Hənbəli Məzhəbi

"Mənhəcus-Salikin" - cümə və bayram namazları

Cümə namazı haqqında bölüm

 

 

Camaat namazının vacib olduğu hər kəsə[1] binalarda məskunlaşmış bir ərazidə yaşadığı təqdirdə[2] cümə namazı da vacibdir. Vaxtında yerinə yetirilməsi, (kənd və şəhər kimi) yaşayış məntəqəsində keçirilməsi və əvvəldə iki xütbənin verilməsi cümə namazının şərtlərindəndir.

Cabirdən belə dediyi rəvayət olunur: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – xütbə verərkən iki gözü də qızarar, səsi yüksələr və qəzəbi o qədər şiddətlənərdi ki, sanki “(düşmən və ya bəla) sabah və ya axşam sizə basqın edəcək” deyərək bir ordunu xəbərdar edən birinə bənzəyərdi.

Deyərdi: “Əmmə bə’du; fə innə xayral-hədisi Kitəbullah va xayral-hədyi hədyu Muhamməd, va şərral-umuri muhdəsətuhə va kullu bid’atin dalələh” Bunu Muslim rəvayət edir.[3]

 


 

Yenə ona aid olan bir digər ləfzdə deyir: “Allahın Elçisinin – salləllahu aleyhi va səlləm – cümə günü xütbəsi belə idi; Allaha həmd-səna edər və bunun ardınca səsini yüksəldərək danışardı.[4]

Ona aid bir digər rəvayətdə deyir: “Mən yəhdilləhu fə lə mudillə ləhu va mən yudlil fə lə hədiyə ləhu.[5]

Dedi: “Kişinin namazını uzatması və xütbəsini qısaltması onun anlayışının əlamətidir.” Muslim rəvayət edir.[6]

Minbər üzərində xütbə vermək müstəhəbdir; minbərə qalxarkən insanlara tərəf üz tutur, sonra onlara salam verir, sonra oturur və müəzzin azan verir. Sonra qalxıb xütbə verir və sonra yenə oturur, sonra qalxıb ikinci xütbəni verir.

Sonra namaza iqamə verilir və onlara iki rükət namaz qıldırır. Bu iki rükətdə qiraəti ucadan oxuyur; birinci rükətdə “səbbih”[7] surəsini, ikinci rükətdə isə ya “əl-ğaşiyə”, ya da “əl-cümə və əl-munafiqun” surələrini oxuyur.

Cüməyə gedən kəsin qüsl alması, ətirlənməsi, ən gözəl paltarını geyinməsi və cüməyə erkən getməsi müstəhəbdir.

“əs-Sahiheyn”dəki rəvayətdə deyilir: “Cümə günü imam xütbə verərkən yanındakına “sus” desən, boş yerə danışmış olursan![8]

Peyğəmbər – salləllahu aleyhi va səlləm – cümə günü xütbə verərkən bir nəfər içəri daxil oldu və ona dedi: “Namaz qıldınmı?” Adam dedi: “Xeyr.” Dedi: “Qalx və iki rükət namaz qıl!” Muttəfəqun aleyhi.[9]

 

 

 

Bayram namazları haqqında bölüm

 

 

Peyğəmbər – salləllahu aleyhi va səlləm – “bu iki namaza çıxmağı insanlara, hətta xeyrə və müsəlmanların dualarına şahid olmaqları üçün bakirə qızlara və heyzli qadınlara da əmr edərdi, lakin heyzli qadın namaz qılınan yerdən ayrı durardı.” Muttəfəqun aleyhi.[10]

Bu namazların vaxtı günəşin bir nizə miqdarında qalxmasından başlayaraq günəşin zenitdə durmasına qədərdir.

Səhrada[11] qılmaq, qurban bayramı namazını tez qılmaq[12], ramazan bayramı namazın isə gecikdirmək, ramazan bayramına xas olaraq namazdan əvvəl tək sayda xurma yemək, namaz üçün təmizlənmək, ətirlənmək və ən gözəl paltarı geyinmək, namaza bir yoldan gəlib fərqli bir yoldan qayıtmaq bayram namazının sünnətlərindəndir.

İnsanlara azan və iqamə verilmədən iki rükət qıldırılmalıdır. Birinci rükətdə ihram təkbiri ilə birlikdə yeddi dəfə təkbir gətirir, ikinci rükətdə isə ayağa qalxarkən verdiyi təkbirdən savayı beş dəfə təkbir gətirir. Hər təkbirdə əllərini qaldırır və hər iki təkbir arasında Allaha həmd edir və peyğəmbərə - salləllahu aleyhi va səlləm – salavat gətirir. Sonra fatihə surəsini və əlavə bir surəni oxuyur və qiraətini səsli edir. Salam verdikdən sonra cümənin iki xütbəsində olduğu kimi onlara iki xütbə verir, sadəcə olaraq bu iki xütbədə vaxta münasib olan hökmlərdən danışır.[13]

Hər iki bayram gecəsi və zül-hiccə ayının ilk on gününün bütün günlərində “mütləq təkbir”[14] gətirmək və Arafə günü fəcr namazından başlayaraq təşriq günlərinin sonuncu günündə əsr namazına qədər fərz namazlarından sonra “muqayyəd təkbir”[15] gətirmək müstəhəbdir.

Təkbirin deyilmə şəkli belədir: “Allahu Əkbər, Allahu Əkbər, lə iləhə illəllah, Allahu Əkbər, Allahu Əkbər va lilləhil-həmd

 


[1] Camaat namazı hər kimə vacibdirsə cümə namazı da vacib olur. Beləliklə cümə namazı qadınlara, uşaqlara, dəlilərə, müsafirlərə, xəstələrə vacib deyildir.

[2] Buna əsasən demək olaraq ki, köçəri həyat yaşayan düzənlik və səhra sakinlərinə cümə namazı vacib deyildir. Tikili bina evlərdən ibarət olan kənd yerlərində cümə qılmaq yenə vacibdir. Lakin toxunma çadır evlər və ya buna bənzər evlərdən ibarət yaşayış yerlərində yaşayan insanlara cümə vacib olmaz.

[3] Muslim (867)

Peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – bu sözlərinin bizim dilimizdəki mənası belədir: “Daha sonra; ən xeyirli söz Allahın kitabıdır, ən xeyirli yol göstərici Muhammədin hidayətidir, işlərin ən şərlisi sonradan uydurulan, sonradan icad olunan işlərdir və bütün bidətlər (sonradan dinə gətirilən əməllər, sözlər və etiqadlar) zəlalətdir.”

[4] Muslim (867; - 44 )

[5] Muslim (867; - 45)

Peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – söylədiyi bu sözlərin mənası belədir: “Allah kimi doğru yola yönəldərsə, onu heç kimsə azdıra bilməz və kimi azdırarsa heç kimsə onu doğru yola yönəldə bilməz.”

[6] Muslim (869) ; Cabir – radiyallahu anhu – peyğəmbərin – salləllahu aleyhi va səlləm – bu sözlərini müsəlmanlara xatırlatmışdır, lakin Cabir bu sözlərin ardınca belə deyir: “Xütbəni qısa edin və namazı uzadın, çünki elə bir bəyan (söhbət, möizə) var ki, sehrdir.”

[7] “Səbbih” surəsi “səbbih ismə rabbikəl-a’lə” ayəsi ilə başlayan surədir, yəni əl-A’lə surəsidir.

[8] əl-Buxari (934) ; Muslim (851) ;

[9] əl-Buxari (930) ; Muslim (875)

[10] əl-Buxari (324) ; Muslim (890)

[11] Səhra olması şərt deyildir, açıqlıq olan yer də səhra ilə eynidir.

[12] Bunun hikməti odur ki, müsəlmanlar qurban bayramında namazı tez qılıb qurbanlarını tez kəsə bilsinlər.

[13] Ramazan bayramında sədəqənin əhəmiyyətindən, sədəqə vermənin hökmlərindən, qurban bayramında qurban kəsməyin hökmlərindən danışır.

[14] “Mütləq təkbir” ilə hər hansı bir namaza və ya vaxta bağlı olmayan, sərbəst təkbir qəsd olunur.

[15] “Muqayyəd təkbir” adlanması bu növ təkbirin bir vaxta bağlanması ilə əlaqədardır; yəni bir qeydə bağlanmışdır və bu, fərz namazlarından sonra etməklə olur.

 

Ən çox oxunan

Şərhus-Sunnə (7671)
Təravih namazı rukətlərin sayı (4760)
İmam əş-Şafinin əqidəsi (3597)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3498)
Düzgün etiqadın şərhi (3425)
Lumatul İtiqad (3346)
İxlas kəliməsinin fəziləti (3200)
Sübh namazının vaxtı (2775)
Mushafu Muallimit-Təcvid (2472)
Ey Sünnə əhli, bir-birinizlə mehriban davranın! (2298)