Şafi Məzhəbi

Ğayətul-İxtisar - tərcüməçinin müqəddiməsi

بسم الله الرحمن الرحيم

TƏRCÜMƏÇİNİN MÜQƏDDİMƏSİ

 

Bizi dininə xidmət etməklə şərəfləndirən sonsuz hikmət və gerçək hökm sahibi Allaha həmd, gəlişi aləmlərə rəhmət olan, onunla insanları  zülmətlərdən nura çıxarmaq üçün göndərdiyi peyğəmbərinə, seyyidimiz Muhəmməd Mustafaya, onun əhli beytinə, səhabələrinə və qiyamətə qədər onların yolu ilə gedənlərin üzərinə salam olsun. Sonra isə:

Allah rəsulunun - salləllahu aleyi və səlləm – səhabəsi olan Muaviyyə bin əbi Süfyandan - Allah hər ikisindən razı olsun - gələn bir hədisdə Allah rəsulu - salləllahu aleyhi və səlləm - buyurur: ”Allah kimin haqqında xeyir dilərsə onu dində fəqihlərdən edər”. Buradakı fəqih kəliməsi təkçə fiqhi deyil bütün dini şamil etsə də, üləma bu hədisi fiqh və fəqihlər barədə kəlam məqamında zikr etmişlər. Biz də onların fəhminə tabe olaraq bu hədisi zikr etdik.

Allah Subhənəhu və Təalanın, haqqında xeyir dilədiyi kəslərdən biri də Şafi üləmasından olan Qadi Əbu Şüca əl-İsfahanidir. Tərcümə etmək şərəfinə nail olduğumuz kitab isə imamımız əş-Şafinin məzhəbində olduqca müxtəsər şəkildə yazılmış “Ğayətu-l-İxtisar” kitabıdır. Bu kitab “Mətnu Əbi Şüca” (Əbu Şücanın mətni) və “əl-Ğayətu və-t-Təqrib” adı ilə də məşhurdur. Müəllifi Qadi Allamə Əbu Şüca əl-İsfahanidir. Kitab olduqca asan üslubda və dəqiq ifadələrlə yazılmışdır. Şafi məzhəbini öyrənəcək hər kəsin ilk növbədə oxuması gərəkən bir kitabdır. Bu bəsit işimizin qəbulunu Allahdan yalvararaq diləyir, ondan bizi əvvəlcə özümüzə sonra isə ümmətə faydalı etməsini istəyirik.

 


 

 

Qazi Əbu Şüca əl-İsfahani

 

O, Qazi Əhməd bin əl-Hüseyn bin Əhməd əl-İsfahanidir. Künyəsi Əbu Şücadır. Hicri 533-cü ildə Bəsrə - Allah əsarətdən qurtarsın - şəhərində anadan olmuşdur. Qırx il İmam əş-Şafinin məzhəbindən dərs vermişdir. Hafizlər onun haqqında “əsrin nadir insanı” olduğunu deyiblər. Çox zahid və ibadət əhli biri idi. Təvazökar və çox ağlayan idi. Eşitdiyi hər ayətdən qəlbi titrəyər, Allah rəsulunun - salləllahu aleyhi və səlləm - adını eşidəndə üzünü tutub ağlayardı.

Zəhəbi Onun haqqında demişdir: ”Qazi Əhməd bin əl-Hüseyn əl-İsfahani, şafii üləmasından olan bir fəqihdir.”

əs-Siləfi deyib: ”O, zamanının (nadir) övladlarındandır. Bəsrədə qırx ildən çox şafii məzhəbindən dərs verib”

Allamə Əbu Şücanın kitabları arasında bu tərcümə etdiyimiz kitab və İmam əl-Məvardi’nin yazdığı “əl-İqna” kitabına verdiyi ”Şərhu-l-İqna” adlı şərhi də yer alır.

İmam Əbu Şüca hicri 593-cü ildə vəfat etmişdir.

 

“Ğayətu-l-İxtisar” kitabı haqqında qısa məlumat

 

Bu kitab məzhəbimiz barədə yazılmış ən müxtəsər kitablardan biridir. Şafii məzhəbini öyrənəcək  hər tələbə ilk olaraq  bu kitabı  öyrənməlidir. Mədrəsələrdə çox tədris olunan kitabdır. Olduqca müxtəsər və dəqiq üslubda yazılmış, kəlimələrinin səlisliyi ilə seçilən bir əsərdir. Kitabı bir çox alimlər şərh etmiş, dəlillərini yazmış, kəlimələrini izah etmiş və  nəzm halına salmışlar. Onlardan bəziləri bunlardır:

1. ”Kifəyətu-l-Əxyar”; müəllifi Allamə Əbu Bəkr bin Muhəmməd əl-Hisni əd-Dəməşqidir. Hicri 829-cu ildə vəfat edib. Bu kitabında Əbu Şücanın mətnini şərh etmişdir.

2. ”Şərhu-l-Əxsasi li Muxtəsari Əbi Şüca”; Allamə Əhməd əl-Əxsasi’nin (vəfatı: hicri 889-cu il) şərhidir.

3. ”Fəthu-l-Qaribi-l-Mucib”; Şeyx Muhəmməd bin Qasim əl-Ğazzi’nin (vəfatı: hicri 928-ci ildə) yazdığı kitabdır. Bu kitabında mətnin sözlərini şərh etmişdir.

4. ”əl-İqna”; müəllifi Əhməd bin Muhəmməd əl-Manufi’dir. Hicri 931-ci ildə vəfat edib.

5. ”ən-Nihayə fi Şərhi-l-Ğayə”; müəllifi Vəliyyuddin əl-Bəsir’dir, hicri 972 ci ildə vəfat edib.

6. ”əl-İqna fi Hilli Əlfəzi Əbi Şüca”; Alləmə fəqih əl-Xatib əş-Şirbini yazıb.

7. ”Nihayətu-t-Tədrib fi Nəzmi Ğayəti-t-Təqrib”; Allamə Şərəfud-Din Yəhya əl-İmriti bu kitabın müəllifidir. Bu nəzmində Əbu Şücanın mətnini şer halına salmışdır. Mədrəsələrdə əzbərlənən şerdir.

Bundan başqa şərhlər də mövcuddur, lakin biz ən məşhurlarını zikr etdik.

 

Ən çox oxunan

Şərhus-Sunnə (8492)
Təravih namazı rukətlərin sayı (5208)
Xilafət yoxsa Xurafat (4306)
İmam əş-Şafinin əqidəsi (4004)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3902)
Düzgün etiqadın şərhi (3804)
Lumatul İtiqad (3740)
İxlas kəliməsinin fəziləti (3571)
Sübh namazının vaxtı (3159)
Mushafu Muallimit-Təcvid (2794)