Hənbəli Məzhəbi

"Mənhəcus-Salikin" - Səhv, tilavət və şükür səcdələri

Səhv, tilavət və şükür səcdələri bölməsi

 

 

(Səhv səcdəsi) növbəti hallar üçün məşrudur:

-          Əgər insan namazda səhvən bir rüku, ya bir səcdə, ya bir qiyam, ya da bir oturuş artıq edərsə,

-          Ya da qeyd olunanlardan hər hansı birini əksik edərsə; onu yerinə yetirməli və səhvə görə səcdə etməlidir,

-          Ya da namazın vaciblərindən hər hansı bir vacibi səhvən tərk edərsə,

-          Yaxud da namaza bir şeyi artıq və ya əksik edib etməməsində şəkk edərsə;[1]

 


 

 

Sabit olmuşdur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – birinci təşəhhüdü qılmayaraq qalxmış və səcdə etmişdir.[2]

Eləcədə “zöhr və ya əsr namazında ikinci rükətdə salam vermiş, sonra ona bunu xatırlatmışlar, həmən namazı tamamlayıb səhvə görə səcdə etmişdi.”[3]

“Bir dəfəsində zöhr namazını beş rükət olaraq qıldı və ondan soruşdular: “Namazın rükətlərinin sayı artırıldımı?!” Soruşdu: “Niyə soruşursuz?”Dedilər: “Beş rükət qıldın.” Salam verdikdən sonra iki səcdə etdi.” Muttəfəqun aleyhi.[4]

Dedi: “Əgər sizdən biriniz namazında şəkk edər, üçmü yoxsa dördmü, neçə rükət qıldığını birməzsə, qoy şəkki kənara atsın və yəqin olduğu sayın üzərinə əlavə etsin və sonra salam vermədən əvvəl iki dənə səcdə etsin. Əgər (nəticədə) beş rükət qılıbsa onun namazını cüt etmiş oldu, əgər namazını tam qılmış olarsa şeytanın burnunu torpağa batırmış oldu.[5] Bunu Əhməd və Muslim rəvayət edib.[6]

Səhv səcdəsini salamdan əvvəl də, sonra da edə bilər.

 

***

 

Quran oxuyan və dinləyən üçün həm namazda, həm də namazdan kənarda tilavət səcdəsi etmək sünnətdir.[7]

 

***

 

Eynilə əgər ona bir nemət nəsib olsa və ondan bir bəla dəf edilsə, şükür əlaməti olaraq Allaha səcdə edir. Şükür səcdəsinin hökmü tilavət səcdəsinin hökmü kimidir.

 


[1] Bütün bu hallarda namaz qılan səhv səcdəsi etməlidir və səhv səcdəsi iki adi səcdədən ibarətdir. Yuxarıda qeyd olunmuş dörd səbəbi yaxşı anlamaq lazımdır. Birinci olaraq namazda rüku, səcdə, qiyam və ya oturuş kimi hərəkətlərdən hər hansı bir şeyi artıq edərsə səhv səcdəsi etməlidir, əgər bunlardan hər hansı birini əksik edərsə, o zaman onu təzədən etməli və sonda səhv səcdəsi etməlidir. Namazın vaciblərindən hər hansı bir vacibi səhvən tərk edərsə sonda səhv səcdəsi etməlidir. Sonuncu səbəb isə budur ki, əgər artıq və ya əksik qıldığında şəkk edirsə, o zaman səhv səcdəsi etməlidir. Namazda buraxılan səhvlərin yerini düzəltmək üçün şəriətin səcdəni xüsusiləşdirməsindəki hikmət budur ki, səcdə namazın ən əzəmətli hərəkəti və Allaha qulun ən yaxın olduğu halıdır və bu hərəkət buna görə xüsusiləşdirilmişdir, lakin doğrusunu Allah bilir!

[2] Bu, Abdullah bin Buheynə’nin hədisidir. Dedi: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – namazların birində bizə iki rükət qıldırdı, sonra oturmadan qalxdı və insanlar da onunla birlikdə qalxdılar. Namazını bitirdikdə salam verməsini gözlədik, o isə təkbir gətirdi və salam vermədən əvvəl oturduğu halda iki səcdə etdi, sonra salam verdi.” Rəvayətlərin birincə isə bunun zöhr namazı olduğu deyilir. Bunu əl-Buxari (829) və Muslim (570) rəvayət edir.

[3] əl-Buxari (1227), Muslim (573)

[4] əl-Buxari (1226), Muslim (572

[5] Yəni əgər bir insan dörd və ya üç rükət qıldığında şəkk edirsə, o zaman ən azından üç rükət qıldığından əmin olduğu üçün buna əsasən namazına davam edəcək, yəni yenə bir rükət  qılmalıdır. Əgər o həqiqətdə dördüncü rükəti qılmışdısa, yəni axırdakı rükəti qılmaqla namazı beş rükət olmuşdusa, sonda etdiyi səcdələr namazını cütləşdirmiş olur, çünki tələb olunan namazın cüt olmasıdır. Yox əgər namazını tam yerində qılıbsa, bu şeytanı sındırar, onu zəlil edər.

[6] Muslim (571), Əhməd (3/83)

[7] Yəni tilavət səcdəsi sünnətdir, vacib deyildir. Namazda tələb olunan şərtlər tilavət səcdəsi üçün tələb olunmur, lakin dəstəmazlı olması müstəhəbdir.

 

Ən çox oxunan

Şərhus-Sunnə (8368)
Təravih namazı rukətlərin sayı (5142)
İmam əş-Şafinin əqidəsi (3940)
Xilafət yoxsa Xurafat (3886)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3843)
Düzgün etiqadın şərhi (3751)
Lumatul İtiqad (3681)
İxlas kəliməsinin fəziləti (3508)
Sübh namazının vaxtı (3110)
Mushafu Muallimit-Təcvid (2745)