Hənbəli Məzhəbi

"Mənhəcus-Salikin" - camaat namazı, imamlıq və üzr sahibləri

 

Camaat namazı və imamlıq bölməsi

 

 

Camaat  namazı beş namazın hamısında həm səfərdə, həm də “hadar”da bütün kişilər üçün fərzu-ayn’dır, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Həqiqətən içimdən bir istək keçdi ki, namazın qurulmasını əmr edim, sonra bir nəfərə insanlara imamlıq etməsini əmr edim və bərabərlərində bir yığın odun olan bir qrup insan ilə namazda iştirak etməyənlərin yanına gedim və atəş ilə evlərini yandırıb başlarına töküm.” Muttəfəqun aleyhi.[1]

 


 

Camaat namazının ən az sayı imam və bir nəfər mə’mumdur. Daha çox olarsa Allaha daha sevimli olar. Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyib: “Camaat namazı tək qılınan namazdan iyirmi yeddi dərəcə üstündür.” Muttəfəqun aleyhi.[2]

Yenə demişdir: “Əgər evinizdə namaz qılmış olsanız, sonra camaat qılınan məscidə gəlsəniz, onlarla birlikdə qılın, çünki o, sizin üçün nafilədir.” Bunu “əs-Sünən” sahibləri rəvayət ediblər.[3]

Əbu Hureyra’dan mərfu olaraq rəvayət gəlir: “İmam ona tabe olunması üçün qoyulub; beləliklə təkbir gətirsə siz də həmən təkbir gətirin! O, təkbir gətirməyənə qədər siz də təkbir etməyin! Rüku edərsə siz də həmən rükuya gedin və o, rüku etməmiş siz rüku etməyin! O, “səmi Allahu limən həmidəh” deyərsə siz “Rabbənə va ləkəl həmd” deyin! Səcdə edərsə siz də həmən səcdə edin və o səcdə etməmiş siz səcdə etməyin!” Yəni; rükuda onu qabaqlamayın!

Daha sonra dedi: “Əgər oturaraq qılarsa siz də hamınız bir yerdə oturaraq qılın!” Bunu Əbu Davud rəvayət edib və bunun kökü iki “əs-Sahih” kitabda mövcuddur.[4]

Yenə belə buyurmuşdur: “İnsanlara aralarında Allahın Kitabını ən yaxşı oxuyan imamlıq etməlidir, əgər qiraətdə eyni olsalar aralarından sünnəti ən yaxşı bilən, sünnətdə eyni olsalar daha əvvəl hicrət etmiş kimsə, hicrətdə də eyni olsalar daha əvvəl İslamı qəbul etmiş və ya yaşda böyük olan olmalıdır. Heç kəs heç bir kəsə hakimiyyətində imamlıq etməsin və onun izni olmadan evində xalçası üstündə oturmasın!” Muslim rəvayət edib.[5]

İmamın önə keçməsi, mə’mumların sıx şəkildə düzülməsi və əvvəl birinci, sonra isə digər səflərin sıra ilə tamamlanması gərəkdir.

Kim səfin arxasında heç bir üzr olmadan tək başına bir rükət namaz qılarsa namazını yenidən qılmalıdır.[6]

İbn Abbas dedi: “Bir gecə peyğəmbərlə – salləllahu aleyhi va səlləm – birlikdə namaz qıldım və onun sol tərəfində durdum. Arxa tərəfdən başımdan tutdu və sağ tərəfinə keçirdi.” Muttəfəqun aleyhi.[7]

(Peyğəmbər) dedi: “İqaməni eşitsəniz namaza sakit və ağır tərzdə yürüyün və tələsməyin. Namazdan nəyə yetişsəniz namazınızı qılın, nəyi ötürsəniz onu tamalayın!” Muttəfəqun aleyhi.[8]

ət-Tirmizi’nin rəvayətində isə deyilir: “Sizdən biriniz imam bir vəziyyətdə olarkən namaza gələrsə, imamın etdiyi kimi edin![9]

 

 

 

Üzr sahiblərinin namazı haqqındakı

bölmə

 

Xəstənin camaat namazında iştirak etməməsi əfv edilmişdir. Əgər qiyamda durmaq xəstəliyini artırırsa oturaraq namaz qılar, əgər buna da güc yetirməzsə böyrü üstə qıla bilər[10], çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – İmran bin Huseyn’ə demişdir: “Ayaq üstə qıl! Əgər bacarmasan oturaraq, əgər onu da bacarmasan böyrün üstə qıl!” Bunu əl-Buxari rəvayət etmişdir.[11]

Əgər onun üçün hər namazı vaxtında qılmaq çətindirsə, zöhr namazı ilə asr namazını və iki işa namazını[12] birləşdirib ikisindən birinin vaxtında qıla bilər.[13]

Eynilə müsafirə də namazları birləşdirmək caizdir və dörd rükətli namazları iki rükətdə qısaltması sünnətdir. Ramazanda isə orucunu poza bilər.

Qorxu namazını peyğəmbərin – salləllahu aleyhi va səlləm – qıldığı bütün şəkillərdə qılmaq caizdir:

Bunlardan biri Saleh bin Xavvat’ın Zatur-Riqa günündə peyğəmbərlə - salləllahu aleyhi va səlləm – birlikdə qorxu namazı qılmış birindən rəvayət etdiyi hədisdir; “İnsanlardan bir qrup onunla birlikdə namaz qıldı, digər qrup isə düşmənə tərəf durmuşdu. Onunla birlikdə olanlara bir rükət namaz qıldırdı, sonra ayaq üstündə qaldı və onlar özləri üçün namazı tamamladılar. Sonra ordan ayrıldılar və düşmənə tərəf düzüldülər və sonra digər qrup gəldi və namazdan qalmış bir rükəti onlara qıldırdı, sonra oturmuş halda gözlədi və onlar namazı özləri üçün tamamladılar, sonra onlarla birlikdə salam verdi.” Muttəfəqun aleyhi.[14]

Qorxu şiddətlənərsə piyada və ya minik üzərində qiblə və ya digər istiqamətdə qıla bilərlər, bu zaman rüku və səcdəni işarə ilə edirlər.

Eynilə öz canı üçün qorxan hər bir kəs düşdüyü vəziyyətinə görə namaz qılmalıdır və eyni zamanda (döyüşdən) qaçmaq və bundan savayı ehtiyac duyduğu bütün işləri görə bilər.[15]

Peyğəmbər – salləllahu aleyhi va səlləm – söyləmişdir: “Sizə bir şeyi əmr etsəm ondan bacardığınız qədər edin!” Muttəfəqun aleyhi.[16]

 


[1] əl-Buxari (644), Muslim (651)

[2] əl-Buxari (645), Muslim (650)

[3] Əbu Davud (575, 576), ət-Tirmizi (219) və ən-Nəsai (2/112-113) rəvayət etmişdir. əl-Albani “Sahih ət-Tirmizi”də (181) səhih sayıb.

[4] Əbu Davud (603) rəvayət etmişdir və rəvayətin əsli “əs-Sahiheyn”də mövcuddur; əl-Buxari bunu (722) azan bölməsində, Muslim isə (414) namaz bölməsində Ənəs’dən – radiyallahu anhu – rəvayət edirlər.

[5] Muslim (673)

[6] Çünki namazı səhih deyildir. Səfdə yer olduğu halda səfin arxasında namaz qılanın namazı səhih deyildir.

[7] əl-Buxari (698), Muslim (763)

[8] əl-Buxari (636), Muslim (602)

[9] ət-Tirmizi (591) rəvayət edir və deyir: “Bu hədis ğaribdir, bu yolla rəvayət olunandan başqa kiminsə bunu müsnəd olaraq rəvayət etdiyini bilmirik.” Şeyx Əhməd Şakir – rahiməhullah – “Sünən ət-Tirmizi” kitabına yazdığı qeydlərdə (2/486) İbn Hacər’in bu hədisi zəif saymasını nəql etdi, sonra Əbu Davud’un (506) Muaz’dan rəvayət etdiyi şahid bir hədis gətirmişdir. əl-Arnavut “Şərhus-Sunnə”də (3/381) deyir: “İsnadı səhihdir və rəvayəti birdən çox alim səhih saymışdır.”

[10] Üzünü qibləyə tərəf çevirməlidir. Sağ tərəfi üzərində uzanması müstəhəbdir.

[11] əl-Buxari (1117)

[12] İki işa namazı məğrib və işa namazlarıdır. Ərəb dilində bu iki namaza iki işa namazı deyirlər.

[13] Yəni, zöhr ilə asr namazını birləşdirib ya zöhrün, ya da asrın vaxtında qıla bilər. Məğrib ilə işanı birləşdirib ya məğribin, ya da işanın vaxtında qıla bilər.

[14] əl-Buxari (4130), Muslim (841)

[15] Yəni, əgər düşməndən qaçırsa və namazı ötürəcəyindən qorxursa, bu halında işarələr ilə namazı qıla bilər. Namazı qıldığı halda düşməndən qaça bilər. Eynilə düşmənə hücum etdiyi halda namazı ötürəcəyindən qorxarsa hücum edərək namazını qıla bilər.

[16] əl-Buxari (7288), Muslim (1337)

 

Ən çox oxunan

Şərhus-Sunnə (8113)
Təravih namazı rukətlərin sayı (5027)
İmam əş-Şafinin əqidəsi (3828)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3733)
Düzgün etiqadın şərhi (3644)
Lumatul İtiqad (3561)
İxlas kəliməsinin fəziləti (3409)
Xilafət yoxsa Xurafat (3303)
Sübh namazının vaxtı (3029)
Mushafu Muallimit-Təcvid (2657)