Şafi Məzhəbi

Ğayətul-İxtisar - Təharət kitabı (1)

Əbu Şüca əl-İsfahaninin müqəddiməsi

(Ğayətul-İxtisar kitabının girişi)

 

Həmd Aləmlərin Rəbbinə aiddir, Allah seyyidimiz və peyğəmbərimiz olan Muhəmmədə, onun pak ailəsinə və səhabələrinin hamısına salavat[1] endirsin!

Qadi Əbu Şüca Əhməd bin əl-Hüseyn bin Əhməd əl-İsfahani dedi:

Dostlardan bəziləri - Allah onları hifz etsin - İmam əş-Şafinin - Allahın rəhməti və rizvanı onun üzərinə olsun - məzhəbinə aid fiqhdə mütəallimin[2] dərsində, mübtədinin[3] əzbərində asan olması üçün olduqca müxtəsər və  son dərəcə ecazlı[4] (bir kitab) yazmamı, o kitabda (əhkamların) təqsimini çoxaltmamı və məsələlərin (bir araya toplanılaraq) yığcamlaşdırılmasını  istədi. (Allahdan) savab istəyərək,Allahdan məni doğru olana müvəffəq etməsini umaraq (bu mətni yazmamla) ona cavab verdim. O, istədiyini etməyə Qadir, qullarına qarşı Lətif[5] və Xəbirdir.[6]

 


 

 

 

Təharət kitabı

 

Özü ilə (qüsl və ya dəstəmaz alaraq) təmizlənmək mümkün olan sular yeddidir: Səma suyu[7], dəniz suyu, çay suyu, quyu suyu, bulaq suyu, qar suyu və dolu suyu. Bundan sonra isə sular dörd qismə bölünür:

 

  1. (Özlüyündə) təmiz olub (başqasını) təmizləyən, (bununla belə bədəndə istifadəsi) məkruh olmayan; bu, mütləq[8] sudur.
  2. (Özlüyündə) təmiz olub (başqasını) təmizləyən, (bununla birgə bədəndə istifadəsi) məkruh olan; bu da müşəmməs[9] sudur.
  3. (Özlüyündə) təmiz olub (başqasını) təmizləyə bilməyən; bu, istifadə olunmuş və təmiz şeylərin ona qarışması nəticəsində (ya qoxusu, ya dadı, ya rəngi) dəyişən sudur.
  4. Nəcis su; iki qüllədən az olduğu halda içinə nəcasət düşən  və  ya iki qüllə (və daha çox) olduğu halda (içinə düşən nəcasət nəticəsində ya qoxusu, ya dadı, ya rəngi) dəyişəndir. İki qüllə, ən doğru görüşə görə beş yüz Bağdad ritlinə[10] bərabər[11] miqdardır.

 

 

Fəsil

(Ölü heyvanın dərisi, tükü və sümüyü haqqında)

 

Ölü heyvanın[12] dərisi aşılamaqla[13] təmizlənir. Lakin İt, donuz, bu ikisindən[14] və ya birindən[15] törənən (heyvan) müstəsnadır. İnsan meyitindən başqa (bütün) ölülərin sümüyü və tükü nəcisdir.

 

 

Fəsil

(Qablar haqqında)

 

Qızıl və gümüşdən olan qabların istifadəsi caiz deyil, (haramdır). Bu ikisindən başqa (maddədən düzəldilmiş ) qabların istifadəsi caizdir.[16]

 

 

Fəsil

(Misvak haqqında)

 

Sivak[17] hər vaxt müstəhəbdir. Oruclu birisi üçün zəvaldan[18] sonra müstəsnadır.[19] O, üç yerdə daha çox müstəhəbdir. Uzun müddət susmaq və başqa səbəbdən dolayı ağızın (qoxusunun) dəyişməsi zamanı , yuxudan qalxdıqda və namaza durduqda.

 

 

Fəsil

(Dəstəmazın fərzləri və sünnətləri haqqında)

 

Dəstəmazın fərzləri altıdır: (1) üzü yuduqda niyyət, (2) üzü yumaq, 3) əlləri dirsəklərlə birlikdə yumaq, (4) başın bir hissəsinə məsh etmək, (5) ayaqları topuqlarla birlikdə yumaq, (6) zikr etdiyimiz şəkildə tərtib.

(Dəstəmazın) sünnətləri ondur: (1) ”bismilləh” ilə başlamaq, (2) əlləri qaba salmadan öncə üç dəfə yumaq, (3) ağızı və burunu yumaq, (4) başın bütün hissəsinə məsh etmək, (5) qulaqlara, (onların) çölünə və içinə yeni suyla[20] məsh etmək, (6) sıx olan saqqalı (suyun dəriyə çatması üçün) ovmaq, (7) əl və ayaq barmaqlarını  (arasına su çatması üçün) ovmaq, (8) sağı soldan öncə yumaq, (9) (yuyulacaq üzvləri) üç dəfə yumaq, (10) müvalat[21]

 


[1] Xeyir dua, bərəkət.

[2] Mütəallim öyrənən deməkdir. Müəllifin qəsdi isə fiqhi yeni öyrənən tələbədir.

[3] Mübtədi elm tələbinə yeni başlayan tələbədir.

[4] Müxtəsər olmaqla bərabər çox şeyi ifadə edən.

[5] Lətif Allah subhanəhu və Təalanın isimlərindən bir isimdir. Mənası hər şeyi incəliklərinə qədər bilən deməkdir.

[6] Xəbir də Allahın isimlərindəndir. Mənası hər şeydən xəbərdar olan deməkdir.

[7] Yağış

[8] Yaradılışı üzərə qalan

[9] Müşəmməs günəşlənmiş deməkdir. Müşəmməs su isə həddən artıq isti ölkədə metal qabda günəş şüasıyla isinən sudur.

[10] Ritl ölçü vahididir.

[11] Təqribən 190 litr. Bax “ət-Təzhib fi ədilləti-l-Ğayəti və-t-Təqrib”. Şeyx Mustafa Deyb əl-Buğa.

[12] Şəriət üsulu ilə kəsilməyən, vurularaq, döyülərək ölən heyvan.

[13] Dabaqlamaq, duz və bəzi yandırıcı acı maddələrin dərinin yaş tərəfinə sürtülərək qan və ət qalıntılarının aparılmasına və qurudulmasına deyilir.

[14] İtlə donuzun cinsi əlaqəsindən.

[15] İtin və ya donuzun başqa heyvanla cinsi əlaqəsindən.

[16] Qızıl və gümüşdən baha olsalar belə.

[17] Sivak Ərak ağacının budağındandır. Dişləri bununla təmizləmək sünnətdir.

[18] Günəşin zenit nöqtəsindən qüruba doğru yol alması, zöhr namazının girdiyi vaxt.

[19] Məkruhdur.

[20] Başa məshdən qalan nəmliklə deyil, yenidən əllərini islatmaqla.

[21] Yuyulacaq üzvlər arasında həddən çox ara vermədən yumaq.

 

Ən çox oxunan

Şərhus-Sunnə (8492)
Təravih namazı rukətlərin sayı (5208)
Xilafət yoxsa Xurafat (4306)
İmam əş-Şafinin əqidəsi (4004)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3902)
Düzgün etiqadın şərhi (3804)
Lumatul İtiqad (3740)
İxlas kəliməsinin fəziləti (3571)
Sübh namazının vaxtı (3159)
Mushafu Muallimit-Təcvid (2794)