Hənbəli Məzhəbi

"Mənhəcus-Salikin" - Namazın qılınma şəkli

Namazın qılınma şəkli haqqında bölmə

 

Namaza sakit və ciddi tərzdə gəlmək müstəhəbdir.

Məscidə girərkən bu sözləri söyləyir:

Bismilləh, vas-Salətu vas-Sələmu alə Rasulilləh, Allahumməğfir li zunubi vaftəh li əbvabə rahmətik[1]

Məscidə girmək üçün birinci sağ ayağını atır və məsciddən çıxarkən sol ayağını birinci atmalıdır. Çıxarkən yenə eyni zikri deməlidir, lakin sonunda “vaftəh li əbvabə fadlik” sözlərini deməlidir, çünki bu barədə Əhməd və İbn Macə’nin rəvayət etdikləri hədis varid olmuşdur.

 


 

Namaza durduğu zaman “Allahu Əkbər” deməlidir[2] və dörd yerdə əllərini çiyin bərabərində və ya qulaq məməsinə qədər qaldırır:

  1. İhram təkbirində
  2. Rükuya gedərkən
  3. Rükudan qalxarkən
  4. Birinci təşəhhüddən qalxarkən;

Çünki bu barədə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – səhih hədislər gəlmişdir.

Sağ əlini sol əlinin üzərinə qoymalı və onları ya göbəkdən aşağı, ya göbəkdən yuxarıda, ya da sinənin üstündə yerləşdirməlidir.

Sonra isə “Subhənəkə Allahummə va bihəmdikə va təbərakəsmukə va təalə cəddukə va lə iləhə ğayrukə[3] sözlərini və ya peyğəmbərdən – salləllahu aleyhi va səlləm – varid olmuş digər istiftəh dualarını[4] oxumalıdır.

Sonra “təavvuz” edir və “bəsmələ” gətirir. [5] Sonra “fatihə” surəsini oxumalıdır. “Fatihə” surəsi ilə birlikdə dörd rükətli və üç rükətli namazlarda ilk iki rükətində daha bir surə oxuyur. Sübh namazında mufəssəl surələrin uzunlarından birini, məğrib namazında qısalarından birini və qalan namazlarda isə orta surələrdən birini oxuya bilər.[6]

Gün batmış olduğu müddətdə namazlarını səslə qılır, günəşli vaxtlarda isə səssiz qılmalıdır. Cümə, bayram, kusuf və istisqa namazları istisnadır, çünki bu namazlar səslə qılınır.[7]

Sonra rükuya getmək üçün təkbir gətirir, əllərini dizlərinin üstünə qoyur və başını beli ilə eyni bərabərdə tutur və “subhənə rabbiyəl-azim[8] deyir və bu sözləri təkrarlayır. Bununla birlikdə həm rüku, həm də səcdə halında “subhənəkə Allahummə, Rabbənə va bihəmdikə, Allahumməğfirli[9] sözlərini söyləməsi gözəl bir işdir.

Sonra imam olaraq və ya tək olaraq namaz qılırsa “səmi Allahu limən həmidəh[10] deyərək başını qaldırmalıdır.

Bundan sonra hər bir kəs deyir: “Rabbənə va ləkəl-həmdu, həmdən kəsiran tayyibən mubərakən fihi[11]mil’əs-səmə’i va mil’əl-ardi va mil’ə mə şi’tə min şey’in bədu.[12]

Sonra isə yeddi əzası üstünə səcdə edir, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Yeddi sümük üzərinə səcdə etməklə əmr olundum: alın - və əli ilə burnuna işarə etdi – iki əl, iki diz və ayaqların üzərinə.” Muttəfəqun aleyhi.[13]

(Səcdədə olarkən) “subhənə Rabbiyəl alə[14] deyir. Sonra təkbir gətirir və sol ayağı üstündə oturur, sağ ayağını isə dik tutur və bu “iftiraş” adlanır. Yalnız axırıncı təşəhhüddən başqa namazın bütün oturuşlarında bu cür oturur, axırıncı təşəhhüddə isə yerə oturub sol ayağını arxa tərəfin sağından çıxararaq “təvarruk”[15] edir.

(Birinci səcdədən qalxdıqdan sonra) deyir: “Rabbiğfir li, varhamni, vahdini, varzuqni, vacburni, va afini![16]

Sonra birinci səcdə kimi ikinci bir səcdə edir, sonra təkbir edərək pəncələri üstündən[17] ayağa qalxır. Sonra ikinci rükəti də birinci rükətdə olduğu kimi qılır və sonra birinci təşəhhüd üçün oturur. Bunun sözləri belədir:

ət-Təhiyyətu lilləhi, vas-saləvatu vat-tayyibət, əs-sələmu aleykə eyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əssələmu aleynə va alə ibədilləhis-salihin, əşhədu əllə iləhə illəllah va əşhədu ənnə Muhammədən abduhu va rasuluh.[18]

Sonra təkbir gətirir və hər rükətdə fatihə surəsini oxuyaraq namazın qalan hissəsini qılır, sonra isə axırıncı dəfə təşəhhüd edir və bu təşəhhüdün necəliyi artıq qeyd olunmuşdur. Bu qeyd olunan sözlərin üzərinə bunları əlavə edir:

Allahummə, salli alə Muhammədin va alə Ali Muhammədin, kəmə salleytə alə Ali İbrahimə, innəkə həmidun-məcid, va bərik alə Muhammədin va alə Ali Muhammədin kəmə bəraktə alə Ali İbrahimə, innəkə həmidun-məcid.[19]

Əuzu billəhi min azəbi cəhənnəm va min azəbil-qabr va min fitnətil-məhyə val-məmət va min fitnətil-məsihid-dəccal[20]

Sonra Allaha dua edib dilədiyini istəyə bilər. Daha sonra Əbu Davud’un Vail bin Hucr’dan rəvayət etdiyi hədisə[21] əsasən həm sağına, həm də soluna “əs-sələmu aleykum va rahmətullah” deyərək salam verir.[22]

 

***

 

Yuxarıda qeyd edilənlər arasında sözlü ərkanlar bunlardır: ihram təkbiri, mə’mumdan başqalarına fatihəni oxumaq[23], axırıncı təşəhhüd və salam.

Digər feli əməllər isə feli ərkanlardır, bunların arasında istisna olanlar isə birinci təşəhhüddür, çünki o, namazın vaciblərindəndir, eləcədə ihram təkbirindən başqa digər təkbirlər, rükuda “subhənə Rabbiyəl-Azim” və səcdədə bir dəfə “subhənə Rabbiyəl-Alə”, iki səcdə arasındakı oturuşda bir dəfə “rabbiğfirli”– daha artıq söyləmək isə sünnətdir - , imam və tək olaraq namaz qılan üçün “səmi Allahu limən həmidəh”, hər kəs üçün isə “rabbənə va ləkəl həmd” söyləmək namazın vaciblərindəndir.[24]

Bu vacibləri səhvən tərk etmək onları etibardan düşürür və səhv səcdələri etmək bunların yerini doldurur, cahillik üzündən tərk etmək də bunun kimidir.

Ərkanlar isə nə səhvən, nə cahillik üzündən, nə də qəsdən tərk edilməklə etibardan düşməz.

Qalanlar isə namazı kamilləşdirən sözlü və əməli sünnətlərdir.

Namazın ərkanlarından biri də bütün digər ərkanlarda “tumə’ninə”[25] göstərməkdir.

Əbu Hureyrə’dən peyğəmbərin – salləllahu aleyhi va səlləm – belə dediyi rəvayət olunur: “Namaza durduğun zaman gözəl şəkildə dəstəmaz al, sonra qibləyə tərəf üz tut və təkbir gətir. Sonra sənə asan gələcək qədər Qurandan bir şeylər oxu, sonra əzalar sakitcə yerinə oturana qədər rüku et, sonra düz duracaq qədər qalx, sonra əzaların sakitcə yerinə oturana qədər səcdə et, sonra bunu bütün namazlarında et!” Muttəfəqun aleyhi.[26]

Peyğəmbər – salləllahu aleyhi va səlləm – həmçinin demişdir: “Mənim necə namaz qıldığımı gördüyünüz kimi namaz qılın![27]

 

***

 

Namazını qurtardıqdan sonra üç dəfə Allahdan bağışlanma diləyir və deyir: “Allahummə, Əntəs-Sələm va minkəs-Sələm, təbəraktə ya Zəl-Cələli val-İkram![28]

Lə iləhə illəllahi, vahdəhu lə şərikə ləhu, ləhul-mulku va ləhul-həmdu va huva alə kulli şey’in qadirun, lə iləhə illəllahi va lə nə’budu illə iyyəhu, ləhun-ni’mətu va ləhul-fədlu va ləhus-sənə’ul-həsənu muxlisinə ləhud-dinə va ləu kərihəl-kəfirun[29]

Hər biri otuz üç dəfə olmaqla “subhənallah”, “əlhəmdulilləh”, “Allahu əkbər” zikrlərini söyləyir və sonda yüzüncü dəfədə “lə iləhə illəllah, vahdəhu lə şərikə ləhu ləhul-mulku va ləhul-həmdu va huva alə kulli şey’in qadir.[30]

Fərz namazlarına tabe olan təkid olunmuş ratibə namazları on dənədir və bunlar İbn Ömərin – radiyallahu anhumə - hədisində qeyd olunublar: “Allahın Elçisindən – salləllahu aleyhi va səlləm – on rükəti yadda saxladım: zöhrdən əvvəl iki rükət və sonra iki rükət, məğribdən sonra evində iki rükət, işa namazından sonra evində iki rükət və sübhdən əvvəl iki rükət.” Muttəfəqun aleyhi.[31]

 


[1] Bunu bir qədər fərqli sözlər ilə ət-Tirmizi (314), İbn Macə (771) və Əhməd (6/283) peyğəmbərin – salləllahu aleyhi va səlləm – qızı Fatimədən – radiyallahu anhə - rəvayət etmişdir. ət-Tirmizi deyir: “Fatimənin hədisi həsən bir hədisdir, isnadı isə muttəsil deyildir.” Bunu əl-Albani “Sahih ət-Tirmizi”də (259) səhih saymış, əl-Arnavut isə “Camiul-Usul”da (4/317) şahidlərinə görə həsən saymışdır. Bu hədisin şahidləri arasında Muslimin “əs-Sahih”ində (713), Əbu Davud (465) və ən-Nəsai’nin (2/53) “əs-Sünən” əsərlərində Əbu Useyd’dən rəvayət etdikləri hədis vardır.

Duanın mənası: “Allahın adı ilə, Allahın Elçisinə xeyir-dua və salam olsun! Allahım mənin günahlarımı bağışla və rəhmətinin qapılarını üzümə aç!”

[2] Buna “ihram təkbiri” deyilir və bu namazın rükunlarından biridir. Bu təkbir olmadan namaz səhih olmaz.

[3] Bunu Əbu Davud (775), ət-Tirmizi (232, 233), ən-Nəsai (2/132) və İbn Macə (804, 806) rəvayət ediblər. Şeyx əl-Albani “Sahih Sunən ət-Tirmizi”də (201, 202) səhih saymışdır. Bunu İmam Muslim “əs-Sahih”də (399) Ömərdən – radiyallahu anhu – məvquf olaraq rəvayət etmişdir.

Mənası: “Nöqsansız və Həmd sahibi olan Allahım! Adın mübarək və əzəmətin ucadır, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur.”

[4] “İstiftəh duaları” namazı başlayarkən söylənən dualardır. “istiftəh” açılış və ya giriş anlamındadır.

[5] “Təavvuz” sözü “əuzu billəhi minəş-şeytanir-racim” cümləsinin qısa adıdır. “Bəsmələ” isə “bismilləhir-rahmənir-rahim” sözünün qısa adıdır.

[6] Mufəssəl surələrin hansı surədən başlaması haqqında fərqli fikirlər vardır, doğru görüşə görə “qaf” surəsindən başlayan surələr “mufəssəl” surələrdir. Mufəssəl uzun surələrə “qaf” surəsindən “mursələt” surəsinə qədər olan surələr daxildir, qısa surələrə isə “duhə” surəsindən axıra qədər olan surələr, orta surələrə isə “ammə” surəsi ilə “valleyli izə yəğşə” surəsi arasındakı surələr aiddir.

[7] Cümə, bayram, kusuf və istisqa namazları gündüz vaxtlar qılınan namazlardır, lakin bu namazlarda çox sayda insan iştirak etdiyi üçün səslə qılınır. Kusuf namazı günəş tutulması münasibəti ilə qılınır, istisqa namazı isə quraqlıq olduqda yağış istəmək üçün qılınan namazdır.

[8] Bunu Muslim (772), Əbu Davud (871, 874), ən-Nəsai (1068, 1144), ət-Tirmizi (262) və İbn Macə (888) Huzeyfətu bin əl-Yəmən’dən – radiyallahu anhu – rəvayət ediblər.

Mənası: “Əzəmətli Rəbbim bütün nöqsanlardan pakdır.”

[9] əl-Buxari (817), Muslim (484)

Mənası: “Rəbbimiz olan Allahım! Həmd Sənə məxsusdur və Səni təsbih edirik! Allahın bağışla məni!”

[10] Ənəs bin Malikin – radiyallahu anhu – hədisindən bir hissədir. əl-Buxari (732) və Muslim (411) rəvayət etmişdir. Mənası:”Allah ona həmd edəni eşidir!”

[11] əl-Buxari (799); Mənası: “Rəbbimiz! Həmd sənə məxsusdur; saysız-hesabsız, gözəl, mübarək həmd.”

[12] Muslim (476); Mənası: “Sənə səma və yer dolusu və istədiyin qədər həmdu-sənalar olsun!”

[13] əl-Buxari (809, 810, 812, 815, 816), Muslim (490)

[14] Muslim (772); Mənası: “Ən uca Rəbbim nöqsansız və pakdır.”

[15] “Təvarruk” insanın namazda sol yanı üstündə oturmasına deyilir, bu zaman hər iki ayaq sağ tərəfə çıxmış halda olur, lakin sağ ayaq dik, sol ayaq isə sərələnmiş halda olur.

[16] Əbu Davud (850), ət-Tirmizi (284) və İbn Macə (898) rəvayət edib. İbn Macənin rəvayətində bu dua yalnız gecə namazı ilə bağlı zikr olunmuşdur. Şeyx əl-Albani “Sahih Sunənit-Tirmizi”də (233) və “Sahih Sunəni İbn Macə”də (732) hədisi səhih saymışdır.

[17] Bu, Əbu Hureyrə’nin – radiyallahu anhu – hədisinə əsaslanır. Əbu Hureyrə deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – pəncələri üstündən ayağa qalxardı.” Yəni ayağın üst tərəfini yerə vurmadan, əllərini yerə deyil dizlərinə dayandıraraq qalxardı. Bu hədisi ət-Tirmizi (288) rəvayət etmiş və demişdir: “Elm əhli yanında tətbiq Əbu Hureyrənin hədisinə əsaslanır, onların üstünlük verdikləri görüşə görə insan namazda pəncələri üstündən ayağa qalxmalıdır. Xalid bin İlyas isə elm əhlinə görə zəifdir.” Şeyx Əhməd Şakir “Sünən ət-Tirmizi”də deyir: “Bu Xalidın zəif olmasında alimlər ittifaq ediblər.” Bunu İbn Adiy “əl-Kamil” əsərində rəvayət etmiş və hədisi Xalidə görə zəif saymışdır. Bax: “Nəsbur-Rayə”, 1/389. əl-Arnavut “Zadul-Məad”da (1/240) deyir: “Əbu Hureyrənin hədisini - əl-Hafiz “əl-Fəth”də (2/250) dediyi kimi – Said bin Mənsur – zəif bir sənədlə rəvayət etmişdir. Lakin Alləmə Kəmalud-Din ibn Humməm deyir: “Hədisin xüsusilikdə bu rəvayət yolunun zəif olmasına baxmayaraq ət-Tirmizi’nin “elm əhlinə görə tətbiq bu hədisə əsaslanır” sözləri hədisin əslinin güclü olmasını tələb edir.” “Fəthul-Qadir”, 1/309; Darul-Fikr.

Müəllifin üslubundan anlaşılır ki, səcdədən rükuya qalxarkən istirahət oturuşu üçün qısa müddət oturmaq müstəhəb deyildir. Bu, İmam Əhmədin məzhəbidir. İmam Malik, İmam Əbu Hənifə və əksər alimlər bu görüşdədirlər. əş-Şafi isə istirahət oturuşunun müstəhəb olduğunu demişdir.

[18] əl-Buxari (831, 6265), Muslim (402); Bu, İbn Məsud’un – radiyallahu anhu – xəbər verdiyi variantdır. Müəllifin buna üstünlük verməsi isə ondan gələn bu sözlərin bütün rəvayət yollarında eyni olmasına görədir.

Mənası: “Bütün həmd-sənalar, xeyir-dualar və yaxşı işlər Allah üçündür. Ey peyğəmbər, sənə salam olsun, Allahın rəhməti və bərəkəti üzərinə olsun! Bizə və Allahın əməli saleh qullarına salam olsun! Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur və şəhadət edirəm ki, Muhamməd Onun qulu və elçisidir.”

[19] əl-Buxari (6357), Muslim (406);

Mənası: “Allahım! İbrahimin ailəsinə xeyir-dua etdiyin kimi Muhammədə və onun ailəsinə də xeyir-dua et! Sən, həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən. İbrahimə bərəkət verdiyin kimi Muhammədə və onun ailəsinə də bərəkət ver! Sən, həqiqətən, həmd-sənalara layiq və şan-şövkətlisən.”

[20] əl-Buxari (832) və Muslim (589) Aişədən – radiyallahu anhə - rəvayət edib. Yenə əl-Buxari (1377) və  Muslim (588) bunu Əbu Hureyrədən rəvayət ediblər. Muslim (590) bunu həmçinin İbn Abbasdan rəvayət etmişdir. Muslim dedi: “Mənə Tavus’un öz oğluna belə dediyi haqda xəbər çatmışdır: “Namazında bu duanı oxudunmu?” Dedi: “Xeyir!” Dedi: “Namazını təkrarla, çünki Tavus bunu üç və ya dörd nəfərdən rəvayət etmişdir”, ya da buna yaxın bir söz demişdir.”

Mənası: “Cəhənnəm əzabından, qəbir əzabından, ölümün və həyatın fitnəsindən və yalançı məsihin fitnəsindən Allaha sığınıram!”

[21] Bunu Əbu Davud (997) rəvayət edib. əl-Hafiz İbn Hacər bu hədisi “Buluğ əl-Məram” kitabında (səh: 340) gətirdikdən sonra deyir: “İsnadı səhihdir.” Hədisi Şeyx əl-Albani “əl-İrva” kitabında (2/32) səhih saymışdır.

[22] Buradan anlayırıq ki, namazda hər iki salamı vermək vacibdir və yalnız sağa salam verməklə kifayətlənmək caiz deyildir. Ona görə də hənbəli məzhəbinə əməl edənlərə imam ikinci salamı vermədən əvvəl ayağa qalxıb ötürülmüş rükətləri qılmaqları caiz deyildir, imamın ikinci salamı verməsini gözləmək vacibdir, çünki hənbəli məzhəbinə görə hər iki salam namazın ərkanlarındandır və qəsdən və ya unudaraq tərk etmək namazı batil edir.

[23] İmam və ya tək olaraq namaz qıldıqda fatihəni oxumaq vacibdir, çünki fatihə namazın ərkanlarındandır. Lakin “mə’mum” olduqda isə, yəni bir imamın arxasında namaz qıldıqda imam Quran oxuduğu müddətdə susub qulaq asmaq vacibdir. İmamın qiraəti arxada namaz qılanlar üçün kifayətdir.

[24] Beləliklə namazın ərkanları bunlardır: qiyam (etibarlı səbəblərə görə ayaq üstə durmağa aciz olması istisnadır), ihram təkbiri, fatihə surəsini oxumaq (imama və tək namaz qılana aiddir), rüku, rükudan qalxmaq, rükudan qalxdıqdan sonra düz durmaq, səcdələr, səcdələrdən qalxmaq, səcdələr arasında oturmaq, hərəkətləri edərkən sümüklərin hamısının yerinə oturacaq qədər sakincə bir müddət gözləməsi, axırıncı təşəhhüd, təşəhhüddə və salamlarda oturmaq, salamlar və tərtib, salavat gətirmək isə təşəhhüdün ruknudur. Bu ərkanlardan birini qəsdən və ya bilmədən tərk etmək namazı batil edir.

Namazın vacibləri isə bunlardır: ihram təkbirindən başqa digər təkbirlər, “səmi Allahu limən həmidəh” söyləmək (bu, imam və tək olaraq namaz qılana aiddir), “rabbənə va ləkəl həmd” söyləmək (bu, hər kəsə aiddir), rükuda bir dəfə təsbih gətirmək, səcdədə bir dəfə təsbih gətirmək, səcdələr arasında oturarkən bir dəfə “rabbiğfirli” söyləmək, birinci təşəhhüd və bu təşəhhüd üçün oturmaq, Əgər imam səhv edib birinci təşəhhüdə oturmadan qalxarsa arxasında namaz qılanlar da qalxmalıdır, çünki imama tabe olmaq vacibdir və bu zaman onların qəsdən bunu tərk etməkləri üzrlü sayılır.

[25] “Tumə’ninə” hərəkətlərdə tələsməmək, sakincə hərəkətləri tam qaydasında etməkdir ki, bu zaman bütün sümüklər tələb olunan vəziyyətdə oturur və az bir müddət, yəni bir zikr edilə biləcək müddət gözləyir.

[26] Bu hədis “musi əs-salət” hədisi olaraq tanınır və bunu əl-Buxari (757) və Muslim (397) rəvayət edib.

[27] Bu hədisi nə Muslim, nə də dörd “əs-Sünən” sahibindən biri rəvayət etməmişdir. Bunu əl-Buxari (631), Əhməd (5/53), əd-Darimi (1/286) və başqaları rəvayət ediblər.

[28] Üç dəfə bağışlanma diləmək üç dəfə “əstəğfirullah” deməklə olur. Bu hədisi Muslim (591) rəvayət edir.

“Əstəğfirullah” sözü “Allahdan bağışlanma diləyirəm” deməkdir və bundan sonra deyilən sözün mənası belədir: “Allahım, Sən Salamsan, əmin-amanlıq da Səndəndir! Ey Əzəmət və Hörmət Sahibi, Sən Ucasan!”

[29] Muslim (594); Mənası: “Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Təkdir və şəriki yoxdur. Mülk və həmd-sənalar Ona aiddir və O, hər bir şeyə qadirdir. Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Yalnız Ona ibadət edirik. Bütün nemətlər, şərəf və fəzilətlər, gözəl təriflər Ona aiddir. Kafirlər xoşlamasalar belə dinimizdə biz Ona sadiqik.”

[30] Muslim (597); “Subhənallah” “Allah bütün nöqsanlardan pakdır”, “əlhəmdulilləh” “bütün həmdlər Allaha aiddir”, “Allahu əkbər” isə “Allah ən böyükdür” mənalarını verir. Yüzüncü dəfədə deyilən sözlərin mənası isə budur: “Allahdan başqa haqq məbud yoxdur, Təkdir, şəriki yoxdur, mülk və həmd-səna Ona aiddir və O, hər bir şeyə qadirdir.”

[31] əl-Buxari (1182), Muslim (729)

 

 

Ən çox oxunan

Şərhus-Sunnə (7947)
Təravih namazı rukətlərin sayı (4889)
İmam əş-Şafinin əqidəsi (3733)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3639)
Düzgün etiqadın şərhi (3551)
Lumatul İtiqad (3476)
İxlas kəliməsinin fəziləti (3327)
Xilafət yoxsa Xurafat (2892)
Sübh namazının vaxtı (2885)
Mushafu Muallimit-Təcvid (2579)