər arasında mötəziləlikdən qalmış bir məsələdir.

 

“Şərh əl-Muqaddimə əl-Qurtubiyyə”, səh: 106; Darut-Turas/Dar İbn Həzm, birinci nəşr: 1426/2005, Əlcəzair/Beyrut

 

əs-Səmnəni isə Qadi Əbu Cəfər Muhəmməd bin Əhməd əs-Səmnəni’dir. İraqın zamanında hənəfi qazilərindən biri olmuşdur, əşari alimidir. Hicri 361-ci ildə doğulmuş və hicri 444-cü ildə vəfat etmişdir. Əşarilərin ikinci imamı əl-Qadi əl-Bəqilləni’nin ən böyük tələbələrindəndir.

Zehni düşüncə (nəzər) və əqli dəlillər gətirmə (istidləl) isə kəlam elmindəki məsələlərdən bir məsələdir. Kəlam alimlərinin böyük əksəriyyətinə görə bir müsəlmanın nəzəri dəlillər ilə Allaha inanması vacibdir, yəni Allaha sadəcə təqlid yolu ilə inanmamalı, lakin əqli dəlillərə əsaslanaraq Allahın mövcudluğuna inanmalıdır. Hətta kəlam alimlərinin bir çoxuna görə təqlid ilə Allaha inananın imanı səhih deyildir. Bu görüş əşarilərə mötəzilədən keçmiş bir görüşdür və əşarilərin imamlarından biri buna şahidlik edir.

Kitab əhlinə bənzəmə

Misirli hənəfi alimi Zeynud-Din İbn Nuceym buyurur:

 

"اعْلَمْ أَنَّ التَّشْبِيهَ بِأَهْلِ الْكِتَابِ لَا يُكْرَهُ فِي كُلِّ شَيْءٍ وَإِنَّا نَأْكُلُ وَنَشْرَبُ كَمَا يَفْعَلُونَ إنَّمَا الْحَرَامُ هُوَ التَّشَبُّهُ فِيمَا كَانَ مَذْمُومًا وَفِيمَا يُقْصَدُ بِهِ التَّشْبِيهُ كَذَا ذَكَرَهُ قَاضِي خَانْ فِي شَرْحِ الْجَامِعِ الصَّغِيرِ فَعَلَى هَذَا لَوْ لَمْ يَقْصِدْ التَّشَبُّهَ لَا يُكْرَهُ عِنْدَهُمَا"

 

"Bil ki, kitab əhlinə bənzəmək hər bir şeydə məkruh deyildir, belə ki, biz onların etdikləri kimi yeyirik və içirik. Haram olan bənzərlik məzəmmət edilmiş işlərdə bənzəməkdir və bir də sırf bənzəməyin qəsd ediliyi işlərdədir, necə ki, bunu Qadi Xan "əl-Cəmi əs-Sağir" kitabının şərhində zikr etmişdir. Buna əsasən demək olar ki, əgər (bir iş ilə kitab əhlinə) bənzəmə qəsd edilmirsə iki imama görə bu, məkruh sayılmır."

"əl-Bəhr ər-Raiq Şərh Kənzid-Dəqaiq", 2/11; Dar əl-Kutub əl-İlmiyyə

 

Təqlid əhli təkfir edilməz

 

 

 

Alləmə Mənsur bin Yunus əl-Buhuti deyir:

(فَلَوْ قَلَّدَ) فِي الْقَوْلِ (بِخَلْقِ الْقُرْآنِ أَوْ نَفَى الرُّؤْيَةِ) أَيْ رُؤْيَةِ اللَّهِ تَعَالَى فِي الْآخِرَةِ (أَوْ الرَّفْضِ أَوْ التَّجَهُّمِ) بِتَشْدِيدِ الْهَاءِ (وَنَحْوِهِ) كَالتَّجْسِيمِ وَخَلْقِ الْعَبْدِ أَفْعَالِهِ (فَسَقَ وَيُكَفَّرُ مُجْتَهِدُهُمْ الدَّاعِيَةُ)

[Əgər (muqallid) Quranın yaradılması və ya görülməni] yəni Allahın – təalə - Axirətdə görülməsini [nəfy etmək] görüşündə [və ya rafizilikdə və ya cəhmiyyəlikdə və] mücəssiməlik və qulun öz fellərini yaratması kimi [bənzəri (fikir)lərdə təqlid edərsə fasiq olar və onların dəvətçi müctəhidləri isə kafir olur.]"

“Kəşşəful-Qina an Mətnil-İqna”, 6/420; Dar əl-Kutub əl-İlmiyyə;

 

Bu nəqldən anladığımız budur ki, bu növ böyük küfrlərə görə müctəhidləri təkfir edilsə də onlardan olan təqlid əhli təkfir edilməz, lakin fasiq hökmü verilir. Bu, hənəbli məzhəbinin rəsmi görüşüdür və mötəməd sayılan kitablarında məşhur olan görüşdür. Sitatda mötərizə içərisinə alınmış sözlər Alləmə Şərəfud-Din əl-Həccəvi'nin, digərləri isə əl-Buhuti'nin sözləridir.