Hənbəli Məzhəbi

"Mənhəcus-Salikin" - zəkat kitabı

Zəkat kitabı

 



Zəkat, “nisaba”[1] sahib olan hər bir hür[2] müsəlmana[3] vacibdir. Üzərindən “həul” müddəti keçməyənə qədər mala heç bir zəkat düşmür;[4] lakin torpaqdan çıxan məhsul istisnadır.[5] Həmçinin nisabın artımı və ticarət qazancı kimi əslinə tabe olan mülk də istisnadır, çünki bu ikisinin “həul” müddəti əsllərinin “həul” müddətidir.[6]

Zəkat yalnız dörd şeydə vacibdir: 1) Otlayan[7] heyvanlar, 2) yerdən çıxan məhsullar, 3) qiymətlər[8], 4) ticarət malları.

 


 

 

Otlayan heyvanlara gəldikdə bu hökmün kökündə Ənəsin hədisi durur; belə ki Əbu Bəkr – radiyallahu anhu – ona yazdığı məktubunda deyir: “Bu, Allah Elçisinin – salləllahu aleyhi va səlləm – müsəlmanlara fərz buyurduğu və Allahın da Öz elçisinə əmr etdiyi sədəqə haqqında (məktubdur). İyirmi dörd və bundan az sayda dəvənin zəkatı olaraq davar verilir; hər beş baş dəvəyə bir “şat”[9] düşür. Əgər sayları iyirmi beşdən otuz beşə qədər çatarsa bir dişi “bintu məxaz”[10], əgər olmasa bir erkək “ibnu-ləbun”[11] verilməlidir. Əgər otuz altıdan qırx beşə qədər çatarsa, bir dişi “bintu-ləbun”[12]verilməlidir. Əgər sayları qırx altıdan altmışa çatarsa bir “hiqqa taruqatul-cəməl”[13] verilməlidir. Əgər sayları altmış birdən yetmiş beşə çatarsa bir “cəzə’a”[14] verilməlidir. Əgər sayları yetmiş altıdan doxsana çatarsa iki “bintu-ləbun”, doxsan birdən yüz iyirmiyə çatarsa iki “hiqqa taruqatul-cəməl” dəvəsi verilməlidir. Əgər sayları yüz iyirmidən çox olarsa hər qırx baş dəvəyə bir “bintu-ləbun” və hər əlli baş dəvəyə bir “hiqqa” verilməlidir.[15] Kimin yalnız dörd dəvəsi varsa bu saya - sahibinin diləməsi istisna olmaqla - heç bir zəkat düşmür.

Davarın zəkatı haqqında:

Otlaqda bəslənən davarlarda isə əgər sayları qırxdan yüz iyirmiyə qədər olarsa bir “şat”, əgər sayları yüz iyirmini keçib iki yüzə qədər çatarsa iki “şat”, əgər iki yüzdən üç yüzə qədər olarsa üç “şat” və əgər üç yüzdən çox olarsa hər yüz baş davara bir “şat” verilməlidir.

Əgər kiminsə davarı qırxdan az olarsa – sahibinin diləməsi istisna olmaqla – heç bir zəkat düşmür.

Zəkatdan qorxaraq[16] ayrı malları bir arada toplamaq və bir toplunu hissələrə ayırmaq olmaz.[17]

İki şərikə aid olarsa öz aralarında bərabər ölçüdə hesablaşarlar.[18]

Nə yaşlı və arıq heyvanı, nə də başqa eyibləri olan heyvanı zəkat olaraq çıxarmazlar.

Gümüşdə isə onun iki yüz dirhəmindən[19] qırxda bir hissəsi (2.5%) zəkat olaraq verilməlidir. Əgər yalnız yüz doxsan dirhəmə sahib olarsa bu miqdara – sahibinin diləməsi istisna olmaqla –heç bir zəkat düşmür.

Bir “cəzə’a” zəkat verəcək qədər dəvəyə sahib olan kəsin “cəzə’a” dəvəsi olmazsa, lakin əvəzində bir “hiqqa” olarsa, həmin “hiqqa” ondan qəbul olunmalı və bununla birlikdə verə bilərsə iki qoyun verməli və ya iki yüz dirhəm ödəməlidir.

Bir “hiqqa” zəkat verəcək qədər mala sahib olan kəsin “hiqqası” olmazsa, lakin əvəzində bir “cəzə’ası” varsa, həmin “cəzə’a” ondan qəbul olunmalı və zəkat toplayan ona ya iyirmi dirhəm, ya da iki qoyun geri verməlidir.” Bunu əl-Buxari rəvayət etmişdir.[20]

Muazın hədisində isə deyilir ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – ona hər otuz inəyə bir “təbi” və ya bir “təbi’a”, hər qırx inəyə bir “musinnə” götürməyi əmr etdi.[21] Bunu “əs-Sünən” sahibləri rəvayət edir.[22]

Qiymətlərə gəldikdə isə;

Daha əvvəl zikr edildiyi kimi iki yüz dirhəmə çatmadığı halda heç bir zəkat düşmür, iki yüz dirhəmə çatdıqda isə qırxda bir hissəsi zəkat olaraq verilməlidir.[23]

Torpaqdan çıxan dənli bitkilər və meyvələrin zəkatına gəldikdə isə;

Peyğəmbər – salləllahu aleyhi va səlləm - demişdir: “Beş “vasqdan” az xurmada zəkat yoxdur.” Muttəfəqun aleyhi.[24]

Bir “vasq” altmış “sa” tutumundadır, beləliklə dənli bitkilər və meyvələr üçün nisab həddi peyğəmbərin – salləllahu aleyhi va səlləm – “sa” ölçüsü ilə üç yüz “sa” həcmində olur.[25]

Peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Göylərin, bulaqların suladığı və ya kökləri ilə su içən (əkinlərin) zəkatı onda bir hissəsidir, “nədh”[26] ilə sulanan (əkinlərdə isə) onda birin yarısıdır.” Bunu əl-Buxari rəvayət etmişdir.[27]

Səhl bin Əbi Həsmə’dən gələn rəvayətdə o, deyir: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bizə belə buyurdu: “(Ağacdakı meyvələrin miqdarını) hesabladığınızda ondan üçdə birini ayırıb tərk edin![28] Üçdə birini tərk etməsəniz dörddə birini tərk edin!” Bunu “əs-Sünən” sahibləri rəvayət edirlər.[29]

Lakin ticarət mallarına gəldikdə isə;

Bu, qazanc əldə etmək məqsədilə alış-satış üçün hazırlanmış mallardır. Əgər bir il müddəti tamamlanarsa (ticarət mallarının zəkatı) miskinlər üçün ən çox mənfəət gətirəcək şəkildə; qızıl və ya gümüş ilə çıxarılmalıdır.[30]

Bu mallarda vacib olan zəkat, malın qırxda bir hissəsidir.

Qayıtmasına ümid bəsləmədiyi borcu və malı olan kimsənin həmin borc və malına heç bir zəkat düşmür. Mumatil[31] və ya vəfasız mus’irə[32] verilmiş borc və ya mal buna misaldır. Lakin əks təqdirdə düşür.[33]

Malın[34] orta keyfiyyətli hissəsindən zəkat çıxarmaq vacibdir, aşağı keyfiyyətli malın zəkat verilməsi keçərli deyildir. Malların ən yaxşısını vermək də tələb olunmur, lakin mal sahibinin özünün diləməsi istisnadır.

Əbu Hureyranın – radiyallahu anhu – mərfu olaraq rəvayət etdiyi hədisdə deyilir: “Rikazın[35] (zəkatı) onun beşdə bir hissədir.” Muttəfəqun aleyhi.[36]

 

 

 

Fitr zəkatı bölümü

 



İbn Ömərdən gələn rəvayətdə o, deyir: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm –müsəlmanlardan hər bir qula və hür insana, hər bir kişi və qadına, hər bir kiçik və böyüyə fitr zəkatını bir “sa” xurma və ya bir “sa” arpa olaraq fərz buyurdu və insanlar namaza çıxmadan əvvəl onun ödənilməsini əmr etdi.[37] Muttəfəqun aleyhi.[38]

İnsanın özü adından və saxlamaqla yükümlü olduğu kəslərin adından[39] - əgər (verəcəyi zəkat) həmin günün gündüzü və axşamı üçün lazım olan qidadan artıqdırsa[40] – bir “sa” xurma və ya arpa və ya pendir və ya kişmiş və ya buğda verməsi vacibdir və (sayılan bu qida məhsulları içində) ən yaxşısı (kasıblara) ən çox yararlı olandır.[41] Zəkatı ödəməyi bayram namazından sonraya salmaq halal deyildir.

Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bunu oruc tutmuş kəslərin pis sözlər və söyüşlərdən təmizlənməsi və miskinlərin qarınlarını doyurmaqları üçün fərz etmişdir. [42]

Kim bunu namazdan əvvəl ödəyərsə qəbul olunmuş zəkat sayılar və kim namazdan sonra ödəyərsə digər sədəqələr kimi bir sədəqə olar. Bunu Əbu Davud və İbn Macə rəvayət edib.[43]

Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı gündə Allah yeddi sinif insanı kölgələndirəcək: adil imam, Allaha itaət edərək yetkinləşmiş gənc, qəlbi məscidlərə bağlı olan insan, bir-birilərini Allah üçün sevən, Onun xatirinə görüşüb Onun xatirinə ayrılan iki insan, məqam və gözəllik sahibi bir qadın tərəfindən çağırıldıqda “Mən Allahdan qorxuram” deyən insan, sağ əlin verdiyindən sol əlinin xəbəri olmayacaq dərəcədə gizli şəkildə sədəqə verən insan, xəlvətdə Allahı zikr etdikdə gözləri dolan insan.” Muttəfəqun aleyhi.[44]

 

 

Zəkata haqqı olanlar və olmayanlar haqqında bölüm

 



Zəkat yalnız Allahın bu sözləri ilə zikr etdiyi səkkiz sinif insana ödənilə bilər:

Sədəqələr Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin borclulara, Allah yolunda cihad edənlərə və yolçulara məxsusdur. Allah biləndir, hikmət sahibidir.” (ət-Tövbə, 60)

Zəkatı bunlardan hər hansı birinə verməklə kifayətlənmək də olar, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – Mu’aza belə demişdi: “Əgər bu işdə sənə itaət etsələr Allahın onlara zəkatı fərz buyurduğunu, varlılarından alınıb kasıblarına veriləcəyini onlara öyrət!” Muttəfəqun aleyhi.[45]

Varlılara, qazana bilən güclülərə, Muhammədin ailəsinə - və onlar bənu Haşim ilə onların azadlı qullarıdır - , nəfəqası vacib olduğu müddətcə nəfəqa sahiblərinə[46] və kafirlərə zəkat halal deyildir.

Könüllü sədəqəyə gəldikdə isə bu cür sədəqəni belələrinə və başqalarına vermək olar. Lakin mənfəəti ümumi və ya xüsusi baxımdan nə qədər çox olarsa o qədər kamil olar.[47]

Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Hər kim malını çoxaltmaq üçün insanlardan onların mallarını istəyərsə ancaq atəş parçası istəmiş olur; bundan sonra istər az istəsin, istərsə də çox istəsin![48] Bunu Muslim rəvayət edir.[49]

Ömərə - radiyallahu anhu – dedi: “Sənə göz salmadığın və istəmədiyin bu cür bir mal gələrsə onu al, əks təqdirdə isə canın o malın arxasına düşməsin!” Bunu Muslim rəvayət edib.[50]

 


[1] Zəkatın vacib olması üçün mülkün müəyyən miqdara çatması lazımdır və bu miqdar həddinə “nisab” deyirlər və Allahın izni ilə bu kitabda qısa olaraq müxtəlif mülk növləri üçün şəriətin təyin etdiyi nisab miqdarı ilə tanış olacağıq. Kimin malı nisab həddindən azdırsa ona zəkat vacib deyildir.

[2] Zəkat hür insana düşür, qula, köləyə zəkar vacib olmaz, çünki qulun malı sahibinə aiddir.

[3] Zəkat yalnız müsəlmana vacibdir, çünki zəkatın məqsədi müsəlmanın öz nəfsinin və malının təmizlənməsi üçündür, həmçinin zəkat bir ibadət növüdür. Üstəlik zəkat ilə Allahu Təalə müsəlmanların malını artırır və bərəkət verir, lakin kafirin malı belə deyildir.

[4] “Həul” mal nisab həddinə çatandan sonra zəkatın ödənilməsinin vacib olduğu vaxt arasındakı müddətdir və bir ildir. Əgər malı nisab həddinə çatarsa zəkat həmən ödənilməz, çünki malın üzərindən bir il vaxt keçməsi lazımdır.

[5] “Həul” müddəti hər bir mülk növünə aid deyildir, torpaqdan çıxan məhsul istisna edilmişdir, çünki Allahu Təalə deyir: “Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin!” (əl-Ənam, 141) Torpaqdan çıxan məhsulların barının yığıldığı gün zəkatı çıxarılmalıdır.

[6] Buraya qədər dörd şərt qeyd olundu: 1) Müsəlman olmaq, 2) hür olmaq, 3) malın nisab həddinə çatması, 4) nisab həddindən sonra bir il müddətin keçməsi. Burada daha bir şərt vardır. 5) Mal, istiqrarlı mal olmalıdır. İstiqrarın necəliyi barədə Şeyx İbn Cibrin – rahiməhullah – şərhində iki misal verir və biz hər iki misalı burada qeyd edirik: A) Qadınla cinsi əlaqəyə girmədən əvvəl qadının mehri istiqrarlı sayılmır; çünki qadın mehrə hələ tam olaraq malik deyildir. Belə ki qadın boşanma tələb edə bilər və bununla da mehr tamamilə qadının mülkiyyətindən çıxa bilər və yaxud da kişi qadını boşayar və mehrin yarısı düşər. Əgər qadınla cinsi əlaqədə olarsa mehr istiqrar tapar və qadın malın hamısının tam sahibi olar. B) “Mukatibin” qiyməti; mukatib özünü öz sahibindən pul qarşılığı alan qula deyilir, əgər qul həmin pulu qazanıb sahibinə ödəyərsə azadlığını almış olur. Qul öz sahibi ilə belə bir əhd bağlayarsa, bu mal hələ istiqrar tapmış sayılmaz. Məsələn, qul sahibinə desə: “Mən özümü iyirmi minə alıram.” Həmin bu iyirmi mindən zəkat ödənilməz, çünki hələ istiqrar tapmayıb, çünki qul pulu ödəməkdən aciz düşər və köləliyə geri dönər. Ona görə də zəkatın vacib olmasındakı beşinci şərt malın istiqrarlı olmasıdır, istiqrar tapmamış bir mala zəkat vacib deyildir.

[7] Zəkat yalnız ilin çox hissəsində, yəni altı aydan çox müddətdə öz ağzı ilə yerdəki otlardan otlayan heyvana düşür, əgər heyvan yem ilə qidalandırılan heyvandırsa, onlara zəkat düşmür. Bu baxımdan heyvanın otlayan heyvan olması şərtdir.

[8] Malların dəyər qiymətləri və bu, dinar və dirhəmlə hesablanır. Dinar qızıldan, dirhəm isə gümüşdən hazırlanan pullardır.

[9] “Şat” sözü ərəb dilində davarlardan hər birinə verilən addır, yəni erkəkli, dişili qoyun və keçiyə verilən addır.

[10] “Bintu-Məxaz” bir yaşını tamamlamış, ikinci yaşına keçmiş dişi dəvəyə verilmiş addır. “Məxaz”, “məxazə” felindən əmələ gəlir ki, hamilə qalmaq deməkdir. “Bintu-Məxaz” dişi dəvəsi bir ili tamamladıqdan sonra, anası çox zaman hamilə qaldığı üçün ona bu ad verilmişdir.

[11] “İbnu-Ləbun” isə iki yaşını tamamlamış və üç yaşına girmiş erkək dəvədir. “İbnu-Ləbun” deyilməsinin səbəbi isə budur ki, çox zaman bu yaşda olan dəvənin anası artıq qarnındakı dəvə balasını doğmuş və döşləri südlə dolmuş bir dəvədir. “İbnu-Ləbun” hərfi mənada süd verən dəvənin erkək balası deməkdir. Lakin nə “Bintu-Məxaz”da, nə də “İbnu-Ləbun”da dəvələrin analarının olması və ya hamilə olması və ya südlü olması şərt deyildir, bu adlar ümumi hala nisbətdə verilmiş adlardır.

[12] “Bintu-Ləbun” isə “ibnu-ləbun” kimi iki yaşı tamamlamış dəvədir, lakin “ibnu-ləbun”dan fərqli olaraq dişi dəvədir. Adlarından dəvələrin dişi və ya erkək olduğunu anlamaq olur, çünki “bint” qız, “ibn” oğul deməkdir. “Məxaz” hamilə, “Ləbun” isə doğmuş və süd verən dəvədir.

[13] Hiqqa; üç yaşına dolmuş dişi dəvədir. “Taruqatul-Cəməl” adlanması isə erkək dəvə tərəfindən mayalanıb hamilə qalmaq yaşına girməsi ilə bağlıdır. Əgər yaşı kiçik olarsa erkək dəvə onu mayalandırmaz, lakin əgər bu yaşa çatıbsa və ya minik olaraq istifadə oluna biləcək yaşa çatıbsa ona “hiqqa” deyirlər.

[14] Dörd yaşı tamam olmuş və beş yaşın içində olan dişi dəvəyə verilmiş addır. Artıq bu yaşda olan dəvənin dişləri tam çıxmış və bəziləri düşmüş olur.

[15] Misal üçün,  əgər yüz otuz dəvəyə sahib olarsa, iki “bintu-ləbun” və bir “hiqqa” verməlidir. Çünki qırx, qırx, əlli dəvə birlikdə yüz otuz dəvə edir. Əgər yüz qırx dəvəyə sahibdirsə iki “hiqqa” və bir “bintu-ləbun” verməlidir, çünki əlli, əlli və qırx birlikdə yüz qırx edir.

[16] Zəkatın çox çıxarılmasından və ya az çıxarılmasından qorxaraq.

[17] Buna Şeyx İbn Cibrin – rahiməhullah – belə bir misal verir; əgər üç nəfərin hərəsinin yalnızca qırx davarı olarsa, zəkat toplayan gəldikdə hər birindən bir “şat” almalıdır. Əgər desələr ki, “sürülərimizi birləşdirib saylarının yüz iyirmi olmasını istəyirik və bu zaman bizə yalnız bir “şat” zəkat vermək vacib olur.” Belə bir şey caizdirmi? Caiz deyildir, çünki bu, bir hiylədir. Lakin bunun əksinə misal isə belə ola bilər; əgər iki nəfərin yetmiş baş davarı varsa, onları bir çoban otarırsa, həmin sürü bir otlaqda bəslənirsə və zəkat toplayan gəlib zəkatı götürməli olsa bütün sürüdən bir “şat” götürməlidir. Lakin əgər bu iki ortaq sürünü bərabər sayda bölərək hər bir nəfərə otuz beş baş davar ayırmaq istəsə, bu zaman hesabla heç biri zəkat verməli olmayacaq, çünki qırxdan az sayda davara zəkat düşmür. Lakin bu hal da caiz deyildir, çünki bu da bir hiylədir və keçərli sayılmaz.

[18] Əgər iki şərikin bir sürüsü olarsa, zəkat bütün sürünün hesabına görə çıxarılmalıdır. Zəkat çıxarıldıqdan sonra şəriklər zəkat yükünü öz aralarında hesablayıb razılığa gəlməlidirlər.

[19] Dirhəm kiçik bir gümüş parçasından ibarət olan pul vahididir. İki yüz dirhəm təxminən 592.9 qram gümüşdür. Buradan çıxış edərək, 593 qram və daha çox gümüşə sahib olan kəs gümüşün 2.5 faizini zəkat ödəməlidir.

[20] Bunu əl-Buxari “əs-Sahih” kitabında (1448, 1454) hissə-hissə olaraq ayrı-ayrı yerlərdə rəvayət etmişdir.

[21] Bir yaşı tamam olmuş erkək inək “təbi”, dişi inək isə “təbi’a” adlanır. “Musinnə” isə iki yaşa dolmuş inəyə deyilir.

[22] Bunu Əhməd (5/230), Əbu Davud (1578), ət-Tirmizi (3/257), ən-Nəsai (5/25), İbn Macə (1803) və başqaları rəvayət ediblər. Hədisi üləmadan bəziləri zəif sayıblar, lakin əl-Hafiz İbn Abdil-Bərr hədisin səhih, sabit olduğunu deyir. Həmçinin Şeyx əl-Albani “əl-İrva” kitabında (3/269) səhih saymışdır.

[23] Müəllif – rahiməhullah – burada yalnız gümüşün nisabını qeyd etmişdir. Lakin qızılın nisabı barəsində bir şey zikr etmir. İyirmi misqal (təxminən 84.7 qram) və daha çox qızıla sahib olan hər bir kəsə ümumi dəyərin 2.5%-ni zəkat olaraq ödəməlidir.

Müəllif – rahiməhullah – həmçinin qadınların bəzək olaraq istifadə etdikləri qızıl və gümüş əşyalara zəkatın düşüb düşməməsi haqqında danışmamışdır. Hənbəli məzhəbinə görə və eləcədə şafi və maliki məzhəblərinə görə bu cür qızıl və gümüşə zəkat düşmür. Lakin hənəfi məzhəbinə və İbn Həzmə görə nisab həddini keçərsə zəkat vacib olur. Lakin qızıl qələm, qızıl saat kimi haram olan bəzək əşyalarına görə zəkat ödənilməlidir.

[24] əl-Buxari (1405); Muslim (979)

[25] Bir “sa” dörd “mud” həcminə bərabər ölçüdür və bir “mud” iki əlin birlikdə tuta bildiyi ovuc miqdarıdır.

[26] “Nədh” su daşımaq üçün istifadə olunan iri bir qabdır və bunu daşımaq üçün istifadə olunan dəvələrə “nadih” (cəmdə “nəvadih” ) deyirdilər. Bu cür sulanan əkinlərdə insan əməyi xüsusi seçildiyi üçün bu əkinlərdən toplanan məhsulun zəkatı daha azdır. Beləliklə təbii yollarla sulanan əkinlərdə zəkat miqdarı onda bir hissə olduğu halda, insan əməyi ilə sulanan əkinlərdəki zəkat miqdarı bunun yarısını təşkil edir.

[27] əl-Buxari (1423)

[28] Yəni, zəkat toplayanlar ağacdakı meyvənin miqdarını təxmini olaraq hesabladıqda onun üçdə birini hesaba almamalıdırlar, çünki adətən meyvənin bir hissəsini quşlar yeyir və ya meyvə sahiblərini o hissəni qohum-qonşuya hədiyyə edir. Üçdə bir hissəni tərk etməsələr, heç olmasa dörddə bir hissəsini hesaba almamalıdırlar.

[29] Əbu Davud (1605), ən-Nəsai (5/42), ət-Tirmizi (643), Əhməd (3/448), İbn Xuzeymə (4/42), əl-Hakim (1/560), əl-Beyhəqi (4/123) və başqaları rəvayət edir. Hədisi əl-Hakim səhih saymış və əz-Zəhəbi onunla razılaşmışdır. Hədisi həmçinin İmam ən-Nəvəvi “əl-Məcmu” kitabında səhih görmüşdür. Şeyx Şueyb əl-Arnavut “əl-Müsnəd” əsərinin təhqiqində hədisin səhih olduğunu deyir.

[30] Bunun izahında Alləmə İbn Cibrin – rahiməhullah – deyir: “Zəkatın hesablanması miskinlər və fəqirlər üçün ən faydalı, ən mənfəətli şəkildə edilməlidir. Əgər dirhəm ilə hesablanması onlar üçün daha mənfəətli olarsa, o zaman dirhəm ilə hesablamalıyıq. Əgər dinar ilə, yəni qızıl ilə hesablanması daha əlverişli olarsa, qızıl ilə hesablamalıyıq. Misal üçün; əgər dirhəm ilə hesablasaq və yalnız yüz doxsan dirhəmə çatırsa, yəni nisab həddindən aşağı miqdardadırsa və əgər qızılla hesablasaq on iki cüneyh (çünki qızılın nisab həddi səudiyyə cüneyhi ilə hesablandıqda bu məbləğə yaxın olur) edərsə, kasiblar üçün ən çox mənfəət gətirdiyi üçün qızıl ilə hesablanmalıdır ki, maldan zəkat çıxarıla bilsin.” (“İbhəcul-Muminin”, 2/319)

[31] “Mumatil” imkanı olduğu halda borcunu ödəməyən, borcunu həmişə gecikdirən adama deyirlər.

[32] “Mus’ir” isə ikmanı olmayan və borcuna vəfa göstərə bilməyən birinə verilmiş addır.

[33] Yəni, əgər həmin borcu və əmanəti qaytara bilərsə və qaytarılacağına əmindirsə həmin borcun və malın zəkatını verməlidir.

[34] Çox ehtimal ki, burada zəkat qismində verilən heyvanlar, meyvələr və bitkilər qəsd olunur.

[35] “Rikaz” yerdən tapılmış xəzinədir. Əgər bunun kafirlərə aid bir xəzinə olması bilinirsə, onun beşdə biri zəkat verilməlidir. Müsəlmanlara aid olarsa, “tapılan əşyalar” haqqında şəriətin buyurduğu qaydalara müvafiq olaraq hərəkət etmək lazımdır və bu qaydalar Allahın izni ilə qarşıda zikr olunacaq.

[36] əl-Buxari (2912), Muslim (1710)

[37] Bu hədisdə məhz xurma və arpanın qeyd olunması bu iki növ məhsulun o zaman Mədinə şəhərində geniş istifadə olunması ilə əlaqədardır. Buğda mövcud olsa da dəyərinin ucuz olması səbəbilə kasıblar arpa alardılar. Lakin fitr zəkatı yalnız bu iki məhsulla məhdud deyildir.

[38] əl-Buxari (1503), Muslim (984, 986)

[39] Yəni, öz ailəsi adından.

[40] Əgər bayram gününün gündüzü və axşamı üçün kifayət qədər yeməyi varsa, artıq qalan hissəsindən zəkat verilir. Əgər yoxdursa ona fitr zəkatı vacib deyildir.

[41] Yəni buğda, pendir, kişmiş, xurma və buna bənzər saxlanıla bilən və çəkisi ölçülə bilən qida məhsulları içindən kasıblara ən yararlı və ən əlverişli olanı zəkat vermək daha yaxşıdır. İndiki zamanda arpanı əsasən heyvanlara verdikləri üçün daha baha, daha faydalı məhsullardan vermək daha gözəldir.

[42] Çünki oruc tutan insan Ramazan ayında söyüş söymüş, pis sözlər söyləmiş ola bilər və fitr zəkatını verməklə sanki bu günahlarından təmizlənmiş olur. Fitr zəkatının hikmətlərindən biri də budur ki, bayram günü kasıblar, miskinlər özlərinə və ailələrinə qida tapmış olurlar. Bir hədisdə peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Onları bu günlərində təvaf etməkdən xilas edin!” Kasıblar və miskinlər ehtiyac içində olduqları üçün insanlar arasında dolaşıb kömək diləyərlər, yəni onların arasında təvaf edərlər, fırlanarlar. Buna görə də Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bizlərə onları bu ehtiyaclarından xilas etməyi buyurmuşdur. (Hədisi Said bin Mənsur “əs-Sünən” əsərində, əd-Dəraqutni (225) və əl-Beyhəqi (4/175) öz kitablarında rəvayət edirlər. Şeyx əl-Albani “əl-İrva” (rəqəm: 844) kitabında hədisi zəif saymışdır.)

[43] Bunu Əbu Davud (1609), İbn Macə (1827) və əl-Hakim (1/409) rəvayət edib. əl-Hakim deyir: “Bu hədis əl-Buxari’nin şərtinə görə səhihdir, lakin əl-Buxari və Muslim bunu öz kitablarında rəvayət etməyiblər.” əz-Zəhəbi onunla razılaşmış və ən-Nəvəvi “əl-Məcmu” kitabında (6/126) hədisin isnadının həsən olduğunu demişdir.

[44] əl-Buxari (660), Muslim (1031)

[45] əl-Buxari, (1395) ; Muslim, (19)

[46] Həyat yoldaşı, övladlar və valideynləri saxlamaq üçün onlara xərclənən mal nəfəqa adlanır. Məsələn; valideynləri kasıb olan birinə valideynlərinə nəfəqa verməsi vacibdir və onlara verəcəyi nəfəqa heç cür zəkat sayılmaz. Lakin əgər varisi olmayan və ya nəfəqa verməsi vacib olmayan biridirsə, ona zəkat verə bilər. Məsələn, əgər övladları və kasıb bir qardaşı varsa, bu zaman qardaşına zəkat verə bilər, çünki belə halda qardaşının nəfəqası ona vacib deyildir və üstəlik qardaşı onun varisi deyildir. Lakin nə onun, nə də qardaşının övladları olmazsa, qardaşı onun varisi olur və belə bir halda qardaşa zəkat vermək olmaz.

[47] Alləmə İbn Cibrin – rahiməhullah – bu sözlərin şərhində deyir: “Könüllü sədəqəni ehtiyacı olanlara və həmçinin verildiyi təqdirdə mənfəəti və təsiri aşkar görünən hər bir kəsə vermək münasibdir. Onlar sədəqəni güclü ehtiyac duyulan vaxtlarda verməyi müstəhəb görərdilər və əgər miskinlərə, borclulara və bu növ insanlara verilən zəkatlar kifayət etməzsə fərz sədəqədən əlavə sədəqə vermək müstəhəb sayılır.” (“İbhəcul-Muminin”, 1/348)

[48] “Bundan sonra istər az istəsin, istər sə də çox istəsin!” sözlərinin mənasını istəməyi təşviq etmək deyildir. Onların bu əməllərinin böyük günah olduğunu və istədiklərinin həqiqətdə cəhənnəmdən bir atəş parçası olduğunu izah etdikdən sonra qeyd edir ki, artıq çox istəməkləri ilə az istəməkləri arasında heç bir fərq yoxdur.

[49] Muslim, (1041)

[50] əl-Buxari, (7163, 7164); Muslim, (1045)

 

Ən çox oxunan

Şərhus-Sunnə (8362)
Təravih namazı rukətlərin sayı (5139)
İmam əş-Şafinin əqidəsi (3937)
Xilafət yoxsa Xurafat (3858)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3840)
Düzgün etiqadın şərhi (3748)
Lumatul İtiqad (3676)
İxlas kəliməsinin fəziləti (3507)
Sübh namazının vaxtı (3107)
Mushafu Muallimit-Təcvid (2743)